NHMT - “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər

“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər

“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər

 

1. Giriş

 

“Yaşıl enerjiyə keçid”i təmin edən ən mühüm mexanizmlərdən biri karbon qiymətləndirməsi və emissiya bazarının formalaşdırılmasıdır. Beynəlxalq Energetika Agentliyinin yanaşmasına[1] görə, milli hökumətlər təmiz enerjiyə keçiddə karbon qiymətləndirilməsini çox mühüm təşviq alətlərindən biri kimi istifadə edə bilərlər. Bu alət istixana qazlarının emissiyasının cəmiyyət üçün yaratdığı xərclərin kompensasiya edilməsinə, aşağı karbonlu texnoloji innovasiyalara investisiyaları stimullaşdırmağa, çoxtərəfli əməkdaşlığı gücləndirməklə enerji və iqlim siyasəti arasında ahəngdarlıq yarada bilər. Dünya Bankı “karbon qiymətləndirməsi” anlayışına belə izah verir: karbon qiymətləndirilməsi bir iqtisadi siyasət aləti olaraq istixana qazlarının atmosferə emissiyası nəticəsində yaranan xərclər üçün həmin emissiyanın həcminə görə qiymətin müəyyən edilməsidir[2]. Təcrübədə karbon qiymətləndirməsinin 2 forması geniş istifadə edilir:

 

1. Birbaşa (karbon vergisi, emissiya ticarəti və karbon krediti)

 

2. Dolayı (ənənəvi yanacaq növlərinə subsidiyaların ləğvi, bu yanacaq növlərinə vergi tətbiqi)

(məsələn, aksiz vergisi)

 

Dünya Bankının məlumatına görə, son 10 ildə (2016-2026-cı illər) qlobal miqyasda orta hesabla carbon qiymətləri hər ton emissiya üçün 2 dəfədən çox artmaqla 10 ABŞ dollaırndan 21 ABŞ dollarına yüksəlib. Bundan əlavə, 2021-2026-cı illərdə dünyada tətbiq olunan karbon qiymətləndirməsi alətlərinin 106-dan 133-ə, karbon qiymətləndirməsi alətlərinin əhatə dairəsinə düşən emissiyaların ümumi yekunda payı 23,8%-dən 29,3%-ə yüksəlib. Nəhayət, 2020-2025-ci illərdə karbon qiymətləndirməsi alətlərinin tətbiqi nəticəsində əldə olunan gəlirlərin məbləği 50,9 mlrd. ABŞ dollarından 107,6 mlrd. ABŞ dollarına qədər artmışdır.

 

Məlumat üçün qeyd etmək vacibdir ki, karbon qiymətləndirməsi və emissiya bazarının yaradılması məsələsi öz hüquqi başlanğıcını iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq razılaşmalardan götürür. Məsələn, BMT ilqim dəyişikliyi ilə bağlı qəbul etdiyi ilk beynəlxalq sənədlərdən biri olan Kyota protokolu[3] emissiya ticarəti, karbon kreditləri və emissiyanın azaldılması üçün bazar əsaslı mexanizmlərinin inkişafına hüquqi zəmin yaratmışdır.

 

Paris razılaşması[4] karbon qiymətləndirməsi ilə bağlı birbaşa hansısa mexanizmlərin yaradılması ilə bağlı öhdəlik və ya çərçivə müəyyən etməsə də, bu alətin işlək hala gəlməsi üçün təməl rolunu oynayan başqa mexanizmlərin yaradılmasını nəzərdə tutur. Söhbət emissiyanın həcmi ilə bağlı məlumat  toplamaq üçün monitorinq sisteminin yaradılmasından və həmin məlumatlar əsasında emissiya həcminin hesablanmasından gedir. Aydın məsələdir ki, bu göstəricilər olmadan nə karbon vergisi təbiq etmək, nə də açıq bazarda emissiya ticarəti aparmaq mümkün olmazdı.

 

2024-cü ilin sonlarında BMT-nin İqlim Dəyişikiliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin  Bakıda keçirilən növbəti illik toplantısında - COP 29 (Tərəflər Konfransı) tədbirində karbon qiymətləndirilməsi ilə bağlı daha detallı qərarlar[5]  qəbul edildi. Həmin qərarlardan biri budur ki, karbon emissiyasının dinamikasında baş verən dəyişikliyin izlənilməsi və qiymətləndirilməsi mümkün olmalıdır. Yəni, hansısa ölkənin özünün karbon emissiyasını azaltması barədə hesabatında əks olunan göstəricilər müvafiq yoxlama sistemləri və texniki standartlar əsasında üçüncü tərəfin yoxlaması üçün imkan olmalıdır. Həmçinin qəbul edilən qərara görə, metodologiya elə olmalıdır ki, tətbiq olunan hər bir fəaliyyətin emissiyanın azalmasına təsirini müəyyən etmək mümkün olsun. Məsələn, karbon qiymətləndirməsi mexanizmləri (vergi, emissiya ticarəti və s.) emissiyanı azaltıdımı və bu azalma hansı miqyasda oldu? Yaxud əgər hansısa şirkətlər karbon qiymətləndirməsi mexanizmlərinin tətbiqini özləri üçün effektiv saymayıb istehsallarını daha əlverişl bildikləri coğrafiyaya köçürülərsə (buna “karbon köçü” və ya “karbon qaçışı” da deyilir), monitorinq sistemi bunu da nəzərdən qaçılmamalıdır. Beləliklə, məhz müvafiq metodologiya əsasında aparılılan ölçmələr bu qəbildən suallara cavablar tapmağa imkan verməlidir.

 

Uzun dövr ərzində mövzunu araşdıran tədqiqatçıların bir çoxunun ümumi qənaəti budur ki, karbon vergilərinə ictimai dəstək adətən aşağı olur, insanlar onların ekoloji baxımdan səmərəsiz olduğunu düşünməyə meyllidirlər. Lakin cəmiyyətə karbon vergilərinin həqiqətən emissiyanı azaltdığını göstərən sübutlar təqdim edildikdə, karbon vergilərinə ictimai dəstək əhəmiyyətli dərəcədə artır.

 

BMT-nin son tədbirlərdən birinə (COP 29) ev sahibliyi edən, Paris Razılaşmasını imzalayan ölkələrdən biri kimi Azərbaycan da karbon qiymətlənidrməsi mexanizmlərinin tətbiqi istiqamətində müəyyən addımlar atmağa hazırlaşır. Bu baxımdan artıq həmin sahədə uzun  illərdir formalaşmış beynəlxalq təcrübənin öyrənilməsi və təbliği milli proqramın qəbulu üçün mühüm töhfə ola bilər. Təqdim olunan bu analitik material karbon qiymətləndirməsinin mühüm elementlərindən biri – karbon vergisi ilə bağlı beynəlxalq təcrübəyə və onun Azərbaycanda tətbiqi perspektivlərinə həsr edilib.  

 

2. Karbon vergisinin mahiyyəti və tətbiq mexanizmləri

 

Karbon vergisi istixana qazı emissiyalarının həcminə, yəni atmosferə buraxılan hər ton karbon qazı ekvivalenti (tCO₂e) üzrə hesablanan xüsusi vergi növüdür. Dünyanın bir çox ölkələrində, eləcə də yüksək siyasi-iqtisadi muxtariyyətə malik regionlarda tətbiq olunan bu verginin digər vergilərdən (ƏDV, aksiz, mənfəət) əsas fərqi budur ki, müxtəlif mal və xidmətlərə, iqtisadi fəaliyyətlərə deyil, atmosferə buraxılan zəhərli qazların emissiyanın həcminə görə birbaşa qiymət müəyyən edir. Bu vergi emissiya yaradan subyektlərin emissiyalarını azaltmaq üçün kifayət qədər iqtisadi stimulunun olmadığı hallarda xüsusilə effektiv siyasət alətidir. Əgər emissiyanın azaldılması üçün texniki imkanlar məhduddursa, karbon vergisi tədqiqat və innovasiyalara investisiyanı təşviq edə bilər. Eyni zamanda, adıçəkilən spesifik vergi həm emissiyaların azaldılması üçün çəkilən xərclərin (məsələn, yeni texnologiyalara investisiya qoyuluşunun), həm də azaldılmamış emissiyalara görə ödənilən verginin məsuliyyətini emissiya yaradan subyektlərin üzərinə qoyur. Nəticədə karbon vergisi yalnız dövlət büdcəsinə əlavə yük yaratmır, eyni zamanda büdcə gəlirlərinin mühüm mənbəyinə çevrilə bilər.

 

Digər karbon qiymətləndirmə mexanizmlərindən, eləcə də ənənəvi inzibati tənzimləmə alətlərindən fərqli olaraq, karbon vergisi emissiya yaradan subyektlərə emissiya azaldılması ilə bağlı nisbətən aşağı və daha yüksək xərcli variantlar arasında seçim imkanı verir.

 

Karbon vergisi , bu xüsusiyyət karbon vergisini subsidiyalar kimi siyasət alətlərindən fərqləndirir. Subsidiyalar zamanı hökumət emissiyaların azaldılmasına görə müəssisələrə kompensasiya ödəyir və onların qalan emissiyalarına görə birbaşa ödəniş tələb etmir. Beləliklə, həmin xərclər bütövlükdə cəmiyyət tərəfindən qarşılanmış olur.

 

Dünya Bankı ekspertlərinin izahına[6] görə, karbon vergisinin emissiya ticarətindən ən mühüm fərqi odur ki,  verginin məbləğini dövlət müəyyən edir və bəlli bir dövr üçün sabitdir. Lakin emissiya ticarəti sistemində (ETS) isə qiyməti bilavasitə bazar formalaşdırır və dövri olaraq dəyişə bilir. Digər mühüm fərq isə belədir: karbon vergisi karbonun qiymətini, ETS isə emissiyaların ümumi maksimal həcmini müəyyən edir. Bu baxımdan karbon vergisi investorlar üçün daha sabit qiymət siqnalı yaradır və bir çox hallarda karbon qiymətinin daha yüksək səviyyədə formalaşmasına səbəb olur. ETS-yə gəldikdə, bu mexanizm emissiyanın ən aşağı xərclə azaldılmasının mümkün olduğu müəssisələrdə iqtisadi səmərəliliyi artımına mühüm töhfə verə bilər. Lakin ETS-nin işlək mexanizmə çevrilməsi üçün bazarın səmərəli işləməsi və kifayət qədər iştirakçının olması vacib şərtdir.

 

Karbon vergisi və ETS-nin oxşar cəhətləri isə budur ki, hər 2 mexanizm karbon emissiyasının həcminə qiymət qoyur, emissiyanın azaldılması üçün birbaşa maliyyə stimulu yaradır, emissiyanın azaldılması xərclərini emissiya yaradan subyektlər özləri qarşılayırlar. Bundan əlavə, emissiya ticarətində kvotalar hərraclarda müəyyən edilir və müəssisələr azaltmadıqları emissiyalara görə də müvafiq məbləğd ödəniş edirlər.

 

Karbon vergisi və ETS-nin üstünlüklərinə və çatışmazlıqlarıma gəldikdə, verginin tətbiqi ticarət infrastrukturunun yaradılmasını tələb etmədiyi üçün bu mexanizmin işləməsi üçün zəruri inzibatçılıq daha sadə və xərcsizdir.

 

Sahə ekspertləri hesab edir ki, karbon vergisinin tətbiqi “vergi neytrallığı” yanaşmasını önə çıxarır. Bu yanaşmanın mahiyyəti budur ki, karbon vergisi ümumi vergi yükünün artmasına səbəb olmamalı, sözügedən vergi yükü artırıldığı halda digər vergilərdə azalmalar barədə qərar verilməlidir[7].

 

Dünya Bankının ekspertləri hesab edir ki, hökumətlər karbon vergisinin tətbiqinin düzgün seçim olub-olmadığı səhih qiymətləndirməlidirlər. Bu zaman ən vacib şərt bir tərəfdən karbon vergisinin işləmə mexanizmini tam və dəqiq anlamaq, digər tərəfdən isə onun başqa siyasət alətləri ilə müqayisəsini düzgün apararaq mexanizmin tətbiqini etməkdir. Öz növbəsində, hər bir mexanizm kimi karbon vergisinin tətbiqi də xidmət edəcəyi konkret siyasət məqsədləri baxımından dəyərlənidirilməlidir. Burda məqsədlər dedikdə istixana qazı emissiyasının azaldılması, büdcə gəlirlərinin artırılması, yaşıl inkişafın təşviqi və ya vergi sisteminin səmərəliliyinin yüksəldilməsi kimi çox müxtəlif siyasət məqsədlərinin olması mümkündür. Məqsədlər nə qədər konkret müəyyən edilirsə, hökumətlərin karbon vergisini daha effektiv layihələndirməsi də asanlaşır. Eyni vaxtda bir neçə siyasət məqsədinin olduğu halda, həmin məqsədlərin prioritetləşdirilməsi və qarşılıqlı uyğunlaşdırılması vacib hesab edilir.

 

Nəhayət, emissiya yaradan sektorların xüsusiyyətlərini, emissiyanın əsas səbəblərini və azaldılmasına mane olan amilləri nəzərə alan siyasət tədbirləri paketinin hazırlanması son dərəcə vacibdir. Bəzi sektorlarda karbon vergisinin tətbiqi digərlərinə nisbətən daha mürəkkəb ola bilər. Bu səbəbdən qərar qəbulundan əvvəl siyasət və tənzimləyici qurumlar hər bir sektorun emissiya profilini öyrənməli, əsas emissiya yaradan sektorlarda verginin tətbiqinin praktiki nəticələri qiymətləndirilməlidir.

 

Dünya Bankının yanaşmasına görə, karbon vergisi adətən daha geniş iqlim, enerji və fiskal siyasət paketinin tərkib hissəsi olduğu üçün həmin siyasətlərin bir-birini nə dərəcədə tamamladığını və  üst-üstə düşdüyünü, yaxud bir-birinə necə əks təsir göstərdiyini anlamaq son dərəcə vacibdir. Əks halda verginin tətbiqi üçün səmərəli siyasət hazırlanması imkanı məhdudlaşır. Bank mütəxəsissləri hesab edir ki, karbon vergisi ilə qarşılıqlı əlaqəsi olan 4 siyasət istiqaməti mövcuddur: enerji sektoru ilə bağlı dövlət tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramları,  bərpa olunan enerji mənbələrinə subsidiyalar, enerji və yanacaq sektoru üzrə səmərəlilik standartları və elektrik enerjisi istehsalında texnoloji standartlar. Bu siyasət istiqamətlərinin hər birinin potensial olaraq karbon vergisi mexanizmini tamamlaması realdır. Bununla belə, hökumətlərin siyasət paketi hazırlayarkən lazımsız təkrarçılığa yol verməməsi, eləcə də bir-birilə ziddiyət təşkil edən təşviqlərin aradan qaldırılması zəruridir. Maksimum nəticə əldə etmək üçün karbon vergisinin tətbiqi məqsədlərin düzgün müəyyən edilməsi ilə yanaşı digər bir mühüm amil yerli şəraitin səhih qiymətləndirilməsidir.  Ölkənin emissiya profilinin, həmçinin əsas emissiya yaradan sektorların iqtisadi strukturunun və inkişaf dinamikasının öyrənilməsi karbon vergisinin hansı sahələrdə daha səmərəli tətbiq edilə biləcəyini müəyyən etməyə kömək edir. Eyni zamanda, mövcud institusional potensialın və idarəetmə məhdudiyyətlərinin düzgün qiymətləndirilməsi verginin əhatə dairəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, əhalinin, siyasət mərkəzlərinin və əsas sənaye sahələrinin emissiyaların azaldılması tədbirlərinə dəstək səviyyəsi də verginin əhatə dairəsinin və vergi dərəcəsinin müəyyən edilməsinə təsir edən mühüm amillərdəndir. Nəhayət, potensıal müqavimət ocaqlarının ilkin mərhələdə müəyyənləşdirilməsi hökumətlərə mümkün maneələri aradan qaldırmaq üçün müvafiq tədbirləri əvvəlcədən hazırlamağa imkan verir. Belə tədbirlər vergi gəlirlərinin yenidən iqtisadiyyata yönəldilməsi, səmərəli kommunikasiya strategiyalarının hazırlanması və s. ola bilər.

 

Karbon vergisinin tətbiqi üçün məqsədlərin düzgün müəyyən edilməsi və yerli şəraitin səhih qiymətləndirilməsi qədər əhəmiyyətli olan daha bir amil isə verginin tətbiqi üçün əsas prinsiplərin nəzərə alınmasıdır. Dünya Bankı və İqtisadi Əməjdaşlıq Təşkilatının birgə hazırladığı “Karbon Qiymətləndirilməsinin Uğurlu Tətbiqi üçün FASTER Prinsipləri” hazırda əsas yanaşma hesab edilir.  Burda “FASTER” sözü prinsiplərin ingilis dilində baş hərflərini ifadə edir. Həmin prinsiplər aşağıdakılardır:

 

  • Ədalətlilik (Fairness). Bu prinsip "çirkləndirən ödəyir" yanaşmasını, xərclərin və faydaların cəmiyyət daxilində ədalətli bölüşdürülməsini nəzərdə tutur;
  • Siyasət və məqsədlərin uyğunlaşdırılması (Alignment of Policies and Objectives)
    Bu prinsipə görə, bütün karbon qiymətləndirmə alətləri rəqabəti və iqtisadi açıqlığı təşviq etməli, aşağı karbonlu alternativlər üçün bərabər imkanlar yaratmalı, hökumətin iqlim və qeyri-iqlim siyasətləri ilə uzlaşan kompleks siyasət paketinin tərkib hissəsi kimi tətbiq olunmalıdır;
  • Sabitlik və proqnozlaşdırıla bilənlik (Stability and Predictability)
    Bu prinsip sabit siyasət çərçivəsində investorlara ardıcıl, etibarlı və güclü siqnal verən karbon qiymətlərinin tətbiqini nəzərdə tutur, qiymətlərin zaman keçdikcə mərhələli şəkildə artırılmasını məqsədəuyğun sayır;
  • Şəffaflıq (Transparency). Bu prinsip harbon vergisinin həm layihələndirilməsi, həm də tətbiqi prosesində şəffaflığın təmin olunmasını vacib sayır;
  • Səmərəlilik və xərclərin effektivliyi (Efficiency and Cost-effectiveness).  Bu prinsipə görə, karbon vergisi elə tətbiq edilməlidir ki, iqtisadi səmərəliliyin artımını və emissiyanın azaldılması ilə bağlı xərclərini minimuma endirilməsini təmin etsin;
  • Etibarlılıq (Reliability). Bu prinsipə görə, sistem ətraf mühitə zərər verən fəaliyyətlərin ölçülə bilən və yoxlanıla bilən şəkildə azalmasına real töhfə verməsini təmin etməlidir.

 

Karbon vergisinin effektiv tətbiqində yerli şəraitin əsas amil kimi götürülməsi hər nə qədər vacib hesab edilsə də, beynəlxalq təcrübələrin, uğurlu və uğrusuz ölkə nümunələrinin də dərindən öyrənilməsi son dərəcə gərəklidir. Analizin növbəti hissəsi məhz karbon vergisinin tətbiqi sahəsində beynəlxalq təcrübələrə və dünyada mövcud olan vəziyyətə həsr edilib.

 

3. Karbon vergisinin tətbiqi sahəsində beynəlxaql təcrübələr

 

Dünyada karbon vergisinin tətbiqi son 20 ildə sürətlə yayılmağa başlayıb. 2026-cı ilin ilk rübünün sonuna olan məlumata görə ümumilikdə 47 ölkə karbon qiymətləndirməsi alətindən, o cümlədən karbon vergisindən istifadə edir[8]. 10 il əvvəl yalnız bir neçə Avropa ölkəsi istixana qazı emissiyalarına açıq şəkildə karbon vergisi tətbiq edirdisə, hazırda bu rəqəm 30-u ötür. Karbon vergisinə marağın artmasına dünya ölkələrinin dörddə üçündən çoxunun Paris Sazişi çərçivəsində qəbul edilmiş öhdəliklərin də təsiri şübhəsizdir.

 

Hazırkı dövrə olan statistika göstərir ki, hələlik qlobal miqyasda  emissiya ticarətinin əhatə dairəsi karbon vergisi ilə müqayisədə daha böyükdür və daha iri miqyasda emissiyanı əhatə edir. Eyni zamanda, emissiya ticarəti nisbətən yüksək orta karbon qiymətinə malikdir. Məhz bu bu amillər sayəsində hələlik karbon vergisi emissiya ticarəti ilə müqayisədə büdcəyə daha aşağı vəsait gətirir. Bununla belə, 2016-2026-cı illərdə tətbiq olunan karbon vergisinin sayı emissiya ticarətinin üstələmişdir (21 ticarət mexanizminə qarşı 21 karbon vergisi).

 

Müxtəlif ölkələrin təcrübəsinə baxdıqda, əsas məsələlərdən birinin karbon vergisi üçün vergi bazasının müəyyən edilməsi olduğu nəzərdən qaçmır. Dünya Bankının ekspertləri hesab edir ki, bazanın müəyyənləşdirilməsi karbon vergisinin hazırlanması prosesində qəbul edilməli olan ilk və ən mühüm qərarlardan biridir[9]. Vergi bazasının necə müəyyənləşdirilməsi emissiyanın hansı səviyyədə azaldıla biləcəyinə, əldə olunacaq gəlirin məbləğinə, eləcə də verginin əhatə dairəsniə düşəcək sənaye sahələrinə təsir edən ən mühüm amildir. Vergi bazasının müəyyən edilməsi üçün müxtəlif üsullar mövcuddur. Lakin istifadə mərhələsində ənənəvi yanacaq növlərinin istehsalı, idxalı və satışına, yaxud istehsal, nəql, yaxud emal seqmentinə tətbiq olunan vergilər üçün bazanın müəyyənləşdirilməsinə differensial yanaşmaya ehtiyac yaranır.

 

Hazırda ölkələrdə verginin əhatə dairəsinə görə müəyyən fərqlər görmək mümkündür. Məsələn, Danimarkada karbon vergisi Emissiya Ticarət Sisteminə daxil edilən sektorlar və beynəlxalq dəniz daşımaları istisna olmaqla ənənəvi yanacaq istehlak edən bütün sektorları əhatə edir. Hindistanda yalnız kömür istehlak edən bütün sektorlara tətbiq edilir. Yaponiyada karbon vergisi  aqrar sahə, meşə təsərrüfatı, hava, dəmir yolu və dəniz nəqliyyatı istisna olmaqla ənənəvi yanacaqdan istifadə edən istənilən sektoru öz təsir dairəsin daxil edir.

 

Ölkələr üzrə kabon vergisinin məbləği də fərqlidir. Verginin məbləğinə təkcə iqtisadiyyatın miqyası və ölkənin inkişaf səviyyəsi deyil, hökumətin yanaşması də həlledici təsir göstərir. Hər ton karbon qazı ekvivalenti (tCO₂e) ilə karbon vergisinin məbləği Daninarkada 31, Hindistanda 6, Yaponiyada 3, Norveçdə sektorlardan asılı olaraq 4-69, Çilidə 5 ABŞ dolları təşkil edir.

 

Karbon vergisindən əldə olunan gəlirlərin istifadəsi də ölkələr üzrə fərqlidir. Avstraliyada bütün daxilolmalar “Təmiz Enerji Maliyyə Korporasiyası” adlanan xüsusu qurumda cəmlənir və aşağı gəlirli ev təsərrüfatlarına yardım, kömürlə işləyən elektrik enerjisi istehsalına kompensasiya kimi istiqamətlərə sərf edilir. Fransada büdcəyə daxil olur, fərdi və korporativ gəlir vergilərinin azaldılması, aşağı gəlirli ev təsərrüfatlarına enerji yardımı kimi məqsədlərə xərclənir. Yaponiyada  aşağı karbonlu texnologiyaların təşviqinə, Hindistanda təmiz enerji və ətraf mühitlə bağlı proqramlara, Norveçdə gəlir və kapital vergilərinin azaldılmasına, aşağı gəlirli şəxslərin pensiya təmnatı proqramlarına, İsveçrədə tibbi və sosial sığorta tariflərinin azaldılmasına və binalarda enerji səmərəliliyinin artırılmasına istifadə edilir.

 

Dünyanın aparıcı ənənvi təbii resurs ölkələrindən olan Nigeriya və Norveçdə də karbon vergisinin tətbiqi təcrübəsi mövcuddur[10]. Nigeriyada 2021-ci ildə qəbul edilmiş “Neft sənayesi Aktı”nın tələbinə görə, şirkətlər atmosferə atılan zəhərli qazlara görə müəyyənləşdirilmiş karbon qiymətlərinə uyğun ödəniş etmək öhdəliyi daşıyırlar. Norveçdə isə karbon vergisinin dərəcələri istifadə olunan yanacaq növünə görə fərqləndiilir, verginin məbləği istixana qazı emissiyasının həcminə əsasən hesablanır.

 

Dünyada karbon vergisini ilk tətbiq edən və bu sahədə uğurlu nümunələrdən hesab olunan ölkələrdən biri də İsveçdir[11]. Ən son açıqlanan məlumatlara görə, ölkədə karbon vergisinin tətbiqindən hazırkı dövrə qədər nəqliyyat sektorunun atmosferə zəhərşi qaz emissiyasının həcmi 11% azalıb. Son 30 ildə ölkədə atmosferə buraxılan hər ton zəhərli qaza görə ödənilən karbonvergisinin məbləği 4 dəfən çox artırılaraq 30 ABŞ dollaırından 132 dollara çatdırılıb. Lakin iqtisadiyyatın ciddi zərər görməməsi, beynəlxalq rəqabətqabiliyyətliliyin zəiflməməsi üçün ehtiyatlı davranış nümayiş etdirib, xüsəsən aqrar sektorun və qeyri-enerji sənaye sahələrinin bu verginin tətbiqindən təsirlənməməsinə imkan verməyib. Çünki ilk mərhələdə aparılan dərin araşdırmalar üzə çıxarıb ki, karbon vergisinin tətbiq oluna biləcəyi bütü bütün potensial sektorlardan yalnız nəqliyyat və isitilik enerjisi sektorlarının mexanizmin əhatə dairəsinə daxil edilməsi vacidbdir. Çünki bütün zərərli emissiyanın əhəmiyyətli hissəsi (təxminən yarısı) məhz bu sektorlarda formalaşır.

 

Finlandiyada bioyanacaqlara karbon vergisinin tətbiqinə çox spesifik yanaşma var[12]. Belə ki, karbon vergisi bioyanacağın bütün tsikli (istehsal və istehlak mərhələsi) ərzində yaratdığı CO₂ emissiyaya əsaslanır. Məsələn, əgər qarğıdalıdan bioyanacaq istehsal edilirsə, bu halda qarğıdalının əkini və becərilməsi, xammalın emal məntələrinə daşınması və emalı, hazır məhsulun yanacaq doldurma məntəqələrinə təhvil verilməsi, yanacağım nəqliyyat sektorunda istehlakı nəticəsində atmosferə buraxılan tullantıların ümumi həcminə görə vergi müəyyən edilir. Bundan əlavə, Finlandiyada bioyanacağa görə tətbiq edilən vergi 3 kateqoriyaya bölünür: istehsalı və istehlakı ətraf mühitə zərər verən bioyanacaqlar ənənəvi yanacaqlara tətbiq olunan karbon vergisi ilə eyni dərəcədə vergiyə cəlb edilir, nisbətən yüksək ekoloji standartlara cavab verən 1-ci nəsil bioyanacaqlar ənənəvi yanacağa tətbiq olunan vergi dərəcəsinin 50 faizi səviyyəsidə vergi tətbiq edilir, ən müasir ekoloji standartlar əsasında istehsal edilən son nəsil bioyanacaqlar isə vergidən tam azad edilir.

 

4. Karbon vergsinin tətqibiqinin “yaşıl enerji keçidi”nə təsiri

 

Ətraf mühitlə bağlı müxtəlif vergilərin, o cümlədən karbon vergisinin enerji keçidinə və “yaşıl artım”a təsirini araşdıran fərqli tədqiqatlar mövcuddur. 1990-2021-ci illərdə OECD-nin 37 ölkəsini əhatə edən bu qəbildən olan əhatəli bir araşdırmaya[13] görə, artım və vergilərin tətbiqi arasında əlaqə düzxəttli deyil: tətbiqin başlanğıc mərhələsində artıma mənfi, sonrakı mərhələdə isə pozitiv təsir göstərir. Bu baxımdan tədiqat müəllifləri ətraf mühitlə bağlı vergilərin mərhələli şəkildə tətbiqini doğru hesab edirlər. Araşdırmada qeyd edilir ki, sözügedən vergilərin artıq qlobal miqyasda nə dərəcədə mühüm mərhələyə çatıdığını Avropa İttifaqının timsalında aydın görmək olur: Avropa Statistika Qurumunun məlumatına əsasən, 2021-ci ildə ətraf mühit vergilərindən əldə olunan ümumi gəlirlər Birlik ölkələri üzrə ÜDM-nin 2,2%-nə, hökumət gəlirlərinin isə 5,5%-ni təşkil etmişdir.

 

Tədqiqatda qeyd olunan başqa bir maraqlı yanaşma budur ki, ekoloji vergilər ənənəvi yanacağın qiymətini bahalandırmaqla ona təlabata azaldıcı təsir göstərə bilir. Amma məsələnin görünməyən başqa bir tərəfi də var: qiymət artımı tələbatı azaltdığı üçün hasilat şirkətləri istehsalı artırmaqla yenidən qiymətləri aşağı çəkməklə əvvəlki tələbat səviyyəsini bərpa etməyə çalışırlar. Bu, “yaşıl paradoks” adlandırılır. İlk mərhələdə tələbatın azalması sayəsində ətraf mühitə pozitiv təsir olacağı düşünülsə də, sonrakı mərhələdə hasilatın genişlənməsinin neqativ təsirləri qaçılmaz olur. Aparılan bir sıra tədqiqatlar Çin, Avropa, Yaponiya və ABŞ-da ətraf mühit vergilərinin yalnız ətraf mühitin pisləşməsinin qarşısına almağa kömək etdiyini təsdiqləsə də, onların iqtisadi dividendlərinin hələlik  mübahisəli olduğunu önə sürürlər.

 

Tədqiqatın başqa bir diqqətçəkən məqamı budur ki, iqtisadi inkişaf baxımından emissiya ticarəti sistemi karbon vergilərindən daha məhsuldar nəticələr verir. Çünki ETS daha aşağı iqtisadi xərclərə səbəb olur. Lakin hesablamalar həmçinin göstərmişdir ki, emissiyanın azaldılması baxımından əksinə karbon vergisi karbon emissiya ticarətindən daha effektivdir. Araşdırma müəlliflərinin hesablamalarına görə, qısa müddətdə karbon vergisinin tətbiqi istixana qazları emissiyasını 8,6% azalda bilər. “Böyük yeddilərə” daxil olan ölkələrin timsalında aparılan uzunmüddətli tədqiqatlar da ekoloji vergilərin CO₂ emissiyasını azaltdığını müəyyən etmişdir. Ətraf mühitlə bağlı vergi tənzimləmələri sərt olduqda müəssisələr daha təmiz istehsal üsullarının tətbiqinə meylli olurlar.

 

Bu sahədə OECD ekspertlərinin də apardığı başqa bir maraqlı tədqiqat[14] var. Araşdırmanın üzə çıxardığı məqamlardan biri budur ki, karbon qiymətqoyma alətlərinin tətbiqi ilə emissiyanın azalması arasında müşahidə edilən elastiklik səviyyəsi (emissiyanın qiymətqoyma mexanizmlərinə reaksiyası) fərqli olsa da, ümumilikdə bu göstərici 2%-dək yüksələ bilir. Məsələn, Finlandiyada avtomobil nəqliyyatı sektorunda aparılan hesablamlar göstərib ki, karbon vergisinin 1% artımı emissiyanı 0,1% azaldıb. İsveçdə də isə təxminən 20 il ərzində (1989-2008-ci illər) karbon vergisinin tətbiqi sayəsində emissiyanın nəqliyyat sektorunda 11% azaldıdğı müəyyən edilmişdir. Emissiyanın əsasən avtomobil nəqliyyatı, sənayə, bina və tikililər, elektrik enerjisi istehsalı kimi 4 mühüm sahədə formalaşdığı nəzərə alındıqda, qiymətləndirmələr də bir qayda olaraq həmin sektorlar üzrə aparılır. Yuxarıda qeyd edilən hər 2 fakt da məhz nəqliyyat sahəsinə aid idi. İstehsal sektoruna gəldikdə, Fransada karbon vergisinin bir ton CO₂ üçün 45 avrodan 86 avroya qədər artırılması karbon emissiyalarının 8,7% azalmasına səbəb olub və bu karbon vergisi elastikliyin  heç də aşağı olmadığını üzə çıxarıb. Tədqiqatın nəticələrinə əsasən, bu ölkədə  karbon vergisinin 1 avro artırılması CO₂ emissiyasını 0,2% azaldıb. Yaxud Yaponiyann paytaxtı Tokio şəhərində qiymətqoyam alətlərinin tətbiqi nəticəsində 3 il ərizndə ofis binalarından yaranan istixana qazı emissiyası 6,7% azalmışdır. Nəhayət, 2013-cü ildə Birləşmiş Krallığın elektrik enerjisi sektorunda tətbiq edilmiş karbon vergisi hesabına 2013–2017-ci illərdə elektrik enerjisi sektorunda emissiya orta hesabla 20–26% azalmışdır.

 

Tədqiqat müəllifləri hesab edir ki, atmosferə atılan emissiyanın karbon qiymətlərinə reaksiyası qısa müddətli və uzun müddətli dövrlərdə fərqlənə bilər. Qısa müddətli reaksiyalar adətən 1 il ərzində, uzun müddətli reaksiyalar  isə 3 ildən 10 ilədək müddətdə müşahidə edilən elastiklik səviyyəsini nəzərdə turur. Müəssisələr və fərdlər zaman keçdikcə davranışlarını tədricən dəyişdirdikləri üçün qısa müddətli reaksiyaların uzun müddətli reaksiyalardan daha zəif olması daha realdır.

 

5. Azərbaycan üçün karbon vergisinin tətbiqi üçün imkanlar

 

Azərbaycannın hələlik karbon qiymətqoyma alətləri vasitsilə “yaşıl keçid”ə töhfə vermək sahəsində təcrübəsi yoxdur. Lakin son zamanlar bəzi beynəlxalq qurumlar, xüsusən Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə müəyyən təşəbbüslər səsləndirilir. Məsələn, bu ilin iyul aynda AİB ekspertləri bəyan etdi ki, Azərbaycan elektrik nəqliyyatının genişləndirilməsi hesabına beynəlxalq karbon bazarından hər il 18 milyon ABŞ dollarına qədər gəlir əldə etmək potensialına malikdir[15]. Açıqlamada bildirilir ki, COP29 çərçivəsində pilot layihə kimi Bakının marşrut xətlərinə 160 elektrik avtobusu gətirilərək istismara verilib. Bundan əlavə, ölkədə 3000 elektrik avtobusunun istifadəyə verilməsi planlaşdırılır. Bankın hesablamalarına görə, 3000 elektrik şəhər avtobusunu əhatə edən layihə ildə təxminən 153 min ton CO₂ emissiyasının qarşısını ala və karbon kreditlərinin satışı hesabına ildə 4-5 milyon ABŞ dolları gəlir gətirə bilər. Bundan əlavə, daha geniş elektromobillik proqramı çərçivəsində 2030-cu ilədək ölkədə 3000 elektrik avtobusunun istismarı, yük avtomobillərinin 1%-nin elektrikləşdirilməsi, minik avtomobillərinin isə 5%-nin elektriklə işləməsi və onların enerji tələbatının 30%-nin ictimai enerji doldurma məntəqələri vasitəsilə ödəniləcəyi tədqirdə, Azərbaycan ildə təxminən 600 min ton CO₂ emissiyasının azaldılmasına nail ola bilər. Bu isə karbon kreditlərinin satışı hesabına təxminən 18 milyon ABŞ dolları dəyərində gəlir formalaşdırmaq potensialına malikdir.

 

AİB ekspertlərinin qənaətinə görə, hazırda Azərbaycan beynəlxalq karbon bazarlarında elektrik mobilliyi layihələrinin qeydiyyatı üçün müəyyən edilmiş əsas meyarlardan hələ də geri qalır. Bu isə ölkənin elektrik nəqliyyatı və enerji doldurma infrastrukturu layihələrini karbon bazarı mexanizmləri çərçivəsində reallaşdırması üçün əlverişli imkan yaradır. ADB ölkə üzrə müxtəlif elektrik nəqliyyat vasitələrini və enerji doldurma infrastrukturunu əhatə edən vahid elektromobillik karbon kredit proqramının hazırlanmasını tövsiyə edir. Hesab edilir ki, belə bir proqram həm Azərbaycanın iqlim hədəflərinə çatmasına, həm də yeni maliyyə mənbələrinin formalaşdırılmasına töhfə verə bilər.

 

AİB-in “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı”nın əhatə etdiyi ölkələr üzrə hazırladığı və təxminən 2 ay əvvəl açıqladığı hesabata görə, Azərbaycanda nəqliyyat sektorunda emissiyaların azaldılmasına nəqliyyat növlərinin kombinasiyalı dəyişdirilməsi (digər sahələrdən dəmir yoluna keçid), "təmiz yanacaqlar"ın tətbiqi və enerji səmərəliliyi tədbirləri vasitəsilə nail olmaq mümkündür[16]. AİB-in analitiklərinin yanaşmasına görə, 2060-cı ilə qədər ənənəvi qalıq yanacaqlar tamamilə mərhələli şəkildə istifadədən çıxarılacaq. “Müəyyən Edilmiş Töhfələr” üzrə hədəflərə çatmaq üçün təbii qaz və neft subsidiyalarının tədricən ləğv edilməsi ilə yanaşı, səmərəli dekarbonizasiya siyasətinin göstəricisi kimi karbon qiymətlərinin tətbiqi vacibdir. Karbon qiymətlərinin 2035-ci ildə hər ton CO₂ (tCO₂) üçün 25 ABŞ dollarına, 2050-ci ilə qədər 41 dollara, 2060-cı ildə isə 62 dollara çatması tələb oluna bilər. 2060-cı ilə qədər “xalis sıfır” (net-zero) ssenarisində isə qiymətlərin 2035-ci ildə 30 dollara, 2060-cı ildə isə 280 dollara qədər yüksələ biləcəyi proqnozlaşdırılır.

 

AİB-in hazırladığı hesabatda bildirilir ki, Dünya Bankı Azərbaycan hökumətinə iqtisadiyyata daxil olduqları nöqtədə idxal edilən və ya daxildə istehsal olunan bütün yanacaqların karbon tərkibinə görə tutulacaq ilkin mərhələli ("upstream") karbon vergisinin tətbiqini təklif edib. Bu vergi formalaşan ümumi emissiyaların təxminən 60 %-ni əhatə edə və mövcud aksiz vergisi mexanizmi karbon vergisinin yığılmasına uyğunlaşdırıla və ya genişləndirilə bilər. Dünya Bankının digər bir modelləşdirmə layihəsində Azərbaycanda Paris Sazişi çərçivəsində milli səviyyədə “Müəyyən Edilmiş Töhfələr” üzrə hədəflərə çatmaq üçün tətbiq edilə biləcək müxtəlif siyasət variantları nəzərdən keçirilib. Layihə çərçivəsində ən yaxşı variantın qalıq yanacaq subsidiyalarının ləğvini nəzərdə tutan vergi siyasəti ilə yanaşı, karbon qiymətləndirilməsinin tədricən tətbiqinin kombinasiyası olduğu təklif edilib.

 

Model göstərir ki, mövcud qalıq yanacaq subsidiyalarının üçdə iki hissəsinin ləğvi 2030-cu il hədəflərinə çatmaq üçün kifayətdir. Bundan əlavə, model karbon qiymətləndirilməsindən əldə olunan gəlirlərin ev təsərrüfatlarına yenidən paylanmasını və istehsal amilləri vergilərinin (kapital, işçi qüvvəsi, torpaq) azaldılmasının da nəzərdən keçirilməsini təklif edir.

 

Yeri gəlmişkən, Azərbaycanda yanacaqla bağlı hələlik yalnız dünyada mövcud olan ənənəvi vergiqoyma mexanizmi – aksiz vergisi mövcuddur. İdxal olunan neft məhsullarına tətbiq olunan aksiz vergisinin məbləği fərqlidir[17]. Məsələn, mühərrik benzinlərin hər tonu üçün benzinin oktanından asılı olaraq 80-200 manat intervalındadır. Eləcə də ölkə daxilində istehsal olunan və satılan neft məhsulları üzrə aksiz vergisi tətbiq olunur[18]. Məsələn, aksiz vergisinin məbləği Aİ-92 markalı benzinin hər tonu üçün 319,4 manat, dizel yanacağı üçün isə 133,1 manat təşkil edir.

 

Şübhəsiz ki, aksiz vergisi heç bir halda karbon vergisini əvəzləyə bilməz. Aksizlər yalnız yanacaq sektorunu, lakin karbon vergisi emissiyanı formalaşdıran bütün sektorları əhatə edir. Eyni zamanda, karbon qiymətqoyma mexanizmləri emissiyanın həcmini nəzərə almaq imkanına malikdir.     

 

6. Analizin əsas nəticələri və təkliflər

   

Aanlizin nəticəsi göstərir ki, karbon vergisinin tətbiqi Azərbaycanın yaşıl enerji keçidini sürətləndirmək, istixana qazı emissiyalarını azaltmaq, enerji səmərəliliyini artırmaq və aşağı karbonlu texnologiyalara investisiyaları təşviq etmək üçün  mühüm potensialı olan mühüm bir siyasət mexanizmidir. Beynəlxalq təcrübə karbon vergisinin emissiyaların azaldılmasına real təsir göstərə bildiyini, lakin onun iqtisadi və sosial nəticələrinin verginin dərəcəsindən, əhatə dairəsindən, tətbiq mərhələsindən və əldə olunan gəlirlərin istifadəsindən ciddi şəkildə asılı olduğunu göstərir. Araşdırmanın əsas məqamlarını nəzərə alaraq Azərbaycanda karbon vergisinin tətbiqi üçün əsas təkliflər kimi aşağıdakıları təqdim etmək mümkündür:

 

  • Bu səbəbdən Azərbaycanda karbon vergisinin tətbiqi birdəfəlik fiskal qərar kimi deyil, uzunmüddətli iqlim, enerji və vergi siyasətinin tərkib hissəsi kimi həyata keçirilməlidir;
  • İkin mərhələdə yanacaqların iqtisadiyyata daxil olduğu nöqtədə karbon tərkibinə əsaslanan upstream karbon vergisinin tətbiqinin daha praktik variant kimi nəzərdən keçirilməsi məqsədəuyğundur;
  • Mövcud aksiz vergisinun infrastrukturu da bu məqsədə uyğunlaşdırıla və karbon komponentinin vergi sisteminə inteqrasiyası üçün başlanğıc platforma kimi istifadə edilə bilər;
  • Karbon vergisinin əhatə dairəsinin müəyyənləşdirilməsi zamanı sektorlar üzrə diferensial yanaşma tətbiq edilməli, ilkin mərhələdə emissiyanın əsas hissəsini formalaşdıran və emissiyaların azaldılması üçün texniki imkanları daha yüksək olan sahələr prioritetləşdirilməlidir;
  • Vergi dərəcəsinin müəyyənləşdirilməsində isə mərhələlilik və proqnozlaşdırıla bilənlik əsas prinsip kimi götürülməlidir;
  • Yüksək enerji tutumlu və ixrac yönümlü sahələr üçün karbon köçü və rəqabət qabiliyyətinin zəifləməsi riskləri ayrıca qiymətləndirilməli, zəruri hallarda müvəqqəti keçid mexanizmləri tətbiq edilməlidir.
  • Karbon vergisinin tətbiqi qalıq yanacaq subsidiyalarının mərhələli şəkildə azaldılması ilə əlaqələndirilməli, karbon vergisi subsidiyanın ləğvi, enerji səmərəliliyi və bərpa olunan enerji üzrə təşviq tədbirləri kimi müxtəıif elementlərdən ibarət kompleks siyasət paketinin bir hissəsi kimi tətbiq edilməlidir.
  • Karbon vergisindən əldə olunacaq gəlirlərin əhalinin həssas qruplarına kompensasiya ödənişlərinə və ya digər sosial dəstək mexanizmlərinə, digər hissəsinin isə bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik nəqliyyatı, yaşıl infrastruktur və sənayenin texnoloji modernləşdirilməsi layihələrinə yönəldilməsi məqsədəuyğundur;
  •  Vergi yükünün ümumi artmasının qarşısının alınması məqsədilə vergi neytrallığı prinsipinə uyğun olaraq əmək və ya digər istehsal amilləri üzrə vergilərin azaldılması imkanları nəzərdən keçirilməlidir;
  • Karbon vergisinin tətbiqindən əvvəl emissiyaların monitorinqi, hesabatlılığı və müstəqil yoxlanılması (MRV) sistemi gücləndirilməli, verginin effektivliyinin qiymətləndirilməsi üçün onun tətbiqindən əvvəl və sonra emissiyaların, enerji istehlakının, istehsalın, investisiyaların, qiymətlərin və sosial rifahın dinamikası mütəmadi ölçülməlidir.

 

NHMT İB Ekspert qrupu


[1] https://www.iea.org/reports/implementing-effective-emissions-trading-systems

[2] https://thedocs.worldbank.org/en/doc/a12604089ad9c34cab0a69557f0fff48-0070012021/original/Slide-2-CO2-Knowledge-Exchange-Series-Session-1-Intro-to-CPIs-Indonesia.pdf

[3] https://treaties.un.org/doc/Treaties/1998/09/19980921%2004-41%20PM/Ch_XXVII_07_ap.pdf

[4] https://e-qanun.az/framework/34278

[5] https://www.reuters.com/legal/legalindustry/global-carbon-market-taking-shape-through-approval-standards-cop29-2024-12-02/

[6] https://openknowledge.worldbank.org/entities/publication/c31d9298-30bf-55fb-acad-ad0605b06e9c

[7] https://www.worldbioenergy.org/uploads/200527%20WBA%20Svebio%20Carbon%20Tax.pdf

[8] https://www.worldbank.org/content/dam/Worldbank/document/Climate/background-note_carbon-tax.pdf

[9] https://documents1.worldbank.org/curated/en/728421535605566659/pdf/129668-V1-WP-PUBLIC-Carbon-Tax-Guide-Main-Report.pdf?

[10] https://openknowledge.worldbank.org/entities/publication/64c7e4b9-bdd4-4761-9f3f-35fcccb4b7ef

[11] https://www.aeaweb.org/articles?id=10.1257/pol.20170144

[12] https://www.oecd.org/en/publications/effective-carbon-rates-2023_b84d5b36-en.html

[13] https://www.sciencedirect.com/science/article/pii/S2772655X24000673

[14] https://www.oecd.org/en/publications/estimating-the-co2-emission-and-revenue-effects-of-carbon-pricing_39aa16d4-en.html

[15] https://apa.az/maliyye/adb-azerbaycan-elektromobiller-ve-elektrik-avtobuslarindan-ilde-18-mln-dollara-qeder-karbon-geliri-elde-ede-biler-978077

[16] https://report.az/infrastruktur/adb-azerbaycanin-neqliyyat-sektorunda-emissiyalarin-azaldilmasi-ile-bagli-sertleri-aciqlayib

[17] https://e-qanun.az/framework/4590

[18] https://e-qanun.az/framework/57163