NHMT - Təbii resurs hasilatının bölgələr üçün hansı sosial-iqtisadi üstünlükləri var?

Təbii resurs hasilatının bölgələr üçün hansı sosial-iqtisadi üstünlükləri var?

Təbii resurs hasilatının bölgələr üçün hansı sosial-iqtisadi üstünlükləri var?

 

Gədəbəy, Daşkəsən və Siyəzən rayonlarının timsalında araşdırma

 

1. Giriş

 

Azərbaycanın paytaxtı Bakı şəhəri ölkə iqtisadiyyatının mühərriki də adlandırılır. Belə ki, coğrafi olaraq ölkə ərazisinin cəmi 2,5%-ni[1] təşkil edən bu inzibati-ərazi vahidinin hüdudları daxilində ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 80%-I formalaşır. Bakı Şəhər Statistika İdarəsinin məlumatına[2] görə, 2021-ci ildə şəhər iqtisadiyyatında yaranan ÜDM-nin həcmi nominal ifadədə 73,5 mlrd. manat olub. Həmin dövrdə ölkə iqtisadiyyatı üzrə ÜDM-nin həcmi isə 93,2 mırd. manat olmuşdu[3].

 

Paytaxt şəhərinin iqtisadiyyatda bu qədər böyük pay qazanmasında heç şübhəsiz ki, təbii resurs hasilatının mühüm rolu var. Bakı şəhəri ölkədə təbii qaz və xam neft hasilatının da aparıcı mərkəzi hesab olunur. Məsələn, 2021-ci ildə Azərbaycanda istehsal olunan 34,6 mln. ton xam neftin 98.5%-i və ya 34.1 mln. tonu, 43.9 mlrd. kubmetr qazın isə 99,7%-i və ya 43.8 mlrd. kubmetri Bakı şəhərində hasil olunub[4].  Bakıda formalaşan ÜDM-nin də tam 50%-i məhz mədən sənayesinin payına düşür.

 

İqtisadi imkanlar Bakı və Bakıətrafı əraziləri (Sumqayıt və Abşeron) əhalinin yaşaması üçün də əsas cazibə mərkəzinə çevirib. Rəsmi məlumata görə, ölkə əhalisinin 23%-i Bakıda, təxminən 6%-i isə Sumqayıt və Abşeronda yaşayır. Lakin müstəqil tədqiqatlar həm elektrik enerjisi istehlak edən əhali abonentlərin sayına, həm də şagirdlərin (6-17 yaş intervalında) əhaliyə nisbətinə əsasan belə bir fakt ortaya çıxarıb: Böyük Bakı (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) adlanan iqtisadi coğrafiyada ölkə əhalsinin ən azı 43-45%-I yaşayır ki, bu da rəsmi statistikada əks olunan rəqəmdən ən azı 40% çoxdur.

 

Bakıya bölgələrdən bu cür genişmiqyaslı əhali axını ərazinin iqtisadi imkanlarının və təqdim etdiyi rifahın, sosial şərtlərin digər ərazilərə nisbətən daha yüksək olması ilə bağlııdr. Milli gəlirin dörddə üçündən çoxu, sərmayələrin isə əsas hissəsi bu coğrafiyanın payına düşür. Məsələn, 2021-ci ildə iqtisadiyyat üzrə 16,2 mlrd. manat əsaslı kapital qoyuluşlarının 63%-i və ya 10,5 mlrd. manatı da Bakı ərazisinə yönəldilib.

 

Lakin Bakı ölkədə təbii resursların hasil edildiyi tək coğrafiya deyil. Ölkənin ayrı-ayrı bölgələrində də mədən sənayesi mövcuddur. Bakıdan kənarda neft-qaz hasilatı çox kiçikidir, amma bölgə iqtisadiyyatının miqyası baxımından hətta çox da böyük həcmdə olmayan mədən sənayesinin təsiri əhəmiyyətli ola bilər. Lakin paytaxtdan kənar ayrı-ayrı ərazilərdə əlvan metalların və qiymətli daşların hasilatı üzrə ixtisaslaşmış mədən sənayesinin payı heç də kiçik deyil.

 

Bu baxımdan, Bakıda olduğu kimi mədən sənayesinin mövcudluğunun bölgələrin sosial-iqtidsadi həyatına nə dərəcədə təsir etməsi sualına cavab axtarılması maraqlı mövzulardandır. Təqdim olunan araşdırma məhz bu suala cavab axtarır.

 

2.  Bölgələrdə təbii resurs hasilatının mövcud vəziyyəti və bölgə iqtisadiyyatnda rolu

 

Araşdırma obyekti kimi seçilmiş rayonlardan Siyəzəndə neft və qaz, Daşkəsən və Gədəbəydə isə qiymətli metallar, daşlar və əlvan metal hasilatı mövcuddur. 2021-ci ilin nəticələrinə görə[5], rayonlar üzrə təbii resurs hasilatı üzrə göstəricilər aşağıdakı kimi olmuşdur:

 

Seçilmiş bölgələrdə təbii resurs hasilatı üzrə əsas göstəricilər

 

 

Daşkəsən

Gədəbəy

Siyəzən

Gümüş, kq

4182

676,2

-

Qızıl, kq

1914

1437,1

-

Mis, 1000 kq

2682

-

-

Mərmər, ton

3840

-

-

Xam neft, 1000 ton

-

-

53,1

Təbii qaz, 1000

kubmetr

-

-

11600

 

Rəsmi statistikaya görə, hazırda ölkə üzrə hasil olunan qızılın 57%-i, gümüşün 86%-i Daşkəsinin, qızılın 43%-i, gümüşün isə 14%-i Gədəbəyin payına düşür. Mis və mərmərin ölkə üzrə hasilatına dair məlumatlar açıqlanmadığı üçün bu məhsul növləri üzrə bölgələrin xüsusi çəkisi barədə nəsə demək mümkün deyil. Lakin Siyəzənin ölkənin xam neft və təbii qaz hasilatında payı müvafiq olaraq 0.2% və 0.03% təşkil edir. 

Təbii resurs hasilatının mövcudluğu xüsusən Daşkəsən və Gədəbəyin yerli iqtisadiyyatında sənayenin mühüm rol qazanmasını təmin edib.

 

İqtisadiyyatında sənayenin payı ən yüksək olan 10 reyon, yekuna görə %

Rəsmi statistik hesabatlardan aydın olur ki, iqtisadiyyatında sanayenin payı ən yüksək olan bölgələr (respublika tabeli iri şəhərlər və paytaxt, eləcə də Abşeron rayonu nəzərə alınmadan) arasında ilk üçlükdə Gədəbəy və Daşkəsən rayonları da yer alır. Hətta sanayenin iqtisadiyyatı payına görə 70%-lə illk 10 rayon sırasında 1-ci yerdə Daşkəsən rayonu gəlir. 2022-ci ilə aid ən son statistik göstəricilərə[6] görə, Daşkəsən rayonu üzrə 299 mln. manatlıq ümumi məhsul buraxılışının 210 mln. manatı məhz sənaye sahələrində formalaşıb. Öz növbəsində, sənayenin iqtisadiyyatda xüsusi çəkisinə görə 3-cü sırada Gədəbəy rayonu qərarlaşıb. 2022-ci ildə Gədəbəy rayonu üzrə 480 mln. manatlıq ümumi məhsul buraxılışının 182 mln. manatı sənayenin payına düşüb və rayon iqtisadiyyatının strukturunda sənayenin çəkisi 38% təşkil edir.  Seçilmiş 3 rayondan yalnız Siyəzəndə bu göstəricinin səviyyəsi aşağıdır (6%).

 

Araşdırmanın hədəfi olan rayonlarda (xüsusən Daşkəsən və Gədəbəydə) iqtisadiyyatın strukturunda hasilat sənayesi sayəsində ümumu sənayenin payının böyük olmasına baxmayaraq, bu sahələrin əhalinin məşğulunun təmin edilməsində nəzərçarpan rol oynamadığı görünür. Regionlar üzrə məşğulluğun strukturuna dair hesabata[7] görə, 2022-ci ildə ümumi məşğulluğun strukturunda mədən sənayesinin xüsusi çəkisi Daşkəsən rayonu üzrə 3,9%, Siyəzən üzrə 3,7%, Gədəbəy üzrə 1,7%  edr. Mütləq ifadədə Daşkəsən, Siyəzən və Gədəbəy rayonlarında mədən hasilatı sahəsi üzrə 1,7 faiz təşkil edir.   Adı çəkilən 3 rayon üzrə məşğul əhalinin ümumi sayı 94 minə nəfərə yaxın olduğu halda, təbii resursların hasilatı sahəsində çalışan əhalinin sayı heç 2500 nəfərə çatmır (bütün məşğul olanların təxminən 2,6%-i).

 

Məşğulluğun strukturunda sənayenin ən yüksək paya malik olduğu 10 rayon, yekuna görə %

Təqdim olunan məlumatlardan göründüyu kimi, sənayenin üstün olduğu iri şəhərlər nəzərə alınmadan kənd təsərrüfatının həlledici yer tutduğu rayonlar arasında sənaye məşğulluğunun ən yüksək olduğu rayon Daşkəsəndir (ümumi məşğulluğun 9%-i). Eyni zamanda, araşdırma obyekti olan Gədəbəy və Siyəzən rayonları da ilk onluğa daxildir (müvafiq olaraq 6,5% və 7,2%).  Bununla belə, statistik göstəricilərin təhlilindən o da aydın görünür ki, hasilat sektoru ilə müqayisədə emal sənayesinin məşğulluğun təmin edilməsi sahəsində potensialı daha yüksəkdir. Belə ki, fərqli rayonların iqtisadiyyatının ümumi strukturunda daha az paya (məsələn, 15-20%) malik emal sənasyesinin məşğulluqda payı iqtisadiyyatın 50-70%-ni formalaşdıran hasilat sənayesindən heç də az deyil.

 

 3. Təbii resurs hasilatının bölgələrin maliyyə durumuna təsiri

 

Mədən sənayenin bölgələrin vergi gəlirlərinə nə dərəcədə təsir göstəridiyini müəyyən etmək mümkünsüzdür. Çünki dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən fərqli olaraq hər rayon və şəhər üzrə yerli gəlirlərin tədiyyə növləri, eləcə də iqtisadiyyatın sektorları üzrə bölgüsü açıqlanmır. Bundan əlavə, mümkündür ki, rayonlarda fəaliyyəti olan hasilat şirkətlərinin əsas ofisi Bakı şəhərində olduğu üçün mərkəzləşdirilmiş mühasibat çərçivəsində ödənilən vergilər yerli gəlirlərə aid edilmir.

 

Yalnız illik büdcə qanunlarında rayonlar üzrə yerli gəlirlərinin ümumi məbləğini görmək olur. Məsələn, 2023-cü ilin dövlət büdcəsində[8]  cari il üçün 3 rayon üzrə yerli gəlirlərin məbləği aşağıdakı kimi proqnozlaşdırılıb:

 

  • Gədəbəy rayonu üzrə - 8,739 mln. manat;
  • Siyəzən rayonu üzrə - 6,761 mln. manat;
  • Daşkəsən rayonu üzrə - 6,0 mln. manat.

 

2023-cü il üzrə yerli gəlirlərin adambaşına məbləği ən yüksək olan 10 rayon, manatla

Lakin rayonlarda formalaşan büdcə gəlirlərinin adambaşına məbləği statistik göstərici olaraq bölgədə iqtisadiyyatın inkişafı, eləcə da hasilat sənayesinin yerli maliyyə sisteminə nə dərəcədə təsiri olduğu barədə müəyyən təsəvvür yaratmağa imkan verir. Yuxarıda təqdim olunan məlumatlardan göründüyü kimi, 2023-cü ilin təsdiqlənən dövlət büdcəsində adambaşına yerli gəlirlərin məbləği ən yüksək olan 10 rayon sırasında araşdırma obyekti olan 3 rayondan yalnız Daşkəsən var. Bu rayon adambaşına 169 manatla 7-ci sıradadır. Bu göstərici Siyəzən rayonu üzrə 157 manat, Gədəbəy rayonu üzrə 86 manat təşkil edir. Öz növbəsində, Gədəbəy rayonu bu məbləğlə ölkənin ən aşağı göstəriciyə malik 10 rayon sırasında yer alır.

 

  1. Resurs bölgələrində sosial şərait

Bölgələrdə əhalinin rifahı və sosial vəziyyəti kompleks göstəricilər əsasında müəyyən edilə bilər. Bura təhsilin və səhiyyə sisteminin, eləcə də əhalinin  mədəni səviyyəsinin yüksəldilməsi üçün infrastrukturun vəziyyəti, əhalinin gəlir əldəetmə imkanları və gəlirlərin səviyyəsi kimi fərqli göstəricilər daxil edilə bilər.

 

Bakı Araşdırmalar İnstitutu hələ bir müddət əvvəl 2021-ci ilin nəticələrinə əsasən, bölgələrin təhsil reytiniqini[9] hazılamışdı. Bu reytinq 3 fərqli göstərici - 9 illik və 11 illik buraxılış imtahanlarının, həmçinin ali məktəblərə qəbul imtahanlarının nəticələri əsasında hazırlanmışdı. Bu hesabata görə, ölkənin 73 rayon və şəhəri arasında 9 illik təhsildə bölgə üzrə toplanan orta bal göstəricinə görə (300 ballıq sistem) Siyəzən 28-ci, Daşkəsən 54-cü, Gədəbəy isə 63-cü yerdə qərarlaşıb.  Ali məktəbə qəbul əmsalı (qəbul olan məzunların abituryentlərə nisbəti) göstəricinə görə, Siyəzən 27-ci,  Gədəbəy 36-cı,  Daşkəsən 72-ci sırada olub. Eyni zamanda, 11 illik buraxılış imtahanlarında toplanan orta bala görə Gədəbəy 50-ci, Daşkəsən 71-ci nəticəni göstərib və yalnız Siyəzənin göstəricisi yüksək olub (13-cü sırada qərarlaşıb). Statistik məlumatların  analizi göstərir ki, Siyəzənin digər 2 resurs bölgəsi ilə müqayisədə orta təhsildə daha yüksək göstəriciyə malik olmasında rayonda tarixən formalaşmış demoqrafik şərtlərin təsiri daha həlledicidir. Belə ki, Gədəbəydə əhalinin cəmi 11%, Daşkəsəndə 31 % rayon mərkəzində yaşadığı halda, Siyəzən üzrə bu göstərici 65%-ə yaxındır. Bunun nəticəsidir ki, Siyəzəndə 2021-ci ildə 9-cu siniflər buraxılış imtahaları verən şagirdlərin 62%-i, 11-ci sinif üzrə buraxılış imtahanları verən məzunların 68%-i, ali məktəbə qəbul olanlaırn da 81%-i məhz şəhər məktəblərinin payına düşüb. Müqayisə üçün diqqət yetirsək, eyni dövrdə Gədəbəy rayonu üzrə 9-cu sinif üzrə yekun imtahanı verən şagirdlərin 10,5%-i, 11-ci sinif üzrə buraxılış imtahanları verən məzunların 11,5%-i şəhər məktəblərində təhsil alıblar. Reallıqda Siyəzən rayonunda yüksək şəhərləşmənin pozitiv təsirlərindən dolayı yaranan nəticələr nəzərə alınmasa, araşdırma obyekti kimi seçilmiş digər 2 resurs bölgəsinin (xüsusən Daşkəsənin) regionların təhsil reytinqində mövqeyi kifayət qədər aşağıdır.

 

Seçilmiş rayonlarda məktəbəqədər təhsillə əhatə səviyyəsi həddən artıq aşağıdır. Ümumilikdə 191 kənd (qəsəbələrlə birgə), 3 şəhər (rayon mərkəzi) yaşayış məntəqəsinin olduğu 3 rayonda cəmi 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir  - yəni, hər 8 yaşayış məntəqəsinə 1 müəssisə. Gədəbəydə durum daha pisdir – 109 yaşayış məntəqəsi üzrə cəmi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Öz növbəsində, Daşkəsən rayonu üzrə 11 (49 yaşayış məntəqəsi), Siyəzən rayonu üzrə 5 (34 yaşayış məntəqəsi) fəaliyyətdədir. Məktəbəqədər təhsillə əhatə səviyyəsi də son dərəcə aşağıdır.  Bu rayonlar üzrə potensial olaraq məktəbəqədər təhsil müəssisələrini əhatə edə biləcək 0-5 yaş intervalında uşaqların sayı 14,3 min nəfər təşkil etdiyi halda, bu müəssisələrdəki faktiki uşaqların sayı 1000 nəfər ətrafındadır.

 

Seçilmiş bölgələrdə məktəbəqədər təhsillə əhatə səviyyəsi

Ayrı-ayrı rayonlar üzrə baxdıqda, hər 3 rayonda ölkə üzrə orta göstəricidən (15% ətrafında) xeyli aşağıdır. Qeyd etmk zəruridir ki, bu göstəriciyə 5 yaşı tamamlanmış və məktəbəqədər hazırlığa cəlb edilmiş uşaqlar daxil deyil. Məktəbəqədər hazırlıq nəzərə alınmadıqda, məktəbəqədər təhsillə əhatə səviyyəsi Siyəzəndə 12%-ə, Daşkəsəndə 10%-ə, Gədəbəydə isə 5%-ə yaxındır.

 

Sosial şəraiti xarakterizə edən daha bir vacib sahə səhiyyədir. Bölgələrdə əhalinin sağlamlığının qorunması ilə bağlı infrastrukturu xarakterizə edən göstəricilər açıq mənbələrdə yoxdur. Məsələn, əhalinin hər 10 min nəfərinə düşən müxtəlif müayinə aparatlarının sayı, laboratoriyaların işinin keyfiyyət ilə bağlı göstəricilər qapalı saxlanılır. Hər kəs üçün açıq olan göstəricilərdən biri əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayıdır. Ölkə üzrə orta göstərici 31 nəfər təşkil etdiyi halda, bu göstərici Daşkəsən rayonu üzrə 2,5 nəfər, Gədəbəydə 6,2 nəfər, Siyəzəndə 17,4 nəfər təşkil edir. Göründüyü kimi, xüsusən Daşkəsən və Gədəbəy rayonlarında həkim sayı orta ölkə göstəricisindən kəskin şəkildə aşağıdır.

 

Azərbaycanda səhiyyə sisteminin fəaliyyətinin nəticələrini keyfiyyət göstəriciləri əsasında əks etdirən hesabatlılıq sisteminin mövcud olmaması, eləcə də mövcud kəmiyyət məlumatlarının etibarlılığının aşağı səviyyədə olması bölgələrarası müqayisələri çətinləşdirir. Ona görə də bəzi dolayı göstəricilər səhiyyə sisteminin nə dərəcədə effektiv olması ilə bağlı müəyyən təsəvvür yarada bilir. Məsələn, əllilik pensiyası alan vətəndaşların ümumi əhaliyə nisbəti insanların sağlamlıq durumu ilə bağlı informasiya verən göstəricilərdən biri kimi götürülə bilər. Doğrudur, əlilliyə görə pensiya təyinatının müəyyən hissəsi istehsalatda bədbəxt hadisələr nəticəsində sağlamlığının itirilməsi ilə da bağlı olur. Lakin rəsmi statistikaya[10] görə, hər il işləyənlərin ən yaxşı halda 0,1%-i və ya maksimum 350 nəfərə yaxın insan istehsalatda əlilliyə və ya həyatın itirilməsinə səbəb olan bədbəxt hadisə ilə üzləşir. Bu fakt onu göstərir ki, əillik pensiyasının təyinatında həlledici amil insanların sağlamlığının və iş qabiliyyətinin pozulmasına səbəb olan ağır xəstəliklərdir (xüsusən şəkər, onkolji, sümük-əzələ və ürək-damar xəstəlikləri).

 

Rəsmi statistikaya[11] görə, əhalinin hər 10 min nəfəri hesabı ilə əlilliyə görə pensiya alanların ən yüksək olduğu 5 rayon (şəhər) içərisində araşdırma obyekti kimi seçilmiş Gədəbəy və Daşkəsən də var. Bu göstərici ölkə üzrə 34,5 nəfər təşkil etdiyi halda Daşkəsən rayonu üzrə 599 nəfər, Gədəbəy rayonu üzrə isə 567 nəfər təşkil edir (digər yüksək göstərici olan rayonlara Cəbrayıl, Qubadlı və Kələbəcər daxildir).

 

Gədəbəy əhalinin ümumi ölüm göstəricisinin də ən yüksək olduğu rayondur. Belə ki, rəsmi statistikaya[12] görə, əhalinin hər 10 000 nəfərinə düşən ölüm əmsalı ölkə üzrə 7,5-ə yaxın olduğu halda, Gədəbəy rayonu üzrə 10-a yaxınlaşır. Ölkənin əksər rayonları üzrə həmin göstərici 5,5-8 intervalında dəyişir.

 

Bölgələrdə sosial durumu xarakterizə edən daha bir mühüm göstərici əhalinin mənzillə təminatı və mənzil şəraitidir. Mənzil şəraiti mənzilərin istismar müddəti, adambaşına mənzil sahəsi kimi vacib göstəricilər əsasında müəyyən edilir. Rəsmi statistika bölgələr üzrə mənzil fondunun istismar müddətilə bağlı məlumatlar açıqlamır. Lakin adambaşına yaşayış sahəsi ilə bağlı açıqlanan məlumatlar[13] göstərir ki, ölkənin 40-dan artıq şəhər və rayonunda (ümumilikdə 70-ə yaxın inzibati ərazi vahidi) adambaşına yaşayış sahəsinin həcmi Daşkəsən, Gədəbəy və Siyəzən rayonlarının  analoji göstəricisindən daha yüksəkdir. Belə ki, adıçəkilən 3 rayon üzrə adambaşına yaşayış sahəsi 8-12 kvadratmetr intervalında dəyişdiyi halda, ölkə üzrə göstərici 13,5 kvadratmetr, yüksək göstərici qeydə alınan ərazilərdə (Abşeron, İsmayıllı, Bərdə, Şirvan, Samux, Goranboy, Şamaxı və s.) 14-32 kvadratmetr aralığındadır.

 

Mənzil təminatı isə hər 1000 nəfərə düşən mənzil sayı ilə müəyyən edilir.  Ölkə üzrə orta göstərici 213-ə bərabər olduğu halda, ən yüksək göstəricilər Naftalan, Göygöl və İsmayıllı kimi rayonlarda (265-290 intervalında) qeydə alınıb[14]. Siyəzən və Daşkəsəndə orta ölkə göstəricisindən aşağı (müvafiq olaraq 189 və 206), Gədəbəydə isə yüksək (223) olub.

 

Daha uzunmüddətli dövrdə (məsələn, ən azı 10-20 il arası) mənzil tikintisinin miqyası da bölgələrin sosial-iqtisadi inkişafının qiymətləndirilməsi baxımından mühüm göstəricidir. Bu statistika dolayı olaraq ixtiyari rayonun insanlar üçün yaşanıla bilirliyini, bölgənin kənar inzibati vahidlərdə yaşayan insanlar üçün cəlbediciliyini, yerli sakinlərin kənara miqrasiyaya marağının azlığını da nümayiş etdirir.  Rəsmi statistik məlumata[15] görə, son 15 ilə yaxın dövrdə (2009-2022-ci) ölkə üzrə mənzil fondu 30%-ə yaxın, o cümlədən Bakı şəhərində 50% ətrafında, Abşeron rayonunda 2,5 dəfə, İsmayıllı və Lənkəran kimi rayonlarda 30-40 intervalında genişləndiyi halda, Daşkəsəndə 3%, Gədəbəy və Siyəzəndə 15% ətrafında artım olub. Mənzil fondunun artım tempi tədqiqat obyekti kimi seçilmiş Daşkəsəndə ölkə üzrə orta göstəricidən 9 dəfəyə yaxın, Gədəbəy və Siyəzəndə isə 2 dəfə geri qalıb.

 

Bu rayonlardan miqrasiyaya dair etibarlı statistika mövcud deyil. Lakin əhalinin sosial səbəblərlə kənara, xüsusən iri şəhərlərə köçünün miqyasının genişliyini orta təhsil sistemi üzrə şagirdlərin sayı əsasında müəyyən etmək mümkündür. Bu hesablama zamanı bölgələr üzrə bütün şagirdlərin (6-17 yaş) bu yaşda bölgədə qeydiyyatı olan 6-17 yaşlı bütün əhaliyə nisbətinə istinad edilir.  Nəzərə alaq ki, 6-17 yaşlı əhalinin ümumi əhalidə payı bütün bölgələrdə bir-birinə çox yaxındır. Rəsmi statistik məlumatlar göstərir ki, 6-17 yaşlı əhalinin ümumi əhalidə xüsusi çəkisi ölkə üzrə orta hesabla 17,1%) təşkil edir. Öz növbəsində, ən yüksək göstərici Yardımlıda (20%), ən aşağı göstərici Abşeronda (15%) qeydə alınıb. Lakin əgər şagird sayında fərq kəskin xarakter alırsa, bu ailələrin rayon qeydiyyatından çıxmadan kənar ərazilərə köçməsi səbəbindən baş verir. Doğrudur, bu göstəriciyə qarşı belə bir arqument səslənə bilər ki, şagirdlərin müəyyən hissəsi 9 illik təhsildən sonra ümumtəhsil məktəblərində oxumağa davam etmirlər. Lakin Dövlət İmtahan Mərkəzinin məlumat bazasının təhlili göstərir ki, hər il orta hesabla 6-17 yaşda bütün orta məktəb şagirdlərinin maksimum 1.5-2%-i, ümumi əhalinin isə maksimum 0.3%-i ya orta ixtisas və peşə məktbələrinə daxil olaraq, ya da ümumiyyətlə, natamam orta təhsillə kifayətlənərək orta məktəblərdən ayrılırlar. Bu arqumenti ölkə üzrə 6-17 yaşlı uşaqların orta təhsilə cəlbolunma səviyyəsinə dair rəqəm də təsdiqləyir. Belə ki, 2021-ci ildə ölkədə 6-17 yaşında 1,730 mln. nəfərə yaxın uşaqdan təxminən 97%-i və ya 1,691 milyon nəfəri ümumtəhsil məktəblərində qeydiyyatda olublar (həmin yaş qrupu üzrə fiziki məhdudiyyətli uşaqlar bura daxil deyil). Göründüyü kimi, 9 illik təhsil pilləsindən sonra orta məktəblərdən ayrılanların ümumi əhaliyə və şagirdlərə nisbəti çox kiçik olduğu üçün alternativ göstərici kimi 6-17 yaşlı əhalinin qeydiyyatda olan şagirdlərə nisbəti göstəricisinin etibarlılığına təsiri əhəmiyyətli ola  bilməz.

 

Bakı Araşdırmalar İnstitunun bir müddət əvvəl apardığı tədqiqata[16] görə, orta məktəb şagirdlərinin rəsmi qeydiyyatda olan 6-17 yaşlı əhaliyə nisbəti Daşkəsən rayonu üzrə 51%, Gədəbəy rayonu üzrə 62%, Siyəzən rayonu üzrə 85% təşkil edir. Bu göstəricinin 90%-dən çox olduğu rayon və şəhərlərin sayı 20-yə yaxındır (Bakı, Sumqayıt, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Qəbələ, Beyləqan, Xaçmaz, Goranboy, Samux, Göygöl kimi rayonlar). Yuxarıda qeyd olunan rəqəmlər Daşkəsən və Gədəbəydən kənara əhali köçünün yüksək olduğunu söyləməyə imkan verir.

 

Nəhayət, bölgələrdə sosial şərtləri əks etdirən digər mühüm göstərici əhalinin adambaşına  gəlirlərinin səviyyəsidir. Rəsmi statistikanın 2022-ci ilin yekunları üzrə açıqladığı məlumata[17] görə, bölgələr üzrə əhalinin adambaşına düşən gəlirlərin məbləği bir-birindən xeyli fərqlənir. Aşağıda təqdim olunan məlumatlardan göründüyü kimi, ötən il ölkə üzrə əhalinin adambaşına gəlirləri 565 manat təşkil edib. İnzibati ərazi vahidləri üzrə ən yüksək məbləğ Bakı şəhərində qeydə alınıb – 1492,5 manat. Əhalinin gəlirlərinin ən yüksək olduğu 10 rayon və şəhərə Bakı şəhərinin ardınca aşağıdakı bölgələr daxil olub: Yevlax, Bərdə, Xaçmaz, Ağdaş, Tovuz və s. Bu ərazilərdə əhalinin adambaşına gəlirləri təxminən 350-400 manat intervalında dəyişib.

 

Əhalinin adambaşına gəlirləri ən yüksək və ən aşağı olan 20 bölgə

Ən aşağı əhali gəlirlərinə malik rayonların sayı 15-ə yaxın olub və araşdırma obyekti kimi seçilmiş hər 3 resurs bölgəsi də məhz aşağı gəlirli rayonlar qrupuna daxildir. Bu qrup üzrə gəlirlərin məbləği təxminən 140-265 manat intervalında olub və ən aşağı göstərici Yardımlı rayonunda qeydə alınıb (139 manat). Öz növbəsində, əhalinin adambaşına gəlirləri Gədəbəy, Siyəzən və Daşkəsən rayonları üzrə 242,5-261,5 aralığında dəyişib.

 

  1. Seçilmiş rayonlarda əhalinin kommunal xidmətlərlə təminat səviyyəsi

Bölgələrdə sosial-iqtisadi şəraitin qiymətləndirilməsi üçün ən vacib göstəricilərdən biri kommunal xidmətlərlə keyfiyyətli təminatdır. Kommunal xidmətlərə münasibətdə “keyfiyyətli təminat” anlayışı 2 göstəricini ehtiva edir:

 

1) xidmətlərin mövcudluğu – bu, ev təsərrüfatlarının mərkəzləşdilrimiş şəbəkə əsasında və peşəkar şirkətlər tərəfindən içməli su və kanalizasiya, elektrik enerjisi, təbii qaz, isitilik enerjisi ilə nə dərəcədə əhatə olunduğunu göstərir;

 

2) xidmətlərin fasiləsizliyi – bu, ev təsərrüfatlarının ilin bütün günlərində, günün bütün saatlarında kəsintisiz xidmət almaq imkanlarının mövcudluğunu göstərir.

 

Təəssüf ki, hazırkı rəsmi statistika bögələrin kommunal xidmətlərlə keyfiyyətli təminatına dair zəruri informasiyalar açıqlamır. Məsələn, hər rayonda, o cümlədən ayrıca olaraq onun kəndlərində nə qədər mənzil (qeydiyyatlı və qeydiyyatsız) var və onlardan nə qədəri içməli su (kanalizasiya təminatı da daxil), təbii qaz və elektrik enerjisi alır, rayonlar üzrə illik xidmətlərdə kəsinti olan saatların həcmi nə qədərdir kimi sualların cavabı statistik hesabatlarda yoxdur.

 

Lakin bəzi dolayı göstəricilər komminal xidmətlərin keyfiyyəti və əlçatanlıq səviyyəsi ilə bağlı müəyyən mənzərə yaradır. Məsələn, içməli su təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilən abonentlərin sayı belə göstəricilərdən biridir. “Azərsu” ASC-nin məlumatına görə, şirkətin bütün ölkə üzrə xidmət göstərdiyi əhali abonentlərin sayı 1,6 milyona yaxın olub və bunun cəmi 500 mini Bakı və Abşeron yarımadasından kənara, yəni ölkənin bölgələrinə aiddir. Halbuki elektrik təsərrüfatlarının məlumatına görə, ölkənin regionlarında potensial abonentlərin sayı 1,5 milyondan çoxdur. Bu rəqəm onu gstərir ki, bölgələrdə ən yaxşı halda 3 abonentdən biri mərkəzləşdirilmiş içməli su təminatı ilə əhatə olunublar. Şübhəsiz ki, bu rəqəm də əsasən rayon mərkəzi olan şəhər yaşayış məntəqələrinə aiddir və kəndlərin davamlı (həmçinin etibarlı) içməli su təminatı çox pis vəziyyətdədir.

Qaz təsərrüfatının məlumatına görə isə bölgələr üzrə təbii qaz alan əhali abonentlərinin sayı 1.4 milyon ətrafındadır və elektrikləşmənin 100% təmin edildiyini nəzərə alsaq, bölgələrdə təxminən 100 mindən artıq ev təsərrüfatı hələ də qazlaşdırılmayıb.    

Bölgələrin kommunal xidmətlərlə təminatının real vəziyyətini əks etdirən digər bir dolayı göstərici kimi istehlakın adambaşına  həcmindən istifadə edilə bilər. Ən yüksək və ən aşağı istehlak göstəriciləri arasında fərq real mənzərərə haqqında müəyyən təsəvvür yaratmağa kömək edir.

 

Əhalinin adambaşına qaz istehlakının ən yüksək və ən aşağı olduğu 10 rayon, ildə kubmetrlə

Rəqəmlərdən göründüyü kimi, araşdırma obyekti olaraq seçilmiş 3 resurs bölgəsindən ikisi – Daşkəsən və Gədəbəy əhalinin təbii qaz istehlakının ən aşağı olduğu 5 rayon içərisində yer alıb. Bu rayonlar üzrə adambaşına istehlak orta ölkə göstərisindən təxminən 3 dəfə, ən yüksək hesab olunan bölgələrin göstəricisindən 9 dəfəyə yaxın azdır. Mümkündür ki, rəsmi qeydiyyatda olan əhalinin real sakin sayından çox olması da bu fərqin yaranmasında rol oynayır. Amma bu amil 8-9 dəfəlik fərqdə o qədər də böyük paya malik deyil. Ən təsirli səbəblərdə biri ərazilərin qazlaşma səviyyəsidir. Xüsusilə də Daşkəsən və Gədəbəyin ucqar dağ kəndlərində qazlaşdırma səviyyəsinin aşağı olması bu rayonlar üzrə əhalinin təbii qaz istehlakının yüksək istehlaka malik ərazilərdən kəskin fərqlənməsinə səbəb olur.  

Elektrik enerjisi istehlakında vəziyyət bir qədər fərqlidir: bütün ev təsərrüfatlarının elektrik şəbəkəsinə  çıxışı təmin edilib. Lakin istehlakda kəskin fərqlərin yaranmasına daxili miqrasiya amilini nəzərə almasaq bir sıra başqa amillər də təsir edir. Məsələn, dağ rayonlarında yaz-yay aylarının iri şəhərlərlə, o cümlədən sıx məskunlaşmanın olduğu Abşeron rayonu ilə müqayisədə daha sərin keçməsi elektrik enerjisinə tələbatı daha aşağı saxlayır. Amma əhalinin daha kasıb olması səbəbindən enerjidən daha qənaətli istifadə etməyə çalışması, enerji verilişlərində fasilələrin iri şəhərlərə nisbətən daha  çox olması da həlledici amillər sırasınadadır.

 

Əhalinin adambaşına elektrik istehlakının ən yüksək və ən aşağı olduğu 20 rayon, ildə kv/saatla

Rəqəmlərdən göründüyü kimi, təbii qaz istehlakında olduğu kimi elektrik enerjisinin istifadəsində də Gədəbəy və Daşkəsən istehlakın ən aşağı olduğu rayonlar sırasındadır. Belə ki, əhalinin elektrik istehlakının ölkə üzrə orta göstəricisi 270 kv/saata yaxın olduğu halda, bu göstərici Gədəbəydə 2.5 dəfə, Daşkəsəndə isə 4 dəfəyə yaxın aşağıdır. Ölkə üzrə yüksək hesab olunan istehlak göstəricisi ilə müqayisə etdikdə, Daşkəsəndə təxminən 10 dəfə, Gədəbəydə isə 7,5 dəfəyə yaxın aşağıdır. 

 

  1. Araşdırmanın əsas tapıntıları  

 

Seçilmiş 3 rayonun (Daşkəsən, Gədəbəy və Siyəzən) timsalında təbii resurs hasilatı aparılan bölgələrin sosial-iqtisadi vəziyyətinə dair hazırlanmış təhlil sənədinin ən mühüm tapıntıları kimi aşağıdakı məqamaları qeyd etmək mümkündür:

 

  • Təbii resurs hasilatı hesabına Gədəbəy və Daşkəsən rayonlarının iqtisadiyyatında sənayenin payı ölkənin digər kənd rayonlarına nisbətən daha yüksəkdir. Məsələn, Daşkəsəndə 70%, Gədəbəydə 38% təşkil etdiyi halda, aşağı göstəriciyə malik rayonlarda 10-20% intervalında dəyişir;
  • Resurs bölgələrinin məhsul buraxılışında sənayenin yüksək payı məşğullğun da strukturna təsir göstərir. Belə ki, məşğulluqda sənayenin payının ən yüksək olduğu 10 rayon içərisində, Sizyəzən (6%) Gədəbəy (7%) və Daşkəsən (9%) də yer alır. Amma şübhəsiz ki, bu rəqəmlər digər rayonlarla müqayisədə yüksək hesab oluna bilər. Yerdə qalan rayonlar isə həmin göstərici son dərəcə aşağıdır (əksər rayonlar üzrə 3-5% intervalında dəyişir);

 

  • Resurs hasilatının seçilmiş bölgələrin maliyyə və vergi potensialına nəzərçarpan təsiri yoxdur. Belə ki, hazırda adambaşına yerli gəlirlərin ən yüksək olduğu ilk 10 rayon içərisində araşdırmaya cəlb edilmiş 3 rayondan yalnız Daşkəsənin adı var (169 manatla). Gədəbəy üzrə analoji göstərici isə çox aşağıdır və ölkə üzrə yüksək hesab olunan göstəricidən 4 dəfəyə yaxın aşağıdır;

 

  • Adıçəkilən bölgələrdə sosial şəraiti xarakterizə edən göstəricilər son dərəcə pisdir. Məsələn, hər 3 rayon üzrə 5 yaşadək uşaqların məktəbəqədər müəssisələrə cəlb olunma əmsalı 5-12% intervalında dəyişir ki, bu da hətta beynəlxalq standartlardan çox aşağı olan orta ölkə göstəricisindən (15%) belə xeyli geri qalır.

 

  •  Şagirdlərin sayının 6-17 yaşlı bütün əhaliyə nisbəti əsasında aparılan tədqiqatlar göstərir ki, ölkədə əhali köçününün ən yüksək olduğu bölgələr sırasında Gədəbəy və Daşkəsən də yer alır;

 

  • Rəsmi hesabatlar əsasında aparılan hesablamalar göstərir ki, elekrik enerjisi  və təbii qaz istehlakının ən aşağı olduğu 10 rayon sırasında Gədəbəy və Daşkəsən də yer alır.

 

Təkiflər

 

İlk növbədə bölgələrə dair sosial-iqtisadi statistika baza təkmilləşdirilməli, hər bir rayonun mərkəzi şəhərləri və kəndləri də daxil olmaqla statistik informasiya bazası ictimaiyyət üçün əlçatan olmalıdır. Məsələn, rayon və onun kəndləri üzrə mənzillərin sayı, kommunal xidmətlərin hər biri üzrə ayrılıqda təminatı həyata keçirilmiş mənzillərin sayı, istehlak həcmi və s. kimi göstəricilər qapalı məlumatlar olmamalıdır.

 

Digər mühüm məsələ isə resurs bölgələrinin öz ərazilərində hasil olunan təbii resurslardan müəyyən qədər iqtisadi pay almaq haqqı olmalıdır. Bu, ya hasilat şirkətlərinin əldə etdiyi inhisarçı mənfəətə əlavə vergi tətbiqi, ya da onların üzərinə ərazinin sosial inkişafı ilə bağlı icma-şirkət müqavilələri çərçivəsində öhdəliklərin müəyyən edilməsi formasında ola bilər.

 

Nəhayət, Azərbaycanda regionların inkişafı ilə bağlı iqtisadi inkişaf proqramlarının hazırlanması təcrübəsi dəyişməlidir. Hər bir bölgənin, o cümlədən resurs bölgələrinin spesifik coğrafi və iqtisadi şəraiti nəzərə alınmaqla müfəssəl bölgə planları hazırlanmalı, bu proses açıq müzakirələr və bütün maraqlı tərəflərin iştirakı çərçivəsində baş verməlidir. 

 

NHMT İB ekspert qrupu

 

İyul 2023-cü il


[1] https://www.stat.gov.az/source/demoqraphy/az/001_15.xls

[2] http://www.baku.azstat.org/php/menu_bar/5/Baki_2022.zip

[3] https://www.stat.gov.az/source/system_nat_accounts/az/001.xls

[4] https://www.stat.gov.az/source/industry/az/017_1.xls

[5] Hasilatla bağlı məlumatlar regionların statistik məlumat bazasından götürülüb: https://www.stat.gov.az/source/regions/

[6] https://www.stat.gov.az/source/system_nat_accounts/az/034.xls

[7] https://www.stat.gov.az/source/labour/az/009_2.xls

[8] https://e-qanun.az/framework/53084

[9] https://bakuresearchinstitute.org/wp-content/uploads/2022/01/Metodologiya_Jan_2022_AZ.pdf 

[10] https://www.stat.gov.az/source/labour/az/003_19.xls  

[11] https://www.stat.gov.az/source/healthcare/az/002_4_1-2.xls

[12] https://www.stat.gov.az/source/demoqraphy/az/002_6.xls

[13] https://www.stat.gov.az/source/healthcare/az/003_6.xls

[14] https://bakuresearchinstitute.org/regional-differences-in-housing-a-fourfold-difference-between-high-and-low-density-housing-regions-in-azerbaijan/

[15] https://www.stat.gov.az/source/healthcare/az/003_4.xls

[16] https://bakuresearchinstitute.org/azerbaycanda-niye-daxili-miqrasiyaya-dair-statistika-yoxdur/?mibextid=Zxz2cZ&fbclid=IwAR3exwgwQD-ugKVuPIaz6AwImK7m8dxCetLjaVDW7GzX671LC3a3Eltv07o

[17] https://www.stat.gov.az/source/system_nat_accounts/az/035.xls