NHMT - Elektromobilləşmə sahəsində dövlət siyasəti: Norveç təcrübəsi və Azərbaycan üçün dərslər

Elektromobilləşmə sahəsində dövlət siyasəti: Norveç təcrübəsi və Azərbaycan üçün dərslər

Elektromobilləşmə sahəsində dövlət siyasəti: Norveç təcrübəsi və Azərbaycan  üçün dərslər
 

Araşdırma NHMT İB-nin ekspert qrupu tərəfindən hazırlanıb.



 

Giriş

 

İqlim böhranı nəqliyyat sektorunun dekarbonizasiyasını müasir dövrün ən aktual problemlərindən birinə çevirib. 2030-cu ilə qədər dünya əhalisinin 8,5 milyard nəfərə  çatacağı,  bu dövrdə illik sərnişin dövriyyəsinin 50 faiz, qlobal yükdaşıma həcminin isə 70 faiz artacağı proqnozlaşdırılır. Aparılan qiymətləndirmələr göstərir ki, nəqliyyat sektorunun istixana qazları emissiyası son 50 ildə hər hansı digər sektorla müqayisədə daha sürətli artmışdır və əgər heç bir tədbir görülməzsə, 2050-ci ilə qədər bunun həcminin 60 faiz artacağı gözlənilir.

Belə bir şəraitdə Avropa qitəsində yerləşən ayrı-ayrı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyasının azaldılması sahəsində kifayət qədər mühüm təşəbbüsləri dəstəkləməyə davam etməsi xüsusilə diqqəti cəlb edir. Öz növbəsində, hər ötən il bu istiqamətdə fəaliyyətlər daha intensiv xarakter alır. Analoji təşəbbüslər arasında nəqliyyat sektorunda karbon emissiyasının azaldılması özünəməxsus yer tutur. Son illər hazırlanmış “Avropada mobilliyin fundametal transformasiyası: 2040-cı ilə qədər nəqliyyat sektorunun dekarbonizasiyası tədqiqi” adlı hesabatda qeyd edilir ki,  Birlik ölkələri üzrə karbon emissiyasının27 faizi məhz nəqliyyat sektorunda formalaşır. Araşdırma müəllifləri qeyd edir ki, nəqliiyat sektorunun dekarbonizasiyası üçün elektriklə işləyən nəqliyyat vasitələrinin təşviqi təkbaşına poblemin həllinə yardım edə bilməz. Paralel olaraq şəxsi nəqliyyat vasitlərindən isitfadəyə ehtiyac və maraq da azaldılmalıdır. Avropa Birliyinin hədəfi budur ki, 2040-cı ilə qədər şəhər yaşayış məntəqələrində şəxsi minik avtobobillərindən istifadə 43 faizə yaxın azalsın. Amma şübhəsiz ki, bunun üçün əsas vasitə kimi dayanıqlı ictimai nəqliyyat sisteminin yaradılması göstərilir.

Avropa ölkələri içərisində bu prosesin avanqard sayılan ölkələrindən biri Norveçdir. Bu ölkənin “yaşıl enerji” təşəbbüslərində belə fəal olması ona görə diqqəti cəlb edir ki, Norveç  dünyada son 60 ildə ənənəvi yanacaq hasilatı və satışından neft-qaz hasilatından ən böyük gəlir əldə edən ölkələrdən biri olub. Məhz bu təbii resursların satışı hesabına 1,3 trilyon ABŞ dolları məbləğində suveren maliyyə fonduna sahib olmasına baxmayaraq “yaşıl enerji” təşəbbüsləri  sahəsində də nümunə götürülə biləcək ölkələrin önündə gəlir. Az əhalisi (təxminən 5,4 milyon nəfər) olan ölkədə məskunlaşma kifayət qədər qeyri-bərabərdir: 29 min kvadratkilometr əraziyə malik Norveçin ucqarlardakı kənd yaşayış məntəqələrində daha az, şəhərlər isə yüksək sıxlıq mövcuddur. Məskunlaşmada pərakəndəlik bütün məntəqlər arasında intensiv və arasıkəsilməz nəqliyyat sisteminin, xüsusilə dəmir yollarının qurulmasını xeyli çətinləşdirir. Ona görə də ölkədə avtomobil nəqliyyatı ən populyar nəqliyyat növüdür.

Mobilliyə sürətlə artan tələbatı nəzərə alaraq Norveç hökuməti artıq uzun müddətdir nəqliyyat sektorunun dekarbonsizasiyası istiqamətində ciddi uğurlar əldə edib. Bunun nəticəsində təkcə 2005-2019-cu illərdə nəqliyyat sektorunun karbon emissiyası əvvəlki 10 illiklə müqayisədə 9 faizə yaxın azaldı. 

İlkin mərhələdə dekarbonsizasiyası strategiyasının ana xəttini avtomobil nəqliyyatı sektorunun elektrikləşdirilməsinin və sıfır emissiyalı nəqliyyat vasitələrinin alnmasının hökumət tərəfindən ciddi şəkildə dəstəklənməsi təşkil edib. Nəqliyyat sisteminin karbon emissiyasının 2020-2030-cu illərdə 35 faizə yaxın azalacağı proqnozlaşdırılır. 

Norveç iqlim dəyişikliyi ilə bağlı çox mühüm hədəfləri və bu hədəflərə çatmaq üçün yaxşı işlənmiş strategiyaları olan qabaqcıl ölkələrdən hesab edilir.Hələ 2007-ci ildə Norveç 2050-ci ilə qədər karbon neytrallığını tam təmin etmiş ilk ölkə olacağını vəd etmişdi. Bu iddialı hədəfə çatmaq üçün ölkə parlamenti 2030-cu ilə olan dövr üzrə plan təsdiqləmişdi. 2021-ci ildə təsdiqlənmiş və daha müfəssəl sənəd hesab olunan “2030-cü ilədək İqlim Fəaliyyət Planı” isə əvvəlki illərdə müəyyən edilmiş hədəflərə yetişmək üçün daha detallı fəaliyyətlər müəyyən etdi. Plana görə, Norveç 2030-cu ilə qədər 1990-cu illə müqayisədə karbon emissiyasını ən azı 55 faiz, 2050-ci ilədək isə 95 faiz azaltmalıdır. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri içərisində ən iddialı hədəflərdən biridir. Üstəlik, bir çox regionlar, şəhərlər və bələdiyyələr də “sıfır emissiya” hədəfi müəyyən ediblər və bu fəaliyyətlər Norveç hökumətinin milli səviyyədə yetişmək istədiyi məqsədlərə mühüm töhfə verir. Məsələn, paytaxt Oslo şəhərinin bütün ektorları əhatə edən iddialı iqlim fəaliyyət planı və iqlim büdcəsi var.

 

              1.Dünyada elektromobilləşmənin mövcud vəziyyətin qısa xülasəsi .

 

Beynəlxalq Enerji Agentlyinin dünyada elektromobilləşmənin vəziyyətinə dair 2024-cü il üzrə İcmalına görə, dünyada satılan hər 5 nəqliyyat vasitəsindən biri elektriklə işləyən maşınlar olub və onların illik satış həcmi 17 milyon ədədə çatıb. 2023-cü illə müqayisədə adıçəkilən avtomobillərin satışı 25 faiz artıb. Elektrik avtomobillərinin bazar payının ən yüksək olduğu ölkə Çindir – 45 fazi. Bu göstərici Avropada 25 faiz, ABŞ-da 11 faiz ətrafındadır. Müxtəlif ölkələrin istehsalçıları arasında sərt rəqabətin mövcudluğu, akkumulyatorların və avtomobil qiymətlərinin düşməsi, eləcə də davamlı dövlət dəstəyi elektrikli avtomobil bazarının intensiv şəkildə böyüdür. 2024-cü ildə həftəlik satışların həcmi 10 il əvvəlki illik satışların həcminə bərabərdir. Hazırda dünyada 40 milyon elektriklə işləyən avtombil mövcuddur.

Hər ötən il təkcə satılan elektrikli nəqliyyat vasitələrinin deyil, onların modellərinin də sayı sürətlə artır. Məsələn, hazırda adıçəkilən avtomobillərin 600 yaxın modeli mövcuddur və yaxın 3 ildə analoji modellərinin sayının 1000-ə çata biləcəyi proqnozlaşdırılır.

Aparılan qiymətləndirmələrə görə, bütün növ elektrikli nəqliyyat vasitələrinin satış həcminin sürətli artımı neftə olan gündəlik tələbatın 2030-cü ilə qədər 6 milyon barrel, 2035-ci ilə qədər isə 10 milyon barrel azalmasına səbəb olacaq.  

Statistik məlumatların analizi bir tendensiyanı da göstərir ki, minik avtomobilləri il yanaşı elektriklə işləyən iri maşınların və avtobusların (xüsusilə də ictimai nəqliyyatda xidmət göstərə sərnişin avtobuslarının) da sayında davamlı artım müşahidə edilir. 2023-cü ildə satılan bütün avtobusların Belçika, Norveç və İsveçrə kimi Avropa ölkələrində, eləcə də Çində 50 faizi, Kanada,  Çili, Finlandiya, Hollandiya, Polşa, Portuqaliya və İsveçdə isə 20 faizi elektriklə işləyən nəqliyyat vasitələri olub. Həmin il qlobal miqyasda təxminən 50 000 elektrik avtobusu satılıb ki, bu da ümumi avtobus satışlarının 3%-nə bərabərdir. Dünyada satılan bütün elektrikli avtobusların 60 faizi Çinin payına düşüb (2020-ci ildə həmin göstərici 90 faiz idi). Avropa Birliyi üzrə şəhər nəqliyyatı üçün xəttə buraxılan bütün avtobusların 43 faizi elektirikli nəqliyyatın hesabına təmin edilib ki, bu fakt Avropa ölkələrinin  2035-ci ilə qədər ictimai nəqliyyatda “sıfır emissiya” hədəfinə doğru uğurla irəlilədiyini nümayiş etdirir.

Paralel olaraq elektrikli yük maşınlarının satışı da sürətlə artır. Bu kateqoriyadan olan nəqliyyat vasitələrinin satış həcmi əvvəlki ilə nisbətən 2023-cü ildə 35 faiz artıb və ümumi satışlar 54 min ədəd olub. Bu isə o deməkdir ki, ilk dəfə olaraq eletriklə işləyən yük maşınlarının satışı analoji avtobusların satış həcmini üstələyib. Bazarın bu seqmentində də Çin liderdir və bütün satışların 70 faizi onun hesabına baş verib. ABŞ-da satışlarda 3 dəfəlik artım qeydə alınsa da, hələlik illik satış həcmi çox kiçikdir (təxminən 1200 ədəd).

Böyük Britaniya hökuməti “sıfır emissiyalı” yük maşınlarının real sınaqlarını həyata keçirmək üçün müvafiq proqramı çərçivəsində 250 milyon ABŞ dolları sərmayə qoyulub və həmin proqram 370 yük maşının alınması və onların tələbatına  uyğun  elektrik doldurma məntəqələrinin qurulmasını nəzərdə tutur. Şəhər səviyyəsində yükdaşımalar üçün “sıfır emissiya” London, Los Angeles, Madrid, Seul kimi müxtəlif şəhərdə tətbiq olunur. Həmim şəhərlərin ümumi əhalisi 52 milyondan çoxdur. 

Elektromobilləşmənin sürətini artırmaq üçün əsas təşviq alətlərindən biri ödənişsiz doldurma stansiyalarının sayının artırılmasıdır. Doğrudur, hazırda dünyada özəl stansiyaların sayı ictimai əsaslarla çalışanlardan azı 10 dəfə çoxdur. Amma bir sıra ölkələrdə ödənişsiz stansiyaların qurulması hökumətlərin prioritetləri sırasında yer alır. Xüsusilə də əhalinin sıxlığının yüksək olduğu, insanların böyük əksəriyyətinin yüksəkmərtəbəli binalarda məskunlaşdığı yaşayış məntəqələrində evdə enerji təchizatını təmin etmək imkansızdır və ona görə yerli hökumətlər ictimai stansiyaların yaradılmasına maraq göstərirlər. Amma çox önəmli məqam budur ki, evdə enerji təminatı üçün mənzillərdə normal gərginlikdə (220 V) enerji təchizatı olmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə ucqar bölgələrdə enerji təchizatının fasilələrlə verilməsi ilə yanaşı gərginliyin çox aşağı olması (120-150 V) şəxsi mənzillərdən enerji təchizatı imkanını azaldır.

Ümumi avtomobil satışının 90 faizini elektrikli nəqliyyat vasitələri təşkil edən Norveçdə bu qəbildən olan maşın sahiblərinin 82 faizi elektirk təchizatını öz evlərindən, 18 faizi isə elektirkdoldurma stansiyalardan təmin edirlər. 

Avropa Birliyi isə 2023-cü ilin sonlarında əsas nəqliyyat dəhlizləri boyunca hər 60 kilometrdən bir ictimai elektrik doldurma stansiyalarının qurulması barədə qərar verib. Eyni zamanda, Böyük Britaniya hökuməti şəxsi avtomobillər üçün subsidiyaları dayandırsa da, 2030-cu ilə qədər 300 min ictimai şarj cihazının quraşdırılması üçün təşviq proqramını qüvvədə saxlayıb. Bu məsələdə Avstraliya hökuməti də xeyli fəaldır. Magistral yollarda elektrik enerjisi dolduran qurğular tikmək üçün 2023-cü ildə Avstraliya Milli Avtomobil Yolları Agentliyinə  və Avtomobil Sürücüləri Assosiasiyasına 39,3 milyon Avstraliya dolları ayrılıb və bu vəsait hesabına hər 150 kilometrdən bir doldurma stansiyalarının quraşdırılması nəzərdə tutulur.  Öz növbəsində, Yeni Zelandiya hazırda 1 enerji doldurma cihazına düşən avtomobillərin sayına görə dünyada lider ölkədir.


 

 2. Elektromobilləşmə:  Norveçin uğurları.

 

   Norveçin nəqliyyat sektorunun dekarbonisizasiyası sahəsində qazandığı müvəffəqiyyət bütövlükdə “yaşıl enerji” yə keçid, bərpa olunan enerjidən istifadənin sürətlə genişləndirilməsi siyasətinin tərkib hissəsi kimi əldə edilib. Norveç bərpa olunan enerji mənbələrinin ümumi enerji sistemində payına görə İslandiyadan sonra ikinci sırada gəlir və ölkənin elektrik enerjisi istehsalının 99 faizi həmin mənbələrdən formalaşır. Norveç Avropa Birliyinin bərpa olunan enerji üzrə müvafiq Direktivinə uyğun olaraq hələ 2020-ci ildə ümumi enerji istehlakında bərpa olunan enerjinin xüsusi  çəkisini 67,5 faizə çatdırmaqla  milli səviyyədə qəbul edilmiş hədəfinə nail olmuşdur.  Öz növbəsində, bərpa olunan mənbələr nəqliyyat sektorunun  məcmu enerji tələbatının 26 fazini qarşılayır ki, bu 2012-ci ildə müəyyən edilmiş 10 faizlik hədəfi həddən çox yüksəkdir.

Norveç Avropanın ən böyük hidroenergetika istehsalçısıdır və dünya miqyasında ön sırada yer alan ölkələrdən biridir. Hidroenergetika Norveçin elektrik enerjisi istehsalının əsas hissəsini – təxminən 90 faizini təşkil edir.  Neft, qaz və kömür birlikdə ölkənin məcmu enerji təchizatının 50 faizini təmin  edir. Halbuki İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə bu göstərici 78 faizdir.

 Öz növbəsində, külək enerjisinin payı çox sürətlə artmaqdadır. Məsələn, təkcə 2005-2019-cu illərdə bu göstərici 10 dəfəyə yaxın artmış və bərpa olunan mənbələrin təxminən 4 faizini məhz külək enerjisi təşkil etmişdir. 2020-ci ildə Norveç təqribən 1,5 GVt gücə malik külək stansiyaları quraşdırıb. Hökumət dənizin külək enerjisi potensialından maksimum istifadə etmək üçün xüsusi sənəd hazırlayıb. 

İqtisadiyyatın dekarbonizasiyası sahəsində bir sıra sektorların perfornmansı xüsusi diqqət çəkir. Məsələn, bina və tikililər üçün yüksək enerji səmərəliliyi standartları mövcuddur ki, bunlar xüsusən də yaşayış evlərinin qızdırılmasında enerji qənaəti hesabına karbon emissiyalarının azaldılmasında mühüm rol oynayır. Hökumətin hesablamalarına görə, enerji səmərəliliyi siyasəti  2014-2020-ci illərdə Norveçin enerji istehlakının 16 milyard kilovat/saat ekvivalentində az enerji istehlakına gətirib çıxardı. Halbuki hökumətin 2016-2030-cu illər üçün hədəfi 10 milyard kilovat/saat idi. 

 Ənənəvi yanacağa əsaslanan enerji istehlakında ən böyük azalma nəqliyyat sektorunda müşahidə olunur. Bu, əsas etibarı ilə Norveçin daxili yanma mühərrikli nəqliyyat vasitələri ilə müqayisədə təxminən üç dəfə enerjiyə qənaət edən elektriklə işləyən avtomobillərinin istifadəsinin sürətlə genişlənməsi ilə bağlıdır. Hökumətin hədəfi 2005-ci ilə nisbətən 2030-cu ildə nəqliyyat sektorunun karbon emissiyasının 2 dəfə azaldılmasıdır. Bu məqsədə nail omaq üçün elektromobilləşmənin sürətinin artırılması əsas vasitə kimi seçilib. Bundan əlavə, insanların velosipeddən istifadəsinə maraq oyatmaq üçün davamlı tədbirlər görülür. Təkcə 2019-2020-ci illərdə ölkə üzrə 500 kilometrə yaxın velisoped yolları istismara verilib. Qısa müddətli dövrdə şəhər yerlərində əhalinin 20 fazinin, ölkə üzrə isə 8 faizinin velosipeddən davamlı istifadəsinə nail olmaq hədəflənir. Norveçin 2029-cu ilə qədərki dövr üzrə Milli Nəqliyyat Planı nəqliyyat sektorunda iqlim strategiyasını əks etdirir və 2030-cu ilə qədər  dövr üçün atılacaq addımlar bu sənəddə əks olunub. 

 Norveçin əsas uğurlarından biri ölkədə satılan minik avtomobillərin az qala hamısının elektrikli maşınlar olmasıdır. Məsələn, 2024-cü ildə satılan hər 100 avtomobildən 90 ədədi həmin qəbildən olan nəqliyyat vasitələri olub. Halbuki həmin il Avropa Birliyi üzrə analoji göstərici 13 faiz, Norveçdən sonra 2-ci sırada qərarlaşan Danimarkada isə 50 faiz təşkil edib. Norveçin belə  uğurlu nəticə əldə etməsinin 3 mühüm səbəbi var: avtomobil satışı üçün vergi güzəştləri, elektrikli maşınlar üçün subsidiya ödənişləri və karbon emissiyasının həcminə görə verginin tətbiqi. Avtomibil alışı üçün vergi sistemi elə müəyyən olunub ki, alıcılar üçün idxal olunan elektrikli nəqliyyat vasitələrinin qiyməti onların benzinlə işləyən analoqlarından daha ucuz başa gəlir. Xüsusilə də emissiyanın həcminə görə verginin tətbiqinin son dərəcə effektiv olduğu bildirilir. Avtomibilin sürülməyə başladığı ilk ildə karbon emissiyas üçün orta hesabla 1000 avro vergi alınır. İstismar müddəti artdıqca, verginin məbləği də yüksəlir. Məsələn, ilk ilə nisbətən 4-cü ildə 2 faiz, 8-ci ildə 2,5 faiz artıq emissiyası vergisi alınır.  Bu vergidən əldə olunan vəsait  hesabına təxminən 62,5 min elektrikli avtomobilin hər birinə 1200 avro olmaqla subsidiya ödəmək imkanı əldə edilir. 

 Dizel və benzin yanacağı üçün verginin tətbiqi də elektrikli nəqliyyat vasitələrinə marağı artıran əsas alətlərdən biridir. Norveçdə tədqiqat institutları tərəfindən yanacaq vergisinin və onun qiymətlərə təsirinin emissiyanın həcminə təsiri öyrənilib. Əldə olunan nəticə budur ki, qısamüddətli dövrdə (ilk 2-3ildə) bu təsir az görünsə də, daha uzun zaman kəsiyində elektromobilləşməyə marağı artırmaqla emissiyanın həcminə azaldıcı təsir göstərən siyasət alətinə çevrilə bilir. Tədqiqatın üzə çıxardığı daha vacib məqamlardan biri də budur ki, elektrombilləşmənin sürətlənməsində 2 amilin rolu çox önəmlidir: avtomobillərin alışı üçün subsidiya və vergi mexanizmləri vasitəsilə təşviq və enerjidoldurma infrastrukturunun keyfiyyətli və hər mümkün qədər əlçatan şəkildə qurulması. Norveçin dünyada elektromobilləşmədə lider ölkəyə çevrilməsində məhz təşviqlərin əhəmiyyətli rol oyandığı vurğulanır. Söhbət təkcə elektrikli nəqliyyat vasitələrinin vergisiz və subsidiya dəstəyi ilə alınmasından da getmir: ödənişli yollardan və parklanma yerlərindən pulsuz istifadə, ictimai stansiyalardan enerjinin pulsuz doldurulması da geniş təşviq paketinin tərkib elementləri sırasındadır.  

 Norveçdə elektromobilləşmənin uğurunda yerli strukturlar da mühüm rol oynayır. Məsələn, bələdiyyələr elektrikli nəqliyyat vasitələrini parklanma üçün xidmət haqlarından, pullu yollarda ödənişlərdən azad edir. Yerli hökumət ətraf mühitin idarə olunmasında ciddi qərarvermə və nəzarət səlahiyyətlərinə sahibdir. 

Öz növbəsində, Norveçdə bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunun dekarbonizasiyası sahəsində uğurlu iqlim strategiyası güclü parlamentar sistemin və qanunverici orqan qarşısında tam hesabatlı və çevik hökumət strukturlarının fəaliyyəti ilə əlaqələndirilir.  


 

      3.Azərbaycanda elektromobilləşmənin mövcud vəziyyəti.

 

   Azərbaycanda elektromobilləşmə prosesi son 5 ildə müşahidə edilməyə başlanıb. Dövlət Gömrük Komitəsinin (DGK) xarici ticarətə dair illik hesabatlarına ölkəyə elektrikli nəqliyyat vasitələrinə dair məluamtalar 2020-ci ildən daxil edilməyə başlayıb. Dövlət Statistika Komitəsi isə istismarda olan hibrid və elektirklə işləyən maşınların sayı barədə 2022-ci ildən məlumatlar açıqlayır.  DGK-nın hesabatlarına görə, son 5 ildə elektrik mühərrikli və hibrid minik avtomobillərinin idxal həcminin dinamikası aşağıdakı kimi dəyişib:

 

2020-2024-cü illərdə hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxal həcmi, ədədlə:

Diaqram 1 

 

 

Statistik göstəricilərdən göründüyü kimi, həm hibrid, həm də elektrik mühərrikli minik avtomobillərin idxalında son illər kəskin artım müşahidə olunub. Əgər 2020-ci ildə Azərbaycana 5080 ədəd hibrid minik avtomobili idxal edilmişdisə, 2024-cü ildə həmin göstərici 5 dəfədən çox artaraq 26197 ədədə çatıb. Eyni zamanda, göstərilən dövrdə elektrik mühərrikli minik avtomobillərinin idxalı 20 dəfəyə yaxın artaraq 167 ədəddən 3027 ədədə çatıb.  

 

2020-2024-cü illərdə hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalının ümumi idxalda payı, %-lə:

Diaqram 2

 

  

Diqqəti cəlb edən mühüm faktlardan biri budur ki, təhlil aparılan dövrdə hibrid və elektrik mühərrikli minik avtomobillərinin həmin kateqoriyadan olan nəqliyyat vasitələrinin ümümi idxalında payı 10,5 faizdən 35,5 faizə çatıb. Öz növbəsində, 5 il ərzində Azərbaycana minik maşınlarının idxalı 66 faiz və ya 32,6 min artıb ki, bu artımın 90 faizi məhz hibrid və elektrik mühərrikli avtomobillərin idxalının genişlənməsi hesabına baş verib.

Rəsmi statistik hesabatlar mövcud (istismarda olan) avtomobil parkının strukturunda da idxalın genişlənməsinin təsirini nümayiş etdirir. 

 

Mövcud avtomobil parkının strukturunda hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin növlər üzrə sayı, ədəd:

 

     

2022

 

2023

 

2024

               

Elektrik mühərrikli və hibrid minik avtomobilləri

   

30733

 

45204

 

72236

Elektrik mühərrikli və hibrid yük maşınları

   

2

 

5

 

52

Elektrik mühərrikli və hibrid avtobuslar

   

7

 

15

 

190

   

 

   

DSK-nın məlumatına görə, 2022-2024-cü illərdə istismarda olan hibrid və elektrik mühərrikli avtomobillərin sayı 30,7 mindən 72,2 min ədədə, ümumi strukturda süsusi çəkisi isə 2,2 faizdən 4,6 faizə yüksəlib. Bu o deməkdir ki, hazırda Azərbaycanda küçələrdə hərəkət edən hər 1000 ədəd minik avtomobilindən 46 ədədi hibrid və elektrik mühərrikli nəqliyyat vasitəsidir.  Amma hələlik avtobus və yük maşınları parkında analoji maşınların sayı və payı həddən artıq aşağıdır. 2024-cü ildə Azərbaycanda hibrid və elektrik mühərrikli cəmi 52 ədəd yük maşını, 190 ədəd isə avtobus olub. Həmin tarixdə ölkə üzrə 181,1 min ədəd yük maşını, 32,1 min ədəd isə avtobus istismarda olub. Yəni hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin avtobus və minik maşınları parkında xüsusi çəkisi təxminən 0,1 faiz təşkil edir.   

Son illər qlobal tendensiyaya uyğun olaraq Azərbaycanda hibrid və elektrik mühərrikli minik avtomobillərinin sayında müşahidə olunan artımda vergi vasitəsilə təşviqlərin də müəyyən səviyyədə rol oynadığını ehtimal etmək olar. Belə ki, Vergi Məcəlləsinin 164-cü maddəsinə görə, mühərrik həcmindən asılı olmayaraq 3 ildən az istismar müddətinə malik elektrik mühərrikli avtomobillərin idxalı və satışı tamamilə ƏDV-dən azaddır. Bu güzəşt hibrid avtomobillərin idxalı və satışına o halda aid edilir ki, onların  istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kubsantimetrdən az olsun. Bu güzəştlər 2022-cil ilin yanvarından tətbiq edilməyə başlanıb və 2026-cı ilədək qüvvədədir. 

Öz növbəsində, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı da ƏDV-dən 5 il müddətinə azaddır. Bu güzəştlərin sayəsində elektrik mühərrikli avtomobillərllə onların ənənəvi yanacaqla işləyən analoqlarının qiyməti arasında xeyli fərq yarandığı görünür və Dövlət Gömrük Komitəsinin yaratdığı kalkulyatorla hesablama da bunu göstərir. Məsələn, 2024-cü il istehsalı olan, mühərrikinin həcmi 2500 kubsantimetr, invoys dəyəri 20 min ABŞ dolları olan benzinlə işləyən, hibrid və elektrik mühərrikli 3 fərqli avtomobil üçün idxal vergi və rüsumlarının məbləği aşağıdakı kimidir:

 

  1. Benzinlə işləyən -    13600 manat, o cümlədən idxal rüsumu 2975 manat, ƏDV 7525 manat, aksiz 3100 manat;

 

(ii) Hibrid-benzin – 6075 manat, o cümlədən ƏDV 7525 manat, aksiz 3100 manat;

 

  ( iii)Tam elektrikli – 0 manat.

 

Təqdim edilən məlumatlardan göründüyü kimi, 2024-cü istesalı olan, 2500 kubsantimetr mühərrik həcminə malik 34 min manat invoys dəyərinə malik tam elektrikli minik avtomobilin qiyməti benzinlə işləyən analoqundan 13,6 min manat, hibriddən (benzzind) isə 6075 manat ucuz başa gəlir. Mühərrikin həcmi artdıqca, qiymət fərqli daha da böyüyür. Məsələn, 2024-cü il istehsallı, amma mühərrik həcmi 3500 kubsantimetr olan tam elektrikli və benzinlə işləyən avtomobillərin qiymət fərqi vergi güzəştləri hesabına 26 min manata çatır. 

Azərbaycanda mövcud vergi güzəştlərilə bağlı mühüm bir dəyişiklik elektromobilləşmənin sürətini daha da artıra bilər: istismar müddəti 5 ilədək olan hibrid və elektrik mühərrikli avtomobillər bütn vergi və rüsumlardan azad edilməlidir. Halbuki hazırda bu müddət 3 ildir. Üstəlik, hətta 3 ildən az istismar müddəti olan hibrid maşınlar yalnız ƏDV-dən azaddır, aksiz vergisi və idxal rüsumunu ödəməlidir.

Azərbaycan hökumətinin 2022-2026-ci illər üzrə sosial-iqtisadi inkişaf startegiyasında da elektromobilləşmə ilə bağlı müəyyən fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə qeyd edilir ki, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması əsas fəaliyyət istiqamətlərindən biri olaraq müəyən edilir. Bunun üçün elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiq ediləcəyi, istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görüləcəyi, ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılacağı və əhatə dairəsinin genişləndiriləcəyi, ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılacağı vurğulanıb. Lakin son ildə bu qeyd olunan tədbirlər ya ümumiyyətlə həyata keçririlməyib (məsələn maliyyə əlçatanlığının artırılması), ya da çox məhdud xarakter daşıyıb (məsələn, enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi). Vergi güzəştlərinin tətbiqinə isə hələ bu strategiya təsdiq edilməzdən əvvəl başlanmışdı. 

Strategiyada nəzərdə tutulan tədbirlərdən biri də Elektromobillik üzrə Milli Planın hazırlanması idi və sənəd 2022-2024-cü illərdə işlənməli idi. Artıq 2025-ci ilin sonun az qalsa da, həmin Planla bağlı hər hansı məlumat mövcud deyil. Halbuki bu Plan zəruri infrastrukturun inkişafı, elektrikli nəqliyyatın təşviqi, enerji doldurma cihazlarına və , batareyalara münasibətdə zəruri standartların yaradılması, ictimai maarifləndirmə baxımından son dərəcə vacib sənəd rolunda çıxış edə bilər.

 

                             Analizin  xülasəsi və əsas nəticələri.

 

Elektromobilləşmə ilə bağlı dünyada o cümlədən bu sahədə model sayılacaq ölkə olaraq Norveçdə və Azərbaycanda baş verən proseslərin analizi aşağıdakı nəticələri ortaya qoyur:

 

  • Qlobal miqyasda nəqliyyat sektorunun istixana qazları emissiyası son 50 ildə hər hansı digər sektorla müqayisədə daha sürətli artmışdır və əgər heç bir tədbir görülməzsə, 2050-ci ilə qədər unun həcminin 60 faiz artacağı gözlənilir.

 

  • Avropada karbon emissiyasının 27 faizi məhz nəqliyyat sektorunda formalaşır.;

 

  • Norveçdə nəqliyyat sektorunun dekarbonsizasiyası istiqamətində davamlı təşəbbüslər hesabına 2005-2019-cu illərdə nəqliyyat sektorunun karbon emissiyası əvvəlki 10 illliklə müqayisədə 9 faizə yaxın azaldı. 

 

  • 2024-cü ildə dünyada satılan hər 5 nəqliyyat vasitəsindən biri elektriklə işləyən maşınlar olub və onların illik satış həcmi 17 milyon ədədə çatıb. 2023-cü illə müqayisədə adıçəkilən avtomobillərin satışı 25 faiz artıb. Hazırda dünyada 40 milyon elektriklə işləyən avtombil mövcuddur.

 

  • 2023-cü ildə satılan bütün avtobusların Belçika, Norveç və İsveçrə kimi Avropa ölkələrində, eləcə də Çində 50 faizi, Kanada,  Çili, Finlandiya, Hollandiya, Polşa, Portuqaliya və İsveçdə isə 20 faizi elektriklə işləyən nəqliyyat vasitələri olub. Həmin il qlobal miqyasda təxminən 50 000 elektrik avtobusu satılıb ki, bu da ümumi avtobus satışlarının 3%-nə bərabərdir.

 

  • Dünyada satılan bütün elektrikli avtobusların 60 faizi Çinin payına düşüb 

 

  • Avropa Birliyi üzrə şəhər nəqliyyatı üçün xəttə buraxılan bütün avtobusların 43 faizi elektirikli nəqliyyatın hesabına təmin edilib.

 

  • 2023-cü ildə elektriklə işləyən yük maşınlarının sayı 35 faiz artıb;

 

  • Elektromobilləşmənin sürətini artırmaq üçün əsas təşviq alətlərindən biri ödənişsiz doldurma stansiyalarının sayının artırılmasıdır.

 

  • Ümumi avtomobil satışının 90 faizini elektrikli nəqliyyat vasitələri təşkil edən Norveçdə bu qəbildən olan maşın sahiblərinin 82 faizi elektirk təchizatını öz evlərindən, 18 faizi isə elektirkdoldurma stansiyalardan təmin edirlər. 

 

  • Avropa Birliyi isə 2023-cü ilin sonlarında əsas nəqliyyat dəhlizləri boyunca hər 60 kilometrdən bir ictimai elektrik doldurma stansiyalarının qurulması barədə qərar verib. 

 

  • Norveçdə 2024-cü ildə satılan hər 100 minik avtomobildən 90 ədədi həmin qəbildən olan nəqliyyat vasitələri olub.

 

  • Son 5 ildə Azərbaycanda hibrid və elektrik mühərrikli avtomobilərin idxalı 5 dəfə artıb, ümumi idxalda bu qəbildən olan nəqliyyat vasitələrinin payı 10,5 faizdən 35,5 faizə çatıb;

 

  • Son 3 ildə Azərbaycanda istismarda olan hibrid və elektrik mühərrikli avtomobilərin sayı 2,5 dəfəyə yaxın artb.

 

  • Azərbaycanda hibrid və elektirk mühərrikli avtomobillərin idxalına və satışına münasibətdə vergi güzəştləri tətbiq edilsə də, subsidiya mexanizmi istifadə olunmur. 

 

Analizdən çıxan nəticələrə əsasən yaxın dövr üçün aşağıdakı təkliflərin reallaşdırılması elektromiblləşmənin sürətləndirilməsi baxımından müsbət effekt yarada bilər:

 

  1. Hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinə münasibətdə vergi təşviqlərinin genişləndirilməsi (məsələn, istismar müddəti 3 ilə deyil, 5 ilədək olan avtobobillərin də bu differensiallaşdırılmış həcmdə güzətlərdən yararlanması);

  2. Parklanma yerlərində hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri üçün imtiyazların müəyyən edilməsi;

  3. Hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri üçün differensial subsidya mexanizminin tətbiqi;

  4. İctimai statuslu və ödənişsiz xidmət təklif edən enerji doldurma stansiyaların yaradılması və əhatə dairəsinin genişləndirilməsi;

  5. Mənzil-tikinti kooperativlərinin əmlakı çərçivəsində enerji doldurma məntəqələrinin quraşdırılması qaydalarının müəyyən edilməsi prosesinin başa çatdırılması;

  6. Elektromobillik üzrə Milli Planın hazırlanmasının başa çatdırılması və ictimai müzakirəyə çıxarılması.