Bu yazımız isə AMEC Services Limited şirkətinin öz işçilərinə qarşı qaldırdığı cinayət işinin məhkəmə prosesini izləyərkən aldığımız informasiya əsasında hazırlanmışdır. Məhkəmə proseslərinin izlənilməsi,diqqətlə qulaq asılması nəticəsində anlaşılır ki, yerli işçilərə qarşı qərəzli mövqe tutan AMEK-in özünün ölkəmizdəki fəaliyyətinin hüquq mühafizə orqanları, vergilər nazirliyi, miqrasiya xidməti və başqa müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Ölkə mətbuatının bu mövzuya nə qədər açıq olduğu şübhəm altında olduğundan, hazırladığımız yazı hissə hissə(diskrinimasiya,vergidən yayınma,audit və s.) FB səhifəmdə yazılacaq. Belə ki:
Yerli işçilərə qarşı diskrinimasiya!
Hesablama göstərir ki, 2010-cu ildən etibarən bu şirkətin yalnız əmək haqqları ilə əlaqədar Azərbaycan Respublikasına vurduğu ziyan 140 000 000 (yüz qırx milyon) ABŞ dolları təşkil edir(vergilərlə əlaqədar növbəti yazıda)
AMEC Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı 2001-ci ilin may ayından etibarən fəaliyyət göstərir. Hazırda bu şirkətin rəhbəri və qanuni təmsilçisi Richard Edvard Rippon-Svaine-dir. Qeyd olunan şirkət AİOC, BP (Caspian Sea) və BP (Shakh Dəniz) şirkətlərinin Azərbaycan Respublikasındakı subpodratçısı kimi xidmət göstərir və tərəflər arasında uzunmüddətli “ECMS” adlı xidmət müqaviləsi var idi. 2010-cu ildə heç bir zərurət olmadığı halda tərəflər bu müqaviləyə xitam verdilər. BP şirkəti yenidən tender elan etdi. Tenderdə başqa üç şirkət iştirak etsə də, yenidən “AMEC Plc.” (AMEC şirkətinin Böyük Britaniyada təsis edilmiş baş ofisi) tərəfindən yerli şirkət kimi təqdim edilən Azərbaycan Respublikasının hüquqi şəxsi “AMEC Məhdud Məsuliyyətli Cəmiyyəti” tenderin qalibi oldu.(niyə? ölkədə yerli şirkət yox idi?)
Beləliklə, “AMEC Məhdud Məsuliyyətli Cəmiyyəti” yerli şirkət olaraq Azərbaycan Respublikasının vətəndaşlarını işə cəlb etmək əvəzinə subpodrat müqaviləsi ilə Sinqapurda yerləşən ofşor şirkəti vasitəsilə xarici işçilər cəlb edir, onlara yerli vətəndaşlara münasibətdə dəfələrlə çox pul vəsaitləri ödəyir, bundan əlavə, həmin işçilərin yaşayış, nəqliyyat və müxtəlif xarakterli məişət xərclərini ödəyir. Süni surətdə xərclər yaradılmaqla, HPBS üzrə Azərbaycan Respublikasının əldə edəcəyi gəlirləri azaldır. Beynəlxalq müqavilə olan HPBS-dən yan keçməklə, faktiki olaraq onu pozmaqla yüz milyonlarla vəsaitlər ölkədən çıxarılır. Nümunə olaraq, bir Azərbaycan əsilli işçiyə ayrılan aylıq əmək haqqı 1500 (min beş yüz) ABŞ dolları təşkil edirsə, eyni iş yükünə malik oxşar ixtisaslı xarici vətəndaşlara ayrılan aylıq xərc isə 18 000 (on səkkiz min) ABŞ dolları (əmək haqqı, nəqliyyat xərcləri, icarə xərcləri və s. xərclər nəzərə alınmaqla minimum həddi) məbləğindədir.
Nəzərə alsaq ki, hazırda HPBS-ə əsasən əldə edilən mənfəətin 80 % (səksən) faizi Azərbaycan Respublikasının payına düşür, bu halda 150 nəfərdən ibarət yerli işçi heyətinə xərclənilən məbləğ 275 000 (iki yüz yetmiş beş min) ABŞ dolları təşkil edərdisə, xarici işçilərə sərf olunan xərclər aylıq 2 700 000 (iki milyon yeddi yüz min) ABŞ dolları təşkil edir və bu hal hazırda da davam edir. Nəticədə, HPBS üzrə Azərbaycan Respublikasının payına düşən mənfəət hər ay 1 940 000 (bir milyon doqquz yüz qırx min) ABŞ dolları məbləğində azaldılır və bu hal hazırda da davam etməkdədir. 2010-cu ildən etibarən Azərbaycan Respublikasına vurulmuş ziyan 140 000 000 (yüz qırx milyon) ABŞ dolları təşkil edir. Bu isə Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, əmək qanunvericiliyinin və sosial sığorta üzrə qanunvericiliyinin tələblərindən yayınmaq məqsədilə yaradılmışdır. Yuxarıda qeyd olunan sxem, AMEC şirkətlər qrupunun rəhbərliyi tərəfindən tətbiq edilir.