SOCAR-da yeni idarəetmə dövrü: mövcud hesabatlar və statistik göstəricilər əsasında yeni və köhnə idarəçiliyin müqayisəli analizi
Giriş
Ölkə iqtisadiyyatına verdiyi töhfəyə, sahib olduğu aktivlərin həcminə və maliyyə potensialına görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqayisə edilə biləcək hansısa müəssisə yoxdur. Yəni, SOCAR sistemyaradıcı əhəmiyyətə malik iqtisadi struktur. Həm bu amilə, həm də şirkətin tamamilə dövlətə aid olmasına görə SOCAR-ın digər biznes struktrulardan fərqli olaraq daha şəffaf və hesabatlı olması zəruridir. Məsələn, Azərbaycanda ictimai müzakirələrdə Dövlət Neft Fondunun öz fəaliyyətində Norveçin Qlobal Pensiya Fondunu nümunə kimi götürməsi təklif edilir. Amma oxşar təklif SOCAR üçün daha vacibdir. Norveçin “Equinor” neft-qaz hasilatı şirkəti də dövlət müssisəsidir və ən yüksək səviyyədə hesabatlılıq nümayiş etidirir və təqdim olunan analizdə həmin şirkətin hesabatlılıq təcrübəsi ilə bağlı nümunələr veriləcək.
Son 6 ildə (2020-ci ildən başlayaraq) SOCAR-da idarəetmənin təkmilləşdirilməsi adı ilə bir sıra addımlar atılıb. Əvvəlcə şirkətin idarəçiliyində söz sahibliyi 2020-ci ilin avqustunda yaradılan İnvestisiya Holdinqə[1] keçdi. Holdinqin əsas vəzifəsi belə müəyyən edilib: SOCAR-la bərabər 10-dan artıq dövlət müəssisəsinin vahid prinsiplər əsasında idarə olunmasını, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsini, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasını təmin etmək. İnvestisiya Holdinqin Nizamnaməsindən[2] də aydın olur ki, bu qurum dövlətin SOCAR-a ayırdığı investisiyaların səmərəli istifadəsi üzərində nəzarəti həyata keçirmək səlahiyyətinə malikdir.
Bunun ardınca (2021-ci ilin yanvarında) SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək üçün şirkətin Müşahidə Şurası yaradıldı[3]. Bu addım beynəlxalq təcrübəyə istinad edilərək atılsa da, yaxşı təcrübələrdən fərqli olaraq onun Müşahidə Şurası tamamilə yüksək vəzifəli hökumət məmurlardan təşkil edilir. Şurada hətta bir nəfər də olsa müstəqil, hökumətdənkənar şəxs yoxdur və faktiki olaraq bütün üzvlər siyasi vəzifə tutan təmsilçilərdir. Halbuki beynəlxalq təcrübədə korporativ idarəçilər peşəkar və kənar şəxslərdən ibarət olur.
Nəhayət, 2022-ci ilin əvvəlində isə SOCAR-a 15 illdən artıq rəhbərlik etmiş şəxs şirkətin prezidenti vəzifəsindən çıxarıldı[4]. Qısa müddətdə yeni prezident və vitse-prezidentlərdən ibarət komnada fəaliyyətə başladı.
İndi ən maraqlı suallardan biri budur: ötən dövr ərzində şirkətin fəaliyyətində, xüsusən iqtisadi göstəricilərində, hesabatlılığında hansı dəyişikliklər olub. Təqdim olunan analizdə məhz bu suala cavab axtarılıb. Köhnə rəhbərliyin təqdim elədiyi son hesabatlar 2021-ci ilə aid olub. Bu səbəbdən müqayisələrdə baza dövrü kimi məhz 2021-ci ilə aid hesabatlardan, yeni rəhbərlik tərəfindən açıqlanmış ən son hesabat dövrü kimi isə 2024-cü ilə aid hesabatlardan istifadə edilib.
SOCAR öz təcrübəsində 3 növ hesabat açıqlayır: illik fəaliyyət hesabatları, davamlı inkişafa dair hesabatlar və maliyyə hesabatları. Təqdim olunan anailizdə də 2021-ci il və 2024-cü ildə yayılmış hesabatlardakı göstəricilər əsasında yeni və köhnə dövrün müqayisəsi aparılıb[5].
1. İllik fəaliyyət hesabatı: 3 ildə nələr dəyişib?
İllik hesabatın strukturunda, ictimaiyyət üçün açıqlanan informasiyaların həcmində müəyyən dəyişikliklər diqqətdən qaçmır. Məsələn, 2021-ci ilin hesabatında SOCAR-ın əsas layihələri üzrə fəaliyyətləri (məsələn, Cənubi Qafqaz Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu qaz boru kəməri, Trans Adriatik Boru Kəməri, Şahdəniz, Azəri-Çıraq-Günəşli), ölkə xaricində həyata keçirdiyi layihələr (məsələn, Rumıniyada “SOCAR Petroleum SA” şirkəti, SOCAR
Enerji Türkiyə A.Ş, STAR NEZ, “SOCAR Enerji Ukrayna” şirkəti, “SOCAR Energy Switzerland” şirkəti, “SOCAR Trading S.A.” şirkət, “SOCAR Energy Georgia” şirkəti), eləcə də SOCAR-ın xarici şirkətlərlə ortaq yaratdığı birgə müəssisələr, alyanslar və əməliyyat şirkətləri (məsələn, AzGerneft MMC, “Atəşgah” Sığorta Şirkəti, Azfen Birgə Müəssisəsi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, Salyan Oil ƏŞ və s.) barədə geniş informasiya təqdim edilmişdi.
2024-üc ilin hesabatında bu məlumatlar təqdim edilməyib. Həmin məlumatların hər il hesabatlara daxil edilməsi ona görə lazımdır ki, ötən dövrdə şirkətin fəaliyyətində baş verən dəyişikliklər, onun maliyyə göstəriciləri ilə əlaqəsini izləmək mümkün olsun. Məsələn, 2021-2024-cü illərdə asılı və birgə müəssisələrə investisiyalar 3,5 dəfə azalıb, qeyri-nəzarət payları isə 17 dəfə artıb. Lakin mövcud illik hesabatlarda yuxarıda təqdim olunan informasiyaların davamlı açıqlanmaması həmin dəyişikliklərin səbəblərini də görməyə imkan vermir.
Son 3 ildə İqtisadi göstəricilərin (hasilat) müqayisəsinə gəldikdə, 2021-ci illə müqayisədə 2024-cü ildə neft hasilatı təxminən 400 min ton (5%) azalaraq 7,5 milyon tona, qaz hasilatı isə 143 milyon kubmetr azalaraq 7,7 milyard kubmetrə enib.

Ötən dövrdə hasil olunan hasilat məhsullarının maya dəyərində xeyli artım olmuşdur. Belə ki, 2021-2024-cü illərdə hər ton xam neftin maya dəyəri 40% və ya 45 manat artaraq 160 manata yüksəlib. Əmək haqqı xərclərinin ümumi xərclərdə payı demək olar ki, dəyişməyib və 15,5% ətrafında olub. Maya dəyərində nəqliyyat, yanacaq və elektrik enerjisi xərclərinin xüsusi çəkisi daha çox artıb.
Həmin dövrdə hər 1000 kubmetr qazın maya dəyəri 19 manat və ya 31% artaraq 80 manata yüksəlib. Qaz hasilatında əmək haqqı xərclərinin xüsusi çəkisi daha çox artıb və 12%-dən 13%-ə yüksəlib.
Hesabatların müqayisəsi göstərir ki, emala cəlb olunan neft-qaz xammalının həcmində ciddi azalma müaşhidə edilib. Belə ki, 2021-2024-cü illərdə emalının həcmi 900 min ton və ya 16%-ə yaxıb azalaraq 5,8 milyon tona enib. Bu isə bəzi emal məhsullarının istehsalında özünü göstərib. Artım əsasən kimya sənayesi məhsullarında olub. Belə ki, təhlil aparılan dövrdə karbamid istehsalı 72%-ə yaxın, yaxud 274 min ton artaraq 652 min tona, metanol istehsalı 36% və ya 139 min ton genişlənərək 517 min tona yüksəlib. Aşağıda təqdim olunan məlumatlardan da göründüyü kimi, kimya sənayesi məhsullarından fərqli olaraq neft emalı məhsulları azalıb.
SOCAR-ın istehsal elədiyi əsas emall məhsullarının həcmi, min tonla
|
Emal məhsulları, növlər üzrə |
2021 |
2024 |
|
Neft emalı üçün xammal |
6720 |
5805 |
|
Benzinlər cəmi |
1643 |
1440 |
|
Reaktiv mühərrik yanacağı |
492 |
589 |
|
Dizel yanacağı |
2396 |
2061 |
|
Maye qazlar |
270 |
178 |
|
Neft koksu |
256 |
183 |
|
Neft bitumu cəmi |
362 |
265 |
|
Sürtkü yağları |
36 |
12 |
|
Soba mazutu |
106 |
27 |
|
Metanol |
378 |
517 |
|
Karbamid |
378 |
652 |
|
Propilen xammalı |
146 |
120 |
Benzin istehsalında 203 min ton (12%), dizel yanacağı istehsalında 335 min ton (14%) maye qaz istehsalında 92 min ton (51%) azalma olub.
Hasilat və emaldakı azalma kapital qoyuluşlarının da azalmasına təsirsiz ötüşməyib. 2021-ci illə müqayisədə 2024-cü ildə 199 milyon manat (10%) azalaraq, 1,990 milyard manata enib. Azalma əsasən qazma və kəşfiyyat işləri ilə bağlı olub. Tikinti ilə əlaqəli kapital qoyuluşları isə əksinə 35 milyon manata yaxın artaraq 1,531 milyard manat təşkil edib.
İllik hesabatlarda ən ciddi problemlərdən biri şirkətin satınalmaları ilə bağlı ətraflı informasiyaların təqdim edilməməsidir. Bu məsələyə yanaşma köhnə və yeni idarəçilərin dövründə demək olar ki, dəyişməyib. Hər 2 il üzrə hesabatlarda açıqlanan məlumatlardan aydın olur ki, son 3 ildə şirkətin aldığı material ehtiyatlarının məbləği 253 milyon manata yaxın azalmışdlr. Belə 2021-ci ildə alınan maddi ehtiyatların dəyəri 1,253 milyard manat təşkil etmişdisə, 2024-cü ildə həmin göstərici 1 milyard manat ətrafında olmuşdu. 2021-ci il üzrə illik hesabatda qeyd edilirdi ki, satınalma müsabiqələrinin təşkilini və idarə olunmasını nəzərdə tutan, artıq tətbiqinə başlanılmış “E-satınalma” modulunun pilot layihə formatında sınaqdan keçirilməkdədir. Lakin 2024-cü ilin hesabatında bu sistemin fəaliyyəti, onun məlumat bazasından əldə olunan əsas məlumatlarla bağlı ümumiyyətlə heç nə yazılmayıb. Açıqlanan məlumat yalnız budur ki, şirkətin illik mal-material tələbatının ödənilməsi üçün 2024-cü ildə kənar təşkilatlardan 173,1 milyon manat dəyərində maddi texniki vəsaitlər alınmışdır. Halbuki satınalmanın predmeti yalnız əmtəələr (mallar) deyil. Öz növbəsində, SOCAR kimi şirkətin böyük həcmdə tikinti işlərinə, müxtəlif xidmətlərə də ehtiyacı olur, həmin iş və xidmətlərin də əldə edilməsi üçün satınlmaların təşkili qaçılmazıdır. Lakin illik hesabatlarda SOCAR-ın potensial dövriyyəsi 100 milyonlarla manat olan mal,iş və xidmət satınalmalarında xərclədiyi vəsaitlərin ümumi məbləği, xərclənən vəsaitlərin strukturu barədə ən azından ümumiləşdirilmiş məlumatlar əldə etmək mümkün deyil. Şirkətin rəsmi saytında ayrıca satınlama bölməsi[6] olsa da, 2024-cü ildən sonra nə mal, iş və xidmət satınalmalarına dair elanlar, nə onların nəticələrinə dair təltif bildirişləri, nə bağlanmış müqavilələr və hər bir müqavilə üzrə qaliblər, satınalma məbləğləri, müqavilələrin müddəti barədə hər hansı informasiya açıqlanmır.
İllik hesabatda SOCAR-ın xaricdəki fəaliyyətinə dair də informasiyalara yer verilmir. Türkiyədə istehsal elədiyi məhsulların həcmi, ixrac göstəriciləri, Gürcüstan, İsveçrə, Rumıniya və Ukraynada satılan məhsulların, göstərilən xidmətlərin həcmi və çeşidi barədə ümumiləşdirilmiş statistik göstəricilərin təqdim edilməsi mümkündür.
2. Davamlı İnkişafa dair hesabat: yeni və köhnə dövrdə açıqlanan fəaliyyətlər
SOCAR uzun illərdir maliyyə və illik fəaliyyətlərə dair hesabatlarla yanaşı davamlı inkişaf üzrə də hesabat açıqlayırdı. Lakin yeni rəhbrliyin idarəçiliyi dövründə ən son açıqlanan davamlı inkişaf hesabatı 2024-cü ilə aiddir və 2025-ci ildə bu sənədin yayımının bərpa olunub-olunmayacağı bəlli deyil.
Əslində 2023-cü ilin davamlı inkişaf hesabatı həm genişliyinə, həm də yeni bölmələrin əlavə edilməsi baxımından əvvəlki dövrlər müqayisədə daha təkmil idi. Məsələn, informasiya təhlükəsiziliyi, enerji keçidi və dekarbonizasiya ayrıca bölmə kimi təqdim olunub, emissiyalar və performansın idarə edilməsi daha geniş və detallı təqdim edilib. Təəssüf ki, bu müsbət təcrübə yeni rəhbərlik dövründə hələlik cəmi bir dəfə tətbiq edilib.
Davamlı inkişafa dair 2023-cü il hesabatda “korrupsiyaya qarşı fəaliyyətimiz” adlı bölmədə diqqəti cəlb edən belə bir cümlə var: “hesabat dövründə SOCAR-ın struktur təşkilatlarında korrupsiya halları aşkar edilməmişdir”. Hesabatda bu iddianı arqumentəşdirmək üçün bir sıra arqumentlər gətirilir. Məsələn, vurğulanır ki, şirkətdə rəhbər vəzifələrə namizədlərin yoxlanması, Korporativ maraqların toqquşması hallarının tənzimlənməsi üzrə siyasət, Biznes Etikası Məcəlləsi, korrupsiya ilə mübarizə və şəffaflığın artırılması standartları və s. işlənib tətbiq edilir. Mümkündür ki, bu cür mexanizm və standartlar Global Hesabatlılıq Təşəbbüslərinin (Global Reporting Initiative)[7] çərçivələrinə uyğunluq baxımından formal olaraq məqbul sayılsın. Bu beynəlxalq təşəbbüs korrupsiya riskləri üzrə qiymətləndirilmiş əməliyyatların miqyasını, antikorrupsiya siyasətləri üzrə kommunikasiya və təlimlərin mövcudluğunu, təsdiqlənmiş korrupsiya hallarının miqyasını və onlara qarşı görülmüş tədbirlərin mövcudluğunu göstərir. Lakin bu çərçivələrin formal mövcudluğu təkbaşına hələ korrupsiyanın baş vermədiyini sübut etmir. Halbuki dövlətə məxsus şirkətlər üçün korrupsiya riskinin ən yüksək olduğu sahələrdən biri məhz satınalmalardır. Xüsusilə də podratçı seçimi, subpodratçıların cəlbi mexanizmləri, sponsorluq və xeyriyyəçilik korrupsiyanın yayılması baxımından həssas seqmentlərdir. İstənilən dövlət şirkətinin, eləcə də SOCAR kimi nəhəng maliyyə dövriyyəsinə malik müəssisənin öz ictimai hesabatlarında korrupsiyanın ümumiyyətlə mövcud olmamasını tərəddüdsüz iddia etməsi üçün əhatəli bir sistem və onun mükəmməl işlənmiş elementlərinin mövcudluğu şərtdir. Söhbət açıq və rəqabətli satınalma prosedurunun, tender məlumatlarının açıq reyestrinin, korrupsiya risklərinin açıq xəritəsinin, ISO 37001 “Rüşvətə qarşı idarəetmə sistemi”(Anti-bribery management system) sertifikatının olmasından gedir. Məhz bu cür kompleks sistemin effektiv işlədiyi halda korrupsiya halları avtomatik aşkar edilir.
Davamlı İnkişaf Hesabatında ictimaiyyət üçün açıqlanan vacib informasiyalardan biri də SOCAR-ı əhatə edən bütün müəssisə və təşkilatlarda işçi heyətinin sayı ilə bağlı idi. 2023-cü ilin sonuna şirkətdə ümumi işçi sayı 48320 nəfər olmuşdur ki, bu da 2021-ci ilin yekununa nisbətən 550 nəfər azdır. Hesabatın açıqlandığı tarixə şirkətin ümumi işçilərinin 12,2%-ni və ya 5850 nəfərini rəhbər heyət, 18,8%-ni, yaxud 8310 nəfərini mütəxəssislər, 66,2%-ni və ya 31890 nəfərini fəhlələr təşkil etmişdir. Yeni heasabat açıqlanmadığı üçün 2024-2025-ci illərdə SOCAR-da işçi sayının necə dəyiilməsinə dair dəqiq rəsmi məlumat almaq mümkün deyil. Lakin qeyri-rəsmi kanallarla şikətdən əldə olunan məlumata görə, son 2 ildə SOCAR üzrə ümumilikdə 6 min nəfərə yaxın işçi ixtisar edilib və ümumi işçi sayı 42 min nəfərə yaxınlaşıb. Həmin dövrdə SOCAR-ın xaricdəki şirkətlərində isə 13500 nəfərə yaxın insan çalışmışdı. Ən maraqlı məqam budur ki, 2021-ci ildə şirkətin baş ofisində 600 nəfərdən bir qədər çox işçi çalışırdı və bu SOCAR üzrə ümumi işçi heyətinin 1,2%-nə yaxın idi. Hazırda isə baş ofisdə işləyənlərin sayı bütün heyətin 2,2%-nə yüksəlməklə 950 nəfərə yaxınlaşır.
Hesabatlar üzrə göstəricilərin müqayisəsi göstərir ki, 2023-cü ildə 2867 nəfər (2021-ci ildə 3414 nəfər) mənzil növbəsində olmuşdur. 2021-ci ilə nisbətən xeyriyyəçilik və sponsorluq xərclərinin məbləği də 15%-ə yaxın (39 milyon manat) artaraq 2023-cü ildə 300 milyon manata çatmışdır. Ekoloji fəaliyyətlərə çəkilən xərclərə baxdıqda, 2021-2023-cü illərdə illik xərclərin məbləğinin Azərbaycan üzrə 26 milyon manatdan 15 milyon manata endiyi, Türkiyədə isə 22,4 milyon manatdan 316,5 milyon manata yüksəldiyi görünür.
3. Maliyyə hesabatlılığı: əsas dəyişikliklər nədir?
Yuxarıda təqdim olunan məlumatlardan göründüyü kimi, köhnə rəhbərlik dövrü ilə müqayisədə son 3 ildə SOCAR-ln ölkədaxili istehsal göstəricilərində (həm hasilat, həm emal üzrə) azalmalar baş verib. Şübhəsiz ki, xüsusilə də hasilatdakı azalmanın idarəçilikdəki dəyişikliklərdən qaynaqlandığnı iddia etmək olmaz. Bütövlükdə ölkə üzrə, o cümlədən hasilatın pay bölgüsü sazişləri çərçivəsində də xam neftin azalması son illər qarşısıalınmaz prosesdir. Rəsmi statistikaya görə, son 5 ildə Azərbaycanın xam neft hasilatı 5 miylon tondan çox azalıb[8].
Lakin maliyyə göstəricilərində baş verən dəyişikliklər, xüsusən mənfəət və kapitalın həcmində baş verən dəyişikliklər birbaşa idarəetmənin keyfiyyətindən asılıdır. Konkret maliyyə göstəricilərini müqayisə etdikdə, ötən 3 ildə baş verən dəyişiklikləri daha aydın görmək mümkündür. Məsələn, cari aktivlər təxminən 4,5 mlrd. manat artaraq 28,5 mlrd. manata çatıb. Bu artımın bir necə mənbəyi var və aşağıdakı diaqramdan bunu görmək mümkündür:

2024-cü ilin maliyyə hesabatında bütün qeydlər yığışdırıldığı üçün bu dəyişikliklərin səbəbilə bağlı hər hansı rəsmi izah yoxdur. Bu səbəbdən yalnız nəzəri yanaşmalar əsasında cari aktivlərin strukturunda baş verən dəyişikliklər barədə təxminlər söyləmək mümkündür.
Şirkət ötən dövrdə pul vəsaitlərini və onun aktivlərini artırmağa üstünlük verib. Bu vəsaitlər şirkətin kassalarında və bank hesablarda olan nağd vəsaitlərlə yanaşı, qısa müddətdə (maksimum 3 ay ərzində) nağd pula çevrilə bilən, dəyərinin itirilməsi üçün ciddi risk olmayan aktivləri (məsələn, istiqrazlar) əhatə edir. Depozitlər qısa müddətli olduqda (məsələn, 3 aya qədər) həmin vəsaitlər də maliyyə hesabatlarında bu maddəyə daxil edilir. Amma SOCAR-ın hesabatından göründüyü kimi, hesabatda ayrıca əks olunan “depozitlər” maddəsi üzrə məbləğ 2021-2024-cü illərdə 4,5 dəfədən çox artaraq 2,8 milyard manata çatıb. Ümumilikdə cari aktivlərin artımında əsas mənbə məhz nağd pul vəsaitləri və uzunmüddətli depozitlər olub. Görünür, şirkət əlində olna nağd vəsaitləri depozitlərə yönəltməklə əsas fəaaliyyətlərindən itirdiyi gəlirlərin bir hissəsini faiz gəlirləri hesabına kommpensasiya etməyə çalışır. Nağd pul və depozitlərin artımının mümkün mənbəyi mənbəyi şirkətin əməliyyat fəaliyyətindən daxilolmaların artımı, cəlb etdiyi borc vəsaitlərinin genişlənməsi, əvvəlki illərdən alacağı borclarını geri qaytarması ola bilər. Yeri gəlmişkən, hesabatdan da görünür ki, 3 ildə SOCAR-ın ticarət və sair debitor borclarının həcmi 1 milyard manatdan çox azalıb. Bu qəbildən borclar şirkətin öz müştərilərinə borc əsasında satdığı mal və xidmətlərə, gördüyü işlərə görə alacaqlarıdır.
Ötən 3 ildə SOCAR-ın uzunmüddətli aktivlərinin həcmində və strukturunda çox ciddi dəyişiklik baş verib və bunu aşağıdakı diaqramdan da görmək mümkündür:

Şirkətin uzunmüddətli aktivlərində 21 mlrd. manata yaxın (46%) artıb. Bu artımın əsas səbəbi əmlak, tikili və avadanlıq formasında aktivlərin məbləğinin təqribən 24,5 mlrd. manat artmasıdır. Bu aktivlərə yeni zavodların, anbarların, platformların tikintisi, nəql və emal infrastrukturunun yaradıması və s. daxildir. Təəssüf ki, mövcud hesabatlarda bu dəyişikliyə aydınlıq gətirə biləcək zəruri qeyd və informasiyalar yoxdur. Hesabatlardan görünən yalnız odur ki, uzunmüddətli aktivlərin həcmində 3 il ərzində baş verən artım Azərbaycan və Türkiyədəki fəaliyyətlərlə bağlıdır. Belə ki, 2021-ci illə müqayisədə 2024-cü ilin sonuna 10 mlrd. manat yaxın artaraq 44 mlrd. manata, Türkiyədə isə 7 mlrd. manatdan 14 mlrd. manata yüksəlib. Amma hesabatları analiz edəndə istənilən halda uzunmüddətli aktivlərin bu qədər kəskin artımına səbəb olacaq investisiya qoyuluuşlarının baş vermədiyi aşkar görünür. Burda yalnız bir ehtimal qalır: beynəlxalq maliyyə hesabatlılığı standartlarına görə, əgər ana şirkət asılı və birgə müəssisləri tam konsalidasiya etməyə qərar verirsə, o zaman bir tərəfdən tam konsalidasiya edilmiş subyektin uzunmddətli aktivləri konsalidə olunmuş maliyyə hesabatında ana şirkətin aktivlərinə daxil edilir, digər tərəfdən isə asılı və birgə müəssisələrə aid invesitisiyalar bölməsi üzrə məbləğlər azalaraq “qeyri-nəzarət payları üzrə” kapital bölməsində əks olunur.
Hesabatlarda zəruri informasiyalar olmasa da, xəbər mənbələrin və mediada yayılan bəzi məlumatlar son 3 ildə SOCAR-ın uzunmüddətli aktivkərində və kapitalında dəyişikliyə səbəb olacaq mümkün hadisələrə rast gəlmək mümkündür. Məsələn, 2024-cü ilin dekabrında yayılan xəbərdə[9] qeyd olunur ki, SOCAR “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində 51%-lə pay üstünlüyü əldə etmişdir. Bununla bağlı ölkə prezidenti 10 dekabr 2024-cü ildə sərəncam[10] imzalamışdır. Sərəncama görə, bu qərarla “Cənub Qaz Dəhlizi”nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası təmin edilmiş olacaq.
Bütün bu məlumatlardan daha çox şirkətin maliyyə nəticələrini əks etdirən ən mühüm göstəricinin – əldə olunan mənfəətin məbləğinin necə dəyişməsi dəyişikliklırin təsirini qiymətləndirmək üçün ən bariz indikator hesab edilə bilər. Maliyyə hesabatlarının analizi göstərir ki, istənilən şirkət kimi SOCAR-ın əsas fəaliyyətinin (hasilat və emal) real effektivliyini nümayiş etdirən əməliyyat mənfəəti 2024-cü ildə 3 il əvvəllə müqayisədə xeyli azalıb.

Diaqramda təqdim olunan məlumatlardan göründüyü kimi, ümumi satış dövriyyəsinin 10%-ə yaxın (təxminən 7 mlrd. manat) artmasına baxmayaraq fəaliyyətin nəricələrini əks etdirən 2 ən mühüm göstərici – ümumi mənfəət və əməliyyat mənfəəti azalmışdır.
Ümumi mənfəət 16,3% və ya 1,4 mlrd. manat azalıb ki, bunun səbəbi satışların maya dəyərinin ciddi şəkildə (7,5 mlrd. manata yaxın) artmasıdır.
Əməliyyat mənfəəti daha kəskin şəkildə azalıb: 2021-ci illə müqayisədə 2 milyard manat və ya 41% azalaraq 2,9 milyard manata enib. Əməliyyat mənfəətinin bu qədər kəskin azalmasının səbəbi xərclərin artımıdır. Şirkətin inzibati-idarəetmə xərcləri 796 milyon manat və ya 55%, paylaşdırma xərcləri 337 milyon manat yaxud 20% artıb.
Əməliyyat mənfəətinin azalması əməliyyat marjasının (əməliyyat mənfəətinin satışdan məcmu gəlirlərə nisbəti) da 2 dəfəyə yaxın azalmasına səbəb olub. Belə ki, 2021-ci ildə əməliyyat marjası 6,35% təşkil etdiyi halda, 2024-cü ildə 3,43%-ə enib. Bu faktdan çıxan ilkin nəticə budur ki, yeni rəhbərliyin dövründə SOCAR-ın əsas (profil) fəaliyyətləri üzrə effektivliyi nəinki artıb, əksinə xeyli aşağı düşüb.
2024-cü ildə SOCAR-ın artan göstəricisi vergidən əvvəlki mənfəətin həcmidir və bu göstərici 600 mln. manata yaxın artaraq 3,8 mlrd. manata çatıb. Əməliyyat mənəfətindən fərqli olaraq bu göstəriciyə şirkətin depozit və qiymətli kağızlardan əldə etdiyi faiz gəlirlərnin və borclara görə ödədiyi faiz xərclərinin nisbəti, inflyasiya nəticəsində öhdəliklərinin və aktivlərinin dəyərsizləşməsi, məzənnə dəyişikliyi nəticəsində əldə etdiyi xalis qazancın (yaxud zərərin) məbəği də təsir edir. Hesabatlardan aydın olur ki, 2021-2024-cü illərdə SOCAR-ın faiz gəlirləri 4 dəfəyə yaxın artaraq 852 mln. manatı ötüb. Güman ki, bunun əsas səbəbi maliyyə institutlarında yerləşdirdiyi depozitlərin həcmindəki ciddi artımdır.
Eyni dövrdə SOCAR-ın öhdəlikərinə görə ödədiyi faiz xərcləri də 70%-ə yaxın artaraq 2,1 mlrd. manata çatıb. Lakin xalis faiz xərcləri 200 mln. manat artaraq 827 mln. manata yüksəldiyi üçün bu mənbənin qeyri-əməliyyat mənfəətinə təsiri azaldıcı olub. Lakin asılı və birgə müəssisələrin fəaliyyətindən nəticələrindən SOCAR-a çatan payın 10 dəfə artaraq 1,4 mlrd. manata çatması, eləcə də maliyyə hesabatının tərtibinə edilən dəyişikliyə əsasən yeni maddənin – “xalis” monetar mövqe üzrə gəlir” maddəsinin daxil edilməsi qeyri-əməliyyat mənfəətində yuxarıda qeyd olunan məbləğdə (təxminən 600 mln. manat) artıma səbəb olub.
SOCAR-ın xalis mənfəətinin seqmentlər üzrə necə dəyişdiyinə baxdıqda, 2021-ci illə müqayisədə 2024-cü ildə emal üzrə 337 mln. manat və 29%, neft-qaz hasilatı və nəqli üzrə 178 mln. manat yaxud 6,7% azalma qeydə alınıb. Şirkətin treydinq fəaliyyətindən xalis mənfəəti çox kiçikdir – 117 mln. manat. 2024-cü ildə treydinq fəaliyyəti üzrə əməliyyat marjası 0,2%-dən də az olub və bu həmin il üzrə SOCAR-ın orta əməliyyat marjasından 16 dəfə aşağı göstəricidir.
SOCAR-ın xaricdəki layihələri üzrə maliyyə göstəricilərinə gəldikdə, son 3 ildə satış dövriyyəsinin əsas artımı İsveçrə, Birləşmiş Ərəb Əmirliyi və Gürcüstanda qeydə alınıb. 2021-2024-cü illərdə satışlardan daxilolmalar İsveçrədə 9 mlrd. manata, Birləşmiş Ərəb Əmirliyində 5,9 mlrd. manata, Gürcüstanda isə 4,4 mlrd. manata yaxın artıb. Azərbaycanda demək olar ki, ciddi dəyişiklik olmayıb, Türkiyədə isə 2 dəfəyə yaxın (təxminən 8 mlrd. manat) azalma baş verib.

Bu məlumatlardan görünür ki, SOCAR-ın satışlarından daxilolmalar və onların artımı bilavasitə xaricdəki layihələri və sərmayələri hesabına formalaşır. Satışdan məcmu gəlirlərin cəmi 9%-i Azərbaycanda yaranır. Təəssüf ki, maliyyə hesabatlarında şirkətin xalis mənfəətinin hansı hissəsinin ölkə daxilində, hansı hissəsinin xaricdəki layihələr hesabına formalaşmasına dair məlumatlar açıqlanmır. Lakin sahə seqmentləri üzrə açıqlanan göstəricilər əsasında təxmini də olsa bu məlumatı hesablayıb ortaya çıxarmaq mümkündür. Məsələn, 2024-cü ildə SOCAR üzrə hasilat və işlənməyə dair bütün əməliyyat dövriyyəsinin (3,8 mlrd. manat) 92%-i (3,5 mlrd. manat) Azərbaycanın daxilində yaranıb. Amma hesabatdan görünür ki, şirkət üzrə bütün xalis mənfəətin də 55%-i (1,6 mlrd. manat) məhz bu sekorda yaranıb. Amma, məsələn, 2024-cü ildə SOCAR üzrə ümumi satış dövriyyəsinin 75%-ni yaxud 60,5 mlrd. manatını təşkil edən xidmətlər və treydinq seqmentinin 99,1%-i ölkə xaricində formalaşıb. Halbuki bu seqmentdə xalis mənfəətin təxminən 10%-i (318 mln. manat) yaranıb. Emal və neft-kimya seqmentində Azərbaycanın payının 20%-ə yaxın olduğu nəzərə alındıqda, SOCAR-ın xalis mənfəətinin ən azı 65-70%-nin Azərbaycan daxilində formalaşdığı aydın görünür. Yəni, şirkətin satış dövriyyəsinin 10%-dən az hissəsinin formalaşdığı coğrafiyada xalis mənfəətinin az qala üçdə ikisi yaranmış olur.
Əslində bu məsələdə tam şəffaf mənzərəni görmək üçün Norveçin dövlət şirkəti olan “Equinor”un təcrübəsindən yararlanmaq olar. Bu şirkət işlədiyi ölkələrin və xaricdəki layihələrin hər biri üzrə daha detallı seqment məlumatları açıqlayır. Məsələn, “Hökumət ödənişləri” adlı hesabatda[11] ərazisində fəaliyyət göstərdiyi hər bir ölkənin hökumətinə hansı ödənişi verirsə, hər bir ölkədə həyata keçirdiyi hər bir layihə üzrə hansı ödəmələr həyata keçirilirsə, bütün ödənişlərdən sonra şirkət nə qədər xalis mənfəət əldə edirsə, hamısı hesabatda açıqlanır. Məsələn, 2024-cü ilin yekunlarına görə aralarında Azərbaycanın da olduğu 11 xarici ölkənin hökumətinə 23 mlrd. dollar məbləğində ödəniş həyata keçirilmişdir ki, bunun 20 mlrd. dolları vergilər, 3 mlrd. dolları isə royalti, rüsum və bonuslar, eləcə də hasilatın pay bölgüsü çərçivəsində hökumətə mənfəət bölgüsündən çatan pay məbləğləri olmuşdur. Məsələn, hesabata görə, 2024-cü ildə “Equinor” Azərbaycan hökumətinə 2 layihə üzrə 52,5 mln. dollar vergi (o cümlədən, “Equinor Apsheron” üzrə 50 mln. dollar, “Equinor BTC Caspian” üzrə 2,5 mln. dollar ), Azəri-Çıraq-Günəşli üzər Azərbaycan hökumətinə 435 milyon dollar mənfəətdən pay ödəmişdir. Bu şəkildə işlədiyi bütün ölkələr üzrə vergi, rüsum, royalti, bonus və mənfəət payı ödəmələri barədə detallı məlumatlar açıqlanmışdır.
Hesabatda həmçinin hesabat dövründə hər bir ölkə üzrə qoyulumuş invesitisiyalar, xərclər və gəlirlər barədə ayrıca məlumatlar təqdim edilir. Məsələn, hesabatdan aydın olur ki, “Equinor” 2024-cü ildə Azərbaycana 91 mln. dollar sərmayə qoymuş, layihələr üzrə xərcləri 101 mln. dollar, ümumi gəlirləri 188 mln. dollar, əməliyyat mənfəəti isə 98 milyon dollar olmuş, mənfəət üçün 52 milyon dollar vergi ödəmişdir. Hesabat dövrünün sonuna şirkətin Azərbaycandakı fəaliyyət üzrə bölüşdürülməmiş mənfəətinin məbləği 277 milyon dollar olmuşdur.
“Equinor”un bu təcrübəsi şəffaf fəaliyyət göstərən neft-qaz şirkətinin nəinki ölkə daxilində, həm də xaricdəki fəaliyyətləri üzrə açıqladığı informasiyaların nə qədər geniş və detallı ola biləcəyini göstərir.
SOCAR-ən yeni rəhbərliyi isə açıqladığı son (2024-cü il üzrə) hesabatın həcmini əvvəlki idarəçiliyin dövründə açıqlanmış analoji hesabatla müqayisədə təxminən 6 dəfə kiçiltmiş, beynəlxalq maliyyə hesabatlılığı təcrübəsinin ziddinə olaraq sənəddə təqdim olunan göstəricilərin izahı və mahiyyəti ilə bağlı bütün qeydləri yığışdırmışdır.
Yekun nəticələr və təkliflər
2022-ci ildən etibarən Azərbaycanın ən böyük şirkəti olan SOCAR-da yeni idarəçi kadrların dövrü başlayıb. Təxminən 17 il davam edən köhnə komandanın idarəçiliyin həm effektiv, həm də şəffaf olmaması ilə bağlı mediada davamlı tənqidlərə rast gəlmək mümkün idi.
Bu baxımdan indi əsas sual budur ki, son 3 ildə SOCAR-dakı mövcud menecmeni əvvəlki ilə müqayisədə nə dərəcədə effektiv, hesabatlı və şəffaf saymaq olar? Təqdim olunan analiz aşağıdakı nəticələrə gəlməyə imkan verir:
- İllik hesabatda ictimaiyyət üçün açıqlanan informasiyaların həcmin müəyyən qədər məhdudlaşdırılıb, xüsusən xaricdə həyata keçirilən əsas layihələri üzrə fəaliyyətlərlə bağlı daha məhdud informasiya təqdim edilib;
- 2021-2024-cü illərdə asılı və birgə müəssisələrə investisiyaların 3,5 dəfə azalması, qeyri-nəzarət payları 17 dəfə artımı səbəbləri barədə maliyyə hesabatında hər hansı açıqlama təqdim edilməyib;
- Neft hasilatı təxminən 5%, təbii qaz hasilatı 1,2%, emal üçün cəlb olunan xammal 16%, benzin istehsalı 14% azalıb;
- SOCAR-ın mal, xidmət və iş satınalmaları ilə bağlı ətraflı informasiyalar açıqlanmır;
- Uzun illərdir açıqlanan davamlı inkişaf hesabatının yayılması 2023-cü ildən dayandırıb və 2024-cü il üzrə hesabat cəmiyyətə təqdim edilməyib;
- Şirkətdə işçi heyətinin davamı ixtisar edildiyi bir vaxtda baş ofisdə çalışanların sayında artım müşahidə edilir və osn 3 ildə baş ofis üzrə işçi heyətinin SOCAR üzrə ümumi işçi sayına nisbəti 1,2%-dən 2,2%-ə yüksəlib;
- Maliyyə hesabatının həcmi 6 dəfəyə yaxın ixtisar edilib, hesabatda izahedici qeydlərin təqdim edilməsi təcrübəsinə son qoyulub ki, bu şəffaflıq baxımından çox ciddi problem sayıır;
- 2021-ci ilə nisbətən 2024-cü ildə ümumi satış dövriyyəsinin 10%-ə yaxın artmasına baxmayaraq fəaliyyətin nəricələrini əks etdirənən mühüm göstərici – əməliyyat mənfəəti 41% azalıb:
- Əməliyyat mənfəətinin azalması əməliyyat marjasının 6,35%-ən 3,43%-ə enməsi ilə müşayiət olunub;
- Əməliyyat mənfəətinin kəskin azalmasının əsas səbəblərdən biri şirkətin inzibati-idarəetmə xərclərinin 55% artması olub;
- SOCAR-ın xaricdəki layihə və sərmayələri hesabına əldə olunan gəlirərin şirkətin xalis mənfəətinə, eləcə də Azərbaycan iqtisadiyyatına töhfəsi barədə hər hansı informasiya açıqlanmır;
- Rəsmi olmayan, müstəqil araşdırmaların üzə çıxardığı təxmini hesablamlara görə SOCAR-ın xalis mənfəətinin üçdə ikisinə yaxını ölkə daxilindəki fəaliyyətlərdən formalaşır. Halbuki şirkətin ümumi pul və satış dövriyyəsinin cəmi 9%-i Azərbayacana aiddir;
Qeyd olunan nəticələrdən çıxış etsək, SOCAR-ın fəaliyyətinin effektivliyinin, hesabatlılığının və şəffaflığının artırılması üçün aşağıdakı addımların atılmasına ehtiyac var:
- Xərclərin, xüsusən idarəetmə xərclərinin qısa müddətdə kəskin artırılmasının iqtisadi əsaslandırılması olmalı və ictimaiyyət üçün təqdim edilməlidir;
- Maliyyə hesabatları beynəlxalq standartlara uyğun olaraq zəruri qeydlərlə, geniş ictimaiyyət üçün anlaşılan izahlarla, təfsilatlı təqdim edilməli;
- Davamlı İnkişaf Hesabatının açıqlanması təcrübəsi bərpa edilməlidir;
- Xaricdəki layihələrlə bağlı daha geniş və detallı məlumatlar, xüsusən hər bir layihə və ölkə üzrə investisiyalar, xərclər və xalis mənfəətin, eləcə də xarici hökumətlərə ödənən vergilərin məbləği barədə informasiyalar hesabatlara daxil edilməlidir.
Hazırladı
NHMT İB ekspert qrupu
[1] https://e-qanun.az/framework/46254
[2] https://e-qanun.az/framework/45612
[3] https://e-qanun.az/framework/46718
[4] https://e-qanun.az/framework/49137
[5] Hesabatlar hamısı SOCAR-ın rəsmi saytından götürülüb: https://socar.az/az/page/hesabatlar
[6] https://socar.az/az/page/satinalmalar
[7] https://www.globalreporting.org/how-to-use-the-gri-standards/gri-standards-english-language/
[8] https://www.stat.gov.az/source/balance_fuel/
[9] https://interfax.com/newsroom/top-stories/108450/?utm_source=chatgpt.com
[10] https://e-qanun.az/framework/58424
[11] https://cdn.equinor.com/files/h61q9gi9/global/7c27f21b24edc782c9e76c45433de0fb77061e74.pdf?2024-payments-to-governments-equinor.pdf








