NHMT - Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi. 2016-ci il üzrə hesabat

Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi. 2016-ci il üzrə hesabat

Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi

 

2016-ci il üzrə hesabat

 

Bakı şəhəri, Yanvar 2017

 

 

Mündəricat

 

1.    Giriş

2.    Təşkilatın hüquqi statusu və fəaliyyəti

3.    2016-cı ildə əmək hüquqlarının təlimi və müdafiəsi

4.    Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti

5.    İşçilərin sosial problemləri

6.    Neft şirkətlərinin fəaliyyətlərinin ətraf mühitə təsirləri

7.    Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması

8.    Müsbət məqamlar

9.    Qəzalar

10.   Zamanında həll olunmayan, qəza baş vermə ehtimalı olan problemlər

11.   İdarə və müəssisələrdə əmək qanunveiciliyinin pozulma səbəbləri

 

 

1. Giriş


Bu hesabat: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri əsasında hazırlamışdı. Bəzi rəqəmlər SOCAR-ın “Davamlı İnkişaf Haqqında Hesabatından” götürülmüşdür. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğun mümkün olan dərəcədə qiymətləndirməkdi.


Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin yaranma səbəbləri və həlli üçün rəylər də verilmişdir.

 

 

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti


2.1. Təşkilatın missiyası

 

NHMT İB Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 


2.2. Təşkilat haqqında məlumat


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT İB) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində   vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb (Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT İB çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

 

 

3. 2016-cı ildə əmək hüquqlarının təlimi və müdafiəsi
(www.nhmt–az.org)

 

Hesabat dövrü ərzində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının neft sənayesində çalışan 900, digər sahələrdə çalışan 520 nəfər, ümumimilikdə isə 1420 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardım göstərilmişdir.

 

Bir çox hallarda vətəndaşlara hüquqi yardım telefon və internet vasitəsi ilə aparıldığndan müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır.


Təşkilat tərəfindən hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunub:


3.1. Marifləndirilmə, məlumatlandırma

 

  • Təşkilatın ofisində, şəhər və mobil telefonlarla  
  • Bakı, Şirvan şəhərində, Salyan və Neftçala rayonlarında İctimai qəbul və seminarlar keçirməklə
  • Təşkilatın veb səhifəsi vasitəsilə Online Hüquqi məsləhətxanası (www.nhmt-az.org/frontend/pages/qa.php)
  • Təşkilatın fb səhifəsi vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilmişdir (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı)
  • İnternet TV-lər vasitəsilə
  • Sosial şəbəkələr vasitəsilə

 

3.2. Məhkəmə çəkişmələri


Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 75 nəfər işçi və mülkiyyətçilərin şikayətləri ilə əlaqədar İddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Apelyasiya və Kasasiya şikayəti verilmiş və ya İddia, Apelyasiya və Kasasiya şikayətlərinə Etiraz hazırlanaraq hüquqları məhkəmədə qorunmuşdur. SOCAR Kompleks Qazma İşləri Tresti, Dərin Özüllər Zavodu, BP şirkəti, Qarasu Əməliyyat Şirkəti, “Altus İntervention AS” şirkəti, “Qinterra Tekhnologies AS” şirkəti, “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc”, SWİFT və sair şirkətlərlə məhkəmə prosesi davam edir.

 

Qeyd1:


Məhkəmə çəkişmələr əsasən işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarətinin qeydə alınması və kompensasiyaların verilməsi və sair iddialar üzrə olmuşdur:

 

Təmin olunan şikayətlərin sayı Rayon, İnzibati-İqtisad, apelyasiya və kasasiya 21
Qismən təmin olunan şikayətlərin sayı Rayon, İnzibati-İqtisad, apelyasiya və kasasiya 27
Təmin olunmayan şikayətlərin sayı Rayon, İnzibati-İqtisad, apelyasiya və kasasiya 7
Davam edən məhkəmə işləri Rayon, İnzibati-İqtisad, apelyasiya və kasasiya 20
Cəmi 75

 

Rayon və İnzibati-İqtisad məhkəmələrində: 56
Təmin olunan iddiaların sayı: 14
Qismən təmin olunan iddialar: 17  
Təmin olunmayan iddiaların sayı: 4
Davam edən məhkəmə işləri: 21


Bakı, Gəncə və Şirvan Apellyasiya Məhkəməsində: 19


1Qeyd: Məhkəmələrdə müdafiə olunanların ümumi sayı ilə Rayon, Apelyasiya və Kasasiya instansiyası arasındakı fərq və ya çox olması ondan ibarətdir ki, hüquqları müdafiə olunan şəxslərin əksərinin, yəni eyni şəxslərin hüquqları bir çox hallarda 2 və ya 3 instansiyası məhkəməsində (Rayon, Apelyasiya və Ali) də müdafiə olunub. Məs; SWİFT şirkəti ilə 10 nəfərin məhkəmə çəkişməsi hər 3 məhkəmə instansiyasında qismən təmin olunub. Ümumi cəmdə bu 10 nəfər olsa da, 3 instansiyada bu 30 nəfər olur, yəni istənilən halda 3 məhkəmə instansiyalarında olan işlərin sayı ümumi cəmdən çox olur.

 

Təmin olunan iddiaların sayı: 10
Qismən təmin olunan iddialar: 1
Təmin olunmayan olunan iddialar: 7
Davam edən məhkəmə işləri: 1


Azərbaycan Respublikasının Ali Məhkəməsində: 23

Təmin olunan iddiaların sayı: 10
Qismən təmin olunan iddialar: 11
Təmin olunmayan iddiaların sayı: 2
Davam edən məhkəmə işləri: 0

 

Konstitusiya Məhkəməsinə şikayət - 1 nəfər (təmin olunmayıb)

Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciət - 1 nəfər


Məhkəmə Hüquq Şurasına Müraciət:

Səbail Rayon məhkəməsinin hakimi cənab Anar Tanrıverdiyevdən


Məhkəmə Qətnamələrinin icrası:

İcra edilən məhkəmə qətnamələri: 11 qətnamə
İcrası davam edən məhkəmə qətnamələri: 20 qətnamə
İcra edilməyən məhkəmə qətnamələri:


Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi, Məhkəmə qərarlarının icrası haqqında Qanunun 3,4 və sair maddələri (Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir) Gədəbəy rayon İcra hakimiyyəti və Azərsu SC tərəfindən pozulur:

 

- 2008-ci ildən qanuni qüvvəyə minmiş Məhkəmə qətnaməsinin olmasına baxmayaraq Gədəbəy Rayon İcra Hakimiyyəti qətnaməni icra etmir. 8 ildir ki, məhkəmə qərarını yerinə yetirməyən Gədəbəy rayon icra başçısı cəzasız qalıb. Gədəbəy Rayon məhkəməsinin 11 Oktyabr 2007-ci il tarixli və 05.07.2012-ci il tarixli qətnaməsi həmin vaxtdan qanuni qüvvəyə minsə də və İcra vərəqi verilsə də Gədəbəy Rayon icra hakimiyyəti məhkəmə qərarını hələ də yerinə yetirməmişdir. İcra hakimiyyəti “Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununun 3-cü və 84.4-cü maddəsini pozaraq məhkəmə qətnaməsini yerinə yetirmir, mülkiyyətçilər isə, hələ də müxtəlif qurumlara şikayət etməklə öz qanuni hüquqlarının bərpasına çalışırlar! Qeyd2;

 

- 2016-cı ilin may ayından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq Azərsu SC neft pulları hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin təsirinə məruz qalan iki nəfər Oğuz mülkiyyətçisinə onlara dəymiş ziyanla əlaqədar veriləcək kompensasiyanı ödəmir.


4. Məhkəmə monitorinqləri
Təşkilat eksperti tərəfindən bütün məhkəmələrin monitorinqi aparılmışdır. Monitorinqlər Yasamal, Nəsimi, Səbail Rayon məhkəmələrində, Bakı və Gəncə Apelyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali məhkəməsində aparılmışdır.


Monitorinqlər zamanı aşağıdakılar müşahidə edilmişdir:

 

Məhkəmə hakimlərinin əksəriyyəti əmək qanunvericiliyini kifayət qədər bilmir, işçilərə qarşı qərəzli olur, İşəgötürənlərin xeyrinə qərar qəbul etməkdə maraqlıdırlar, məhkəmə iclaslarını təyin etdikləri vaxtda keçirmir, işçilərə və onların müdafiə edən hüquqşünas və vəkillər tərəfindən verilən vəsadətlərin əksəriyyəti təmin olunmur, (işəgötürənlərdən müvafiq sənədlər alınmır, çəkişmə prinsipinə əməl edilmir), iddiaçı və cavabdehlərin izahat verməsi və ya sual verməsinə şərait yaradılmır, formal xarakterli qərarlar qəbul edilir. Məs:

 

- Bakı şəhərinin Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Babayev, neft pulları hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin təsirinə məruz qalmış 3 nəfər Qəbələ mülkiyyətçisinin məhkəmə işinə 4 ildən artıqdır ki, baxılıb qərar qəbul etmir. Cavabdeh Azərsu SC və Məhkəmə Hakimi tərəfindən müxtəlif qanunsuz yollarla məhkəmə prosesləri uzadılır və süründürməçiliyə yol verilir, məhkəmə iclasları təyin olunmuş vaxtda keçirilmir, əsassız bəhanələrlə təxirə salınır, halbuki mülki qanunvericiliyə əsasən bu məhkəmə instansiyasında baxılma müddəti 3 aydır.


2Ölkədə aparılan torpaq islahatları nəticəsində Gədəbəy rayonunun Arıxdam kəndinin sakinlərinə də torpaq sahələri verilmişdi. Lakin 2007-ci ildə Gədəbəy rayon icra hakimiyyəti və Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı şirkəti iddia ediblər ki, həmin torpaqlar guya, əvvəlcədən torpaq mülkiyyətçilərinə yox, qızıl zavoduna verilib (Mülkiyyətçilərdə isə Torpaq Aktı var). Və bu hesabdan da tələb ediblər ki, mülkiyyətçilər torpaqları geri qaytarsınlar. Bununla əlaqədar torpaq mülkiyyətçiləri məhkəməyə müraciət ediblər və Gədəbəy Rayon məhkəməsinin 11 Oktyabr 2007-ci il tarixli qətnaməsinə əsasən, Gədəbəy Rayonun Arıxdam kəndinin 150 nəfər mülkiyyətçisinin Dövlət Aktları ləğv edilmiş, bu torpaqlar dövlət mülkiyyətinə qaytarılmış və mülkiyyətçilərə verilmiş “əvvəlki torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında olan ölçülərə uyğun olaraq mülkiyyətçilərə başqa sahədən torpaq sahəsi ayrılması Qərara alınmışdı. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi isə hələ də, müvafiq torpaq sahəsinin olmaması bəhanəsi ilə icra olunmayıb. Eyni zamanda rayon icra hakimiyyəti mülkiyyətçilərdən geri alınmış torpaq sahələrinin əvəzinə kompensasiya da ödəmək istəmir. Maraqlı odur ki, qızıl zavodunun mülkiyyətinə verilmiş kimi geri alınmış torpaqlar, icra hakimiyyətinə verilib, icra hakimiyyəti isə bu torpaqları yenidən qızıl zavoduna icarəyə verib.


- Hakim İsmayıl Xəlilov: Bakı Apelyasiya Məhkəməsində 4 nəfər işçinin: Hacıyev Zaur Məhəmmədmirzəyeviçin, Aslanov Azər Fərhad oğlunun, İsmayılov Ruslan Rasim oğlunun və Vəliyev Anar Siyafər oğlunun “Altus İntervention AS” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “Qinterra Technologies AS” şirkətinin Azərbaycandakı Filialına qarşı: “Əmək haqqının, ödəncin, müavinətin, dəymiş ziyanın ödənilməsi və xüsusi qərarların qəbul edilməsi barədə məhkəmə prosesində işçilərin əleyhinə ədalətsiz qətnamə qəbul edib.

 

- Bakı Apelyasiya Məhkəməsində hakim Aygün Abdullayaeva, Ali məhkəmənin məcburi göstərişini nəzərə almadan, BP Exploration (Caspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi Bəhram Rüstəmovun bu şirkətə qarşı: “İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə məhkəmə prosesində işçi əleyhinə qətnamə qəbul edib.

 

Monitorinq nəticəsi əsasında Məhkəmə Hüquq Şurasına müraciətlər göndərilmişdir.

 

 

4. Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti

 

2013-15-ci illərdə işçilərin sayının dinamikası

 

  2013 2014 2015
İşçilərin ümumi sayı 61088 54714 52104
Qadın 10928 9732 8941
Kişi 50160 44982 43163
Minumum əmək haqqı 135 149 149
Orta aylıq əmək haqqı 839 882 893
İşə qəbul olunmuş işçilər 3655 1304 1639
İşdən azad olunan işçilər 5154 2634 7834

 

Neft hasilatı (mln.ton) Qaz hasilatı (mln.m.3)
İL SOCAR AZƏRBAYCAN SOCAR AZƏRBAYCAN
2012 8289 43389.8 6924.6 26908.8
2013 8314.9 43483.0 7140.1 29456
2014 8320.4 42022.7 7222.8 29617
2015 8160.5 41586.8 6871.4 28977

 

 

4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (ARƏM) və digər normativ hüquqi aktlar

 

ARƏM, 45.4. maddəsinin pozulması. (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).


- SOCAR-da və əksər xarici neft şirkətlərində işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Bu da arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses(işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə) hələ də davam edir. Bu hal həm ARDNŞ-nin müəssisələrində, həm də bu sahədə fəaliyyət göstərən xarici şirkətlərdə və birgə müəssisələr və Əməliyyat şirkətlərində(Qarasu ƏŞ, Azfen, Altus İntervention AS” şirkəti, “Qinterra Technologies AS” şirkəti, “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc” Salyan Oyl) də müşahidə olunur.

 

ARƏM 16-cı madəsinin (diskriminasiyaya yol verilməsi) pozulması: Diskriminasiyanın əsas səbəblərində biri də qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bu hala daha çox ARDNŞ idarə və müəssisələrində, Maqdermot, BP şirkətlərində rast gəlinir.

 

Əmək Məcəlləsinin 68, 69, 70, 71, 77, 78, 79, 80-cı maddələri üzrə: (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması): pozuntu halları isə SOCAR-ın Neftqaztitkinti tresti, Qarasu ƏŞ, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Azfen, “Altus İntervention AS” şirkəti, “Qinterra Technologies AS” şirkəti, “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc”, “Karasu Opertinq Compani” ƏŞ və sair müşahidə olunub.

 

Məs:

BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ixtisarlar apararkən işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirmək imkanı vermir. BP şirkəti tərəfindən ixtisar olunmuş 2 nəfər işçiyə Bakı Apelyasiya Məhkəməsində hüquqi yardım göstərilmişdir. Bir nəfər işçinin iddia tələbləri təmin olunmuş və işə bərpa olunma barədə qərar qəbul edilmişdir. Bir nəfər işçi ilə əlaqədar isə Azərbaycan Respublikasının Ali məhkəməsinə Kasasiya şikayəti verilmişdir.


- Son 3 ildə “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının, istifadə edilməmiş məzuniyyət pulunun, ödəncin, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə. “İntertek Azeri Ltd" MMC-də bu şirkətindən 3 dəfə (bir nəfərin şikayəti ilə əlaqədar 2 dəfə) məhkəməyə müraciət edilib: 1 nəfər işçinin hüquqlarının bərpası ilə əlaqədar: Səbail rayon, Bakı Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilib. Məhkəmə qərarı formal olaraq icra edilib, lakin həmin işçi yenidən qanunsuz yollarla işdən azad edilib.

 

► İşəgötürənlər tərəfindən ARƏM-in  43-cü maddəsinin 3 və 4-cü bəndlərinin (3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilinədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. 4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz) pozulması:

 

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə çalışan işçilər (Neft Daşları, “28 May” Neft və Qazçıxarma İdarəsinin və s.) onlara təklif etdiyi Əmək müqaviləsinə Əlavədən narahatlıqlarını bildirirlər. Belə ki, işçilər bu Əlavənin onları qane etmədiyini, lakin bu Əlavəyə imza etməyə məcbur edildiklərini bildirirlər. Baxmayaraq ki, Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsinin şərtlərinin zorla və ya məcburi surətdə dəyişdirilməsi qadağandır. Təşkilatın mütəxəssisləri tərəfindən bununla əlaqədar Rəy hazırlanmış, işçilər arasında maarifləndirmə aparılmış və ictimailəşdirilmiş və hazırlanmış Rəy SOCAR rəsmilərinə göndərilmişdir.

 

Əmək Məcəlləsinin 97, 98, 99, 159, 164, 165-ci maddələrinin pozulması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı üzrə: (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

 

- ARDNŞ-də və xarici müəssisələrdə işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində də qanunsuzluqlara yol verilir. Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və ödənilmir. Əmək Məcəlləsinə əsasən isə bu əlavələr tarif maaşının tərkibində deyil, tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulmuşdu.


- SWİFT Enerji şirkətinin 10 nəfərə yaxın işçisinin işdənçıxma ilə əlaqədar kompensasiyaların və əlavə əmək haqlarının ödənilməsində qanun pozuntusu müşahidə olunub. Bu şirkətin 10 nəfər işçisinin iddia tələbləri üzrə Bakı şəhər Səbail Rayon məhkəməsinin qətnaməsi qəbul edilib və cavabdeh şirkətdən işçilərin xeyrinə 110 000 manat əmək haqqının tutulması barədə məhkəmə qətnaməsi qəbul edilib. Bu qərar Ali məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır.


- Banklar tərəfindən heç bir məhkəmə qərarı olmadan əmək haqlarından 50 faizdən çox pulun tutulması halları barədə də Təşkilata şikayətlər daxil olmuşdur. Halbuki, məhkəmə qərarı olmadan işçinin əmək haqqından 20 faiz, məhkəmə qərarı və ya qərarları əsasında isə 50 faizdən çox olmayan tutmalara yol verilir. Bununla əlaqədar bu sahədə bir işçinin pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Azərigaz Bankına qarşı Bakı şəhərinin Nəsimi Rayon məhkəməsində iddia qaldırılmışdır.

 

► Azərbaycan Əmək Məcəlləsinin 211-ci maddəsinin (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi) pozulması

 

Bu hal, SOCAR bəzi idarə və müəssisələrində (Neft Daşları NQÇİ, 28 May adına NQÇİ, Tağıyev adına NQÇİ, Neft emalı zavodunda və s.) müşahidə olunub. Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilər pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmurlar.

 

► İdarə və müəssisələrdə işəgötürənlər tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215, 217, 218, 219, 220, 221, 222, 223, 239-cu, 207-ci maddələri(İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin, pozulma faktı müşahidə olunur. Bunun nəticəsində 2016-cı ildə istehsalatla əlaqədar 51 bədbəxt hadisə baş vermişdir ki, bunun da 21-i ölümlə nəticələnib, hansı ki, onlardan 16-i SOCAR işçisidir.
- SOCAR-n Nəqliyyat İdarəsinin Maşinisti Şirəliyev Mirəli Şirəli oğlu 19 mart 2016-cı ildə N.Nərimanov adına NQÇİ-nin 23 saylı platformasında növbə vaxtı ərzində ağır xəsarət alıb, hal hazırda da vəziyyəti ağırdır, yataq xəstəsidir, digər şəxsin köməyi olmadan hərəkət edə bilmir, 8 aydan çoxdur ki, müalicə alsa da sağalmır.
Hadisənin işdə olmasına baxmayaraq Dövlət Əmək Müfəttişliyi Xidməti qanunsuz əsasla bu hadisəni qeydə almayıb. İşçiyə həmişəki kimi məhkəməyə müraciət etməyi məsləhət görüb.

 

- “Maersk Driling Servises” MMC-də 4 ildir ki, 2-ci qrup əlil Sərvər Kərimovun hüquqları pozulur. “Maersk Driling Servises” MMC ilə Sərvər Kərimov arasında: “Aylıq kompensasiyanın verilməsi, əlillik dərəcəsinin ləğv edilməsi, zərərə görə aylıq ödəncin miqdarının hesablanması, aylıq ödəncə artımın tədbiq edilməsi, gecikdirilmə ilə əlaqədar ödəncin və maddi ziyanın tutulması və sair iddia tələbləri barədə” 5 ayrı-ayrı məhkəmə prosesləri keçirilib. Bu məhkəmə proseslərində Nəsimi rayon, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənuin qanuni qüvvəyə minmiş məhkəmə qərarları qəbul edilib. “Maersk Driling Servises” MMC 8 aya yaxındır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etmir və işçini incidir.

 

2010-2016-cı il ərzində ölkənin hasilat sənayesində həlak olan işçilərin sayı

(həlak olanların 80%-i SOCAR işçiləridir) cədvəl 2.

İllər 2010 2011 2012 2013 2014 2015 2016
Say 10 23 13 6 19 37 22


2013-2015-ci illərdə SOCAR-ın əməyin təhlükəsizliyi sahəsində məhsuldarlıq göstəriciləri3 cədvəl 3.

Göstəricilər 2013 2014 2015
Cəmi zədələnmələrin sayı 12 30 36
O cümlədən ölənlərin sayı 3 12 15

 

2013-2015-ci ildə SOCAR-n əməyin mühafizəsi xərcləri4 cədvəl 4.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə xərclər (min.man) 2013 2014 2015
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə, o cümlədən 32069 22789 21665
Əmək şəraitinin yaxşılaşdırılması üzrə nomenklatur tədbirlərə 22340 16481 15956
Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinə 8001 4625 3964
Süd təchizatına 1312 1216 1332
Digər xərclərə 417 467 413

3Cədvəl 3 və 4 SOCAR-n Davamlı İnkişaf hesabatından götürülmüşdür

 

Cədvəldən göründüyü kimi, əməyin təhlükəsizliyi sahəsindəki ciddi qüsurlara baxmayaraq SOCAR bu sahəyə ayrılan vəsaiti azaltmışdır.

 

- İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarında və digər normativ hüquq aktlarla təsbit edilir. Hər il əmək fəaliyyəti ilə məşğul olan çoxlu sayda işçi, iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirilir və ya bu hadisələr nəticəsində həyatı ilə vidalaşmalı olur (bax cədvəl 2, cədvəl 5).


Neft sənayesində işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması nəticəsində 2016-cı ildə həlak olan işçilər cədvəl  5.

S/s İşçinin adı, soyadı İdarə, müəssisə Qeyd
1 Məmmədov Elşən SOCAR AQŞ

Ölüm hadisəsi SOCAR-AQŞ-nin Günəşli yatağının təzə tikilən 7-ci blokunda qaldırıcı kranın gəmidən mal

götürərkən aşması nəticəsində baş verib. Həlak olan gəncin 25 yaşı vardı

2 Məmmədzadə Hikmət Azpetrol LTD MMC  
3 Hacıyev Ələddin SOCAR “Qaz ixracı idarəsinin” Ağdaş magistral qaz kəmərləri sahəsi  
4 Məmmədov Ağaməlik ARDNŞ Texnoloji Nəqliyyat İdarəsi  
5 Muradov Ələddin ARDNŞ-nin Nəqliyyat idarəsi  
6 Namik Məmmədov Neftqaztikinti trest  
7 Əliyev Musa SOCAR-AQŞ  
8 Eldəniz Daşdəmirov Salyan Oyl  
9 5Qalib Hacıyev KCA-Deutag-n işçisi İşçinin həlak olma səbəbləri ictimaiyyət üçün açıqlanmayıb
10 Şahcanov Vladimir Fərhad oğlu SOCAR “Kompleks qazma işləri tresti  
11 Məmmədov Rəfael Cəbrayıl oğlu Səngəçaldakı neft-qaz terminalı hündürlükdən yıxılıb
12 Zülfüqarov Güloğlan N.Nərimanov adına NQÇİ - maşinist Estakada uçması nəticəsində dənizdə itkin düşüb
13 Zülfüqarov Azay N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
14 Qurbanov Vidadi N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
15 Həsənov Elçin N.Nərimanov adına NQÇİ - mexanik Estakada uçması nəticəsində dənizdə itkin düşüb
16 Hacıəliyev Həsənağa N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
17 Qafarov İlham N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
18 Əsədov Samir N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
19 Bəhrəmov Cavid N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
20 Abbasov Ramiz N.Nərimanov adına NQÇİ - maşinist Estakada uçması nəticəsində dənizdə itkin düşüb
21 Rüstəmov Qorxmaz N.Nərimanov adına NQÇİ - operator Estakada uçması nəticəsində dənizdə itkin düşüb
22 Hacıyev Ələddin SOCAR Qaz ixracı idarəsi  

5 Qeyd; 2016-cı ildə BP şirkətinin fəaliyyət göstərdiyi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP şirkəti uzun müddət bu işçinin adını belə açıqlamaq istəməyib. Sonradan təşkilata müraciət edən qohumları işçinin KCA-Deutaq şirkətinin işçisi olduğunu və adını açıqlayıb. İtkin düşmüş işçi bir neçə gündən sonra ölmuş vəziyyətində tapılıb. İşçinin ölüm səbəbi ictimaiyyət üçün açıqlanmayıb. Bununla əlaqədar NHMT tərəfindən BP şirkətinə, KCA-Deutaq şirkətinə və Dövlət Əmək Müfəttişliyinə müraciət olunsa da, verilən cavablarda hadisənin prokurorluq tərəfindən araşdırılacağı bildirilib.

 

İqtisadçı Samir Əliyevin tərtib etdiyi bu qrafik isə neftin qiyməti ilə qurbanların sayı arasındakı əlaqədir. Göründüyü kimi, neftin qiyməti ucuzlaşdıqca qəza qurbanlarının sayı da artır.

 

 

5. İşçilərin sosial problemləri

 

- SOCAR-n 28 May NQÇİ-nin bəzi yataqxanalarında otaqlardakı hamamxanalara(hər otağa aid hamamxana var) isti su elektrik qızdırıcılarında (Ariston qurğusunda) qızdırılaraq verilir. Noyabr ayında verilən məlumata görə artıq 3 aydır ki, həmin su qızdırıcıların əksəriyyəti sıradan çıxıb. İşçilər qeyd edirlər ki, soyuq havada əl-üz yumaq, dişləri təmizləmək, üz qırxmaq, çimmək əsl problemə çevrilib. Onu da qeyd edim ki, yataqxanalara verilən su(o cümlədən Ariston qurğusun), OSMOS (dəniz suyunu təmizləyib istifadə üçün yararlı hala salan aparat) qurğusunda təmizlənib yenidən istifadəyə verilən dəniz suyudur. Ariston qurğusunun OSMOS suyundan sıradan çıxması da güman olunsa da bu rəsmi versiya deyil.

- Dövlət Neft Şirkəti öz işçiləri üçün kooperativ binalar tikib, məqsəd bu olub ki, evsiz neftçilər güzəştli şərtlərlə mənzillə təmin edilsin. Lakin təşkilatımıza daxil olan şikayət ərizələrini araşdırarkən məlum olub ki: (www.meydan.tv/az/site/news/19250/) neftçilər aldadılıblar. Yəni mənzillərin real sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkəti mənzillərin ödəniləcək sahəsinə, eyvanın, divarların oturacaqlarının, blokun, hətta liftin sahəsini də əlavə edib. Məs: mənzillərə Neftçi MTK-tərəfindən verilən sənəddə sahəsi 100 kv-m kimi göstərilən mənzil özəlləşdirilərkən ƏMDK-nin təqdim etdiyi sənəddə məlum olur ki, həmin mənzil 75 kv-metrdir (25 m2. fərq) Demək olar ki, bütün mənzillərə verilən sənədlərdə 20-25 m. 2. fərq var. Bu isə Əmlak Məsələri Üzrə Dövlət Komitəsinin (ƏMDK) mütəxəssisləri tərəfindən mənzillər ölçülən zaman məlum olub və həmin qurum tərəfindən verilən çıxarışda(kupçada) göstərilib. Qeyri yaşayış sahəsinə görə neftçidən ödəniş tələbi isə ölkənin Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə ziddir. Qeyd olunan problemlərlə əlaqədar NHMT tərəfindən SOCAR vitse prezident cənab Bədəl Bədəlova məktubla müraciət etsə də, şirkət rəsmisi məktuba cavab verməmişdir. Problemlər isə davam edir.

 

 

6. Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması

 

6.1. Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması


Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.6 Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən 7 nəfərdən ibarət işçilər Həmkarlar Təşkilatını yarada bilərlər. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin 90 faizindən çoxunda, o cümlədən də Azəri–Çıraq-Günəşli(AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə operataor təşkilat olan BP Azərbaycan şirkətinin tərəfdaşlarının əksəriyyətində Həmkarlar Təşkilatı fəaliyyət göstərmir. Təşkilatımıza verilən məlumata və zamanında bəzi xarici şirkətlərdə çalışan işçilər tərəfindən HİT yaradılması ilə bağlı NHMT-yə edilən müraciətlərə şirkət işəgötürənlərinin maneçilik etməsi, bu qənaətə gəlməyə əsas verir ki, HİT yaratmaq istəyən istəyən işçilər BP-nin öz tərəfdaşına edə biləcək təzyiq nəticəsində işdən çıxarılma  qorxusundan bu təşəbbüsü həyata keçirə bilmirlər.

 

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

- İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir

- İşəgötürənlər; şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

 

6.2. Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya (№111)


Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var) həm də yüksək vəzifələrdə(rəhbər səviyyəsində) yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir.


Xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin vergidən yayınması halları da baş verir. Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün “şərait”də yaradılır. Belə ki, onlarla əmək müqavilələri 3 ay (90 gün) müddətinə bağlanır. Müəyyən müddətdən ölkəyə çıxış-giriş etdikdən sonra  onlarla yenidən həmi müddətə əmək müqaviləsi bağlanır. Bu mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa küllü miqdarda vergidən yayınma halları müşahidə oluna bilər.

 

 

7. Neft şirkətlərinin ətraf mühitə təsirləri


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirlik tərəfindən 2016-cı ildə karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar uyğun olaraq cari ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin aşağıda qeyd olunan strukturlarına və Birgə Müəssisələrinə 222652.79 manat, o cümlədən Azərkimya İstehsalat Birliyinə 11560 manat, Azəriqaz İstehsalat Birliyinə 562.73 manat, Azneft İstehsalat Birliyinin Abşeronneft neft və qazçıxarma idarəsinə 5359.86 manat, Bibiheybətneft neftqazçıxarma idarəsinə 5570.0 manat, Ə.Əmirov adına neftqazçıxarma idarəsinə 6196.46 manat, H.Z.Tağıyev adına neftqazçıxarma idarəsinə 10069 manat, Neft Daşları neftqazçıxarma idarəsinə 19253.34 manat, 28 May adına neftqazçıxarma idarəsinə 29788.75 manat, N.Nərimanov adına neftqazçıxarma idarəsinə 4593.28 manat, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə 701.47 manat, Qaz ixracı idarəsinə 905.45 manat, Dalğıc qəza xilasetmə işləri idarəsinə 445.20 manat, Magistral neft kəmərləri idarəsinə 7804.67 manat, Qazma işləri trestinə 15107 manat, Qaradağ qaz emalı zavoduna 5935 manat, Neft emalı zavoduna 8925 manat, Nəqliyyat idarəsinə 1764 manat, Neftqaztikinti trestinə 3336 manat, Geofizika və keologiya idarəsinə 394 manat, birgə müəssisələrdən SOCAR AQŞ MMC 1975.50 manat, Gulf Dirilling MMC-yə 1200 manat, SOCAR Ümir MMC 2010 manat, SOCAR CEP MMC-yə 350 manat, Salyan Oyl Limited şirkətinin “Azərbaycandakı nümayəndəliyinə 4156 manat, Bahar Enerji Operating Limited şirkətinin Azərbaycan respublikasındakı nümayəndəliyinə 4413 manat, Suraxanı oil Operation Compani C.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 10325 manat, Azgerneft MMC-yə 8150 manat, Binəqədi Oil Compani şirkətinin AR-dakı nümayəndəliyinə 7358 manat, Abşeron Operating Compani Limited şirkətinin AR–kı nümayəndəliyinə 1850 manat, Gobustan Operating Compani LTD şirkətinin AR-kı nümayəndəliyinə 1750 manat, Balakhanı Operating Compani LTD şirkətinin AR-kı nümayəndəliyinə 11100 manat, Kayman adalarının Garasu Operating Compani şirkətinin AR nümayəndəliyinə 7150 manat, Neftchala Operating Company şirkətinin AR nümayəndəliyinə 5230 manat, Shirvan Operating Compani LTD şirkətinin AR–kı filialına 12115 manat, Petro Hongong Pirsaat Oil Limited şirkətinə 750 manat məbləğində cərimə tədbiq edilmiş, iki iş üzrə məhkəmə iddiası qaldırılmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda Azəri Çıraq Günəşli və Şahdəniz yataqlarının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında Sazişin operatoru olan BP Azərbaycan şirkətinə ətraf mühitə atılan tullantılarla bağlı 168000 manat maliyyə vəsaiti tətbiq olunmuşdur.


6Azərbaycanın Həmkarlar İttifaqı Təşkilatları: Normativ hüquqi aktlar və reallıqlar


Yuxarıda qeyd olunan, bütün səhmləri dövlətə məxsus bütün müəssisə və təşkilatlara aşkar olunan çatışmazlıqların aradan qaldırılılması üçün icrası məcburi olan Məcburi göstərişlər verilmiş, sahibkarlıq subyekti olan müəssisələrə isə sahibkarlıq subyekti olan müəssisələrə isə normativ hüquqi aktların tələblərin icrası ilə bağlı məktublar ünvanlanmışdır.

 


8. Müsbət hal

 

- 2011-ci ilin avqust ayından etibarən ARDNŞ-də rüşvətlə işə qəbul (rəhbər vəzifələr istisna olunmaqla,bu vəzifələrə təyinatda hələ də vəzifə səlahiyyətindən istifadə, qohumbazlıq müşahidə olunur) olunmalar demək olar ki, aradan qaldırılmışdır. Buna səbəb ARDNŞ-nin nəzdində İnsan Resursları Departamentinin yaradılması olmuşdur. Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçirilir. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin veb-səhifəsinin (www.socar.az) vakansiyalar bölməsindən ala bilər.

 


9. Qəzalar


Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu pozan müəssisə və təşkilat rəhbərlərinə qarşı: maddi, intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin bu qədər qəzalara rəğmən, heç bir işəgötürən qeyd olunan məsuliyyətə cəlb olunmayıb.


2016-cı ildə SOCAR strukturuna daxil olan Azneft İB-nin idarə və müəssisələrində 3 qəza hadisəsi müşahidə olunub. 2014-cü ildə 4, 2015-cü ildə isə 2 qəza hadisəsi baş verib. Qəzanın bir çox səbəblərindən biri də SSRİ-dən qalan infrastrukturların tam köhnəlməsidir. Hadisələrin kökündə isə bu məqsədlə ayrılmış vəsaitlərdən şəffaf və düzgün istifadə olunmaması, vəsaitin təyinatı üzrə xərclənməməsi şübhəsi durur.

 

- Sentyabrın 26-da SOCAR strukturuna daxil olan “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda yanğın baş vermişdi. Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdır. İnsan itkisi baş verməyib.

 

- Noyabrın 4-də gecə 23.00–də 28 May NQÇİ-nin 10 saylı platformasında çökmə müşahidə olunduğu üçün gecə neftçilər təxliyə olunmuşdu. Çökmə nəticəsində yaşayış blokunun bir tərəfi 35 sm əyilmişdi. Ertəsi gün gələn komissiya çökmənin zəlzələ ilə əlaqədar olduğu və heç bir konstruktiv dəyişikliyin olmadığı barədə rəy verdi. Təşkilata daxil olan məlumata görə isə çökmə davam edir. Təşkilat ekspertləri isə  bunu yanğın zamanı metalın keyfiyyətinin itirməsi ilə əlaqələndirir.

 

- 15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi uçmuş, estakadanın həmin hissəsi və ona bitişik olan meydança və üzərindəki yaşayış budkası dənizə düşmüşdür. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) itkin düşmüşdür. Sonradan yalnız bir neftçinin cəsədi tapılıb ailəsinə təhvil verilmişdir. NHMT ekspertinin rəyinə görə, həmin estakada qəzalı vəziyyətdə olub, həmin sahəyə işçi buraxılmamalı və istismar müddəti bitdiyi üçün (istismar müddəti 30 ildir) sökülməli idi. Estakada 1978-də tikilmişdi. Qəza son 3 ildə həmin idarədə onlarla işçinin ölümü ilə nəticələnən 4-cü hadisədir (www.rferl.org/a/azerbaijan-oil-industry/28201499.html).

 

- Dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş vermişdir. 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, kəmərdə çürümənin olması və s. (SOCAR-ın rəsmi facebook səhifəsinə SOCAR), qurumun Qazixrac İdarəsinin rəis müavini Nazim Səmədzadənin video müsahibəsi (Səngəçalda partlayan magistral qaz kəmərləri ilə bağlı sensasion etiraf). Cənab N.Səmədzadənin sözlərindən aydın olub ki, partlayan Azərbaycan üçün iqtisadi və siyasi baxımdan çox önəmli olan Xəzər dənizindəki “Şahdəniz” və “Azəri-Çıraq” neft-qaz yataqlarından quruya qaz nəql olunan magistral kəmərlərdir. 14 il əvvəl çəkilmiş qaz xəttinin keyfiyyətsiz olması da zamanında olan korrupsiya nəticəsi kimi qiymətləndirmək olar.

 

2017-ci il yanvarın 2-də 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub. Ərazidə yaşayan əhali sosial şəbəkələrdə öz narahatlıqlarını bildirirlər.

 

Səngəçalda təkrar partlayış


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, yanğınla nəticələnən partlayış 02 yanvar 2017-ci il səhər saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

 

 

10. Zamanında həll olunmayan, qəza baş vermə ehtimalı olan problemlər!


- NHMT ekspertlərinin verdiyi rəylərdə, qəzaların əsas səbəblərindən biri də, SOCAR strukturuna daxil olan Azneft İB-nin idarə və müəssisələrə məxsus dəniz qurğularının istismar müddətinin qurtarması və bu qurğuların vaxtaşırı təmir olunmamasıdır. Məs: Bir müddət əvvəl xeyli vəsait müqabilində Neft Daşları NQÇİ-da vertalyot meydançası təmir olundu, gözləmə zalı və təhlükəsizlik xidməti üçün otaqlar tikildi. Tikinti başa çatandan sonra isə məlum olub ki, svaylar (dirəklər) yararlı vəziyyətdə deyil, buna görə də meydançanı bağlamağa məcbur olublar. Bu yaxınlarda işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi sexləri (quyuların əsaslı yeraltı təmir sexi və lay təzyiqinin saxlama sexi) və mühafizə xidmətini estakadadan Çvonovaya(kiçik torpaq ərazi) köçürülüb.

 

- İşçilər qeyd edir ki, külək əsən kimi estakadalar “ilan” kimi oynayır(belə məlumat N.Nərimanov adına NQÇİ-dən də daxil olub). Vaxtında təmir olunmayan estakadalarda maşınla hərəkət məhdudlaşdırıldığından operatorlar 1 quyunu yoxlamaq ucun gün ərzində azı 8 km piyada yol qət etməlidir. Təşkilat üzvlərinin verdiyi məlumatlarda qeyd olunur ki, qəzalı estakadaların bir çoxunu artıq bağlamağa məcbur olublar.
Noyabrın 10-da, Neft Daşları NQÇİ-nin lay təzyiqinin saxlama sexinin qabağındakı yol uçduğundan, yola döşənmiş beton piltələr dənizə tökülüb, xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

- 28 May adına NQÇİ-nin ötən il qəza baş vermiş 10 saylı dəniz platformasındakı yaşayış bloku qəzalı vəziyyətdədir! Noyabrın 4-də gecə 23.00–də həmin dəniz platformasında çökmə müşahidə olunduğu üçün gecə neftçilər təxliyə olunmuşdu. Çökmə nəticəsində yaşayış blokunun bir tərəfi 35 sm əyilmişdi. Ertəsi gün gələn komissiya çökmənin həmin gün dənizdə baş verən zəlzələ ilə əlaqədar olduğunu və heç bir konstruktiv dəyişikliyin olmadığı barədə haqqında rəy verib. Təşkilata daxil olan məlumata görə isə çökmə davam edir. Təşkilatımızın əlaqə saxladığı bəzi mütəxəssislər (hal hazırda şirkətdə çalışmayan) bunu yanğın zamanı metalın keyfiyyətinin itirməsi ilə əlaqələndirir.

 

 

11. İdarə və müəssisələrdə əmək qanunveiciliyinin pozulma səbəbləri

 

- Həmkarlar İttifaqlarının, Həmkarlar İttifaqları haqqında Qanuna və Əmək Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərməməsi.

- İşçilərin öz hüquq və vəzifələrini kifayət qədər bilməməsi və işəgötürənlərin bundan istifadəsi.

- Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması. İşçilərin əmək hüquqları sahəsində maarifləndirilməməsi.

- Həmkarlar Təşkilatlarının işəgötürəndən asılı olması.

- İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifə səlahiyyətlərini həyata keçirtməklə, İşəgötürənləri inzibati məsuliyyətə cəlb etməməsi.

- Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT–rin təkliflərinin nəzərə alınmaması.