ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir
Vaxtilə SOCAR -da işləmiş və sonradan ixtisara düşərək əmək haqqının 5 mislini alaraq işdən azad olunmuş işçilər SOCAR İnsan Resursları Departamenti(İRD) tərəfindən onların əmək hüquqlarının pozulduğunu hesab edərək, hüquqi yardım üçün təşkilatımıza müraciət edib. Belə ki, şirkət tərəfindən onların ixtisasına uyğun vakant iş yeri elan olunarkən, İRD onları müsabiqəyə buraxmır və izah olunur ki, Razılaşma sənədinə əsasən həmin işçilər heç vaxt işə qəbulla əlaqədar şirkətə müraciət edə bilməzlər. Qeyd edim ki, bu işçilərin əksəriyyəti illərlə şirkətdə işləyib təcrübə toplamış mütəxəssislərdir.
Bununla əlaqədar tərəfimizdən ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik haqqında 14 avqust 2009-cu il tarixli 112/07-22-ə nömrəli Əmr-qərarına əsasən hazırlanmış Razılaşma öyrənilmiş, və düşünürük ki,
Razılaşmanın 27.2-ci maddəsi: İşəgötürənlə bağlanmış əmək müqaviləsinə hazırki Razılaşmaya və işçinin ərizəsinə əsasən uyğun olaraq xitam verildikdən sonra, ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcədə ARDNŞ-nin iştirak etdiyi birgə müəssisələrdə və əməliyyat şirkətlərində işə bərpa olunma və işə qəbul olunma haqqında, eyni zamanda İşəgötürənə qarşı hər hansı bir iddia irəli sürməyəcək. Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir. Və təəssüf ki, qeyd olunan Razılaşma bu günə qədər də qüvvədədir və işçilərin hüquqlarını pozmaqda davam edir.
NHMT İB hesab edir ki,
1. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi yalnız aşağıdakı hallarda məhdudlaşdırıla bilər:
- İddia etdiyi vəzifə və peşəyə uyğun gəlmədikdə
- İddia etdiyi vəzifə və peşə üzrə müvafiq diplom və sertifikata malik olmadıqda
- İddia etdiyi vəzifə və peşə üzrə test və ya müsahibədən keçmədikdə
- İddia etdiyi vəzifə və peşədə işləməyə sağlamlığı imkan vermədikdə
- TSEK-n rəyi ilə əmək qabiliyyəti məhdud hesab edildiyi halda
- Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müəyyən yaş həddinə çatdıqda
- Müəyyən vəzifə və ya peşəni tutmaq hüququnun məhkəmə qərarı ilə məhdudlaşdırıldıqda
2. Bu Razılaşma ilə ARDNŞ tərəfindən Azərbaycan Əmək qanunvericiliyinin, Azərbaycan Respublikasının Konstitusiyasının aşağıda qeyd olunan maddələri pozulmuşdur:
2.1.Azərbaycan Respublikasının Konstitusiyası maddə 35:
- Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi maddə 43.3
- Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilinədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi maddə 16.1
- Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi maddə 294
- işçi hüququnun pozulduğunu aşkar etdikdə məhkəməyə müraciət edə bilər.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi maddə 310
- İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Yuxarıda qeyd olunanları və digər normativ hüquq aktları əsas tutaraq NHMT İB hesab edir ki,
1. İşçilərin işə qəbulu və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar, xüsusən də son haqq hesabla əlaqədar iddia qaldırmaq hüququ və (hətta Razılaşma olduğu halda,işçi son haqq hesabdan narazı qalarsa) hər hansı bir hüquq əvvəlcədən məhdudlaşdırıla bilməz.
2. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
3. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq NHMT İB hesab edir ki,
ARDNŞ-nin və Azərbaycan Neft və Qaz sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik haqqında 14 avqust 2009-cu il tarixli 112/07-22-ə nömrəli Əmr-qərarının 27.2-ci bəndi etibarsız hesab edilməli, işçilərin işə qəbul və son haqq hesabla əlaqədar müraciət etmək hüquqları məhdudlaşdırılmamalıdır