NHMT - “Azərbaycanın ixrac boru kəmərlərinin fəaliyyətində və neft tranzitinin nəqlində şəffaflıq məsələlərininin araşdırılmasına dair” HESABAT

“Azərbaycanın ixrac boru kəmərlərinin fəaliyyətində və neft tranzitinin nəqlində şəffaflıq məsələlərininin araşdırılmasına dair” HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı

“Azərbaycanın ixrac boru kəmərlərinin fəaliyyətində və neft tranzitinin nəqlində şəffaflıq məsələlərininin araşdırılmasına dair” HESABAT

 

Ekpert: İlham Şaban

2018-ci il, noyabr-dekabr, Bakı

 

Tədqiqatın mövzusu:

 

Azərbaycan Respublkasının gəlirlərinin böyük bir hissəsi məhz boru kəmərləri ilə karbohidrogenlərin ixracatından əldə edilir. 2017-ci ildə ölkə ümumi gəlirlərinin 86,16%-ni boruların ixracatı vasitəsilə əldə etmişdir.

 

Bu baxımdan ixrac boru kəmərlərinin fəaliyyəti, onlar üzrə yaradılan əməliyyat şirkətləri, onların ictimaiyyət açıqlığı, boruların təsərrüfat-maliyyə fəaliyyəti və o cümlədən müxtəlif mənbələr üzrə statistik göstəriciləri ictimaiyyət üçün böyük əhəmiyyət daşıyır. Çünki bunlar təkcə ayrıca bir şirkətin fəaliyyəti ilə bağlı deyil, ölkənin iqtisadiyyatına, onun hər bir vətəndaşının həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərə bağlıdır.

 

Borulardan başlayan şəffaflıq əslində gəlirlərin formalaşması yönümündə yaradılan zəncirin (hasilat – nəqletmə - satış) mərkəzi hissəsini təşkil edir. Burada informasiya bolluğu nə qədər çox olarsa, onun zəncirin digər həlqələrinə təsir gücü də bir o qədər çox olar və nəticə etibarı ilə həm cəmiyyətin daha çox informasiya almaq imkanları genişlənər, həmçinin neft gəlirlərindən əldə edilən vəsaitin toplanması yönümündə olan informasiyalara etibarlıq daha da artmış olar.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan həmçinin 2008-ci ildən etibarən boru kəmərləri ilə qonşu ölkələrdən neft daşınması ilə tranzit ölkəyə çevrilib. 2010-cu ildən başlayaraq tranzit ölkə adını Azərbaycan bu günədək artıq stabil olaraq qoruyub saxlamaqdadır.

 

Bu baxımdan ölkənin vaxtilə neft kəmərləri infrastrukturuna yatırdığı vəsaitlərdən qonşu ölkələrin yararalanması və bundan Azərbaycanın qazanc əldə etməsi ictimai maraq kəsb edən məsələdir.

 

Belə məsələdə şəffaflığın artırılması isə həm Azərbaycan ictimaiyyətində bu layihələrə dəstək nümayişi oyatdığı kimi, həm də qonşu ölkələrin təkcə biznes strukturları tərəfindən deyl, həmçinin ictimaiyyətləri tərəfində də Azərbaycana olan iqtisadi, siyasi meyllərin də güclənməsinə gətirib çıxarmasına səbəb olardı.

 

Ona görə də hesabat kifayət qədər aktual mövzunun araşdırılmasına yönəlib və məqsəd hazırda bu sahədə vəziyyətin hansı durumda olmasına işıq salmaqdır.

 

Araşdırma

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin yekinlarına əsasən, ölkənin ümumi ixracı 13,811 milyard ABŞ dolları təşkil edib. Bunun 10,767 mlrd ABŞ dolları xam neftin (ümumi ixracda payı – 77,52%), 1,194 mlrd ABŞ dolları isə təbii qazın payına (8,64%) düşüb.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, BTC kəməri ilə 2017-ci ildə 6432,4 min ton tranzit nefti də nəql edilmişdir.

Azərbaycanda hansı ixrac kəmərlər mövcuddur:

 

Neft kəmərləri:

  1. Əsas ixrac neft kəməri: Bakı-Tbilisi – Ceyhan (“Azəri” və dərin sulu “Günəşli” yataqlarında hasil edilən neft, “Şahdəniz” yatağında hasil edilən edilən kondensat və Xəzəryanı ölkələrin tranzit nefti nəql edilir)
  2. Bakı-Supsa (“Çıraq” yatağında hasil edilən neft nəql edilir)
  3. Bakı-Şirvanovka-Novorossiyk (SOCAR-ın PSA tipli imzaladığı müqavilələr üzrə nefti nəqli edilir - BP şirkətindən kənar)

Qaz kəmərləri:

  1. Əsas ixrac qaz kəməri: Genişləndirilmiş Cənub Qafqaz Boru Kəməri (“Şahdəniz-2” layihəsi üzrə hasil edilmiş qazın nəqli həyata keçirilir)
  2. Cənub Qafqaz Boru Kəməri (“Şahdəniz-1” layihəsi üzrə hasil edilmiş qazın nəqli həyata keçirilir)
  3. Hacıqabul-Qardabani (SOCAR Gürcüstana qaz ixrac öhdəliklərini bu magistral qaz kəməri vasitəsilə həyata keçirir)
  4. Hacıqabul-Şirvanovka (2000-2006-cı illərdə Azərbaycan bu kəmərlə ölkəyə Rusiyadan qaz idxalı həyata keçirmiş, 2010-2014-cü illərdə Rusiyaya qaz ixrac etmiş, 2015-ci ildə qısa müddətli qaz idxalını bərpa etmiş və 2017-2018-ci illərdə yenidən Rusiyadan qaz alınmasında istifadə etmişdir)
  5. Hacıqabul-Astara (2006-2016-ci illərdə Azərbaycan bu kəmərlə İran İslam Respublikası ilə imzalanmış müqaviləyə əsasən ilk dəfə olaraq SWAP tipli – barter - qaz əməliyyatları həyata keçirib. Astarada verilən həcmlər əvəzində Naxçıvan Muxtar Respublikasında muvafiq həcmləri Xoy-Culfa kəməri vasitəsilə tranzit ödəmələr çıxıldıqdan sonra alınıb. 2016-cı ilin IV rübündən 2018-ci ilin IV rübünədək Hacıqabul-Astara gaz magistralı əks istiqamətdə işləyərək ölkəyə Türkmənistan qazının idxalı üçün istifadə edilib. Hazırda yenidən SWAP tipli qaz əməliyyatları həyata keçirilməsində istifadə edilir.)

 

1. Bakı-Tbilisi-Ceyhan

 

Baki-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə dair saziş 18 noyabr 1999-cu ildə İstambulda imzalanıb.

1 avqust 2002-ci ildə tikinti işlərinə və kəmərin gələcək istismarına rəhbərlik etmək üçün BTC Co. şirkəti təsis edilib.

Tikinti işlərinə 2003-cü ilin aprelində başlanıb. 2005-ci il mayın 10-da BTC-nin Azərbaycan hissəsi neftlə doldurulmağa başlayıb. 2006-ci il mayın 28-də Azərbaycan nefti Ceyhan terminalına çatıb və boru kəmərinin boldurulması üçün 9,6 mln barel neft lazım olub.

2006-cı il iyunun 4-də ilk tanker Avropa bazarına yola düşüb.

Kəmərin uzunluğu 1768 km-dir (Azərbaycan – 443 km, Gürcüstan – 248 km və Türkiyə - 1077 km), illik buraxıcılıq gücü 50 milyon tondur.

Kəmər elə layihələnib ki, mövcud nasos stansiyalarını (ümumilikdə 8 ədəd) modernizə etmədən, yəni kimyəvi reagentlərin köməyi ilə onun buraxıcılıq gücünü 60 milyon tonadək artırmaq olar. Belə imkan artıq 2010-cu ilin martında əldə edildi.

Ancaq kəmərin tikintisində istifadə edilən borular elə təzyiqə hesablanıb ki, nasosların gücü maksimum artırılarsa, BTC ilə gündə 1,8 milyon barel və ya ildə 90 milyon tonadək neft nəql oluna bilər.

Bu boru xəttinin istismar müddəti 60 ildir. Bir şeyi də qeyd etmək lazımdır ki, 2026-cı ildən BTC boru xətti və onun yerüstü texniki qurğuları (nasos stansiyaları, siyirtmə qovşaqları və terminallar) tamamilə Azərbaycan hökumətinin ixtiyarına keçəcək.

 

Neft FONDU-na BTC-dən gələn dividendlər

289 mln dollar Neft Fondu 2003-2006-ci illərdə BTC-yə investisiya yatırıb

2007 – $16,5 mln

2008 – $103,1 mln

2009 – 4195,2 mln

2010 – $197,8 mln

2011 – $84,5 mln

Cəmi – $597,1 mln

Mənbə: annual reports SOFAZ (2007-2011)

 

İndiyə qədər Neft Fondunun ən uğurlu investisiya layihəsi hesab etmək olar BTC-ni. Yatırılan vəsaiti 206,6%-lə qazanıb.

 

Göründüyü kimi bu layihədən Azərbaycanın əldə etdiyi gəlirlər şəffaf şəkildə ictimaiyyətə təqdim edilirdi. Necə ki, ona çəkilən hər bir bir dollara da cəmiyyətin bir şübhəsi yox idi. Çünki bir konsorsium vardı, layihədə 30% şirkətlər öz kapitalları, 70% isə banklardan əldə etdikləri kreditlər ilə iştirak edirdilər. Və bunun müqabilində maliyyəyə nəzarət mexanizmləri də xeyli idi...

 

Ancaq 2012-ci ildən Azərbaycanın əsas ixrac boru kəmərindən əldə edəcəyi dividentlər dövlət başçısının Sərəncamı ilə Dövlət Neft Fondundan SOCAR-a keçir. Bununla da Azərbaycan ictimaiyyəti artıq 6-cı ildir ki, bilmir ki, dövlətin bu STRATEJİ layihədən əldə etdiyi GƏLİR və MƏNFƏƏT nə qədərdir...

 

SOCAR isə öz hesabatlarında bunu açıqlamır. Layihənin ümumrespublika əhəmiyyətini nəzərə alıb açıqlamaq isə mütləqdir!

 

Belə vərdiş heç də yaxşı ənənə deyil. Çünki Neft Fondu vəsaitləri ilə son illər milyardlarla vəsait SOCAR-ın həm ölkədaxili qazma qurğularına yatırılıb (“Azerbaijan Rigs” MMC – Heydər Əliyev adına 6-cı nəsil qazma qurğusunun tikintisinə 1 mlrd dollar - idarə edir SOCAR), həm də ölkəxarici layihələrə - Türkiyədə STAR laнihəsinə - 1,3 milyard dollar. Onların ərsəyə gəlinməsinə əslində İCTİMAİ vəsait xərclənib və ictimaiyyət üçün də onların fəaliyyətindən gələn gəlirlərlə bağlı doğru-dürüst audit edilmiş məlumat verilməlidir.

 

2.1. Bakı-Supsa

 

Bakı-Supsa kəmərinin tikintisinə 1997-ci ildə başlanıb və 1999-cu ilin aprelində onun təntənəli açılışı olub.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) onun tikintisinə $560 milyon sərmayə qoyub.

Uzunluğu 827 km olan (Azərbaycan hissəsi – 443 km) kəmərin illik ötürücülük qabiliyyəti 7,5 milyon ton neftdir.

Maksimum gücü ilə kəmər 2005-ci ildə işləyib. Bu da onunla əlaqəli olub ki, “Azəri” yatağındakı platformada hasilat başlayıb, ancaq Bakı-Tbilisi-Ceyhan boru xəttinin istismarı geçikib.

2006-cı ilin oktyabr ayında kəmərdə aparılan test nəticəsində onun gələcəkdə təhlükəsiz işləyə bilməsinə müəyyən şübhələr yarandı və bu baxımdan boru xəttinin Gürcüstan hissəsində 1 kilometrin yenidən tikilməsinə və bəzi hissələrin modernləşdirilməsinə qərar verildi. 2008-ci ilin ortalarında boru xətti yenidən istismara başlamamışdır.

İndiyə qədər Bakı-Supsa kəməri ilə nə qədər neft dünya bazarına çıxarılıb? Bu haqda rəsmi qaynaqda hansısa məlumat yoxdur. Ancaq BP-Azərbaycan şirkəti özünün rüblük mətbuat üçün açıqlamalarında Səngəçal teminalından Supsa istiqamətində nə qədər neft ixrac edilməsinə dair məlumat yayır. Məsələn, 2017-ci ilin yekunlarına əsasən, 27 milyon barel olub, yəni 3,7 milyon ton.

 

3.1. Bakı-Şirvanovka-Novorossiyk

 

“Şimal” marşrutu 1981-ci ildə istifadəyə verilib. O zaman onun funksiyası Rusiya və Qazaxıstan neftinin Bakıdakı iki neftayırma zavodlarına emala fasiləsiz göndərilməsini təmin etmək idi. Azərbaycan müstəqillik əldə edəndən sonra bu kəmər işləmirdi.

 

Azərbaycan xarici şirkətlərlə ilk neft müqaviləsini imzaladıqda xammalın dünya bazarlarına çıxarılmasının optimal variantı kimi Novorossiyk-Bakı neft kəmərinin əks istiqamətdə istifadə edilməsi planı gözdən keçirilmişdi.

 

1997-ci ilin oktyabrın 25-dən onun vasitəsilə Azərbaycan Respublikasının ilk nefti dünya bazarlarına çıxarılmağa başladı.

 

Xarici şirkətlər bu kəmərlə dünya bazarına “Çıraq” yatağından neft ixracını 2005-ci ilin sonuna qədər həyata keçirdilər və sonra QƏRB istiqamətində iki alternativ boru kəmərinin olduğunu əsas gətirərək ondan imtina etdilər. O zamandan indiyə qədər kəmərlə həm SOCAR-ın qurudakı əməliyyat şirkətlərindəki payı, həm də quruda hasilat aparan əməliyyat şirkətlərinin nefti ixrac edilir. İllik ixrac həcmləri 1,3-1,5 mln ton arasında dəyişir.

 

Uzunluğu 1411 km olan bu kəmərin Azərbaycan hissəsinin (231 km) buraxıcılıq gücü ildə 5 milyon tondur. 1997-2018-ci illərdə Novorossiysk istiqamətində təqribən 40 milyon ton Azərbaycan nefti ixrac edilib.

 

Araşdırma zamanı maraqlı bir detal nəzərə çapdı. 10 il öncə Azərbaycanda hasilatla bağlı, eyni zamanda ixrac boru kəmərlərinin statistikası ilə bağlı mətbuatda kifayət qədər müfəssəl məlumat tapmaq olardı. Özü də açıq mətbuatda... Məsələn, Turan agentliyinin TURAN-ENERGY məcmuəsinin 16 yanvar 2008-ci il tarixli sayında Azərbaycanın ən böyük neft hasilatçısının həm yataqlar üzrə illik hasilatı, həm də boru kəmərləri üzrə ixrac məlumatları dərc edilib. Artıq 2009-cu ildə belə məlumatlar olmayıb...2009-da isə maraqlıdır ki, Azərbaycan EİTİ standartları üzrə Çoxtərəfli Qrup yaradıb və ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNDƏ yeni addımlarla irəliyə getdiyini bəyan edib.

 

ABƏŞ-in neft ixracı AIOC (tonla):

Marşrutlar:

Dekabr 2007-ci il

Yanvar-dekabr 2007-ci il

Bakı-Novorossiysk

0

856 303.8

Bakı-Supsa

0

0

Bakı-Batumi

0

985 668

Bakı-Tbilisi-Ceyhan

2 604 924

27 509 522.5

Cəmi

2 604 924

29 351 494.3

 

ABƏŞ-in müqavilə sahəsində neft hasilatı

Dekabr, 2007-ci il

январь-декабрь 2007 года

Barellə

Tonla

Barellə

Tonla

3 712 607

500 076

 47 144 205.88

6 359 066.93

17 753 077

2 391 281,50

196 938 234.5

26 563 390.68

21 465 684

2 891 357,50

244 082 440.38

32 922 457.61

 

Boruların statistikasına dair Azərbaycanda MARAQLI bir hadisə 2016-cı ilin aprelində baş verib.

 

Bu tarixə qədər Dövlət Gömrük Komitəsi özünün aylıq “Xarici ticarətin vəziyyəti haqqında arayış” hesabatlarında hər bir ixrac boru kəməri üzrə SAYĞAC göstəriciləri əsasında REAL ixrac həcmlərini ictimaiyyətə açıqlayardı. Buna görə fikir yürütmək olardı ki, hasil edilmiş və tranzitlə keçən karbohidrogenlər nə qədər olmuş və orta dünya qiymətləri əsasında nə qədər ölkə qazanc əldə etmək imkanına malikdir. Yəni təqribi də olsa hesablama aparmaq imkanı vardı ortada...

Ümumiyyətlə Dövlət Gömrük Komitəsinin “Bəyan edilmiş həcmlər və qiymətlər “i  reallığı əks etdirmir

 

Artıq 2016-cı ilin aprel ayının hesabatlarında bu cür statistik məlumatlar ictimaiyyət üçün əlcatan deyildi. Sadəcə 3.3.1. QRAFASI bütünlükdə GÖMRÜK hesabatından çıxarılmışdı...

 

NƏTİCƏ

 

Azərbaycan Respublikası dünyaya hər zaman karbohidrogen ehtiyatları ilə zəngin bir ölkə kimi tanınıb və bu sahədə həqiqətən zəngin təcrübəsi var.

 

XXI əsrdə Azərbaycan yeni neft və qaz təcrübəsinə yeni bir səhifə yazmağa başladı. Bu da onun əlverişli coğrafi mövqeyindən irəli gəlirdi. Qapalı su hövzəsi olan Xəzərlə – hansı ki, karbohidrogen ehtiyatları ilə çox zəngindir – dünya bazarlarını birləşdirəcək neft və qaz kəmərləri magistrallarının tikintisini reallaşdırmaq.

 

Bəlkə də Azərbaycan bu ideyanı ortaya atıb ona doğru gedəndə çoxları buna şübhə ilə yanaşırdılar. Çünki həqiqətən layihələrimiz ambisiyalı, kapitalyönümlü və mürəkkəb idi... Ancaq ilk ixrac neft və qaz layihələrimizin reallaşmasına layilə dövründən heç 10 il də lazım olmadı...

 

Bunlar çox yaxşı bir nəticədir. İndi Azərbaycanın həm Qərb, həm şimal, həm də cənub istiqamətində İŞLƏK ixrac boru kəmərləri var... Bu, ƏLAVƏ bir qazancdır!

 

Həmin qazancın CƏMİYYƏTLƏ bölüşdürülməsi və onun dəstəyinin QAZANILMASI isə ƏVƏZSİZdir... Çünki ortada ETİBARLILIQ və resurslardan YARARLANMAQ şanslarının digərlərinə NÜMAYİŞİ məsələsi var...

 

Ancaq biz görürük ki, bu məsələlərdə Azərbaycan son 10 ildə irəliyə addımlar atmaq əvəzinə əksinə - geriyə gedir və ildən ilə boru kəmərləri üzrə statistika, onlar üzrə şəffaflıq məsələlərinin açılması daralır. Özü də bu məsələ təkcə Azərbaycanın Dövlət Şirkətinin nəzarətində olan borulara aid deyil.

 

Təəssüf edici haldır ki, Azərbaycanın ən böyük gəlirlərinin formalaşdırılmasında iştirak edən BTC Co. (operator “BP-Azerbaijan” şirkəti) və “Cənub Qafqaz Boru Şirkəti” (iki boru qaz kəmərinin operatorudur – Cənub Qafqaz Boru Kəməri və Genişləndirilmiş Cənub Qafqaz Boru Kəməri) öz fəaliyyətlərini ictimaiyyətdən demək olar ki, qapalı səpkidə qurmuş və bu yöndə də davam etdirməkdədirlər. Həmin şirkətlərin ayrıca olaraq saytları yoxdur.

 

Ancaq BTC Co. 2003-cü ilin 1 avqust tarixində təsis edilmiş ayrıca şirkətdir. Onun öz təsisçiləri var. Orada SOCAR 25% paya malik olub ki, indi AzBTC adı ilə çıxış edir.

 

Operatorun saytında BTC Co-nun fəaliyyəti ilə bağlı hansısa müfəssəl məlumat yoxdur. Həmçinin şirkətin tranzit daşımaları haqda məlumat da yer almır. Bilinmir kim nə qədər neft daşıyır, hansı həcmdə daşıyır. Dövlət statistika komitəsi isə sadəcə “tranzit nefti” anlamından istifadə edir.

 

Tranzit daşıyıcıları gizlətməyin mənası nədir? Burada hansı gizli məqamlar var? Əgər LUKoil şirkəti sonradan açıqlayırsa ki, 2017-ci ildən öz neftini BTC vasitəsilə dünya bazarlarına çıxarmaqda istifadə edir və gələcəkdə bu həcmləri ildə 2 milyon tona qədər artırmağı planlaşdırır. Azərbaycanda isə bu haqda susurlar. O cümlədən də Qazaxıstan neftinin tranziti haqda bunu qeyd etmək olar.

 

İndiyə qədər hələ nə Azərbaycan tərəfi, nə də BTC Co.-nun xarici səhmdarları, o cümlədən operatoru olan BP şirkəti açıqlamayıb ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə çəkilən KAPİTAL xərcləri tam qaytarılıb ya yox? Və yaxud hansı həcmdə qaytarılıb. Axı bu kimi informasiyalar layihənin kommersiya rentabelliyi haqda real fikir formalaşdırılmasında müstəsna əhəmiyyətə malikdir.

 

Eyni məsələləri kapital xərcləri cəmi 1,1 milyard dollara başa gələn Cənub Qafqaz Boru Kəməri haqda demək olar. 12 ildir istismardadır. Vaxtilə BTC ilə eyni zamanda tikildiyindən layihə iştirakçılarına xeyli ucuz başa gələn bir boru kəməri olub. Buraxıcılıq gücü ildə 8 mlrd kub metr olan bu boru kəməri 2010-cu ildən sonra daim səmərəli rejimdə işləyib. Ancaq onun xərclərinin ödənilməsi ilə bağlı layihə iştirakçıları ictimaiyyətə heç bir məlumat verməyiblər. Belə məsələlər düşünmürəm ki, hansısa kommersiya sirri ilə bağlıdır. Çünki layihəni maliyyələşdirən beynəlxalq maliyyə institutlarında və kommersiya banklarında bununla bağlı kifayət qədər məlumatlar var. Sadəcə şirkətlərin fəaliyyət göstərdikləri ölkədə ictimiyyətə biganə yanaşmasından doğan bir məsələdir. Onlar hələ də dərindən dərk etmirlər ki, əgər hökumətə verilən hesabat kommersiya baxımından əldə edilən uğurdursa, ictimaiyyətə verilən hesabat stabil fəaliyyətin və qazancın təməli və ictimaiyyətlə hökumət arasındakı inamın da artırılmasına xidmət edən başlıca amildir.

 

Ona görə də ŞƏFFAFLIQ məsələlərində diqqət şirkətlərin hökumətə ödəmələri, hökumətin şirkətlərdən aldıqlarına yönəlirsə, bunun dayanıqlığını artırmaq üçün aralıq element borular vasitəsilə həyata keçirilən nəqletmə və onlardan gələn gəlirlər məsələsində də açıqlıq təmin edilməlidir.