NHMT - Şirkətlərin informasiya açıqlığı üzrə reytinq cədvəli

Şirkətlərin informasiya açıqlığı üzrə reytinq cədvəli

Şirkətlərin informasiya açıqlığı üzrə reytinq cədvəli

 

Reytinq haqqında

 

Azərbaycan  2003-cü ildə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşularkən üzərinə bir sıra öhdəliklər götürmüşdü. Hətta öhdəliklərin həyata keçirilməsi məqsədilə MHŞT üzrə idarələrarası komissiya da yaradılmışdır.

 

İlk illərdə Azərbaycan Təşəbbüsdə aktiv iştirak etdi. Yaradılan Komissiya MHŞT-ni Azərbaycanda həyata keçirmək məqsədilə ölkənin mədən sənayesində fəaliyyət göstərən xarici və milli şirkətlərlə, habelə bu istiqamətdə fəallıq göstərən qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurub və yaxından əməkdaşlıq edirdi. Ötən müddət ərzində əldə olunan birgə fəaliyyət hasilat sənayesində müəyyən qədər şəffaflığın və informasiya açıqlılığının yaranmasında müsbət rol oynadı.

 

Qeyd edək ki, MHŞT-nin yerli və xarici hasilat şirkətlərinin, habelə onların dövlətə ödənişləri üzərində nəzarəti təmin etmək üçün Standartlar və Prinsiplər mövcuddur. Hazırki reytinq də məhz həmin Standart və Prinsiplər üzərindən təhlillər aparılaraq hazırlanıb. Reytinqin hazırlanmasında məqsəd hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin MHŞT meyarlarına və standartlarına uyğun olaraq informasiya açıqlığını müəyyənləşdirməkdir.  Ümumiyyətlə, sözügedən beynəlxalq Təşəbbüsün ölkəmiz üçün hansı faydaları ilə yadda qalıb?

 

Metodologiya

 

1.Addım. Qiymətləndirmə meyalarının müəyyən edilməsi:

 

Bu mərhələdə MHŞT-nin Standart və prinsipləri barədə bilgiləri toplayaraq, layihənin tələblərinə uyğun analiz edilib. Şirkətlərin verdiyi məlumatlarla bağlı yekun tutuşdurma, habelə MHŞT hesabatını, QHT Koalisiyasının rəylərinə uyğun Meyarların müəyyənləşməsində başlıca məqsəd daşıyıb.

 

2.Addım. Meyarların müəyyənləşməsi.

 

Bu mərhələdə qiymətləndirmə meyarlarını müəyyən edib və MHŞT-yə qoşulan şirkətlərin siyahısını müəyyənləşdirib, hesabatlarda onlara dair məlumatlar incələnib.

 

3.Addım. Reytinqin müəyyənləşdirilməsi.

 

Bu mərhələdə hər bir meyar üzrə 0-10 ballıq şkala müəyyənləşir. Daha sonra hər bir meyar üzrə şirkətin fəaliyyətinə dair qiymətləndirmə aparılıb. Hər bir hasilatçı şirkət üzrə toplanan balı meyarların sayına bölüb orta balı alınıb.

 

Şirkətlər aşağıdakı Meyarlar üzrə qiymətləndirilib, reytinqi hazırlanıb.

 

Meyar 1. MHŞT çərçivəsində yerli və xarici şirkətlərin hökumətə ödənişləri haqqında məlumatların açıqlığının dəyərləndirilməsi.

 

MHŞT-nin 4-cü tələbinin əsas şərtlərindən biri şirkətlər tərəfindən vergilərin və gəlirlərin hərtərəfli açıqlanmasıdır. Eyni zamanda tələbə görə, hər bir gəlir axını, onunla əlaqəli əhəmiyyətlilik anlayışları və dərəcələrinin təsviri MHŞT Hesabatına daxil edilməlidir. Belə ki, hökumət gəlirlərini şirkət (dövlət təşkilatlarından və dövlət təşkilatlarına) ödənişləri ilə hərtərəfli tutuşduraraq yoxlamalıdır.

 

Hökumətə ödənişlər edən bütün şirkətlərdən razılaşdırılmış iş həcminə uyğun olaraq bu ödənişlərin açıqlanması tələb olunur. Bu meyar üzrə qiymətləndirmə məhz MHŞT hesabatlarına əsasən, hökumət gəlirlərini şirkət ödənişləri ilə hərtərəfli tutuşdurması nəticəsində yaranmış fərqlər üzərindən aparılacaq.

 

Meyar 2.  Burada yerli və xarici şirkətlərin informasiya açıqlığının olması aydınlaşdırılıb. İkinci meyarda qiymətləndirmə, əsasən, aşağıdakı istiqamətlərə uyğun olaraq aparılıb və orta bal çıxarılıb.  

a) MHŞT hesabatlarına istinadən şirkətlərin məlumatların tam ötürülməsindəki marağı, gəlir, ödənişlərin göstərilməsi;

b) şirkətlərin tender məlumatlarının ictimaiyyətə açıqlığı;

c) vətəndaş cəmiyyətinin bu prosesdə iştirak səviyyəsi;

d) hesabatların vaxtlı-vaxtında cəmiyyətə çatdırılması;

 

Meyar 3. Yerli və xarici şirkətlərin kəşfiyyat və hasilatla bağlı məlumatların açıqlanmasında nə dərəcədə maraqlı olması. Bu Meyarda şirkətlərin kəşfiyyat, hasilat və ixrac barədə məlumatlılığına diqqət yetirilib.

 

Meyar 4. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin mövcud qanunverciliyə necə əməl edilməsi.

 

Azərbaycanın mədən sənayesində fəaliyyətin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından ibarət olan Azərbaycan Respublikasının qanunvericilik sistemi və o cümlədən  beynəlxalq müqavilələr təşkil edir.

 

Azərbaycan Respublikasının qanunvericiliyində bütün yeraltı faydalı qazıntıların dövlətə məxsus olduğu mineral resurslardan istifadə sahəsində dövlət siyasətinin iqtisadi və sosial əsasları, habelə onun həyata keçirilmə mexanizminin əsas istiqamətləri müəyyən edilir.

 

Dördüncü meyarda məhz şirkətlərin qanunvericilik aktlarına əməl edilməsi dəyərləndirilib. Belə aktların sayının (MHTŞ hesabatlarında tam siyahı təqdim olunub) çox olduğunu nəzərə alaraq, monitorinq aparmaq üçün 4 qanunverici akta istinad edilməsi münasib görülüb. Bunlar “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyası, Vergi Məcəlləsi, Respublikasının İnzibati Xətalar Məcəlləsi və Respublikasının Əmək Məcəlləsidir.

 

“Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyasına:

 

Azərbaycan Respublikası 18 iyun 2004-cü il tarixdə qoşulmuşdur. Konvensiya müqavilə bağlanmış dövlətin ərazisində, ərazi suları daxil olmaqla, istisnasız olaraq çirklənmədən dəymiş ziyana və həmin ziyanın azaldılmasına və ya aradan qaldırılmasına yönəlmişdir.

 

Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

 

İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

 

Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi və Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları təsbit edir.

 

Bu meyar üzrə monitorinq Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının bu istiqamətdə hər il hazırladığı hesabatlara, həyata keçirdiyi layihələrə istinad olunub.

 

Meyar 5. Bu meyarda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin MHŞT-nin tələblərinə uyğun hüquqi bazasının açıqlanmasının vəziyyəti araşdırılıb. MHTŞ tələblərinə görə, mineral ehtiyatların hasilatı sənayesində şəffaflığın təminində rol oynayan hüquqi bazalardan olan müqavilə və sazişlərin, habelə benefisiar sahibliyin açıqlanması vacibdir.

 

Meyar 6. Şirkətlərin sosial və iqtisadi xərclərinin açıqlanmasında maraqları müəyyənləşdirilib. Əlbəttə burada söhbət xarici şirkətlərin Azərbaycan üzrə xərclərindən gedir. 

Meyar 7. MHŞT-yə qoşulan şirkətlərin elektron portallarının mövcudluğu. Xarici şirkətlərin elektron portallarında isə Azərbaycandakı fəaliyyətləri barədə məlumatlılıq səviyyəsi qiymətləndirilib.

Meyar 8. Burada şirkətlərin fərdi maliyyə və illlik hesabatının ictimaiyyətə nə dərəcədə təqdim edilməsi nəzərdə tutulub.

 

8 Meyar üzrə aparılan qiymətləndirmədən sonra şirkətlərin informasiya açıqlığı aşağıdakı kimi sıralanıb:

 

Sıra Şirkətlərin adları Orta bal
1 BP Eksploreyşn (Azərbaycan) Limited 8.1
2 SOCAR 6.5
3 Türkiye Petrolleri Anonim Ortaqlığı 4.3
4 Bahar Energy Limited 3.6
5 Statoil 3.2
6 Exxon Azərbaycan Limited 3.1
7 Chevron Xəzər, Ltd 3.1
8 İtoçu Oyl Eksploreyşn (Azərbaycan) Inc. 3.1
9 Abşeron İnvestment Limited 3
10 Azen Oyl Kompani B.V. 2.8
11 UGE-LANCER PTE.LTD 2.8
12 Salyan Neft MMC 2.5
13 Lukoyl Oversiz Shah Deniz 2.5
14 CNPC 2
15 Focnmeyt Əssets Limited 2
16 Inpex Southwest Caspian Sea, Ltd. 2
17 Binəqədi Oyl Kompani 1.8
18 TOTAL - Azerbaycan 1.8
19 Shirvan İnvestment Limited 1.7
20 Neftçala İnvestments Limited 1.5
21 Karasu Development Kompani 1.3
22 R.V. Investment Group Services 1.1
23 Kura Valeey Development Company LTD 1
24 Naftiran Intertrade Co (NICO) Limited 0.5
25 Əli-Bayramlı Neft MMC 0.3
26 GDF SUEZ E&P Absheron BV 0.1
27 Qobustan Neft MMC 0.1
28 Commonvealth 0

 

Reytinq cədvəlinin hazırlanmasında qarşıya çıxan problemlər və xüsusi qeydlər:

 

• Hər bir meyar üzrə qiymətləndirmə aparılarkən şirkətlər haqqında informasiya azlığına rast gəlindi. Ola bilsin ki, hansısa şirkət bu meyarlar üzrə daha yüksək göstəriciyə sahibdir. Lakin həmin məlumatlara əlçatanlığın zəif olması dəyərləndirməyə öz təsirini göstərdi. Bu səbəbdən hər bir şirkət üzrə qiymətləndirmə əlçatan məlumatlar üzərindən aparılıb.

• Meyar 1 üzrə qiymətləndirmədə əsasən, MHŞT-nin 2014 və 2015-ci ilin hesabatlarından istifadə olunub. Hesabatda araşdırma aparılarkən, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin təqdim edilmədiyi müşahidə edlir.

• Eyni zamanda bir sıra şirkətlərin (TOTAL E & P Azərbaycan B.V və Bahar Energy kimi) paylarının satılması da nəzərə alınıb. Məsələn, Total şirkəti 30 may 2014-cü il tarixində Şah Dəniz yatağına aid olan 10%-lik iştirak payını Türkiyənin dövlət kəşfiyyat və hasilat şirkəti TPAO-ya satmışdır. TOTAL E & P Azərbaycan B.V şırkəti 2014-cü ilə aid olan vergi ödənişlərini 2015-ci ildə həyata keçirdiyinə görə, şirkət 2015-ci ilin hesabatını Müstəqil Administratora təqdim etmişdir. Ona görə də, cədvəldə hər iki şirkət üzrə göstəricilər ayrı-ayrı təqdim olunub.

• 2-ci Meyarda nəzərdə tutulan vətəndaş cəmiyyətinin MHŞT prosesini izləməsinə və tələblərin icrasındakı funksiyasına gəlincə, burada çoxtərəfli qrupun (ÇQ) bir sıra problemlərlə üzləşdiyi görünür. MHTŞ eksprtlərinin fikrincə, bütün hallarda ÇQ-nin şirkətlərin məlumat açıqlığı ilə bağlı proseslərinə passiv nəzarət imkanı var. Hətta ÇQ-nin informasiya sorğularına şirkətlər cavab verməzsə, ÇQ-nin belə şirkətlərin adını ictimaiyyətə açıqlamaqdan başqa təsir imkanı yoxdur. Ciddi imicə malik şirkətlər üçün bu təsiredici olsa da, ölkədə olan bir çox şirkətlər üçün bu təsirdici bir şey deyil.

• Təəssüf ki, ən problemli qiymətləndirmə Dördüncü Meyar üzrə oldu. Belə ki, burada məlumat qıtlığı, şirkətlərin sorğuları cavabsız buraxması, dövlətin hesabatlılığının olmaması tam dəyərləndirmə aparmağa imkan vermir. Xüsusilə əmək və ekoloji bölümdə qanunvericiliklərin yoxlanılmasında ciddi çətinliklərlə üzləşildi. Bu səbəbdən şirkətlərin hamısını qiymətləndirməyə bərabər cəlb edilmək mümkün olmadı. Ekoloji və əmək fəaliyyətinə dair meyarlarda heç bir məlumat əldə olunmayan şirkətlərə “0” bal şkalası ilə qiymət verilib. Onlar yalnız Vergilər Məcəlləsinin icrası üzrə qiymətləndirmə aparılıb.

• Ortaya çıxan problemlərdən biri qanunvericilik bazası ilə bağlıdır. Məsələn, lisenziya və benefisiar sahibliklə bağlı qanunvericilikdə məhdudiyyətlər var. Belə ki, neft, qaz və mineral resurslarının kəşfiyyatı və ya istismarına dair lisenziyaların verilməsi qanunla nəzərdə tutulmur və Azərbaycan qanunvericiliyi ilə bu cür lisenziyanın alınması üçün heç bir prosedur yoxdur. Hasilatı və kəşfiyyatı ilə məşğul olmağa dair bu cür hüquq və lisenziyaların verilməsi üçün dövlət (dövləti təmsil edən şirkət) və üçüncü tərəf arasında Hasilatın Pay Bölgüsü Sazişləri bağlanır və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xüsusi qanunlar kimi təsdiq edildikdən sonra qüvvəyə minir. Ekspertlər qeyd edir ki, indiyədək ölkədə HPBS haqqında qanun yoxdur, buna görə də belə sazişlərin hər birinin işlənilməsinə fərdi yanaşma mövcuddur. Müqavilələrin ictimaiyyətə açıqlanması ilə bağlı qanunvericilikdə xüsusi norma-tələb yoxdur. Bu məsələ sazişlərin tələbləri və şirkətlərin istəkləri ilə müəyyən edildiyindən ölkədə fəaliyyətdə olan müqavilələrin hamısı hələ də ictimaiyyətə açıqlanmayıb. Ölkədə qanunvericilik tələbi olmadığından şirkətlərdən bunu tələb etmək mümkün olmur. Ekspertlərin fikrincə, bu məsələ daha çox hökumətin məsuliyyətində olan, yəni onun qanunvericilik qaydasında həll etməli olduğu məsələdir.

Eyni vəziyyət  benefisiar sahiblikdə də hökm sürür. Baxmayaraq, MHŞT standartlarında vacib tələblərdən biridir, Azərbaycanda hələ ki qanunvericilik bazası MHŞT prinsipləri ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Beşinci Meyarda dövlət mənbələrinə deyil, şirkətlərin öz açıq mənbələrinə istinad edilib.

 

İstinad mənbələri

 

- MHŞT-nin hesabatları

- eiti.az portalı

- e-taxes.gov.az portalı

- nhmt-az.org

- e-qanun.az

- Şirkətlərin saytları və sair