NHMT - 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla bağlı qiymətləndirmə

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla bağlı qiymətləndirmə

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla bağlı qiymətləndirmə

 

Yanvar, 2016

 

 

 

Mündəricat

 

1. Təşkilat haqqında məlumat

2. Ön söz

3. Giriş

4. Ölkənin neft sənayesi tarixində dəhşətli qəza

4.1. 10-cu platforma haqqında qısa məlumat

4.2. Qəza

5. Təxliyyə

6. İctimaiyyətin məlumatlandırılması

6.1. ARDNŞ və Fövqəladə Hallar Nazirliyi susdu

6.2. Müəmmalı siyahılar

6.3. Hadisə günü ölkə mətbuatı

7. Neçə quyu yanır - Fərqli suallar

8. “Azneft” İB dəyən ziyan

9. Yanğın nə zaman söndürülə  bilər?

10. Ekspert qrupunun rəyi

10.1. İşəgötürən qanuna niyə əməl etməyib?

11. Ekoloji vəziyyət

12. Psixoloji yardım

13. Nəticə

14. İstinad olunan mənbələr

 

 

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

 

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb (Bax: www.nhmt-az.org).

 

 

Təşkilatın missiyası

 

NHMT Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

 

2. ÖN SÖZ

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının(NHMT) ekspert qrupu qiymətləndirmə aparmışdır. Qiymətləndirmə zamanı KİV-də çap olunan, rəsmi saytlarda gedən məlumatlardan, ekspert rəylərindən, müxtəlif müsahibələrdən istifadə olunmuşdur.

 

NHMT sənədin hazırlanmasında iştirak edən ekspertlərə öz təşəkkürünü bildirir.

 

        

3. GİRİŞ

 

NHMT hər il öz illik hesabatlarında ölkənin neft sektorunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207(işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmə hüququ var), 215(Əməyin qorunması sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifəsi), 219(əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi), 222(sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmini), 238(Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin məsuliyyəti) maddələrinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin pozulması nəticəsində çoxlu sayda işçinin həlak olduğunu və xəsarət aldığını qeyd edir.

 

Son illərdə məhz bu qanun pozuntuları nəticəsində yalnız Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində(ARDNŞ) baş verən qəzalar nəticəsində çoxlu sayda işçi həlak olmuş, itkin düşmüşdür.

 

- 28 sentyabr, 2011-ci il. ARDNŞ işlədiyi “Günəşli” dəniz yatağının 14-cü platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

 

- 17 avqust, 2013-cü il. Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağında “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. ARDNŞ yanğını ABŞ-ın BOOTS & COOTS servis şirkətinin mütəxəssisləri ilə birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə söndürə bilmişdi.

 

- 2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo 203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas olunub, biri həlak olub.

 

- 23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.

 

- 2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub. Xəsarət alan olmayıb.

 

- 2014-cü il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub.

 

- 2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında- qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb.

 

- 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər neftçi itkin düşüb, 32 nəfəri isə xəsarət alıb.

 

 

4. ÖLKƏNİN NEFT SƏNAYESİ TARİXİNDƏ ƏN DƏHŞƏTLİ QƏZA

 

4.1. 10-cu platforma haqqında qısa məlumat

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 28 May adına Neft və Qazçıxarma idarəsinə məxsus olan “Günəşli” yatağında 13 dəniz platforması var. 10 saylı platforma 1984-cu ildə tikilib. 2007-ci ildə 5 və 10-cu platformalar əsaslı təmirə dayandılıb. “Azneft” İB-nin verdiyi məlumata görə, platformanın istismar müddəti 50 ildir. Bu platformada 30 quyu var. Onlardan 2-si işlək deyil. Neçəsinin qaz, neçəsinin neft quyusu olması ilə bağlı məlumatlarda isə təzadlar mövcuddur. 2015-ci ildə 10 N-li platformadan sutkada 920 ton neft və 1 mln m3 qaz hasil edilib. Quyular uzun müddət istismarda olduqlarına görə, digər platformadan gələn texniki – səmt qazını laylara vurmaq hesabına nefti platformaya qaldırırlar.

 

 

4.2. Qəza

 

Azərbaycanda dənizdə neft çıxarılan platforma və estakadalarında son illər baş vermiş qəzaların xronikasına nəzər yetirdikdə, 2015-ci il dekabrın 4-də baş vermiş qəza qədər ağır hadisə olmayıb. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər işçi isə itkin düşüb, 32 nəfəri isə xəsarət alıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. [1]

 

Saat 17:40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib.

 

Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Bir müddət davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

 

 

4.3. Yanğın hansı səbəblərdən baş verib?

 

Neftçilərlə apardığımız söhbətlərdən məlum olur ki, boru xəttində xamutun boşalması nəticəsində qaz sızması olub. Bu haqda hadisə baş verməzdən 1 gün əvvəl telefonaqrama ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz. Neftçilər bildirir ki, insan itkilərini minimuma endirmək olardı. Müəyyən işləri məhdudlaşdıraraq, işçiləri dərhal çıxarmaq mümkün idi.

 

 

5. TƏXLİYYƏ

 

Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşmağa cəhd ediblər. Eyni zamanda “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

 

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə, xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib.

 

Təlimata və təxliyyə planına uyğun olaraq yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

 

Saat təqribən 22:45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub.

 

Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlanandan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub.

 

Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər.

 

Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb. Müşahidə zamanı özüldən təqribən 50 km cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb”.

 

 

6. HADİSƏ BARƏDƏ İCTİMAİYYƏTİN MƏLUMATLANDIRILMASI

 

6.1. ARDNŞ və Fövqəladə Hallar Nazirliyi susdu

 

Yanğın hadisəsi saat 17:40-da baş vermişdi və qısa zamandan sonra Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı olayla bağlı məlumatı öz facebook səhifəsinə yerləşdirmişdi. Azərbaycan mətbuatı buraya istinadən məlumatlar yerləşdirsələr də, ARDNŞ və Fövqəladə Hallar Nazirliyi gecə yarısına kimi susmağa “üstünlük verdilər”. Və gecə saatlarında belə bir məlumat yayıldı:

 

“Dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır”.

 

Daha sonra ARDNŞ-dən ANSTV-yə verilən məlumata görə, artıq platformadakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb:

 

 “Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur. Yanğın baş verən zaman platformada 42 nəfər olub”.

 

Qeyd: Hadisənin üzərindən 1 gün keçməsinə baxmayaraq, olay yerində baş verənlərlə bağlı cəmiyyətin məlumatlandırılmasında böyük bir boşluq oldu. Ümumiyyətlə, qəza ilə bağlı informasiya təminatı və idarə edilməsi göstərdi ki, hakimiyyətin bütün qolları fövqəladə vəziyyətlərə hazır deyil. Bütün neftçilərin xilas edilməsi, vəziyyətin nəzarətdə olması barədə ilkin yalnış xəbərlər, sonra isə itkin düşənlərin axtarışı barədə müəmmalı məlumatlar, nəhayət, itkin düşənlər haqda bilginin olmaması vəziyyətin idarə edilməsinin azdırılmasının göstəricisidir.

 

 

6.2. Müəmmalı siyahılar?!

 

ARDNŞ-in 1 gün sonra ictimaiyyətə təqdim etdiyi siyahının dolğunluğunda isə problem var idi. Dekabrın 6-da “Azneft”in keçirdiyi mətbuat konfransında bildirildi ki, qəza zamanı platformada ümumi 63 nəfər olub. Onun 33-nü xilas etmək mümkün olsa da, 1 nəfər ölüb, 30 nəfər isə itkin düşüb.

 

İctimaiyyətə təqdim olunan siyahı da hələ də natamamlıq var idi. Birincisi, xilas olanların siyahısı tam verilsə də, itkin düşənlər və ölənlərlə bağlı tam rəsmi məlumat əldə etməkdə çətinlik yaranıb. İkincisi, siyahıda neftçilərdən hansının nə vəzifə daşıdığı göstərilmir. Ekspertlər və hal şahidləri həmin havada bəzi neftçilərin orada iştirakının qanuna zidd olduğunu deyirlər. Belə ki, caspianbarrel.org-un məlumatına görə “Azneft” İB-də keçirilən mətbuat konfransında bəlli olub ki, 63 nəfərdən 15 nəfəri tikinti və qazma briqadasının üzvləri imiş. Çünki bu platformada SOCAR daha 4 quyu qazmağı planlaşdırırmış və onlar bu işlərlə bağlı məsələləri həyata keçirirlərmiş. Əks təqdirdə heyətin sayı 48 nəfər olmalıymış.

 

5 dekabr saat 19 radələrinə olan SOCAR-ın təqdim etdiyi siyahı:

 

Xilas olunanlar:

 

1. Məmmədov Allahverdi İmran o. 29.07.1976

2. Mustafayev Elşən Elxan o. 04.11.1983

3. Əliyev Gündüz Əmir o. 11.12.1955

4. Abbasov Mais Məşədibaba o. 14.02.1970

5. Kərimov İlqar Ağali o. 10.09.1964

6. Əliyeva Məlahət Mirələm q. 01.11.1971

7. Mehdiyev İsmayıl Ələkbər o. 26.04.1976

8. Orucov Rəman Atakişi o. 13.04.1985

9. Şahbazov İltifat Dursun o. 27.02.1959

10. Abbasov Heydər

11. Cabbarov Sadiq

12. Mikayılov Seymur Mirsəməd o. 30.07.1980

13. Məlikov Ehtiram Əliş o. 30.03.1975

14. İbrahimov Rəşid Eynulla o. 15.12.1964

15. Əsgərov Telman Məmmədağa 28.08.1962

16. Hüseynov Rəşid Ağahüseyn o. 04.07.1971

17. Qarayev Coşqun Möhsün o. 20.10.1981

18. Paşayev Əzimzadə İsa o. 04.06.1956

19. Məmmədov Malik Gülhəsən o. 17.07.1958

20. Rəcəbov Mərdan Abid o. 16.12.1959

21. Quliyev Əlirəhman Hüseynağa o. 30.01.1982

22. Dadaşov Ədalət Yusif o. 16.04.1971

23. Babayev Bəhruz Əli Abbas o. 26.07.1977

24. Rüstəmov Tahir Səfər o. 28.01.1963

25. Sarıyev Vidadi Fikrət o. 25.02.1981

26. Alanurov Xayyam Bahlul 02.12.1984

27. Cəfərov Faiq Əbdülhüseyn o. 13.04.1973

28. Əliyev Ənvər Əmiraslan o. 27.01.1968

29. Yusibov Roman Yaşaroviç 20.03.1985

30. Yusifov Mahal Söhrab o. 16.04.1970

31. Əhmədov Asif Xavər o. 23.06.1985

32. Tarverdiyev Kamran Takıb o. 23.06.1971

 

 

Axtarışı davam etdirilənlər:

 

1. Qasımov Mübariz Dilqəm o. 21.01.1958

2. Rzaxanov Edik Rivazin o. 15.01.1983

3. Babazadə Tural Fətəli o. 01.09.1993

4. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

5. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

6. Qasımov Bayram Mirzəağa o. 20.03.1978

7. Abdullayev Adil Ələkbər o. 19,02,1953

8. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

9. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

10. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

11. Niyazov Seyfəddin Abil o. 09.02.1968

12. İskəndərov İnqilab Osman o. 29.11.1957

13. Mayborda Oleq Akimoviç 21.11.1971

14. Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

15. İbrahimov Xalid Bəşir o. 12.08.1971

16. Həsənov Zaur Vahid o. 24.12.1975

17. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

18. Hüseynov Bəhlul Sirac o. 25.11.1969

19. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

20. Xəlilov Zaur Arif o. 15.09.1975

21. Sahmarov Sahib Güloğlan o. 02.08.1973

22. Əliyev Əyyub Xəlil o. 22.07.1973

 

(aşağıda SOCAR-ın saytında yer alan siyahının şəkli)

 

Göründüyü kimi, dekabrın 5-də axşam saatlarında təqdim olunan siyahıda cəmi 54 nəfər yer alır. Lakin həmin gün “APA” İnformasiya Agentliyi gecə saatlarında itkin düşən 30 nəfərin tam siyahısını verib. Həmin siyahıda 23.02.1981 təvəllüdlü Tağıyev Fuad Tahir oğlu, 24.03.1968 təvəllüdlü Mahmudov Ağa İzzət oğlu, 05.01.1957 təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 06.11.1963 təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlu, 07.03.1984 təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 05.03.1965 təvəllüdlü İsgəndərov Habil Tağı oğlu, 01.12.1967 təvəllüdlü Qasımov İman Şura oğlunun adları daxil edlib.

 

Ümumiyyətlə, itkin düşən və ölənlərin siyahısına dair məlumatlarda böyük pərakəndəlik var. Pərakəndəlik nədən ibarətdir?

  1. Dənizə düşən neftçilərdən 3-nün xilas olduğu, birinin isə cəsədinin çıxarıldığı göstərilsə də, kimliyi barədə heç bir məlumat yoxdur. Onun  adı və soyadı, ümumiyyətlə çəkilmir.
  2. Kütləvi informasiya vasitələrində dekabrın 5-də 30 nəfər itkin düşənin tam siyahısı verilir. Amma həmin tarixdə SOCAR-ın saytında 22 nəfərin adı çəkilir. APA-nın siyahısında yer alan 7 nəfərin adlarına isə dekabrın 7 və 27-də görülmüş axtarış tədbirlər nəticəsində cəsədləri dənizdən çıxarılarkən rast gəlirik.

 

Ən təəssüf doğuran məsələlərdən biri də odur ki, hadisənin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, ictimaiyyət üçün səhih, tam siyahı açıqlanmayıb. Açıqlanan məlumatların bu cür pərakəndə olması yaradılan komissiyanın ictimaiyyətlə düzgün işləmədiyini, ya da müvafiq qurumlar bunu təqdim etməkdə özündə məsuliyyət hiss etməyini göstərir.

 

Ölənlərin siyahısını əldə etmək mümkün deyil. Rəsmi və mediayada yer alan pərakəndə məlumatlar əsasında 12 nəfərdən 11 nəfərin adını taparaq siyahı tərtib edə bilmişik (ən son məlumat 12 yanvar 2016-ci ilə aiddir).

 

 

Hazırda ölmüş hesab olunan neftçilər aşağıdakılardır:

 

1. Tağıyev Fuad Tahir oğlu

2. Mahmudov Ağa İzzət oğlu

3. Quliyev Fəxrəddin Xancan oğlu

4. Babayev Mikayıl İsmayıl oğlu

5. Mayılov Samir Cahangir oğlu

6. İsgəndərov Habil Tağı oğlu

7. Qasımov İman Şura oğlu

8. Həsənov Ramiz Nüsrəddin oğlu

9. Quliyev Əzizağa Nöhbala oğlu

10. Abdullayev Adil Ələkbər oğlu

11.Qasımov Mübariz Dilqəm oğlu

 

İtkin düşmüş neftçilərlə bağlı son siyahı isə belədir:

  1. Rzaxanov Edik Rivazin o.
  2. Babazadə Tural Fətəli o.
  3. Rəsulov Elşad Balaoğlan o.
  4. Qasımov Bayram Mirzəağa o.
  5. Əbdüləzizov Əbdüləziz İsmayıl
  6. Şirəliyev İzzət Qəmbər o.
  7. Nəcməddinov Qəmərşah Nəcməddin o.
  8. Niyazov Seyfəddin Abil o.
  9. İskəndərov İnqilab Osman o.
  10. Mayborda Oleq Akimoviç
  11. Əhmədov Çanbaxış Əhməd o.
  12. İbrahimov Xalid Bəşir o.
  13. Həsənov Zaur Vahid o.
  14. Cəriyev Vəli Kiçikağa o.
  15. Hüseynov Bəhlul Sirac o.
  16. Səmədov Xoşbəxt Xanış o.
  17. Xəlilov Zaur Arif o.
  18. Şahmarov Sahib Güloğlan o.
  19. Əliyev Əyyub Xəlil o.

 

  1. İtkin düşənlərdən Həsənov Zaur Vahid oğlu ilə bağlı ziddiyətli məlumatlar getdi. Belə ki, dekabrın 6-sı 2015-ci ilə “Qafqazinfo” (http://www.qafqazinfo.az/sosial-3/daha-bir-neferin-meyiti-cixarildi-131178)  SOCAR-ın vitse-prezident Xaliq Məmmədova istinadən məlumat yayıb ki, 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun meyiti sudan çıxarılıb. Onun meyiti artıq ailəsinə təhvil verilib.

 

Amma “APA” IA dekabrın 8-də, ANSPRESS-ın dekabrın 13-də gedən məlumatlarında (http://m.apa.az/az/news/407663) “Azneft” İB-yə istinadən Z.Həsənov itkin düşmüşlər siyahısında yer alır. Hətta mediada neftçinin ailəsindən “itkin düşmüş neftçi” kimi geniş reportaj da hazırlanıb. 

 

Əgər pərakəndə gedən bu məlumatlara inanılsa, hadisə nəticəsində 32 nəfərin xilas olduğunu, 12 nəfərin öldüyünü, 19 nəfərin isə itkin düşdüyünü deyə bilərik.

 

 

6.3. Hadisə günü ölkə mətbuatı

 

Xəbərlərdən göründüyü kimi, hadisənin üzərindən bir neçə saat keçməsinə baxmayaraq, platformada olan neftçilərin sayı barədə səhih məlumat verilmir. Mediada rəsmi olaraq 42, qeyri-rəsmi olaraq 84 nəfərin orada olması barədə məlumatlar yer alırdı.

 

Hadisə zamanı təəssüf doğuran məqamlardan biri o olmuşdu ki, ölənlərlə bağlı ilkin məlumat dünya mətbuatında yer almışdı. Belə ki, 5 dekabr tarixində "Reuters" İA faciə ilə bağlı məqaləni manşetə çıxararaq yanğın nəticəsində 32 nəfərin öldüyü, 42 nəfərin isə xilas edildiyi yazılırdı.

 

Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yaymışdı: "Orda çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub".

 

"Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev NHMT araşdırma qrupunun üzvünə verdiyi şərhində bildirir ki, ümumi bir problem var: “Azərbaycan mətbuatının bir qismi hökumət dairələrindən asılıdır. Belə anlarda göstəriş veriləndə ki, rəsmi məlumat olmadan informasiya verməyin, o zaman həmin mətbuat orqanları heç bir xəbər qoymur. İkincisi isə, nisbətən müstəqilliyini saxlayan təşkilatların informasiya mənbələrinə çıxışları faktiki olaraq yoxdur”.

 

A. Əliyev hesab edir ki, əhalinin informasiya əldə etmək hüququ pozulur:

“Azərbaycan xalqı öz KİV-lərindən informasiya əldə etməlidirlər. Bu, onların Konustitusiya hüquqlarıdır. Əlbəttə, xarici KİV-lərdə gedən məlumatlar ətraflı deyil. Onlara Azərbaycanda baş vermiş hadisənin detalları deyil, məğzi maraqlıdır. Ona görə də, oradakı informasiyalar ümumi xarakter daşıyır.

 

Bundan əlavə, informasiya təhlükəsizliyi məsələsindən də danışa bilərik. Xarici mənbələrdən alınmış məlumatlar müəyyən məqsədə xidmət edə bilər. Belə olan halda, bu, ikinci dərəcəli informasiyadır. Çünki əsas səbəb daxili KİV-lərin susdurulmasıdır”.

 

 

7. NEÇƏ QUYU YANIR? - Fərqli suallar

 

Neft və qaz quyularının sayı ilə bağlı açıqlanan rəqəmlərdə təzadlı məqamlar yer alıb. Belə ki, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə 6 dekabr 2015-ci ildə keçirdiyi mətbuat konfransında yanan platformada 30 quyunun olduğunu qeyd edir. Onun, 2-si işlək deyil. İşlək olanların 24-sı neft, 4-ü qaz quyusudur.

 

Vitse-prezidenti Xoşbəxt Yusifzadə mətbuat konfransında əlavə edib ki, buradan sutkada 1 milyon m3 qaz, 950 ton da neft hasil edilir. “Yanğın zamanı neft quyularının başında atqı var. Bir quyunun atqısı yaxşı işləmədiyinə görə, ya digər səbəbdən yanır. Onun yanması böyük bir problem deyil. Hətta imkan olsa bu gün-sabaha söndürə bilərlər”.

 

Vitse-prezident vurğulayıb ki, bu obyektdə yanğının baş verməsinin texniki təhlükəsizlik məsələləri baxımından platformaya heç bir dəxli yoxdur. Çünki platforma bütün göstəricilərinə görə, həm neft quyularının istismarı, həm qaz-kondesat quyularının, həm orada yerləşən digər texniki və yardımçı obyektlərin istismarı baxımından bu tələblərə cavab verir. Əks təqdirdə 1984-cü ildən tikilmiş bir platformanı indiyə qədər açıq dəniz şəraitində istismar etmək mümkün olmazdı.

 

Partlayış ətrafında müəyyən şübhələr də istisna deyil. Xüsusilə, mediayada xarici qüvvələr tərəfindən təxribat törədilməsi barədə kifayət qədər məlumatlar yer aldı. Lakın X. Yusifzadə bu ehtimali birmənalı şəkildə rədd edib: “Burada təxribat görmürəm. Əgər təxribat olsaydı, platformaya nəsə qoyardılar. Burada 27 saatlıq güclü külək və dalğalar kəməri yerindən oynadıb və çartladaraq sındırıb”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova isə 18 dekabr 2015-ci ildə keçirdiyi mətbuat konfransında 7 qaz quyusundan bəhs edir. M. Avazova qeyd edib ki, “Günəşli” yatağının 10-cu stasionar özülündə ikinci qaz quyusunda yanğın söndürülüb, üçüncü quyu da söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda orada neft quyularında yanğın yoxdur”.

 

O bildirib ki, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə ümumilikdə 30 quyu var ki, onlardan 2-si işlək deyil, 21-i neft, 7-si isə qaz quyusudur.

 

Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qaz quyularının sayını 7 və ARDNŞ isə 4 göstərir. ARDNŞ-ın yanvarın 16-da yaydığı məlumatdan da aydın olur ki, 3 qaz quyusunda yanğın artıq söndürülüb.

 

 

8. “AZNEFT”Ə DƏYƏN ZİYAN

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban NHMT-yə verdiyi açıqlamada itkiləri təsnifləşdirir. Ekspertin fikrincə, belə yanğınlarda itkilər bir neçə cür olur: resurs, yəni karbohidrogen itkisi, insan itkisi, kapital itkiləri.

 

“Platformadakı avadanlıqların sıradan çıxması kapital itkisi hesab olunur. Buradakı avadanlıqlar partlayış və sonradan uzun sürən yanğın nəticəsində, habelə xilasetmə işləri zamanı sıradan çıxıb. Platformanın bərpası üçün çəkiləcək xərcləri də kapital itkisinə aid etmək olar.

 

Platformada yanan 4 quyu qaz kondensat olduğuna görə karbon qazı ilə söndürmək olar. Amma söndürəndən sonra bu, dənizə töküləcək. Yanma, əslində, neftin dənizə axmasının qarşısını alır, dəniz səthinin çirklənməsinə səbəb olmur. Ona görə də bu proses tənzimlənməlidir. Sönmə prosesi baş verən kimi quyuların platformada bağlanması dərhal həyata keçirilməlidir. Əsas çətinliklərdən biri platformanın dənizin dərinliyində, sahildən 100 metr aralıda yerləşməsidir”,- deyə İ.Şaban bildirir.

 

Onun sözlərinə görə, qaz quyuları söndüyü müddətə qədər sutkada 1 milyon m3 qaz yanaraq, itkiyə məruz qalıb: “Orda bir gündə 1 milyon m3 qaz çıxarılırdı. Demək, ildə ondan 335,8 min ton neft və 365 mln m3 qaz hasil edilirmiş.

Yanğını 40 gündən artıq söndürə bilmədiklərini nəzərə alsaq, o zaman indiyədək 40 milyon m3 artıq qaz itkisindən söhbət gedə bilər. Yəni “Azneft” İB-nın rəsmi açıqlamasından ancaq hər gün yanan qazın həcmini hesablamaq olar. Neft quyularında itkilər cüzi olub. Orada köhnə quyular olduğuna görə qaz vurulmadan neft hasil etmək olmazdı. Yanğın baş verdiyi birinci gündən neftin hasili də dayanıb. Bərpa işləri bir neçə milyon dollar xərc aparacaq.

 

“Bulla”da yanğın olarkən platforma tam yanmışdı. Amma “Günəşli”dəki yaşayış moduluna zərər dəyməyib. Hətta neft-qaz emalı prosesində istifadə olunan qurğular yerindədir. Neftçilər qorxurmuşlar ki, o partlaya və nəticədə platforma dağılar”.

 

 

9. YANĞIN NƏ ZAMAN SÖNDÜRÜLƏ BİLƏR?

 

X.Yusifzadənin fikirlərindən belə aydın olurdu ki, quyuları 2-3 günə söndürmək mümkün olardı. Amma hadisənin baş verməsindən bir aydan çoxdur vaxt keçməsinə baxmayaraq, tam söndürülə bilməyiblər. Əgər neft və digər qaz quyularının ağzını atqılarla avtomatik bağlamaq mümkün olmuşdusa, nə üçün digər quyulara sıçrayış baş verib?

 

İ.Şaban vurğulayır ki, güclü külək platformaya daxil olan qaz kəmərini zədələyib və oradan yüksək təzyiq nəticəsində yanğın baş verib: “Deşikdən 110 atmosferdən qaz püskürəndə istənilən yerdə qığılcım yaranır. Bu yanğın neft quyularına keçib, onlara vurulan texniki qazı kəsəndən sonra qalıq nefti yanıb. Ancaq yanğın daha sonra qaz quyularına keçib ki, onlar fontanla yanır, yəni laydan təzyiqlə çıxır. Ona görə də onların söndürülməsi üçün Amerika şirkətini dəvət ediblər”.

 

“Neft quyularına qazın vurulması kəsilsə də, bu o demək deyil ki, laydan quyu ağzına neftin çıxması prosesi dayanıb. Bu proses tədricən zəifləyib dayanmalıdır. Mütəxəssislərin dediklərinə görə, əgər nəzərə alsaq ki, həmin laylar artıq “qocalıq” dövrünə qədəm qoyublar, onda bir qədər bu proses davam edər. Həm də yanğın zəiflədikcə onun söndürülməsi üçün mexaniki üsullardan da istifadə tədbirləri gücləndirilməlidir”

 

Картинки по запросу Günəşli yatağındakı 10-cu platformadakı yanğın Картинки по запросу Günəşli yatağındakı 10-cu platformadakı yanğın

 

Hazırda yanğının söndürülməsinə, Fövqəladə Hallar Nazirliyin 6 gəmisi və ABŞ-ın "Boots and Coots" şirkətinin mütəxəssisləri cəlb olunub. Hazırda 3 qaz quyusunda yanğının söndürülməsi üçün işlər görülür. ARDNŞ-ın ən son məlumatına görə, yanvarın 16-da qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olmuşdur.

 

Eyni zamanda Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatlar bildirib. Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da deyilir.

 

 

10. Ekspert qrupu rəyləri

 

Ümumiyyətlə, araşdırma apardıqda çox ciddi təhlükəsizlik qaydalarının pozulduğu müşahidə olunur. Yuxarıda da qeyd etdiyimiz kimi, 63 nəfərdən 15 nəfəri tikinti və qazma briqadasının üzvləri imiş.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinə 2-ci əlavə görə,

 

4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:

 

4.1. küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;

4.2. küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;

4.3. küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;

4.4. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar edilən quyularda işlər;

4.5. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;

4.6. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;

4.7. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;

4.8. küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

4.9. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;

4.10. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

4.11. küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;

4.12. küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma işləri;

4.13. küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsilə dayaqlar vurulması işləri;

4.14. küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının sökülməsi işləri;

4.15. küləyin gücü 5 baldan artıq olduqda — daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;

4.16. küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;

4.17. küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;

4.18. küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər.

 

Hadisə baş verən günü, küləyin sürəti və dalğanın hündürlüyünə görə küləyin gücü neçə bal olub? Rəsmi yayılan məlumatlarda deyilir ki, şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğaların hündürlüyü 9-10 metrə çatıb.

Deməli, Bofort şkalasına görə, həmin gün küləyin gücü 10-11 bal arasında dəyişib, yəni çox güclü tufan olub.

 

Bofort şkalası

 

Qanunvericiliyə görə, küləyin gücü 10 baldan artıq olduqda, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər dayandırılmalıdır. Hətta 8 baldan artıq olduqda belə qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalıdır.

 

 

10.1. İşəgötürən qanuna niyə əməl etməyib?!

 

Belə havada 15 nəfər tikinti və qazma briqadasının üzvləri olması qanunaziddir. Onlar platformada 4 quyunun qazıntısı üçün gətiriliblər. Məsələn, Kərimov İlqar Ağali platformada kran operatoru vəzifəsində çalışır. Ancaq Əmək Məcəlləsində göstərilir ki, ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri dərhal dayandırmalıdır. Əgər hava şəraiti haqqında öncədən xəbərdar olublarsa, o zaman İlqar Kərimov platformada olmamalı idi.

 

NHMT-nın sədri Mirvari Qəhrəmanlı da mətbuata verdiyi açıqlamada bu məsələyə aydınlıq gətirilməsini vacib sayır: “Yağışlı, küləkli, qasırğa olan günlərdən əvvəl SOCAR, "Azneft" və "28 may" adına Neft-qazçıxarma İdarəsi, o cümlədən, platformaların hamısı telefonaqrama alır. Ona görə platformalar gözlənilən təbii hava şəraitinə hazır olmalıdır. Bütün bunlara ciddi nəzarət olmalıdır və icra işi yüksək səviyyədə həyata keçirilməlidir. Sual yaranır; insanlar əvvəlcədən ordan köçürülməliydimi? Yox. Çünki fasiləli və fasiləsiz iş var, neft və qaz çıxartma fasiləsizdir. İkincisi, həmin şəraitdə insanlar qapalı və təhlükəsizlik yerdə olmalıdır. Sual yaranır; niyə həmin qasırğalı-küləkli gündə tikinti-quarşdırma işçiləri və qazmaçılar orda olub? Əgər əvvəlcədən gəlmişdilərsə, niyə geri qaytarılmayıblar? Ancaq işi saxlayıb bütün platformanı boşaltmaq olmaz. Bütün hallarda komissiya bu suallara cavab versə, aydınlıq yaranar”.

 

Təəssüf ki, ARDNŞ 63 nəfərin hər birinin hansı vəzifədə çalışdığını təqdim edilmədiyindən, geniş təhlil aparmaq çətinlik yaradır. Yalnız məlum olan odur ki, 28 May adına Neft və Qaz Çıxarma İdarəsindən 18 nəfər, Xəzər İaşə Xidmətin 5 nəfər, Kompleks Qazma İşləri Trestindən, Nəqliyyat Departamentindən 2 nəfər, Neftqaztikinti Trestindən 15 nəfər, Xəzər Dəniz Donanmasından 2 nəfər, 1 nəfər meteologiyadan və sair şirkətin işçiləri olub. Həmin idarələrin rəhbərləri qasırğa haqqında məlumatları olduğu halda işçiləri niyə qırağa çıxarmamaları haqqında cəmiyyətə və həlak olan və itkin düşmüş neftçilərin ailələrinə izahat verməyə borcludurlar.

 

Digər bir təhlükəsizlik qaydası xilas etmə işləri zamanı pozulub. Qaz partlayışı ilə platformada enerji sistemi kəsilib, işıqlar sönüb. Bu zaman platformada olan neftçilər iki xilasedici qayığa minərək təlimata uyğun olaraq hadisə yerini tərk etmək istəyiblər. Amma mütəxəssislərin fikrincə, personalın yalnız iki qayıq və yaşayış blokundan istifadə etməməsi faktı göstərir ki, o an çaxnaşma yaranıb, idarəetmə itirilib, əksəriyyəti xilasedici jiletlərini belə geyinməyə macal tapmayıb. Nəticədə təlimata uyğun hərəkət etməyiblər. NHMT-nın sədri Mirvari Qəhrəmanlı bidirir ki, neftçilərə fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi aşağı səviyyədə aparılıb. Onlara həftədə bir dəfə təhlükəsizliklə bağlı təlimlərlər keçirilməli idi.

 

Ümumiyyətlə, bu sahənin mütəxəssisləri bildirir ki, qasırğalı havada  təxliyə zamanı qayıqlara minməklə bağlı əmri yanlış olub. Çünki onların platformanın dirəklərinə çırpılma ehtimalı çoxdur, necə ki belə bir hadisə baş verdi və xeyli insanın həyatına son qoydu.

 

Belə günlərdə ən uyğun təxliyə planı platformada yaşayış üçün nəzərdə tutulmuş binalardan istifadə olunmasıdır. Həmin binalar inşa olunarkən oda, qəzalara və zəlzələyə davamlılığı nəzərə alınıb. Yaşayış blokunun üzərində vertalyotun oturması üçün meydança da var. Əgər neftçilər orada xilasediciləri gözləməli olsaydı, vertalyota çox rahat minə biləcəkdilər. Neçə ki 3 neftçi məhz buna görə sağ qurtula bilib. Ekspertlər deyir ki, qayıqlar yalnız sakit havada təxliyyə üçün nəzərdə tutulub.

 

Əgər bunlara əməl olunsaydı insan itkilərinin sayı da minimum, hətta heç olmaya bilərdi.

 

- Əsas şübhələrdən biri də qayıqların keyfiyyəti ilə bağldır. Cənubi Koreya istehsalı olan bu qayıqların işlənmiş olması, texniki qaydalarının sazlığı ilə bağlı mütəmadi yoxlanılmaması ilə bağlı ittihamlar səslənir! [2] Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban NHMT-na bildirib ki, gələcəkdə belə qəzalarda insan itkilərini minimum endirmək üçün ARDNŞ yeni texnologiyalar almaq firkindədir: “SOCAR bundan sonra 45 dərəcə bucaq altında suya buraxılan xüsusi sistemlər sifariş vermək istəyir. Hadisə baş verərsə, bir düyməni basmaqla platformadan 15 mert kənara sürüşüb düşə bilir. Bu, daha ağlabatandır”.

 

http://s019.radikal.ru/i621/1512/f5/51b11c50f43b.jpg http://s016.radikal.ru/i334/1512/5d/d539ee2a5ad2.jpg

 

 

11. EKOLOJİ VƏZİYYƏT

Burada əsas narahatlıq doğuran məqamlardan biri də ekoloji fəsadların üzə çıxmasdır. Yanğın nəticəsində həm atmosferə, həm də dənizə zərərli tullantılar atılır. Bu isə dənizim flora və faunasını təhlükə altına qoyur. Qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə  Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət İşçi Qrupu yaradılıb. Eyni zamanda “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

 

“RİA “Novosti” agentliyinin yaydığı məlumata görə “Sentinel-1A” radiolokasiya peykindən dekabrın 13-də aparılan çəkilişlər zamanı “Günəşli” yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazilər getdikcə böyüyür. “Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir”, – deyə “Skaneks” şirkətinin məlumatında bildirilir.

 

http://www.interpress.az/uploads/posts/2015-12/1449657280_12355836_1050446934997960_841314804_o.jpg

 

Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir. Platforma ətrafındakı ağ nöqtələrlə isə gəmilər və hasilat platformalarıdır. “Sentinel-1A” peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir.

 

Həmin vaxt İşçi Qrupu buna aydınlıq gətirərək bildirdilər ki, Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur. Digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnologiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.

 

Hazırda vəziyyətin nə yerdə olduğunu, dənizdə normadan artıq neftlə çirklənmə baş verəcəyi halda nə kimi tədbirlərə hazır olduqlarına dair NHMT Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq nazirlik qeyd edib ki, 10 nömrəli stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədilə Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən qəza baş verən ərazidə monitorinq və müşahidələr aparılır: “Ekspedisiya qrupu mütəmadi olaraq hadisə yerində, qəza baş verən özülün ətrafında, həmçinin yatağın yerləşdiyi su akvatoriyasında helikopter və gəmi vasitəsilə müşahidələr aparır, meteoroloji vəziyyətə uyğun qabaqcadan müəyyən olunmuş koordinatlar üzrə analitik təhlillərin aparılması məqsədilə su nümunələri götürür və Xəzərin bioloji resurlarına mənfi təsirlərin müəyyənləşdirilməsi məqsədilə monitorinqləri davam etdirir.

 

Götürülmüş su nümunələrin üzərində fiziki, fiziki-kimyəvi, ekotoksikoloji, bioloji analizlər aparılıb. Analizlərin nəticələrinə görə su nümunələrində neft məhsullarının qatılığının normadan maksimum 2-3 dəfə çox olduğu müəyyən edilib, ekotoksikoloji baxımdan zəhərli maddələr aşkar olunmayıb. Aparılan monitorinqlərə görə özül ətrafinda dənizin fauna və florasına zərərli təsirlər müşahidə edilməyib. Monitorinq və təhlillər davam etdirilir”. ETSN onu da qeyd edir ki, yanğın zamanı quyulardan çıxan təbii qaz tam yandığı üçün atmosfer havasına zərərli təsir nisbətən azalır və bu, istilik elektrik stansiyalarında, məşəllərdə yandırılan qazın atmosferə atdığı zərərli maddələrlə eynidir: “Buna görə də müvafiq texniki tədbirlər həyata keçirilməklə qəza aradan qaldırılana qədər havaya atılan qazın yanması ekoloji cəhətdən daha məqsədəuyğundur.

 

Aparılan müşahidələr, təhlillər və bu sahədə təcrübələr deməyə imkan verir ki, neft dağılması baş verəcəyi təqdirdə məlum koordinatları bon çəpərləri və xüsusi texnika vasitəsi ilə təchiz edilmiş gəmilərlə ötürməklə operativ olaraq neftin yığılmasını təmin etmək və mövcud vəziyyətə uyğun müəyyən edilmiş digər qabaqlayıcı tədbirləri həyata keçirməklə baş verəcək ekoloji fəsadların qarşısını almaq mümkündür”.

 

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının ekspertlərinin ekoloji rəylə bağlı gəldiyi qənaətə görə, adətən, bu cür qəzalar zamanı karbohidrogenlərin sızması baş verir ki, bu da ətraf mühitə ciddi zərərli təsirlər göstərir: “Qəzanın baş verməsindən bir qədər sonra artıq bir sıra informasiya agentlikləri müəyyən miqdarda neft dağılmaları haqqında məlumatlar verməyə başladı. Məsələn, “RİA Novosti” xəbər verirdi ki, kosmik radarlar tərəfindən əldə edilən məlumatlara əsasən, 13 dekabrda 300 kvkm çirklənmiş ərazi müşahidə edilib.

 

“Günəşli” yatağında baş verən qəzadan sonra neft dağılmaları sahəsi getdikcə artmaqdadır ki, bunu da peyk şəkilləri sübut edir.

 

13  dekabr 2015-ci ildə “Sentinel-1A” kosmik radar peyki tərəfindən növbəti çəkilişılər aparılmışdır. Görüntülərdə “Günəşli” yatağında platformalardan şimal istiqamətində dənizin neftlə çirklənməsi müşahidə olunur.

 

Kosmik radarlar tərəfində edilən çəkilişlər neft dağılmaları rayonunu və mənbələrini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. «Skaneks» şirkətinin çəkdiyi şəkillərdə 300 kv.m ərazi üzrə neft dağılmaları tutqun (qara) rəngli ləkələr kimi görünür. Platforma ətrafında görünən ağ nöqtələr isə gəmilər və neft hasil edilən platformalardır. Sentinel-1А peyki tərəfindən 7 dekabr 2015-ci il tarixində aparılan çəkilişlərin nəticələrinə görə “Günəşli” yatağında neft təbəqəsi ilə örtülmüş dəniz sahəsi 200kv.km – yaxın idi. Suomi NPP peykinin 14 dekabr  2015-ci il tarixli optik çəkilişlərində “Günəşli” yatağının 10 N-li platformasından yayılan tüstü dumanı müşahidə olunur.

 

Sonradan FHN, ETSN, SOCAR, BP-şirkətinin mütəxəsislərindən ibarət yaradılmış işçi qrupu xüsusi təchiz edilmiş gəmi və vertolyotlar vasitəsi ilə qəza zonasında müşahidələr aparmışdır. “Günəşli” və “Neft Daşları” yataqları və yaxın ərazilərdə neft dağılmalarını sübut edən ciddi ləkələr aşkar edilməmişdir. Eyni zamanda dünya təcrübəsinə müvafiq olaraq dənizdə neft dağılmaları və çirklənmələrini aşkar etmək üçün qəza zonasında kosmik radar və optik çəkilişlər aparılmışdır. 10 N-li platformada baş verən qəza nəticəsində dənizə neft dağılmaları haqqında bəzi KİV-də gedən məlumatlara  baxmayaraq, “Azərkosmos” ASC-nin “Radarsat-2” peyki vasitəsi ilə Kandaya məxsus “MDA” şirkətinin apardığı çəkilişlərin təhlili monitorinq qrupunun gəldiyi nəticələri təsdiq etmiş oldu”.

 

Mütəxəssislər qeyd edir ki, bu cür ziddiyətli bəyanatların verilməsi ictimiyyət arasında müəyyən çaşqınlıq yaradır. SOCAR tərəfindən verilən “Günəşli və Neft daşları yataqları ərazisində neft dağılmalarını sübut edən ciddi ləkələr aşkar   edilməmişdir” informasiyası həqiqəti nə dərəcədə əks etdirir?

 

NHMT-nın ekspertlərinə görə, Xəzər dənizi akvatoriyasının monitorinqi davam etdirilməli və bu monitorinq prosesinə vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər cəlb edilməlidir: “Çünki neft hasilatı sahəsində dünya təcrübəsi göstərir ki, bu cür qəzalar zamanı neft və qaz kondensat dağılmaları ətraf mühitə mənfi təsirlər göstərir.

 

Məlumdur ki, 1 litr neft dağılması nəticəsində yaranan neft təbəqəsi 40 min.litr dəniz suyunu oksigendən məhrum edir. 1 ton həcmində neft dağılması dəniz səthinin 12 kv.km sahəsini çirkləndirir. 1 ha dəniz səthidə yaranmış neft təbəqəsi 100 milyondan artıq balıq sürfələrini məhv edir. (http://ref.by/refs/97/37972/1.html)

 

Su hövzələrinin 1 ton neftlə çirklənməsi, su hövzəsində 12 kv.km-lik neft təbəqəsi yaradır və atmosferdən daxil olan oksigenin yolunu bağlayır. Bununla da balıqların qidalandığı  planktonların çoxalması dayanır ki, nəticədə balıqlar və digər dəniz canlılarının kütləvi şəkilədə qırılması baş verir. Bütün bunlar  son nəticədə Xəzər dənizinin biomüxtəlifliyi və faunası üçün ciddi mənfi təsirlər yarada bilər.

 

Qeyd etmək yerinə düşərdi ki, Xəzər dənizində Kardium tsiliatum (lat. Cardium ciliatum), molyuskları yaşayır. Ölçüləri 2,5 sm olan bu molyusklar bir növ “sanitar” rolunu icra edirlər. Belə ki, qida və oksigen axtarışı proseslərində onlar sutka ərzində 15 litr suyu həzm edərək xaric etmək iqtidarındadır. Bu canlı orqanizmlər su tərkibində olan nefti həzm etmir, selik vasitəsi ilə xaric edərək dəniz dibinə buraxır. Buna görə də Xəzər dənizi akvatoriyasını neft çirklənməsindən təmizləmək üçün bu molyusklardan istifadə edilməsi üzrə tədqiqatların aparılması çox mühümdür.

 

Eyni zamanda, platformalarda yanğınların söndürülməsi zamanı nəzərə almaq lazımdır ki, quyunun etibarlı şəkildə bağlanmasının mümkün olmaması səbəbindən qaz ehtiyatları olan laylarda qaz tamamilə çıxa bilər, bu çox iri həcmdə istixana qazlarının atmosferə buraxılmasına səbəb olar. Yanmamış təbii qazın atmosferə dağıdıci təsiri (СО2) dəm qazının təsirindən 20 dəfə güclüdür. Buna görə də mümkün qəzalar və karbohidrogen dağılmalarından, ətraf mühitin mühafizə edilməsi üçün dövlət və yerli orqanlar əvvəlcədən qabaqlayıcı tədbirlər planı hazırlamalıdır; qarşıya yerinə yetirilməli olan vəzifə qoyulur və bu vəzifələrin  yerinə yetirlməsi üçün məsul şəxslər təyin edilir. Adətən, bu işlərə bioloq alimlər, hüquqşünaslar, təmizləmə üzrə ixtisaslaşan firmalar, canlı orqanizmlərin reabilitasiyası üzrə mütəxəssislər, yerli orqanları təmsil edən rəsmi şəxslər cəlb edilir”.

 

 

12. PSİXOLOJİ YARDIM

 

Səhiyyə Nazirliyi və SOCAR-ın yaydığı xəbərlərə görə, xəsarət alanlara psixoloji yardım göstərilir. Hətta xəbərlərdə hadisə baş verən gecə guya Səhiyyə Nazirliyinın həkim birqadasının oraya göndərildiyi göstərilir. Lakin hadisə baş verən zamanı media nümayəndələri tərəfindən lenta alınan çəkilişlərdə  həmin gecə yaradılan komissiyanın mərkəzi qərargahının qarşısında neftçilərin yaxınlarına göstərilən münasibət tam əksini deməyə əsas verir tapır: heç bir həkim, psixoloq yox; insanlar soyuq havada qərargahın qarşısının önündə xəbər gözləyir; halı pisləşənlərə yardım göstərilmir; onlarla kobud rəfat olunur.

 

Əslində, elə vəziyyətlərdə qohumlar, ailə üzvləri ilə necə rəftar olunmalı, onlara hansı yardım göstərilməlidir?

 

Psixoloq Azad İsazadə bildirdi ki, belə hadisələrdə psixoloji qərargah yaradılmalıdır: “Burada bir neçə istiqamət var. Birincisi, hadisə zamanı xilas olunanlara psixoloji yardım edilməlidir. Daha sonra onların yaxınlarına yardım göstərilməlidir.  Eyni zamanda, əhaliyə verilən məlumatın da psixoloji əhəmiyyəti böyükdür. Bunu, sözsüz ki, hansısa mərkəz idarə etməlidir. Amma platformda baş verən yanğında sadaladıqlarım pərakəndə təşkil olunmuşdu. Nə jurnalistlərlə, nə xəsarət alanlarla, nə də hadisə yerində olan neftçilərin yaxınları ilə psixoloji cəhətdən işləyən var idi”.

 

A.İsazadə əlavə edir ki, belə hadisələrdə ilk olaraq neftçilərin yaxınları ilə əlaqə saxlayıb, onları bir zala yığmaq lazım idi: “Orada isə iki formada onlara psixoloji yardım göstərilməli idi. Ilk olaraq sosial yardım olmalı idi. Narahat olan ailə üzvlərinə isti çay və sair təşkil olunmalı idi. Onlara əgər qulluq olunsaydı, o zaman şüur altında arxayın olardılar ki, hadisə yerində olan yaxınına da belə yardım göstərilir. Amma görəndə ki, onlara dinc vəziyyətdə veclərinə alan yoxdur, ona qarşı kobud rəftar edirlər, o da narahat olur ki, yanğın olan yerdə, ümumiyyətlə, heç nə etmirlər. Bunlar sırf psixoloji, şüuraltı bir rabitədir. Qərargahda insanlara münasibət yaxşı olanda, psixoloqlar işləyəndə, mütəmadi olaraq məlumatlandırılanda onlar nisbətən sakitləşirlər. Eyni zamanda ajiotaj, panikaların qarşısı alınır. Bunlar bütün dünyada qəbul olunmuş adi ilkin görüləcək tədbirlərdir. Həm xilas olanların, həm itkin düşənlərin, həm də qohumların siyahıları təzələnməli idi”.

 

“Xəsarət alanlar həmin an həkimlə yanaşı, psixoloqla da təmin olunmalı idi. Psixoloji yardım alardılarsa, yaraları daha tez sağalacaqdı. Amma üzərindən bu qədər zaman keçdi. Həmin xəsarət alanların üzərində bir nəfər də psixoloq işləmədi”, psixoloq qeyd edir.

 

Azərbaycan hökumətinin yardımı isə mənəvi amillərdən daha çox, maddiyyət üzərində qurulub. Yəni itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verməklə işlərini yekulaşmış hesab etdilər. Qeyd edək ki, prezidentin müvafiq sərəncamı (http://e-qanun.az/framework/31497) əsasında, dəniz özülündə baş vermiş qəza zamanı zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə SOCAR əməkdaşlarının hər birinin ailəsinə  dövlət tərəfindən 15 min manat, SOCAR isə 5 min məbləğində birdəfəlik maddi yardım ödənilməsini qərara alınıb.

 

Təəssüf ki, xəsarət alaraq, əlil olanlara nə psixoloji, nə də maddi yardım göstərilməyib, tam diqqətdən kənarda qalıb. Halbuki onların əksəriyyyətinin psixoloji vəziyyəti bərbad bir durumdadır. Üstəgəl, maddi sıxıntı xəsarət alan ailə başçılarını narahat bir duruma salıb. Hökumət rəsmilər təzminat veriləcəyini açıqlasalar da, neftçilərin şikayəti bunun hələ ki söz olaraq qaldığını deməyə əsas verir.

 

Məsələn, 10-cu platformada operator işləyən Bəxtiyar Ələkbərov Meydan Tv-yə açıqlamasında hadisə haqqında danışarkən bunları söyləyib: “Qaz borusu birdən-birə partladı. Mən də həmin vaxt platformada gəzirdim, quyulara baxırdım. Elə mən düşən dəqiqə partladı. Oradan güclə, birtəhər canımı qurtardım. Göydə Allah yerdə mən özümü xilas elədim”.

 

18 saat qayığın içində qaldıqdan sonra işçi Əziz Əliyev adına xəstəxananın yanıq bölməsinə gətirilib. Xəstəxanaya gətiriləndən səhiyyə naziri Oqtay Şirəliyev, ombudsman Elmira Süleymanova, Həmkarlar İttifaqının rəhbərliyi ona baş çəkib.

 

 Amma gözləri ilə gəzdiyi ARDNŞ rəhbərliyi onun yanına gəlib, ağrı-acısı ilə maraqlanmayıb.

 

“Rəhbərlikdən heç kim gəlib, maraqlanmayıb. Bir adam gəlməyib ki, 33 illik işçim bu dərəcədə yaralanıb, bunun taleyi harada tamam oldu?! Həmkarlar İttifaqından başqa” - Bəxtiyar Ələkbərovun xanımı deyib.

 

Qəzadan sonra  Bəxtiyar Ələkbərov 1-ci qrup əlil olub, əmək qabiliyyətini itirib. İşlədiyi müddətdə icbari sığortası olsa da, hələ ki, ödənməyib. Aylıq 1000 manat maaşı olan işçiyə qəzadan sonra kəsrlə- 600 manat ödənilib: “1000 manat maaş alıram. Bu ay 600 manat pul verdilər. Onun da 4 günü, yanğından əvvəl iş günümüz olmuşdu. 4 günümə də gündəlik 65 manatdan götürsək, 260 manat edir. Bülletenə 350-400 manat veriblər. O da azdır. Bu qədər ailə mənə baxır. Bu pul qane eləmir. Yanmışıq, heç olmasa, maaşımızı versinlər nə yolla olur-olsun”.

 

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov "Günəşli" yatağındakı qəzadan sonra hadisədə həlak olanların ailələrinə və əmək qabiliyyətini itirənlərə sığorta ödəniləcəyini demişdi.

 

54 yaşlı Bəxtiyar Ələkbərov yanğından öncə sağlam, gümrah işçi idi. Dekabrın 4-dən sonra birinci qrup əlil oldu. Əli, ayağı, başı yanıq xəsarətləri aldı. Əlində 4-cü dərəcəli yanıq izləri var. Bununla belə, o, müalicə alıb, evində istirahət etməyi düşünmür, ehtiyacdan yenə işləmək istəyir. Və təxmin edir ki, bundan sonra o, bu əllərlə 33 ildir çalışdığı sahədə işləyə bilməyəcək: “Dövlətdən heç nə istəmirəm, heç olmasa maaşımı versin. “YapıKredi” Bankdan hər gün zəng edirlər. Yoldaşım deyir, narkoz altındadır, yatır. Deyir, onun uşağı yoxdur, gəlsin ödəsin. Üç-dörd dəfə bizə zəng eləyiblər. Deyir, özünə nəsə olubsa, gəlib uşağı krediti ödəsin. Uşağım da heç yerdə işləmir. Haradan alım?!”.....

 

 

13. NƏTİCƏ

 

  • ARDNŞ tərəfindən ilk gündən itkin düşən, ölən və xilas olanların siyahısı dolğun təqdim edilmir. Onların hansı vəzifə, hansı işə sahib olduğu göstərilmir. Bu siyahı indiyədək də tam verilməyib.

 

  • Neft və qaz quyularının sayı ilə bağlı açıqlanan rəqəmlərdə təzadlı məqamlar yer alıb.

 

  • Təhlükəsizlik qaydaları ciddi şəkildə pozulub. Azərbaycan Əmək Məcəlləsinin 2 nömrəli əlavəsinə görə əksər işçilərin tufanlı havada platformaya göndərişi təxirə salınmalı, təmir-tikinti işləri dayandırılmalı idi. Quyuların yuyulmasından başqa bütün işlər məhdudlaşdırılmalı idi. Bu işə  bilavasitə məsuliyyət daşıyan ,işçini küləkli havada platformadan çıxarmayan 28 May adına NQÇİ, Neftqaztikinti tresti, Kompleks Qazma işləri tresti, SOCAR CAPE, Nəqliyyat Departamenti, Xəzər İaşə xidməti və s. idarə rəhbərləridir.

 

  • Xilasetmə zamanı neftçilərə düzgün təlimatlar verilməyib.

 

  • Qayıqların keyfiyyəti ilə bağlı cəmiyyətdə və sosial şəbəkələrdə təzadlı fikirlər səslənir,vətəndaş cəmiyyətinin iştirakı ilə ciddi araşdırmaya ehtiyac var.

 

  • Platformada yerləşən quyularla bağlı təzadlı məlumatlar verilib. SOCAR 4 qaz, 24 neft quyusundan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 qaz, 21neft quyusundan bəhs edir.

 

  • Qaz sızması ilə bağlı 28 May NQÇİ rəhbərliyinə məlumat verilsə də, heç bir qabaqlayıcı tədbirlər görülməyib.

 

  • İnsan itkisi ilə yanaşı, yanğın davam etdiyi müddətdə iqtisadi itkilər də artır. Hər gün 1 milyon m3 qaz yanaraq itkiyə məruz qalır. Habelə, platformanın bərpası, quyuların yenidən işə salınması, yanğının söndürülməsi prosesi ARDNŞ və dövlət üçün böyük vəsait xərcləməsinə səbəb olacaq. Neft gəlirlərinin azaldığı bir dönəmdə, bu, hökumət üçün kifayət qədər böyük xərc sayıla bilər.
  • Təəssüf ki, itkilərin həcmi ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilmir.

 

  • Ekoloji fəsadlarla bağlı yerli və beynəlxalq kosmik müşahidələrdə ziddiyyətli məlumatlar yer alıb.  NHMT ekspertləri isə düşünür ki, yanğın nəticəsində ekoloji fəsadların olma ehtimalı güclüdür.

 

  • Hadisə vaş verən günü platformada olan işçilərin ailələri ilə əlaqə, onların qəza ilə əlaqədar məlumatlandırılması, küləkli havada onların qapalı, təmin olunmuş (çay, kofe) isti otaqda yerləşdiriməsi, məlumatlandırılması pis təşkil olunub. Ailələrə qarşı dözümsüzlük faktları da müşahidə olunub. Keçirtdikləri stresə qarşı onlara psixoloji yardım göstərməli idi. Çox təəssüf ki, nə xilas olan neftçilərə ,nə də itkin və həlak olan neftçi ailələrinə, onların yaxınlarına psixoloji yardım göstərilməyib. Xəsarət alan neftçilərə heç bir maddı yardım göstərilmir. Əksinə, bədbəxt hadisə səbəbindən işləmədiyi günlərə görə əmək haqları kəsilib.

 

 

Qeyd:

- 5 Dekabr 2015 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar 14 nəfərdən ibarət Dövlət Komissiyası yaradılıb.

 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci(yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilib, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

 

 

14. İstifadə olunan mənbələr

 

1. https://www.meydan.tv/az/site/interviews/9950/M%C9%99n%C9%99-platformada-84-n%C9%99f%C9%99rin-oldu%C4%9Funu-dedil%C9%99r.htm

2. https://www.meydan.tv/az/site/opinion/11233/''G%C3%BCn%C9%99%C5%9Fli''d%C9%99-yanan-i%C5%9F%C3%A7inin-maa%C5%9F%C4%B1ndan-k%C9%99silib-(V%C4%B0DEO).htm

3. http://www.socar.az

5. http://www.azadliq.info/108878.html

6. http://www.cbc.az/az/video/all-videos/dvlt-neft-irkti-xilaedici-qayn-xsusiyytlrini-nmayi-etdirdi

7. http://report.az/hadise/gunesli-yataginda-xilas-edilen-neftci/

8. http://www.azadliq.org/content/article/27410012.html   

9. http://contact.az/docs/2015/Analytics/120600139010az.htm#.VqEtbPmLTDd

10. http://www.azadliq.info/108878.html

11. http://www.azadliq.org/content/guneshli-yangin-socar/27407466.html

12. http://caspianbarrel.org/?p=37101

13. http://caspianbarrel.org/?p=37148

14. https://www.youtube.com/watch?v=2_XbzOOwUgE

15. http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366511    

16. https://www.youtube.com/watch?v=w_sINH-_2tk

17. http://az.apa.az/news/407323?keywords=g%C3%BCn%C9%99%C5%9Fli

18. https://az.wikipedia.org/wiki/G%C3%BCn%C9%99%C5%9Fli_neft_yata%C4%9F%C4%B1nda_yan%C4%9F%C4%B1n_(2015)

19. http://m.apa.az/az/news/407663

20. http://www.azadliq.info/108230.html və sair

 


[1] Belə bir hadisə masştabına görə, hətta 1957-ci il noyabrın 22-nə keçən gecə “Neft Daşları” yatağında baş verən faciəni də geridə qoyub. O zaman əfsanəvi qazma ustası, Sosialist Əməyi Qəhrəmanı Mixail Koveroçkin də daxil olmaqla 22 neftçi Xəzərin sularına qərq olmuşdu.

 

[2] X.Məmmədovun sözlərinə görə, 2011-ci ildə 46 ədəd Koreyanın istehsalı olan MPT 58 F tipli 42 yerlik bu xilasedici qayıq alınıb. Onun sözlərinə görə, qayıq yanar ərazidən də keçə bilər: “Əgər ətrafa neft məhsulları dağılıbsa və yanğın baş veribsə, qayığın içərisində olan insanlar, daha təhlükəsiz əraziyə daxil ola bilərlər. Qayıq yanar ərazidən keçərsə, onun gövdəsinin soyudulması imkanı da var. Yəni qayığın içərisində olan nasos vasitəsi ilə yuxarıdakı borulara su vurulur. Yanğın ərasizindən keçərkən qayığın qapısı tam kip bağlanır və içəridəki insanlar 10 dəqiqə ərzində oksigen balonları hesabına nəfəs ala bilirlər. Qayıqda içməli su və 3 günlük qida ehtiyatı var.