Karbon kreditləri mexanizmi: beynəlxalq təcrübələr və Azərbaycanda tətbiqi imkanları
1. Giriş
Qlobal istiləşmə, iqlim dəyişikliyi və karbon emissiyaları kimi ekoloji problemlərlə üzləşdiyimiz müasir dövrdə istehsalçıların ətraf mühitə vurduğu zərəri minimuma endirməyə yönəlmiş müxtəlif tətbiqlər həyata keçirilməyə başlanıb. Qlobal istiləşmə kimi qlobal miqyaslı problem qarşısında bu təsirləri minimuma endirmək məqsədilə həm hökumətlər, həm də özəl qurumlar tərəfindən həyata keçirilən siyasətlər mövcuddur. Xüsusilə karbon emissiyalarının əhəmiyyətli dərəcədə artması səbəbindən bunun yarada biləcəyi nəticələrin qarşısını almaq üçün tətbiq edilən mexanizmlərdən biri də karbon kreditləridir.
Başqa bir regionda bir ton karbon dioksid emissiyasının qarşısını almaq məqsədilə başqa bir operatora ödəniş edilməsi karbon kompensasiyası (carbon offsetting) adlanır. Karbon emissiyalarının kompensasiyası mexanizmlərindən ən mühümlərindən biri də karbon krediti tətbiqidir. Həmin mexanizm vasitəsilə karbon emissiyası yaradan istehsalçılar öz emissiyalarını kompensasiya etməyə çalışırlar. İstixana qazı emissiyalarını azaltmaq və atmosferdən karbonun tutulması məqsədilə həyata keçirilən bu cür alətlər istehsalçıları ekoloji cəhətdən məsuliyyətli siyasətlərə təşviq edir.
2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP21) qəbul edilmiş və 2016-cı ildə qüvvəyə minmiş Paris Razılaşması[1] da qlobal miqyasda karbon kreditləri mexanizminin tətbiqinə beynəlxalq ictimaiyyətin də diqqətini artırmışdır. Sazişin tətbiqinə dair bələdçidə[2] bilavasitə karbon kreditlərindən istifadənin əhəmiyyəti, qlobal karbon bazarında bu alətin ticarətinin mümkünlüyü vurğulanır. Qlobal əməkdaşlıq üçün 2 mexanizm təklif edilir: “Birgə Tətbiq” və “Təmiz İnkişaf” mexanizmləri.
“Birgə tətbiq” mexanizminin mahiyyəti budur ki, emissiyaların azaldılmasının daha baha başa gəldiyi inkişaf etmiş bir ölkə oxşar inkişaf səviyyəsinə malik digər ölkədələrdə emissiyaların azaldılmasına yönəlmiş layihələr həyata keçirməklə karbon kreditləri əldə edə bilər.
“Təmiz inkişaf” mexanizmində isə inkişaf etmiş ölkə istixana qazlarının azaldılması layihələrini həyata keçirilməsi xərclərinin adətən daha aşağı inkişaf etməkdə olan ölkədə maliyyələşdirə bilir. Amma bir şərtlə ki, karbon emissiyasının atmosferə təsiri layihə müəllifi olan ölkədən fərqləməsin. Bu mexanizmin işləməsi nəticəsində inkişaf etmiş ölkəyə emissiyanın azaldılması ilə bağlı hədəflərə çatmaq üçün kredit, inkişaf etməkdə olan ölkəyə isə investisiyası və təmiz texnologiya əldə edir.
Karbon kreditlərindən istifadə mexanizmləri çərçivəsində ölkələr üçün müəyyən karbon emissiyası kvotası müəyyən edilir və bu kvotanın istehsalçılar arasında bölüşdürülməsi nəzərdə tutulur. İstehsalçı öz kvotasını aşdığı halda, kvotası olan başqa istehsalçıdan əlavə emissiya hüququ əldə edə bilər və bunun sayəsində qlobal karbon ticarəti bazarı formalaşır.
Karbon kvotalarının alınıb-satıldığı bazar mövcud olduqda, kredit mexanizmi də meydana çıxır. Karbon kreditləri emissiyaların azaldılmasını təsdiqləyən sertifikatlaşdırılmış vahidlərdən ibarətdir. Karbon krediti sertifikatı tələb və təklifdən asılı olaraq bazarda dəyər qazanır və alınıb-satıla bilən aktivə çevrilir. Xüsusilə sənayeləşmiş ölkələrdə karbon kreditlərinə tələbat yüksəkdir. Karbon kvotalarını və ya emissiya hədəflərini öz daxili imkanları hesabına qarşılaya bilməyən ölkə və şirkətlər karbon kreditləri satın ala bilərlər.
Beləliklə, qeyd olunanlardan göründüyü kimi Paris Razılaşma çərçivəsində emissiyanın azaldılması ilə bağlı öhdəlik götürən ölkələrdən biri kimi Azərbaycan üçün də karbon qiymətqoyma mexanizminin mühüm alətlərindən biri olan karbon kreditlərinin mahiyyətinin tətbiqi imkanlarının nəzərdən keçirilməsi vaicbdir. Təqdim olunan analitik material da məhz adıçəkilən mexanizmin izahına, bu sahədə beynəlxalq təcrübələrə və onların Azərbaycanda istifadəsi imkanlarına həsr edilib.
2. Karbon kreditləri mexanizminin mahiyyəti, prinsipləri və məqsədləri
Karbon kreditləri iqlim dəyişikliyi ilə bağlı hədəflərə nail olmaq üçün qlobal miqyasda karbon vergisi və Emissiya Ticarət Sistemi (ETS) ilə paralel son illə tətbiq olunan siyasət alətlərindən biridir. Lakin karbon vergisindən fərqli olaraq ETS və karbon kreditlərinin bir ortaq cəhət birləşdirir: ETS mexanizmi çərçivəsində müəyyən edilən emissiya kvotaları və karbon kreditləri karbon bazarında ticarət edilə bilirlər. Bu ticarətin necə baş verdiyinə diqqət yetirməzdən əvvəl “karbon kreditləri nədir” sualına cavab vermək vacibdir.
Karbon krediti — müxtəlif subyektlərin (hökumət, şirkətlər və s.) həyata keçirdikləri layihə və tədbirlər sayəsində istixana qazı emissiyalarının azaldılmasına, yaxud atmosferdən kənarlaşdırılmasına dair nəticələrin müvafiq qaydada ölçülməsi və sertifikatlaşdırılması, habelə reyestrdə qeydiyyata alınması əsasında formalaşan aktivdir. Karbon kreditləri alınıb-satıla bilən aktivlərdir və bir karbon krediti, adətən, bir ton karbon dioksid ekvivalentinə (tCO₂e) bərabər istixana qazlarının emissiyasının azaldılmasını ifadə edir[3].Burada “kredit” termini gündəlik həyatda sıx-sıx səslənən ənənəvi bank krediti (bankdan götürülən borc) anlayışından tamamilə fərqlidir və ixtiyari iqtisadi subyektin karbon emissiyasının azaldan layihələrə sərmayə qoyuluşları sayəsində əldə etdiyi qazandığı aktivdir.
Daha çox texniki anlayış kimi təqdim olunan bu tərifin müəyyən qədər mürəkkəb göründüyünü nəzərə alaraq, karbon kreditləri mexanizmini praktik bir nümunə əsasında izah etmək daha faydalı ola bilər. İxtiyari bir şirkətin fəaliyyəti nəticəsində hər il 100 min ton CO₂ emissiyası atmosferə buraxılır. Tutaq ki, müəssisə bu həcmdə emissiyanı məhdudlaşdırmaq üçün uzun bir dövr ərzində xeyli addım atıb: istehsalın təşkili üçün texnoloji baxımdan daha qabaqcıl və səmərəli avadanlıqlar alıb, elektrik enerjisinə qənaət edən texnologiyalar tətbiq edib, alternativ enerjidən istifadəyə keçib. Lakin bütün bu tədbirlər emissiyanı 100 min tondan 30 min tona qədər endirməyə imkan verib və müəssisə istehsaldaxili təkmilləşmələr hesabına yaxın 5-10 ildə CO₂ emissiyasını sıfırlaya bilməyəcəyi qənaətinə gəlir. Məhz bu nöqtədə aradan qaldıra bilmək imkanında olmadığı 20 min CO₂ emissiyasını karbon krediti mexanizmi vasitəsilə kompensasiya etmək qərarına gəlir. Aviasiya və gəmiçilik kimi elə sahələr var ki, onlar üçün hələlik CO₂ emissiyası formalaşdıran ənənəvi yanacaqla işləməkdən başqa imkanlar ya yoxdur, ya da çox məhduddur. Məhz belə seqmentlər üçün karbon kreditləri daha effektiv alət hesab edilir. Bu qəbildən olan sahə və ya ayrıca götürülmüş şirkətlər azalda bilmədikləri CO₂ emissiyasını karbon kreditləri vasitəsilə necə kompensasiya edirlər? Onlar öz fəaliyyət sahəsindən kənarda dekarbonizasiyanı təmin edən fəalliyyətlərə investisiya edirlər və bunun müqabilində öz hesablarına sertifikatla təsdiqlənən kredit (aktiv) daxil edirlər. Məsələn, şirkətin fəaliyyət göstərdiyi şəhərdə alternativ enerji layihələri həyata keçirilir və həmin layihələrin sayəsində il ərzində atmosferə buraxılan 150 min ton CO₂ emissiyası azalmış olur. Əgər şirkət həmin layihə üçün tələb olunan sərmayə qoyuluşlarının 15%-ni öz üzərinə götürmüş olsa, bu təxminən 20 min ton ətrafında (şirkətin öz fəaliyyəti nəticəsində azalda bilmədiyi) emissiyaya bərabərdir. Bu halda adıçəkilən şirkət karbon krediti mexanizmi vasitəsilə atmosferə buraxdığı CO₂ emissiyasının yerdə qalan hissəsini məhz yaşıl enerjiyə investisiya qoyuluşları formasında kompensasiya etməklə özünə kredit (aktiv) yaratmış olur. Təkrar hesablamalara yol verməmək üçün karbon kreditlərinin reyestri aparılır və eyni layihə çərçivəsində bir dəfə alınmış karbon kreditinin təkrar satışına icazə verilmir. İxtiyari bir yaşıl enerji layihəsi 200 min ton CO₂ emissiyasının azalmasına gətirib çıxarırsa, bu həmin layihə üzrə yalnız 200 min karbon kreditinin satıla biləcəyi deməkdir. Fəaliyyəti emissiya yaradan şirkətlərin bu cür investisiyaları yaşıl enerji keçidi üçün mühüm maliyyə mənbəyi kimi çıxış edir. Bir məqamı da aydınlaşdırmaq mühümdür: karbon bazarında ticarətin obyekti kimi atmosferə emissiya buraxılışının azaldılmasını rəsmi təsdiq qaydada (sertifikatla) təsdiqləyən hüquqi iddia kimi çıxış edir. Bu hüququ (yaxud aktivi) ilkin bazarda alan subyekt onu təkrar bazarda satmaq hüququnu da özündə saxlayır: məsələn, 20 min ton CO₂ emissiyasına ekvivalent karbon kreditinə sahib şirkət müəyyən müddət sonra hər hansı səbəbdən onun hamısını və ya müəyyən bir hissəsini başqa bir emissiya yaradan subyektə sata bilir. Satan tərəf satılan həcm qədər emissiya kompensasiyası hüququnu itirir, qarşı tərəf isə həmin həcmdə karbon krediti (aktivi) qazanmış olur.
Sınaqdan çıxarılmış təcrübələri ümumiləşdirdikdə, karbon kreditinin hesablanması prosesi bir sıra mərhələlərdən ibarətdir. İlk mərhələ layihə növünün müəyyən edilməsidir. Karbon krediti əldə edə biləcək layihələr əsasən bərpa olunan enerji layihələri, meşələrin qorunması layihələri, enerji səmərəliliyi layihələri və ya karbonun tutulması texnologiyaları kimi sahələrdə təmərküzləşir.
Növbəti mərhələ karbon emissiyalarının azaldılması potensialının hesablanmasıdır və bu hədəflənən layihənin illik olaraq nə qədər istixana qazı emissiyasının qarşısını ala biləcəyinin hesablanmasını nəzərdə tutur. Məsələn, meşələrin qorunması layihəsi karbon qazını udma qabiliyyətinə əsasən müəyyən miqdarda kredit yarada bilər.
Üçüncü mərhələ yoxlama və təsdiqdir. Yaradılan karbon kreditlərinin doğruluğu müstəqil auditorlar və sertifikatlaşdırma qurumları tərəfindən yoxlanılır. Bu mərhələ kreditlərin etibarlılığını və beynəlxalq bazarlarda alınıb-satılmasını təmin edir.
Nəhayət, sonuncu mərhələ kreditlərin satılması və istifadə edilməsidir. Təsdiqlənmiş karbon kreditlərinin karbon ticarəti bazarlarında satın alınması, əldə edilmiş kreditlərin isə təsərrüfat subyektləri tərəfindən emissiyaların azaldılması üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə istifadə etməsi mümkündür.
Dünya Bankının hazırladığı son hesabatlardan[4] birində karbon kreditlərinin bir maliyyə aləti kimi məqsədlərindən ətraflı bəhs edilir. Hesabat müəllifləri qeyd edir ki, bu mexanizminin əsas məqsədi istixana qazı emissiyalarının azaldılması və karbonun atmosferdən kənarlaşdırılması ilə əlaqəli fəaliyyətlərə iqtisadi stimul yaratmaqdır. Sözügedən maliyyə aləti atmosferə buraxılan emissiyanın azalmasını dəqiq ölçmələr əsasında müəyyən edərək nəticələri müvafiq sertifikatla təsdiqlənən kreditlər vasitəsilə iqtisadi dəyərə çevirər, iqlim layihələrinə dövlət və özəl sektorun maliyyə vəsaitlərinin cəlb olunmasına şərait yaradır. Karbon kreditləri ən müxtəlif məqsədlər üçün, o cümlədən ETS və karbon vergisi kimi məcburi karbon qiymətqoyma alətləri çərçivəsində öhdəliklərin tam və ya qismən yerinə yetirilməsi, habelə emissiyanın könüllü azaldılması istiqamətində məqsədlərə çatmaq üçün də istifadə edilə bilər. Bu baxımdan karbon kreditləşdirmə mexanizmi yalnız emissiyaların azaldılmasını təşviq edən alət deyil, həmçinin iqlim layihələri üçün əlavə maliyyə mənbələrinin formalaşdırılmasına, emissiyaların azaldılması potensialı olan sahələrə investisiyaların yönəldilməsinə və milli iqlim siyasəti məqsədlərinə daha səmərəli şəkildə nail olunmasına xidmət edən bazar mexanizmidir.
Bankın ekspertləri hesab edir ki, karbon kreditləşdirməsi mexanizmi ilqlim dəyişikliyi ilə bağlı siyasət alətləri dəstində təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Bu baxımdan, adıçəkilən kreditlərə tələbat yaratmaq üçün əlaqəli digər siyasət alətlərinin də tətbiqi tələb olunur. Lakin mexanizmin tətbiqinin başlanğıc mərhələsində siyasət alətləri dəstinin diqqətlə qiymətləndirməlisi vacib hesab edilir. Bu qiymətləndirmə yalnız kreditləşdirmə mexanizminin rolunu müəyyən etmək üçün deyil, həmçinin bu mexanizmi tamamlayan, onunla üst-üstə düşən və ya onun effektivliyini zəiflədə bilən digər siyasət istiqamətlərilə qarşılıqlı əlaqələrin necə idarə olunacağını müəyyən etmək üçün aparılmalıdır.
Karbon kreditləri bir mexanizm olaraq müxtəlif prinsiplərə söykənir. Karbon kreditləri mexanizminin keyfiyyətini və etibarlılığını artırmaq üçün qlobal miqyasda yaradılmış müstəqil idarəetmə təşəbbüsü adıçəkilən maliyyə alətinin bəzi mühüm prinsipləri kimi bunları müəyyən edib. Bura effektiv idarəetmə, emissiyanın əlavə azaldılması, daimilik, etibarlılıq, müstəqil yoxlama, ikiqat hesablamanın yolverilməziyi, şəffaflıq və s. kimi prinsiplər daxildir [5].
Effektiv idarəçilik prinsipi karbon kreditləşdirmə proqramında şəffaflığı, hesabatlılığı, davamlı təkmilləşdirməni, eləcə də karbon kreditlərinin ümumi keyfiyyətini təmin etmək üçün effektiv proqram idarəetməsinin mövcudluğunu nəzərdə tutur.
Davamlı izləmə prinsipinə əsasən, karbon kreditləşdirmə proqramı emissiyaların azaldılması üzrə fəaliyyətləri və dövriyyəyə daxil edilmiş karbon kreditlərinin unikal şəkildə müəyyən edilməsi, qeydiyyata alınması və izlənməsi üçün reyestr yaratmağı önə çəkir. Bu yanaşma kreditlərin təhlükəsiz və birmənalı şəkildə müəyyən edilə bilməsi baxımından vacibdir.
Şəffaflıq prinsipi karbon kreditlərinin əhatə etdiyi bütün proqramlar üzrə məcmu emissiyaların azaldılmasına dair üzrə fəaliyyətlər haqqında hərtərəfli və şəffaf məlumat təqdim etməlidir. Məlumatlar elektron formatda ictimaiyyət üçün açıq olmalı və emissiyaların azaldılması üzrə fəaliyyətlərin ictimai nəzarətə məruz qalmasını təmin etmək məqsədilə ixtisaslaşmış olmayan şəxslər üçün də əlçatan olmalıdır.
Yoxlama və təsdiqləmə prinsipi karbon kreditləşdirmə proqramları çərçivəsində emissiyaların azaldılması üzrə fəaliyyətlərin müstəqil subyekt tərəfindən möhkəm və etibarlı şəkildə izlənməsini, yoxlanmasını, son mərhələdə təsdiqlənməsini nəzərdə tutur.
Davamlı inkişaf üçün fayda və zəmanətin təmin edilməsi prinsipinə görə, karbon kreditləşdirmə proqramında emissiyaların azaldılması üzrə fəaliyyətlərin sosial və ekoloji töhfəsinə dair təminatlar olmalı, eyni zamanda bu proqramların davamlı inkişafa müsbət təsirlər göstərməsini təmin etmək üçün aydın təlimat və alətlər yaradılmalıdır.
Karbon krediti əldə olunması bir neçə mərhələdən keçir. Listinq mərhələsi layihənin hazırlanması prosesində izlənilən ilk mərhələdir. Bu mərhələdə layihə müvafiq məlumat bazasında siyahıya alınır. Növbəti mərhələdə - qeydiyyat mərhələsində layihə ilə bağlı sənədlər hazırlanır və sahə auditi aparılır. Lazımi yoxlamalar həyata keçirilir, sənədlər qeydə alınır və layihənin qiymətləndirilməsi prosesi başlanır. Son mərhələdə - verifikasiya mərhələsində isə zamanı əvvəl hazırlanmış sənədlərə əlavə olaraq istehsalın və emissiyanın həcminə dair məlumatlar, istifadə olunan avadanlıqların uyğunluğunu təsdiqləyən sənədlər təqdim edilir. Təsdiq alındıqdan sonra proses tamamlanır və karbon krediti hesablanması nəticəsində müəyyən edilmiş kreditlər müvafiq hesaba əlavə olunur.
Tətbiq dairəsindən asılı olaraq karbon kreditinin 3 növü fərqləndirilir: enerji səmərəliliyi tədbirləri vasitəsilə emissiyaların azaldılması, karbonun atmosferdə tutulması və ya meşələrin salınması və bərpası vasitəsilə emissiyaların atmosferdən uzaqlaşdırılması, karbon ehtiyatlarının məhv edilməsinin qarşısını alan layihələr vasitəsilə emissiyadan yayınmanın təmin edilməsi[6].
Karbon kreditləri təmin etdikləri ekoloji faydaya görə iki əsas qrupa bölünür: karbon emissiyalarının qarşısını alan karbon kreditləri və karbon emissiyalarını azaldan karbon kreditləri. Məsələn, meşələrin bərpası və qorunması, bərpa olunan enerji ilə bağlı fəaliyyətlər karbon emissiyasının qarşısını alan layihələrdir. Emissiyanı azaldan layihələrə isə enerji səmərəliliyinin artırılması, sənaye proseslərinin təkmilləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi, kömürdən təbii qaza və ya emissiyanın minimum olduğu başqa enerji mənbəyinə keçid ilə bağlı fəaliyyətləri nümunə göstərmək mümkündür.
Reallaşdırma formasına görə, karbon kreditləri əsasən iki əsas növə bölünür: Sertifikatlaşdırılmış Karbon Kreditləri (CER) və Könüllü Karbon Kreditləri[7]. Sertifikatlaşdırılmış Karbon Kreditləri BMT təşkilatı tərəfindən təsdiqlənmiş layihələr vasitəsilə əldə edilən kreditlərdir. Bu kreditlər Kioto Protokolu çərçivəsində yaradılmış “Təmiz İnkişaf Mexanizmi (CDM)” kimi proqramlar vasitəsilə əldə olunur. Könüllü Karbon Kreditləri isə hər hansı beynəlxalq tənzimləyici orqan tərəfindən məcburi qaydada təsdiqlənməyən, lakin könüllü şəkildə qəbul edilən layihələrdən əldə olunan kreditlərdir. Bu kreditlər əsasən könüllü karbon bazarında alınıb-satılır.
Kreditlərin proqram və layihə səviyyəsində faəliyyətləri əhatə etməsinə görə də karbon kreditləri fərqlənir[8]. Məsələn, layihə əsaslı kreditləşmədə mexanizm yalnız konkret bir layihəni əhatə edir. Külək və ya günəşlə işləyən elektrik stansiyasının qurulması məhz buna aiddir. Proqram əsaslı kreditləşmə mexanizmi isə əvvəlcədən müəyyən edilmiş çərçivə və qaydalar əsasında bir-biri ilə əlaqəli və ya eyni tipli çoxsaylı fəaliyyət və layihələrin vahid proqram çərçivəsində kreditləşdirilməsini nəzərdə tutur. Məsələn, ölkə boyu 3 il ərzində 100 günəş və külək stansiyasının qurulması proqramı çərçivəsində müxtəlif layihələrn gerçəkləşdirilməsi proqram əsaslı kreditləşmədir.
Sektor əsaslı kreditləşdirmə ayrı-ayrı layihələrə deyil, müəyyən bir sektor üzrə emissiyaların azaldılmasını nəzərdə tutan yanaşmadır. Məsələn, kimya sənayesində emissiyaların müəyyən baza səviyyəsi müəyyən edilir və sektor üzrə emissiyanın həmin səviyyədən aşağı salınması hədəflənir. Əgər ölçmələr emissiya azalmasını təsdiqləyirsə və müvafiq tələblər yerinə yetirilirsə, karbon kreditləri buraxılması mümkün olur.
Nəhayət, siyasət əsaslı kreditləşdirmə konkret bir layihənin deyil, dövlət tərəfindən həyata keçirilən siyasət, proqram və ya tənzimləyici tədbirin nəticəsində emissiyanın azaldılmasını hədəfləyir. Məsələn, əgər hökumət avtomobillərin yanacaq sərfiyyatını azaltmaq üçün istifadə olunan yanacaq növlərinin səmərəliliyi üzrə məcburi standart tətbiq edirsə, bunun nəticəsində yanacaq istehlakının azalması nəqliyyat sektorunda emissiyanı məhudlaşdırırsa, karbon kreditlərinin yaradılması mümkün olur. Eyni yanaşma bərpa olunan enerjiyə keçid siyasəti nəticəsində ənənəvi yanacaq istehlakının, uyğun şəkildə emissiyanın azalmasına da aiddir.
3. Karbon kreditlərinin tətbiqi sahəsində beynəlxalq təcrübələr
Dünyada karbon kreditlərinin ticarəti xüsusilə qabaqcıl ölkələrdə geniş yayılmışdır, inkişaf etməkdə olan ölkələrdə isə bu proses son illərdə inkişaf etməyə başlayır. Bu səbəbdən karbon krediti mexanizminin tətbiq sahəsinin böyüməsi, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük imkan yaradır.
Bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrdən biri Çindir və o məsuliyyətli böyük bir dövlət kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin iştirakçısı olaraq qlobal iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş beynəlxalq səylərdə iştirak edir. Çin 2009-2020-ci illərdə ÜDM-in hər vahidinə düşən CO₂ emissiyalarını 2005-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azaltmaq istiqamətində ciddi səy göstərib. 2030-cu ildə Çində ÜDM-in hər vahidinə düşən CO₂ emissiyaları 2005-ci illə müqayisədə 65% aşağı olacaqdır. Çinin karbon bazarının formalaşması ölkənin iqlim siyasətinin mühüm tərkib hissəsidir. Bu ölkə 2060-cı ilə qədər karbon neytrallığına nail olcağını bəyan edib. Çinin karbon bazarının formalaşması ölkənin iqlim siyasətinin mühüm alətidir və son illər bu bazarın inkişafına xüsusi diqqət yetirilir. Bu siyasətin mühüm elementlərindən biri “Çin Sertifikatlaşdırılmış Emissiya Azaldılması” mexanizmidir (CCER). Sistem enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji, meşələrin salınması və digər layihələr nəticəsində azalan emissiya həcminin karbon bazarında alınıb-satılmasına imkan verir[9]. Çinin karbon bazarını başa düşmək üçün ilk növbədə karbon kvotası ilə karbon krediti arasındakı fərqə diqqət yetirmək vacibdir: karbon kvotası dövlət tərəfindən müəyyən edilmiş müddət ərzində təsərrüfat subyektlərinə icazə verilən emissiyası miqdarını ifadə edir və bu hüquq bazarda alınıb-satılır.
Karbon krediti isə faktiki olaraq müəyyən miqdarda emissiyanın azaldılmasını və ya atmosferdən karbonun tutulmasını təsdiq edən sertifikatdır. Başqa sözlə, Emissiya Ticarəti Sistemi (ETS) emissiya kvotalarının ticarətini təmin edir, CCER isə təsdiqlənmiş əlavə emissiya azalmalarına bazar dəyəri qazandırır.
Çinin karbon kreditləşmə mexanizminin formalaşması xeyli zaman alıb. 2011-ci ilin martında Çinin Milli İnkişaf və İslahat Komissiyası növbəti “Beşillik Plan” sənədirndə istixana qazı emissiyalarının statistik uçotu və hesablanması sisteminin yaradılması, karbon emissiyaları üzrə ticarət bazarının inkişaf etdirilməsi əks etdirildi. Bunun ardınca Pekin, Tianjin, Şanxay və Şençjen daxil olmaqla ölkənin bir çox şəhər və regionunda karbon emissiyası ticarəti üzrə pilot layihələrin həyata keçirilməsinə start verildi. Bu mərhələ Çində gələcək milli karbon bazarının institusional əsaslarının formalaşmasına bünövrə yaratdı. Artıq 2012-ci ildə ölkədə könüllü karbon bazarının yaradılması prosesi başladı. 2014-cü ildə Çində CCER layihələrinin hazırlanması və monitorinqinin standartlaşdırılması üçün müvafiq sənədlər və hesabatlılıq formaları təsdiqləndi. 2015-ci ildə isə Çinin könüllü istixana qazı emissiyalarının azaldılması üzrə qeydiyyat sistemi yaradıldı və CCER ticarət bazarı formal olaraq fəaliyyətə başladı. Lakin ilk mərhələ uğurlu olmadı və elan edilmiş 97 layihədən yalnız 3-ü təsdiqləndi. 2017-ci ildə səlahiyyətli dövlət qurumu karbon kreditləşməsi ilə bağlı ticarət həcmlərinin aşağı olması səbəbindən sistemin fəaliyyətini dayandırdı. Lakin 2023-cü ildə Ekologiya və Ətraf Mühit Nazirliyi könüllü emissiya azaldılması layihələri üçün yeni metodologiyanın hazırlanması ilə mexanizmin fəaliyyəti bərpa edildi. Çində karbon krediti sadəcə layihənin “yaşıl keçid”lə bağlı olması kifayət deyil. Eyni zamanda, layihə müəyyən edilmiş metodologiyaya uyğun hazırlanmalı, azalan emissiya həcmi dəqiq hesablanmalı və müstəqil subyekt tərədindən yoxlanmalıdır. Hazırda Çində karbon kreditləşməsi ilə bağlı layihələr meşələrin salınması, günəş və dənizdə külək enerjisi layihələrini əhatə edir. Çin sisteminin yaradıcıları hesab edir ki, xüsusilə də meşə layihələri karbon kredit mexanizminin işləkliyi üçün xüsusi əhəmiyyət daşıyır. Çünki meşələr atmosferdəki karbonu biokütlədə və torpaqda saxladığı üçün karbon kreditlərinin yaradılmasında mühüm potensiala malikdir. Çinin zəngin meşə ehtiyatlarına malik olması bu mexanizmin işləkliyini daha da gücləndirir.. Ölkənin meşə sahəsi 231 milyon hektar, meşə ehtiyatlarının həcmi 19,49 milyard kubmetr, ümumi karbon ehtiyatı isə təxminən 10,72 milyard ton təşkil edir. Bu göstəricilər Çində meşələr vasitəsilə karbon tutulması və neytrallaşdırılması sahəsində böyük imkanların olduğunu nümayiş etdirir. Hesablamalara görə, Çinin meşə əraziləri ildə orta hesabla 161–358 milyon ton həcmində karbonu udmaq qabiliyyətinə malikdir ki, bu ənənəvi yanacaq növlərinin yandırılması nəticəsində yaranan karbon emissiyalarının 22%-nin udulmasına bətrabərdir. Meşə karbon layihələri yeni meşələrin salınmasını və mövcud sahələrin bərpasını əhatə edir.
Ekspertlər Çinin mövcud karbon kreditləşdirmə sisteminin problemlərinə də diqqət çəkirlər. Məsələn, meşə əkinləri üçün uyğun keyfiyyətdə torpaqların məhdud olması səbəbindən yalnız yeni meşələrin salınmasına əsaslanan layihələrin sayının artması çətin ola bilər.
Digər mühüm bir problem kimi monitorinq xərclərinin yüksək olması göstərilir. Meşələrin tutub saxladığı karbonun həcminin dəqiq ölçülməsi asan deyil. Ağacların böyüməsi, biomassa, torpaqdakı karbon və digər göstəricilər müntəzəm şəkildə ölçülməlidir. Ekspertlər bu problemin həlli üçün dronlardan , süni intellektdən və lazerdən istifadəni vacib sayırlar. Çünki dronlar yüksək dəqiqliklə çəkilmiş görüntülərlə meşələrin dinamikasını izləməyə, süni intellekt ağac növlərini və sağlamlıq vəziyyətini müəyyənləşdirməyə, eləcə də karbon ehtiyatındakı dəyişiklikləri proqnozlaşdırmağa, lazer texnologiyası isə ağac örtüyünün və biokütlənin ölçülməsinə imkan verir.
Braziliya da karbon kreditləşməsi sahəsində təcrübə qazanmış ölkələrdən biri hesab edilir. Bu ölkədə də karbon kreditləşməsinin əhəmiyyətli hissəsi meşələrin qırılmasının və deqradasiyasının qarşısının alınması layihəri (REDD) ilə bağlıdır[10]. Çində olduğu kimi Braziliyada da meşələr karbon ehtiyatları kimi qəbul edilir və onların qorunması nəticəsində azalan emissiya həcminin iqtisadi şəkildə qiymətləndirilməsi nəzərdə tutulur. Mexanizm eyni zamanda meşələrin qorunması, idarə edilməsi və karbon ehtiyatlarının artırılması üçün dövlət və özəl investisiyaların cəlb edilməsini nəzərdə tutur. Mövcud system karbon kreditinin formalaşmasını belə bir sadələşdirilmiş ardıcıllıq əsasında təmin edir: qorunan və qırılmasına imkan verilməyən meşələrin ümumi sahəsinin davamlı hesablanır, bunun sayəsində azalan emissiya həcmi müəyyənləşdirilir, nəticələr sertifikatlaşdırır, sertifikat əsasında karbon krediti yaradılır və kreditin bazarda ticarəti təmin edilir. Nəticə etibarı ilə meşənin ekoloji funksiyası iqtisadi ölçüyə çevrilir. Meşə artıq yalnız ağac və biomüxtəliflik mənbəyi kimi deyil, həm də karbon ehtiyatı və satıla bilən ekoloji aktiv kimi qiymətləndirilir. Hələ 2008-ci ilin sonlarında qəbul edilmiş Milli İqlim Dəyişiklikləri Planından əvvəl belə bazar və kompensasiya mexanizmləri üzrə təşəbbüslər inkişaf etdirilirdi. Məsələn, milli REDD strategiyasının formalaşdırılması, regionlar səviyyəsində müxtəlif proqramların hazırlanması belə təşəbbüslərdən olub. Məsələn, ştatların birində “Ekoloji Xidmətlərin Təşviqi Sistemi” adlı mexanizmin yaradılması icmalara və torpaq sahublərinə maliyyə stimullarının təqdim edilməsini nəzərdə tuturdu. Həmin mexanizm çərçivəsində konkret ərazidəki meşələrin qorunmasına, su hövzələrinin və çayların su keyfiyyətinin mühafizəsinə, biomüxtəlifliyin saxlammsına, torpaqların eroziyasının azaldılmasına görə icmalara və fərdlərə ödənişlər edilirdi. 2015-ci ildə isə Braziliyada artıq milli səviyyədə REDD Strategiyası yaradıldı. Özəl layihələrdən fərqli olaraq, bu sistem nəticəyə əsaslanan ödəniş mexanizminə söykənirdi. Strategiyanın idarə olunması üçün yaradılmış xüsusi bir mexanizm yaradıldı. Bu mexanizm federal hökumət, ştatlar, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirən idarəetmə sistemi kimi nəzərdə tutulmuşdu. Qurumun işində 2019-cu ildə fasilə yaransa da, 2023-cü ilin sonlarında yenidən fəaliyyətə başlamışdı.
Braziliyada karbon kreditləri bazarının 2 seqmenti bir-birindən ayrılır: dövlətin aparıcı oyunçu olduğu ərazi əsaslı layihələrdə əsas subyekt konkret bir layihə və ya şirkət deyil, müəyyən ərazi üzrə dövlət qurumudur. Burada emissiyaların azaldılması daha geniş miqyasda, məsələn, bütöv bir ştat və ya region səviyyəsində hesablanır. Belə yanaşmanın üstünlüyü budur ki, ayrı-ayrı layihələrin yaratdığı pərakəndəlik aradan qalxır və meşələrin qorunması daha geniş ərazidə baş verir. Beynəlxalq səviyyədə bunun mühüm nümunələrindən biri 2021-ci ildə ABŞ, Böyük Britaniya və Norveç tərəfindən karbon kreditlərinə maraqlı özəl şirkətlərlə birlikdə yaradılan koalisiyadır. “Meşələrin Qorunmasını Maliyyələşdirməklə Emissiyanın Azaldılması” adlandırılan həmin koalisiya tropik meşələrə malik ölkələrin hökumətlərindən ərazi əsaslı karbon kreditləri almağı nəzərdə tutur. Ötən dövrdə Braziliyanın 8 ştatı adıçəkilən beynəlxalq mexanizm çərçivəsində kredit təklifləri təqdim etmişdi.
Özəl şirkətlərin, torpaq sahiblərinin və digər subyektlərin iştirak etdiyi könüllü karbon bazarının əsas əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçılar hüquqi məcburiyyət olmadan öz emissiyalarını kompensasiya etmək məqsədilə karbon kreditləri ala bilirlər. Bu bazarın fəaliyyət göstərməsi üçün müstəqil sertifikatlaşdırma standartları yaradılıb. Braziliyadakı REDD layihələri üçün müxtəlif sertifikatlaşdırma mexanizmi mövcuddur. Məsələn, “İqlim, İcma və Biomüxtəliflik Standartı” karbon kreditləşməsi üzrə layihələrin insanlar və təniət üçün əlavə faydalarını və risklərini, biomüxtəliflik üçün sosial və ekoloji nəticələrini qiymətləndirir.
Son illərdə Braziliyada karbon kreditləri ilə layihələri sayı sürətlə artıb. Məsələn, təkcə bir araşdırma çərçivəsində 111 özəl layihənin xəritəsi müəyyən edilib. Karbon krediti alan şirkətlər bazarda tələbi formalaşdırırlar. Onlar kreditləri öz emissiyalarını kompensasiya etmək, iqlim öhdəliklərini dəstəkləmək və korporativ ekoloji strategiyalarının bir hissəsi kimi istifadə edə bilirlər. Məsələn, Braziliyanın dövlətə məxsus neft-qaz şirkəti “Petrobras” 2023-cü ildə “karbon neytrallığı” təşəbbüsü çərçivəsində Envira layihəsindən 175 min karbon krediti əldə edib. Braziliyada karbon kredit alan müxtəlif bank, aviasiya, enerji, pərakəndə və texnologiya şirkətlərinin sayı kifayət qədər çoxdur.
Qeyd olunanlara yanaşı, ekspertlər Braziliyada karbon kreditləşdirmə mexanizminin problemlərinə də diqqət çəkirlər. Əsas problemlərdən biri kimi karbon kreditlərinin keyfiyyəti göstərilir. Keyfiyyətli kredit odur ki, onun irəli sürdüyü layihə emissiyanı real şəkildə azalda bilsin. Bəzən adıçəkilən layihələr hədəflənən həcmdə emissiya azalmasına nail ola bilmir.
Başqa ciddi bir problem torpaqlar üzərində mülkiyyət hüquqlarının qeyri-müəyyənliyidir. Bəzi layihələrin hüquqi statusu mübahisəli olan torpaqları əhatə edir ki, bu da karbon bazarının fəaliyyətinə birbaşa təsir edir. Torpaq üzərində mülkiyyət və istifadə hüquqları müəyyən edilmədən həmin ərazi əsasında karbon kreditlərinin yaradılması sosial və hüquqi risklər yaradır bilər.
Azərbaycanla qonşu ölkələrdən biri – Türkiyədə də karbon kreditləşmə mexanizmi inkişaf mərhələsindədir. Ölkədə sahə ekspertləri Türkiyənin Paris İqlim Sazişini imzalamasını və Razılaşma çərçivəsində 2030-cu ilədək karbon emissiyalarının azaldılmasına dair üzrə hədəflər müəyyən etməsini karbon krediti mexanizminin mühüm alət kimi qiymətləndirirlər. Hələlik ölkədə karbon kreditləri ilə bağlı hüquqi tənzimləmələr hələ tam formalaşmasa da, bu istiqamətdə bir sıra mühüm addımlar atılır. Hələlik karbon ticarətinin inkişaf etdirilməsi məqsədilə genişmiqyaslı araşdırmalar aparıldğı bildirilir. Bundan əlavə, xüsusilə bərpa olunan enerji layihələri və enerji səmərəliliyi sahələrində karbon krediti proqramları təşviq edilir, bu layihələr Türkiyənin istixana qazı emissiyalarının azaldılması strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Paralel olaraq, Türkiyə Avropa İttifaqının karbon ticarəti sistemi ilə uyğunlaşdırılmış bazar yaratmağı hədəfləyir. Bu məqsədlə Türkiyə gələcəkdə karbon ticarətinin effektivliyini artırmaq üçün daxili bazarda karbon kreditlərinin alqı-satqısına dair tənzimləmələr tətbiq edə bilər[11]. Avropa Birliyi ilə “Yaşıl Razılaşma” çərçivəsində 2030-cu ilədək istixana qazı emissiyalarını ən azı 55% azaltmaq öhdəliyi də ölkədə karbon kreditləşmə mexanizmi üçün əlavə imkanlar yaradır.
Hazırda Türkiyədə “Turkuaz karbon krediti” mexanizmi tətbiq edilir. Bu, Türkiyənin Karbon Kompensasiya Sistemi çərçivəsində yaradılan və 1 ton karbon dioksid ekvivalenti ilə ifadə olunan milli karbon kreditidir[12].
Türkiyədə karbon kreditləşdirmə mexanizmi üçün daha detallı hüququ baza 2025-ci ildə qəbul edilmiş “İqlim Qanunu” və onun əsasında hazırlanmış “Karbon kreditləşdirməsi və emissiya kompensasiyası haqda” Qaydalar ilə formalaşırılıb. Sistem əsasən Emissiya Ticarət Sisteminə daxil olmayan fəaliyyət və layihələr üzrə emissiya azaldılması üçün kreditləşdirmə mexanizmini nəzərdə tutur.
Türkiyədə karbon kreditləşdirmə alətinin 2 əsas istifadə sahəsi var: (i) könüllü bazarda təsərrüfat subyektləri öz emissiyalarının müəyyən hissəsini kompensasiya etmək və ya könüllü iqlim məqsədlərini dəstəkləmək üçün Turkuaz Kredi əldə edə bilirlər; (ii) mövcud karbon kreditləşmə mexnizminin ölkənin Milll Emissiya Ticarəti Sistemi çərçivəsində öhdəliklərin qarşılanmasında istifadəsinə icazə verilməsi nəzərdə tutulur. Lakin bu məhdud və şərtlidir. Kreditin hər növü avtomatik olaraq ETS-də istifadə oluna bilməz.
Dünya təcrübəsində olduğu kimi Türkiyədə də karbon kreditlərinin tətbiqi oxşar mərhələrədən keçir: layihələr hazırlanır, müvafiq metodlogiya seçilir, layihə təsdiqlənir, həyata keçirilir, müstəqil tərəfin yoxlamasının nəticələrinə əsasən kredit həcmi sertifikatlaşdırılaraq bazarda ticarətinə imkan yaradılır. Kreditlərin bazar ticarəti tamamilə rəqəmsal platforma üzərindən reallaşdırılır.
4. Analizin Azərbaycan üçün əsas nəticələri və təkliflər
Beynəlxalq təcrübələrin öyrənilməsi göstərir ki, milli səviyyədə karbon kreditləşdirmə mexanizminin müvəffəqiyyətli olması yalnız kreditlərin ticarət edildiyi bazarın formal olaraq mövcud olmasından asılı deyil. Ən mühüm məsələ bu bazarın bünövrəsində etibarlı ölçmə və yoxlama sistemi, şəffaf reyestr, aydın hüquqi çərçivə, emissiya həcminin müyyən edilməsində ikiqat hesablamanın qarşısının alınmasını təmin edən institusional mühitin formalaşdırılmasıdır.
Bu baxımdan beynəlxalq təcrübədən çıxan aşağıdakı mühüm dərslərə diqqət yetirmək son dərəcə vacibdir:
1. Karbon kreditləri əlahiddə götürülmüş bir element kimi deyil, karbon qiymətqoyma sisteminin tərkib hissəsi kimi qurulmalıdır. Yəni mexanizmin effektivliyi onun karbon vergisi, Emissiya Ticarət Sistemi, emissiyaların uçotu və digər iqlim siyasəti alətləri ilə necə əlaqələndirilməsindən asılıdır. Bu səbəbdən mexanizm ayrıca bazar aləti kimi deyil, ölkənin ümumi dekarbonizasiya siyasətinin bir elementi kimi çıxış etməlidir;
2. Etibarlı ölçmə, hesabatlılıq və yoxlama sistemi mexanizmin fəaliyyəti üçün əsas şərtdir.
Karbon kreditinin iqtisadi dəyəri emissiyanın azalan həcmi ilə ölçülür. Lakin bu şərtin etibarlı şəkildə təmin edilməsi üçün emissiyanın ölçülməsi, hesabatların hazırlanması, müstəqil yoxlama və kreditlərin reyestrdə izlənməsi mümkün olmalıdır. Çin təcrübəsi göstərir ki, metodologiya və yoxlama mexanizmləri kifayət qədər formalaşmadan bazarın genişləndirilməsi aşağı keyfiyyətli və etibarsız kredit layihələrinin meydana çıxmasına səbəb ola bilər.
3. Karbon kreditlərinin yaradılması ilə onların istifadəsi arasında aydın qaydalar müəyyən edilməlidir. Kreditin yaradılması, satılması, təkrar bazarda dövriyyəsi, emissiyanın kompensasiyası və kreditin dövriyyədən çıxarılması ayrı-ayrı mərhələlər kimi tənzimlənməlidir. Xüsusilə ikiqat hesablamanın qarşısının alınması üçün unikal identifikasiya və mərkəzləşdirilmiş reyestr vacibdir.
4. Milli sistemin mərhələli şəkildə qurulması daha məqsədəuyğundur.Beynəlxalq təcrübə göstərir ki, karbon bazarının qısa müddətdə genişləndirilməsi həmişə uğurlu nəticə vermir. Buna görə ilkin mərhələdə məhdud sayda sektor və layihə növü üzrə pilot mexanizmin tətbiqi, nəticələrin qiymətləndirilməsindən sonra sistemin genişləndirilməsi daha idarəolunan yanaşma yarada bilər.
5. Dövlət, özəl sektor və yerli icmalar arasında düzgün rol bölgüsü mexanizmin davamlılığı üçün vacibdir. Karbon kreditləri həm dövlət siyasətinin icrasına, həm özəl investisiyaların cəlb edilməsinə, həm də yerli səviyyədə ekoloji layihələrin maliyyələşdirilməsinə xidmət edə bilər.
Yuxarıda sadalanan nəticələr nəzərə alınsa, Azərbaycanda karbon kreditləşməsi mexanizminin tətbiqi üçün aşağıdakı addımların atılması məqsədəuyğundur:
- Karbon kreditləşdirmə mexanizmi üçün çərçivə və hüquqi baza formalaşdırılmalıdır. Xüsusilə də karbon kreditinin hüquqi statusu, kredit yaratmaq hüququ, layihələrə uyğunluq meyarları, emissiyanın kompensasiyası və kreditlərin dövriyyədən çıxarılması ilə bağlı vahid qaydalar müəyyən edilməlidir.
- Milli karbon kreditləri reyestri və rəqəmsal ticarət platforması yaradılmalıdır.
Bütün layihələr, emissiya azalmaları, buraxılmış kreditlər, onların sahibləri və dövriyyədən çıxarılmış kreditlər vahid rəqəmsal reyestrdə qeydiyyata alınmalıdır. Bu sistem ikiqat hesablamanın qarşısının alınmasına, kreditlərin izlənməsinə və bazar iştirakçıları üçün şəffaflığın təmin edilməsinə imkan verməlidir. - Prioritet sektor və layihələr üzrə pilot karbon kreditləşdirmə proqramı həyata keçirilməlidir. İlkin mərhələdə bərpa olunan enerji, enerji səmərəliliyi, meşələrin bərpası və qorunması, tullantıların idarə edilməsi və emissiyaların tutulması kimi ölçülə bilən nəticə yaratmaq potensialı yüksək olan istiqamətlər seçilə bilər. Pilot layihələr vasitəsilə metodologiyalar, monitorinq sistemi, verifikasiya prosesi və bazar tələbi sınaqdan keçirildikdən sonra mexanizmin digər sahələrə genişləndirilməsi mümkündür.
- Karbon kreditləri üçün ilkin tələbin formalaşdırılmasına yönəlmiş siyasətlər hazırlanmalıdır. Təkcə kreditlərin yaradılması bazarın formalaşması üçün kifayət etmir; onlara tələbat da olmalıdır. Buna görə dövlət karbon kreditlərinin könüllü istifadəsi, korporativ emissiyaların kompensasiyası və gələcəkdə ETS ilə mümkün inteqrasiyası üzrə aydın qaydalar müəyyən edə bilər. Bununla yanaşı, kreditlərin istifadəsi üçün keyfiyyət və uyğunluq meyarları müəyyən edilməli, kreditlərin real emissiya azalmasını əvəz edən deyil, onu tamamlayan alət kimi tətbiqi təmin edilməlidir.
NHMT İB Ekspert qrupu
[1] https://unfccc.int/process-and-meetings/the-paris-agreement
[2] https://ecbi.org/sites/default/files/Guide%20to%20Paris%20Agreement.pdf
[3] https://carbonplusapp.com/karbon-kredisi/
[4] https://documents1.worldbank.org/curated/en/182511615783768643/pdf/A-Guide-to-Developing-Domestic-Carbon-Crediting-Mechanisms.pdf
[5] https://icvcm.org/wp-content/uploads/2026/06/FINAL-CCP-Guide-Module-1-19.06.26.pdf
[6] https://4en.com.tr/karbon-kredisi-satisi-nedir-detaylari-nelerdir
[7] https://planetus.com.tr/karbon-kredisi-nedir/
[8] https://documents1.worldbank.org/curated/en/182511615783768643/pdf/A-Guide-to-Developing-Domestic-Carbon-Crediting-Mechanisms.pdf
[9] https://www.researchgate.net/publication/390595846_China_Certified_Emission_Reduction_Projects_Historical_and_Current_Status_Development_and_Future_Prospects-Taking_Forestry_Projects_as_an_Example
[10] https://www.scielo.br/j/asoc/a/fy3Rd3yVTwYTf5Myf3ywdFR/?format=html&lang=en&ilang=pt_BR








