İqlim dəyişikliyinə uyğunlaşma üçün hazırlanan planlar: Türkiyə, İsrail və Azərbaycan təcrübəsi
Araşdırma NHMT İB-nin ekspert qrupu tərəfindən hazırlanıb.
Giriş.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 6-cı Qiymətləndirmə Hesabatına əsasən, sənaye inqilabından əvvəlki dövrdən qlobal temperatur təxminən 1,1°C artıb və mövcud tendensiyalar davam edərsə, 2100-cü ilə qədər qlobal istiləşmə təxminən 3°C artacaq. Bu baxımdan son yüzillikdə ənənəvi yanacaqların həddindən artıq istifadəsi, torpaqdan istifadənin sürətlənməsi hazırkı dövrdə iqlim dəyişikliyini bəşəriyyətin üzləşdiyi ən mühüm qlobal problemlərdən birinə çevrib. İqlim dəyişikliyi artıq bütün dünyada ekosistemlərə, iqtisadi sektorlara və insan sağlamlığına bir sıra təsirlər gətirib. IPCC Hesabatında vurğulanır ki, bu gün istixana qazı emissiyasını minimuma endirmək mümkün olsa belə, iqlim dəyişikliyinin qaçılmaz təsirləri hələ uzun müddət davam edəcək. [1]
İqlim dəyişikliyi qlobal səviyyədə qəbul edilmiş reallıq olsa da, onun təsirlərinə uyğunlaşmaq üçün bir-birini tamamlayan siyasətlər və tədbirlər tələb olunur. Bu, açıq şəkildə nümayiş etdirir ki, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma istixana qazlarının emissiyasının azaldılması qədər vacibdir. Həqiqətən də, dünyada iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma ilə bağlı fəaliyyətlər hər keçən gün artmağa davam edir.
Adaptasiya dəyişən iqlimə uyğunlaşmaq, iqlim dəyişikliyinin mənfi təsirlərini yumşaltmaq və mümkün olduqda bu mənfi təsirləri fürsətlərə çevirmək deməkdir. Milli səviyyələli uyğunlaşma strategiyası hər bir ayrıca götürülmüş ölkənin iqlim dəyişikliyi nəticəsində yaranan ətraf mühit və ya sosial problemlərin neqativ təsirlərinə həssaslığını azaltmağa, onun bu dəyişikliklərə və təsirlərə milli, yerli və regional səviyyədə davamlılığını artırmağa yönəlmiş planlı yanaşmadır. Həmin strategiyalar risklərin müəyyən edilməsi, təsirlərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, müxtəlif institutlar arasında əməkdaşlığın gücləndirilməsi, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin cəlb edilməsi yolu ilə həyata keçirilir. İqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı milli hökumətlər səviyyəsində siyasət tədbirlərinin hazırlanması və həyata keçirilməsi beynəlxalq müqavilələrdə öz əksini tapıb (Paris Sazişinin 7-ci maddəsi) və bu məsələ emissiyanın azaldılması siyasətləri ilə bərabər əsas mövzu kimi gündəliyə daxil edilmişdir. 2005-ci ildə Nayrobi İşçi Qrupunun yaradılması ilə artan əhəmiyyət kəsb edən iqlim dəyişikliyinə uyğunlaşma məsələsi 2010-cu ildə Kankun Uyğunlaşma Çərçivəsi və Uyğunlaşma Komitəsinin qəbul edilməsi ilə beynəlxalq əməkdaşlığı təşviq edən güclü institusional dəstək qazanmışdır.
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflərin 21-ci Konfransında (COP21) Paris Sazişinin 7-ci maddəsinə uyğunlaşma məsələsi ətraflı şəkildə müzakirə edilmiş və danışıqların ən mühüm mövzularından birinə çevrilmişdir. Sazişin 7.1-ci maddəsində deyilir ki, tərəflər bu davamlı inkişafa töhfə vermək və qarşıya qoyulan hədəflərə nail olmaq üçün uyğunlaşma qabiliyyətini artırmağa imkan verən qlobal məqsəd müəyyən etmişlər.
Uyğunlaşma siyasətinin müvəffəqiyyəti birbaşa ölkələrin inkişaf modelləri ilə əlaqəlidir. Urbanizasiya, fəlakətlər, kənd təsərrüfatı, turizm, ekosistemlər, infrastruktur, biomüxtəliflik və su ehtiyatlarının idarə edilməsi kimi iqlim dəyişikliyinin təsirlərinə məruz qalan mühüm sektorlar nəzərə alınmaqla hazırlanan inkişaf modelləri iqlim dəyişikliyinə uyğunlaşma üçün kritik əhəmiyyətə malikdir.
Bunu nəzərə alaraq Azərbaycan üçün ötən ilin sonlarında BMT-nin müvafiq strukturlarının iştirakı ilə hazırlanmış milli adaptasiya planın seçilmiş 2 ölkə - İsrail və Terkiyə üçün hazırlnamış analoji siyasət sənədi ilə müqayisəsi çox mühümdür. İsrail iqlim dəyişikliyinin təsirinə məruz qalan və artıq uzun illərdir bu sahədə mübarizə tədbirləri görən ölkə kimi, Türkiyə isə regionda Azərbaycanın istər siyasi, istərsə də iqtisadi sahədə əsas tərəfdaş ölkə kimi bu məsələdə vacib nümunə kimi seçilib.
1. Azərbaycanın Milli Uyğunlaşma Planı.
Azərbaycanın 2024-cü ilin sonlarında açıqlanan “İlkin Milli Uyğunlaşma Planı” adlı sənədində[2] qeyd edilir ki, iqlim həssaslığını azaltmaq və iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə Azərbaycan üçün qısamüddətli (2025-2026-cı illər üzrə) və üçün ortamüddətli (və 2027-2030-cu illər üzrə) prioritet tədbirləri müəyyən edilir.
Təqdim olunan məlumatlardan aydın olur ki, Azərbaycan ərazisində havanın temperaturu artır, ölkənin əksər hissəsində yağıntılar azalır. 2023-cü ildə orta illik temperatur 14,60°C-ə çatıb ki, bu da 1971-2000-ci illərin normasından (12,70°C) 1,9 dərəcə yüksəkdir. Son iki onillikdə yağıntının çoxillik orta miqdarı 1971-2000-ci illərin norması (493 mm) ilə müqayisədə 6,3% azalaraq 464 mm olmuşdur. Son 13 ildə bu azalma 10%-ə çatıb. Ölkənin əksər bölgələrində yağıntının azalması müşahidə olunsa da, Bakıda da aerozolların təsiri ilə yerli yağıntıların artması qeydə alınır. Son 13 ildə Abşeron rayonunda yağıntının orta miqdarı 32 mm artıb ki, bu da 1971-2000-ci il normasından (229 mm) 14% çoxdur.Son 10 ildə iqlim dəyişikliyi ilə əlaqədar olaraq orta temperaturun 30°C-dən yuxarı olduğu günlərin sayı 1971-2000-ci illərin orta göstəricisi ilə müqayisədə iki dəfəyə qədər artmışdır. Quraqlığın müddəti 19% artıb. Ölkə üzrə ən çox daşqın və daşqın riski olan ərazilər Böyük Qafqazın cənub yamacıdır. Həmin hissədə yerləşən Balakən-Şəki bölgəsində yerləşən çaylarda 2015-2019-cu illərdə cəmi 25 daşqın olmuşdusa, təkcə 2023-cü ildə belə hadisələrin sayı 45-dən çox olub. Sürəti 15 m/saniydədən çox güclü küləkli günlərin sayı 1971-2000-ci illərin orta göstəricisi ilə müqayisədə 3,5 dəfə artmışdır ki, bu da bütün regionlarda müşahidə olunur. Eyni dövrə nisbətən bəzi ərazilərdə yağıntının 30 mm-dən çox olduğu günlərin sayı üç dəfədən çox artmışdır.
Azərbaycanın yarımsəhra zonasında yerləşməsi onu iqlim dəyişikliyinin təsirlərinə qarşı xüsusilə həssas edir. 2024-cü il ND-GAIN İndeksində (Notre Dame Global Adaptation Initiative Index) Azərbaycan 181 ölkə arasında 73-cü yerdə qərarlaşıb. Bu indeks ölkələrin iqlim dəyişikliyi risklərinə qarşı həssaslığını və adaptasiya qabiliyyətini ölçən beynəlxalq göstəricidi və ABŞ-ın Notre Dame Universiteti tərəfindən hazırlanır. İndeks iki əsas komponentdən ibarətdir. Həssaslıq ölkənin iqlim dəyişikliyinin təsirlərinə nə dərəcədə məruz qaldığını göstərir. Su və qida sektoru, sağlamlıq, ekosistemlər, infrastruktur kimi alt sahələri əhatə edir.
Hazırlıq : ölkənin adaptasiya tədbirlərini həyata keçirmək üçün iqtisadi, idarəetmə və sosial hazırlıq səviyyəsini ölçür.
Uyğunlaşma Planında Azərbaycanda iqlim dəyişikliyinə ən həssas olan sektorlar kimi aşağıdakılar müəyyənləşdirilib:
1.Su sektoru.
Yağıntı miqdarının dəyişməsi su ehtiyatlarına və onun mövcud həcminə təsir edib və son 23 ildə İqlim dəyişikliyinin təsiri nəticəsində 15% azalma qeydə alınıb. Sel və daşqınların sayı artıb və intensivləşib. Hazırda iqlim dəyişikliyi şəraitində ölkənin orta su ehtiyatlarına təsir 15% azalıb. Su istehlakında ciddi problemlərin yaranması təkcə iqlim dəyişikliyi səbəbindən su qıtlığının daha da kəskinləşməsi ilə bağlı deyil. Ölkə üzrə su ehtiyatlarının qeyri-bərabər paylanması, sutəchizatı infrastrukturunun keyfiyyətində mövcud olan problemlər, çayların insan fəaliyyəti nəticəsində çirklənməsi və s. də mühüm səbəblər sırasındadır.
2.Aqrar sektor.
İqlim dəyişikliyi səbəbindən temperaturun dəyişməsi, yağıntıların azalması, quraqlıqların artması, suvarmada problemlərin yaranması, torpağın keyfiyyətinə neqativ təsirlərin güclənməsi, eroziyanın sürətlənməsi və ekstremal hadisələrin intensivləşməsi nəticəsində məhsuldarlıq və məhsul həcmi aşağı düşür. Son 10 ildə yağıntıların ümumi miqdarının 10% azalması kənd təsərrüfatına ciddi təsir göstərib. Kənd təsərrüfatı istehsalının birbaşa iqlim şəraitindən asılı olması onu iqlim dəyişikliyinə ən həssas sektora çevirmişdir.
3.Sağlamlıq sistemi.
Əsas təsirlər istilik dalğalarının və ekstremal hava hadisələrinin artması ilə müşahidə edilir.
4. İqlimlə bağlı təhlükələr və fəlakətlər.
Daşqınların, quraqlıqların, dolu və güclü küləklərin, eləcə də digər ekstremal hadisələrin hallarının artması infrastruktura, istehsal sektorlarına, insanların, xüsusən də həssas qrupların və icmaların rifahına mənfi sosial-iqtisadi təsirlər göstərir.
5. Sahilyanı ərazilər və dağ ekosistemləri.
İqlim dəyişiklikləri ölkənin təbii sistemlərinə təsir göstərir, sahil zonaları və estuarlarda, eləcə də çay hövzələrində və müxtəlif dağ ekosistemlərində müşahidə olunur. Son 20 ildə Xəzər dənizinin səviyyəsi 2 metrdən çox aşağı düşüb, daha da azalması gözlənilir.
Yuxarıda göstərilən həssas sektorlar və ekosistemlər üçün ilkin adaptasiya planı çərçivəsində müəyyən edilən uyğunlaşma tədbirlərinin sektoral inkişaf strategiyaları və planlarına inteqrasiyası üçün lazımi hüquqi və institusional bazanın yaradılmasına ehtiyac var. Bu işlərin 2025-2026-cı illərdə görülməsi nəzərdə tutulur. Uyğunlaşma Planının növbəti mərhələsi 2027-2030-cü illəri əhatə edəcək. İlkin mərhələni əhatə edən Planın reallaşdırılması üçün rəhbər tutulan əsas prinsip iqlim dəyişikliyinə adaptasiyanın müvafiq sektor planlarına və siyasətlərinə uyğunlaşdırılmasıdır. “2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icraya başlaması ilə bir sıra sektorlarda adaptasiyanın həyata keçirilməsinə artıq başlanılıb.
Planın gerçəkləşdirilməsinə məsul mərkəzi orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir və bu qurum Adaptasiya Planının əlaqələndirilməsi, həyata keçirilməsi və hesabatların təqdim edilməsinə birbaşa cavabdehlik daşıyır. Nazirlik milli planlaşdırma institutları, Maliyyə Nazirliyi, sahə nazirlikləri və maraqlı tərəflər, o cümlədən akademik dairələr, vətəndaş cəmiyyəti və özəl sektorla əməkdaşlıq edərək uyğunlaşdırma prosesini təkmilləşdirir.
Uyğunlaşma planı çərçivəsində iqlim dəyişikliyinə həssas sektorlar kimi təsbit edilmiş istiqamətlər üzrə əsas fəaliyytlər kimi aşağıdakılar müəyyən edilib:
1.1.Su sektoru üzrə:
İqlim dəyişikliyinin təsirlərinə qarşı davamlılığı və müqaviməti artırmaq üçün suvarma qurğularında dayanıqlı beton materiallardan geniş istifadə, su idarəetməsində səmərəliliyi və davamlılığı artırmaq üçün günəş enerjisi ilə işləyən nasoslardan və liftli suvarma sistemlərindən istifadə imkanlarının araşdırılması, alternativ suvarma üsullarının tətbiqi, məlumatların toplanması, monitorinqi və idarə olunmasını təkmilləşdirmək üçün suvarma sxemləri üzrə verilənlər bazasının yaradınlması, Sudan İstifadçəçilər Birliklərinin (SİB) üzvlərinə effektiv su idarəçiliyi təcrübələri və idarəetmə sahəsində bilik və bacarıqların verilməsi, bununla bağlı bələdçi və təlimatların hazırlanıb yayılması, SİB-lərin rolu və faydaları haqqında məlumatlılığı artırmaq üçün ictimaiyyətin məlumatlılığının artırılması, bu istiqamətdə qeyri-hökumət təşkilatları, dövlət qurumları və digər təşkilatlarla işgüzar əlaqələrin genişləndirilməsi və resurs mübadiləsinin gücləndirilməsi, dayanıqlı su mənbələrinə çıxışı artırmaq üçün hədəf bölgələrdə atmosfer suyunun yığılması texnologiyalarının tətbiqi, suvarma və yaşıllaşdırmada atmosfer suyunda istifadə təcrübəsinin genişləndirilməsi və bu məqsədlə pilot layihələrin həyata keçirilməsi, damcı sulama texnologiyalarına marağı artırmaq üçün fermerlərin məlumatlılığının artırılması, bu məqsədlər tədqiqatçılar və fermerlər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması, mövcud irriqasiya sistemlərinin fəaliyyətinin nə dərəcədə səmərəli olduğunu müəyyən etmək üçün performans qiymətləndirmənin aparılması və sistemin təkmilləşdirilməsi üçün tədbirlərin müəyyən olunması, sudan qeyri-qanuni istifadənin və gizli sızma hallarının qarşısının alınması üçün magistral boru kəmərlərində müasir ölçü cihazlarının quraşdırılması, tullantı sularının təkrar emalı və onların müxtəlif sahələrdə istifadəsinin təmin olunması ən mühüm fəaliyyətlər kimi müəyyən edilib.
1.2 Sahilyanı ərazilər üzrə:
Xəzər dənizi ətrafındakı limanlar, eləcə də gəmiqayırma və gəmi təmiri müəssisləri üçün dərinləşdirmə proqramlarının hazırlanması, adalararası dayazlıq hissələrdə dərinləşdirmə işlərinin aparılması, sahil idarəetməsi üçün yeni institusional və hüquqi bazanın hazırlanması, sahildən 1000 metrə qədər olan ərazilərdə turizm obyektlərinin xəritəsinin hazırlanması, sahil xəttindən 30 metr uzaqlıqda yerləşən turizm obyektlərinin sökülməsi, sahildən 500 metrdən çox açıq ərazilərin yaşıllaşdırılması, quruyan bataqlıq ekosistemlərinin bərpası və ya dənizə çıxışı olmayan ərazilərdə yeni bataqlıq ekosistemlərinin yaradılması, su-bataqlıq ekosistemlərinin xəritələşdirilməsi, sahil zonalarında və çay-dəniz ekosistemlərində tarixi kürü tökmə yerlərinin xəritələşdirilməsi, balıq təsərrüfatlarının fəaliyyətinin təkmilləşdirilməsi, sahil xətti boyunca çirklənmiş ərazilərin xəritələşdirilməsi kimi tədbirlərin həyata keçrilməsi nəzərdə tutulub.
1.3.Aqrar sektor üzrə:
Torpağın külək eroziyasına daha çox məruz qaldığı yerlərdə sahə və torpaq mühafizəsinin təmin edilməsi məqsədilə qoruyucu meşə zolaqlarının salınması, otlaqların həddindən artıq yüklənməsinin və eroziyasının qarşısını alınması üçün otlaqlarla bağlı standartların qəbulu, bioloji və qeyri-üzvi gübrələrin birgə tətbiqi, torpağın münbitliyini bərpa etmək üçün çoxillik bitkilərdən istifadə, kənd təsərrüfatı sahələri ilə təbii ekosistemlər arasında yaradılacaq bufer zonalarına dövlət dəstəyinin göstərilməsi, inteqrasiya edilmiş aqromeşəçilik sistemlərinin inkişafı, fermerlərə subsidiya və kredit dəstəyi mexanizmlərinin inkişaf etdirilməsi, heyvandarlıqda istiyədavamlı cinslərdən istifadənin genişləndirilməsi, bitki inkişafının kritik dövrlərində istilik stressinin qarşısının alınması üçün əkin təqvimində dəyişikliklərin edilməsi, mövsümə uyğun olaraq suvarma və gübrələmə vaxtının və miqdarının düzgün tənzimlənməsi, bitkiçilikdə zərərvericilərə və xəstəliklərə daha davamlı olan sortların yetişdirilməsi və s. kimi tədbirlər müəyyən edilib.
1.4.İnsan sağlamlığı ilə bağlı:
Abşeron yarımadası və ölkənin digər regionları üzrə Erkən Xəbərdarlıq Sistemin çərçivəsində tibbi-meteoroloji xəbərdarlıq sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsi, iqlim dəyişikliyi və iqlim amilləri üzrə tibb işçiləri üçün sağlamlıq təlimi proqramının hazırlanması, ÜST-nin müvafiq modullarından istifadə etməklə iqlim dəyişikliyinə uyğunlaşma üzrə tibb işçiləri üçün təlimlərin təşkili, iqlimə həssas xəstəliklər üçün laboratoriya avadanlıqlarının quraşdırılması, iqlimə həssas xəstəliklər üçün laboratoriya potensialının və monitorinq sistemlərinin gücləndirilməsi, mövcud su, kanalizasiya və gigiyena infrastrukturunun iqlim dəyişikliyinə davamlı texnologiyalarla təmin edilməsi, iqlim dəyişikliyi riskləri ilə bağlı səhiyyə müəssisələri üçün mümkün risk qiymətləndirməsinin aparılması və onların hazırlıq səviyyəsinin artırılması, təcili tibbi xidmətlərinin potensialının qiymətləndirilməsi və onların texniki bazasının, eləcə də hazırlığının gücləndirilməsi kimi müxtəlif fəaliyyətlər müəyyən edilib.
1.5.Dağ ekosistemi üzrə:
Dağ ekosistemlərinin (flora və fauna, bataqlıq ərazilər və s.) iqlim dəyişikliyinə ən çox həssas olduğu ərazilərin müəyyənləşdirilməsi, onların davamlılığını artırmaq üçün lazım olan yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, yaxud mövcud olan xüsusi xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi üzrə üzrə plan və proqramların işlənib hazırlanması, iqlim dəyişikliyinə qarşı dağ ekosistemləri üçün idarəetmə planının hazırlanması, təhlükələr üzrə riski xəritələrinin və risklərin idarə edilməsi planlarının hazırlanması və s. kimi fəaliyyətlər müəyyən edilmişdir.
2.İsrailin Milli Adaptasiya Planı
İsrail hökuməti “Milli Adaptasiya Planı” sənədini[3] 2024-cü ilin aprelində qəbul edib. Sənəddə qeyd edilir ki, iqlim dəyişikliyinin təsirlərinin yaratdığı risklərlərə qarşı İsrail hökiməti 2009-cu ildə qəbul etdiyi 474 saylı qərarla start verib. Uyğunlaşma Planın hazırlanması ilə də bağlı ilk dəfə bu qərarla müvafiq struktukturlara tapşırıq verilib. Tapşırığa uyğun olaraq “İsrailin İqlim Dəyişikliyinə Uyğunlaşmaya Hazırlığı: Milli Strategiya və Fəaliyyət Planı üçün Hökumətə Tövsiyələr” adlı siyasət sənədi hazırlandı. Bunun ardınca isə 35 mərkəzi və yerli hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiliyi ilə İqlim Dəyişikliyinə Uyğunlaşma Katibliyi yaradılmışdır. İlk dəfə bu qurum 2021-ci ildə "İsrailin İqlim Dəyişikliyinə Uyğunlaşma Hesabatını" nəşr etdi.
Milli Adaptasiya Planına görə, İsraildə iqlim dəyişikliyi 4 əsas tendensiyada özünü göstərir: temperaturun artması, quraqlığın artması və yağıntıların azalması, dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələrinin tezliyinin artması.
İsraildə 1950-ci ildən 2017-ci ilə qədər orta temperatur təxminən 1,4°C artıb və proqnozlara görə, 2050-ci ilə qədər əlavə 1,2°C, 2100-cü ilə qədər isə daha 4°C artacağı gözlənilir.
İsraildə son 30 il ərzində ümumi yağıntının nəzərəçarpacaq dərəcədə azalması tendensiyası müşahidə olunub. 1988-2017-ci illərdə yağıntılar 1961-1990-cı illərlə müqayisədə orta hesabla 3,4% azalıb və son onilliklərdə yağışlı günlərin azalması tendensiyası müşahidə olunub. İsrail Meteorologiya Xidmətinin proqnozuna əsasən, 1988-2017-ci illərin orta göstəricisi ilə müqayisədə 2071-2100-cü illərdə yağıntıların orta hesabla 10-20% azalacağı gözlənilir.
İsrailin uyğunlaşma strategiyasının əsasında bir neçə mühüm prinsip dayanır.
Məsələn, həssas əhali qruplarının nəzərə alınması həmin prinsiplərdən biridi. İqlim dəyişikliyindən aşağı gəlirli sosial qruplar, qocalar, əlillər, xroniki xəstəlikləri olan şəxslər, yetkinlik yaşına çatmayanlar daha çox təsirlənir. Bu təsirlər yaşayış yeri ilə təminatda, sağlamlıq xidmətləri əhatədə, dayanıqlı və ədalətli şəkildə gəlirin əldə olunamasında özünü daha çox göstərir. İqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılmasında ekosistemlərə xas olan üstünlüklərdən istifadənin vacibliyi, çoxsahəli və beynəlxalq əməkdaşlığın formalaşdırılması, yerli hakimiyyət orqanları iqlim dəyişikliyinə uyğunlaşma üzrə əsas tərəfdaşlar kimi qəbul edilməsi digər mühüm prinsiplər sırasındadır.
İsrailin Adaptasiya Planı çərçivəsində iqlim dəyişikliyinə uyğunlaşmaq üçün müəyyən edilən istqamətlər və həmin istiqamətlər çərçivəsində fəaiyyətlər aşağıdakılardır:
2.1. Fövqəladə hallar: Bu istiqamətdə əsas məsələ iqlimlə bağlı fövqəladə hallara hazırlığın və müdafiə reaksiyasının gücləndirilməsidir. Həyata keçirilməsi nəzərdə tutulan əsas fəaliyyətlər isə aşağıdakılardır:
-
Daxili və regional perspektivdən risklərin qiymətləndirilməsi;
-
Müdafiə infrastruktur sistemlərində, silah sistemlərində və əməliyyat qabiliyyətində davamlılıq planlarının hazırlanması və həyata keçirilməsi;
-
Qısamüddətli iqlim istinad ssenariləri əsasında milli fövqəladə hallar planlarının hazırlanması, həyata keçirilməsi və tətbiqi;
-
Ekstremal hadisələr üçün milli xəbərdarlıq sistemlərinin müvafiq qurumlara və sistemlərə inteqrasiyası;
-
Müdafiə davamlılığının yaradılması və iqlimlə bağlı fövqəladə halların həlli üçün beynəlxalq əməkdaşlığın təşviq edilməsi.
Planda hər bir fəaliyyət iqstiqməti üzrə konkret tədbirlər də müəyyən edilib. Məsələn, “daxili və regional perspektivdən risklərin qiymətləndirilməsi” istiqaməti üzrə müəyyən olunan tədbirlər bunlardır: İqlim Bilik Mərkəzinin yaradılması, İnfrastruktur və silah sistemləri üzrə zəif nöqtələrin təsbit edilməsi üçün sorğularının aparılması, iqlimlə bağlı təhlükənin bütün müdafiə orqanlarının fəaliyyət komponentlərinə təsirlərinin təhlili, iqlim dəyişikliyi ilə bağlı proqnozlaşdırma və araşdırma potensialının gücləndirilməsi, hər bir məsul qurum üzrə uyğunlaşma planının hazırlanması, meşə yanğınlarının erkən aşkarlanması texnologiyasının təkmilləşdirilməsi, iqlim proqnozlaşdırma modelləri əsasında ekstremal hava hadisələri (daşqınlar, yanğınlar, istilik dalğaları, daşqınlar ) üçün xəbərdarlıq sistemlərinin işlənib hazırlanması və s.
2.2. İqtisadiyyat:
Bu istiqamət üzrə əsas məsələ biznes sektorunun və əmək bazarının iqlim dəyişikliyinə hazırlığının müəyyən edilməsi və innovativ iqlim texnologiyalarının təşviq edilməsidir. Bu məqsədlərə çatmaq üçün əsas fəaliyyət iqstiqamətləri olaraq aşağıdakılar müəyyənləşdirilib:
-
Hazırlıq üçün istinad oluna biləcək mümkn ssenarilərin və atılacaq zəruri addımların müəyyənləşdirilməsi;
-
Təchizat zəncirlərindəki pozuntular üçün milli davamlılıq planının hazırlanması
-
Biznes sektoru və işçilər üçün iqlim dəyişikliyi və uyğunlaşma strategiyaları haqqında məlumatlaırn əlçatanlığının təmin edilməsi;
-
Əmək bazarının tənzimlənməsinin iqlim şəraitinə uyğunlaşdırılması
-
İnnovativ iqlim texnologiyalarına dəstəklənməsi.
Bu istiqamətlər üzrə həyata keçiriləcək konkret tədbirlər kimi isə belə müəyyən edilib: istinad ssenarilərinə uyğun olaraq ÜDM-ə təsirin və mümkün fiskal modellərin qiymətləndirilməsi uyğunlaşma tədbirlərinin fayda-xərc təhlili metodologiyasının işlənib hazırlanması, ictimai rifahla bağlı xərclərin müəyyən edilməsi, təchizat zəncirinin davamlılığını gücləndirmək üçün siyasət alətlərinin həyata keçirilməsi, işçilərin və müəssisələrin iqlim dəyişikliyinə uyğunlaşması haqqında məlumatların toplanması, dəyişikliyinin sektorlara və sənaye sahələrinə potensial təsirlərinin qiymətləndirilməsi, innovativ texnologiyalardan istifadə proqramlarının hazırlanması və maliyyələşdirilməsi üçün biznesin təşviq edilməsi
2.3. Yaşayış əraziləri və infrastruktur:
Bu istiqamət üzrə əsas məsələ yaşayış sahələrinin və onu əhatə edən mühitin, eləcə də zəruri infrastrukturun iqlim dəyişkliyinə uyğunlaşdırılmasıdır. Bu məqsədlər üzrə əsas fəaliyyət istiqamətləri kimi aşağıdakılar müəyyən edilib:
-
Ağıllı və əksmərkəzləşmiş elektrik şəbəkələrinin qurulmasının təşviqi;
-
Mövcud nəqliyyat və kommunikasiya şəbəkəsinin yeni şərtlərə uyğunlaşdırılması;
-
Sahil zonalarında infrastrukturun, binaların və ictimai yerlərin dəniz səviyyəsinin yüksəlməsinə uyğunlaşdırılması, onların ekstremal hadisələrdən qorunması;
-
Şəhər yerlərində drenaj şəbəkəsinin planlaşdırılması, daşqınlardan mühafizə planlarının hazırlanması;
Bu fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bəzi mühüm tədbirlər isə bunlardır: böyük miqyaslı enerji saxlayıcı qurğuların müntəzəm və fövqəladə şəbəkə əməliyyatlarına inteqrasiyası, enerji qıtlığı yaranacağı şərait üçün İsraili qonşu ölkələrlə enerji mübadiləsi sahəsində əməkdaşlığının gücləndirilməsi, ağıllı elektrik şəbəkəsinin inkişafı, yeni və mövcud binalarda bərpa olunan enerji istehsalı və enerjini saxlayan mərkəzlərin yaradılması, şəhər yağış sularını axadan şəbəkənin kanalizasiya xətlərindən ayrılması, həssas əhali qrupları üçün iqlim dəyişikliyinə uyğunlaşmaq üçün planların hazırlanması və s..
2.4. Aqrar sektor:
Bu istiqamətə kənd təsərrüfatı sektorunun uyğunlaşdırılması, ekosistemlərin davamlılığının və möhkəmliyinin qorunması, təbii su mənbəyinin qorunması və bərpası kimi məsələlər daxildir. Həmin məqsədlərə nail olmaq üçün əsas fəaliyyət iqstiqamətləri isə belə müəyyənləşdirilib:
-
Bitkiçilik və heyvan sektorunun iqlim dəyişikliyinə uyğunlaşdırılması;
-
Aqrar sektorun yeni iqlim şərtlərinə adaptasiyası üçün elmi-tədqiqatlara və innovasiyalara investisiya dəstəyi;
-
Kənd təsərrüfatının təbii fəlakətlərdən sığortası üçün fondun gücləndirilməsi;
-
Bitkiçilikdə və heyvandarlıqda zərərvericilərin məhv edilməsi;
-
Biomüxtəlifliyin qorunması və açıq sahələrin bərpası;
-
Milli su idarəetmə planının yenilənməsi;
-
Çayların və bataqlıqların mühafizəsi və bərpası;
-
Təbii su mənbələrindən istifadə yükünün azaldılması.
Bu istiqamətlər üzrə həyata keçiriləcək konkret tədbirlər kimi isə belə müəyyən edilib: məhsul modelləri, iqtisadi modellər və fermerlərdən əldə olunan məlumatlar, eləcə də toplanmış qlobal təcrübə əsasında kənd təsərrüfatı bitkiləri üçün risk qiymətləndirməsinin hazırlanması,
qabaqcıl kənd təsərrüfatı texnologiyalarının inkişafı və tətbiqi üçün tətbiqi tədqiqatların və ya pilot planların maliyyələşdirilməsi, iqlimlə bağlı fermerlərin zərərinin qarşısının alınması və ya azaldılması üçün tədbirlərin maliyyələşdirilməsinə stimulların təmin edilməsi, davamlı kənd təsərrüfatı təcrübələrinin dəstəklənməsi, fermerlərə subsidiya dəstəyinin artırılması, mövcud və yeni zərərvericilərin müəyyən edilməsi üsullarının təkmilləşdirilməsi, xəstəlik risklərinin, o cümlədən bir sıra xəstəliklərin erkən aşkarlanması monitorinqlərin aparılması və s.
Sonuncu iqtiqmət kimi insanların sağlamlığı və rifahıdır. Bu istiqmət üzrə əsas məsələlər kimi
iqlim dəyişikliyi nəticəsində yaranan xəstəlik və ölüm hallarının monitorinqi sisteminin yaradılması, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin xəritələşdirilməsi, eləcə də iinfrastruktur və insan resursları baıxımından səhiyyə sisteminin uyğunlaşdırılması, milli ərzaq təhlükəsizliyi planının formalaşdırılması və həyata keçirilməsi, iqlim dəyişikliyinə həssas olan əhali qruplarının ehtiyaclarının xəritələşdirilməsi müəyyən edilib.
İsrailin Milli Uyğunlaşma Planı təkcə təsir istiqamətləri üzrə detallı və kompleks tədbirlərin müəyyən edilməsi fərqlənmir. Sənəddə eyni zamanda hər bir tədbir üzrə mümkün xərclərin məbləği (maliyyə tutumu) də əks olunub.
3.Türkiyənin Milli Uyğunlaşma Strategiyası
2024-2030-cü illəri əhatə edən “İqlim dəyişikliyinə uyğunlaşma strategiyası və fəaliyyət planı” adlı sənədində qeyd edilir ki, Aralıq dənizi hövzəsi və Türkiyə iqlim dəyişikliyindən ən çox təsirlənən bölgələrdən biridir. Yerləşdiyi coğrafiyaya görə Türkiyə aşırı quraqlıq, daşqın və ekstremal hava hadisələri kimi iqlim dəyişikliyinin yaratdığı fəlakətlərdən təsirlənir və gələcəkdə bu fəlakətlərə qarşı həssaslığının artacağı proqnozlaşdırılır. 2010-2021-ci illər arasında Türkiyədə 8274 meteoroloji fəlakət yaşanıb. Bu fəlakətlər tufanlar ( ümumi fəlakətlərin 32%-i), güclü yağış və daşqınlar (30%) və dolu (17%) şəklində özünü göstərməşdir. Bundan əlavə, son illərdə həddindən artıq isti havaların intensivliyinin artması müşahidə olunur.
Fövqəladə Hallarla bağlı qurumun (AFAD) statistikasına görə, 2022-ci ildə 450 daşqın, 18 qar uçqunu, 859 sürüşmə, 13 dərin çüxurların yaranması qeydə alınıb. Bu fəlakətlər təsir və tezliyi baxımından geniş əraziyə yayılıb. Bundan əlavə, Türkiyə 2021-ci ildə illik orta göstəricidən əhəmiyyətli dərəcədə yüksək meşə yanğınları ilə üzləşib, 793 meşə yanğını baş verib və 139,5 min hektar meşə sahəsinə ziyan vurub.
BMT-nin məlumatına görə, 1970-2021-ci illər arasında Türkiyədə baş verən daşqınlar 2,8 milyard ABŞ dolları ziyana səbəb olub. Bundan başqa, bu daşqınlarda 758 nəfər həyatını itirib.
Türkiyədə quraqlığın vurduğu zərər ÜDM-in 1,2%-i həcmində qiymətləndirilir. İqlim dəyişikliyi ilə bağlı fəlakətlərdən orta illik itki ÜDM-in 2,2%-ni təşkil edir.
Türkiyə hökuməti iqlim dəyişikliklərinin neqativ təsirlərini azaltmaq üçün 1990-cı ilə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarını 41% azaltmağı öz öhdəsinə götürüb. 2024-2030-cu illəri əhafə edən Adaptasiya Planı sənədi isə bu hədəfə çatmaqla yanaşı ölkənin iqlim dəyişikliyinə uyğunlaşması üçün zəruri tədbirləri müəyyənləşdirib. Planda uyğunlaşma tədbriləri üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən edilib.
4.1. Şəhər yaşayış məskənləri.
Bu istiqamət çərçivəsində ssas hədəflər kimi səhərlərin və onların sakinlərinin uyğunlaşma qabiliyyətinin və dayanıqlığının artırılması, iqlim dəyişikliklərinə davamlı urbanizasiya prosesinin təmin edilməsi müəyyən edilib.
4.2. Su resurslarının effektiv idarə olunması.
Su ehtiyatlarının idarə edilməsi üçün siyasi və hüquqi bazanın inkişafı, məlumatların və məlumatların istehsalı və mübadiləsinin artırılması,
su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin təmin olunması əsas məqsədlər olaraq müəyyənləşdirilib.
4.3. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi.
Bu sektoru iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün siyasət və hüquqi bazanın işlənib hazırlanması, institusional potensialın, əməkdaşlığın və məlumatlılığın gücləndirilməsi, kənd təsərrüfatı istehsalında ekosistemlərin və təbii ehtiyatların qorunması, inkişafı və davamlı istifadəsinin təmin edilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri və uyğunlaşma ilə bağlı tədqiqatların aparılması, kənd təsərrüfatında innovativ tətbiqlərin inkişaf etdirilməsi əsas məsələlər kimi müyyən edilib.
4.4. Biomüxtəliflik və ekosistem.
Bu istiqamət üzrə əsas məqsədlər kimi biomüxtəlifliyi və ekosistemi təhdid edən yaşayış mühitinin dəyişdirlməsi, çirklənmənin azaldılması, iqlim dəyişikliyinin biomüxtəlifliyə və ekosistemə təsirlərinin tədqiqi, monitorinqi və qiymətləndirilməsi və s. kimi məsələlər müəyyən edilib.
4.5. İctimai səhiyyə.
İqlim dəyişikliyinin sektora təsiri ilə bağlı dəlilə əsaslanan təhlil və qiymətləndirmələrin aparılması, infrastrukturun gücləndirilməsi və elmi-tədqiqat işlərinin artırılması, səhiyyə sisteminin iqlim dəyişikliyinin tələblərinə uyğun potensialının gücləndirilməsi istiqamət üzrə əsas məqsədlər olaraq müəyyənləşdirilib.
4.6. Enerji sektoru.
Enerji sektorunun iqlim dəyişikliyinə uyğunlaşması üçün siyasi və hüquqi bazanın işlənib hazırlanması, institusional potensialın və əməkdaşlığın gücləndirilməsi, məlumat və məlumat istehsalı və mübadiləsinin artırılması, enerjinin saxlama infrastrukturunun gücləndirilməsi istiqamət üzrə əsas məsələlər kimi təsbir edilib.
4.7. Turizm sektoru.
Turizm infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşma imkanlarının artırılması, sektora məsul arasında koordinasiyanın təmin edilməsi istiqamətlər üzrə əsas məsələlər kimi müəyyənləşdirilib.
4.8. Sənaye sektoru. Texnoloji risklər və böyük sənaye qəzaları riski altında olan obyektlərin müəyyən edilməsi və uyğunlaşma tədbirlərinin prioritetləşdirilməsi, investisiya layihələri hazırlanarkən iqlim dəyişikliyinin investisiyaya mümkün təsirlərinin qiymətləndirilməsi,
4.9. Nəqliyyat və rabitə sektoru.
Bu istiqamət çərçivəsində əsas məsələlər kimi nəqliyyat və kommunikasiya infrastrukturlarının davamlılığının təmin edilməsi, iqlimlə əlaqəli fəlakətlər zamanı nəqliyyat və rabitə xidmətlərinə əlçatanlığn təmin olunmasıı, kommunikasiyanı və evakuasiya imkanlarını təkmilləşdirməklə fövqəladə halların effektiv idarə edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma məqsədinə uyğun olaraq nəqliyyat və rabitədə planlaşdırma potensialının inkişaf etdirilməsi və s. müəyyən olunub.
4.10 Sosial inkişaf.
B İqlim dəyişikliyinin təsirlərinin və tədbirlərin bütün səviyyələrdə (milli, regional, yerli) sosial-iqtisadi inkişaf və ekosistemin mühafizəsi strategiyalarına inteqrasiyası və sosial inkişaf komponentinin hər bir sektorda iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma siyasətlərinə, planlaşdırılmasına və həyata keçirilməsi proseslərinə inteqrasiyası
Cəmiyyətin mövcud/potensial iqlim təhlükələrinə davamlılığını və uyğunlaşmasını gücləndirmək üçün sosial müdafiə siyasətlərinin işlənib hazırlanması
Böhran idarəetmə yanaşmasından cəmiyyətin iqlim dəyişikliyinə uyğunlaşması üçün risk idarəetmə modelinə keçmək və bu kontekstdə zəruri hüquqi, institusional, inzibati, elmi, insan və maliyyə potensialının gücləndirilməsi
İqlim dəyişikliyinə uyğunlaşma üzrə milli siyasətlərin cəmiyyətin tam təsiri ilə həyata keçirilməsinin təmin edilməsi Hüquq və maraqlara əsaslanan yanaşmanın və cəmiyyətin bütün təbəqələrinin rifahı üçün bərabər imkanların həyata keçirilməsi.
4.11. Fəlakət riskinin azaldılması.
Davamlı və davamlı inkişaf üçün iqlim dəyişikliyi və fəlakət riski ilə bağlı anlayış və məlumat infrastrukturunun gücləndirilməsi.
İqlim dəyişikliyi və fəlakətlərə davamlılığı gücləndirmək üçün transformativ risk idarəçiliyinin təmin edilməsi.
İnklüziv və həssas iqlim dəyişikliyinə və fəlakətlərə davamlılığa nail olmaq üçün institusional potensialın inkişafı və məlumatlılığın artırılması.
İqlim dəyişikliyi və fəlakətlərə davamlılıq kontekstində sabit və davamlı investisiyaların edilməsi.
Yuxarıda qeyd olunan prioritet istiqamətlərin hər biri üzrə Adaptasiya Planında müxtəlif həll yolları və fəaliyyətlər (tədbirlər) də təklif olunur. Məsələn, şəhər məskənləri ilə bağlı bu addımlar təklif edilir: şəhər yaşayış məntəqələri daxilində su hövzələri, bataqlıqlar və meşələr kimi həssas ərazilər qorunmalı, limanların və turizm obyektlərinin iqlim dəyişikliyinə qarşı davamlılığı artırılmalı, açıq dənizlər və güclü yağışlar səbəbindən daşqın və çayların subasma riski olan ərazilərin mühafizəsinə münasibətdə xüsusi qaydalar müəyyənləşdirilməli, iqlim dəyişikliyinə davamlı yaşıl binalar təşviq edilməli, içtimai nəqliyyatın sürətini artırmaq üçün alternativ nəqliyyat növləri inkişaf etdirilməli, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün daha çevik və dayanıqlı şəhər infrastrukturu şəbəkəsi yaradılmalı, şəhər yaşıllıqları qorunmalı və artırılmalı, iqlim dəyişikliyi ilə mübarizə üçün bələdiyyə büdcələri artırılmalıdır.
Yaxud aqrar sektorla bağlı əsas tədbirlər kimi bunlar müəyyənləşdirilib:
kapital, infrastruktur, texnologiya və bilik resursları gücləndirilməsi sayəsində kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinə uyğunlaşma üçün siyasəti alətlərinə transformasiyası, uyğunlaşma potensialını gücləndirmək üçün təhsil, səhiyyə və iqtisadi inkişaf göstəricilərində geridə qalan əyalətlərdə təhsil və səhiyyə investisiyalarına üstünlük verilməsi, kənd təsərrüfatı torpaqlarının konsalidasiyasının sürətləndirilməsi, sektorun təchizat zəncirinin hər bir mərhələsinin zəif həlqələrinin qiymətləndirilməsi, bölgələr üzrə məhsul və əkin modelini dəyişməklə bitki növlərinin iqlim dəyişikliyinə həssaslığının aşağı salınması imkanlarının araşdırılması, eləcə də bu dəyişikliklərə həssaslığı daha az olan bitkilərin əkilməsinin təşviqi, peyk dəstəyilə erkən xəbərdarlıq sistemlərinin işinin keyfiyyətinin daha da yüksəldilməsi, gəlir mənbələrinin diversifikasiyası zəif olan bölgələrin müəyyən edilməsi və gəlirlərin diversifikasiya inkanlarının qiymətlənidirilməsi təmin edilməlidir.
Ölkələrarası müqayisənin əsas nəticələri və Azərbaycan üçün təkliflər:
Azərbaycan, İsrail və Türkiyənin son 2 ildə hazırlanmış, qısa və ortamüddətli dövrləri əhatə edən iqlim dəyişikliyinə uyğunlaşma sənədlərinin analizi aşağıdakı nəticələri ümumiləşdirməyə imkan verir:
- Azərbaycanla müqayisədə Türkiyənin adaptasiya planlarında iqtisadiyyatın ən müxtəlif sektorları daha əhatəli nəzərə alınıb;
- Azərbaycanla bağlı planda mütəxəssislər həll yolları ilə bağlı daha çox strateji tövsiyyələrlə kifayətləniblər, lakin Türkiyənin analoji sənədində konkret addımlar və pilot layihələr əks olunub;
- Planın icrası ilə bağlı qurumlararası kooridinasiya Türkiyənin müvafiq planında daha aydın və detallı əks etdirilib;
- İrailin Adaptasiya Planı seçilmiş sektorlarla bağlı daha dərin və data əsaslı analizlər təqdim edir;
- İsralin müvafiq sənədində konkret və praktik əhəmiyyəti olan pilot layihələr əks etdirilib
Qeyd olunan nəticələrdən çıxış edərək qarşıdakı dövrdə Azərbaycanın iqlim dəyişikliyinə uyğunlaşma potensialının gücləndirilməsi, hazırlanacaq yeni strategiyalarda nəzərə alınması üçün aşağıdakı təkliflərə diqqətdə saxlamaq məqsədəuyğundur:
-
Hökumət iqlim dəyişikliyinin hər bir sahəyə ilkin təsirlərinə dair hesabatlar çap edib ictimaiyyətlə bölüşməlidir;
-
İqlim dəyişikliyinin vurduğu zərərlər dəyər ifadəsində hesablanıb hər il açıqlanmalıdır;
-
Hər bir region səviyyəsində uyğunlaşma potensialının qiymətləndirilməsi aparılmalı, ayrıca götürülmüş ərazilər üzrə bu potensiala uyğun siyasət və dəstək alətləri tətbiq edilməlidir.
- [1] https://iklim.gov.tr/db/turkce/icerikler/files/%C4%B0klim%20De%C4%9Fi%C5%9Fikli%C4%9Fine%20Uyum%20Stratejisi%20ve%20Eylem%20Plan_%202024-2030.pdf
- [2] https://unfccc.int/sites/default/files/resource/2024_NAP_Azerbaijan.pdf
- [3] https://unfccc.int/sites/default/files/resource/NAP_Israel_2025_ENG.pdf
- [4] https://iklim.gov.tr/db/turkce/icerikler/files/%C4%B0klim%20De%C4%9Fi%C5%9Fikli%C4%9Fine%20Uyum%20Stratejisi%20ve%20Eylem%20Plan_%202024-2030.pdf