Emissiya Ticarəti Sistemi: beynəlxalq təcrübələr və Azərbaycan üçün imkanlar
1. Giriş
Ayrı-ayrı dövlətlər iqlim dəyişikliyi ilə bağlı daha sərt hədəflər qəbul etdikcə, müxtəlif siyasət tədbirlərinin sınaqdan keçirilməsi məsələsi daha da aktuallaşır. Belə tədbirlərə elektrik enerjisinin dekarbonizasiyası, nəqliyyatın elektrikləşdirilməsi, sənayedə aşağı karbonlu texnologiyalara keçidə, eləcə də meşələrdə və torpaqlarda karbon uducularının mühafizəsi kimi müxtəlif tədbirlər daxildir. Emissiya Ticarəti Sistemi (ETS) bu qəbildən olan siyəsət paketi içərisində ən effektiv mexanizmlərindən biri hesab edilir. Hazırda dünyada istixana qazları emissiyasının təxminən 25, qlobal ÜDM-nin 40%-nin formalaşdığı 46 ölkə karbon qiymətqoyma mexanizmini tətbiq edir. Bu ölkələrdən 38-i Emissiya Ticarəti Sisteminə (ETS) üstünlük verir. Dünya Bankının ekspertləri hesab edir ki, karbon qiymətqoyma mexanizmi özəl investisiyaları emissiyaların azaldılmasına yönəldə, müəssisələrin daxilində emissiyaların azaldılması ilə bağlı bilik və imkanları səfərbər edə və sahibkarların aşağı karbonlu məhsul və innovasiyalar hazırlamaq yaradıcılığından istifadə edə bilər. Bununla da emissiyaların azaldılması istiqamətində irəliləyiş sürətləndirilə bilər. Çünki bu cür siyasət alətləri təmiz enerjini daha gəlirli edir, enerji səmərəliliyi sayəsində daha yüksək gəlir əldə etmək imkanı yaradır, aşağı karbonlu məhsulların rəqabət qabiliyyətini artırır.
Zaman keçdikcə daha çox şirkət və investor hökumətləri karbon qiymətqoma mexanizmləri tətbiq etməyə çağırır. Təbii ki, karbon qiymətqoyma sistemi təkbaşına iqlim dəyişikliyinin bütün mürəkkəb səbəblərini aradan qaldırmaq gücündə deyil və müəyyən kombinasiyada tənzimləmələrə, standartlara, stimullara, eləcə də maarifləndirici proqramlara ehtiyac duyulur. Lakin inteqrasiya olunmuş siyasət paketinin bir elementi kimi karbon qiymətqoyma mexanizmi emissiyanın azaldılmasını sürətləndirmək üçün bazar mexanizmlərindən istifadəni təmin edə[1].
Xüsusilə ETS siyasət paketinin müəyyən edilmiş iqlim hədəflərinə nail olmasını təmin edən son təminat mexanizmi rolunu oynaya bilir. ETS iqtisadiyyatın bir və ya bir neçə sektorunda ümumi emissiya üçün yuxarı hədd müəyyən edir. Tənzimləyici orqan həmin yuxarı həddi aşmamaq şərtilə ticarət edilə bilən müəyyən sayda emissiya kvotaları müəyyən edərək bazar dövriyyəsi yaradır. Bir qayda olaraq, bir kvota bir ton emissiyaya ekvivalent götürülür. ETS-nin əhatə etdiyi müəssisələrə və digər subyektlərə bu kvotaları öz aralarında alıb-satmaq imkanı verilir ki, nəticədə kvotalar üçün bazar qiyməti formalaşır. Hərrac yolu ilə kvotaların satıldığı ETS-də müəssisələr həm emissiyaların azaldılması üçün investisiya qoyur, həm də qalan emissiyaya görə kvota alırlar. Hərrac mexanizminin tətbiq edildiyi şəraitdə sistem belə işləyir: dövlət emissiya kvotalarını müəssisələrə pulsuz vermir və onları hərraca çıxarır (məsələn, hər tonu 50 ABŞ dolları olmaqla 1 mln. ton CO₂ emissiyası). İxtiyari bir müəssisə növbəti il 5 min ton CO₂ emissiyası edəcəyini düşünür və hərracdan bu həcmi alır. Lakin reallıqda həmin müəssisə emissiyanı 3 min ton CO₂ emissiyasına endirməyə nail olursa, faktiki həcmə görə ödəniş edir və 100 min ABŞ dollarına qənaət etmiş olur. Qənaət isə yeni avadanlıqlıqların alınmasına, yüksək enerji səmərəliliyinə əsaslanan texnologiyaların tətbiqinə və ya daha təmiz yanacaq növlərinin istehlakına investisiyalar sayəsində mümkün olur. Təbii ki, bu investisiyalar bir dəfə edilir və müəssisə 10 illər ərzində CO₂ emissiyasına qənaət hesabına həmin investisiyanın məbləğindən daha böyük həcmdə vəsait qazanmağa nail olur.
Lakin dünyada pulsuz kvotaların da verildiyi təcrübələr var. Bu halda hökumət bəlli bir həddən (məsələn, illik 1000 tondan) yüksək olmayan CO₂ emissiyası üçün pulsuz kvota ayırır və bunun üçün ödəniş nəzərdə tutmur. Əgər müəssisə həddən yüksək CO₂ emissiyası edirsə, bazar dəyərinə uyğun ödəniş edir. Lakin emissiyanın həcmi maksimum həddə ötmürsə, məsələn, müəssisə 500 ton CO₂ emissiyası edirsə, bu halda yerdə qalan həcmi bazara çıxarmaqla sata və gəlir əldə edə bilir. ETS-nin karbon vergisindən mühüm fərqlərindən biri məhz bu nöqtədə ortaya çıxır: karbon vergisinin məbləği, yəni karbonun qiyməti əvvəlcədən müəyyən edilir. Lakin ETS-də qiyməti bazar müəyyən edilir, həcmlər alınıb-satıla bilir.
ETS-nin tətbiqinə hazırlaşan hökumətlər bir sıra vacib sualları əvvəlcədən özləri üçün müəyyənləşdirməlidirlər. Məsələn, iqlim dəyişikliyinə yönəlik strategiyanın reallaşmasında ETS-nin dəqiq rolunu necə görürlər, bu mexanizmin funksiyasına ən uyğun olan emissiya limitinin tətbiqi və ya müəyyənləşdirilməsi modeli hansıdır, ETS-nin gələcəkdə istixana qazları və sektorlar üzrə əhatə dairəsini genişləndirmək, stimulları gücləndirmək və emissiya limitinin sərtliyini artırmaq üçün necə inkişaf etdirilə bilər və s.
Xüsusilə ETS-nin nəzərdə tutulan rolunun aydın şəkildə müəyyən edilməsi sistemin ilkin xüsusiyyətlərinin onun məqsədlərinə uyğunlaşdırılması üçün fundamental əhəmiyyət daşıyır.
Sistemin rolunun zaman keçdikcə dəyişə biləcəyi mütləq nəzərə alınamalıdır və bu rolun aydın şəkildə müəyyən edilməsi bazar iştirakçılarının siyasətə uyğun olaraq ETS-də iştirakını asanlaşdıra bilər. ETS-nin effektivliyi onun məqsədi əsasında qiymətləndirilməli və gözlənilən nəticələr açıq şəkildə müəyyən edilməlidir. Bundan başqa, emissiya limiti üçün yanaşmanın düzgün seçilməsi ETS-nin nəzərdə tutulan rolundan və emissiyanın azaldılmasının nəticələrinin proqnozlaşdırıla bilən olmasının siyasətçilər üçün nisbi əhəmiyyətindən asılıdır.
Beləliklə, karbon vergisi ilə yanaşı ETS də ilqim dəyişilkliyi ilə bağlı mühüm alətlərdən hesab edilir və Azərbaycan üçün bu mexanizmin tətbiqi imkanlarının öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Tədqim olunan analizdə ETS ilə bağlı müxtəlif təcrübələr nəzərdən keçirilir.
2. ETS-nin tətbiqi üçün tələb olunan addımlar
Dünya Bankının ekspertləri ETS-nin tətbiqi üçün silsilə və bir-birini tamamlayan addımlar təklif edirlər[2]. Həmin addımlar və hər bir addım çərçivəsində nəzərdə tutulan spesifik tədbirlər aşağıdakılardır:
1-ci addım – hazırlıq mərhələsi. Bu mərhələdə karbon qiymətləndirilməsinin və onun əsas elementlərindən biri kimi ETS-nin mahiyyətinin düzgün anlaşılması, ETS-nin məqsədinin müəyyən edilməsi, iqlim siyasəti tədbirlərində bu mexanizmin rolunun tam dəqiqləşdirilməsi, ETS-nin layihələnidirilməsinə dair qiymətlənidrmə meyarlarının seçilməsi təmin edilməlidir.
2-ci addım - maraqlı tərəflərin prosesə cəlbi, onlarla zəruri kommunikasiyanın qurulması və potensiallarının gücləndirilməsi. Burda nəzərdə tutulmalı ən vacib məsələ maraqlı tərəflərin və onların mövqelərinin, gözləntilərin və narahatlıqlarının müəyyənləşdirilməsidir. Bundan əlavə, şəffaf qərar qəbuletmə prosesini təmin etmək və müxtəlif siyasət istiqmətləri arasında uyğunsuzluğun qarşısını almaq üçün ayrı-ayrı dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi vacibdir. Ekspertlər hesab edir ki, maraq qrupları ilə məsləhətləşmələr üçün formatı, vaxt qrafikini və məqsədləri müəyyən edən iştirak strategiyası, ictimaiyyətin narahatlıqlarını nəzərə alan kommunikasiya strategiyası hazırlanmalıdır. Nəhayət, bu mərhələdə ETS üzrə potensialın gücləndirilməsi üzrə ehtiyaclarını müəyyənləşdirilməsi zəruri hesab olunur.
3-cü addım - əhatə dairəsinin müəyyənləşdirilməsi. Bu mərhələdə maraqlı tərəflərin prosesə cəlbi, onlarla zəruri kommunikasiyanın qurulması və potensiallarının müəyyən edilməsi təmin edilməlidir. Paralel olaraq, ETS-nin əhatə edəcəyi sektorların və potensial subyektlərin, atmosferə emissiyası baş verən qazların növlərinin, tənzimlənəcək siyasət istiqamətlərinin aydınlaşdırılması vacibdir.
4-cü addım - emissiya limitinin müəyyənləşdirilməsi. Bu, ETS çərçivəsində müəyyən bir dövr üçün sistem iştirakçılarının atmosferə buraxa biləcəyi ümumi istixana qazı emissiyasının maksimum həddidir. Emissiya limitinin müəyyən edilməsinin 2 üsulu geniş yayılıb: “kütlə əsaslı” “intensivlik əsaslı” üsullar. “Kütlə əsaslı” üsul o deməkdir ki, karbon qiymətləndirməsi alətləri fəaliyyətin miqyasına görə ümumi emissiya həcminin müəyyən olumasına əsasən tətbiq edilir. Məsələn, İxtiyari sement zavodunun illik 100 min ton istehsal həcminə görə ümumi emissiya norması 20 min ton müyyən edilir. İstehsalı 2 dəfə artıq olan başqa bir müəssisənin emissiya norması da buna prorporsional olaraq artır. Həmin həcmlərdən artıq hissə üçün isə ETS çərçivəsində ödəniş etməlidir. “İntensivlik əsaslı” üsulda isə məhsul vahidinə görə (məsələn, hər ton polad istehsalı üçün maksimum 0,2 ton CO₂ emissiyası) emissiya norması müəyyən edilir.
5-ci addım – emissiya limitinə uyğun icazələrin bölüşdürülməsi. Dövlət müəyyən etdiyi ümumi emissiya limitinə uyğun sayda emissiya icazəsi dövriyyədə olur. Adətən hər icazə sahibinə 1 ton CO₂ ekvivalenti emissiya etmək hüququ verir. Müəssisələr bu icazələri alır, əldə edir və ya bir-biri ilə ticarət edir. Bu mərhələdə atılması vacib olan başqa addımlar da var: pulsuz icazsələrin bölüşdürülməsi üçün uyğunluq meyarlarının və metodların, yeni iştirakçıların bazara daxil olması, müəssisələrin bağlanması və sistemdən çıxması hallarının tənzimlənməsi qaydaları, hərracların rolunun artırılmasını, eyni zamanda pulsuz bölüşdürmənin azaldılmasını təmin edən hərrac mexanizmləri müəyyən edilməlidir.
6-cı addım - səmərəli fəaliyyət göstərən bazarın təşviqi. Bu mərhələdə bazara dövlət müdaxiləsinin (xüsusən daha aşağı və yüksək qiymət formalaşacağı halda) əsaslandırılması, belə müdaxilənin yarada biləcəyi potensial risklər qiymətləndirilməli, eləcə də bazarda iştirak qaydaları, dayanıqlı və səmərəli təkrar bazarın rolu müəyyən edilməlidir.
7-ci addım - nəzarəti və öhdəliklərə riayəti təmin edilməsi. Bu mərhələdə ETS-nin əhatə etdiyi subyektlərin emissiyaya dair hesabatları təqdim etmələri, nəzarətçilərin fəaliyyt qaydaları və çərçivələri, ETS reyestrinin yaradılması, cərimələrin və icra mexanizmlərinin müəyyənləşdirilməsi təmin olunmalıdır.
8-ci addım - kompensasiya mexanizmlərindən istifadə imkanlarının nəzərdən keçirilməsi. Bu mərhələdə ETS çərçivəsində kompensasiya mexanizmlərinin potensial rolu, sistem çərçivəsində təbiq olunacaq kompensasiya növləri və onların coğrafi əhatəsi, kompensasiya mexanizmlərindən istifadəyə dair keyfiyyət və kəmiyyət məhdudiyyətləri müəyyən edilməlidir.
9-cu addım - mexanizmin qiymətləndirilməsi və təkmilləşdirilməsi. ETS-nin tətbiqi mərhələsində davamlı qiymətləndirmələr aparalımalı, mexanizmin təkmilləşdirilməsi üşün təkliflər hazırlanamalıdır.
3. ETS-nin tətbiqi sahəsində beynəlxalq təcrübələr
Dünya Bankının son hesabatlarından[3] biri göstərir ki, son illərdə dünyada karbon qiymətləndirməsinin əsas aləti olaraq ETS-nin tətbiq dairəsi və rolu artmaqdadır. Bundan əlavə, ETS mexanizmi çərçivəsində marjinal qiymətlərdəki artım karbon vergiləri ilə müqayisədə daha yüksək olmuşdur. Təkcə 2018–2021-ci illərdə ETS-nin əhatə dairəsi 2 dəfədən çox artmışdır. Həmin göstərici Dünya Bankının yuxarıda istinad edilən hesabatının əhatə etdiyi 72 ölkədə ETS çərçivəsində enerji istehlakınının yaratdığı CO₂ emissiyasının həcminin ümumi emissiyalarda payı 13%-dən 27%-nə yüksəlmişdir. Eyni zamanda, ETS-nin əhatə etdiyi emissiyalar üzrə orta icazə qiymətləri təxminən 40% artaraq, CO₂-nin hər tonu üçün təxminən 11,2 avrodan 15,5 avroya yüksəlmişdir. Bunun əksinə olaraq, karbon vergilərinin əhatə dairəsi (ümumi emissiya həcmlərinin təxminən 7%-i) və orta vergi dərəcələri (CO₂-nin hər tonu üçün təxminən 12 avro) demək olar ki, dəyişməz qalmışdır.
Dünyanın müxtəlif ölkələrində baş verən proseslərə baxdıqda, son illər Çin və Almaniyada ölkə miqyasında ayrı-ayrı sektorları əhatə edən ETS aləti- tətbiq edilmişdir. Eyni zamanda, Kanadanın bir sıra əyalətlərində tətbiq olunan və minimum emissiya qiymətləndirilməsi (ehtiyat sistem) mexaniznin əvəzinə ETS-nin tətbiqinə başlanmışdır. Meksika 2020-ci ildə ilk dəfə milli ETS-nin pilot tətbiqinə start vermişdir.
OECD-nin ETS ilə bağlı son 2 hesabatında[4] ETS-nin tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə geniş yer verilib. Təşkilatın araşdırmalarının nəticəsinə görə, Pekində tətbiq olunan ETS sayəsində lokal səviyyədə hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilmişdir.Təşkilatın ekspertlərinin yanaşmasına görə, müxtəlif ölkələrdə karbon qiymətləndirilməsi alətlərinin tətbiqi və ya uyğunlaşdırılması məqsədilə sərhədlərarası əməkdaşlıq da mümkündür. Avropa İttifaqının (Aİ) tətbiq etdiyi ETS dünyanın ən böyük beynəlxalq regional karbon qiymətləndirilməsi təşəbbüsüdür. Sistem illər ərzində coğrafi əhatə dairəsini tədricən genişləndirmiş və hazırda 31 ölkədə fəaliyyət göstərir. Ümumilikdə isə Aİ-nin karbon bazarı qlobal miqyasda yaranan ilk nəhəng bazardır və 2005-ci ildən fəaliyyətdədir.
Avropa Komissiyası sistemləri əlaqələndirmək və institusional potensialı gücləndirmək məqsədilə Avropa İttifaqı ETS-in hüdudlarından kənarda da beynəlxalq əməkdaşlığı təşviq edir. Məsələn, Aİ və İsveçrənin ETS-ləri arasında əlaqələndirməyə dair saziş hazırlanmışdır. Avropa Komissiyası həmçinin Çin və Koreya ilə emissiya ticarəti sistemlərinin hazırlanması və tətbiqi üzrə güclü ikitərəfli əməkdaşlıq proqramları həyata keçirmişdir. Ümumiyyətlə, ETS bir karbon qiymətləndirmə aləti olaraq Aİ emissiyalarının təxminən 45%-ni əhatə etdiyinə görə 2030-cu ilə qədər iqlim dəyişikliyi ilə bağlı hədəflərə nail olunmasında əsas sütun olaraq məhz bu mexanizm çıxış edir.
Aİ-nin ETS mexanizmində aşağıdan-yuxarı yanaşmadan (ayrı-ayrı üzv dövlətlərin hədəflərinin cəmindən) yuxarıdan-aşağı müəyyən edilən emissiya limitinə (Aİ səviyyəsində müəyyən edilən limitə) keçid sistemin dizaynı son illər təkmilləşdirilmişdir. Bu dəyişiklik Aİ-yə iqlim siyasətinin idarə edilməsini daha yaxşı əlaqələndirmək, emissiya limitini Birlik səviyyəsində müəyyən edilmiş emissiyaların azaldılması üzrə orta və uzunmüddətli hədəflərə uyğunlaşdırmaq, emissiya limitinin gələcək trayektoriyası ilə bağlı daha yüksək səviyyədə müəyyənlik və şəffaflıq təmin etmək imkanı vermişdir. İlkin mərhələlərdə tətbiq edilən aşağıdan-yuxarı emissiya limiti yanaşması Avropa İttifaqına bu sahədə təcrübə toplamağa, eyni zamanda üzv dövlətlərin emissiyanın azaldılması üzrə tədbirlərin uçotu və qiymətləndirilməsi sahəsində imkanlarını gücləndirməyə kömək etmişdir.
Aİ səhədləri daxilində ETS mexanizmləri müəyyən edilmiş emissiya səviyyələrinə nail olmaqla qarşıya qoyulmuş məqsədini yerinə yetirmişdir. Burada elektrik enerjisi sektorunda yanacağın yandırılmasından yaranan emissiyaların azalması ən böyük rolu oynamışdır. Bununla belə, lakin mövcud sübutlar göstərir ki, sistemin əhatə etdiyi sektorlarda emissiyaların azalmasının yeganə hərəkətverici qüvvəsinin ETS olmasını da iddia etmək düzgün olmaz. Çünki emissiya kvotalarının izafi həcmdə bölüşdürülməsi və kvota qiymətlərinin aşağı olması karbon qiymətqoyma mexanizminin təsirlərini zəiflədib. Bununla belə, kvotaların dəyəri 2011-ci ilə qədər və 2016-cı ildən etibarən elektrik enerjisi sektorunda kömürdən qaza keçidi təşviq etmək üçün kifayət qədər yüksək olmuşdur. Aşağı kvota qiymətlərinə bir sıra amillər təsir göstərmişdir. Bu amillərə enerji səmərəliliyi və bərpa olunan enerji siyasəti nəticəsində emissiyaların azalması səbəbindən kvotalara gözləniləndən daha aşağı tələbat, 2008-2009-cu illərin iqtisadi tənəzzülü və s. daxildir. Ekspertlər hesab edir ki, iqtisadi tənəzzül hər nə qədər ETS-yə stimullara qısamüddətli dövrdə mənfi təsir göstərsə də, belə şəraitə uyğunlaşmaq və yeni siyasət tədbirləri axtarıb-tapmaq baxımından təcrübələr də qazandırdı. Belə ki, ETS-də icazələrə olan tələbdən asılı olaraq karbon qiymətinin dəyişməsi nəzərdə tutulur. İqtisadi fəallıq yüksək olduqda emissiyalar artır və nəticədə emissiya icazələrinə tələb yüksəlir, bu da karbon qiymətinin artmasına səbəb olur. Əksinə, iqtisadiyyat zəiflədikdə emissiyalar azalır və bununla birlikdə icazələrə tələb də aşağı düşür, nəticədə onların qiyməti azalır. 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhran emissiyaların ticarəti sistemlərinin üzləşdiyi ilk iqtisadi şok deyildi. 2008-ci ildə qlobal maliyyə böhranı başladıqda ETS-lərin tətbiq dairəsi çox məhdud idi. Aİ-də ETS 2005-ci ildə fəaliyyətə başlamışdı. Bu baxımdan, Aİ-nin ETS mexanizmi iqtisadi böhranın təsirlərinə dair müəyyən nəticələr çıxarmağa imkan verir. 2008-ci ildə Aİ daxilində emissiya icazələrinə tələbin qəfil azalması zamanı emissiya limitinin tənzimlənməsinə imkan verə biləcək çevik mexanizmlər mövcud deyildi. İcazələrin qiyməti sürətlə aşağı düşərək 2008-2009-cu illərdə təxminən hər ton CO₂ emissiyası ekvilanetində emissiya həcmi üçün 30 avrodan 9 avroya endi. 2020-ci ildə isə qlobal pandemiyanın səbəb olduğu iqtisadi geriləmə üzündən CO₂ emissiyaları əvvəlki illə müqayisədə 5%-dən çox azaldı. Avropada emissiyaların azalması qlobal orta göstəricidən də yüksək (8%) olmuşdur. 2008-ci il böhranından əsas fərq ondan ibarət idi ki, bu dəfə “Bazar Sabitliyi Ehtiyatı” mexanizmi artıq fəaliyyət göstərirdi. Bu mexanizm Aİ daxilində emissiya icazələrinin qiymətinin kəskin enməsinə imkan vermədi və hər ton CO₂ emissiyası üçün 20 avro səviyyəsində sabitləşməsinə imkan verdi.
Aİ-nin mühümü təcrübələrindən biri budur ki, ETS çərçivəsində emissiya icazələrinin hərraclarından əldə olunan gəlirlər vasitəsilə digər iqlim və enerji siyasəti məqsədlərini dəstəkləyən layihələrini, xususən yaşıl texnologiyaları maliyyələşdirmək imkanı yaranır. Bu məqsədlə Avropa Komissiyası iki fond yaratmışdır: Modernləşdirmə Fondu və İnnovasiya Fondu. Hərraca çıxarılan emissiya icazələrindən əldə olunan gəlirin 2%-nin Modernləşdirmə Fonduna ayrılması nəzərdə tutulub. Fond Aİ-yə üzv olan 10 dövlətin enerji sistemlərinə investisiyaların dəstəklənməsi üçün nəzərdə tutulmuşdur. Həmin vəsaitlərin 70%-i enerji səmərəliliyinə, bərpa olunan enerjiyə, elektrik şəbəkəsi infrastrukturuna yönəldiləcək.
İnnovasiya Fondu emissiyaların azaldılmasını sürətləndirməyə və rəqabət qabiliyyətini artırmağa imkan verən innovativ aşağıkarbonlu texnologiyaların nümayiş etdirilməsini maliyyələşdirmək məqsədilə yaradılıb. Bu məqsəd çərçivəsində Fondun əsas prioritetləri kimi enerji tutumlu sənaye sahələri, karbonun tutulması, istifadəsi və saxlanması, bərpa olunan enerji istehsalı və enerji saxlayıcı sistemlərin inkişafı müəyyən edilib.
Aİ daxilində ETS isitlik və elektrik istehsalını, sənaye sektorunu və nəqliyyat sektorunu (aviasiya və gəmiçilk) əhatə edir. Ən son məlumata görə, 2025-2023-cü illərdə sənaye və enerji müəssisələrində karbon emissiyası 47% azalmşdır və bunun məhz ETS mexanizminin tətbiqi sayəsində mümkün olduğu bildirilir[5].
Aİ-yə daxil olan ölkələrdə xüsusilə ənənəvi yanacaqla elektrik enerjisi istehsal edən bütün təsərrüfat subyektləri ETS-də iştirak edir və sistemə qoşulan bütün subyektlərin sayı 11 mindən çoxdur.
ABŞ-da “Regional İstixana Qazları Təşəbbüsü” 10 ştatda fəaliyyət göstərən ən böyük regional emissiya ticarəti sistemidir. Kaliforniya, Kvebek və Ontario isə çərçivəsində Şimali Amerikada ilk regional emissiya ticarəti sistemini yaratmışdır. Kaliforniya ştatının “Emissiya kvotaları və ticarət sistemi” xüsusilə diqqəti cəlb edir. Sistem çərçivəsində bazar sabitliyini təmin etmək məqsədilə “Hərrac Ehtiyat Qiyməti” mexanizmi tətbiq olunur. Bu mexanizm 2020-ci ildə emissiya icazəsinin minimum qiymətini 16,68 ABŞ dolları səviyyəsində müəyyən edib və həmin qiymətin hər il 5% + inflyasiya göstəricisi həcmində artırılmasını nəzərdə tutulub. Bundan əlavə, hərraca çıxarılandan 2 il ərzində satılmamış qalan icazələrin “Kvota Qiymətlərinin Sabitləşdirilməsi üzrə Ehtiyat Fondu”na keçirilməsini nəzərdə tutan mexanizm mövcuddur. Bu sistem Fondun ehtiyatında olan kvotalar üçün 65 ABŞ dolları məbləğində qiymət tavanı müəyyən etməklə emissiya icazələrinin qiymətlərinin həddindən artıq yüksəlməsinin qarşısını almaq məqsədi daşıyır.
Kaliforniyada topdansatış elektrik enerjisi bazarı rəqabətli olsa da, pərakəndə elektrik enerjisi sektoru isə əksər elektrik enerjisi istehlakçılarına xidmət çatdıran və tənzimlənən qiymətlər əsasında fəaliyyət göstərən inhisarçı struktura malikdir. 2010-cu ildə Kaliforniya Hava Resursları Şurası elektrik enerjisinin pərakəndə qiymətinə istixana qazlarının emissiyasının azaldılması məqsədilə karbon qiymətinin daxil edilməsi barədə qərar vermişdi və bunun nəticəsində pərakəndə qiymətlərin artımı baş vermişdir. Lakin sonrakı mərhələdə hərrac mexanizmi vasitəsilə emissiya kvotalarının satışından əldə olunan gəlirlər hesabına istehlakçılar üçün kompensasiya ödəmələrinin verilməsi qərara alınmışdır. Bu qərar pərakəndə qiymət artımlarının istehlakçıların maddi mənafeyinə zərbə vurmaması baxımından mühüm addım oldu. Əldə olunan gəlirlərin təxminən 70%-nin pərakəndə elektrik enerjisi qiymətlərinin sabit saxlanılması na sərf edildiyi bildirilir. İldə 2 dəfə “İqlim krediti” adlanan mexanizm çərçivəsində istehlakçılara orta hesabla 30-40 ABŞ dollarına yaxın kompensasiya ödənilir.
Başqa maraqlı bir təcrübə Kvebekə (Kanada) aiddir. Əyalətdə ETS mexanizminin tətbiqidən əldə olunan gəlirlər iqlim dəyişikliyi üzrə fəaliyyət planı çərçivəsində tədbirlərin həyata keçirilməsinə yönəldilir. Buraya sənaye sektorunun daha innovativ, enerji baxımından səmərəli və aşağıkarbonlu fəaliyyətə keçməsinə kömək edən tədbirlər də daxildir. Kvebek ETS çərçivəsində əldə olunan gəlirlərin təxminən 9%-nin sözügedən proqramlara ayrılması nəzərdə tutulur.
Cənubi Koreyanın 2030-cu ilədək istixana qazlarının emissiyasının 37%-dək azaltmaqla bağlı ambisiyalı hədəfinin reallaşmasında milli səviyyədə tətbiq olunan ETS mexanizminin mühüm rol oynadığı bildirilir. İlkin mərhələdə (2015-2017-ci illər) emissiya yaradan bütün subyektlərə bərabər münasibət göstərməyə imkan verən sadə metod əsasında emissiya kvotaları müəyyən edilmişdi və bu zaman əsas kimi 2011–2013-cü illər baza dövründə sistemə daxil edilmiş sektorların ümumi emissiyadakı payı istinad göstəricisi kimi götürülmüşdü. Paralel olaraq, sektorlar üzrə emissiya limitləri hər bir sektorun baza ilindəki emissiyasının yekun emissiyadakı payına əsasən müəyyənləşdirilmişdi. Sonrakı mərhələdə isə (2018–2020-ci illər) sektorlar üzrə ayrıca emissiya limitləri ləğv edilmişdir. Ekspertlərin qənaətinə görə, Cənubi Koreyada ETS-nin tətbiqiqndə uzunmüddətli siyasi qeyri-müəyyənlik və bu səbəbdən məhdud ticarət dövriyyəsi mövcud olub. Belə vəziyyətin yaranmasında isə şirkətlərin qarşıdakı dövrdə ETS-nin necə fəaliyyət göstərəcəyi və onun konkret xüsusiyyətləri barədə kifayət qədər aydın təsəvvürə malik olmaması mühüm rol oynayıb. Problemi aradan qaldırmaq üçün hökumət uzunmüddətli dövrdə sistemin və özünün bu sahədəki siyasətinin proqnozlaşdırıla bilən olması üçün bir-birini tamamlayan 2 plan hazırlayıb. Onlardan biri 10 illik dövrü əhatə edən Baş Plandır. Həmin Plan ETS-nin reallaşdırılmasında əsas istiqamətləndirici prinsipləri müəyyən edir, ETS-ni bir mexanizm olaraq digər siyasət istiqamətləri kontekstində nəzərdən keçirir, uzunmüddətli dövrdə emissiyanın azaldılması hədəflərinin həyata keçirilməsində onun rolunu müəyyənləşdirir. Plan bazar iştirakçılarına ETS-nin gələcəkdə uzunmüddətli perspektivdə də mövcud olacağına dair aydın siqnal verir. Digər sənəd isə “Beşillik Kvota Bölgüsü Planı”dır. Həmin plan ETS-nin hər bir dövr üzrə limitini və emissiya kvotalarının bölüşdürülməsi metodunu da əhatə edən əsas detallarını müəyyən edir. Beləliklə, bazar iştirakçıları hər bir mərhələnin başlanmasından ən azı 6 ay əvvəl bütün zəruri texniki məlumatlarla təmin olunurlar.
Dünyada karbon bazarının erkən formalaşdığı və ETS-nin tətbiq edildiyi ölkələrdən biri də Yeni Zelandiyadır. Yeni Zelandiyanın 2008-ci ildən fəaliyyətə başlayan ETS mexanizmi beynəlxalq karbon bazarları ilə tam əlaqələndirilmiş bir sistem kimi nəzərdə tutulduğu üçün daxili emissiyalar üçün limit müəyyən edilməmişdi. Emissiya yaradan sektorlardakı subyektlər Kioto Protokoluna uyğun dövriyyə buraxılmış beynəlxalq karbon kreditlərini satın almaqla öz öhdəliklərini yerinə yetirirdilər. Lakin prosesin gedişində məlum oldu ki, daxili emissiyalar üçün dəqiq müəyyən edilmiş limit olmadığından Yeni Zelandiyanın ETS mexanizmi ilə ölkənin milli səviyyədə emissiya azaldılmasına dair hədəfləri arasında aydın əlaqə mövcud deyil. 2015-ci ildə qəbul edilmiş yeni hüquqi mexanizmlər isə ETS-nin ölkənin Paris Sazişi üzrə öhdəliklərinə uyğunlaşdırılmasına yönəldi və yalnız daxili bazara yönəlmiş sistemə çevrilməsini təmin etmiş oldu. Bunun ardınca (2019-cu ildə) Yeni Zelandiyada iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə dair qəbul edilən qanunvericlik aktı 2050-ci ilədək “sıfır karbon emissiyası”na nail olmağı təsbit elədi. Bu məqsədə çatmaqda əsas alət kimi isə ETS-nin tətbiqi və inkişaf etdirilməsi nəzərdə tutulur. Həmin dövrdə ETS-də islahatlara dair ayrıca qanunvericilik sənədi hazırlanmış və ilk dəfə 2021-2025-ci illər üzrə emissiya büdcəsi təsdiqlənmişdir.
Yaponiyada ETS-lər əsasən regional idarəetmə və bələdiyyələr tərəfindən tətbiq edilir. Məsələn, Tokionun bələdiyyəsini ETS mexanizmi həm birbaşa, həm də dolayı emissiyaları əhatə edir. Dolayı emissiyalar ETS-nin əhatə dairəsinə konkret olaraq kommersiya binalarında elektrik enerjisi istehlakından yaranan emissiyaların əhatə olunması məqsədilə daxil edilmişdir. Tokioda istehlak olunan enerjinin 40%-ni elektrik enerjisi təşkil edir, lakin bu elektrik enerjisinin 90%-i şəhərin coğrafi sərhədlərindən kənarda istehsal olunur. Buna görə də elektrik enerjisindən istifadə nəticəsində yaranan CO₂ emissiyalarının hesablanması üçün sabit emissiya əmsalından istifadə edilir. Bu yanaşma elektrik enerjisinə olan tələbin azaldılması istiqamətində görülən tədbirlərin təchizat tərəfində CO₂ emissiya əmsalında baş verən dəyişikliklərdən ayrılmasına imkan verir.
2006-cı ildən etibarən müəssisələrdən emissiyanın həcminin hesablanması və milli hökumətə hesabat vermələri tələb olunur. Emissiya həcmlərinə yanacaq, eləcə də elektrik və istilik enerjisi istehlakı ilə əlaqəli CO₂ emissiyaları daxildir.
ETS-nin tətbiqindən əvvəlki illərdə bu məcburi məlumat toplama prosesi proqramın uğurunun əsas amillərindən biri kimi qəbul edilir. Bu proses müəssisə səviyyəsində elektrik və istilik enerjisi enerjisi yaranan dolayı emissiyaların daha dəqiq müəyyən edilməsinə imkan vermişdir.
4. ETS-nin tətbiqi sahəsində beynəlxalq təcrübələrdən Azərbaycan üçün çıxan əsas nəticələr
Azərbaycanda karbon bazarının və ETS mexanizminin formalaşdırılmasının zəruriliyi barədə hələlik rəsmi şəxslərin bəyanatlarından[6] eşitmək mümkün olur. Hələ 2024-cü ilin payızında Bakıda keçirilən “İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində müzakirələrdə İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirmişdir ki, Azərbaycan karbon qiymətqoyma və ilkin ticarət sistemləri ilə mexanizmlər hazırlamağa çalışır. Bu baxımdan yuxarıda ETS-nin tətbiqi ilə bağlı təqdim olunan müxtəlif beynəlxalq təcrübələrdən Azərbaycan üçün istifadə edilə bilər. Beləliklə, həmin təcrübələri ümumiləşdirsək, aşağıdakı nəticələri çıxarmaq olar:
1) ETS istixana qazı emissiyalarının azaldılması üçün effektiv bazar mexanizmlərindən biridir. Lakin karbon vergisi və enerji səmərəliliyinin artırılması mexanizmləri kimi digər iqlim siyasəti alətləri ilə birlikdə tətbiq edildikdə daha effektiv nəticələr əldə etməyə imkan verir;
2) ETS-nin əsas üstünlüyü budur ki, emissiyalara əvvəlcədən müəyyən edilmiş limitlər qoymaqla bazar iştirakçıları üçün iqtisadi təşviq yaradır. Bu baxımdan, Azərbaycanın uzunmüddətli dekarbonizasiya və enerji keçidi məqsədləri çərçivəsində ETS-nin tətbiqi imkanlarının mərhələli şəkildə araşdırılması mümkündür. Burda mərhələli yanaşma ETS-nin dərhal genişmiqyaslı şəkildə tətbiqini deyil, hazırlıq, məlumat bazasının formalaşdırılması və pilot tətbiq kimi mərhələlərlə prosesin irəli aparılmasını nəzərdə tutur;
3) ETS-nin uğuru ilk növbədə sistemin məqsədinin, dövlətin iqlim siyasətində rolunun, əhatə dairəsinin və emissiya limitinin əvvəlcədən aydın müəyyən edilməsindən asılıdır. İlk mərhələdə ETS-nin hansı milli iqlim və enerji hədəflərinə xidmət edəcəyi, hansı sektorları və müəssisələri əhatə edəcəyi, sistem çərçivəsində hansı istixana qazlarının emissiyasının tənzimlənəcəyi, emissiya limitinin hansı metodologiya ilə müəyyən ediləcəyi dəqiqləşdirilməlidir.
4) ETS üçün ən mühüm ilkin şərtlərdən biri etibarlı emissiya məlumatlarının mövcudluğudur. ETS-nin tətbiqinə qədər müəssisələr üzrə emissiyaların ölçülməsi, monitorinqi və hesabatlılığının qurulması sistemin uğurlu fəaliyyətində həlledici rol oynayır. Belə məlumat bazası formalaşdırılmadan emissiya kvotalarının düzgün bölüşdürülməsi və effektiv karbon bazarının yaradılması çətinliklərlə üzləşir;
5) ETS-nin əhatə dairəsinin düzgün seçilməsi mexanizmin nəticəliliyində ən mühüm amillərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, sistemlərin əhatə dairəsi ölkələrin iqtisadi strukturu və emissiya profilinə uyğun müəyyən edilir. Məsələn, bir sıra ölkələr üçün ilkin mərhələdə emissiyanın əsas hissəsinin formalaşdığı və emissiyanın ölçülməsinin nisbətən asan olduğu iri sənaye və enerji müəssisələrinin, xüsusilə elektrik və istilik istehsalı, neft-qaz və enerji tutumlu sənaye sahələrinin prioritet sektorlar kimi seçilməsi doğru yanaşmadır;
6) Emissiya limitinin müəyyən edilməsi və onun hüquqi çərçivələrinin yaradılması sistemin işləkliyi üçün ən mühüm amillərdən biridir. Kvotaların müəyyənləşdirilməsi metodologiyasının seçilməsində iqtisadiyyatın spesifik xüsusiyyətləri və strukturu həlledici rol oynayır;
7) Kvotaların bölüşdürülməsi mexanizminin hazırlanması ən mühüm amillərdən biridir. Və xüsusi əhəmiyyət daşıyır. Müxtəlif təcrübələr göstərir ki, ilkin mərhələdə müəyyən həcmdə pulsuz kvotalardan istifadə müəssisələrin yeni sistemə uyğunlaşmasını asanlaşdırmaqda mühüm rol oynayır. Lakin uzunmüddətli perspektivdə hərrac mexanizminin rolunun artırılması və pulsuz kvotaların tədricən azaldılması emissiyanın məhdudlaşdırılması üçün zəruri iqtisadi stimulların formlaşmasını təmin edir. Eyni zamanda, yeni müəssisələrin sistemə daxil edilməsi, fəaliyyətini dayandıran müəssisələrin sistemdən çıxarılması və kvotaların transferi üzrə aydın hüquqi qaydaların olması son dərəcə vacibdir;
8) Beynəlxalq təcrübədən çıxan digər mühüm nəticə budur ki, karbon qiymətinin həddindən artıq aşağı və ya yüksək diapazonda hərəkət etməsi bazarın sabitliyini riskə atır və bu baxımdan qiymət volatilliyinin qarşısın alan mexanizmlərin yaradılması diqqətdə saxlanılmadır. Xüsusən Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi böhranlar və digər xarici şoklar kvotalara tələbi kəskin dəyişə bilər. Bu baxımdan yeni formalaşdırılan ETS modelində kəskin qiymət dəyiikliyinə qarşı ehtiyat mexanizmləri əvvəlcədən nəzərdə tutulması vacibdir.
9) ETS-nin tətbiqi yalnız emissiyaların azaldılması mexanizmi kimi deyil, yaşıl investisiyaların maliyyələşdirilməsi aləti kimi də nəzərdən keçirilə bilər. Hərraclardan əldə olunan gəlirlərin enerji səmərəliliyi, bərpa olunan enerji, elektrik şəbəkəsinin modernləşdirilməsi, aşağıkarbonlu texnologiyalar və innovasiyaların dəstəklənməsinə yönəldilməsi sistemin iqtisadi və ekoloji səmərəsini artıra bilər. Bununla yanaşı, karbon qiymətinin enerji və digər məhsulların qiymətlərinə təsirindən yaranan sosial-iqtisadi yükün yumşaldılması üçün kompensasiya və ya məqsədli dəstək mexanizmlərinin yaradılması da mümkündür;
10) Uzunmüddətli siyasi və institusional müəyyənlik ETS modelinin effektiv işləməsi üçün əsas şərtlərdən biridir. Bəzi ölkələrin təcrübəsi göstərir ki, müəssisələrdə sistemin gələcəyi ilə bağlı qeyri-müəyyənlik olduqda karbon bazarına ticarətin aktivliyini və investisiya qərarlarını zəiflədə bilər. Bu səbəbdən yeni başlayan istənilən ölkənin ETS üzrə uzunmüddətli strategiya və mərhələli kvota bölgüsü planlarının əvvəlcədən açıqlaması, dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi, biznes və digər maraqlı tərəflərlə davamlı məsləhətləşmələrin aparılması vacib məsələlərdən hesab edilir;
Azərbaycanda ETS-nin tətbiqi üçün təkliflər
Paris Razılaşmasını imzalayan digər ölkələr kimi Azərbaycan da uzunmüddətli dekarbonizasiya məqsədlərini reallaşdırmaq və yaşıl enerji keçidini təmin etmək üçün Emissiya Ticarət Sisteminin (ETS) tətbiqi imkanlarından bəhrələnə bilər. Bu baxımdan hazırkı dövrə qədər dünyada sınaqdan çıxarılmış yaxşı təcrübələri nəzərə alaraq ETS-nin effektiv bir mexanizm olaraq tətbiqi üçün aşağıdakı təkliflərin reallaşdırılması əhəmiyyətli rol oynaya bilər:
·ETS üzrə strateji çərçivənin yaradılmalı, bu alətin ölkənin iqlim siyasətində rolunu müəyyən edən ayrıca konseptual çərçivə hazırlanmalıdır. Həmin sənəddə ETS-nin məqsədləri, tətbiq mərhələləri, prioritet sektorlar, emissiyanın azaldılması hədəfləri, karbon qiymətinin formalaşması prinsipləri və sistemin digər iqlim siyasəti alətləri ilə qarşılıqlı əlaqəsi müəyyən edilməlidir.
·Emissiyaların ölçülməsi, monitorinqi, hesabatlılığı və yoxlanılması sistemi qurulmalıdır. Bu, ETS-nin tətbiqinə emissiyanın əhəmiyyətli hissəsini formalaşdıran əsas mənbələr üzrə etibarlı və müqayisəyə imkan yaradan məlumat bazasının formalaşdırılmasını nəzərdə tutur. Bunun üçün müəssisələr üzrə emissiyaların hesablanması metodologiyaları standartlaşdırılmalı, emissiyaya dair illik hesabatlılıq öhdəliyi yaradılmalı, hökumətdən və digər maraqlı tərəflərdən tam müstəqil monitorinq və yoxlama mexanizmləri formalaşdırılmalı, emissiya məlumatlarının vahid elektron reyestri yaradılmalı;
·ETS üçün prioritet sektorlar müəyyənləşdirilməli və onların bazasında pilot tətbiqə start verilməlidir. İlkin mərhələdə ETS-nin bütün iqtisadiyyatı əhatə etməsinə deyil, emissiyaların əsas hissəsini formalaşdıran və emissiyanın ölçülməsi nisbətən asan olan sektorlar seçilməlidir. Başlanğıcda elektrik və istilik enerjisi istehsalı, iri sənaye müəssisələri və enerji tutumlu istehsal sahələrinin nəzərdən keçirilməsi vacibdir. Pilot mərhələnin nəticələrindən asılı olaraq sistemə digər sektorların cəlbi doğru yanaşmadır;
·Kvotaların bölüşdürülməsində mərhələli yanaşma tətbiqinə üstünlük verilməlidir. ETS-nin tətbiqinin ilkin mərhələsində müxtəlif kateqoriyadan olan müəssisələrə məhdud və pulsuz kvota mexanizminin tətbiqi nəzərdən keçirilə bilər. Bununla yanaşı, pulsuz kvotaların həcmi və bölüşdürülməsi meyarları əvvəlcədən şəffaf şəkildə müəyyən edilməlidir. Uzunmüddətli perspektivdə isə emissiya kvotalarının hərrac vasitəsilə bölüşdürülməsinin miqyası genişləndirilməlidir;
·ETS gəlirlərinin effektiv və məqsədli istifadəsi təmin edilməlidir. Hərraclar vasitəsilə əldə olunan gəlirlərin büdcənin məcmu gəliri büdcəyə mədaxili və istifadəsi təcrübəsindən qaçmaq məqsədəuyğundur. Bunun üçün şərti adı “Yaşıl Transformasiya Fondu” olan məqsədli büdcə fondu yaradıla, kvotaların satışından əldə edilən gəlir birbaşa bu fonda daxil ola, qanunvericiliklə müəyyən edilmiş və “yaşıl keçid”ə xidmət edən istiqamətlərə xərcələnə bilər. Məqsədli xəcləmə istiqamətləri kimi enerji səmərəliliyinin artırılması, bərpa olunan enerjinin istehsalı, aşağı karbonlu sənaye texnologiyalarının tətbiqi, enerji saxlayıcı sistemlərin inkişaf etdirilməsi və s. kimi layihələrin maliyyələşdirilməsi ola bilər. Hazırda Azərbaycanın icmal ictimai maliyyə sistemində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun fəaliyyəti təcrübəsi var;
·Karbon qiymətlərinin volatilliyinin qarşısını almağa yönəlmiş bazar sabitliyi mexanizminin yaradılması son dərəcə vacibdir. Beynəlxalq təcrübələr də göstərir ki, iqtisadi böhranlar, enerji qiymətlərində dəyişikliklər və başqa proqnozlaşdırıla bilməyən xarici şoklar emissiya kvotalarına tələbi, tələbin dəyişməsinə adekvat olaraq isə karbon bazarında qiymətlərin kəskin qalxıb-enməsinə səbəb olur. Bu baxımdan ETS mexanizminin formalaşdırılması zamanı minimum hərrac qiyməti, qiymət sabitliyi ehtiyatı, bazara müdaxilə aləti kimi zəruri hallarda kvotaların bazardan geri çəkilməsi, yaxud əlavə kvotaların bazara buraxılması kimi alətlərin tətbiqi imkanları hüquqi sənədlərdə nəzərə alınmalıdır. Təcrübədə bu cür alətlərin tətbiqində məqsəd karbon qiymətlərini inzibati qaydada müəyyən etmək deyil, həddindən artıq aşağı və ya yüksək qiymətlərin ETS-nin əsas məqsədini zəiflətməsinin qarşısını almaqdır;
·ETS-nin sosial-iqtisadi təsirlərinin yumşaldılması tədbirlərinin əvvəlcədən işlənib hazırlanması vacibdir. Təcrübələr göstərir ki, karbon qiymətqoyma alətlərinin tətbiqi xüsusən enerji məhsulların maya dəyərinə və nəticə etibarilə istehlak qiymətlərinə təsir göstərir Bu səbəbdən ETS-nin tətbiqindən əvvəl onun ev təsərrüfatlarına, sənayeyə, kiçik və orta biznesə və rəqabət qabiliyyətinə mümkün təsirləri qiymətləndirilməlidir. Zəruri hallarda ETS gəlirlərinin bir hissəsinin həssas istehlakçıların müdafiəsinə yönəldilməsi üçün işlək mexanizmlər nəzərdə tutulmalıdır;
·ETS üzrə vahid institusional idarəetmə mexanizminin formalaşdırılması imkanları nəzərdə tutulmalıdır. ETS bir neçə dövlət qurumunun səlahiyyət və funksiyalarının kəsişdiyi kompleks mexanizmdir. Bu səbəbdən sistem üzrə aydın institusional məsuliyyət bölgüsü və koordinasiya mexanizmi yaradılmalıdır. ETS-nin tənzimlənməsi, emissiyaların monitorinqi, reyestrin idarə olunması, kvotaların bölüşdürülməsi, hərracların təşkili, nəzarət və icra funksiyalarının hansı qurum tərəfindən həyata keçiriləcəyi əvvəlcədən müəyyən edilməlidir. Eyni zamanda, ETS üzrə ixtisaslaşmış dövlət və özəl sektor kadrlarının hazırlanması üçün davamlı kadr hazırlığı proqramlarının zəruri olacağı diqqətdən qaçmamalıdır;
·ETS reyestri və rəqəmsal karbon bazarının yaradılması təmin edilməlidir. Emissiya kvotalarının verilməsi, saxlanılması, ötürülməsi və ləğvi proseslərinin şəffaf şəkildə izlənilməsi üçün vahid ETS reyestri yaradılmalıdır. Reyestr emissiya məlumatları, müəssisələrin öhdəlikləri, kvotalar və onların hərəkəti barədə məlumatların etibarlı uçotunu təmin etməli və gələcəkdə elektron ticarət platforması ilə inteqrasiya edilə bilməlidir.
·ETS-nin digər karbon qiymətləndirmə mexanizmləri ilə əlaqələndirilməsi təmin edilməlidir. ETS və karbon vergisinin bir-birinə alternativ deyil, müəyyən hallarda bir-birini tamamlayan mexanizmlər olduğu diqqətdən qaçmamalıdır. Sektorların xüsusiyyətlərindən asılı olaraq bəzi sahələrdə ETS, digər sahələrdə isə karbon vergisi mexanizmləri tətbiq oluna bilər. Bəzi ölkələrdə hətta hibrid mexanizim hazırlanıb tətbiq olunduğu təcrüblərə də rast gəlinir.
NHMT İB Ekspert qrupu
[1] https://openknowledge.worldbank.org/entities/publication/fe7cd64d-ec21-566f-86f9-9351d6e3e2e0
[2] https://openknowledge.worldbank.org/entities/publication/fe7cd64d-ec21-566f-86f9-9351d6e3e2e0
[3] https://openknowledge.worldbank.org/entities/publication/fe7cd64d-ec21-566f-86f9-9351d6e3e2e0
[4] https://www.oecd.org/en/publications/effective-carbon-rates-2025_a5a5d71f-en.html
[5] https://climate.ec.europa.eu/areas-action/carbon-markets/eu-emissions-trading-system-eu-ets/eu-ets-emissions-cap_en
[6] https://report.az/biznes-xeberleri/azerbaycan-karbon-qiymetqoyma-ve-ilkin-ticaret-sistemleri-uzerinde-isleyir








