NHMT - Azərbaycanda “yaşıl enerji” təşəbbüslərilə bağlı görülən işlərin qiymətləndirilməsinə dair ekspert rəylərinin İcmal Hesabatı

Azərbaycanda “yaşıl enerji” təşəbbüslərilə bağlı görülən işlərin qiymətləndirilməsinə dair ekspert rəylərinin İcmal Hesabatı

Azərbaycanda “yaşıl enerji” təşəbbüslərilə bağlı görülən işlərin qiymətləndirilməsinə dair ekspert rəylərinin İcmal Hesabatı

 

Giriş

 

2050-ci ilə qədər “sıfır karbon” hədəfinin reallaşdırılması dünya dövlətlərinin ən mühüm priorotetləri sırasında öndə gəlir. Birləşmiş Millətlər Təşkilatının Mərakeşdə təşkil etdiyi və 2050-ci ilə qədər “100 faiz bərpa olunan enerjiyə keçid” hədəfi müəyyən edən İqlim Dəyişikliyi Konfransından ötən 8 ildə 53 ölkə öhdəliyi götürüb. Bu ölkələr demək olar ki, dünyanın ən müxtəlif   coğrafiyasını Afrikada 18, Asiyada 13, Okeaniyada 9, Mərkəzi Amerika və Karib hövzəsində 8, Avropada 4 və Cənubi Amerikada 1 ölkə) əhatə edir.

Alternativ enerjiyə keçiddə hələlik ən ciddi maneə nəhəng sərmayə qoyuluşları tələb etməsidir. Təkcə Avropa Birliyi ölkələrinin üzv dövlətlər 2021-2027-ci illərdə bərpa olunan enerji də daxil olmaqla “yaşıl enerji” layihələrinə təxminən 550 milyard avro xərclənəcəyi gözlənilir. Yaxud Cənubi Koreya Respublikası “yaşıl keçidi” dəstəkləmək üçün 135 milyard dəyərində layihələr üçün yaşıl enerji paketi elan edib.

İRENA-nın məlumatına görə, 2050-ci ilədək qlobal hədəflərə yetişmək üçün hazırda 6 müxtləif istiqamət üzrə sərmayələrin qoyulması baş verir. Bura bərpaolunan enerji (külək, günəş, biokütlə enerjisinin alınması və s.), enerji səmərəliliyini və qənaətini artıran texnologiyaların tətbiqi, elektrikləşdirmənin genişləndirilməsi, nəqliyyat və isitlik sistemində təmiz enerjidən istifadənin payının artırılması, hidrogendən istifadə potensialının genişləndirilməsi, ənənəvi yanacaqla çalışan sənaye sahələrində havaya atılan karbon qazının zərərsizləşdirmə texnologiyaların təkmilləşdirilməsi və s. daxildir Proqnozlara görə, bu siyahıda həlledici rolu 3 istiqamət – bərpa olununan enerji potensialının artırılması, enerji səmərəliliyini və qənaətini artıran texnologiyaların tətbiqi, elektrikləşdirmənin genişləndirilməsi oynayacaq.

“Sıfır karbon” hədəfinə çatmaqda əsas vasitə ənənəvi yanacaqdan imtina, bərpa olunan enerji mənbələrindən genişmiqyaslı istifadə təşəbbüslərinin gerçəkləşdirilməsidir.   Bərpa olunan Enerji üzrə Beynəlxalq Agentliyinin (IRENA) 5 il əvvəl hazırladığı geniş hesabatda[1] qeyd edilir ki, Azərbaycan alternativ enerjinin böyük inkişaf potensialına malik olan ölkələr sırasındadır. Araşdırmada Azərbaycanın yüksək külək və günəş resurslarına, biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malik olduğu vurğulanır. Rəsmi qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bəs Paris Razılaşmasından ötən 8 ildə Azərbaycanda yaşıl enerji potensialının reallaşdırılması istiqamətində hansı addımlar atılıb və əldə olunan ilkin  nəticələr nədən ibarətdir?

Təqdim olunan analiz məhz bu suallaırn araşdırılmasına yönəlib və bu məqəsədlə səlahiyyətli rəsmi qurumların, eləcə də peşəkar müstəqil mütəxəssislərin rəyləri öyrənilib.

 

 

1. Energetika Nazirliyinə ünvanlanan sualllara verilən cavabların xülasəsi

 

Ekspertlərə ünvanlanan ilk sual həm hüquqi baza, həm də enerji güclərinin istifadəyə verilməsi  baxımından Azərbaycanda enerji keçidinin təmin edilməsi sahəsində hansı vacib addımlar atılması ilə bağlı olub?

Cavablardan aydın olur ki, hüquqi bazanın formalaşdırılması istiqamətində xeyli işlər görülüb və son 5 ildə bu sahədə 20-dək normativ-hüquqi sənəd qəbul edilib. Ən mühüm sənədlər kimi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunu,  Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydasını, Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsini,

Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydasını,  “Elektroenergetika haqqında” Qanunu, Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydalarını, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunu, Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün Meyarları (18.08.2022, №309 – NK Qərar), Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydasını (Fərman 2215, 17.07.2023), Binalar üçün minimum enerji effektivliyi Normalarını (26.08.2023, №287 – NK Qərar) qeyd etmək mümkündür.

Bunlardan əlavə, “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları” və Enerji Effektivliyi Fondu ilə bağlı qanunvericilik aktlarının layihələri hazırlanıb və hazırda baxılma mərhələsindədir.

Bu sahədə aparıcı sənəd “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanundur[2]. Qanuna görə, dövlət bərpa olunan enerji mənbələrindən istifadəni təmin etmək üçün ilk növbədə bu sahədə dövlət siyasətini formalaşdırmalı, fəaliyyət planlarını qəbul etməli, zəruri normativ-hüquqi baza formalaşdırmalı, bu sahəyə yerli və xarici investisiyaların cəlbi üçün  əlverişli investisiya mühiti yaratmalıdır. Bundan əlavə, dövlət investorları həvəsləndirmək üçün bərpa olunan enerjilə bağlı zəmanətli tariflər tətbiq etməli, aktiv istehlakçıları və bu sahədə elmi tədqiqatların dəstəkləməlidir. Burda aktiv istehlakçılar dedikdə, elektrik enerjisini istehlak etməklə yanaşı elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxslər başa düşülür. Bu qəbildən olan istehlakçıların dəstəklənməsi üçün onların tələbatdan artıq istehsal həcminin ümumi şəbəkəyə ötürülməsinə, istehsal edə bilmədikləri zamanlarda isə şəbəkədən geri almasına imkan tanıyır. Əvəzləşdirmənin bu sxemlə aparılması nəzərdə tutulur: (i) şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda aktiv istehlakçı qalıq elektrik enerjisinin dəyərini özünün aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin təchizatçısına ödəyir; (ii) şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən az olduqda elektrik enerjisinin təchizatçısı qalıq elektrik enerjisinin dəyərini mövcud topdansatış tarifi ilə istehlakçıya ödəyir.

Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalı və elektrik şəbəkəsinə qoşulmalıdırlar.

Hazırda qüvvədə olan qanunvericilik investisiya təşviqi sənədi mexanizmi çərçivəsində dövlət dəstəyini təmin edir. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən investorlara verilən “İnvestisiya təşviq sənədi” əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıdakı güzəştləri əldə edirlər:

 

  • müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50% güzəştlə ödəyirlər;
  • texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından 7 il müddətinə azad olunurlar;
  • investisiya təşviqi sənədinin alındığı andan 7 il müddətinə müvafiq əmlaka görə əmlak vergisini ödəməkdən azad olunurlar;
  • mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlar üçün investisiya təşviqi sənədi alındığı andan 7 il müddətinə torpaq vergisindən azad olunurlar;
  • texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

 

Ən mühüm strateji sənədlər kimi bir sıra proqram və strategiyalar qəbul edilib. Azərbaycan hökumətinin “yaşıl enerji”yə keçidlə bağlı strateji hədəfləri və əsas təşəbbüsləri hazırda icra mərhələsində olan 2 sənəddə əks olunub. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”[3] sənədində enerji keçidilə bağlı təşəbbüslər daha geniş əks olunub. Strategiyada bir neçə fərqli istiqamət üzrə tədbirlər müəyyən edilib. Ən mühüm tədbirlər kimi aşağıdakı təşəbbüsləri qeyd etmək mümkündür:

 

  • Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi;
  • Bərpa olunan enerji infrastrukturunun dövlət‒özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi;
  • Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi;
  • Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi;
  • “Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı”nın hazırlanması;
  • Elektromobillik üzrə Milli Planın hazırlanması;
  • Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması;
  • Hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması;
  • Enerji saxlanc sistemlərinin tətbiqinin araşdırılması və təkliflər verilməsi;
  • İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyinin təmin edilməsi;
  • Özəl (yaşayış, kommersiya və ofis) və ictimai binalar üçün milli renovasiya proqramının hazırlanması və həyata keçirilməsi.

 

“Azərbaycan Respublikasinin işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı”[4], eyni zamanda, bu proqramın icrası ilə bağlı hökumət Tədbirlər Planı[5]  təsdiqlənib. Bu sənədlər adlarından da göründüyü kimi, konkret coğrafi ərazidə “yaşıl enerji” təşəbbüslərinin reallaşdırılmasını hədəfləyir və həmin sənədlərdə nəzərdə tutulan ən mühüm tədbirlər aşağıdakılardır:

 

  • Bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsi
  • Bərpa olunan enerji mənbələrindən (hidroenerji, geotermal enerji və bioenerji), hidrogen texnologiyasından, enerjinin saxlanılması və hidroakkumulyasiya tədbirlərindən istifadə perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi Günəş və külək elektrik stansiyalarının tikilməsi
  • Yararsız hala salınmış kiçik 9 su elektrik stansiyasının  (50 MvT gücündə) bərpası
  • Hidroenerji potensialından istifadə istiqamətində KSESlərin bərpasına və yeni KSES-lərin tikintisinə özəl investisiyanın cəlb edilməsi
  • Yeni KSES-lərin tikintisi
  • Su elektrik stansiyalarının tikintisi
  • Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblərin müəyyən edilməsi
  • Küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi
  • Nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsi
  • Ərazilərdə “yaşıl” texnologiyalar üzrə istehsal və xidmət sahələrinin yaradılmasının dəstəklənməsi

 

Artıq birinci sənədin icrasının 2 ili, ikinci sənədinin icrasının isə 1 ili araxada qalıb. Lakin Azərbaycanda hökumətin proqram və strategiya sənədlərinin icrasına dair illik hesabatlar açıqlamaq təcrübəsi olmadığından, hazırkı dövrə yuxarıda sadalanan tədbirlərin hansı səviyyədə reallaşdırıldığı ilə bağlı səhih məlumatlar açıq və əlçatan mənbələrdə mövcud deyil.

Analizin hazırlanması ilə bağlı informasiya sorğusuna Energetika Nazirliyinin cavabında qeyd edilib ki, ölkənin alternativ enerjiyə keçidlə bağlı 2030-cu ilə qədər hədəfi yaşıl qoyuluş gücünün ən az 30%-ə çatdırılmasıdır. Hazırda isə bu göstərici 20% ətrafındadır (ümumi qoyuluş gücü  8 320.8 MVt təşkil edir ki, bunda 1 687.8 MVt-ı yaşıl güclərdir).

 

Bəs mövcud yaşıl güclərdə günəş, külək və su ilə işləyən stansiyaların nisbəti necədir?

 

Nazirliyin cavabından aydın olur ki, ümumilikdə bu cür 55 stansiya hazırda fəaliyyətdədir.  Bunlardan ümumi qoyuluş gücü təxminən 280 MVt olan 9 günəş stansiyası (Qaradağ GES  230 MVt,  Naxçıvan GES 22 MVt, Şərur GES 11 MVt, Kəngərli GES 5 MVt, Samux GES 2,8 MVt, Sumqayıt GES 2,1, Sahil GES 1,9 MVt, Suraxanı GES – 1,6 MVt, Pirallahı GES 1,1 MVt), ümumi qoyuluş gücü təxminən 64 MVt olan 5 külək stansiyası (Yeni Yaşma KES 50 MVt, Hökməli KES 8 MVt, Yaşma Bağları KES 3,6 MVt, Şurabad KES 1,7 MVt, Culfa KES 0,3 MVt),  ümumi qoyuluş gücü 255 MVt olan 37 su elektrik stansiyası (Mingəçevir SES 424.6 MVt, Şəmkir SES 380 MVt, Yenikənd SES 150 MVt, Tərtər SES - 50 MVt, Fizuli SES 25 MVt, Taxtakörpü SES 25 MVt, Şəmkirçay SES - 24.42 MVt, Araz  SES 22 MVt, Arpaçay-1 SES 20.5 MVt, Biləv SES 20 MVt, Varvara SES 17 MVt və s.). Bunlardan əlavə, ümumi qoyuluş gücü 7,3 MVt olan 3 hibdrid stansiya (Qobustan HES  6,2 MVt, Culfa HES 1,1 MVt, Qala Ekoloji Park HES 0,06 MVt) fəaliyyətdədir.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji potensialı kifayət qədər böyülkdür və quruda texniki potensial  135 000 MVt (iqtisadi potensial 27 000 MVt), dənizdə texniki potensial  157 000 MVt, o cümlədən külək enerjisi üzrə potensial 3 000 MVt, günəş enerjisi  üzrə potensial 23 000 MVt, bioenerji potensialı  380 MVt, dağ çaylarının potensialı 520 MVt təşkil edir.

 

Yaxşı  beynəlxalq təcrübələr nəzərə alınmaqla hüquqi bazanın təkmilləşdirilməsi baxımından daha hansı vacib addımlar atılmalıdır, hansı boşluq və çatışmazlıqlar varmı?

 

Energetika Nazirliyinin cavabında bildirilir ki, ümumən hüquqi baza beynəlxalq təcrübə nəzərə alınmaqla formalaşdırılıb. Bərpa olunan enerji sahəsinə dair hüquqi baza hazırda əsasən elektrik enerjisi istehsalı sahəsini əhatə edir. Bərpa olunan enerji sahəsində mühüm çatışmazlıqlar yoxdur. Nəqliyyatda təmiz enerjidən istifadə, eləcə də istilik enerjisi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması, hədəflərin müəyyənləşdirilməsi istiqamətində də addımlar atıla bilər. İstilik sahəsində bərpa olunan enerji mənbələrindən istifadəni müəyyən mənada, həm neft-qaz resurslarının mövcudluğu, həm də dəstəkləyici tariflərin tətbiqi ikinci plana keçirir. Lakin texnologiyanın ucuzlaşması, bu sahəyə, xüsusilə istilik nasoslarından istifadəyə diqqəti artıracaq. İstər nəqliyyatda elektromobillər və “plug in” hibrid avtomobillərin, istərsə də istilik enerjisi sahəsində istilik nasoslarının istifadəsinin elektrik enerjisinə tələbatı artıracağı qaçılmazdır. Bu da, bərpa olunan enerji hesabına elektrik enerjisinin istehsalını aktuallaşdırır ki, hazırda əsas diqqətin elektrik enerjisinin yaşıl enerji mənbələrdən istehsalına yönəldilməsi daha məqbul yanaşmadır.

Elektroenergetika sahəsində isə liberal bazar prinsiplərinin tətbiqi ilə bağlı hazırlanmış qanunvericilik aktları, enerji səmərəliliyi sahəsində hazırlanan normativ aktlar müvafiq sahədə hüquqi bazanın tam formalaşdırılmasına yönəlib və mövcud mexanizmlər ilk dəfə olaraq tətbiq edildiyindən hələ ki, hansısa boşluqlar haqqında danışmaq tezdir.

 

Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə icazənin verilməsi prosedurları necədir? Burda investorların işini çətinləşdirən hansısa bürokratik əngəllər varmı və onların aradan qaldırılması üçün hansı addımların atılmasına ehtiyac var?

 

Energetika Nazirliyinin bu suala cavablarından aydın olur ki,  elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında  Qanunda investorların işini asanlaşdırmaq üçün iki mexanizm nəzərdə tutulur. Birbaşa cəlbetmə və hərracların keçirilməsi. Artıq fəaliyyət göstərən Qaradağ GES və 2027-ci ildək istismara veriləcək yaşıl güclərin əksəriyyəti birbaşa cəlbetmə mexanizminə əsasən reallaşdırılır, 50 MVt gücün hərrac vasitəsilə reallaşdırılması nəzərdə tutulur. Təcrübə göstərir ki, investorların işini çətinləşdirən bürokratik əngəllər yoxdur. Əksinə, dövlət tərəfindən müəyyənləşdirilmiş ərazilərdə layihələrin həyata keçirilməsinə əngəllərin (əgər varsa) tamamilə aradan qaldırılmasına yönələn sadə mexanizm nəzərdə tutulur və dəstəkləyici tədbirlər həyata keçirilir. Bu dövlət-özəl tərəfdaşlığının forması kimi qiymətləndirilə bilər.

 

Hazırda aktiv istehlakçılar üçün qanunvericilikdə nəzərdə tutulan mexanizmləri nə dərəcədə  işlək hesab etmək mümkündür?

 

Mövcud qanunvericiliyə görə, 150 kilovatdan aşağı güclü bərpa olunan enerji sistemlərinin quraşdırılması üçün icazə tələb edilmir. Aktiv istehlakçıların dəstəklənməsi mexanizmi kiçik güclü bərpa olunan enerji qurğuları vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürməyə, istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul etməyə imkan verir. Ay ərzində aktiv istehlakçının şəbəkəyə ötürdüyü elektrik enerjisinin miqdarı şəbəkədən aldığından çox olarsa bu növbəti ayın hesabında nəzərə alınır və əvəzləşdirilir. Əvəzləşdirmə bir il ərzində davam edir və hesabat ilinin sonunda yekunlaşdırılır. Hesabat ili dedikdə təqvim ilinin 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövr başa düşülür. İl sonunda aktiv istehlakçının balansı müsbət olduqda enerji təchizatı müəssisəsi qalıq elektrik enerjisinin dəyərini aktiv istehlakçının bank hesabına ödəyir. Ödəniş enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən sonra 1 ay müddətində cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə həyata keçirilir. Əgər hesabat dövründə aktiv istehlakçının elektrik təchizatı şəbəkəsindən aldığı enerji şəbəkəyə ötürdüyü yaşıl enerjidən çox olarsa istehlak edilmiş ənənəvi elektrik enerjisinin dəyəri müvafiq pərakəndə satış tarifi ilə enerji təchizatı müəssisəsinə ödənilir. 150 kilovat həddindən yuxarı gücdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun icazə alınmalıdır.

 

Bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün torpaq ehtiyacları hansı formada həll edilir? Məsələn, torpaq bələdiyyə mülkiyyətində oluqda, bu qurumlara hər hansı kompensasiya ödənilirmi?

 

Torpaq məsələsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna əsasən müəyyən edilir. Ərazilərin seçilməsi zamanı əsasən kənd təsərrüfatına yararlı olmayan torpaqlara üstünlük verilir.

Hazırda investisiya layihələri əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar hesabına həyata keçirilir. Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli 437 nömrəli qərarına əsasən enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının miqdarı sıfır əmsalı tətbiq edilməklə hesablanır. Bu torpaqlar bərpa olunan enerji mənbələrinin ərazisi elan edilərək müvafiq qanunvericilik çərçivəsində layihələrin həyata keçirilməsi üçün istifadə edilir.

Nazirlər Kabinetinin 25 dekabr 2023-cü il tarixli 470 nömrəli qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsi günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Nazirlər Kabinetinin 13 yanvar 2024-cü il tarixli 19 nömrəli qərarına əsasən qoyuluş gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi məqsədilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Digər layihələr üzrə də bu proses davam edir.

 

Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin maliyyələşdirilməsi üçün xüsusi mexanizmlər, məsələn, ayrıca fond yaradıla bilərmi və Azərbaycanda maliyyələşmə ilə bağlı hansı imkanlar mövcuddur? Yaxşı təcrübələrdən çıxış etsək daha hansı addımlar atmaq olar (məsələn, “yaşıl istiqraz” buraxılışının stimullaşdırması)?

 

Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi üçün xüsusi fond mövcud deyil. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 16-cı maddəsinə əsasən Enerji Effektivliyi Fondunun yaradılması nəzərdə tutulur. Bununla bağlı qanunvericilik aktlarının layihələri hazırlanıb, baxılmaqdadır. Fondun istiqamətlərindən biri kimi bərpa olunan enerji layihələrinin dəstəklənməsi nəzərdə tutulur.

Gələcəkdə sırf bərpa olunan enerji sahəsində fondun yaradılması da istisna edilmir. “Yaşıl istiqrazlar” və digər alətlərin tətbiqi ilə bağlı müzakirələr aparılır. Bununla belə, dünyada tətbiq edilən müxtəlif təşviq mexanizmlərinin (Feed-in Tarif, Feed-in Premimum, yaşıl istiqrazlar, öhdəliklərin müəyyənləşdirilməsi, fondların yaradılması) hər biri konkret məqsədlərə xidmət etməklə, ümumilikdə ölkələrin uzundmüddətli enerji keçidi hədəflərinə istiqamətlənir. Azərbaycanda bərpa olunan enerji istehsalı və ixracı üzrə müəyyənləşdirilmiş hədəflərə nail olunması üçün hazırkı mexanizmlər kifayət görünür. Ölkəmizdə artıq bir neçə ildir ki, bu sahədə böyük investisiya layihələrinin həyata keçirilməsinə başlanıb və enerjisistemə problem yaratmayan həddə qoyuluş güclərinin istismara verilməsi üçün kifayət qədər müqavilələr bağlanılıb. Əlverişli investisiya mühiti formalaşıb və hesab edirik ki, bütün mövcud stimullaşdırıcı tədbirləri eyni zamanda tətbiq etmək məqsədəmüvafiq deyil.

 

Sual 6: Azərbaycan üçün bərpa olunan enerji mənbələri üzrə orta (2030-cu ilə qədər) və uzunmüdətli (2050-ci ilə qədər) hansı hədəflər müəyyən edilib?

 

2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən az 30%-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bununla belə 2027-ci ilin sonunadək 2 QVt-dək “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payı proqnozlaşdırılmış hədəfdən daha çox, yəni 33 faizə çatdırıla bilər.

Bərpa olunan enerji ilə bağlı 2050 hədəfi mövcud deyil, ancaq texnologiyanın inkişaf səviyyəsi nəzərə alınmaqla şəbəkəyə inteqrasiya edilə biləcək maksimum gücə nail olmaq və yaşıl enerjinin ixracatçısı kimi ölkənin mövqeyini möhkəmləndirmək planlaşdırılır. Eləcə də ölkəmiz istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizədək azaldılması və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması üzrə öhdəlik götürüb. 

 

Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin (İRENA) hazırladığı hesabata görə, Azərbaycanda səmərəli şəbəkə məcəlləsi yoxdur. Bu məcəllə nə üçün lazımdır və o regional inteqrasiya və elektrik enerjisi ixracının artmasına necə və hansı formada təsir göstərə bilər?

 

Azərbaycanda şəbəkənin istismarı ilə bağlı bir çox qaydalar var. Bu qaydalar Şəbəkə Məcəlləsinin tərkib hissələridir. Düzdür, ayrılıqda bir “Şəbəkə Məcəlləsi” olmayıb.  2024-cü il yanvarın 1-dən “Elektroenergetika haqqında” yeni qanun qüvvəyə minib. Bu qanunun tətbiqi ilə əlaqədar Energetika Nazirliyinə “Şəbəkə Məcəlləsi”nin hazırlanması tapşırılıb. “Şəbəkə Məcəlləsi”nin layihəsi artıq işlənilib, razılaşdırma mərhələsindədir. Düşünürük ki, qarşıya qoyulan vaxt ərzində onun təsdiq olunması təmin ediləcəkdir. Enerji keçidinə verəcəyi töhfələr təbii ki, burada şəbəkəyə qoşulma, layihənin istismarı, elektrik enerjisinin ötürülməsi, paylanması kimi məsələlər “Şəbəkə Məcəlləsi”ndə açıq şəkildə ehtiva olunacaq. Bu da investorlar üçün önəmlidir.

Şəbəkə Məcəlləsi ölkə daxilində şəbəkənin idarə olunması, qonşu ölkələrlə regional və beynəlxalq inteqrasiyasını ehtiva edir. Bu da nəticədə texniki cəhətdən bərpa olunan enerji mənbələrdən istehsal olunan elektrik enerjisinin idxalı və ixracını tənzimləyəcək məsələlərdir. Hər bir halda bunun iqtisadi tərəfi də hesablanmalıdır. Bizim ixrac olunan elektrik enerjisi qonşu ölkələrdə bazarlarda yer tapmalıdır ki, bu sadəcə Şəbəkə Məcəlləsindən asılı məsələ deyil. Daha çox iqtisadi məsələdir.

 

 İRENA-nın Azərbaycan üçün hazırladığı hesabatda uzunmüddətli enerji ssenarilərinin tərtib edilməsi tövsiyə edilmişdi? Belə bir ssenarinin hazırlanması istiqamətində ötən 5 ildə hansı işlər görülüb?

 

Azərbaycan Respublikasının uzunmüddətli enerji strategiyası sənədi beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə müxtəlif ssenarilər nəzərə alınmaqla işlənilmişdir. Eyni zamanda paralel olaraq enerji sisteminin modelləşdirilməsi üçün də “AZ Times informasiya sistemi” də formalaşdırılmışdır. Lakin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda energetika sektoru əhatə olunduğuna görə  bu sənədə üstünlük verildi. Onu da qeyd etmək lazımdır ki, 5 illik ssenarilərimiz mövcuddur və yanacaq-enerji balansı təsdiq olunarkən bu ssenarilər nəzərə alınır.

Enerji istehlakında mühüm payı olan əsas sektor kimi nəqliyyat sektorunda enerji keçidinin sürətləndirilməsi üçün  hökumət hansı addımları atıb? Eyni zamanda, yaxşı təcrübələri nəzərə alsaq, bu sahədə hansı siyasət və təşviq tədbirlərinin irəli sürülməsi prosesini miqyasının genişlənməsinə və sürətinin artırılmasına töhfə verə  bilər? Dünyada bu istiqamətdə sınaqdan çıxmış nə kimi uğurlu təcrübələr və mexanizmlər ölkədə tətbiqini vacib sayırsınız?

Hazırda “Elektromobillik üzrə Milli Fəaliyyət Planı” hazırlanır. Yaxın müddətdə fəaliyyət planının təsdiq olunmasını gözləyə bilərik. Burada müxtəlif cür təcrübələr və mexanizmlər nəzərdən keçirilir. Elektrikli avtomobillərin təşviq edilməsi və infrastrukturun formalaşdırılması istiqamətlərində müəyyən araşdırmalar aparılır. Nəticələr Milli Fəaliyyət Planında əksini tapacaqdır.

Bərpa olunan enerji mənbələrindən istifadə prosesin daha effektiv getməsi üçün sahə üzrə müstəqil (avtonom) tənzimləyici qurumun yaradılmasını təklif edir. Nazirliyin bununla bağlı mövqeyi necədir?

Müstəqil Tənzimləyici Qurumun yaradılması ilə bağlı Nazirliyin münasibəti müsbətdir. Son vaxtlarda elektroenergetika və energetika haqqında qəbul olunan qanunvericilik aktlarında bu barədə bəhs olunur. “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsi hazırlanıb və imzalanma mərhələsindədir. Energetika Nazirliyi tərəfindən hazırlanan bu qanun layihəsində müstəqil tənzimləyici qurumun yaradılması təklif olunur. Bu da bu məsələyə nazirliyin müsbət mövqeyinin göstəricisi kimi izah edilə bilər.

Enerji istehlakında mühüm payı olan bina və mənzilllərin enerji keçidində rolunun artırılması istiqamətində hansı addımlar atılıb? Bunan sonra bu istiqamətdə hansı siyasət qərarlarının və hüquqi mexanizmlərin hazırlanmasına ehtiyac var? Dünyada bu istiqamətdə sınaqdan çıxmış nə kimi uğurlu təcrübələr və mexanizmlər ölkədə tətbiqini vacib sayırsınız? 

Bu məqsədlə qanunvericilik sahəsində bir sıra mühüm addımlar atılıb. Belə ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun icrasını təmin edilməsi çərçivəsində “Binalar üçün minimum enerji effektivliyi normaları” Nazirlər Kabinetinin müvafiq qərarı (287, 26.08.2023) təsdiq edilib. Əlavə olaraq, “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nı təsdiq edən Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Bundan sonra Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binalarda enerji effektivliyi nəzərə alınmaqla hazırda qüvvədə olan tikinti norma və qaydaları təkmilləşdiriləcək və onların əsasında Energetika Nazirliyi tərəfindən binalarda enerji sərfinin hesablanması metodologiyası hazırlanaraq təsdiq ediləcək. Qeyd edilən metodologiya binaların enerji sinfinin müəyyən edilməsi üçün istifadə ediləcək.

Eyni zamanda, Enerji auditinin keçirilməsi qaydaları təsdiq olunub ki, bu qaydalar həm də binalarda enerji auditini əhatə edir. Məcburi enerji auditi keçirilməli olan və enerji idarəçisini təyin etməli qeyri-yaşayış binaları üçün meyarlar müəyyən edilib. Enerji effektivliyi xidmət müqaviləsinin nümunəvi forması təsdiq edilib. Bu xidmətdən bina mülkiyyətçiləri və ya idarəçiləri də istifadə edə bilər və binada enerji sərfinin azaldılmasına nail ola bilərlər. Enerji effektivliyi xidmət müqaviləsi dünyada geniş istifadə olunan alətdir. Bu xidmətin özəlliyi onun ödənişinin qənaət edilmiş enerjinin dəyərindən qarşılanmasıdır.

Əlavə olaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Startegiyasının Tədbirlər Planına əsasən özəl və ictimai binalar üçün Milli Renovasiya Proqramının hazırlanması nəzərdə tutulub, bu istiqamətdə də hazırda iş gedir.

Binalarda enerji səmərəliliyinin təmin edilməsinə xidmət göstərəcək bu islahatlar beynəlxalq təcrübəyə əsaslanır. Əlavə olaraq, binaların tikintisində enerji səmərəliliyini təmin etmək məqsədilə tikinti materialları üzrə beynəlxalq standartların dövlət standartı kimi qəbul edilməsini və tətbiqini zəruri hesab edirik. Eyni zamanda, tikinti materiallarının enerji effektivlik göstəricilərini əks etdirən elektron məlumat bazasının yaradılması da faydalı ola bilər.

Binalarda, mənzillərdə enerji istehlakının azaldılması üçün sakinlər, istifadəçilər də heç bir xərc çəkmədən, enerjiyə və digər resurslara olan davranışlarında dəyişiklik etməklə töhfə verə bilərlər. Bununla əlaqədar, Nazirliyimiz mütəmadi olaraq veb-sayt və sosial-media şəbəkələri vasitəsilə istehlakçıların maarifləndirməsini həyata keçirir.

Bina və mənzillərin enerji keçidində rolu bir tərəfdən enerji səmərəliliyinə əməl edilməsi, digər tərəfdən bərpa olunan enerjidən istifadə ilə müəyyənləşir. İşğaldan azad edilmiş ərazilərdə proses uğurla davam etdirilir. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Bütün səylər innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub (məlumatlar 1-cu suala cavabda verilib).

Ümumən, ölkədə mənzillərdə bərpa olunan enerjidən istifadəni genişləndirməyə “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi” ilə nail olmaq mümkündür və bu mexanizm əsasında gəlir əldə edilə və ya enerjinin əvəzləşdirilə bilər. Bu mexanizm nəticəsində həmçinin texnologiyanın quraşdırılması xərcləri azalır. Prosesdə əhalinin zəif iştirakı müəyyən mənada elektrik enerjisi tariflərinin istehlakçıların marağını azaltması ilə izah edilə bilər. Marağı təmin etmək üçün dövlət tərəfindən subsidiyaların tətbiq olunması, yaxud dəstəkləyici tariflərin aradan qaldırılması təklif olunur. Hazırda əhalinin aktiv istehlakçıya çevrilməsinə iqtisadi cəhətdən marağının artırılması, həm də tariflərin xərc əsaslı olması istiqamətində addımlar atılır. Ortamüddətli perspektivdə görülən tədbirlərin əhəmiyyətli nəticələr verəcəyi gözlənilir.

 

Azərbaycanın mövcud qanunvericiliyi standart enerji müqaviləsi çərçivəsində investorlara hansı zəmanətləri verir və üstünlükləri qazandırır? Bu müqavilələrin şəffaflıq baxımından ictimailəşdirilməsi təşəbbüsünə necə qiymətləndirilir?

 

İqtisadiyyat Nazirliyi tərəfindən investorlara “İnvestisiya təşviq sənədi” verilir ki, bu sənədi əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə mənfəət və gəlir vergisini 50% güzəştlə ödəyirlər, əmlak, torpaq vergilərindən, müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Enerjinin alqı-satqısı, şəbəkəyə qoşulma, enerjinin ötürülməsi, investisiya ilə bağlı təminatlar var. Enerji alqı-satqısına 20-25 il müddətinə təminat verilir. Tariflərlə bağlı çalışırıq ki, tariflər topdan satış tarifindən yüksək olmasın.

Son qəbul olunmuş qanunvericilik aktlarında müqavilələrin strukturu kifayət qədər açıq yazılıb. Hər hansı gizlilik yoxdur. İnvestorlarla konkret layihələrin imzalandığı təqdirdə onların ictimaiyyətə açıqlanması məsələsi həm də investorlarla bağlıdır. Sənədlər şirkətlərlə bağlı kommersiya sirlərini özündə əks etdirdiyindən onların tam mətninin elan edilməsi mümkün görünmür. Bununla belə imzalanan hər bir layihə barədə ictimaiyyətə məlumat verilir.

Bununla yanaşı, bütün şərtlər və sənədlərdə nəzərədə tutulmuş müddəalar aidiyyəti dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclaslarında müzakirə edilərək təsdiq edilir və onların məzmunu “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” ilə müəyyən edilir.

 

Şəbəkədən kənar (off grid) sistemlər əsasında bərpa olunan enerji istehsalının genişlənməsi üçün hansısa təşviqedici addımların atlmasına və dəstək mexanizmlərinin  tətbiqinə ehtiyac varmı? Ümimiyyətlə, 150 kv-dan aşağı gücü olan qurğular quraşıdırılması üçün hər hansı icazə tələb edilməsə də, bu qurğulara maraq elə də çox deyil? Sizcə bunun əsas səbəbləri nədir? Hansı imkanlar var və onları fürsətə çevirmək mümkündür? Bəlkə dövlət  daha əlverişli subsidiyalaşdırma və kreditləşdirmə üçün hansı addımları ata bilər, gömrük rüsum və vergilərini tamamilə aradan qaldıra bilər?

 

“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” əsasən, 150 kVt-a qədər olan qurğular vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürməyə, istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul etməyə imkan yaradır. 150 kVt-dan aşağı gücü olan qurğuların quraşdırılmasına marağın az olmasının səbəbləri kimi effektivliyin aşağı olması, müəyyən qədər maliyyə vəsaitinin tələb olunması, texniki çətinliklər və s. göstərilə bilər. Bu istiqamətdə müəyyən müddət keçdikdən sonra ilkin nəticələrin təhlili əsasında dəstək proqramları və subsidiyalar tətbiq edilə bilər. Texnolgiya xərclərinin  müəyyən hssəsinin dövlət tərəfindən ödənilməsi, subsidiyaların, güzəştli kreditlərin, uzunmüddətli kreditlərin verilməsi kimi müxtəlif addımlar atmaq olar. Lakin bütün bunlar hərtəfəli araşdırma tələb edir. Bərpa olunan enerji mənbələri dəyişkən enerji olduğu üçün texniki cəhətdən şəbəkə üçün problemlər yarana bilər. Şəbəkənin imkanları daxilində qoşulma olmalıdır. Subsidiyalaşma, kreditləşmə təklifləri diqqət mərkəzindədir. Bununla belə, ümumi məqsədimiz subsidiyalaşmanın aradan qaldırılmasıdır. Bərpa olunan enerjidən istifadəyə yanaşmamız mümkün qədər az subsidiya, daha çox özəl investisiya əsasında inkişafa nail olmaqdır.

 

İndiyə kimi bərpa olunan enerji sahəsinə dövlət və özəl sektor tərəfindən ayrılan maliyyə vəsaitlərinin həcmi nə qədərdir?

 

Bərpa olunan enerji mənbələri sahəsindəki layihələrin bir qayda olaraq investisiyalar hesabına həyata keçirilməsi nəzərədə tutulur. 2023-cü il 26 oktyabrda açılışı baş tutmuş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsinin ümumi dəyəri təqribən 345 milyon ABŞ dolları təşkil edir.

 

2. Müstəqil ekspertdən götürülmüş müsahibələrin xülasəsi

 

2.1. Azərbaycanda enerji keçidi sahəsində siyasətin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsilə bağlı suallar

 

Müstəqil ünvanlanan ilk sual Azərbaycanda enerji keçidinin təmin edilməsi baxımından hansı addımları xüsusilə əhəmiyyətli saymaları. Təşviq mexanizmlərinin tətbiqi, 2030-cu ilə qədər olan dövr üçün yaşıl enerji hədəfinin müəyyən edilməsi,  Beynəlxalq təşkilatlarla əməkdaşlıq, xüsusən BMT İnkişag Proqramının dəstəyi ilə həyata keçirilən Dayanıqlı İnkişaf üçün Bərpa Olunan Enerji (RE4SD) layihəsi çərçivəsində Avropa İttifaqı ilə yaşıl enerji sahəsində Anlaşma Memorandumu, Qara dəniz vasitəsilə yaşıl enerjinin tranziti haqqında sazişin imzalanması ən mühüm addımlar kimi qeyd edilmişdir.

 

2.2. Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin maliyyələşdirilməsi üçün ayrıca fond yaradılması nə dərəcədə məqsədəuyğundur?

 

Müstəqil ekspertlər mövcud qanunvericilikdə belə bir Fondun yaradılması ilə bağlı müddəalar nəzərdə tutulmasa da, belə bir təsisatın investisiya fəallığının artırılmasıda mühüm rol oynaya biləcəyini düşünürlər. Amma bununla yanaşı, bərpa olunan enerji mənbələri üçün satınalma prosesinin təkmilləşdirilməsi, zəmanətli alıcı ilə bağlı risklərin aradan qaldırılması üçün xüsusi maliyyələşdirmə mexanizminin yaradılması, standart elektrik enerjisinin satınalma müqaviləsinin (PPA- Power Purchase Agreement) tətbiqi, bərpa olunan enerji mənbələri üçün uzunmüddətli inkişaf ssenarilərinin işlənib hazırlanması, günəş və külək enerjisi qurğularının şəbəkəyə qoşulması standartlarını əhatə edən şəbəkə məcəlləsinin hazırlanması və tətbiqi, məlumatlılığın artırılması və bacarıqların gücləndirilməsi üçün strategiyanın hazırlanması və bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli hədəflərin qəbul edilməsi kimi tədbirlər, bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlığın qiymətləndirilməsidə mühüm əhəmiyyət kəsb edir.

 

2.3. Bəs bərpa olunan enerji mənbələrindən daha effektiv istifadəni təmin etmək baxımından sahə üzrə müstəqil (avtonom) tənzimləyici qurumun yaradılması nə dərəcədə aktualdır?

 

Müstəqil ekspertlərin bu məsələyə yanaşması fərqlidir və onların bir qismi əlavə tənzimləyici müstəqil qurum prosesləri ağırlaşdıra biləcəyini, digər hissəsi isə əksinə operativ və daha səmərəli qərarların qəbulu baxımından faydalı ola biləcəyini düşür. Müstəqil qurumun yaradılmasının vacib olduğunu düşününlərin əsas arqumentləri budur ki, bu cür statusa malik təsisatlar təhlükəsizlik təminatı (enerji infrastrukturlarının təhlükəsizliyini yaxşılaşdırmaq baxımından), rəqabətli mühitin yaradılması (müstəqillik enerji sektorunda rəqabətə daha çox imkanlar açır), effektiv tənzimləmə və monitorinq (tabeliyin olmaması tənzimləmə və şəffaf monitorinq üçün daha əlverişli mühit yaradır) nöqteyi-nəzərdən daha sərbəst faəliyyət göstərə bilirlər.

 

2.4. Şəbəkə məcəlləsinin qəbulu lazımdırmı və bunun zəruriliyi özünü nədə göstərir?

 

Müstəqil ekspertlərin fikrincə, şəbəkə məcəlləsi, bərpa olunan enerji mənbələri ilə bağlı şəbəkəyə qoşulma, işləmə, tənzimləmə və maliyyələşdirmə standartlarını və proseduralarını müəyyən edən bir qanunvericilik sənədidir. Bu məcəllə, bərpa olunan enerji mənbələri ilə bağlı şəbəkəyə qoşulmaq istəyən istehsalçılar üçün şəffaf, adil və səmərəli bir mühit yaratmaq, şəbəkə operatorları üçün dəyişkən enerji mənbələrini idarə etmək üçün tələb olunan texniki və tənzimləyici tələbləri müəyyən etmək məqsədilə hazırlanır. Lakin hazırda şəbəkə məcəlləsinin hazırlanmasına və tətbiqinə mane olan bir sıra amillər var və onlar aşağıdakılardır:

 

  • Bərpa olunan enerji mənbələri üçün satınalma prosesinin təkmilləşdirilməməsi;
  • Zəmanətli alıcı ilə bağlı risklərin aradan qaldırılması üçün xüsusi maliyyələşdirmə mexanizminin yaradılmaması;
  • Standart elektrik enerjisinin satınalma müqaviləsinin (PPA) tətbiq edilməməsi;
  • Dəyişkən bərpa olunan enerji mənbələri üçün (günəş və külək enerjisi) uzunmüddətli inkişaf ssenarilərinin işlənib hazırlanmaması;
  • Məlumatlılığın artırılması və bacarıqların gücləndirilməsi üçün strategiyanın hazırlanmaması;
  • Bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli hədəflərin qəbul edilməməsi.

 

Müstəqil ekspertlərə ünvanlana növbəti sual  enerji istehlakında mühüm payı olan əsas sektor kimi nəqliyyat sektorunda enerji keçidinin sürətləndirilməsi üçün hansı addımları vacib hesab etmələri ilə bağlı olub.

İlk növbədə vergi və subsidiyalar vasitəsilə elektrikli nəqliyyatın təşviqi, müvafiq infrastrukturun inkişafı (elektrikli avtomobillərin şarj edilməsi üçün geniş şəbəkənin inkişafı, şəhəriçi və şəhərlərarası şarj stansiyalarının artırılması və s.) təklif ediıir.

Oxşar sual enerji istehlakında mühüm payı olan bina və mənzilllərə münasibətdə də soruşulub:

 

2.5. Xüsusilə mənzillərin həm enerji səmərəliliyinin artırılması və və daha qənatəli istifadə üçün hansı addımların atılması zəruridir? Əsas təkliflər kimi aşağıdakılar səsləndirilib:

 

  • Bina Təmiri və Modernizasiyası: Binaların təmiri və modernizasiyası, enerji effektivliyini artırmaq üçün ən əhəmiyyətli addımlardan biridir. Bu, binaların izolyasiyasını təkmilləşdirmək, enerji təhlükəsizliyini təmin etmək və enerji istehlakını azaltmaq üçün əhəmiyyətlidir.
  • Enerji Təhlükəsizliyi Standartları: Binaların enerji təhlükəsizliyini təmin etmək üçün standartlar və tədbirlər tətbiq edilməlidir. Bu, binaların enerji istehlakını izləmək, enerji təhlükəsizliyi təmin etmək və enerji effektivliyini artırmaq üçün vacibdir.
  • Təşviq Proqramları: Binaların enerji effektivliyini artırmaq üçün təşviq proqramları tətbiq edilməlidir. Bu, binaların enerji təhlükəsizliyini təmin etmək üçün tədbirlər, vergi güzəştləri və digər təşviqləri nəzərdə tutur.
  • Yenilənən Enerji İstifadəsi: Binalarda yenilənən enerji istifadəsi, enerji effektivliyini artırmaq üçün əhəmiyyətli bir addımdır. Bu, günəş paneli, külək turbinləri və digər yenilənən enerji mənbələrinin binalarda tətbiqini nəzərdə tutur.
  • Enerji Auditi: Binalarda enerji auditləri təşkil etmək, enerji təhlükəsizliyini təmin etmək üçün vacibdir. Bu, binaların enerji istehlakını qiymətləndirmək, zəiflikləri müəyyənləşdirmək və təkmilləşdirmə tədbirləri üçün təşəbbüsləri ortaya çıxarır.

 

Müstəqil ekspertlər ünvanlanan sonuncu sual şəbəkədən kənar (off grid) sistemlərə əhali və biznes arasında marağın artırılması üçün atılması vacib olan addımlarla bağlı olub.

 

Alınan cavablara görə:

- Ənənəvi enerji mənbələrinin məhdudluğu, enerji qiymətlərinin artması və qlobal iqlim dəyişikliyi problemi şəraitində bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə getdikcə aktuallaşır. Mərkəzləşdirilmiş şəbəkələrdən asılı olmayan muxtar bərpa olunan enerji sistemləri enerji təhlükəsizliyinin təmin edilməsi, davamlı inkişafın və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün perspektivli həll yoludur. İstehsalın genişləndirilməsi və avtonom bərpa olunan enerji sistemlərindən istifadə enerji təhlükəsizliyinin, davamlı inkişafın və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasının təmin edilməsində mühüm amildir. Bu potensialın reallaşdırılması üçün dövlət, özəl sektor və ictimai təşkilatlar tərəfindən müxtəlif dəstək mexanizmlərinin hərtərəfli tətbiqi zəruridir. Bunun üçün ilk növbədə Azərbaycanda muxtar bərpa olunan enerji sistemlərindən istifadə potensialının ətraflı təhlilinin aparılmasına, muxtar bərpa olunan enerji sistemləri bazarının inkişafı üçün kompleks strategiyanın hazırlanmasına, investisiyaların stimullaşdırılması üçün əlverişli tənzimləyici mühitin yaradılmasına, bu sahədə beynəlxalq təcrübə və qabaqcıl təcrübələrin cəlb edilməsinə ehtiyac var.

 

NHMT İB ekspert qrupu


[1] https://www.irena.org/-/media/Files/IRENA/Agency/Publication/2019/Dec/IRENA_RRA_Azerbaijan_2019_AZ.PDF?rev=d47422e87c2b443ea158f2ade213c72b  

[2] https://e-qanun.az/framework/47842

[3] https://e-qanun.az/framework/50013

[4] https://e-qanun.az/framework/52757

[5] https://nk.gov.az/az/senedler/serencamlar/%E2%80%9Cazarbaycan-respublikasinin-isgaldan-azad-edilmis-arazilarinda-2022-2026-ci-illarda-%E2%80%9Cyasil-enerji%E2%80%9D-z-6209