NHMT - Azərbaycan, İqlim dəyişmələri ekoloji vəziyyət, enerji keçidi, problemlər, çağırışlar

Azərbaycan, İqlim dəyişmələri ekoloji vəziyyət, enerji keçidi, problemlər, çağırışlar

Azərbaycan, İqlim dəyişmələri ekoloji vəziyyət, enerji keçidi, problemlər, çağırışlar

Mündəricat

 

1. Xülasə

 2. Giriş: İqlim dəyişmələri və Azərbaycana təsirləri

 3. Qanunvercilik aktları və qaydalar

4. Neft və qaz energetikasından Bərpa olunan enerjiyə keçid, problemlər çağırışlar

5. Bərpa olunan enerjiyə keçidlə bağlı planlaşdırılan işlər.

6. Azərbaycanın Su ehtiyatlarının azalması

7. Bərpa olunan enerjiyə keçidin problemləri

8. Müzakirələr və nəticələr

9. Keçid zamanı nəzərə alınmalı məsələlər

10.Tövsiyələr

 

Mart 2025-ci il

 

 Xülasə

Məqalədə Qlobal iqlim dəyişmələrinin Azərbaycana təsirləri, enerji keçidi, su ehtiyatlarının azalması kimi problemlər araşdırılmışdır. Azərbaycan BMT-nin İqlim dəyişmələri üzrə Konvensiyası üzrə müəyyən öhdəlikləri və  Paris İqlim sazişi üzrə İstixana qazı (İXQ)emissiyalarının azalması, enerji keçidini və onun problemləri məqalədə təhlil edilir. Azərbaycan bir neft -qaz ölkəsi kimi İqlimdə baş verən dəyişikliklərin fəsadlarını enerji sektorunda, kənd təsərrüfatında və su hövzələrində suyun həcminin azalmasına səbəb olmuşdur. Bu istiqamətdə neft yanacaqlarından bərpa olunan enerjiyə keçid döcründə görülən işlər, problemlər,çağırışlar məqalədə təhlil edilmişdir. Ölkənin enerji istehlak tələbatı 23-24 mld KVt/saat həcmindədir. İstehsal olunan elektrik enerjisi 29 mld KVt/saat təşkil edir. 2023-cü ildə Qobustanda quraşdırılan 233 MVt gücündəki GES-nin təsirin ilə həmin il üçün bərpa olunan enerjinin payı 2024-cü ildə 10.6 % təşkil edir və bu payında əsas hissəsi su elektrik stansiyaları tərəfindən istehdal edilmişdir.  Günəş (GES), Külək elektrik stansiyalarında (KES) və bioenerji(tullantıların yandırılmasından) bərpa olunan enerji 2,9 %-təşkil edir. Məqalədə bərpa olunan enerji istehsalı sahəsində mövcud vəziyyət və çağırışlar araşdırılmışdır. 

 

Giriş

İqlim dəyişmələri və Azərbaycana təsirləri

20-ci əsrin 2-ci yarsından başlayaraq sənayenin sürətli inkişafı, yeni texnoloji avadanlıqlardan istifadə, karbohidrogen yanacaqlarına (neft, qaz, kömür və s) tələbatı artırmış və paralel olaraq atmosferə atılan emissiyaların həcmində kəskin artıma səbəb olmuşdur. Dünya üzrə Qlobal istilşməyə səbəb olan 6 növ İstixana qazları müəyyən edilmişdir. Bu qazlar CO2, CH4 (Metan qazı), N2O (Azot 1-oksid) və flüor tərkibli qazlardır. Yaranan bu emissiyaların 72%-i CO2, 19%-i Metan, 6%-i azot-1 oksid və 3%-  flüorlu qazlar təşkil edir. Sənayenin və texnlogiyanın  inkişafı nəticəsində atmosferə atılan CO2 1900-cü ildə 3 mld tondan 2023-cü ildə 37,79 mld tona çatmış, Metan qazının atmosferə atılması 20-ci əsrin əvvəli ilə nisbətdə 150 % artaraq İXQ=nin 19% -ni təşkil etmişdir. Atmosferdə həcmi 336,7ppb (milliyonda bir hissə) olmaqla Azot oksidi (N2O) 1980-ci illə müqayisədə 2020-ci ildə 40 %  artırmışdır[1]. Dünya üzrə qlobal istixana qazı emissiyalarının əsas mənbələri bunlardır; elektrik və istilik (25%), kənd və meşə təsərrüfatı (24%), sənaye və manufaktura (21%), nəqliyyat (14%) və ev təsərrüfatı  (6%). NOAA-nın (National Oceanic and Atmospheric Adminstration) 2023-cü il İllik İqlim Hesabatına[2] görə quruda və okeanda birləşmiş temperatur 1850-ci ildən bəri hər on ildə orta hesabla 0,11° Fahrenheit (0,06° Selsi) və ya ümumilikdə təxminən 2° F artmışdır[3]. 1982-ci ildən bəri istiləşmə sürəti üç dəfədən çox sürətlidir: hər onillikdə 0,36° F (0,20° C).C:\Users\acer\Desktop\global-land-ocean-anomalies-202401-202412.png

Cədvəl 1. Dünya üzrə 1850-ci ildən 2024-cü ilə qədər müşahidə edilən temperatur artımı.

 

Cədvəl 1-də 1850-ci ildən müşahidə olunan temperatur artımı təqdim olunur. Buradan məlum olur ki, 1980-ci ilə qədər proses normal getsədə 1980-ci ildən sonra temperatur artımı daha sürətlə davam etmişdir. Belə ki, 1980-ci ildə 0,2oC artan temperatur 1990-cı ildə 0,35oC olmuş, 2000-ci ildə 0,6oC-ə çatmış, 2024-cü ildə bu artım 1,2oC-ə qədər yüksəlmişdir. Nəticələr onu göstərir ki, temperatur artımın sürəti artmışdır və hər 10 il üçün orta hesablama ilə 0.36° F (0.20° C) təşkil edir. 2015-ci ildə Parisdə keçirilən BMT-nin İqlim dəyişmələri konfransında  Paris razılaşması müəyyən edilmiş və ölkələr öhdəlik götürmüşdür. Azərbaycan Paris razılaşması (Paris agreement) sənədini 2016-cı ildə ratifikasiya etmişdir.

 

10,2 milyon nəfər (2024) əhalisi olan Azərbaycan, torpaqdan istifadə və meşə təsərrüfatı (LULUCF) fəaliyyəti olmadan adambaşına 6,2 t CO2eq (2019) və LULUCF ilə adambaşına 5,4 t CO2eq olmaqla, dünya üzrə ümumi qlobal istixana qazları (İXQ) emissiyalarının yalnız 0,15%-ni təşkil edir. Azərbaycanda enerji və kənd təsərrüfatı ən böyük istixana qazı emissiya payına malik olan iki sektordur. Ölkənin  İXQ emissiyaları 1990-1995-ci illər arasında 37% azalaraq təxminən 52 Milyon t CO2eq səviyyəsinə enib, bu da 2010-cu illə eyni səviyyədədir. O vaxtdan bəri İXQ emissiyaları 19% artaraq 61 Milyon ton təşkil edib. 2016-cı ildə t CO2 eq olaraq ÜDM isə eyni zamanda neft qiymətlərinin düşməsi nəticəsində 14% azalıb. Nəzərdən keçirilən dövrdə İXQ emissiyalarının və ÜDM-in məlumatlarında fərqlilik müşahidə edilməmişdir ki, bu da neft (karbohidrogen) əsaslı iqtisadiyyatla izah edilə bilər[4]Azərbaycan 1990-cı ilə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35% azaldılması üzrə kəmiyyət hədəfinə nail olmaq üçün ilk Milli Müəyyən Töhfədə (NDC) öhdəlik götürmüşdür.  Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40% azaldılması hədəfini elan etmişdir. Azərbaycanın BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyası üzrə (UNFCCC)- Dördüncü Milli Hesabatı. Fourth National Communication to the UNFCCC. Republic of Azerbaijan[5].

 

Azərbaycanın NDC hesabatında qeyd olunur ki, 2010-cu ildə ölkə üzrə temperaturun 1961-1990-cı illərdə müşahidə olunan orta illik temperaturla müqayisədə 1,3°C artdığı bildirilir. Ölkə üzrə temperaturun ən yüksək emissiya (RCP8.5- A scenario of comparatively high greenhouse gas emissions) 1986-2005-ci illərin ilkin göstəriciləri ilə müqayisədə 2090-cı ilə qədər 4,7°C potensial istiləşmə ilə qlobal orta göstəricidən daha sürətlə yüksələcəyi proqnozlaşdırılır. Ölkənin qərb bölgəsi ölkənin qalan hissəsindən daha sürətlə istiləşib. Azərbaycan Kür hövzəsində aşağı axınında yerləşdiyinə görə yüksək transsərhəd iqlim risklərinin təsiri altındadır. Məsələn, ölkənin su ehtiyatlarının 70 faizindən çoxu qonşu dövlətlərin ərazisində formalaşır. Odur ki, ölkədə həyata keçirilməli olan istənilən uyğunlaşma tədbirləri transsərhəd iqlim riskləri ilə əlaqələndirilməlidir [5].

 

Ölkə üzrə isti ekstremal havaların tezliyi və intensivliyi artıb, həddindən artıq soyuqlar isə azalıb.  Bölgədə orta temperaturun 2050-ci ilə qədər yüksək istixana qazı konsentrasiyası ssenarisi (SSP5–8.5) üçün ən azı 2–3°C və aşağı istixana qazı konsentrasiyası ssenarisi üçün (SSP2–4.5) üçün 1–2°C artacağı proqnozlaşdırılır.  Qlobal istiləşmə səviyyəsi sənayedən əvvəlki dövrlərlə müqayisədə artması ilə temperaturun maksimum və minimum həddi artacaq, bu zaman istilik dalğaları uzun müddətli və pik temperaturlar halında güclənməsi müşahidə olunacaq. Orta illik temperaturun yüksəlməsinə uyğun olaraq, çox isti günlərin (gündəlik maksimum temperaturun 35°C-dən yuxarı olduğu günlər) illik sayının yüksəlməsi  yüksək dəqiqliklə proqnozlaşdırılır[6]

 

Azərbaycan Hökuməti Kioto protokoluna və Paris sazişinə uyğun olaraq 2030-cu ildə istehsal edilən elektrik enerjisinin 30%-nin  Külək, Günəş və Hidroelektrik stansiyaları mənbələrindən istehsal olunması planlaşdırır. Bunun üçün 1500 MVt gücündə yeni elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulub. Bu məqsədlə, 2023-2025-ci illərdə 460 MVt və 2026-2030-cu illərdə 600 MVt olmaqla ümumilikdə 1500 MVt yeni generasiya gücünün yaradılması nəzərdə tutulur.

 

Qanunvercilik aktları və qaydalar

Azərbaycanda enerji sahəsində bir çox qanunlar və qaydalar qəbul olunmuşdur. Bu qanunlar aşağıdakılardır: 

Energetika haqqında” AR-nın qanunu (24.10 2023), əsasən, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsini, sağlam rəqabət mühitinin formalaşdırılmasını, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir. İkinci belə  qanunu “Elektroenergetika haqqında” (03 aprel 1998) qəbul olunmuş əsasən, elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanunvercilikdən başqa Nazirlər Kabinetinin(NK) qərarlarıda bu sahədə çox mühümdür. Bu istiqamətdə bərpa olunan enerjinin stimullaşdırılması üçün bir çox güzəştlər müəyyən olunmuşdur. Belə ki, AR NK-nin (6 noyabr 2024) 476 saylı qərarı, AR-nın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin(BOEMDA) təsdiqedici sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə güzəştləri müəyyən edir. Qərarda külək, günəş enerjisi və kiçik su elektrik stansiyalarının və LED istehsal edən qurğu və avadanlıqları, ehtiyat hissələrinin idxalı kömrük rüsumundan azad edilmişdir. 

 

AR NK-nin (2 fevral 2005) 18 nömrəli qərarı ilə Elektrik enerjisindən istifadə qaydaları  istehlakçıların bütün kateqoriyaları üçün enerjidən istifadənin qaydalarını tənzimləyir. AR NK-nin (28 sentyabr 2023) 346 nömrəli Qərarı Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi barəsindədir. Bu qərarın məqsədi aktiv istehlakçının elektrik stansiyası vasitəsilə bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürmək, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilməsi ilə bağlı dəstəklənməsi mexanizminin tətbiqindən ibarətdir.  AR NK-nin (6 sentyabr 2024) 401 saylı qərarı  “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası dəyişiklik edilmişdir.

 

AR-nın “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə barədə” (31 may 2021)  Qanun uyğun olaraq, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbə lərindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. 

 

Eyni zamanda 2024-cü ildə Bərpa olunan enerjidən istifadə sahəsində torpaq sahələrinin ayrılması ilə bağlı NK-nin bir neçə qərarı verilmişdir. Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında  qaydaları və  16 aprel 2024-cü il  21 saylı qərarı Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritələri əlavə olunur).

 

NK-nin (16 aprel 2024)  212 saylı Biləsuvar rayonunun inzibati ərazisində 1454 hektar ərazidə 445 MVt və (16 aprel 2024)  211 saylı  qərarları ilə Neftçala rayonunun inzibati ərazisində olan 973 hektar 315 MVT güclərində  dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmişdir. 

 

EU4Energy proqramının 1-ci mərhələsi çərçivəsində –  Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” (04 iyul 2021 )“ AR-nın Qanunun qəbul edilməsi, “Azərbaycan Respublikasının enerji səmərəliliyi üzrə Milli Fəaliyyət Planı”nın və enerjidən istifadə edən məhsullar üçün ekodizayn və etiketləmə tələblərinin qəbulunun sürətləndirilməsinə dair Yol Xəritəsi hazırlanmışdır.

 

Bundan başqa binaların enerji səmərəliliyinin sertifikatlaşdırılması Qaydalarının layihəsi; Eko-dizayn və enerji etiketlənməsi üzrə Aİ-nin qanunvericilik bazasının yaxınlaşması; Müvafiq hökumət və qeyri-hökumət Maraqlı Tərəflər arasında potensialın artırılması və enerji səmərəliliyi üzrə məlumatlılığın artırılması və kommunikasiya proqramı, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” 2 fevral 2021-ci ildə təsdiq edilib. 5-ci prioritet təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi olmaq üçün tədbirlər görülür və Azərbaycan Aİ-nin, o cümlədən EU4Energy Təşəbbüsü və beynəlxalq maliyyə institutlarının güclü dəstəyi ilə özünün davamlı enerji yolunda irəliləyir.

 

Qanunverciliyi təhlil edərkən belə aydın olur ki, Azrbaycanda energetika sahəsinin bərpa olunan enerji sistemlərinə keçilməsi üçün qaydalar qəbul olunub, prosedurlar hazırlanıb və istehlakçıların bərpa olunan enerjidən və şəbəkədən qarşılıqlı istifadə mexanizmi müəyyən olunub. Qanunvericiliyin bu şəkildə qəbul edilməsi çox təqdirə layiqdir. 

 

Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsi evlərdə günəş panellərinin quraşdırılması üçün dövlət dəstəyi barədə hər hansı qayda və prosedir qəbul olunmamışdır. 3-5 kVt gücü olan  Günəş PV-lərin evlərin damında quraşdırılması (Yaşıl dam layihəsi) bizim qiymətləndirməmizə görə hər bir ailə üçün 12-15 min AZN təşkil edir. Həmin qoyulan vəsaitin özünü tam ödəməsi üçün 10 il vaxt lazım olduğundan istehlakçılar bu cür qurğuların quraşdırılmasında maraqlı görsənmirlər. İlkin olraq yaxşı olardı ki, təhsil və ya inzibati dövlət müəsisələrində bu tipli layihələr dövlət tərəfindən dəstəklənsin, çünki həmin idarə və təhsil müəssisələri gündüz işlədiyindən kifayət qədər enerjiyə qənaət edilmiş olar. Bu tipli pilot layihələrin həyata keçirilməsi İXQ-ın azaldılmasına, şəxsi evlərdə subsidiya əsasında günəş PV-lərin quraşdırılmasını stimullaşdıra və yaşıl enerjiyə keçidin daha sürətlə gedişinə təsir göstərməklə aparılan siyasətə töhfə verə bilər.

 

Neft və qaz energetikasından Bərpa olunan enerjiyə keçid, problemlər çağırışlar

Dünyanın ən çox neft və təbii qaz istehsal edən ölkələri enerji sektoruna və sənayenin əsas seqmentlərinə nəzarət edir. Dünya ölkələri arasında birinci yerdə olan əsas neft  təchizatçısı 827,1 milyon tonla ABŞ-dır,  Rusiya-541,7, Səudiyyə Ərəbistanı-531,7, Kanada-278, İran-214, İraq-213, Çin-209, Braziliya-183,  BƏƏ-,176, Küveyt-140 milyon tonla 10  lider ölkələrdir. Azərbaycan 30,1 milyon ton hasilatla bu sırada 25-ci yerdədir. Əsas qaz  təchizatçısı 1040,7 m3 -la yenə də ABŞ-dır,  Rusiya-586, İran 246, Çin-234, Kanada -190, Qətər 181 m3 təşkil etməklə 5 ən çox təbii qaz hasil edən ölkələrdir. Azərbaycan qaz təchizatşısında 30,1 milyon tonla 30-cu yerdədir[8].

 

Dünya üzrə istehsal olunan yanacağın, yəni benzin, dizel və təbii qaz yanacağının 49%-i nəqliyyat tərəfindən istifadə olunur, neft kimyası 16,1%,.digər sənaye sektorları 10,9%, ev təsərrüfatları/komersiya/kənd təsərrüfatı 8,3%, aviasiya 8,1 %, dəniz nəqliyyatı 3,2%, elektrik istehsalı sektoru 2,4% və dəmir yolu/sudan istifadə 1,5% təşkil edir. Nəticələrdən belə aydın olur ki, nəqliyyat sektoru yanacaq istifadəsində həlledici üstünlüyüə malikdir[9].

 

Bərpa olunan enerji sahəsində daha çox investisiya edən ölkələr sırasında birinci yer Çinə məxsusdur, 350 GVt gücü olan günəş və külək stansiyalarında elektrik enerjisi istehsal edir. Dünya üzrə bərpa olunan elektrik enerjisinin 32%-ni Çin istehsal edir, ondan sonra ABŞ (11%), Braziliya (7,0%), Kanada (4,7%) və Hindistan (4,3%)  bu sahədə ən çox investiya yatırımları ediblər.  2023-cü ildə bərpa olunan mənbələrdən elektrik enerji istehsalı 30%- təşkil edib. Bərpa olunan mənbələr əsasən su (47%), külək (26%), günəş (18%), biokütlə (8%) və geotermal (1%) təşkil edir[]. 2022-ci ildə bərpa olunan enerjiyə sərmayə qlobal miqyasda demək olar ki, 500 milyard dollara çatmışdır və həmin il investisiyanın yeni elektrik tutumunun 83%-i təşkil edirdi. Proqnozlara görə  dünya üzrə bərpa olunan enerji istehsalı 2030-cu ildə 46% təşkil etməsi gözlənilir. 

 

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Energetika Nazirliyinin məlumatına görə quruda bərpa olunan enerji mənbələrinin texniki potensialı 135 QVt, dənizdə isə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 GVt, o cümlədən 3000 MVt külək enerjisi, 23000 MVt günəş enerjisi, 380 MVt bioenerji potensialı, 520 MVt dağ çaylarında hidroenerji kimi qiymətləndirilir. 2020-ci il  ölkə prezidentinin sərəncamı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi(BOEMDA) yaradılıb. Agentliyin vəzifəsi bərpa olunan enerjiyə keçidi stimulallaşdırmaqdır.

 

Azərbaycanın ümumi elektrik istehsal gücü 8415,0 MVt (2024, 98 stansiya) təşkil edir, o cümlədən bərpa olunan enerji mənbələri üzrə iri Bərpa olunan ES-lərin gücü 1792,0 MVt (58 SES+5 KES+9 GES) təşkil edir ki, bu da ümumi gücün 21,3 faizini təşkil edir. Enerji sektorunda ümumi gücü 6623,0 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1406,6 MVt olan 58 su elektrik stansiyası, ümumi gücü 63,6 MVt olan 5 külək elektrik stansiyası, ümumi gücü 278,0 MVt olan 9 günəş elektrik stansiyası,  gücü 7,4 MVt olan 3 ədəd hibrid(GES+KES), 37 MVt gücündə 1 -bioenerji stansiyaları var.

 

2024-cü ildə ölkədə elektrik enerjisi istehsalı 28,4 milyard kilovatsaat təşkil edib (2023-cü illə müqayisədə 0,8 mld KVt azalma). İES-lərdə 24 544,4 mln. kVt.st, SES-lərdə 3011,1 mln. kVt·st, digər mənbələr üzrə isə 839,7,0 mln. kVt·st, o cümlədən KES-lərdə 50,9 mln. kVt·st, GES-lərdə 556,3 mln. kVt·st, bio ES-lərdə 232,5 mln. kVt·st olmuşdur. 2024-cü ildə elektrik enerjisinin ixracı 1396,2 (keçən il 3245,7) mln. kVt·st, idxalı isə 170,7 mln. kVt·st təşkil etmişdir. Belə ki, ixrac olunan 1396,2 mln. kVt·st elektrik enerjisinin 36,6 mln. kVt·st İranın, 176,4(keçən il 1575,4) mln. kVt·st Türkiyənin, 158,8 mln. kVt·st Rusiyanın, 1024,4 (keçən il 1533,2) mln. kVt·st Gürcüstanın payına düşür. İdxal olunan 170,7 mln. kVt·st elektrik enerjisinin 35,3 mln. kVt·st İranın, 92,2 mln. kVt·st Rusiyanın, 143,2 mln. kVt·st Gürcüstanın payına düşmüşdür[11].

 

Hesabatdan belə aydın olur ki 2023-cü illə müqayisədə elektrik enerjisinin ixracında Türkiyənin (1404,7 KVt)və Gürcüstanı payı (508,8 KVt) azalmışdır.  Təəssüf ki bu qədər həcmdə ixracın azalmasına hər hansı izahat hesabatda verilməmişdir.

 

Bərpa olunan enerjiyə keçidlə bağlı planlaşdırılan işlər.

2 fevral 2021-ci il tarixində ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədinin 5-ci bəndi (Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi) iqlim dəyişikliyi və ona qarşı mübarizə, o cümlədən, bərpa olunan enerjinin ölkəmizdə yaşıl iqtisadiyyatın bütün sahələrində yaşıl enerji prinsipləri əsasında tətbiqi məsələlərini əhatə edir. Yuxarıda qeyd olunan milli prioritetlər BMT-nin “Dünyanın transformasiyası: 2030-cu ilə qədər davamlı inkişaf gündəliyi”ndən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir.

 

Ölkə üzrə  bərpa olunan enerjiyə keçidlə bağlı iri layihələrin həyata keşirilməsi planlaşdırılır. 2023-cü ildə Qobustanda 233 MVt gücündə GES quraşdırılıb işə salınması çox mühüm addımlardan biridir, Sonrakı mərhələdə “ACWA Power”  şirkəti tərəfindən Xızı -Abşeron ərazisində 240 MVt gücündə günəş və külək hibrid qurğuları quraşdırması işləri davam edir, bu stansiyanın işə salınması 2025-ci ildə planlaşdırılır. Biləsuvarda (445 MVt), Neftçala rayon Bankə qəsəbəsində (315 MVt) növbəti günəş panellerinin quraşdırılması üçün torpaq yerləri ayrılıbdır və hazırlıq işləri görülür, həmçinin Abşeron yarımadasında günəş və külək qurğularının quraşdırılması planlaşdırılır. Azərbaycan planladığı layihələri uğurla həyata keçidrikdən sonra qlobal bazarda bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjini realizasiya etməklə böyük uğur qazana bilər.

 

Su elektrik stansiyalarının sayının artırılması istiqamətində Araz çayının üzərində İran hökuməti ilə birlikdə bir neçə layihə həyata keçirilir. 240 MVt gücü olan  “Xudafərin” HES-i və  80 MVt olan “Qız Qalası” hidroqovşağında təşkil edir və görülmüş və görüləcək işlərin icra cizgiləri və iş həcmləri razılaşdırılmışdır. Azərbaycana düşən pay 140 MVt təşkil edir.  Araz çayı üzərində Muxtar Respublikanın ən böyük su elektrik stansiyası olacaq derivasiya tipli 36 MVt gücündə “Ordubad” və 15,6 MVt güclü derivasiya tipli “Tivi” Su Elektrik Stansiyalarında tikinti-quraşdırma işləri davam etdirilmişdir. 

 

Planlaşdırılan bütün layihələr Azərbaycan dövləti tərəfindən imzalanmış müqavilələr əsasında həyata keçirilir. Təəssüf ki, hələlik bu sektorda müstəqil komersiya qurumlarının fəaliyyəti o qədər yüksək deyil.  Maraqlı istiqamətlərdən biri isə bərpa olunan enerji istehsalı üzrə layihələrdə su hövzələrində, kiçik çaylarda hidro elektrik stansiyalarının tikintisinin artırılmasıdır.  Azərbaycanın su hövzələrinin Cənubi Qafqazda ən az olduğundan əsas çaylarımız olan Kür-Araz çaylarının üzərində su anbarlarının tikilişi və ya su elektrik stansiyalarının sayının artırılması çayların bioresurslarının təmamilə azalmasına səbəb ola bilər. Bu resursların azalması isə bazarlarımızda balıq və balıq məhsullarının təmailə yox olmasına və əhalinin kasıb təbəqəsinin ərzaq təchizatına mənfi təsir göstərə bilər. 

 

Azərbaycanın Su ehtiyatlarının azalması

 Cənubi Qafqazda Azərbaycan ən az su ehtiyatlarına malikdir. Hesablanmış məlumatlara görə Cənubi Qafqazın 310 mld m3 su ehtiyatının cəmi 10 %-i 30 mld m3 Azərbaycandadır. Azərbaycan əhalisinin(10,3 milyon) sayının həm Ermənistanla (3,3 milyon) həmdə Gürcüstanla (3,7 milyon) müqayisədə çox olması,  əhalinin içməli suya olan tələbatında və əkin sahələrinin suvarılmasınada su çatışmazlığı müşahidə olunur. Eyni zamanda yeraltı su ehtiyatları (hesablanmış 9 mld m3)həddindən artıq məhduddur. Ölkənin su ehtiyatlarının 70%-i qonşu Gürcüstanda və Ermənistanda transərhəd çayları olan Kür və Araz çayları və digər kiçik çaylar hesabına formalaşır. Su ilə təminat Gürcüstanda 85%, Ermənistanda 82% təşkil etdiyi halda Azərbaycanda bu cəmi 28% təşkil edir. 2050-ci ilə qədər su ehtiyatlarının 15-20 faiz azalacağı gözlənilir [] (V.Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, 2023). Azərbaycan artıq su çatışmazlığı ilə mübarizə aparır və iqlim dəyişikliyi bu problemi daha da dərinləşdirəcək. Mövcud su ehtiyatlarının optimist ssenari üzrə 2040-cı ilə qədər 5-10 faiz, 2070-ci ilə qədər isə 10-15 faiz azalacağı gözlənilir (RCP 4.5). Pessimist ssenariyə (RCP 8.5) uyğun olaraq, su ehtiyatları 2040-cı ilə qədər 10-15 faiz, 2070-ci ilə qədər isə 15-25 faiz azala bilər . Azərbaycan ciddi su stresi ilə üzləşir (EEA, 2019). Ölkənin suyunun böyük hissəsi yuxarı hövzələrdən gələn xarici axınlardan gəlir ki, bu da onu iqlim dəyişikliyi kimi iqlim şoklarına və stress amillərinə qarşı həssas edir . Bu tendensiyalar quraqlıq şəraitinə və getdikcə artan şəhər əhalisinə qarşı suvarma tələbinin artması ilə birləşir. Orta buxarlanma sürətinin ümumi yağıntıdan 2,5 dəfə yüksək olması ilə ölkədə su qıtlığının gələcəkdə daha da pisləşəcəyi proqnozlaşdırılır)[].

 

Azərbaycan Milli Uyğunlaşma Planın(NAP) üzərində iş aparılsada hələlik təqdim edilməyib . Bu plan Milli Uyğunlaşma Planı 2024-cü ildə başlanılsada onun hazırlanıb yekunlaşdırılması 2025-ci ildə gözlənilir və əsas diqqət su, kənd təsərrüfatı və sahilyanı ərazilərə yönəldiləcək. 

 

Üç illik layihə olan bu plan Azərbaycan hökumətinə üç prioritet sektor - su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinə uyğunlaşması tədbirlərində dəstək olacaq. Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramının (BMTİP) həyata keçirdiyi layihə hökumətin mövcud institusional, texniki və maliyyə potensialını gücləndirəcək, bu isə öz növbəsində orta və uzun müddətli iqlim adaptasiyası ehtiyaclarının Azərbaycanın milli inkişaf planlarına daxil edilməsini təmin edəcək. “Su sektoru ölkəmizin iqlim dəyişmələrinin təsirlərinə həssas olan sahələrdən biridir. Bu baxımdan,  "Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək” layihəsi su ehtiyatlarının davamlı idarə edilməsinə və  kənd təsərrüfatında çevik həllərin tətbiqinə şərait yaradaraq iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşmağa yardım edəcəkdir.”

 

Azərbaycan üçün şox həssas olan su baseynlərinin idarə edilməsi ilə bağlı BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə”  Transərhəd çayların və Beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyaya (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) Ermənistan və Gürcüstan  qoşulmadığına görə çayların mühafizəsi və istifadəsi barədə hər hansı öhdəlikləri yoxdur. Azərbaycan 2000-ci ildən adı çəkilən sazişi ratifikasiya etmişdir, lakin digər tərəflər Konvensiyaya qoşulmadığına görə bu istiqamətdə hər hansı iş görmək olmur. Bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsi və vətəndaş cəmiyyəti nümayəndələrinində prosesə qoşulması əməkdaşlığı dahada yaxşılaşdıra və su baseynlərini birlikdə idarə etmək mümkün ola bilərdi.

 

Son dövrlərdə Qlobal istiləşmənin təsiri ilə su ehtiyatlarında baş verən azalma və kənd təsərrüfatında əkin sahələrinin suvarılması zamanı ənənəvi selləmə şırım suvarma metodundan istifadə edilməsi su ehtiyatlarının kəskin azalmasına və Kür -Araz ovalığında yaşayan region əhalisinin su ilə təminatında ciddi problemlər yaradıb. Xüsusilə Kürün aşağı hissəsində yaşayan Saatlı, Sabirabad, İmişli, Beləsuvar,  Salyan və Neftçala rayonlarında su çatışmazlığı çox ciddi hiss olunur. Nəzərə alınsa ki, kənd təsərrüfatında əkin sahələrinin 75% -i bu regionlarda yerləşir vəziyyətin necə ağır olduğu aydın olar. 

Azərbaycanda su təminatı ilə bağlı bəzi problemlər və onların həlli yolları

Şəkil 1. Kür çayı Salyan rayonunda Fevral 2023.

 

Azərbaycanda su ehtiyatlarının cari vəziyyəti və səmərəli istifadəsi üçün 2020-ci ilin 27 iyul tarixində ölkə prezidentinin yanında geniş müşavirə keçirilərək müvafiq qərarlar qəbul edilmişdir.  Ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı  bu istiqamətdə müəyyən tədbirlər görülsədə tədbirlər planı tam icra olunmadığına görə 2023-cü ilin yaz aylarında(fevral, mart) Kür çayının suyunda əhəmiyyətli azalma baş vermiş və Kür ətrafı regionlar susuzluqdan əziyyət çəkdilər, baxmayaraq ki, yaz ayları olduğundan təbii su azalması baş verməmişdir. 2024-cü ildə yağışlı havaların bol olması ilə su çatışmazlığı qismən arxa plana keçmişdir. 

 

 Qlobal iqlim dəyişmələrinin təsiri, ənənəvi suvarma metodunda su itkisinin artması (45-50 %-ə yaxın), suvarmanın köhnə metodlarla aparılması, Kür ovalığının aşağı hissəsində yerləşən regionlar üçün ciddi problemlər yaradır. Sabirabad, Saatlı, İmişli, Beləsuvar, Hacıqabul, Beləsuvar, Salyan və Neftçala, kimi ənənəvi kənd təsərrüfat rayonlarında əkin sahələri susuz qalaraq şoranlaşmaya və deqradasiyaya məruz qala bilər. Bunların aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir[ ].

 

Damçılı suvarma, daha az su tələb edən bitkilərin  əkilməsi, su çiləmə kimi müasir metodların tətbiq olunması və əhalinin kasıb təbəqəsinə əlçatan olması üçün zəruri tədbirlərin görülməsi günün ən aktual problemlərindən biridir. Tərəvəz əkinində suyun bitkinin kökünə yaxın yerlərə çatdırılması kimi müasir metodların (Olla və sair) tətbiq olunması həm məhsuldarlığı artıra bilər həmdə su ehtiyatlarına qənaət edə bilər. 

 

Bərpa olunan enerjiyə keçidin problemləri

Dünyada baş verən texnoloji və texniki inkişaf enerji istehlakının artması ilə əlaqələndirilir. Yer kürəsinin texnologiyanın inkişafı ilə artan böyük enerji ehtiyatlarına malik olmasına baxmayaraq, şaxələndirmə yolu ilə enerji bazarını bərpa olunan enerjiyə çevirmək artıq günün tələbidir. Bunlar, bərpa olunan və ənənəvi mənbələrin bir-birini dəstəklədiyi, ölkənin potensialına və ətraf mühitə faydalı təsir göstərən transformasiyadır. Belə bir transformasiya, yaşıl enerjinin əldə edilməsinə imkan verən infrastruktura investisiyalardan başqa, yeniləri planlaşdırılan tikintisini və mövcud şəbəkə infrastrukturunun modernləşdirilməsini də tələb edir. Bərpa olunan enerjinin nəqli zamanı şəbəkə performansının artırılması ötürmə itkilərinin azaldılmasına töhfə verəcək və həmçinin alternativ və paylanmış enerji mənbələrinin artmasına və ona qoşulma imkanlarını artıracaq.

 

Cədvəl 1. Azərbaycanda bərpa olunan mənbələrdən istehsal olunan enerjinin inkişaf trendi (Mənbə: Energetika nazirliyi).

 

Cədvəl 1-dən görsəndiyi kimi Bərpa olunan enerji mənbələrindən enerji istehsalının ən yüksək həcmi 2010-cu ildə baş vermişdir. Bu zaman istehsal olunan enerjinin əsas hissəsi Hidro -elektrik stansiyalarında xüsusilə Mingəçevir və Şəmkir SES-lərində istehsal olunmuşdur. Sonradan su ehtiyatlarının azalması, kənd təsərrüfatında və içməli suya olan tələbatın artması əsasında SES-lərdə istehsal edilən enerjinin həcmi azalmağa doğru getmişdir. 2015-ci ildə 6,6 faiz olan ümumi enerji həcmi 2020-ci ildə 4,1 %-ə qədər azalmışdır. 2020-ci ildən başlayaraq az olsa artım davam edir. Burada artım əsasən KES və GES-lərin sayının artması ilə əlaqəlidir. 2024-cü ilin məlumatlarına görə ümumi istehsalda bərpa olunan enerji istehsalı 10,6% təşkil etmişdir. Bu artım əsasən  Qobustanda quraşdırılan gücü  233 MVt GES-də istehsal olunan enerjinin hesabına artmış və ümumi GES istehsalı 556,3 MVt təşkil etmişdir (Energetika nazirliyi).

 

Dünya üzrə qiymətləndirilmiş məlumatlara görə yanacaq istehlakının hazırkı sürəti ilə dünya ehtiyatlarının təxmini istifadə müddəti belədir: neft üçün - 50 il, təbii qaz üçün - 52,8 il və kömür üçün - 153 il. Buna görə də, ətraf mühiti çirkləndirən qalıq yanacaq ehtiyatlarını qorumalı, məhdudlaşdırmalı, yeniliklər yaratmalı və ya yaşamağı öyrənməliyik. Energetika nazirliyinin məlumatları onu göstərir ki, bərpa olunan enerji mənbələrindən enerji istehsalı ölkənin gələcəyi üçün əsas priroritet olaraq davam edəcəkdir.

 

Azərbaycan enerjidən asılı olmayan və iqtisadiyyatı demək olar ki, bütünlüklə mədən yanacaqlarına əsaslanır.  Bununla belə, onun bərpa olunan iqtisadiyyata transformasiya üçün böyük potensialı var ki, bu da qonşu Xəzər ətrafı ölkələrlə razılaşma olmadığına görə Xəzər dənizindən külək stansiyaları üçün istifadə oluna bilməməsi ilə qismən məhdudlaşır.

 

Bu ölkənin inkişafının qısa, orta və uzunmüddətli hədəfləri 2030-cu ilə qədər bərpa olunan enerjinin ümumi elektrik enerjisi kompleksinin 35-40%-ni təşkil edəcəyini göstərən strateji yol xəritələrində müəyyən edilmişdir. Gələcək illərdə elektrik enerjisi istehsalının 20%-ni bərpa olunan mənbələrdən əldə etmək istədiyini bildirən transformasiya üçün müvafiq hökumət siyasəti də son dərəcə vacibdir. Hazırda Energetika Nazirliyi ölkə üzrə seçilmiş əlverişli ərazilərdə günəş və külək enerjisi layihələrinin inkişafını dəstəkləyəcək qanunvericiliyin və qaydaların hazırlanması prosesini həyata keçirir və bunun ilk effektləri artıq görünməkdədir.

 

Nəzərə alsaq ki, Azərbaycanın büdcəsi neft qiymətlərindən asılıdır (dövlət büdcəsinin gəlirləri azalır), bərpa olunan enerjiyə dövlət investisiyaları məhduddur. Özəl sektorun Yaşıl enerjiyinin inkişafına(RES) marağı aşağıdır, bu da aşağı gəlir dərəcələri ilə bağlıdır. Buradan belə nəticə çıxır ki, hökumət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris Sazişinə (2015) töhfə verə biləcək bərpa olunan enerjiyə investisiya yatırmaq üçün özəl sahibkarlar üçün cəlbedici mühit yaratmalıdır.

 

Bundan asılı olmayaraq, bir çox şirkətlər beynəlxalq əməkdaşlıq və ekoloji cəhətdən təmiz şirkət kimi imicini yüksəltmək və ya öz ideyalarını həyata keçirməklə mövcud texnologiyanı təkmilləşdirmək üçün RES-ə sərmayə qoymağa qərar verirlər. Buna nümunə kimi BP şirkəti tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 MVt gücündə GES-nin tikintisi üçün müvafiq sənədlərin, torpaq yerlərinin, razılaşmaların hazırlanması və imzalanmasını göstərmək olar. BP kimi ənənəvi neft çıxaran şirkətin bərpa olunan enerji sektoruna transformasiya etməsi gələcəkdə digər bu cür Transmilli çirkətləridə bu sektora cəlb etmə imkanları yarada bilər.

 

Bundan əlavə, mövcud hüquq sisteminin təhlili göstərdi ki, quruda külək stansiyaları ilə bağlı qaydalar daha sərtdir və onun dəniz külək stansiyalarının xeyrinə inkişafına mane olur.[].

 

Müzakirələr və nəticələr

 

Bu gün yaşıl enerji keçidində qlobal addımlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və bu addımların bir çoxu artıq mühüm müsbət nəticələrə gətirib çıxarıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində əməkdaşlıq edən müxtəlif ölkələr dayanıqlı enerji sistemlərinə keçidə sadiqliklərini nümayiş etdirir. Bakıda keçirilən son COP-29 tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsi bərpa olunan enerjiyə keçid zamanı ölkənin strateji istiqamətini müəyyən etmiş oldu. Azərbaycanın rəhbərlik etdiyi COP-29 yaşıl enerjiyə keçidlə bağlı bir çox istiqamətləri və maliyyə resurslarını müəyyən etdi.

 

Tərəfimizdən aparılan araşdırma onu göstərir ki, Azərbaycanın yaşıl enerjiyə keçidin bir çox sektorlara təsir göstərir və bu keçidin daha ağrısız və iqtisadi təsirlərinin normal olması baxımından müəyyən tədbirlərin həyata keçirilməsini zəruri edir. Enerji sektoru qlobal səylərin əsas istiqaməti olaraq qalmaqdadır. Bunun ən parlaq nümunələrindən olan Almaniyada həyata keçirilən “Enerji dönüşü” (Energiewende) proqramı ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artmasına töhfə verib. 2023-cü ilin məlumatına görə, Almaniyada elektrik enerjisinin 59,6 %-dən çoxu külək və günəş enerjisi, bioqaz və hidrostansiyaların hesabına əldə edilir ki, bu da müvafiq infrastruktura məqsədyönlü investisiyalar və dövlət dəstəyi sayəsində mümkün olub[].

 

Azərbaycan nəqliyyat sektorunda elektrik avtomobil nəqliyyatına keçidi stimulaşdırmaq üçün idxal olunan elektrik nəqliyyat vasitələrinin və elektrik doldurucu (şarj) avadanlıqlarının idxal zamanı tətbiq edilən müəyyən vergi güzəştləri tətbiq edildiyindən 2021-ci ildə cəmi 409 ədəd elektrik avtomobili olduğu halda bu rəqəm 2024-cü ilin sonunda 6000 ədədə yaxınlaşıb.  Bəzi ölkələrin təcrübəsinə baxıldıqda məsələn, Norveçdə 2022-ci ilədək yeni satışlar arasında elektrik avtomobillərinin payı 80%-i ötüb ki, bu da vergi güzəştləri və elektrik nəqliyyat vasitələrinin alınması üçün subsidiyalar da daxil olmaqla hökumətin stimullaşdırıcı tədbirləri sayəsində mümkün olub. Bu nümunə nəqliyyatın elektrikləşdirilməsinin dəstəklənməsi siyasətinin karbon emissiyalarını və mədən yanacaqlardan asılılığı azalda biləcəyini göstərir.

 

Bu istiqamətdə 28 Yanvar 2025-ci il tarixində  ölkə Prezidentinin Nəqliyyatın inkişafı ilə bağlı keçirdiyi müşavirədə qarşıya qoyulan məqsədlərin və nəqliyyat infrastrükturunun yaxşılaşdırılması istiqamətində mühüm töhfə verə bilər. Bakı şəhərində olan davamlı tıxacların ətraf mühitə təsiri kifayət qədər artıbdır. Mühərrikin həcmi 1,6 sm3 olan orta avtomobil normal sürətdə hər 100 km məsafə üçün 7 litr benzin işlədirsə, tıxaclar zamanı yanacaq istehlakı bəzən 2 dəfəyə qıfər arta bilir. Buda öz növbəsində yanacaq istehlaknını və CO2 və digər zəhərli qaz emissiyalarının artmasına səbəb olur. Müşavirədə qəbul edilən qərarların həyata keçirilməsi bu sektorda tullantının həcmini əhəmiyyətli şəkildə azalda bilər.

 

Sənaye sektorunda emissiyaların azaldılması üçün 2024-cü ildə Çində günəş panelləri və akkumulyatorların istehsalında əhəmiyyətli artım müşahidə olunub və bu, ölkəni bu sahələrdə qlobal liderə çevirib. Bu səylər sayəsində Çin 2023-cü ilədək karbon emissiyalarının intensivliyini 2005-ci illə müqayisədə 48% azaldıb və Paris Sazişi çərçivəsində qarşıya qoyduğu hədəfləri üstələyib.

 

Kənd təsərrüfatı və torpaqdan istifadə də aparılan islahatlar bir çox ölkələrdə məsələn, Braziliyada Amazon meşələrinin qırılmasının azaldılmasına nail olub ki, bu da istilik effekti yaradan qazların emissiyalarının azaldılmasına və biomüxtəlifliyin qorunmasına kömək edib. Azərbaycanın kənd təsərrüfatında çağırışların mürəkkəbliyinə baxmayaraq, deqradasiyaya uğramış torpaqların bərpası və kənd təsərrüfatı istehsalı üsullarının təkmilləşdirilməsi istiqamətində çox işlər görülməlidir.

 

Bu nümunələr göstərir ki, enerji keçidində qlobal addımlar iqtisadiyyatın bütün əsas sektorlarını əhatə edir və bir çox ölkələr artıq ciddi nəticələr əldə edib. COP-29 çərçivəsində təsbit olunmuş beynəlxalq öhdəliklər bu nailiyyətlərə əhəmiyyətli təsir göstərir və Azərbaycan bu istiqamətdə daha iddialı addımlar atmağa sövq edir. 

 

Keçid zamanı nəzərə alınmalı məsələlər

Enerji keçidində əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bir çox ölkələr qarşıya qoyulmuş məqsədlərə çatmaq yolunda bir sıra problemlərlə üzləşir. Bu çağırışlar müxtəlifdir, iqtisadi, texniki, həm sosial, həm də siyasi amillərlə bağlıdır. Azərbaycanın bu istiqamətdə əsas problemləri iqtisadi, texniki və iqtisadi amillərlə bağlı ola biləcəyini düşünürük. Burada neft, qaz hasilaının azalmasıda müəyyən qədər bu sektorun inkişafını zəruri edir. İqtisadi çətinliklər dayanıqlı enerji gələcəyi üçün əsas maneələr sırasındadır. Hindistan və Cənubi Afrika Respublikası kimi inkişaf etməkdə olan ölkələrdə enerji keçidi infrastruktur və texnologiyaya əhəmiyyətli investisiyalar tələb edir ki, bu da bir çox hallarda beynəlxalq yardım olmadan mümkün olmur. Bərpa olunan enerjinin yüksək qiyməti və elektrik şəbəkələrinin modernləşdirilməsi zərurəti bu ölkələrin büdcələri üzərində maliyyə yükü yaradır, onların daha təmiz enerji mənbələrinə keçidini ləngidir.

 

Siyasi maneələr çox ölkələrdə tərəqqini ləngidir.  Azərbaycanda bu istiqamətdə dayanıqlı yaşıl istiqamət müəyyən olunduğundan ümid edilir ki, nəzərdə tutulan bütün layihələr həyata keçiriləcək və ölkəmiz neft yanacaqlarından başqa bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını artırmaqla qlobal bazarda əhəmiyyətli yerə malik olacaq. 

 

Siyasi, iqtisadi, sosial və texniki çətinliklərə baxmayaraq enerji saxlama və “ağıllı” şəbəkələr kimi yeni texnologiyaların tətbiqi vaxt və xeyli səy tələb edir. Bəzi ölkələr bu texnologiyaların tez və effektiv tətbiqi üçün ixtisaslı mütəxəssislərin və lazımi təcrübənin çatışmazlığı ilə üzləşir.

 

Mürəkkəb və çoxşaxəli proses olan enerji keçidi dünya ölkələrindən qəti və razılaşdırılmış fəaliyyət tələb edir. Dövlətlərin üzləşdiyi çoxsaylı çağırışlara baxmayaraq, uğurlu strategiya və siyasət nümunələri dayanıqlı gələcəyin mümkün olduğunu göstərir. İqtisadi, sosial, siyasi və texnoloji maneələrin yaratdığı problemlərin həlli daha güclü beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi və qlobal ictimaiyyətin dəstəyini tələb edir. Enerji keçidi təkcə iqlim dəyişməsi ilə mübarizə deyil, həm də gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və ədalətli dünya qurmaq imkanıdır.

 

Bərpa olunan enerji və istilik texnologiyalarının yüksək nüfuzuna nail olmaq iqtisadiyyatın bir çox karbon tutumlu sektorlarını, o cümlədən ağır sənaye, tikinti və nəqliyyatı dekarbondan təmizləmək üçün zəruri şərtdir. Bərpa olunan hidrogendən istifadənin genişləndirilməsi, binalarda emissiyasız isitmə və elektrik nəqliyyat vasitələri bütün bərpa olunan enerji texnologiyalarının istifadəsini birləşdirən kompleks yanaşma tələb edir. Dövlət siyasəti bütün iqtisadiyyatın karbonsuzlaşdırılması üçün uzunmüddətli planların həyata keçirilməsinə diqqət yetirməli və bütün iqtisadi sektorların tələblərini əks etdirən stimulları həyata keçirməlidir.  

 

Dünyada son zamanlar bərpa olunan enerji mənbələrinin mərkəzləşdirilmiş rəqabətli satınalınması üzrə hərraclar getdikcə daha geniş yayılmışdır və bir çox ölkələrdə bərpa olunan enerji qiymətlərinin aşkar edilməsində və siyasət xərclərinin, xüsusən də günəş PV və külək üçün nəzərdə tutulmasında mühüm rol oynamışdır. Yerləşdirmə və inkişaf məqsədlərinə nail olmaqda bu cür siyasətlərin uğuru onların dizaynından, nəticədə investisiya və rəqabəti cəlb etmək qabiliyyətindən asılıdır. 

 

Bəzi bərpa olunan texnologiyalar hələ də nisbətən bahalıdır və yaxud xüsusi texnologiya və bazar problemləri ilə üzləşir, ona görə də onlar daha çox hədəflənmiş siyasət tələb edir. Anbarın bazar dəyərinin daha yaxşı ödənilməsi, nasoslu su anbarı və anbar hidroenergetika texnologiyalarının tətbiqini sürətləndirmək üçün lazımdır. Dənizdə quraşdırılan KES-lərin iqtisadi xərclərin daha da azaldılmasına nail olmaq üçün şəbəkəyə vaxtında qoşulma və rəqabətə təkan verən siyasətlərin davam etdirilməsi lazımdır. 

 

Uzun və mürəkkəb icazə prosesləri, mürəkkəb tələblər, məsuliyyətin çoxsaylı dövlət qurumları arasında bölüşdürülməsi və kadr çatışmazlığı səbəbindən bərpa olunan enerji layihələrinin inkişafı on ilə qədər vaxt apara bilər. “Bir pəncərə” mərkəzlərinin yaradılması, tərtibatçılar üçün aydın təlimatların təmin edilməsi və saytların müəyyənləşdirilməsində dövlət qurumlarının dəstəyinin artırılması icazə verilməsində yaranan maneələri aradan qaldırmaq üçün siyasətçilər tərəfindən nəzərə alınmalıdır.

 

Tövsiyələr

  • Azərbaycanda bərpa olunan enerjiyə keçidlə bağlı dövlətin siyasəti və qanunvericilik bazası müəyyən olunmuşdur, lakin hələlik bu sektorda fərdi sahibkarların marağı hələlik hiss olunmur. Bu istiqamətdə bir sıra vergi güzəştlərinin və ya satış üçün dövlətin dəstəyi bu sektorda canlanma yarada bilər. Eyni zamanda istehsal olunan enerjinin həm daxili həmdə xarici bazarda satışı üçün müəyyən addımların atılmasına ehtiyac var;

  • Fərdi evlərdə kiçik gücə malik (3-5 kVt) günəş panellərinin evlərin damında quraşdırılması geniş əhali üçün baha başa gəldiyindən (10-15 min manat) bu sahəyə maraq yüksək deyil. Nəzərə alınsa ki, günəş PV-lərin quraşdırılması nəticəsində ancaq gündüz saatlarında enerji istehsal olunduğundan gecə vaxtlarında yenidən şəbəkədən istifadə zərurəti olduğundan əhali və sahibkar üçün maraq kəsb etmir və bu sahədə dövlətin investisiya dəstəyi və ya subsidiyalar daha effektiv ola bilər. İş saatı gündüz vaxtında olduğundan ilkin olaraq təhsil müəssisələrində və idarələrdə günəş PV-lərdən istifadə effektiv ola bilər;

  • Elektrik avtomobilərinin və şarj avadanlıqlarının idxalı zamanı tətbiq edilən güzəştlər bazarı stimullaşdırsada satış həcminin artımına əsaslı təsir göstərməmişdir. Buna əsas səbəblərdən biri bu növ avtomobillərin bahalığı, əhalidə tam inamın olmaması və şarj yerlərinin azlığıdır. Ölkə üzrə ekspress və magistral yollarda elektrik şarj şəbəkəsinin və enerji infrastrukturunun sayının az olması əsas problemdir.  Yaşayış yerlərində mənzil-tikinti məhəllələri, inzibati binalar və yeni tikilmiş binaların sahələrində şarj infrastrukturunun inkişafı üçün böyük potensial mövcuddur.  Bu növ avtomobillərin satışının artırılması üçün alıcılar üçün müəyyən güzəştlərin və subsidiyaların tətbiq edilməsi bazarı dahada stimullaşdıra bilər;

  • Suyun istehlakçılara çatdırılması zamanı baş verən itkilərin (45-50%-ə yaxın) azaldılması üçün boru xətlərində, kanallarda və nasos stansiyalarında daha effektiv tədbirlər görməklə itkilər əhəmiyyətli azaldılmalı,  yaşıllıq sahələrinin suvarılması üçün və bir çox yerlərdə (avtomobil yuyulması) texniki sulardan istifadə suya daha çox qənaət etmiş olarıq;

  • Araşdırmadan və beynəlxalq hesabatlardan göründüyü kimi su ehtiyatlarının azalması gözlənildiyindən kənd təsərrüfatında suvarmanın daha qənaətcil metodlarını (damcılı çiləmə, bitkinin kökünə suyun daha çox çatması və s) tətbiq edilməsi və əhalinin bütün kateqoriyaları üçün əlçatan olması təmin olunsa effektiv nəticələrə və məhsuldarlığın artmasına səbəb ola bilər;

  • Kür çayının sərbəst axının Neftçala rayonun Bankə qəsəbəsinə təmin olunması 87 min əhalisi olan Neftçala rayonun suya olan tələbatını və çayda balıqçılığın artmasına əsaslı təsir edə bilər; 

  • Emissiyaların azaldılmasında əsaslı tədbirlərdən biri olan və ümumi ərazimizin 11,8%-ni(uzun müddətdir ki, bu rəqəmdə dəyişiklik olmayıb) əhatə edən yaşıllıq sahələrinin artırılması üçün daha geniş tədbirlərin görülməsi effektiv olmaqla emissiya həcmini əsaslı azalda bilər;

  • Bakı şəhərində nəqliyyat sıxlığını azaltmaq üçün müəyyən tədbirlər həyata keçirilməsi, yol infrastrükturunun təkmilləşdirilməsi, şəhər dəmir yolunun və elektromobillərin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı şəhərinin avtomobil tıxaclarının azalmasına, yanacağa qənaətə xüsusi töhfə verməklə  CO2 emissiyaların azalmasın və hava mühitinin təmizlənməsinə səbəb ola bilər.

 

İstinadlar


 

Kimya elimləri üzrə fəlsəfə doktoru 

Sadiq Həsənov