İqlim dəyişikliyini uyğunlaşma ilə ilə bağlı milli planlarda sudan səmərəli istifadə ilə bağlı təşəbbüslər
Beynəlxalq təcrübə və Azərbaycan üçün nəticələr
Giriş
BMT-nin təsbitinə görə, iqlim dəyişikliyi ilk növbədə özünü su böhranı formasında təzahür etdirir[1]. İnsanlar onun təsirlərini daşqınların intensivləşməsi, bəzi yerlərddə dəniz səviyyəsinin yüksəlməsi, bəzi yerlərdə isə enməsi, buzlaqların əriməsi, meşə yanğınları və quraqlıq kimi təbiət hadisələri ilə hiss edir. Lakin bu hadisələrin bir çoxundan fərqli olaraq su qıtlığın qarşı tədbirlər görmək, onun neqativ təsirlərini azaltmaq üçün imkanlar daha genişdir. Bu baxımdan davamlı su idarəçiliyi ölkələrin və ekosistemlərin dayanıqlığının artırılması, karbon emissiyalarının azaldılması üçün vacibdir. Bu məsələdə hökumətlərlə yanaşı hər bir fərdin, ev təsərrüfatının da rolu var.
Su və iqlim dəyişikliyi ayrılmaz bir-birilə şəkildə bağlıdır. Ekstremal hava şərtləri təkcə su qıtlığı üçün zəmin yaratmır, həmçinin su mənbələrinin daha çirklənməsinə səbəb olur. Məsələn, intensiv sel və daşqınlar, dəniz səviyyəsinin yüksəlməsi torpaq qatının, tullantıların su mənbələrini çirkləndirməsinə yol açır. Bəzən kanalizasiya və çirkab suların təmizləyən qurğuları kimi sanitariya infrastrukturuna zərər görməsi çirklənmənin miqyasını daha da böyüdür. Bu isə insanların su və sanitariya xidmətlərinə çıxışına təhlükə yaradır, təmiz sudan istifadə imkanlarını məhdudlaşdırmaqla sı qıtlığına yol açmış olur.
Buzlaqların və qar sahələrinin sürətlə yox olması onlardan qidalana böyük çay şəbəksəinin su axınlarını, onların buraxıcılıq gücünü kəskin şəkildə azaldır. Buz və qar ehtiyatlarında sürətli azalma düzənlik ərazilərdə çox sayda insan üçün şirin su ehtiyatlarının tənzimlənməsinə təsir göstərir.
Quraqlıq və meşə yanğınları icmaların sabit yaşayışını pozur, bir çox ərazilərdə vətəndaş iğtişaşlarına və miqrasiyaya səbəb olur. Bitki örtüyünün və ağac örtüyünün məhv edilməsi torpaq eroziyasını daha da artırır və yeraltı suların bərpa potensialını azaldır, su qıtlığını və ərzaq təhlükəsizliyini artırır.
Su defisiti qida istehsalına ciddi problem yaradır. Xüsusən də ət istehsalı və heyvandarlıq üçün su tələbatı daha yüksək yem bitkilərin becərilməsi vacibdir və su çatışmazlığı bu sektor üçün zərbə vurur.
BMT ekspertləri hesab edir ki, su ehtiyatlarının idarə edilməsi üçün innovativ maliyyələşdirmə əsasında investisiya cəlb ediciliyinin artırılması hökumətlərə su qıtlığının aradan qaldırılmasında və iqlim məqsədlərinə çatmaqda dəstək ola bilər. Onların fikrincə, bu cür innovativ investisiya təşəbbüsləri yağış suyunun yığılması, çirkab sularının təkrar istifadəsi və eraltı sulardan səmərəli istifadə kimi mühüm layihələri əhatə etməlidir. Yağış suyunun toplanması, xüsusilə də yağışın qeyri-bərabər paylandığı bölgələrdə şoklara qarşı dayanıqlılığı artırmaq və quraq dövrlər üçün dayanıqlı təchizatı təmin etmək üçün faydalıdır. Çirkab suları isə təmizlənərək suvarma və sənaye məqsədləri üçün yararlı hala gəitirilir.
İqlim dəyişikliyi və su qıtlığının hazırkı dövrə ən narahatedici nəticələrindən biri quraqlığın sürətlə artmasıdır. Ən son hesablamalara görə, su qıtlığı qlobal miqyasda 4 milyard nəfərə yaxın insana təsir göstərib və onlardan yarısı kəskin su qıtlığı ilə üzləşib. Proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin 57%-i ən azı bir ay su qıtlığı olan ərazilərdə yaşayacaq. Kənd təsərrüfatı üçün qlobal su tələbatının 60% artacağı proqnozlaşdırılır. Müxtəlif coğrafi ərazilərdə qeyri-bərabər əhali artımı səbəbindən bu problem daha kəskin xarakter alacaq. Dünya əhalisinin 2050-ci ilə qədər 10,2 milyard nəfərə çatacağı, yəni 22–32% artım olacağı gözlənilir[2].
Beynəlxalq təşkilatlar 2050-ci ilə qədər su defisiti ilə üzləşən ölkələr arasında Azərbaycanın da adını qeyd edir. Bu baxımdan təqdim olunan analiz su idarəçiliyinin iqlim dəyişikliyinə uyğunlaşdırılmasının əhəmiyyətinə diqqəti cəlb etmək, ictimai müzakirələrə töhfə baxımından vacibdir.
1. Azərbaycanın ilqim dəyişikliyinə uyğunlaşması ilə bağlı Milli Planında sudan səmərəli istifadə təşəbbüsləri
İqlim dəyişikliyinə uyğunlaşma məqsədilə Azərbaycan üçün hazırlanmış “Milli Adaptasiya Planı” adlı sənədə[3] görə son 23 ildə iqlim dəyişikliyi səbəbindən ölkənin su ehtiyatları təxminən 15% azalıb, yağışlı günlərin sayının 11% artmasına baxmayaraq ölkəyə daxil olan suyun həcmi 30% azalıb, quraqlıqlar 19% artıb, sel və daşqınlar intensivləşib və onların sayı artıb, dağlıq ərazilərdə quraqlıq səbəbindən bulaqların quruması və çay axınının azalması baş verib. Bu isə su təsərrüfatı, kənd təsərrüfatı daxil olmaqla bir çox sektorların, eləcə də sahil bölgələrinin iqlim dəyişikliyinə həssaslığını artırır. Bu dəyişikliklərin mənfi təsirlərini mümkün olduğu qədər neytrallaşdırmaq məqsədilə Azərbaycan hökuməti qısamüddətli (2025-2026-cı illər), ortamüddətli (2027-2030-cu illər) və uzunmüddətli (2030-cu ildən sonrakı dövr) üzrə Milli Uyğunlaşma Planı hazırlayıb. Planda dövrlərə görə fəaliyyət proqramları və prioritet fəaliyyətləri müəyyən edir.
Mövcud normativ-hüquqi sənədlərdə və dövlət proqramlarında su təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması ilə bağlı müəyyən qayda və fəaliyyətlər nəzərdə tutulub. Məsələn, suya qənaət üçün mexanizmlərin hazırlanması, suyun qiymətinin tənzimlənməsi, su anbarlarının tutumunun artırılması, suvarmada su itkilərini azaltmaq üçün infrastrukturun tikintisi və suvarma şəbəkəsində beton kanalların çəkilməsi, su israfının qarşısının alınması, su mənbələrinin qorunması, suyun istifadəsinin optimallaşdırılması, daşqın və daşqın risklərinin azaldılması, çaylar ətrafında bəndlərin möhkəmləndirilməsi və daşqın riski zonalarının yaradılması, sahil zonalarının qurulması və s. belə fəaliyyətlər aiddir.
Planda qeyd edilir ki, qüvvədə olan Su Məcəlləsində sektorun iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı heç bir müddəa yoxdur. Eyni zamanda, məcəllə icmaların və kiçik fermerlərin su idarəçiliyində iştirakını əhatə etmir və səndə menecmentlə bağlı əsas icra hakimiyyəti orqanlarını müəyyən etsə də, onlar arasında əməkdaşlıq prinsiplərini təmin etmir.
Eyni qaydada “Meliorasiya və irriqasiya haqqında” Qanunun əsas çatışmazlıqları kimi bunlar qeyd edilir: bu qanunda da inteqrasiya olunmuş su idarəetməsi və onun əhəmiyyəti ilə bağlı müddəalar yoxdur, su idarəçiliyində icmaların iştirakı nəzərə alınmır, qanun davamlı su ehtiyatlarından istifadənin vacibliyini vurğulasa da, buna nail olmaq üçün konkret mexanizmləri müəyyən etmir və iqlim dəyişikliyi və uyğunlaşma ilə bağlı heç bir müddəanı əhatə etmir.
“Su təchizatı və tullantı suları haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunların da həm iqlim dəyişiklikləri ilə bağlı proseslərə uyğunlaşdırılması, həm də bələdiyyələrin öz səlahiyyətləri daxilində su idarəçiliyində real səlahiyyətlər qazanması, kiçik sahibkarların, fermerlərin və icmaların su idarəçiliyində fəal iştirakının təmin edilməsi baxımındam təkmilləşdirilməsinə ehtiyac olduğu bildirilir.
Hazırlanan Milli Uyğunlaşma Planının hazırlanması çərçivəsində aparılan sorğuda əsas risk sektorlarından biri kimi müəyyən su təsəürrüfatı üçün əsas uyğunlaşdırma tədbirləri kimi aşağıdaların əhəmiyyəti vurğulanıb:
- Su təchizatı infrastrukturunun bərpası tədbirləri sayəsində su itkilərinin azaldılması, suya qənaət edən texnologiyaların tətbiqi, yağış və digər alternativ su mənbələrindən istifadə, suya qənaət üsulları barədə məlumatlılığın artırılması;
- Kənd təsərrüfatında iqlim dəyişikliyinə davamlı və suyun daha qənaətli istifadəsinə imkan verən məhsul növlərinin əkilməsi, müasir suvarma texnologiyalarının tətbiqi;
- Erkən xəbərdarlıq və maarifləndirmə sistemlərinin qurulması sayəsində təhlükəli iqlim hadisələrinə qarşı prvenentiv hazırlıqların görülməsi.
Milli Uyğunlaşma Planında Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən Azərbaycanın mövcud su resursları barədə statistik göstəricilər açıqlanıb. Məlumata görə, ölkənin səth su ehtiyatları, o cümlədən transsərhəd suları 28,5-30,5 mlrd.kub arasında dəyişir. Bu həcmin təxminən 19-20,5 mlrd. kubmetri transsərhəd sularının, 9,5-10 mlrd. kumu isə yerli çay axınlarının payına düşür. Quraqlıq olan illərdə su ehtiyatları 22,6-27,0 mlrd. kuba qədər azalır. Ölkəyə daxil olan su ehtiyatlarının yuxarı axınında yerləşən ölkələr hər il transsərhəd çayların su ehtiyatlarının təxminən 25%-ni mənimsəyir. Nəticədə, qonşu ölkələrin ərazilərindən Azərbaycana daxil olan illik transsərhəd su ehtiyatları təxminən 13,5-14 mlrd. kub təşkil edir.
Ölkənin su ehtiyatlarının səmərəli istifadəsində mövcud su anbarları mühüm əhəmiyyətə malikdir. Xüsusilə də Azərbaycanın kimi ərazisinin əksər hissəsində yarımsəhra və quru iqlimin üstünlük təşkil etdiyi ölkələrdə suvarma sahələrini genişləndirmək və kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək üçün bir çox kiçik və böyük su anbarları, suqəbuledicilər və saxlama çənləri son dərəcə əhəmiyyətlidir. Hazırda ölkədə ümumi həcmi 21,9 mlrd. kub olan 153 su anbarı mövcuddur. Hər birinin həcmi 1 mln. kubdan çox olan 61 su anbarı var. Öz növbəsində, iqlim dəyişikliyinin təzyiqi altında artan su qıtlığı ilə üzləşən ölkə olaraq Azərbaycan üçün etibarlı və dayanıqlı su təminatı üçün anbarların və sututarların rolu daha da güclənib. Bu anbarlar 100 minlərlə hektar sahəni suvarma ilə təmin edəcək imkandadırlar. Hazırda Azərbaycanda 2 mln. hektar əkinəyararlı torpaqların 1,5 mln. hektarı suvarılabilən torpaqlardır.
Sənəddə qeyd edilir ki, Azərbaycanın kənd təsərrüfatı sektoru suvarmadan çox asılıdır və ölkənin su ehtiyatlarının təxminən 60-70%-i bu məqsədə yönəldilir. 2022-ci ildə aqrar sektorun ehtiyacları üçün bütün su mənbələrindən 13,7 mlrd. kub su götürülüb. Bunun 10,7 mld. kubu yerüstü mənbələrdən, 3 mlrd. kubu isə yeraltı mənbələrdən götürülüb. Ümumilikdə götürülən suyun 3,6 mlrd. kubu(yəni 26%-i) itki hesab edilib.
Azərbaycan Respublikasının illik su balansına görə, daşınma zamanı 3 milyard m³-dən çox su itirilir, təxminən 9 milyard m³ isə istifadə olunur. Bunlardan təxminən 82%-i kənd təsərrüfatı və suvarma üçün, 11%-i məişət məqsədləri üçün, 5%-i əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün və 2%-i isə digər məqsədlər üçün istifadə olunur.
Planda sızma və buxarlanma səbəbindən su itkilərini azaltmaq üçün suvarma infrastrukturunun bərpasının və modernləşdirilməsinin, torpaq əsaslı su kanallarından beton kanal sistemlərinə keçilməsinin vacibliyi qeyd edilir. Ölkənin suvarma şəbəkələrinin təxminən 70%-i torpaq əsaslıdır ki, bu da əhəmiyyətli su itkilərinə səbəb olur. Su istehlakının tənzimlənməsində əsas çətinliklər kimi isə aşağıdakılar vurğulanır:
- Ölkə daxilində su ehtiyatlarının qeyri-bərabər paylanması;
- İqlim dəyişikliyi səbəbindən su qıtlığının daha da kəskinləşməsi;
- Su təchizatı infrastrukturunun yetərli olmaması səbəbindən əsasən kəndlərdə təhlükəsiz içməli suya çıxışın məhdud olması;
- Su obyektlərindən nəzarətsiz istifadə;
- İnsan fəaliyyəti nəticəsində çayların çirklənməsi;
- Sərhədyanı su obyektlərindən ölkəyə su axınının azalması;
- Çayların daha çox daşması və lillənməsinin artması;
- Su idarəetməsindəki çatışmazlıqlar, xüsusən sudan istifadəçilər birliklərinin fəaliyyətinin effekttiv təşkil edilməməsi;
- Həm içməli, həm də suvarma suyu təchizatında dövlət-özəl tərəfdaşlığı modelinin inkişaf etməməsi və s.
“Milli Adaptasiya Planı”nda iqlim dəyişikliklərinin su ehtiyatlarına gözlənilən təsirilə bağlı müxtəlif ssenarilər də təqdim edilir. Həmin ssenarilərdən birinə görə, 2040-cı ilə qədər Azərbaycanın yüksək hündürlükdə yerləşən çay hövzələrində su ehtiyatlarının vəziyyəti sabit qalacaq. Lakin Qanıx çayının hövzəsində, eləcə də Böyük və Kiçik Qafqazın orta hündürlükdə yerləşən çay hövzələrində, Naxçıvan Muxtar Respublikasının və Lənkəran təbii bölgəsinin çaylarında temperaturun artması və yağıntının azalması səbəbindən suyun miqdarının mövcud səviyyələrlə müqayisədə 10% azalacağı proqnozlaşdırılır. Digər bir ssenariyə görə isə mövcud səviyyə ilə müqayisədə Qanıx çayı hövzəsində, Kiçik Qafqaz çaylarında, Naxçıvan MR-da və Lənkəran təbii bölgəsində su ehtiyatlarının 15%-dək, Dağlıq Şirvan və Quba-Xaçmaz zonalarında 5-10%-dək aşağı olacağı gözlənilir. Sənəddə daha uzun müddətli -2070-ci ilədək olan dövr üçün də müxtəlif proqnozlar təqdim edilib.
“Milli Adaptasiya Planı”nda hökumətin su təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün həyata keçirdiyi bir sıra tədbirlər də sadalanır və 3 prioritet istiqamət qeyd edilir:
(i) Mövcud su itkilərinin azaldılması.
Bu istiqamətdə Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulması qeyd edilir. Son 65 il ərzində Şirvan kanalı 10 rayonda 112.000 hektardan çox, Qarabağ kanalı isə 9 rayonda ümumilikdə 115.000 hektar torpağa xidmət göstərmişdir.
Şirvan kanalının yenidən qurulması layihəsinə əsasən kanalın buraxıcılıq gücü 180 m3/saniyəyə, uzunluğu isə 204,3 km-ə çatdırılacaq. Nəticədə kanal ümumilikdə 228 min hektar ərazinin (bunun 116 min hektarı yeni suvarılan torpaqlar olacaq) suvarma suyunu təmin etməklə yanaşı içməli və məişət su təchizatının yaxşılaşdırılmasına da töhfə verəcək.
Bu iki strateji layihəyə əlavə olaraq, ölkədə ümumilikdə 700 km uzunluğunda 20 əsas suvarma kanalının yenidən qurulması planlaşdırılır.
(ii) Su ehtiyatlarının artırılması.
Sərsəng su anbarının istismarı bərpa edilmiş, Tərtərçay sol sahil kanalı da daxil olmaqla Suqovuşan, Xaçınçay və Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işləri başa çatdırılmışdır. Laçın rayonunda yerləşən Zabuxçay su anbarının tikintisi ilə yanaşı, Həkəriçay və Bərgüşadçay su anbarlarının və onlardan qidalanan kanalların tikintisi üçün hazırlıq işləri aparılır. Bu layihələrə əlavə olaraq, ölkənin müxtəlif ərazilərində ümumilikdə 10 yeni su anbarının tikintisi planlaşdırılır. Yengicə və Əlicançay su anbarlarının tikintisinə başlanılmış, Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi təhlil sənədləri hazırlanmışdır. Daha 5 su anbarı üçün hazırlıq işləri davam edir.
(iii) Ölkənin alternativ su ehtiyatlarının qiymətləndirilməsi və mümkün istifadə istiqamətlərinin müəyyən edilməsidir.
Məhdud su ehtiyatlarına malik və transsərhəd çaylardan çox asılı olan Azərbaycan üçün alternativ su mənbələrindən istifadə təcrübəsinin formalaşdırılması və bununla da sənayedə və kənd təsərrüfatında şirin suya tələbatın azaldılması çox vacibdir. Bu istiqamətdə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli suyun istehsalı, Hövsanda Xəzər dənizinə axıdılan çirkab suların təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, ölkədə kənd təsərrüfatında istifadə edilə bilən kollektor-drenaj suyunun potensial istfadə imkanları da nəzərdən keçirilir. Su ehtiyatlarından səmərəli istifadə nəticəsində ölkənin əsas su anbarlarında 2020-ci illə müqayisədə 6 milyard kubmetrdən çox su toplanması təmin edilib.
Sənəddə verilən məlumata görə, 2020-ci ildə bir sıra beynəlxalq tədqiqat təşkilatları Azərbaycanı ciddi su çatışmazlığı ilə üzləşmə ehtimalı olan ölkələr siyahısında ən riskli qrupa (son dərəcə yüksək, >80%) daxil etmişdilər. Həyata keçirilən infrastruktur layihələri, xüsusən Qarabağ və Şərqi Zəngəzurun su potensialından istifadənin bərpası sayəsində 2024-cü ildə Azərbaycan eyni göstəricilər üzrə 2 pillə irəliləmiş (Orta, 20-40%) və orta risk qrupuna daxil edilmişdir.
2050-ci ilədək dayanıqlı su təminatı sistemini yaratmaq üçün quraqlığa davamlı bitkilərin və iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin tətbiqi (müasir suvarma metodları, torpaq nəm sensorlarının istifadəsi, su ehtiyatlarının idarə olunması və s.) sayəsində su istehlakını optimallaşdırılması, zəruri məlumatların toplanması və monitorinqi, transsərhəd sazişlər əsasında Cənubi Qafqazda uzunmüddətli su təhlükəsizliyini təmin etmək üçün regional əməkdaşlığın gücləndirilməsi kimi mühüm tədbirlər də əsas prioritetlər kimi nəzərdə tutulur.
2024-cü ilin oktyabrında təsdiqlənən strategiya sənədində[4] də qarşıdakı dövr üzrə sudan səmərəli istifadyə dair prioritet istiqamətlər əks etdirilib. Bu istiqamətlərdən biri də məhz İqlim dəyişikliyinin su ehtiyatlarına təsirinin proqnozlaşdırılmasıdır. Həmin istiqamət çərçivəsində məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, Xəzər dənizində su səviyyəsinə iqlim dəyişmələrinin uzunmüddətli təsirinin qiymətləndirilməsi nəzərdə tutulur.
Strategiyada həmçinin peyk texnologiyalarının tətbiqi yolu ilə yerüstü su mənbələrinin rəqəmsallaşdırılması, dövlət−özəl tərəfdaşlığının tətbiqi və inkişaf etdirilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi, iqlim dəyişmələrinin təsirinə məruz qalmış içməli su mənbələri üzrə alternativ layihələrin icrası və s. kimi tədbirlər müəyyən edilib.
Bugünlərdə Azərbaycan hökuməti bu sahədə daha bir mühüm sənəd qəbul etdi. Söhbət “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üzrə Dövlət Proqramı”[5] adlı sənəddən gedir. Proqramda 3 prioritet istiqamət müəyyən edilib:
(i) su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı və dayanıqlığının təmin edilməsi;
(ii) su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmin edilməsi;
(iii) su sektorunda innovasiya və rəqəmsallaşmaya nail olmaq.
Qeyd olunan prioritet istiqamətlər üzrə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi, su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi, yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması, su sektorunda rəqəmsal idarəetmə və SCADA/IoT sistemlərinin tətbiqi və su itkisinin idarə edilməsinin effektiv monitorinqinin aparılması proqram çərçivəsində nəzərdə tutulan tədbirlərdir. Nəzərdə tutulur ki, bu tədbirlərin reallaşdırılması nəticəsində ərazi üzrə şəbəkəyə saniyədə 30 kubmetr suyun daxil edilməsi, 28 yeni su anbarının tikintisi, 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması, su itkilərinin 20 faizdən aşağı salınması, 30 küçədə yeni yağış və tullantı su şəbəkəsinin tikintisi, dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar illik 100 milyon m³ içməli su təminatının yaradılması təmin ediləcək.
2. Su təsərrüfatının iqlim dəyişikliyinə adaptasiya ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr
Su idarəçiliyi və sudan səmərəli istifadə sahəsində 2 ölkənin təcrübəsi Azərbaycan üçün xüsusən əhəmiyyətlidir: İsrail və Niderland.
Bu ölkələrin hər ikisi hələ uzun illər əvvəl su qıtlığını milli təhlükəsizlik problemi kimi qəbul edib. Artıq Azərbaycan da məsələyə oxşar yanaşma nümayiş etdirir və su qıtlığını mövsümi deyil, struktur problem kimi qəbul edir.
Xüsusilə İsrailin dünyada su qıtlığının ən kəskin hiss olunduğu ölkələrdən biri olduğu məlumdur. Adambaşına bərpa olunan su ehtiyatlarının həcmi ildə 276 kubmetr təşkil edir ki, bu da su qıtlığı səviyyəsini qiymətləndirmək üçün istifadə olunan “qırmızı xətt” kimi qəbul edilən 500 kubmetrdən az qala 2 dəfə aşağıdır.
İsrail Aralıq dənizinin cənub-şərq sahilində yerləşir və 4 fərqli coğrafi regionu əhatə edir. Aralıq dənizi sahillləri düzənlik ərazilərdir. Mərkəzi hissə orta hündürlüyü təxminən 600 metrdən ibarət olan dağlıq coğrafiyadır. Digər bölgələr əsasən dəniz səviyyəsindən aşağı olan ərazilərdən ibarətdir. Bəzi bölgələrdə, xüsəsən şimald illik yağıntının miqdarı 600 mm təşkil etdiyi halda, cənubda 150 mm-dən də azdır. Yağlntılar ilin fəsilləri üzrə də qeyri-bərabər bölünür. Məsələn, Aralıq dənizi sahillərində illik yağıntının 75 faizi cəmi üç ay ərzində (dekabr–fevral) qeydə alınır. Adətən 60–70 yağışlı gün olur. Yağışlı günlərin sayı az olsa da, yüksək intensiv intesviliyi ilə seçilir[6].
İordaniya çayı ətrafında, dəniz səviyyəsindən 200 metr aşağıda yerləşən Tiberias gölü çayı ilə Aralıq dənizi arasında yerləşən yeganə yerüstü təbii şirin resursudur. Göl ölkənin şirin su təchizatının təxminən 20–30 faizini təmin edir. Ən yüksək texnoloji imkanlara baxmayaraq, yağıntıların cəmi 5%-ni səth suları kimi toplamaq olur. Bu suların təxminən 70%-i buxarlanma və transpirasiya nəticəsində yoxa çıxır, təxminən 25 faizi isə yeraltı laylara süzülür yaxud torpaqda qalaraq bitki örtüyünün və kənd təsərrüfatının ehtiyaclarını qarşılayır. Sel sularının ən yaxşı halda 9%-ni tolayaraq təkrar istifadəyə cəlb etmək mümkün olur.
Ölkə idarəçiləri uzun illər ərziundə sürətlə inkişaf edən iqtisadiyyatını kifayət qədər və etibarlı su ilə təmin etmək, su təhlükəsizliyinə nail olmaq məqsədilə bir sıra istiqamətlər üzrə mühüm addımlar atmışdır. Həmin addımlar su infrastrukturuna iri həcmli investisiya qoyuluşlarını, institusional və tənzimləyici islahatları əhatə edib. Ən mühüm tədbirləri aşağıdakı kimi sıralamaq mümkündür[7]:
1) Tələbatın idarə olunması.
Bu istiqamət su mənbələrinin məhsuldarlığının artırılmasını, adambaşına içməli su istehlakının azaldılmasını, sudan daha çox yüksək dəyər yaradan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadı edilməsi kimi məqsədləri nəzərdə tutur.
2) Yeraltı su laylarının ehtiyat su resurslarının saxlanması üçün istifadə edilməsi.
Bu istiqamət suya tələbatın az olduğu aylarda yeraltı su laylarının təmizlənmiş tullantı suları ilə doldurulmasını, dövri baş verən sel və daşqınlar zamanı suların toplanması, yeraltı sularının səviyyəsinin müntəzəm monitorinqi kimi tədbirləri əhatə edir;
3) Təmizlənmiş tullantı sularının suvarmada təkrar istifadəsi.
Təmizlənmiş tullantı sularının 87%-dən çoxu kənd təsərrüfatında istifadə olunur ki, bu da ölkə üzrə ümumi suvarma suyunun təxminən yarısını təşkil edir. Tullantı sularının geniş miqyasda 3 mərhələli təmizlənməsi onların suvarmada məhdudiyyətsiz istifadəsini mümkün edir. Bu tədbirlər sayəsində qıt şirin su ehtiyatlarını məişət və sənaye məqsədlərinə yönəltmək imkanı yaranır;
4) Dəniz və şor suların iri miqyaslı duzsuzlaşdırılması
– ölkədə bələdiyyə və regional xidmət təminatçıları tərəfindən paylanan demək olar ki, bütün içməli suyun təmin edilməsi məqsədilə. Hazırda dəniz və şor suyun duzsuzlaşdırma üzrə ixtisaslaşmış 5 zavod fəaliyyət göstərir. Həmin müəssisələr şəhərlərin su ehtiyacının 85%-ni qarşılyır.
İslahatların əsas mərhələlərindən biri 2007-ci ildə su təsərrüfatının bütün seqmentlərini (içməli su və kanalizasiya, suvarma, su ehtiyatlarının idarə olunması), eləcə də sektorun planlaşdırılması və tənzimlənməsini özündə birləşdirən müstəqil və vahid dövlət qurumu (İsrail Su Təsərrüfatı İdarəsinin) yaradılmışdır. Bu addım siyasətin formalaşdırılmasına cavabdeh olan siyasi həlqə ilə bilavasitə su sektorunun idarə olunmasını icra edən peşəkar səviyyə arasında aydın bölgü aparılmasına imkan vermişdir. Son onillik ərzində hayata keçirilən iddialı və effektiv islahatlar sayəsində İsrailin su sektoru tariflər vasitəsilə tam xərclərini qarşılaya biləcək, maliyyə dayanıqlılığı güclü olan sahəyə çevrilmişdir.
İsrail hökuməti 2024-cü ildə qəbul etdiyi “İqilim dəyişikliyinə dair Adaptasiya Planı” sənədinə[8] su sektorunun inkişafını əsas istiqamətlərdən biri kimi daxil edib. İstiqamət üzrə əsas məsəd kimi təbii su mənbələrinin mühafizəsi və bərpası müəyyənləşdirlib. Məqsəd çərçivəsində atılacaq addımlar 3 bloku əhatə edir.
Birinci bloka milli su ehtiyatlarının idarə olunması üzrə baş planın yenilənməsi ilə bağlı tədbirlər daxildir. İstiqamət üzrə əsaslandırmda qeyd edilir ki, yağıntı rejimindəki dəyişikliklər, dəniz səviyyəsinin qalxması və ekstremal hava hadisələrinin tezləşməsi səbəbindən iqlim dəyişikliyi su ehtiyatlarına birbaşa təsir göstərir. Məhz milli su idarəçiliyi üzrə baş planın yenilənməsi və təkmilləşdirilməsi, eləcə də dayanıqlı su istifadəsi və idarəetmə strategiyalarının tətbiqi vasitəsilə su ehtiyatlarının səmərəli şəkildə idarə olunmasını təmin etmək mümkündür.
Əsas tədbirlər kimi dəniz və şor suların duzsuzlaşdırmasının təşviqi, su təchizatının səmərəliliyini artıran və suya qənaət edən texnologiyaların tətbiqi, o cümlədən təmizlənmiş tullantı sularından suvarmada istifadə edilməsi, bütün ölkə ərazisinin mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmasının tamamlanması, yeraltı su ehtiyatlarının bərpası, yeraltı suların keyfiyyətinin yaxşılaşdırılması və yeraltı su yataqlarının şorlaşmasının qarşısının alınması məqsədilə suyun yeraltı laylara verilməsi nəzərdə tutulur.
İkinci bloka çayların və bataqlıq ərazilərin mühafizəsi və bərpası ilə bağlı tədbilər daxildir. Bu istiqmət üzrə əsaslandırmaya görə, çaylar, suaxaralar, eləcə də bataqlıqlar su təminatı və ekosistemlər üçün mühüm rol oynayır. Lakin iqlim dəyişikliyinin təsirləri, məsələn, yağıntı rejiminin dəyişməsi və temperaturun yüksəlməsi çaylarının axınlarının gətirib çıxarır ki, bu da çay yataqlarının degradasiyasına, su ekosistemlərinin dəyişməsinə və su keyfiyyətinin azalmasına səbəb olur. Çayların qorunması və bərpasına prioritet vermək onların iqlim dəyişikliyinə davamlılığını artırmağa, su ehtiyatlarının dayanıqlı istifadəsini təmin etməyə və su ekosistemlərini qorumağa imkan verir.
Bu istiqamət çərçivəsində daşqın və subasma risklərinin qiymətləndirilməsi, çayların çirklənməsinin və çay sahillərinin eroziyasının qarşısını alınması, təmizlənmiş tullantı sularının kənd təsərrüfatında istifadəsinin qiymət baxımından daha sərfəli edilməsi nəzərdə tutulur.
Planın üçüncü blokuna təbii su mənbələri üzərində təzyiqin azaldılması daxildir. Əsaslandırmaya görə, iqlim dəyişikliyi yağıntı rejimini, buxarlanma səviyyəsini və su ehtiyatlarının həcmini dəyişdirir ki, bu da təbii su mənbələrimizə davamlı təzyiq yaradır. Kənd təsərrüfatı, sənaye, ev təsərrüfatları və ekosistemdən suya olan tələbatın genişlənmsəi bu təzyiqi daha da artırır. Bunu nəzərə alaraq Plan çərçivəsində həm dayanıqlı su ehtiyatlarını təmin etmək, həm də gələcək nəsillər üçün su resurslarını qorumaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, kənd təsərrüfatında, sənayedə və ev təsərrüfatlarında ümumi su sərfiyyatını azaltmaq üçün suya qənaət texnologiyalarının və təcrübələrinin təşviqi, suyun təkrar emal sistemlərinin inkişaf etdirilməsi və genişləndirilməsi, müxtəlif mənbələrdən (ev və sənaye) tullantı suların yenidən istifadəsi, şəhər ərazilərində qeyri-məişət məqsədəri üçün yağış suyunun toplanmasının təşviqi, Qəzza gölünü strateji su anbarı kimi qorumaq üçün planın hazırlanması, təmizlənmiş tullantı suları və duzsuzlaşdırma hesabına kənd təsərrüfatı üçün alternativ su mənbələrinin yaradılması bu tədbirlərə daxildir.
Qeyd olunanlardan əlavə, daşqınlardan mühafizə planlarının hazırlanması və icrası xüsusi istiqamət olaraq seçilib. Çünki sürətlə artan əhali və genişlənən tikinti səthi sularının və daşqınların artmasına səbəb olur ki, bu da milli səviyyədə ərazi idarəçiliyi və su idarəetməsi arasında inteqrasiya tələb edir. Bundan əlavə, iqlim dəyişikliyi daha intensiv və proqnozlaşdırılması çətin olan yağıntıların düşməsinə səbəb olur və bu da bir çox ərazilərdə daşqın riskini artırır. Bunun üçün daşqınlardan qorunma üzrə planların hazırlanması, daşqın riski olan ərazilərdə səth sularının idarə olunması və daşqınların qarşısının alınması məqsədilə risk xəritələrinin və qabaqlayıcı tədbirlərin əks olunduğu planının işlənməsi nəzərdə tutulur.
Bu sahədə Azərbaycanın təcrübəsindən yararlana biləcəyi digər bir ölkə Nideraland ola bilər. Niderland nəhəng su hövzələri ilə əhatə olunduğuna və geniş çay şəbəkəsinə malik olduğu üçün intensiv şəkildə daşqınlara məruz qalma riski ilə üzbəüzdür. Ölkə ərazisinin təxminən 60%-i daşqın riski altındadır və 65%-ə qədəri dəniz səviyyəsindən aşağıdır. Ona görə də su probleminə sadəcə bir sektora (kənd təsərrüfatı və ya ev təsərrüfatları) məxsus problem kimi yox, milli təhlükəsizlik məsələsi kimi yanaşılır. Uzunmüddətli (2050 və 2100-cü illərə qədər) planlar, hədəflər, nəzərdə tutulan tədbirlər mövcuddur. Məsələn, yaxın 25 ildə 1500 kilometr uzunluğunda bəndin, 500-dən artıq mühəndis qurğusunun reabilitasiyası və əsaslı surətdə möhkəmləndirilməsi əsas tədbirlər sırasındadır[9].
Niderlanndda iqlim dəyişkliklərinin təsirindən qorunmaq üçün daşqınlarla qarşı effektiv mübarizə tədbirlərinə əsasən 2008-ci ildən sistemli yanaşma tətbiq edilməyə başlanıb. Həmin dövrdə təkmilləşdirilmiş ətraf mühit haqda qanunvericilik müxtəlif tələb və standartlar müəyyənləşdirdi. Yeni tələblərə görə, regional su idarələri hər 12 ildən bir daşqından mühafizə strukturlarının nə dərəcədə standartlara cavab verdiyini müəyyənləşdirmək üçün qiymətləndirmələr aparmalıdırlar. Standartlara cavab verilmədikdə, məsul qurum Hollandiya Daşqından Mühafizə Proqramından maliyyələşdirmə üçün müraciət etmək imkanı qazanır. Bu proqrama ümumilikdə 300 layihə daxildir və onun icrası üçün illik 360 milyon avro müəyyən edilib.
2024-cü ildə Niderland hökuməti iqlim dəyişikliyinə adaptasiya ilə bağlı yeni plan[10] qəbul edib. Sənəddə su sektorunun dəyişən iqlim şərtlərinə uyğunlaşdırılması üçün ayrıca bölmə var. Planda nəzərdə tutulan fəaliyyət istiqamətlərindən birincisi daşqın yüksək olan çayların sahil ərazilərində və yaxın sahələrdə tikintiyə icazə verilməməsidir. Bunda məqsəd gələcəkdə çay ərazilərinin genişləndirilməsinə mane olacaq proseslərin qarşısını almaq, həmçinin su axınlarının səviyyəsinin artması daşqınlar nəticəsində yarana biləcək potensial zərərlərin qarşısını almaqdır. Lakin icrada olan plan intensiv yağıntılar nəticəsində yaranan daşqınları su hövzələrində (dəniz, çay və göllər) suyun yüksəlməsi səbəbindən meydana gələn daşqınları bir-birindən fərləndirir. Bu səbəbdən hər 2 təbiət hadisəsinə qarşı hazırlıq tədbirləri də ayrıca hazırlanır. Su hövzələrinin daşması nəticəsində yaranan sel fəlakətləri yüksək dərəcədə su təhlükəsizliyi tələb hadislər kimi təsnifləşlədirilir. Bu qəbildən olan hadisələrə qarşı xüsusi mühafizə qurğuları (bəndlər, qum təpələri, fırtına dalğalarına qarşı maneələr və s.) daxildir. Su təhlükəsizliyi üçün yüksək səviyyəli mühafizə qurğuları ilə təmin edilmiş ərazilərdə ölkə əhalisinin 50%-i (təxminən 9 mln. nəfər) yaşayır, iqtisadiyyat üzrə nilli gəlirin 70%-i formalaşır. Daşqın riskindən və onun yarada biləcəyi potensial zərərlərdən asılı olaraq qurğulara qarşı fərqli standartlar müəyyən edilib. Kütləvi insan tələfatı, ciddi iqtisadi zərər, həyati əhəmiyyətli infrastrukturun sıradan çıxması riski olan ərazilərdə əlavə qorunma tədbirlərinin görülməsi də nəzərdə tutulur. Hökumət bu standartları müəyyən edərkən belə bir hədəfdən çıxış edib ki, ən dağıdıcı daşqınlar nəticəsində belə hər 100 min nəfərə düşən insan itkisi 1 nəfərdən çox olmamalıdır və 2050-ci-ilə qədər bu hədəfə nail olmaq planlaşdırılır.
İntensiv yağıntıların yaratdığı fəlakətlərin qarşısını almaq üçün fövqəladə su hövzələrinin və yağış suları üçün bufer zonalarının yaradılması təcrübəsinin genişləndirilməsi, yağış sularının kanalizasiya sistemindən ayrılması nəzərdə tutulur. Xüsusilə də yağış sularının ayrıca axıdılması təmiz suyun toplanmasına və məhsuldar istifadəsinə şərait yaradır. Fövqəladə su hövzələri ekstremal hallarda daşqın və sel sularını toplamaq üçündür və müxtəlif su idarələrinin, eləcə də bələdiyyələrin sərəncamındadırlar. Təkcə bir regional su idarəsinin (Rijnland) nəzdində təxminən 86 fövqəladə daşqın mühafizə qurğusu möcuddur. Bufer zonalar da oxşar funksiyanı yerinə yetirr: intensiv yağıntılar zamanı su birbaşa kanalizasiya və ya çaylara getmək əvəzinə bufer zonasına yönləndirilir, su bir müddət burada yığılır, tədricən torpağa hopur və yeraltı anbarlara ötürülür. Sistem lazım olduqda artıq suyu nəzarətli şəkildə çaylara və ya yağış kanalizasiya sisteminə yönləndirir.
İkinci istiqamət şəhərlərin su təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılmasıdır. Planda əsas narahatedici məsələ kimi bu vurğulanır ki, şəhər ərazilərinin böyük hissəsinin asfalt, yaxud sukeçirməyən digər sərt materiallarla örtülməsi bir tərəfədən suyun torpağa hopmasına imkan vermədiyi üçün intensiv yağıntılar zamanı subasma və sel riskini daha da yüksəldir. Digər tərəfdən, yağış sularının torpağa hopan həcmi az olduğundan şəhər ərazilərində həmin suların yeraltı anbarlara toplayıb təkrar istifadə etmək imkanı azalır. Torpaq vasitsilə artıq yağış sularını toplamaq imkanları tükəndiyi halda isə yağış kanalizasiya şəbəkəsinin yükü artır və ekstremal hallarda bu yüykü çəkə bilmədiyi üçün şəhər ərazilərində kanalizasiyaların daşması subasma və sel risikini daha da artırır. Bir sözlə, urbanizasiya asfaltlaşdırma ilə birlikdə su problemini daha da dərinləşdirir. Bu səbəbdən təqdim olunan planda 2050-ci ilədək dövr üzrə yeni yanaşma təklif edir. Yanaşma ilk növbədə yaşıllıqla örtülü torpaq sahələrinin mümkün olduğu qədər genişləndirilməsini, torpaqdan süzülən yağıntı sularının yeraltı anbarlar və sutoplayıcılar vasitəsilə toplanmasını nəzərdə tutur. Yağış sularının toplanması üçün bir neçə variant təklif edilir. Məsələn, bura torpaqda yerləşdirilən infiltrasiya qutuların barabanların quraşdırılması, su keçirən küçə səthlərinin yaradılması daxildir.
Yealtı filtirasiya qutuları plastik, beton, yaxud metal materiallardan hazırlanaraq torpağa basdırılmış iri və sərt möhkəm qutulardır. Həmin qutular torpaq vasitəsilə tədricən süzülən yağış sularını qəbul edir. Qutuların divarları dəlikli olur, su tədricən torpağa süzüldüyü üçün şəhər ərazilərində intensiv yağıntılar zamanı sel və daşqın riskini xeyli azaldır. Onların sayəsində həmçinin yeraltı suların səviyyəsi qorunur. Barabanların filtirasiya qutularından fərqi budur ki, onlar suyun torpağa süzülməsi üçün yox, toplanıb sonradan istifadəsi üçün faydalıdır. Barabanların su tutumu 100-300 litr arasında olur və minlərlə belə sutoplayıcı şəhərdə yerləşdirilir.
Xüsusi səth materillarından istifadə intensiv yağıntılar zamanı suyun müəyyən hissəsinin yerin altına süzülməsini təmin edir. Xüsusi səth materialları nə deməkdir? Bu materiallar kiçik boşluqlara malik beton bloklar və daş döşəmələrdən, xüsusi dəlikləri olan asfalt növləridir. Bu materialların yol, səki və meydançalarda ənənəvi asfalt və betonu əvəzləməsi nəzərdə tutulur. Suyun tədricən torpağa süzülməsi üçün qeyd olunan yeni növ asfaltın alt qatına qum, çınqıl və filtrasiya qatının yerləşdirilməsi planlanır.
Planın üçüncü prioriteti davamlı şirin su təchizatına nail olmaqdır. Sənəddə qeyd edilir ki, iqtisadi artım və əhalinin artımı şirin suya tələbatın artmasına səbəb olmuşdur. Şirin su içməli su təminatı, həmçinin təbii mühit, elektrik enerjisi istehsalı və sənaye üçün zəruridir. Kənd təsərrüfatı sektoru da həm əkinlər üçün, həm də torpağın şoranlaşmasına qarşı mübarizə aparmaq məqsədilə şirin suya ehtiyac duyur. Şirin su dambaların sabitliyini qorumaq, torpağın çökməsinin qarşısını almaq və tikilmiş mühitdə yaşıllıqları qorumaq üçün də lazımdır. Bu yaşıllıqlar şəhərlərin sərin qalmasına da kömək edir.
Ekstremal istilər və quraqlıqla müşayiət olunan iqlim dəyişikliyi təkcə şirin və təmiz içməli suya tələbatı artırmır, eyni zamanda şirin su ehtiyatlarını azaldır. Yəni, problem yalnız suyun miqdarı deyil, həm də keyfiyyətidir. Həm səth, həm də yeraltı sularda çirkləndirici maddələrin konsentrasiyası artır.
Qeyd olunanları əsas götürərək Planda davamlı şirin su ehtiyatlarının qorunması üçün bir sıra addımların atılması nəzərdə tutulur. İlk növbədə məkan planlaşdırılmasına xüsusi yanaşma qorunub saxlanacaq. Bu yanaşmaya görə, harada tikinti aparılacağı deyil, ilk növbədə harada tikinti aparılmamalı olduğu əsas prinsip kimi çıxış edəcək. Suyun toplanması üçün ehtiyat ərazilər, şirin su hövzələrinin sahillərində mümkün qədər tikinitiyə qapalı olmalıdır.
Digər bir mühüm tədbir bütün istifadəçilərin (biznes, əhali) şirin sudan maksimum qənaətli istifadəyə təşviq edilməsidir. Bu, həmçinin səth suları ilə yanaşı yeraltı sulardan istifadənin azaldılmasını, qeyri-ənənəvi mənbələrdən istifadəni (məsələn, az duzlu və zərərsiz yeraltı suların içməli su üçün istifadəsi) də nəzərdə tutur.
Nəhayət, daha bir mühüm tədbir kimi suyun toplanması, saxlanması və effektiv paylanmasıdır. Yağışlı dövrlərdən səmərəli istifadə edib mümkün qədər çox suyun toplanması və saxlanması vacibdir ki, onun torpağa sızması üçün imkan yaransın.
Planın su idarəçiliyi ilə bağlı sonuncu prioritet isə suyun keyfiyyətinin artırılmasıdır. Sənəddə qeyd edilir ki, suyun keyfiyyəti təkcə mürəkkəb problemi deyil, həm də çoxşaxəlidir. Eləcə də yalnız iqlim dəyişikliyinini yox, bir çox başqa amillərin də təsirinə məruz qalır. Torpaqdan düzgün istifadə edilməməsi, zərərli maddələrin emissiyası, qida və kimyəvi maddələrin yuyulub sulara qarışması suyun keyfiyyətinə ciddi təsir göstərir. Şəhər su idarəçiliyi də suyun keyfiyyətinə təsir edir. Xüsusilə də kanalizasiya sistemi keyfiyyətli qurulmadıqda, tullantıların effektiv toplanamsı və emalı olmadıqda açıq su hövzələrinin çirklənməsi riski artır.
İqlim dəyişikliyinin təsirinə gəldikdə, bu dəyişiliyin nəticəsində meydana çıxan bəzi təbiət hadisələri (məsələn, dəniz səviyyəsinin qalxması və dəniz dibinin çökməsi) səth sularında duz konsentrasiyasının artmasına səbəb ola bilər. Digər bir səbəb isə uzun çəkən quraqlıq dövrlərində çaylar su axınlarının və səviyyəsinin azalmasıdır. Bu halda dənizdən çaylara doğru irəliləyən duzlu suyun miqdarı artır.
3. Analizin əsas nəticələri və Azərbaycan üçün təkliflər
Niderland və İsrailin iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı milli planlarının analizi göstərir ki, hər 2 ölkənin su təsərrüfatı sisteminin yeni şəraitə adaptasiyası sahəsində təşəbbüsləri, eləcə də son onilliklərdə həyata keçirdikəri fəaliyyətlər Azərbaycan üçün son dərəcə faydalı ola bilər. Xüsusən İsrailin aqrar sektorda suyun maksimum qənaətli istifadəsinə imkan verən damcı sulama sistemlərindən geniş istifadə, suyun təkrar emalı (İsraildə 80%-ə yaxın su təkrar istifadə edilir), duzsuzlaşdırma texnologiyaları əsasında istifadəyə yararlı su resurslarının iqtisadiyyata qazandırılması sahəsində fəaliyyətlər son dərəcə əhəmiyyətlidir. Eyni zamanda, su fəlakətləri ilə (daşqınlar, sel, subasmalar, su hövzələrində suyun səviyyəsinin artması, intensiv yağıntılar, dolu və s.) bağlı erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, bütün bölgələr üzrə spesifik meteoroloji məlumatların gündəlik və həftəlik yayılması, yerli idarəetmə qurumlarının və icmaların su fəlakətlərinə hazırlığını təmin etmək üçün onların müntəzəm təlimlərə cəlbi sahəsində İsrail təcrübəsi Azərbaycana yararlı ola bilər. Nəzərə alaq ki, hazırda Azərbaycanda fəaliyyətdə olan erkən xəbərdarlıq sistemi əsasən hava şəraiti ilə bağlı fəlakət risklərinə yönəlib. Yəni hazırkı sistem suvarma, su təchizatı, su ehtiyatlarının azaldılması, suyun keyfiyyəti kimi su sektoruna dair spesifik risklərin erkən xəbərdarlıq komponentləri barədə ictimai məlumatlandırma mövcud deyil.
Niderlandın təcrübəsində Azərbaycan üçün əhəmiyyətli ola biləcək bir necə vacib komponent var. Məsələn, bu ölkə daşqınların idarə edilməsi və risk xəritələrinin tərtibi sahəsində qiymətli təcrübələr var. Ölkə daşqınların yarada biləcəyi zərərləri minimuma endirmək üçün mükəmməl bənd və maneə sistemləri yaradılır, icmalar daşqın risklərində davranışlarını müəyyən etmək üçün təlimlər alır.
Niderlandda bütün mümkün daşqın, su basma və digər təbii fəlakət risklərinin xəritəsi hazırlanır ki, bu hər bir əraziyə uyğun xəbərdarlıq sistemlərinin yaradılmasına kömək edir.
Niderlandın şəhərlər üçün təklif etdiyi bəzi yanaşmalar da Azərbaycan üçün gərəkli ola bilər. Söhbət həm yağış sularının müxtəlif texnologiyalar vasitəsilə toplanmasından və təkrar istifadəsindən, həm də yol, səki və meydançalardakı ənənəvi asfalt və beton üzlüklərin tədricən suyu torpağın alt qatına ötürən, yeraltı su resurslarının bərpasına imkan verən xüsusi materiallarla əvəzlənməsindən gedir.
Azərbaycanın xüsusən icma səviyyəsində suvarma suyunun idarə olunması sahəsindəki mövcud mexanizmləri təkmilləşdirməsinə ehtiyac var. Hazırda kəndlərdə fəaliyyət göstərən su birliklərinin fəaliyyəti şəffaf deyil, fermerlərlə onların münasibəti rəsmi müqavilələrə əsaslanmır, əhalidən alınan vəsaitlər nağd formada toplanır və bu həmin vəsaitlərdən istifadədə korrupsiya riskini yüksəldir. Su birliklərinin əhali qarşısında hər hansı formada hesabatlılığı yoxdur.
Kənd yerlərində yeraltı sulardan effektiv istifadə edilmir. Bələdiyyələrə bu sahədə zəruri resurs və səlahiyyətlər verilmədiyi üçün onlar icma ərazilərində içməli su infrastrukturunun yaradılması, suyun uçotu, itkilərin qarşısının alınması sahəsində hər hansı real fəaliyyət göstərə bilmirlər.
Azərbaycanın regionlarının iqlim dəyişikliyinin təsirinə məruz qalma riski, bu risklərin növləri və səviyyəsi bir-birindən xeyli fərqlidir. Bəzi bölgələr daha çox quraqlıq, bəziləri isə intensiv yağıntılara, sel və daşqın riskkərinə daha çox məruz qalır. Bu baıxmdan, Azərbaycan hökuməti Bakı və Abşeron yarımadası üçün hazırladığı kimi, hər bir iqtisadi region üzrə su sektorunun iqilim dəyişikliyinə uyğunlaşdırılması strategiyası, fələkət riskləri üzrə xəritələr hazırlamalı, icmaların prosesdə iştirakçılğını və dövri təlimlər vasitəsilə məlumatlandırılmasını təmin etməlidir.
Hazırladı
NHMT İB ekspert qrupu
[1] https://www.unwater.org/water-facts/water-and-climate-change?utm_source=chatgpt.com
[2] https://link.springer.com/article/10.1007/s43621-025-01111-1?utm_source=chatgpt.com
[3] https://unfccc.int/sites/default/files/resource/2024_NAP_Azerbaijan.pdf?utm_source=chatgpt.com
[4] https://e-qanun.az/framework/58119
[5] https://static.president.az/upload/Files/2026/01/12/a19bae98c737ac5d6f3e06a06bee0976_1578144.pdf
[6] https://documents1.worldbank.org/curated/en/657531504204943236/pdf/Water-management-in-Israel-key-innovations-and-lessons-learned-for-water-scarce-countries.pdf
[7] https://documents1.worldbank.org/curated/en/657531504204943236/pdf/Water-management-in-Israel-key-innovations-and-lessons-learned-for-water-scarce-countries.pdf
[8] https://unfccc.int/sites/default/files/resource/NAP_Israel_2025_ENG.pdf
[9] https://www.mdpi.com/2073-4441/14/9/1460
[10] https://unfccc.int/sites/default/files/resource/2025_NAP_Netherlands.pdf








