Azərbaycanda qadın sahibkarlığın mövcud vəziyyətinə dair Analitik İcmal
Giriş
Biznes fəaliyyəti kifayət qədər mürəkkəbdir və zəruri bilik-bacarıq, eləcə də təşəbbüskarlıqla yanaşı strateji vizion da tələb edir. Əgər bu fəaliyyətlə qadınlar məşğul olursa, böyümək və biznes sektorunda tanınmaq üçün kişi sahibkarlarla müqayisədə onlardan daha böyük səy tələb olunur. Ən azından biznez fəaliyyətinin başlanğıcında və böyümə mərhələsində bu tendensiya müşahidə edilir və bu problem dünyanın ən müxtəlif ölkələri üçün xarakterikdir.
İnternetdə sürətli axtarışla fərqli ölkələrdə qadın sahibkarlığın inkişafına əngəl olan spesifik problemlərlə bağlı kifayət qədər əldə etmək mümkündür. Məsələn, bu yaxınlarda Hindistanda biznes sektorundakı qadınıarın üzləşdiyi 15 ən mühüm problemin siyahısı təqdim edilib.[1] Hazırlanan sənəddə qeyd edilir ki, bu ölkədə bütün biznes subyektkərinin cəmi 20%-ni qadınlar təşkil edir.
Ölkədə qadın sahibkarların ən çox üzləşdiyi ən mühüm problemlərdən biri kimi sosial və institusional-hüquqi dəstəyin olmaması göstərilir. Sosial dəstək dedikdə qadınların ailə və dost-tanışdan, eləcə də onları əhatə edən mühitdən əldə edə biləcəkləri ən müxtəlif dəstək formaları nəzərdə tutulur. Biznes assosiasiyalarının mentorluq dəstəyi də sosial dəstəyin əhatə dairəsinə daxildir.
İnstitusional-hüquqi dəstək dedikdə sahibkarlığın inkişafına məsul qurumların biznes bacarıqların və hüquqi biliyin artırılması üçün dedikdə müxtəlif proqramlarda iştirakçılıq nəzərdə tutulur.
Başqa bir mühüm problem kimi qadınların ailə məsuliyyətinin daha çox hissəsinin onların üzərində olması qeyd edilir. Qadınlar iş və ailə həyatlarını idarə etmək üçün daim təzyiq altında olurlar. İşgüzar fəaliyyətlə və ev işləri arasında tarazlığı qorumaq qadın sahibkarları daha da stressə salır. Ailə işləri, xüsusən uşaqların qayğısı işlə müqayisədə daha çox vaxt tələb etdikdə, qadınları biznesə vaxt ayırmağa çətinlik çəkirlər.
Digər mühüm problemlər kimi maliyyəyə çıxışın məhdudluğu, ümümi sahibkarlıq mühitindəki manelər, təhsil səviyyəsinin aşağı olması, risk götürməyə daha ehtiyatlı yanaşmaları və s. qeyd edilib.
Qadın sahibkarlığın inkişafı ilə tədqiqatlar aparan fərqli ekspertlərin ortaq qənaəti budur ki, bütün sahələrdə kişilərin dominant mövqeyə sahib olduğu bir şəraitdə uğura qazanmaq üçün kişi həmkarlarına nisbətən qadınların üzləşdiyi maneələr çox ola bilər. Lakin onlar bilik, bacarıq və qabiliyyət baxımından heç də geri qalmırlar. Son onilliklərdə qadın sahibkarların sayının sürətlə artması həm bu qənaəti təsdiqləyir, həm də manelərin aşılmaz olmadığını göstərir.
Azərbaycanda qadın sahibkarlığın inkişaf vəziyyətini qiymətləndirmək üçün informasiya və göstəricilər son dərəcə məhduddur. Məsələn, rəsmi statistika fəaliyyətdə olan bütün sahibkarlıq subyektlərinin hansı hissəsinin qadınlardan ibarət olması barədə məlumat vermir. Yalnız fərdi sahibkarların cins bölgüsü açıqlanır. Halbuki Azərbaycanda fərdi sahibkarların ümimi iqtisadi göstəricilərdə (milli gəlirin formalaşmasında, vergi yığımlarında, məşğulluqda) payı çox kiçikdir. Bu baxımdan hüquqi şəxs kimi fəaliyyətdə olan biznes subyektlərində, kiçik, orta və iri sahibkarlıqda qadınların xüsusi çəkisi daha mühüm göstərici olduğu halda, bu barədə heç bir məlumat açıqlanmır. Yaxud büdcə vəsaitləri hesabına güzəştli kreditləşmədə qadın sahiblarlığa ayrılan hissə barədə hesabat verilsə də, kommersiya banklarının ayırdığı kreditlər üzrə həmin göstərici qapalı saxlanır. Nəhayət, Azərbaycanda qadın sahibarlığın inkişafı ilə bağlı rəsmi səviyyədə hazırlanmış strateji yanaşma mövcud deyil. Bu sahədə mövcud vəziyyəti araşdıran, probmlərdən çıxış yolları təklif edən müstəqil araşdırmalar demək olar ki, yoxdur. Bu baxımdan təqdim edilən analitik material real vəziyyəti görməyə yardımçı ola bilər.
1. Azərbaycanda qadın sahibkarlığın mövcud vəziyyəti: rəsmi statistik göstəricilər və hesabatlar
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına[2] görə, 2024-cü ilin yekunlarına görə, fərdi sahibkar kimi qeydiyyatda olan biznes subyeklərinin 22,7%-i və ya 300 min nəfəri qadınlar olub. DSK-nın məlumatına görə, qeydiyyata alınmış fərdi sahibkarlıq subyektlərinin ümumi sayı 1 milyon vahiddən bir qədər çoxdur. Lakin ən vacib olan göstərici barədə informasiya açıqlanmır: söhbət aktiv vergi ödəyicilərinin sayından gedir. Aktiv vergi ödəyiciləri fəaliyyətini dondurmamış, real fəaliyyəti (dövriyyəsi və vergi ödəmələri) olan biznes subyektləridir. Dövlət Vergi Xidmətinin ən son məlumatına[3] görə, aktiv vergi ödəyicilərinin sayı 795 min vahidə yaxndır ki, bu da faktiki qeydiyyatda olan 1,4 milyon vahidə yaxın qeydiyyada olan biznes subyektlərinin az qala yarısı deməkdir. Başqa sözlə, qeydiyyata alınmış bütün subyetlərin təxminən hər 2-dən biri real fəaliyyəti olan vergi ödəyiciləridir. Bu baxımdan 300 min qeydiyyatda olan qadın biznes subyektlərinin sayı ilk baxışdan çox görünsə də, real fəaliyyəti olanların ondan kifayət qədər az olduğunu rəsmi məlumatlar da təsdiqləyir.
Statistikadan o da aydın olur ki, fərdi sahibkar kimi qeydiyyatda olan bütün qadınların az qala üçdə ikisi 2 sahəyə - 41,3%-i kənd təsərrüfatı, 17,7%-i isə ticarət sektoruna aiddir. Bu göstərici turizm sahəsində 2,7%, emal sənayesində 1,9%, tikintidə isə 0,3% təşkil edir. Qeydiyyatda olan qadın biznes subyektlərinin 14,5%-i “digər sahələrdə xidmətlərin göstərilməsi” kimi təsnif edilib.
Regionlar üzrə baxdıqda, qeydiyyata alınmış sahibkarlıq subyektlərində qadınların payının ən yüksək olduğu ərazilər Bakı şəhəri (28,6%), Lənkəran-Astara (10,1%), Qazax-Tovuz (9,6%), ən aşağı olduğu ərazilər isə Dağlıq Şirvan (2,2%), Mil-Muğan (3,6%) və Naxçıvan (4%) bölgələri olub.[4]
Azərbaycanda qadın sahibkarlığın inkişafı, bu sahədə görülən işlərlə bağlı çox da geniş olmayan məlumatları əsasən Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentiliyinin (KOBİA) saytı vasitəsilə əldə etmək olur. Qurumun ən son hesabatına[5] görə, 2022-ci ildən başlayaraq Agentliyin təşkilatçılığı və “Rabitəbank”ın dəstəyi ilə “Biznesdə qadın gücü” layihəsi həyata keçirilir. 2022-2023-cü illərdə layihədə iştirak üçün 134 qadın müraciət edib və onların arasından müvafiq meyarlara uyğun gələn 23 nəfər seçilib. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən həmin qadın biznes subyektlərinə layihə müddətində işgüzar biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, məsləhət xidməti və mentor dəstəyi göstərilib, dövlət qurumlarının nümayəndələri ilə görüşləri və təcrübə səfərləri təşkil olunub. Layihə yekunu olaraq seçilmiş 3 qadına bizneslərini inkişaf etdirmək üçün mükafat şəklində əvəzsiz maliyyə dəstəyi verilib (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat, 3-cü yer 2000 manat).
KOBİA bildirir ki, onun əsas fəaliyyət istiqamətlərindən biri qadın sahibkarlığın inkişafının, həmçinin şəbəkələşmənin təşviq edilməsidir. Hesabatdan aydın olur ki, qurumun bu istiqamətdə fəaliyyəti ağırlıqlı olaraq bilik və bacarıqlarn arttırılması üçün biznes təlimlərin təşkili, problemlərlə bağlı müzakirlərin keçirilməsidir. Lakin təşkilatın saytında “Qadın sahibkarlıığın inkişafı” adlı bölmədə yayılan ən sonuncu məlumatlar 3 il əvvələ (2022-ci il) aiddir. Qurumun "Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirdiyi ən son ictimai dinləmə də məhz həmin dövrə təsadüf edir.[6]
Azərbaycanda qadın sahibkarların yaratdığı ayırca assosiaya da fəaliyyət göstərir. Lakin təşkilatın saytında təqdim olunan ən son hesabat[7] 2021-ci ilə aid olduğu üçün son 3-4 ildə assosiayanın qadın biznesinin inkişafı sahəsində hansı real fəaliyyətlərinin olması barədə məlumat əldə etmək mümkün deyil.
Sahibkarlığın İnkişafı Fondu hər il açıqladığı hesabatlarda güzəştli kreditləşmə çərçivəsində qadınlara ayrılan maliyyə vəsaitinin həcmi barədə məlumatlar təqdim edir. Ən son açıqlanan 2023-cü il üzrə hesabatından[8] aydın olur ki, hesabat ilində ayrılan 193,8 milyon manatlıq güzəştli kreditin 8,5%-i və ya 16,4 milyon manatı qadın sahibkara ayrılıb. Krediti alan subyektlərin sayı isə 290 nəfər olub.
Nəhayət, hökumətin hazırda icra mərhələsində olan ən mühüm strateji sənədində - “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda[9] qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılması və iqtisadi fəallığın artırılması əsas hədəflərdən biri kimi müəyyən edilsə də, sənəddə qadın sahibkarlığın inkişafı etdirilməsi üçün hər hansı təşəbbüs yoxdur. Əsas tədbirlər kimi yüksək əməkhaqqı olan iqtisadi sahələrdə qadınların məşğulluğunun təşviq olunması, onların uğurlu fəaliyyəti üçün peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirləri genişləndirilməsi, qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbətinin 80%-ə çadırılması (baza ilində 65,8%) nəzərdə tutulub.
2. Qadın sahibkarlığı dəstəklənməsi və bu sahədə ictimai məlumatlandırma ilə bağlı bəzi təcrübələr
Dünya Bankı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq çərçivəsində davamlı olaraq dünyanın 115 ölkəsində biznes fəaliyyətilə bağlı araşdırmalar aparan “Sahibkarlığın Qlobal Montiorinqi”[10] təşkilatının 2024-cü il üzrə hesabatına[11] görə, il ərzində tədqiqat obyekti kimi seçilmiş 51 ölkənin yam yarısında qadınların maliyyəyə çıxışı yetərli səviyyədə olmayıb. Öz növbəsində, bu ökələrin təxminən dörddə birində yeni yaradılan sahibkarlıq subyektlərinin sayına görə kişilər qadınlardan xeyli öndə olub. Araşdırmanın nəticəsinə görə, yüksək və orta gəlirli ölkələrdə qadın sahibkarlar kişilərlə müqayisədə dayanıqlılığı mənfəətdən daha üstün tuturlar və fəaliyyətləri barədə daha hesabatlıdırlar. Son illər müşahidə olunan meyllərdən biri də budur ki, bəzi ölkələrdə artıq yeni yaranan biznes subyektləri arasında qadınlar üstünlük təşkil etməyə başlayıb. Məsələn, 2024-cü ildə tədqiqat obyekti olan 3 ölkədə - Tailand, Meksika və Birləşmiş Ərəb Əmirliyində bu fakt qeydə alınıb. Bəzi ölkələrdə (Polşa, Avstria, Qətər, İspaniya və s.) isə bu fərq həddən artıq kiçikdir (maksimum 3-5%).
Tədqiqatda 51 ölkəni təmsil edən ekspertlərin qiymətləndirmələri əsasında qadınların sahibkarlıq fəaıiyyəti ilə məşğul olması üçün zəruri resurslara əlçatanlıq səviyyəsi müqayisəli şəkildə təqdim olunub. 10 ballıq şkala əsasında qiymətləndirməyə görə ən yaxşı vəziyyətin qeydə alındığı ölkələr Tayvan, ABŞ, İsveçrə, İsrail, Birləşmiş Ərəb Əmirliyi, Yaponiya və Litva (7-8 bal), ən aşağı göstəricilərin qeydə alındığı ölkələr isə Bosniya-Hersoqovina, Polşa və Rumıniya (3,5-4 bal) olub.
“Sahibkarlığın Qlobal Montiorinqi” təşkilatı 2023-cü ildə 30 ölkəda apardığı monitorinq əsasında ayrıca “Qadın Sahibkarlığı Hesabatı”[12] hazırlayıb. Qeyd olunan ölkələrə Cənubi Koreya, ABŞ, Fransa, Niderland, Norveş, İsveç, Böyük Britaniya kimi yüksək, Estoniya, Latviya, Rumıniya və Polşa kimi orta, Hindistan, Çin və İran kimi daha aşağı gəlirli ölkələr olub. Hesabata görə, 2023-cü ildə tədqiqat obyekti seçilmiş 30 ölkə üzrə qadındanların 10, kişilərin isə 13%-i yeni biznes qurmağa nail olub. Son 20 ildə bu ökələr üzrə qadınların biznesə başlama əmsalı 6,1%-dən 10,4%-ə yüksəlib. Amma Fransa və Niderland kimi ökələrdə həmin göstəricinin səviyyəsi daha yüksək templə artım və artım göstəricisi 2 dəfədən çox olub.
Tədqiqatın nəticələrinə görə, ən yüksək artım göstərən biznes subyektlərinin üçdə biri, yüksək ixrac fəaliyyətləri seçilən subyektlərin isə beşdə biri qadın sahibkarlara aid olub. Araşdırmada istifadə olunan başqa bir mühüm bir indikator biznesi tərk etmə əmsalıdır. Əldə olunan nəticələrə görə, monitorinqin əhatə etidiyi 30 ölkə üzrə biznes fəaliyyətini dayandıran qadınların sayı kişilərlə müqayisədə 21% az olub. Tədqiqat müəllifləri bu faktı qadınlar daha dayanıqlı biznes yaratması ilə əlaqələndiriblər. Eyni zamanada, araşdırma müəllifləri qadınların biznesi tərk etmə səbəblərini də araşdırıblar. Əsas səbəb zərərlə işləmək olub və ölkələrin gəlir səviyyəsindən asılı olaraq bu səbəbdən bağlanan qadın biznesinin ümimi ləğv olunan biznesdə payı 30-40% aralığında dəyişib. Digər səbəblər sərasında ailə və şəxsi problemlərdən qaynaqlanan amillər, maliyyə çətinlikləri, vergi və digər bürokaratik tənzimləmlər də yer alıb.
İstifadə edilmiş digər bir indikator biznesin ölçüsüdür. Yüksək gəlirli ölkələrdə qadın sahibkarların təxminən 6%-i 20 və daha çox işçisi olan biznesə sahib olublar, halbuki bu ölkələrdə kişilər üzrə eyni göstərici 10%-ə yaxın olub. Eyni ölkə qrupunda qadınların 20%-dən çoxu, kişiərin isə təxminən 15%-i təkbaşına fəaliyyət göstərən fərdi sahibkarlar olub. Aşağı gəlirli ölkələrdə vəziyyət daha fərqlidir: qadın sahibkarların 40%-i fərdi sahibkarlar (kişilər 25%), təxminən 2-3%-i 20 və daha çox işçisi olan biznesə sahib olanlardır (kişilər üzrə bu göstərici təxminən 5%).
Tədqiqatın nəticələrinə görə, biznesə başlayan qadınların 45%-nin yaşı 18-35, 44%-nin yaşı isə 35-54 intervalında olub. Təhsil səviyyəsinə baxdıqda, orta hesabla 50%-dən yüksək hissəni ali təhsil almış qadınlar təşkil edib.
Avropa Birliyi ölklərində bütün sahibkarların 28%-ni, OECD ölkələri üzrə 25%-ni qadınlar təşkil edib.
Qadın sahibkarlığa dövlət dəstəyi və bu sahədə ictimai məlumatlandırma ilə bağlı Türkiyənin öyrənilməli təcrübəsi var. İctimai məlumatlandırma, eləcə də qadın sahibkarların maarifləndirməsi üçün hökumət ayrıca internet saytı (https://kadingirisimci.gov.tr/) istifadəyə verib. Bu resursda həm qadın sahibkarlığa bağlı geniş statistika açıqlanır, həm sahibkarlıqla məşğul olan və biznesə başlamaq istəyən qadınlar üçün zəruri məsləhətlər, dövlət təşviqi mexanizmləri, eləcə də zəruri hüquqi sənədlərlə bağlı məlumatlar, uğur hekayələri tərqim edilir. “Məlumat mərkəzi” bölməsində qadın sahibkarları maraqlandıran suallar cavablandırılır, onlar üçün faydalı ola biləcək internet resurslarının linkləri yerləşdirilir.
2023-cü ilin yeknlarına görə, Türkiyədə bütün sahibkarlıq subyektlərinin 17,4%-i qadınlar olub[13]. Öz növbəsində, işəgötürən statusunda olan sahibkarların 12%-ni fərdi sahibkarların isə 19%-ni qadınlar təşkil edib.
Türkiyədə qanunverici orqan qadın sahibkarlığın inkişafı sahəsində həm hüquqi, həm də praktiki problemləri daima diqqətdə saxlayır, bu istiqamətdə geniş müzakirələr təşkil edir və hesabatlar hazıralayaraq ictimailəşdirir. Ən son hazırlanan hesabatda[14] qadın sahibkarların üzləşdiyi bir sıra spesifik problemlərə diqqət yetirilib. Həmin problemlər sırasında resurs çatışmazlığı, qadınların hələ də biznes qurmaq üçün əhatə olunduqları mühitdən yetərli dəstək görməməsi, təcrübə çatışmazlığı, bazardakı qeyri-sabitliyə daha həssas olmaları, yüksək inflasiya və təchizatdakı bahalıq və s. mühüm problemlər kimi qeyd olunub. Araşdırmada qadın və kişi sahibkarlar arasında müaşhidə edilən spesifik fərqlərə də diqqət yetirilib. Məsələn, kişilərlə müqayisədə qadın sahibkarlar daha çətin qərar verir, maliyyə risklərindən çəkinir, təhlükə ilə üzləşdiklərində daha emosional və həyacanlı olurlar, borclanma məsələsinə daha həssas və ehtiyatlə yanaşırlar, sosial dəstəyə daha çox ehtiyac duyurlar.
Türkiyədə kiçik və orta sahibkarlığın inkişafına məsul hökumət qurumu (KOSGEB) 2009-cu ildən etibarən sahibkarları bilik və bacarıqlarını artırmaq üçün xüsusi tədris-təlim proqramı icra edir. 2019-cu ildən isə “E-Akademi” qurularaq bu xidmətlər onlayn qaydada təqdim edilməyə başlandı. Hazırkı dövrə qədər qeyd olunan təlimlərdə iştirak edənlərin 47%-i qadın sahibkarlar olub.
Hazırda Türkiyədə hökumət resursları hesabına qadın sahibkarlara bir neçə dəstək forması mövcuddur. Məsələn, zəruri sertifikatların əldə olunması, maşın və avadanlıqların alınması üçün zəruri maliyyə yardımları ayrıları. Eyni zamanda, orta-yüksək və yüksək texnoloji məhsulların istehsalı ilə məşğul olan qadınlar üçün xüsusi dəstək proqramları mövcuddur.
KOSGEB və “Halk Bank” arasında bağlanmış sazişə əsasən, qadın sahibkarlarn götürdükləri kreditin 3 faizlik hissəsi hökumət resursları hesabına qarşılanır (məsələn, 13 faizlər götürülən kreditin 10%-ni sahibkar ödəmiş olur). Bütvövlükdə isə son illər KOSGEB çərçivəsində verilən güzəştli kreditlərin orta hesabla 40%-i qadın sahhibkaralara verilib.
Türkiyə hökumətinin “Qadının gücləndirilməsinə dair Startegiya və Tədbirlər Planı” adlı sənədində[15] qadın sahibkarlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Sənəddə əks etdirilən əsas tədbirlər kimi bunları qeyd etmək mümkündür: kənd yerlərində qadınların sahibkarlıq və texnologiya savadlılığının artırılması və bu məqsədlə qadınları texnoloji səriştə və bacarıqlarla təmin etmək üçün nümunəvi layihələrin dəstəklənməsi, bütün ölkə boyu qadın sahibkarların və biznesə başlamaq istəyən qadınların maliyyə və rəqəmsal savadlılığının yüksəldilməsi, texnloji cəhətdən daha yüksək mürəkkəbliyə malik məhsul istehsalına təşəbbüs göstərən qadın iş adamlarının potensialını üzə çıxarmağa kömək etmək üçün onlara təlim proqramlarının təşkili bura daxildir.
Azərbaycan üçün həm iqtisadiyyatın strukturu, həm də coğrafi baxımdan çox yaxın ölkələrdən biri kimi Qazaxıstanda qadın sahibkarlığın inkişaf səviyyəsi də xüsusi maraq doğurur. Ən son rəsmi məlumata[16] görə, təxminən bütün iş adamlarının 45%-ni qadın sahibkarlar təşkil edir və bu əksər dünya ölkələrilə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bütün fərdi sahibkarlıq subyelktlərinin isə 54%-i qadınlardır.
Hökumətin qadın sahibkarlara müxtəlif dəstək mexanizmləri mövcuddur. Məsələn, son illərdə qadın iş adamlarının götürdüyü 6000 min kreditin faizi subsidiyalaşdırılıb, 4000 kredit layihəsinə isə hökumət zəmanəti verilib. Mövcud hüquqi aktlara görə, qadınların götürdüyü kreditlər üzrə ümumi fazilərin 7-8%-ə ekvivalent hissəsini hökumət subsidiyalaşdırır. Kreditlər üzrə zəmanətlərə gəldikdə, ayrı-ayrı borc müqavilələri üzrə bu ümumi məbləğin 80-85%-nə təşkil edir.
Hökumət güzəştli kredit fondu vasitəsilə qadınların bilik və bacarıqlarını artırmaq üçün davamlı olaraq təlimlər təşkil edir və təlimlərin sonunda apardığı qiymətlənidrmələrı uyğun olaraq qadın sahibkarlara maliyyə dəstəyi verir. Məsələn, 2022-ci ildə 80 min sahibkar qadın müvafiq təlimlərdə iştirak edib və onlardan təxminən 15%-i qrant dəstəyi, 58%-i isə fəaliyyətlərinə istifadə üçün zəruri texniki-texnoloji dəstək alıblar. Son bir neçə ildə hökumət 185 minə yaxın sahibkarlıq layihəsinə 6 milyard dollara yaxın dəstəyi olub ki, bundan 20%-dən bir qədər çoxu qadın sahibkarlara çatıb.
Region ölkələrindən Gürcüstanda da qadın sahibkarlığın inkişafı ilə bağlı real vəziyyət və bu sahədə təşəbbüslər Azərbaycan üçün maraqlıdır. Beynəlxalq Əmək Təşkilatının dəstəyilə 2023-cü ildə hazırlanmış “Gürcüstanda qadın sahibkarlığına dair Milli Qiymətləndirmə Hesabatı”na[17] əsasən, aktiv biznes subyektlərinin 33%-i qadınlardır. Bütün qadın sahibkarların 59%-i ticarət sektorunda çalışır. Ölkə üzrə cəmi aktiv biznes subyektlərinin sayı 195 minə yaxındır ki, bundan təxminən 60 mini qadın sahibkarlardır. Fərdi sahibkarların 46%-ni qadınlar təşkil edir. İri biznes subyektlərində qadınların payı 11% təşkil etdiyi halda kiçik ölçülü biznesdə bu göstərici 35%-ə yaxındır.
Monitorinqlər göstərir ki, Gürcüstanda son illər kiçik və orta biznesə maliyyə dəstəyi əhəmiyyətli dərəcədə genişlənsə də, qadınların maliyyəyə çıxışında problemlər qalır. Təqdim olunan hesabata görə, 2022-ci ildə qadın sahibkarların 24%-i kredit əldə edə bilib. Qadın iş adamları arasında keçirilən sorğunun nəticələrinə görə, qadınların maliyyə imkanlarının məhdudluğu daha çox bank-maliyyə institutlarının davranışları ilə bağlıdır. Bu qurumlar qadın biznesmenləri kişilərlə müqayisədə daha riskli qiymətləndirirlər.
Araşdırma çərçivəsində qadınlar arasında keçirilən sorğuda iştirak edən respondentlərin 74%-i bildirib ki, biznesin maliyyələşməsində ən böyük problem fazilərin yüksək olmasını, 51%-i girov tələblərinin çox sərt və əlverişsiz olduğunu bildirib.
3. Qadın sahiklarlardan götürülmüş müsahibələrin nəticələri
Təqdim olunan analitik materialın hazırlanması çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində (ticarət, istehsal, emal və xidmət) biznes fəaliyyəti ilə məşğul olan 8 nəfər qadın sahibkardan müsahibələr götürülüb. Müsahibə sualları əsasən qadın iş adamlarının üzləşdiyi bürokratik əngəllər, maliyyə resurslarına əlçatanlıqda olan probblemlər ilə bağlı olub.
Müsahiblərə ilkin olaraq qadınların biznesə başlamasına mane olan əsas əngəllərin nələrdən ibarət olması ilə bağlı sual ünvanlanıb. Verilən cavablar aşağıdakı kimi olub:
-
Maliyyə vəsaitinə çıxışın məhdud olması. Əksər banklar qadınlara biznes kredit verməyə tərəddüd edirlər. Eyni zamanda, kredit almaq prosedurları xeyli mürəkkəbdir. Resursların bahalığı və start vəziyyətdə kişilərlə müqayisədə qadınların böyük əksəriyyətində şəxsi kapitalın olmaması da maliyyə resurslarına çıxışın məhdud olmasını şərtləndirən amillər hesab edilə bilər;
-
Sosial-mədəni streotiplər. Hələ də insanlaırn xeyli hissəsində biznesin daha çox kişi fəaliyyəti olmasına dair düşüncə hakimdir. İş və ailə öhdəlikləri arasında seçim məsələsində qadınların əsasən ailə öhdəliklərinə məsul olduqlarını düşünənlər üstünlük təşkil edir. Belə vəziyyətdə biznesə qoşulmaq istəyən qadınlar üçün iş və ailə həyatını balanslaşdırmaq çətin olur.
-
Təcrübə və bilik çatışmazlığı. Biznesin idarə edilməsi, marketinq və hüquq məsələləri, malaiyyə planlaşdırılması kimi mövzularda qadınlar xeyli əziyyət çəkir. Belə proqramların sayı çox deyil. KOBİA qadın sahibkarlarla bağlı belə proqramlar icra edir. Amma sosial şəbəkələr və media vasitəsilə yetərli məlumatlandırma olmadığı üçün bəzən həmin proqramlarla bağlı hər kəs informasiya la bilmir.
-
Özünə inamın aşağı olması. Müşahidə və təcrübədə rast gəlinən real faktlar biznes qərarlarının qəbulunda qadınlarla müqayisədə kişilərdə özgüvənin daha yüksək olsuğunu göstərir.
Müsahibədə iştirak edən qadın sahibkarlar bildirib ki, biznesə başlamaq üçün maneləri bir yolla aşmaq problemin bir tərəfidir. Onlar artıq sahibkarlıq fəaliyyətinə start verildikdən sonra üzləşdikləri manelərin daha spesifik xarakterli olduğunu qeyd edirlər. Qadın iş adamları fəaliyyətləri dövründə üzləşdikləri ən mühüm manelər kimi aşağıdakıları göstərirlər:
-
Bazara çıxışda və müştəri tapılmasında çətinlik. Burda müxtəlif işgüzar şəbəkələdə olmaq çox əhəmiyyətlidir. Yeni biznesə başlayanlar iri şirkətlərlə əməkdaşlıq etmədən, onların şəbəkəsin qoşulmadan bazara çıxışda çox çətinlik çəkirlər. Eyni zamanda bu əməkdaşlıq korporativ və dövlət tenderlərdən faydalanmaq üçün də çox önəmlidir. Amma hazırkı reallıqda iri şirkətlərlə əməkdaşlıq və əlaqələrin qurulması xırda biznes, xüsusən yeni fəaliyyətə başlayan qadın iş adamları üçün heç də həmişə asan olmur;
-
Resurs və infrastruktur yetərsizliyi. Bu sahədə xüsusən icarə və logistika ilə bağlı problemlərin idarə edilməsi, zəruri xərclərin qarşılanması qadın sahibkarlar üçün ciddi problemdir;
-
Hüqüqi və bürokratik maneələr. - verginin şərtləri çox ağırdır. Xüsusən xırda və mikrosahibkarlar üçün vergi yükü yüksəkdir. Hələ əmək haqqının vergidən azadolunlamarından sonta belə maaş fondunun 25%-i qədər sahibkar sosial vergi yükünə malikdir.
-
Şəbəkələşmə və mentor dəstəyinin əksikliyi: Kişilər tərəfindən idarə olunan biznes şəbəkələrinə daxil olmaq qadınlar üçün daha çətin olur və mentor dəstəyi tapmaqda çətinlik yaşaya bilərlər.
Bəs qadın sahibkarlar bu əngəllərin həlli üçün hansı addımlarn atılmasını zəruri hesab edirlər? Müsahiblərin fikrincə, ilk növbədə qadın sahibkarlar üçün xüsusi maliyyələşmə proqramları, spesifik güzəştli kredit proqramları hazırlana, ya tam faizsiz, ya da çox aşağı faizli kreditlər verilə bilər. Sırf biznes layihələri üçün beynəlxalq donor proqramları vasitəsilə qrantların alınması prosedurunun tamamilə asanlaşdırılmasna ehtiyac var.
Öz növbəsində, sosial stereotiplərin aradan qaldırılması üçün davamlı olaraq maarifləndirmə kampaniyalarının keçirilməsi müsbət nəticələr əldə etməyə imkan verə bilər. Digər mühüm addımar kimi aşağıdakıları təklif edirlər:
-
Dövlət sifarişlərində qadın sahibkarlar üçün kvotaların nəzərdə tutulması. Korporativ sifarişlərdə də qadın sahiblarlara yer verilməsi üçün həvəsləndirmə mexanizmlərinin tətbiqi mümknüdür;
-
Qadın sahibkarlar üçün onlayn və fizik satış platformalarının yaradılması. Bu mexanizmlə bərabər qadına sahiblarların öz məhsullarını nümayiş etdirməsi üçün sərgilərin keçirilməsi, yerli brendlərin dəstəklənməsi üçün təşəbbüslər dəstəklənə bilər;
-
Təhsil və mentorluq proqramlarının imkanlarını artırmaq üçün təşəbbüslərin dəstəklənməsi. Xüsusilə də biznesin idarə edilməsi, rəqəmsal marketinq kimi vacib mövzularda təlimlərin təşkili çox vacibdir.
-
Bürokratik yükün azaldılması. Bunun üçün qadın mikrosahibkarlar üçün daha çevik və sürətləndirilmiş lisensiyalaşdırm mexanizmləri, daha aşağı vergi dərəcəsi istifadə edilə bilər.
Müsahiblərdən soruşulan daha bir sual maliyyə resurslarına çıxış baxımdan qadın və kişi sahibkarların nə dərəcədə eyni imkanlara sahib olması, bu sahədə hər hansı qeyri-rəsmi əngəllərdən doğan fərqlərin mövcudluğu ilə bağlı olub. Verilən cavabların ümumiləşdiriləməsi göstərir ki, hüquqi olaraq Azərbaycanda qadın və kişi sahibkarların maliyyə əlçatanlığa ilə bağlı hər hansı fərqli təşviq mexanizmləri nəzərdə tutulmasa da, qanunlar hamı üçün bərabər şərtlər irəli sürsə də, təcrübədə banklar qadınların kredit müraciətlərinə daha ehtiyatlı yanaşma nümayiş etdirirlər. Hətta bəzi müsahiblər bildirib ki, nəinki banklar, eləcə də qadınlarn öz yaxınlar belə onlara biznes üçün maliyyə dəstəyi verməyə tərəddüd edirlər.
Müsahiblər bank-maliyyə təşkilatlarının ehtiyatlı davranışının əsas səbəbləri kimi qadınların biznes təcrübəsinin daha az olmasını, daha məhdud aktivlərə sahibliyini göstəriblər. Bu səbəbdən kişilərlərlə müqayisədə qadınlardan daha çox girov və sərt zəmanətlər tələb edə bilirlər. Öz növbəsində, bank-maliyyə təşkilatlarının qərarvercilərində belə bir streotip möhkəmlənib ki, kişilərin biznesi daha sabit və dayanıqlı, qadınların biznesi isə kiçik ölçülü olduğu üçün daha risklidir.
Reallıqda da şəbəkələşmə, böyük bizneslə partnyorluq və bunun üçün zəruri əlaqələrin qurulması kişilər üçün daha geniş fürsətlər açır.
Müsahiblərdən onların öz fəaliyyətləri zamanı sahibkarlığın tənzimlənməsinə məsul dövlət qurumlarında, xüsusilə də yoxlama-nəzarət orqanlarında qadın və kişi iş adamlarına münasibətdə hansısa fərqli münasibət hiss edib-etməikləri soruşulub. Bununla bağlı cavablar fərqli olub. Müsahiblərin bəziləri təcrübədə xüsusilə yoxlama qurumlarından sərt münasibət hiss etiklərini qeyd ediblər. Bu mövqedə olanlar bilirib ki, davranışlarda qadın sahibkarlara daha az peşəkar yanaşma tərzini, onların biznes sahəsində qərarvermə qabiliyyətinə şübhə ilə yanaşılmasını, rəsmi görüşlərdə qadın sahibkarların fikirlərinin ikinci planda qalmasını sezməmək mümkün deyil.
Sonda müsahibə götürülən qadınlara belə bir sual ünvanlanıb: hazırkı şərtlərdə qadın sahibkarlığın inkişafı üçün hökumətin qanunvericilikdə hansısa təşviq və tənzimləyici mexanizmlər nəzərdə tutmasına ehtiyac varmı və bu cür təşviq mexanizmlərinin diskriminasiyaya səbəb ola biləcəyi ilə bağlı arqumentləri necə qiymətlənirirlər?
Bu suala münasibətdə demək olar ki, bütün müsahiblərin mövqeyi oxşar olub və onlar dövlət tərəfindən qadın sahiblarlığın inkişafı üçün təşviq mexanizmlərini zəruri hesab edirlər. Konkret hansı təşviq alətlərinə gəlikdə, qadın sahibkarların təkliflərini aşağıakı kimi ümumiləşdirmək olar:
-
Qadın sahibkarlara yönəlik xüsusi maliyyə proqramlarının və güzəştlərin tətbiqi;
-
Maliyyə savadlılığı üzrə təlimlər təşkili;
-
Qadın sahibkarların investorlar və biznes şəbəkələri ilə əlaqələrinin gücləndirilməsini təmin edən təbirlərin həyata keçirilməsi;
-
Səlahiyyyətli dövlət qurumlarının heyəti üçünü gender bərabərliyi üzrə təlimlərin təşkili;
-
Diskriminasiya hallarına qarşı ciddi nəzarət və şikayət mexanizmlərinin qurulması;
-
Bazar araşdırmaları üçün xüsusi təşviq mexanizminin yaradılması;
-
Vergi imtiyazlarının nəzərdə tutulması;
-
Qadın sahibkarlar üçün təlim və mentorluq proqramlarının təşkili;
-
Dövlət satınalmalarında qadın sahibkarların iştirakının təşviqi və müəyyən imtiyazların verilməsi;
-
Cəmiyyətdəki stereotiplərin qırılması üçün qadınların sahibkarlıqla bağlı uğur hekayələrinin davamlı olaraq populyarlarlaşdırılması;
Müsahiblər hesab edir ki, qadın sahibkarların dəstəklənməsi üçün hökumət tərəfindən imtiyaz və güzəşt mexanizmlərinin yaradılmasının hər hansı ayrı-seçkiliyə səbəb ola biləcəyi ilə bağlı arqumentlər əsaslə deyil. Çünki söhbət fürsət və imkan bərabərliyi olan 2 fərqli sosial qrupan birinə hansısa imtiyazların tanınmazsınan söhbət getmir. Mövcud şəraitdə bir sıra obyektiv və subyektiv, eləcə də tarixi, mədəni, sosial və s. səbəblərdən qadın və kişilərin iqtisadi imkanları arasında fərqlər var. Keçici bir dövr üçün hökumətin tətbiq edəcəyi müəyyən təşviq mexanizmləri məhz həmin qeyri-bərabərliyin aradan qalxmasına xidmət edə bilər. Hazırda dünyanın hətta inkişaf etmiş ölkələrinə də qadın sahibkarlığın inkişafı üçün müəyyən təşviq proqramları mövcuddur.
Analizin üzə çıxardığı ən vacib məqamlar
-
Azərbaycanda qadın sahibkarlıqla bağlı statistiki göstəricilər tam deyil və yalnız fərdi sahibkarları əhatə edir. Məsələn, rəsmi mənbələrdə hüquqi şəxs kimi fəaliyyət göstərən biznes subyektlərinin hansı hissəsinin qadın iş adamlarına məxsus olduğu açıqlanmır;
-
Rəsmi məlumatlara görə, Azərbaycanda qeydiyyatda olan fərdi sahibkarın 22,7%-i qadınlardır olub. Bütün fərdi sahibkarların 41,3%-i kən təsərrüfatı sektoruna cəmlənib;
-
Hökumətin biznesə ayırdığı güzəştli kredit resurslarının cəmi 8,5%-i qadın sahibkarlara verilib;
-
Mövcud hökumət strategiyalarında bilavasitə qadın sahibkarlığın inkişafı etdirilməsi üçün hər hansı təşəbbüs yoxdur;
-
Qlobal tədqiqatlar göstərir ki, ümumi sahibkarlıqda kişilərin sayının çox olması əksər ölkələr üçün xarakterik olsa da, bəzi ölkələrdə (məsələn, Polşa, Avstria, Qətər, İspaniya və s.) həmin fərq çox kiçikdir (təxminən 3-4%);
-
Avropa Birliyi ölklərində bütün sahibkarların 28%-ni, OECD ölkələri üzrə 25%-ni qadınlar təşkil edib;
-
“Sahibkarlığın Qlobal Montiorinqi” təşkilatının 2023-cü ildə 30 ölkəni əhatə edən tədqiqatının nəticələrinə görə, əmək qabiliyyətli yaşda qadınların 10, kişilərin isə 13%-i biznes qurmağa nail olublar və axır 20 ildə həmin ökələrdə qadınların biznesə başlama əmsalı 6,1%-dən 10,4%-ə yüksəlib. Fransa və Niderlandda isə bu artım tempi 2 dəfədən çox olub;
-
Adıçəkilən tədqiqatın üzə çıxardığı nəticəyə görə, 30 ölkə üzrə biznes fəaliyyətini dayandıran qadınların sayı kişilərlə müqayisədə 21% az olub. Tədqiqat müəllifləri bu faktı qadınlar daha dayanıqlı biznes yaratması ilə əlaqələndiriblər;
-
Yüksək gəlirli ölkələrdə qadın sahibkarların təxminən 6%-i, kişilərin isə10%-i 20 və daha çox işçiyə malik sahibkarlar olublar. Eyni ölkə qrupunda qadınların 20%-dən çoxu, kişilərin isə təxminən 15%-i təkbaşına fəaliyyət göstərən fərdi sahibkarlar olub.
-
Aşağı gəlirli ölkələrdə qadın sahibkarların 40%-i fərdi sahibkarlar (kişilər 25%), təxminən 2-3%-i 20 və daha çox işçiyə malik sahibkarlar olublar;
-
2023-cü ilin yekunlarına görə, Türkiyədə bütün sahibkarlıq subyektlərinin 17,4%-ni, Qazaxıstanda sahibkarların təxminən 45%-ni, Gürcüstana 33%-ni qadınlar təşkil edir;
-
Son illər Türkiyədə KOSGEB çərçivəsində verilən güzəştli kreditlərin orta hesabla 40%-i qadın sahhibkaralara ayrılıb;
-
Tədiqat çərçivəsində Azərbaycana fəaliyyət göstərən qadın sahibklarlarla aparılan müsahibələrin nəticəsinə görə, maliyyə vəsaitinə çıxışın məhdud olması, sosial-mədəni streotiplər, təcrübə və bilik çatışmazlığı, özünə inamın aşağı olması qadınların biznesə başlamasına mane olan əsas əngəllərdir;
-
Fəaliyyətdə olan qadın iş aamalarının üzləşdiyi əsas problemlər isə bazara çıxışda və müştəri tapılmasında çətinlik, resurs və infrastruktur yetərsizliyi, hüqüqi və bürokratik maneələr, səbəkələşmə və mentor dəstəyinin əksikliyi kimi məsələlərdir.
Hazırladı
NHMT İB ekspert qrupu
- [1] https://www.theofficepass.com/toppings/top-problems-faced-by-women-entrepreneurs-in-india.html
- [2] https://www.stat.gov.az/source/gender
- [3] https://www.taxes.gov.az/az/post/3670#:~:text=1%20noyabr%202024%2Dc%C3%BC%20il,51%2C5%20min%20t%C9%99%C5%9Fkil%20edib.
- [4] https://www.stat.gov.az/source/st_units/
- [5] https://smb.gov.az/storage/HESABAT2023.pdf
- [6] https://smb.gov.az/az/all-news/qanunvericilikde-qadin-sahibkarligi-imkan-ve-perspektivler-movzusunda-ictimai-dinleme-kecirilib
- [7] https://www.aqsia.az/_files/ugd/0a59d5_3e8b58618a3e45f98f69a7a04edb97ff.pdf
- [8] https://edf.gov.az/az/content/22
- [9] https://static.president.az/upload/Files/2022/07/22/5478ed13955fb35f0715325d7f76a8ea_3699216.pdf
- [10] https://www.gemconsortium.org/
- [11] https://www.gemconsortium.org/reports/latest-global-report
- [12] https://www.gemconsortium.org/reports/womens-entrepreneurship
- [13] https://kadingirisimci.gov.tr/kadin-girisimciligi/
- [14] https://kadingirisimci.gov.tr/media/fecoqpl3/1-istihdam_girisimcilik_kooperatifciliktbmm-raporu.pdf
- [15] https://kadingirisimci.gov.tr/media/1vzpdrdc/2024-2028-ksgm-eylem-plan%C4%B1.pdf
- [16] https://primeminister.kz/en/news/women-business-owners-account-for-45-of-all-business-owners-in-kazakhstan-23342
- [17] https://georgia.un.org/sites/default/files/2023-12/National%20Assessment%20of%20WED%20ENG.pdf