NHMT - Azərbaycanda iqlim dəyişmələrinin təsirlərinin gender dinamikası

Azərbaycanda iqlim dəyişmələrinin təsirlərinin gender dinamikası

Azərbaycanda iqlim dəyişmələrinin təsirlərinin gender dinamikası

 

Mündəricat

1. Giriş

2. Azərbaycan iqtisadiyyatında qadınlar

3. İqlim dəyişmələrinin qadınlara təsirləri

4. Su üçün uzun məsafə qət edən Azərbaycan qadınları

5. Nəticə

 

1. Giriş

 

Qlobal iqlim dəyişmələrinin yaratdığı ekoloji fəsadlar insanların həyat və yaşayış səviyyəsinə öz mənfi təsirini göstərir. Hazırda iqlim dəyişmələri planetimizin müxtəlif yerlərində fəqrli formalarda özünü göstərir. Planetin bəzi bölgələrində havanın normadan artıq isinməsi, quraqlığın ildən-ilə artması, bəzi bölgələrində isə daşqınların yaratdığı dağıntılar və digər bu kimi təbiət hadisələri ilə müşayiət olunur. İqlim dəyişilmələrinin dolayısı yolla gətirdiyi problemlər milyonlarla insanın həyatını və rifahını risk altına atır. Məsələn, yeni miqrant axını, keyfiyyətli içməli suya əlçatanlığın aşağı düşməsi, kənd təsərrüfatına yararlı torpaqların şoranlaşması, epidemioloji vəziyyətin ağırlaşması, yoxsulluq və sağlamlıq risklərinin artması kimi problemlər yaşana bilir.

 

Belə dəyişikliklərdən isə daha çox təsirlənən təbəqə qadınlar olur. Xüsusilə, inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdə qadınlar öz ev təsərrüfatlarının qayğıkeş üzvü olaraq iqlim böhranının yaratdığı yükü qeyri-bərabər şəkildə üzərlərinə götürürlər. Belə ki, bu tip ölkələrdə qadınlar gündəlik olaraq su və qida ehtiyatı toplamağa cavabdehdirlər. Onlar su əldə etmək üçün böyük məsafə qət etməli olurlar. Bu rollar və məsuliyyətlər bütün cəmiyyətlərdə müxtəlif formalarda öz təzahürünü tapır.

 

Azərbaycan da Qafqaz ölkələri arasında iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkədir. Təəssüf ki, beynəlxalq proqnozalara görə, ildən-ilə vəziyyət daha da pisləşəcək və 2040-cı ilə qədər Azərbaycan su qıtlığı ilə üzləşən ölkələrin ilk sıralarında yer alacaq.

 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mediaya verdiyi açıqlamada iqlim dəyişmələri nəticəsində su resurslarımızın 15 faiz azaldığını bildirmişdi[1]. Nazir bu prosesin davam edəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyun 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Son illər respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağı düşüb. İqlim dəyişmələri nəticəsində həm çayların su ehtiyatı azalıb, həm də suya olan tələbat artıb. Bu tələbat Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda da artıb. Adıçəkilən ölkələrin öz əkin sahələrini genişləndirməsi dolayısı böhranlara səbəb olur.

 

2. Azərbaycan iqtisadiyyatında qadınlar

 

Tədqiqatlara görə, uzun müddət davam edən quraqlıq təkcə su qıtlığı və ərzaq təhlükəsizliyi kimi problemləri deyil, həm də yanğın riskinin artmasına, münaqişələrin yaranmasına, miqrasiyasının sürətlənməsinə, səhiyyə xidmətlərinə çıxışın məhdudlaşdırılmasına və yoxsulluğun artmasına səbəb olur. Bu baxımdan iqlim dəyişmələrinin Azərbaycanın da yarımquraq ərazilərində yaratdığı fəsadlar yerli əhalinin rifahı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Su ehtiyatlarının azalması nəticəsində isə ən çox təsirə məruz qalan təbəqə qadınların və uşaqların olması qaçılmazdır. Yaranmış böhranı daha aydın izah etmək üçün ölkənin iqtisadi və ekoloji sahələrinin gender təhlilində qadınların mövqeyinə nəzər yetirək.

 

Azərbaycanda əmək qabiliyyətli və iqtisadi fəal əhalinin tərkibində gender bölgüsünü təhlil etdikdə, qadınların böyük əksəriyyətinin əmək bazarında iqlim dəyişmələrinin məruz qaldığı sahələrdə işlədiklərini görmək olur. Qeyd edək ki, qanunvericiliyə görə, 15-65 yaş arası əhali qrupu əmək qabiliyyətli hesab edilir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu yaş qrupunda yer alan qadınların sayı 4 milyondan çox təşkil edir. Onların da 64,6 faizi iqtisadi fəal qadınlardır. Yəni əmək bazarında aktiv işləyən (məşğul statuslu) və ya işləmək üçün məşğulluq idarələrinə müraciət etmiş (işsiz statuslu) qadınlardır.  Dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda qadınların iqtisadi fəal əhalinin tərkibindəki sayı yüksəkdir (Bax: Qrafik 1). Deməli, iqtisadi strukturun formalaşmasında qadınların çəkisi əhəmiyyətli dərəcədə yüksəkdir. Ətraf mühitin qadınlara təsiri, eyni zamanda birbaşa ölkə iqtisadiyyatına, qida təhlükəsizliyinə və yoxsulluğa təsiri deməkdir. Belə ki, statistikaya görə, iqtisadi fəal əhalinin 48,8 faizi qadınlar təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan əhalisi, hətta bir sıra inkişaf etmiş ölkələrdən də qabaqdadır.

 

Qrafik 1.

 

3. İqlim dəyişmələrinin qadınlara təsirləri

 

İqlim dəyişmələrinin Azərbaycan qadınlarının həyat və yaşayışlarına təsirini bir neçə istiqamətdə dəyərləndirmək olar:

Birincisi, qadınların məşğulluğunda üzləşdikləri problemlər.

İkincisi, məişətdə istifadə olunan içməli suyun əldə olunması üçün üzərilərinə düşən yük və bundan qaynaqlanan sağlamlıq risklərinin artması.  

İqlimin yaratdığı böhran ən birinci qadınların məşğulluğunda özünü göstərir. DSK-nin hesabatında qeyd olunur ki, məşğul qadınların sayı məşğul kişilərə nisbətən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, təhsildə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, istirahət, əyləncə və incəsənət sahəsində və digər sahələrdə çoxdur. [2] İqtisadiyyatın müxtəlif fəaliyyət növlərində çalışan qadınlarımızın 42,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yer alıb. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda emal sənayesinin kənd təsərrüfatı məhsullarının istehsalından ibarət olduğunu, o zaman bu sektorda da çalışan 3,6 faiz qadını önə çəkmək lazımdır. Qrafik 2-də qadınların iqtisadiyyatın hansı fəaliyyət növlərində çalışdığı qeyd edilir.

 

Qrafik 2.

 

Son illər quraqlıqla əlaqədar kənd təsərrüfatına yaralı torpaqların şoranlaşması, məhsuldarlığın aşağı düşməsi müşahidə edilir. Yalnız kənd, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanların 56,2 faizini qadınlar təşkil edir. Belə olan halda, iqlim dəyişmələri nəticəsində bu sektorda yaşana biləcək böhran ilkin olaraq həmin qadınların gəlirlərində hiss olunacaq. Su qıtlığı istehsalın aşağı düşməsi ilə paralel, qadınlar arasında yoxsulluğu, habelə sağlamlıq risklərini artırır.

 

Su qıtlığı, quraqlıq Azərbaycanın demək olar ki, əksər bölgələrinin üzləşdiyi böhrandır. Lakin aran rayonlarında, xüsusilə Kür çayı sahili boyunca yerləşən şəhər və rayonlarda bu təsirlər daha çox hiss olunur. Məlumdur ki, Kür çayı ətrafında yaşayan əhalinin həyatı, mədəniyyəti, həyat tərzi birbaşa bu çaya bağlıdır. Kür çayı Qafqazda ən böyük transsərhəd çay olmaqla, Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçərək Xəzər dənizinə tökülür. Onun suyundan hər üç ölkədə müxtəlif məqsədlər üçün geniş istifadə edilir. Ona görə də, çayın suyu təbii və antropogen (insan fəaliyyəti nəticəsində) təsirlər nəticəsində azalır. Burada həm suvarma, həm balıqçılıq, həm də kürü təsərrüfatları formalaşıb. Bir sözlə, insanların yaşayış vəziyyəti Kür çayından və ona qoşulan qolların sululuğundan asılıdır. Nəticədə regionda şirin suyun qeyri-bərabər bölüşdürülməsi və azalması Şabran, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və s. kimi rayonlarda yaşayan əhalinin həyat şəraitini çətinləşdirib. Adıçəkilən bölgələri bir sıra statistika üzərindən təhlil etsək, yaxın gələcək üçün yarana biləcək ağır nəticələrin mənzərəsini təsəvvür etmək mümkündür.

 

Sözügedən rayonların əsas məşğuliyyəti kənd təsərrüfatı sahəsidir. Qrafik 3-də də göründüyü kimi, ümumi məhsul buraxılışında bu sahənin payı Şabran rayonunda 31,4 faiz, Kürdəmirdə 43,3 faiz, Ucarda 65 faiz, Yevlax rayonu 34,2 faiz, Zərdabda 61,9 faiz, Beyləqanda 41,2 faiz, İmişlidə 19,5 faiz, Saatlıda 51,2 faiz, Sabirabadda 65 faiz, Hacıqabulda 50,8 faiz, Neftçalada 40,7 faiz, Salyan rayonunda 44,1 faiz təşkil edir.

 

Qrafik 3.

 

Son illər respublika ərazisində yaranan suvarma və içməli su böhranı bu bölgələrin yaşayışına, təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir, iqlim dəyişmələri bölgənin iqtisadi xarakterini dəyişir. İqtisadiyyatın ana sütununu təşkil edən qadınlar isə nə yaşayış tərzi, nə də təhsil baxımından bu dəyişikliklərə hazırdılar. Qeyd edək ki, qadınların üzərinə düşən çətinliklər təkcə iqtisadi vəziyyətlə bağlı məsələlər deyil, eyni zamanda sosial statusları ilə də əlaqələdir. Məsələn, təsərrüfatlarda qadınların əməyindən geniş istifadə olunsa da, sahibkarların çox az hissəsi qadındır. Təsərürfatın başında duran kişilər yeni iş tapmaq və ya qurmaq üçün paytaxta köçməli olurlar. Nəticədə, kişilərin miqrasiyası qadınları başqa sosial çətinliklərlə yükləmiş olur, bir növ təsərürfatları başsız qalır.

 

4. Su üçün uzun məsafə qət edən Azərbaycan qadınları

 

İqlim dəyişmələrinin qadınların həyatında təsir göstərə biləcək ikinci məqam içməli suya əlçatanlıq məsələsidir. “Statkom” 2019-cu ildə ev təsərrüfatlarının büdcələrinin tədqiqatına cəlb olunmuş 10200 ev təsərrüfatında içməli su təminatı ilə bağlı sorğu keçiriib. Həmin sorğudan məlum olub ki, ev təsərrüfatlarının 49,5 faizi içməli suyu evin daxilindəki su kəmərindən, 19,8 faizi özünün həyətində olan su kəmərindən, 13,5 faizi ümumi istifadədə olan həyətlərdəki kran və quyulardan, 8,1 faizi bulaq və çaylardan əldə edir, 7,9 faizi su daşıyan maşınlardan, 1,2 faizi isə ticarət şəbəkələrindən pulla alırlar. [3]

 

Sorğunun nəticələrinə görə, bu gün respublika üzrə ev təsərrüfatlarının 16,8 faizinin evinin daxilində su kəməri yoxdur. Şəhər yerlərinə nisbətən kənd yerlərində vəziyyət daha acınacaqlıdır. Belə ki, kənd yerlərində yerləşən ev təsərürfatınım 42,8 faizi suyu evindən kənarda əldə edir. Problemlərə iqtisadi rayonlar üzrə nəzər yetirdikdə həm dağlıq, həm də aran bölgələrində vəziyyətin bənzər olduğunu görmək olur. Məsələn, qrafik 4-ə baxdıqda, dağlıq bölgə sayılan Şəki-Zaqatalada 2019-cu il üçün suyu evindən kənarda əldə edənlər  21,3 faiz təşkil edibsə, Aran bölgələrində bu göstərici 25,8 faiz olub. [4]

 

Qrafik 4

 

Evin daxilində içməli suyu olmayan ev təsərrüfatları daha böyük sosial çətinliklərlə üz-üzə qalırlar; Bunların sırasında hər gün uzun yol qət etməyi, əlavə vəsaitin xərclənməsinı və keyfiyyətsiz su əldə etməsini göstərmək olar.

DSK-nın sorğusuna görə, su kəməri ilə təmin olunmayan ev təsərrüfatlarının 44,7 faizi suyu 50 metrədək, 32 faizi 50-100 metr, 16,8 faizi 101-500 metr, 6,5 faizi isə 500 metrdən çox olan məsafədən

gətirdiklərini qeyd ediblər.(Bax: Qrafik 5)

 

Qrafik  5

 

İçməli suyun əldə olunmasına daha çox qadınların və uşaqların cəlb edildiyini nəzərə alsaq, o zaman bəzi bölgələrdə hər gün uzun yol qət etməli olduqlarını demək olar. Suvarma ilə bağlı su qıtlığı özünü aran rayonlarında göstərirsə, məişət üçün istifadə olunan suyun əldə olunmasında dağ və dağətəyi rayonlarının əziyyət çəkdiyi müşahidə edilir. Qrafik 5-də də görünür ki, Dağlıq Şirvan ərazsindəki ev təsərrüfatlarının 50 faizi, Quba-Xaçmazda 33 faiz, Aran bölgəsində 35 faizi su gətirmək üçün 100-500 metrdən uzaq yol qət etməli olurlar.

 

Hər gün ağır su yükü ilə böyük məsafələr qət etmək kimi çətin vəzifə daha çox qadınların üzərinə düşür ki,bu da zamanla onların sağlamlıqlarını təhlükə altına atır. Ümumdünya Səhiyyə Təşkilatının “Gender, iqlim dəyişmələri və sağlamlıqla bağlı hesabatında qeyd edir ki, qadınlar üçün ən yaxın quyulara qədər gəzinti və ya ağır su qabları ilə uzun məsafələr qət etmək təkcə yorğunluq və sümüklərə zərər vermir, həm də özünə, işinə səmərəli şəkildə vaxt sərf edə bilmir, uşaqların isə məktəbinə daha çox zaman ayırmasına əngəl yaradır. [5]

 

Yeri gəlmişkən, Azərbaycandakı sorğuda ev təsərrüfatlarının 6,7 faizi gündə 50 litrədək, 24,0 faizi 50-100 litr, 28,9 faizi 101-200 litr, 30,0 faizi 200 litrdən çox su işlətdiklərini, 10,4 faizi isə işlətdiyi suyun miqdarını bilmədiklərini qeyd ediblər. Belə olan halda, qadınlar su qablarında dörd nəfərlik bir ailənin minimum ehtiyacını ödəmək üçün hər gün təxminən 100 litr su daşımağa ehtiyac yaranır.  Belə olan halda qadınlar və uşaqlar gündə iki və ya üç dəfə su mənbəyinə getməlidirlər.

 

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, su qıtlığı dövründə qadınların suyu təhlükəsiz olmayan mənbələrdən, o cümlədən çirklənmə ehtimalı olan çay və gölməçələrdən evlərinə daşımaq məcburiyyətində olurlar. Məsələn, DSK-nın da keçirdiyi sorğuda ev təsərürfatlarının su təminatları ilə bağlı yaranmış 6 ən önəmli problemlər sırasında suyun keyfiyyətinin pis olmasını deyənlər 2-ci yerdə qərarlaşıb. Beləliklə, su çatışmazlığı və keyfiyyətinin aşağı olması bir sıra sağlımlıq risklərini artırır, bir sıra xəstəliklərin geniş yayılmasına səbəb olur.

 

  • İqlim dəyişmələri ölkədə kənd təsərrüfatında fəaliyyət göstərən 40 faizə yaxın qadının məşğuliyyətində risklər yaradıb. Bu, həm ölkə iqtisadiyyatı üçün, həm də qadınlar arasında işsizliyin artması baxımında təhlükəli tendensiyadır. Belə qadınlar arasında yoxsulluq səviyyəsi arta bilər.
  • Mövcud iqlim dəyişmələri Azərbaycanda  quraq və yarı quraq yerlərdə su çatışmazlığını artırır. Bu səbəbdən həmin bölgələrdə  yaşayan insanların daxili və xarici miqrasiya etməsinə təkan verə bilər.  
  • Su çatışmazlığının yerli icmalara təsiri genderlər arasında bərabər paylanmır. Belə ki, əksər icmalarda gündəlik məişət və təsərrüfat üçün su toplama məsuliyyəti qadınların üzərinə düşür. Aparılan tədqiqatlar göstərir ki, su üçün ödənişin edilməsi əsasən kişilərin məsuliyyəti, ev üçün su toplanması isə qadınların işi sayılır. Kişilərin yeni qazanc mənbələri üçün miqrasiya etməsi evdə  qalan qadınların sosial məsələlər, o cümlədən su çatışmazlığı ilə mübarizə yükünü artırır.
  • Su təhlükəsizliyi bir çox hallarda kəndli əhalinin gəlirinin azalmasına səbəb olur. Eləcə də, çirklənmiş su ehtiyatlarından istifadə sağlamlıqla bağlı riskləri artırır.
  • Azərbaycanda su qıtlığının gender təsirini qida təhlükəsizliyi, məşğuliyyət və sağlamlıqla bağlı durumlarda  görmək mümkündür. Xüsusilə, aran və dağətəyi bölgələrdə yaşayan əhali bundan daha çox təsirlənir.

 

NHMT İB ekspert qrupu

2023-cü il


[1] https://azertag.az/xeber/Muxtar_Babayev_Iqlim_deyisikliyi_neticesinde_su_resurslarimiz_15_faiz_azalib-1363233

[2] Azərbaycanda qadınlar və kişilər, 2022.

[3] Əhalinin içməli su ilə təminatının vəziyyəti, DSK, 2020

[4] Qeyd edək ki, sorğu 2019-cu ildə keçirildiyinə görə, iqtisadi rayonların adları 2021-ci ildə qəbul edilən ” Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından əvvəlki bölgüyə uyğun təqdim edilib. 

[5] WHO, Gender, climate change an health