NHMT - NEFTDƏN GƏLƏN GƏLİRLƏRİN İNSAN KAPİTALININ İNKİŞAFINDAKI YERİ

NEFTDƏN GƏLƏN GƏLİRLƏRİN İNSAN KAPİTALININ İNKİŞAFINDAKI YERİ

NEFTDƏN GƏLƏN GƏLİRLƏRİN İNSAN KAPİTALININ İNKİŞAFINDAKI YERİ: Xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün icra olunan dövlət proqramlarının effektivliyi və şəffaflığı

 

Mündəricat:

 

1.Giriş: İnsan kapitalının dövlətin və fərdlərin inkişafındakı rolu

2. Neft kapitalının insan kapitalına çevrilməsində dövlət təşəbbüsü

2.1. Xarici ölkələrin ali məktəblərində təhsil almaq ilə bağlı dövlət dəstəyi

3. Dövlət qurumlarına ünvanlanan sorğular

4. 2012-2021-ci illərdə neft gəlirlərinin təhsildə payı və xərclər üzrə şəffaflığın təmini

4.1. Dövlət büdcəsində xaricdə təhsil xərcləri

4.2. Neft Fondunun maliyyəsi əsasında həyata keçirilən xaricdə təhsil proqramları

4.3. SOCAR-ın maliyyəsi əsasında xaricdə təhsil təqaüdü

5. Beynəlxalq təcrübə

6. Nəticələr və tövsiyələr

 

1. GİRİŞ: İnsan kapitalının dövlətin və fərdlərin inkişafındakı rolu

 

Beynəlxalq termin olaraq, insan kapitalı insanların həyatı boyu topladığı, cəmiyyətin faydalı üzvləri kimi öz potensialını reallaşdırmağa imkan verən bilik, bacarıq və sağlamlıq olaraq qəbul edilir. Bu, insanlara, cəmiyyətə və ölkələrə böyük gəlir gətirir.

Dünya Bankının “İşin dəyişən təbiəti” (The changing nature of work) [1] adlı tədqiqatında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) 10-30 faizi arasında mövcud olan fərqi insan kapitalının ölkələr arasındakı fərqilə əlaqələndirir. Tədqiqatda qeyd olunur ki, təhsilin keyfiyyəti və ya müxtəlif bacarıq səviyyələrinə görə bu rəqəm daha da yüksək ola bilər. İnsan kapitalı daha yüksək gəlirlər yaratmaqla demoqrafik keçidi sürətləndirir və yoxsulluğu azaldır. [2]

Dünya Bankının ekspertləri İnsan Kapitalı İndeksində (Human Capital İndex) insan kapitalının inkişafını, əsasən, üç komponent üzərindən təhlil edirlər: Birincisi, sağ qalma nisbəti (doğumdan məktəb yaşına qədər (5 il) uşağın sağ qalma səviyyəsi); İkincisi, təhsil (təhsilin keyfiyyətinə görə gözlənilən məktəb illərinin göstəricisi); Üçüncüsü, səhiyyə (uşaqlıqda böyümə geriliyinin mövcudluğu və böyüyəyəndə sağ qalma nisbətini müəyyənləşdirən sağlamlıq vəziyyəti). Ümumilikdə isə, 6 alt indikator üzərindən edilən qiymətləndirməyə görə, Azərbaycan İnsan Kapitalı İndeksində COVID-19 pandemiyasından öncə 2018-ci ildə 0.60 balla 157 dövlət arasında 65-69-cu yerlərdə qərarlaşmışdı. [3] 2018-ci ildə Azərbaycanı eyni balla Ekvador, Ruminiya, Tayland, Uruqvay izləyir.

Pandemiya insan gəlirlərinə və sağlamlığına yaratdığı təhdid Azərbaycanın da insan inkişafına mənfi təsir göstərib; 2020-ci ilin hesablamalarına görə İnsan İnkişafı İndeksində 0.58 balla 173 ölkə arasında 78-84-cü yerə paylaşıb. 4] [5] Həmin dövrdə eyni balla ölkəmizi Moldova, Fələstin, Bosniya və Herseqovina, Ermənistan və Səudiyyə Ərəbistanı izləyib. (Bax cədvəl 1-ə)

 

Cədvəl. 1

 Region dövlətlərdə isə vəziyyət

 

2018

2020

Azərbaycan

0.60

0.58

Ermənistan

0.57

0.58

Gürcüstan

0.61

0.57

İran

0.59

0.59

Rusiya

0.73

0.68

Türkiyə

0.63

0.65

 

Pandemiya dövründə öz balını yalnız Türkiyə və Ermənistan artıra bilib. 2020-ci ildə COVID-19 pandemiyasının səhiyyə və təhsil sisteminə vurduğu zərər uşaqların və yeniyetmələrin də inkişafında öz təsirini buraxacaq. İndeksdə də hesabat ilində doğulan uşaqların 18 ildən sonrakı kapital subyektinə çevrilmə şansı göstərilib.

Ümumiyyətlə, Dünya İqtisadi Forumunun hələ 2017-ci ildə hazırladığı “Qlobal İnsan Kapitalı; İnsanları gələcək iş üçün hazırlamaq” adlı hesabatında qeyd edilirdi ki, orta hesabla dünya öz insan kapitalının yalnız 62%-ni inkişaf etdirib. Xalqlar istedadlarının 38%-i işlənməmiş qalır. Yalnız 25 ölkə öz xalqının insan kapitalının 70%-ni və ya daha çoxunu istifadə edib. [6]

İnsan kapitalı təkcə cəmiyyətin məhsuldarlığı üçün deyil, həm də onun siyasi, sosial və vətəndaş institutlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Hökumətlər və təhsil təminatçıları üçün insan inkişafına yönələn sərmayələrin diqqətdə saxlanılması vacib məqamlardan biridir. 

Bu baxımdan Azərbaycan hökumətinin də insan kapitalının inkişafına dair xüsusi konsepsiyası, müxtəlif dönəmləri və təhsil pillərini əhatə edən fəaliyyət planının olmasını önəmli prioritet hesab edilməlidir. Xüsusilə, ölkədə təhsil və səhiyyə xidmətlərinin geri qalması post-neft dövründə əhalinin rifah halının pisləşməsi ilə bağlı riskləri artıra bilər

Nəzərə almaq lazımdır ki, yeni doğulan uşağın təhsilinə qoyulan kapital öz dəyərini 20 ildən sonra göstərir. O zaman hər bir fərdin əmək bazarına peşəkar kadr kimi hazırlığına məktəbəqədər təhsildən başlamaq lazımdır. Hazırda Azərbaycanda əmək bazarı ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Dövlət İmtahan Mərkəzinin aparıdığı elmi-statistik təhlillərdən aydın olur ki,[7] son 5 ilin hər bir ilində birinci sinfə gedən uşaqların məktəbi bitirdikdən sonra 60 faizindən çoxu əmək bazarına heç bir peşə və ixtisas yiyələnmədən daxil olur. Bu o deməkdir ki, hər il bazara daxil olan bir o qədər əməkçı qüvvələri öz istedadlarının inkişaf etdirə bilmir və qabiliyyətləri israf olunur. Dünya Bankı tərəfindən hazırlanmış “Millətlərin sərvətlərinin dəyişməsi adlı” (The Changing Wealth of Nations) hesabatı sərvətlərin formalaşmasında insan kapitalının payına görə ölkələrin vəziyyəti təqdim edilib. Azərbaycana dair vəziyyət 2018-ci illə müqayisədə 2020-ci ildə yüksəlsə də, ümumi iqtisadiyyatda çox cüzi olduğunu göstərir. 2018-ci il hesabatında insan kapitalı qlobal sərvətlərin 64 faizini, yüksək gəlirli ölkələrin sərvətlərinin 70 faizini, aşağı gəlirli ölkələrin sərvətlərinin isə 41 faizini təşkil etdiyi halda, Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payı cəmi 14 faizə bərabərdir.[8] Bu isə aşağı gəlirli ölkələrin göstəricisindən təxminən üç dəfə aşağı bir göstəricidir.

2020-ci il pandemiya dövründə isə dünya üzrə qlobal sərvətlərində insan kapitalının payı 64 faiz, aşağı gəlirli ölkələrdə 50 faizə yaxın olduğu halda, Azərbaycanda bu göstərici cəmi 23 faiz təşkil edib[9]. Aşağı gəlirli ölkələrlə müqayisədə iki dəfə aşağıdır.

Azərbaycan sözügedən hesabatda insan kapitalı ilə bağlı göstəricilərində region dövlətlərindən belə geridir. Məsələn, sərvətlərin formalaşmasında insan kapitalının payı Ermənistanda 60 faiz, Gürcüstanda 47 faiz təşkil edib.

Region dövlətlərlə müqayisədə Azərbaycanın resurs ölkəsi olması məhsul buraxılışında da neft-qaz hasılatının üstünlüyü özünü göstərir. Ötən il Azərbaycan ixracının 88 faizi neft-qaz sektorunun payına düşmüşdü. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83 faizə yaxındır.[10]Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının “Neftdən gələn gəlirlərin insan kapitalının inkişafındakı yeri” adlı tədqiqatında neft-qaz sektorundan daxil olan vəsaitin insan inkişafına, xüsusilə təhsilinə yönələn hissəsinə dair təhlili təqdim edir. Tədqiqatda xüsusilə, ölkənin kadr keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən xarici ölkələrdə təhsil proqramlarına diqqət ayrılıb. Müstəqillikdən sonra neft gəlirlərinin insan kapitalına yönəldilməsinə dair dövlət siyasətinin necə icra olunması, şəffafılığın və hesabatlılığın təminatı araşdırılıb.

 

2. Neft kapitalının insan kapitalına çevrilməsində dövlət təşəbbüsü

 

“İşin dəyişən təbiəti” adlı tədqiqatda qeyd edilir ki, fərdlər və ailələr çox vaxt insan kapitalının əldə edilməsi xərclərini ödəyə bilmirlər.[11] Tələb olunan sərmayə kiçik olsa belə, insanların qərarlarına məlumat çatışmazlığı təsir edə bilər və ya bu cür qərarların qəbul miqyası mövcud sosial normalarla məhdudlaşdırıla bilər. Bundan əlavə, insanlar həmişə başqaları üçün daha geniş sosial faydaları nəzərə almır. Məhz buna görə də hökumətlər insan kapitalının formalaşmasının təşviqində liderlik etməlidirlər.

Azərbaycanda da SSRİ-nin süqutundan sonra yaranan siyasi, iqtisadi, sosial və hərbi böhran xaricə beyin axınını sürətləndirmişdi. Yerli təhsil müəssisələri, sovet təhsil proqramları və strategiyası müasir açıq bazar iqtisadiyyatının tələblərinə uyğun gəlmirdi. Bu baxımdan ölkənin yeni bazar iqtisdiyyatının tələblərinə cavab verən kadrlar, əmək resursları yaratmaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq üçün müxtəlif proqramların icrasına start verildi. Bu gün istər büdcə təşkilatlarında çalışanlar, istərsə də dövlət idarəçiliyində təmsil olunanlar arasında xaricdə təhsil alan xeyli sayda kadrlar olsa da, onların istehsal prosesində iştirakı, məhsul yaratma bacarıqları özünü tam göstərə bilmir. Bunu Azərbaycan sərvətlərin formalaşmasında insan kapitalının payının göstərici də sübut edir.

Azərbaycanda insan kapitalı ilə bağlı dövlət siyasətini iki mərhələ üzrə təsnifatlaşdırmaq mümkündür:

Birinci mərhələ, 1990-ci illərdə bazar iqtisadiyyatına keçid çağdaş dövrlə səsləşən qərarların verilməsini labüdləşdirirdi. Bu məqsədlə, təhsildə Boloniya sisteminə keçid, hökumətlərarası ikitərəfli müqavilələr əsasında azərbaycanlı gənclərin xarici ölkələrin təhsil müəssisələrinə göndərilməsi üçün təşəbbüslər yer almağa başladı. Lakin müstəqilliyə yeni qədəm qoyan, habelə Qarabağ münaqişəsi ilə üz-üzə qalan bir ölkə üçün dövlət idarəçiliyində böhran prosesin inkişafını ləngitdi.

İkinci mərhələ, 2006-ci ildən etibarən neftdən gələn gəlirlərin artması fonunda insan inkişafına yönümlü investisiyalara dair dövlət proqramları da yeni bir dönəm yaratdı. Neft gəlirlərinin artması fonunda "qara qızıl"ın insan potensialının gücləndirilməsi məqsədilə xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət sifarişi ilə təhsil almaq üçün müxtəlif proqramlar qəbul olundu. İnsan kapitalının inkişafının da əsas hədəflərindən biri olan yeni təhsil strategiyası hazırlandı. Belə ki, 24 oktyabr 2013-cü ildə qəbul edilmiş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında başılca vəzifələr sırasında duran əsas istiqamətlərdən biri  ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsini təmin etməkdir.

Bununla yanaşı, 02 fevral 2021 Prezident sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə 5 əsas prioritetlərdən biri ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.[12] Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır:

 

  • XXI əsrin tələblərinə uyğun təhsil
  • Yaradıcı və innovativ cəmiyyət
  • Vətəndaşların sağlam həyat tərzi

 

2.1. Xarici ölkələrin ali məktəblərində təhsil almaq ilə bağlı dövlət dəstəyi

 

YUNESKO-nun 2019 və 2020-ci illər üzrə statistikasına əsasən, 44 mindən çox azərbaycanlı dövlət və qeyri-dövlət xətti ilə xarici ölkələrin müxtəlif universitetlərində təhsil alır.[13] (Bax diaqram 1-ə) Ümumi tələbə mobilliyi 0,7 faiz təşkil edir.[14] Bu, ümumi Qafqaz region üzrə ən yüksək göstəricidir. 

 

Diaqram 1-ə nəzər yetirsək, Türkiyənin (19383 nəfər), Rusiyanın (10946 nəfər) təhsil məkanı azərbaycanlılar üçün daha cəlbedici olduğunu görmək olar. Sonrakı yerlərdə 4718 nəfər olmaqla Ukrayna, 1344 nəfər olmaqla Gürcüstan, 1049 nəfər olmaqla Almaniya gəlir. Daha sonrakı yerlərdə Macarıstan, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələr gəlir.

Xarici ölkələrin ali məktəblərində təhsil alanların çox az bir hissəsi dövlət xətti ilə oxuyur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-2020-ci illərin tədris dövründə dövlət xətti  ilə təhsil alanların sayı 1800 nəfərə yaxın olub. YUNESKO-nun data (verilənlər) bazasında göstərilən statistikanın təqribən 4,5 faizini dövlət xətti ilə təhsil aldığını demək olar. Ümumilikdə, 2000-2021-ci illərə kimi 30 minə yaxın gənc azərbaycanlı xarici ölkələrin ali məktəblərində təhsil alıb (Bax diaqram 2-yə). Digər tələbələr öz vəsaitləri və ya təqaüd proqramlarına fərdi şəkildə müraciət edənlərdir.

 

Diaqram 2-də dövlət xətti ilə təhsil alan azərbaycanlıların 2008-ci ildə kəskin artdığını, 2015-ci ildən sonra isə tendensiyanın azaldığını görmək olur. 2006-ci ildə neft gəlirlərinin artması hökumət üçün əsas prioritetlərdən biri insan yönümlü investisiyaların təşviq edilməsi idi. Bu baxımdan həm Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), həm də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) maliyyəsi hesabına xarici ölkələrdə təhsillə bağlı dövlət dəstəyi statistik rəqəmlərin artıb-azalma xəttində də  özünü göstərir.

2000-2021-ci illər ərzində dövlət xətti ilə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alanlara arasında Türkiyə, Rusiya və Böyük Britaniya ilk üçlükdədir. Daha sonrakı yerlərdə Almaniya, Kanada, Ukrayna, Fransa, İsveçrə, ABŞ kimi qərb ölkələrinin universitetləri, habelə Çin, Cənubi Koreya kimi Asiya ölkələrinin  universitetləri təşkil edib. (Bax diaqram 3 və 4-ə)

Diaqram 4 (2008-2021-ci illər ölkələr üzrə bölgüsü)

Müstəqilliyimizin müxtəlif dönəmlərində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün aşağıdakı proqramlar icra olunub:

 

  • 1990- 2005-ci illər arasında xaricdə təhsil yalnız hökumətlərarası ikitərəfli müqavilələr əsasında azərbaycanlı gənclərin xarici ölkələrin təhsil müəssisələrinə göndərilməsi ilə xarakterizə olunub. 1990-cı illərdə Azərbaycan hökuməti və Təhsil Nazirliyi, Türkiyə, Böyük Britaniya, Şimalı İrlandiya, Rumıniya, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrin hökumətləri ilə təhsil sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb, müqavilələr bağlanıb. Ötən əsrin 90-cı illərin sonlarına doğru informasiya-kommunikasiya texnologiyalarının inkişafından bəhrələnən azərbaycanlı gənclərin müstəqil şəkildə xarici ali təhsil ocaqlarına üz tutmasında yüksələn dinamika qeydə alınıb. Bu proses ABŞ-ın və Avropa ölkələrinin təhsil mübadilə proqramlarının, bütövlükdə, azərbaycanlı gənclərin ölkəmizdən kənarda nüfuzlu ali təhsil ocaqlarında təhsilinə vəsait ayıran xarici donorların Azərbaycanda fəaliyyətinin güclənməsi ilə müşahidə olunub.[15]

 

  • Sonrakı mərhələdə informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsi, xaricdə təhsillə bağlı vahid bazanın formalaşması, bu istiqamətdə hüquqi bazanın yaradılması məqsədilə 2007-ci il 16 aprel tarixli 2090 saylı Azərbaycan Respublikası Prezidentinin Sərnacamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edildi.[16] Bu proqram əsasında dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazası yaradıldı, Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq olundu. Proqramın qəbul olunduğu 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində vəsait ayrıldı.[17] Prezidentin 16 aprel 2007-ci il, № 2090 Sərəncamı ilə Dövlət Proqramının icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edildi.[18] Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməyə başlanıldı. Sözügedən proqram təhsil səviyyəsinin bakalavriat, magistratura, rezidentura və doktorantura pillələrini əhatə edirdi.

 

  • 2006-cı ildən başlayaraq SOCAR gənc və istedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini öz vəsaiti hesabına maliyyələşdirir. Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir.

 

  • 2015-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş yeni "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq edildi. Bununla Azərbaycan vətəndaşlarının xaricdə təhsil alma imkanları genişləndirilib. Həmin qaydalar əsasında hökumətlərarası təqaüd [19]proqramları (HTP) sistemləşdirildi və yeni bir format aldı. Hökumətlərarası müqavilələr çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları aktivdir.

 

  • 16 noyabr 2018-ci il № 711 AR Prezidentinin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edildi.[20] Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramının maliyyələşməsi ARDNF tərəfindən həyata keçirilir.

 

  • 29 dekabr 2012-ci il tarixli 801 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis edildi. Fondun Nizamnaməsinin 3.1.10. maddəsinə əsasən, ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirə bilər. Təəssüf ki, Gənclər Fondunun bu təşəbbüsünə dair heç bir hesabatlılıq yoxdur.  İndiyədək nə qədər gəncin xaricdə təhsil təqaüdünə dəstək olmasına dair dəqiq məlumat yoxdur.

 

  • Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamı qəbul edilib.Sərəncama əsasən 2 ay ərzində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair yeni Dövlət Proqramının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edilməli idi. Lakin sərəncamın üzərindən uzunvaxt keçməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən heç bir təqdimat olmayıb. Lakin ARDNF 2022-ci il büdəsində sözügedən Dövlət Proqramının maliyyələşdirilməsin üçün 17,8 milyon manat vəsaitin ayrılmasını proqnozlaşdırıb.

 

3. Dövlət qurumlarına ünvanlanan sorğular

 

NHMT xarici ölkələrin ali təhsil məktəblərində  müxtəlif proqramlar həyata keçirən müvafiq dövlət qurumlarına sorğular ünvanlanmışdır. Sorğuya aşağıdakı cədvəl 2-dən tanış ola bilərsiniz:

 

Cədvəl 2

          

                           Suallar

 

    Icra vəziyyəti

Təhsil Nazirliyinə

02.12.2021-ci ildə ünvanlanmışdı

29.12.2021-ci ildə cavablandırılmışdı

1. Dövlət Proqramı çərçivəsində 79 nəfər doktorant xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirilməsi üçün göndərilib. Həmin şəxslərin siyahısını (ad, soyad, ata adı və ali təhsil müəssisəsi) təqdim etməyinizi xahiş edirik.

Imtina edilib

2. Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində doktorantura təhsili üçün nə qədər şəxsin xaric göndərilməsi hədəflənib?

Yarımçıq cavab verilib

3. Azərbaycana geri qayıdanların işlə təminatı ilə bağlı hansısa fəaliyyət planı mövcuddurmu? Mövcuddursa, həmin fəaliyyət planının tezisləri ilə tanış ola bilərikmi?

Cavab verilib

AR Dövlət Neft Şirkəti

 

 

02.12.2021 ünvanlanmışdı 

06.12.2021

Cavablandırılmışdı

07.12.2021

ünvanlanmışdı

10.12.2021

cavablandırılmışdı

1. 2019/2020 və 2020/2021-ci tədris illərində ARDNŞ tərəfindən yerli ali təhsil müəssisələrində təhsil alan nə qədər tələbə təqaüd proqramı ilə əhatə olunub. (Zəhmət olmasa, tələbələrin siyahısı təqdim edilsin-ad, soyad, ata adı, ali təhsil müəssisəsinin adı)

Cavab verilib

(adlar yoxdur)

2. SOCAR-ın hesabatlarından məlum olur ki, “SOCAR Turkey Energy”, “SOCAR Georgia Energy” və sair şirkətlərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil sektoruna yatırımlar həyata keçirilir. Xarici ölkələrdə təhsilə edilən investisiyaların əsas məramı və məqsədi nədən ibarətdir?

Cavab verilib

3. 2019/2020 və 2020/2021-ci tədris ili üçün SOCAR tərəfindən xaricə göndərilən tələbələrin siyahısını (ad, soyad, ata adı, ali təhsil müəssisəsinin adı) təqdim etməyinizi xahiş edirik.

Cavab verilməyib

4. Xaricdə təhsil almaq üçün tələbələrin göndərilməsinin seçimi necə həyata keçirilir? Bununla bağlı hər hansı komissiya varmı? Komissiyanın tərkibi kimlərdən ibarətdir?

Yarımçıq cavab verilib

5. SOCAR tərəfindən xaricdə təhsil almaq üçün tələbələrin seçilməsi qaydaları hansı hüquqi sənəd əsasında müəyyənləşir?

Cavab verilib.

AR  Dövlət Neft Fondu

 

 

25.01.2022

Ünvanlanmışdı

28.01.2022

cavablanmışdı

1.ARDNF-nin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində təhsil alanlara dair sonuncu məlumatı 30.06.2020-ci il tarixinə aiddir. Son olaraq (2020 və 2021-ci illər) DP çərçivəsində nə qədər tələbə məzun statusunu qazanmışdır?

Cavab verilib

2. 2021-ci il 30 sentyabr tarixli Sərəncamla qəbul olunan yeni DP-na ARDNF-nin 2022-ci il büdcəsindən 17,8 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. DP-nin icrası ilə bağlı hər hansı bir iş başlayıbmı? 2021-ci il üçün nə qədər tələbənin xaricə gönərilməsi hədəflənib?

Cavab verilib

 

4. 2012-2021-ci illrədə neft gəlirlərinin təhsildə payı və xərclər üzrə  şəffaflığın təmini

 

Xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət xətti ilə təhsili alanlarla bağlı proqramların əsas maliyyə mənbələri neft gəlirləridir. Digər maliyyə mənbələri sırasında dövlət büdcəsi və müxtəlif qrant layihələri mövcuddur. Lakin bu istiqamətdə ayrılan xərclər o qədər də böyük deyil.

Ümumiyyətlə, dövlət xətti ilə xarici ölkələrdə təhsil alanlar haqqında məlumatlar, bu sahədə çəkilən xərcləri pərakəndədir, hesabatlılğı aşağı səviyyədədir. Bu istiqamətdə ayrılan xərclərin nə ictimai nəzarəti, nə də Hesablama Palatası tərəfindən monitorinqi yetərlidir. Müvafiq dövlət qurumlarından proqram çərçivəsində xarici ölkələrdə təhsil almaq hüququ qazanmış şəxslərin siyahısi istənilsə də, bunu “Fərdi məlumatlar haqqında” Qanunun 5.2. maddəsinə istinad edərək, cavab verməkdən imtina etdilər.

Qanunun müvafiq maddəsinə görə:

 

  1. Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.

ARDNŞ-dən bildirildi ki, əməkdaşların razılığı olmadan, onların şəxsi məlumatlarının kənar qurumlara açıqlanmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88.2-ci maddəsi məhdudiyyət qoyur. “Bu həm də ümumi biznes etikası baxımından məqsədəuyğun hesab edilməmişdir”.

 

Əmək Məcəlləsinin 88.2. maddəsində qeyd edilir:

 

  1. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.
     
  2. Dövlət sifarişi əsasında xaricə göndərilənlərin adlarının gizli saxlanılmasa tamamilə yanlış bir yanaşmadır. Əgər özəl şirkət öz büdcəsi hesabına bunu həyata keçirərdisə, o zaman açıqlamamaq hüququ özündə saxlaya bilərdi. Amma dövlət büdcəsindən maliyyələşən Təhsil Nazirliyi, habelə dövlətin payı olan Dövlət Neft Şirkəti tərəfindən siyahı icitmaiyyətə şəffaf formada təqdim edilməlidir. İctimai nəzarəti, kimin faydalanması və vəsaitlərin necə xərclərməsi baxımından belə gizli saxlanılması qanunaziddir. Bunlar nə dövlət sirridir, nə də kommersiya sirri sayılan informasiyalar sırasındadır. Burada informasiya sahibi olaraq Təhsil Nazirliyi birinci dövlət proqramında əvvəl bütün iştirakçıların adlarını açıqlayırdılar. Sonra internet resurslarından həmin siyahını götürdülər. Çünki açıqlanan siyahı üzrə ictimai nəzarət artdı, jurnalistlər araşdırma aparmağa başladılar. Araşdırmalarda bəzi neqativ hallar aşkar olunmuşdu, bəzi şəxslərin hansı üstünlüklərinə görə seçilməsi,  bəzilərinin sənədlərinin hansı səbəblərdən seçilməməsinə dair suallar yarandı. Seçilənlərin ailə tərkibini, sosial və regional statusunu önə çəkirdilər, seçimlərdə inhisarçılıq yaranmışdı. Yaradılmış Təhsil Komissiyası formal xarakter daşıyırdı. (sitat)[21]
     
  3. “Əmək Məcəlləsinin 88-ci maddəsi işçi barədə məlumatların ötürülməsindən söhbət gedir. Lakin xarici ölkələrdə təhsillə bağlı sorğu ictimai vəsaitin xərclənməsindən söhbət getdiyi üçün şəffaf şəkildə açıqlanmalıdır.

Eyni zamanda, “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunların müddəalarında hansı məlumatların şəxsi həyatla bağlılığına görə açıqlana bilməməsi sadalanır və bu məsələ o qanunun təsiri altına düşmür. Çünki burada şəxsin özəl həyatı ilə bağlı hansısa məlumatın açıqlanmasından söhbət getmir, dövlət vəsaiti hesabına təhsil alan şəxslərin siyahısından söhbət gedir. Dövlət vəsaiti açıq olmalıdır və ictimai nəzarəti təmin olunmalıdır. (sitat)[22]

Dövlət Proqramları ilə bağlı digər məsələ qarşıya qoyulan hədəflərin tam icra olunmamasıdır. Hər il proqnozlaşdırılan vəsaitin layihələrin hansı xərc planı əsasında ayrıldığı aydın deyil.

Bu kimi məsələlərə müvafiq dövlət qurumlarının və təşkilatları tərəfindən həyata keçirilən layihələrin hər biri üzrə daha geniş təhlilimə nəzər salaq.

 

4. 1. Dövlət büdcəsində xaricdə təhsil xərcləri

 

Dövlət büdcəsindən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclərə 2020-ci ildən etibarən rast gəlmək mümkündür. Belə ki, bu istiqamətdə 2020-ci ildə 700 min manat  vəsait icra olunub,  2021-ci ildə 1,5 milyon manat xərc maddəsi nəzərdə tutulub. 2022-ci il üzrə 800 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu vəsait böyük ehtimal hökümətlərarsı təqaüd proqramının (HTP) maliyyələşməsi üçün nəzərdə tutulub. Çünki indiyədək dövlət büdcəsindən xaricdə hansı təhsil proqramlarına maliyyə ayrılması ilə bağlı konkret məlumatlar göstərilməyib.

Yalnız 2016-ci ildə start verilən HTP-nin hesabatlılığı qismən görünməyə başlayıb. Proqram çərçivəsində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr sırasında Çin Xalq Respublikası, Macarıstan, Qazaxıstan, Koreya Respublikası, Rusiya, Rumıniya, Latviya və sair ölkələr var. 2020-2021-ci tədris ilində HTP çərçivəsində ümumilikdə 234 nəfər, 2021-2022-ci tədris ilində ümumilikdə 200 nəfər azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 43 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Təəssüf ki, proqramın icrasının maliyyə hesabatlılığı, qəbul olanlarla bağlı məlumatlılıq səviyyəsi çox aşağı səviyyədədir.

 

4.2. Neft Fondunun maliyyəsi əsasında həyata keçirilən xaricdə təhsil proqramları

 

Xarici ölkələrdə təhsillə bağlı əsas donorlardan biri  AR Dövlət Neft Fondudur. Fondun bu istiqamətdə maliyyələşdirdiyi proqramların isə icrasında qarşıya qoyulan hədəflərin yerinə yetirilməsində problemlər yaşanır. 2008-ci ildən etibarən  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirməsini həyata keçirib. Qeyd etdiyimiz kimi, proqramın qəbul olunduğu 2007-ci ildə ilk vəsait 2,2 milyon manat olmaqla  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmışdı. Prezidentin 16 aprel 2007-ci il, № 2090 Sərəncamı ilə  Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməyə başlanıldı. Proqram çərçivəsində qarşıda duran əsas hədəf 2007-2015-ci illərdə 5000 nəfərin xaricdə təhsilini təşkil etmək idi  Lakin hökumətin hesabatlarından görünür qarşıya qoyulan hədəf tam icra olunmadı. Məzunların sayı ilə bağlı da statistikada isə fərqli təqdimatlar mövcuddur. Belə ki,

 

  • ARDNF-in rəqəmlərində göstərilir ki, 3302 nəfərin təhsil xərci ödənilib, 2957 nəfər isə məzun olub. [23]
  •  Təhsil Nazirliyinin 2020-ci il hesabatında isə göstərilir ki, 2900 nəfər məzun olub, 34 təqaüdçünün təhsilini davam etdiyini göstərir.[24]
  •  “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda isə göstərilir ki, sözügedən layihədə 3558 nəfər təhsil hüququnu qazanmışdır.[25]

 

Göründüyü kimi, 3 fərqli rəsmi mənbədə fərqli rəqəmlər təqdim edilir. Əgər 2007-ci ilin də qəbulunu nəzərə alsaq, o zaman Təhsil Nazirliyinin statistikası daha çox görünməli idi. Eyni zamanda digər paradoksal vəziyyət 2018-ci ilin noyabrında qəbul olunan Dövlət Proqramında göstərilən məzunların sayı (3558) Təhsil Nazirliyinin və Dövlət Neft Fonunun 2020-ci ildə göstərdiyi statistikadan daha çoxdur.

Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində ARDNF tərəfindən ümumilikdə 212 milyon 681 min manat vəsait istifadə olunmuşdur. Təqribən hər nəfərə 64,4 min vəsait xərclənib. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 506 min manat), təhsil haqqı (3 milyon 362 min manat), yol (266,9 min manat), sığorta (99,9 min manat), viza və qeydiyyat (0,9 min manat) xərclərinin ödənilməsinə yönəldilmişdir.

Neft Fondundan bu istiqamətdə proqnozlaşdıralan xərcin yalnız 83,8 faizi icra edilib. Qarşıya qoyulan hədəflərin yerinə yetirilməməsi, proqnozların icrasında problemlərin yaşannmasına dair heç bir rəsmi mövqe bildirilmir.

 

      Cədvəl 3

          ARDNF tərəfindən  DP-na ayrılan vəsait

 

Proqnoz

İcra edilib

2008

5 mln.

2,3 mln.

2009

10 mln.

7,9 mln.

2010

10 mln.

9,6 mln.

2011

15 mln.

15 mln.

2012

20 mln.

20 mln.

2013

34 mln.

33 mln.

2014

33,6 mln.

33,5 mln.

2015

44 mln.

35,5 mln.

2016

36,5 mln.

31,6 mln.

2017

29,3 mln.

17 mln.

2018

16,2 mln.

7,2 mln.

 

Maraqlıdır ki, proqramı qazananların heç də hamısı məzun adı ala bilməyib və ya təqaüd verilməsi dayandırılıb. Belə olan halda, həmin şəxslər üçün çəkilən xərcin  büdcəyə geri qaytarılıb-qaytarılmaması ilə bağlı məlumat yoxdur. Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarında göstərilir ki, müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılması tələb edilir. Təəssüf ki, Hesablama Palatası bu istiqamətdə xərclərin monitorinqini həyata keçirməyib.

 

  1. Ümumiyyətlə, sözügedən Dövlət Proqramının seçim meyarları, idarəedilməsi şəffaf və hesabatlı olmadı, ictimaiyyətin iştirakı ilə ora cəlb edilmiş şəxslər yalnız parlament səviyyəsində yekunlaşırdı. Eyni zamanda müəyyən məhdudiyyətlər var idi. Universitetlərin, ixtisasların seçim meyarları əsaslandırılmamışdı. İngilis dil bilgisi zəif olanlar bu proqramdan bəhrələnə bilmirdilər. Məsələn, Qazaxıstanda analoji dövlət proqramı üzrə qəbul olunanlar üçün dil kursları təşkil edilir”.(sitat)[26]

    Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın müqavilə şərtlərində göstərilir ki, təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləməlidir.[27]
     
  2. Proqram üzrə çatışmazlıqlardan biri gedənlərin ölkəyə qayıtması ilə bağlı öhdəliklərin dəqiq müəyyənləşməməsi idi. Məsələn, Dövlət Neft Şirkətinin Xaricdə Təqaüd proqramı üzrə oxuyanlar  həm əmlak girov qoyurlar, həm də yazılı öhdəlik götürürlər ki, geri qayıdıb SOCAR-da işləyəcəklər. Lakin 2007-2015-ci illərdə icra olunan təhsil proqramında məzun olanların nə qədər hissəsinin geri qayıtması, qəbul olanların nə qədərinin məzun ola bilməsi haqqında indiyədək heç bir hesabatlılıq yoxdur.
    Sərf olunan 242 milyon manatın ölkə üzrə yaratdığı dəyərin tədqiqatı həyata keçməlidir. Yəni statistika təqdim edilməlidir ki, nə qədər məzun geri qayıtdı, onların özəl və dövlət sektorunda işlə təminatına dair durumu təhlil edilməlidir. (sitat)[28] 

    Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən digər proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Bu Proqram çərçivəsində də təsil alan doktorantlarla bağlı fərqli statistika təqdim olunur.
     
  3. Təhsil Nazirliyinin məlumatına görə, xaricdə doktorantura təhsili üzrə qəbul ildə 2 dəfə həyata keçirir. 2020-ci ildə 55 nəfər, 2021-ci ildə 72 nəfər xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi imkanı əldə edib. Hazırda sözügedən proqram üzrə 127 doktorant dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır.[29] 
     
  4. ARDNF-in 30 dekabr 2021-ci il tarixinə olan məlumata görə isə, Dövlət Proqramı çərçivəsində 79 nəfər doktorantın təhsili ilə bağlı xərclər Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib.

    ARDNF-in büdcə proqnozlarından da görünür ki, ötən illərdə nəzərdə tutulan vəsaitlərinin icrasında çətinliklər yaşanır. Belə ki, ARDNF tərəfindən ümümilikdə 14,3 milyon manat vəsait ayrılmışdır, bu da proqnoz rəqəmə qarşı 33,4 faiz təşkil edir. (Bax cədvəl 4)

Cədvəl 4

Proqnoz

İcra

2020-ci ildə

10 mln.

4,1 mln.

2021-ci ildə

20,5 mln.

10,2 mln.

2022-ci ildə

27,8 mln.

----

 

Doktorantların ölkəyə geri qayıdaraq işlə təminatına gəlincə, Seçim Qaydalarının 4.24-cü bəndində qeyd olunduğu kimi seçilmiş namizədlərlə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada xarici ali təhsil müəssisəsində təhsilin müəyyənləşdirilməsini tənzimləyən üçtərəfli müqavilə bağlanır. Burada işəgötürən qismində yerli ali təhsil müəssisəsi çıxış edir. Sözügdən müqaviləyə əsasən, tədris müddəti bitdikdən sonra doktorant ən geci 2 ay ərzində Azərbaycana qayıtmaq və bağlanmış əmək müqaviləsi əsasında aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi daşıyır.

 

Digər bir layihə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamına əsasən, 2 ay ərzində Dövlət Proqramı layihəsi hazırlanmalı idi. Sərəncama müvafiq olaraq, ARDNF 2022-ci il büdcəsində sözügedən Dövlət Proqramının maliyyələşdirilməsi üçün 17,8 milyon manat vəsaitin ayrılmasını proqnozlaşdırıb. Hələ ki, sərəncamda nəzərdə tutulan tarixin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Dövlət Proqramının ictimaiyyətə təqdimatı həyata keçirilməyib. Yalnız Təhzil Nazirliyinin nümayəndəsi yerli mediaya bildirir ki, Proqram 2022-2026-ci illəri əhatə edəcək. Hələ ki, şərtlər, hədəflər, ildə nə qədər tələbənin oxuyacağı ilə bağlı bir bilgi yoxdur. Buna baxmayaraq, Neft Fondu hansı layihə əsasında 17,8 milyon manat ayırdığı məlum deyil. Belə aydın olur ki, 2022-ci il üzrə də proqnozu yerinə yetirmək mümkün olmayacaq. 

 

4.3. SOCAR-ın maliyyəsi əsasında xaricdə təhsil təqaüdü

 

ARDNŞ (SOCAR) da 2006-cı ildən təqaüd proqramları həyata keçirir. SOCAR-ın təqaüd proqramları təyinatına görə müxtəlifdir. Daxili və Xarici təqaüd proqramları ilə yanaşı, Türkiyə və Gürcüstandakı törəmə şirkətlərinin da təhsil büdcəsi mövcuddur.

2008-2020-ci tədris illəri ərzində ümumilikdə 4268 nəfər azərbaycanlı tələbənin təhsil haqqı SOCAR tərəfindən ödənilib. Bu illər ərzində artıq 900 tələbə diplom alaraq, təhsil aldığı ali təhsil müəssisəsindən məzun olub.[30]

ARDNŞ məlumatına görə Xarici Təqaüd Proqramının (XTP) məzun və tələbələrinin sayı 172 nəfərdir. Onlardan 89 tələbə Böyük Britaniyada, 25 tələbə Almaniyada, 21 tələbə Fransada, 17 tələbə ABŞ-da, 9 tələbə Türkiyədə, 3 nəfər Norveçdə, Hollandiya və Kanadada hər birində 2 nəfər, Avstriya, İsveç, Rusiya və Maltada isə hər birində 1 tələbə təhsil alır və ya təhsilini başa çatdırmışdır.[31]

XTP-yə müraciətlər online qaydada socar.az saytı vasitəsilə həyata keçirilir, daha sonra müsahibə mərhələsində namizədlər seçilir. Seçimlə bağlı komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibi ixtisas sahəsinə uyğun SOCAR-ın aidiyyəti vitse-prezidentləri, idarə rəhbərləri və kənardan dəvət olunan qonaqlar qismində isə təhsil sektorunun müvafiq qurum rəhbərləri, Elmlər Akademiyasının təmsilçisi (akademik) və qeyri-hökümət təşkilatı nümayəndəsindən (Bakı Təhsil və İnformasiya Mərkəzi) ibarətdir.[32]

Dövlət Neft Şirkətindən bildirilənə görə, xaricdə təhsil almaq üçün tələbələrin seçilməsi "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsini haqqında" Əsasnaməsi ilə tənzimlənir. Lakin bu komissisyada təmsil olunan şəxslərin adları göstərilmir.

Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir. Geri qayıdanlarla bağlı xüsusi şərtlər mövcuddur və əksəriyyəti SOCAR tərəfindən işlə təmin olunur.

“Gənc nəslin maariflənməsinə xidmət edən ARDNŞ tələbələrin sosial problemlərini də diqqətdən kənarda qoymur, onları təhsillərini başa vurduqdan sonra ixtisaslarına uyğun işlə təmin edir. Gənclərin yüksək təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi naminə ARDNŞ istər təhsil müddətində, istərsə də təhsilini başa vurduqdan sonra hər bir tələbəyə fərdi yanaşma nümayiş etdirir, ona maddi və mənəvi dəstək olur” - hesabatda qeyd edilir.

Hər il xarici ölkələrin nüfuzli ali məktəblərində təhsil alanların statistik göstəricilər təqdim edilsə də, bu istiqamətdə də ciddi qeyri-şəffalıq özünü göstərir.

Şirkətinin maliyyə, illik hesabatlarında xaricdə təhsil proqramlarına ayrılan vəsaitlər barədə məlumatlar göstərilmir. Hesabatlarında yalnız “xalq təhsili xərcləri” adlı bölməyə rast gəlmək olur. Bu xərclər isə əsaslı kapital qoyuluşu xərclərinin bölgüsü olaraq göstərilir. Əgər SOCAR-ın xaricdə təhsil proqramında iştirak edənlərin əsas seçimləri Qərbin nüfuzlu və bahalı universitetləri olduğunu nəzərə alsaq, bu istiqamətdə böyük bir xərcdən söhbət gedir.

Məsələn, 2019/2020-ci tədris ilində 10 nəfər magistr pilləsi üzrə Birləşmiş Krallıqda (7 nəfər) və Fransada (3 nəfər), 2020/2021-ci tədris ilində isə 4 nəfər (3 magistr və 1 bakalavr pilləsi) olmaqla Birləşmiş Krallıqda (3 nəfər) və ABŞ-da (1 nəfər) təhsil almaq üçün göndərilmişdir. Məsələn, Nazirlər Kabinetinin Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarında aylıq xərc normalarını təsdiq edib.  Həmin normalarla hesablasaq Böyük Britaniya üzrə aylıq xərc 1.100 GBP, Fransa 1,150 Avro, ABŞ-da 1400-1900 dollar təşkil edir. Belə olan halda, SOCAR hər ay təkcə yaşayış, gündəlik yemək və tədris materialları xərcərinə görə son iki ilin tədris müddətində Böyük Britaniyada təhsil alanların aylıq xərci  üçün 168 min GBP, Fransada 62 min Avro, ABŞ-da minimum 13 min dollar vəsait sərf edib. Bunların üzərinə üniversitetlərin illik təhsil haqlarını də gəlmək olar ki, bu barədə proqramlarda normalar, xərclər göstərilmir.

Bundan əlavə SOCAR Gürcüstan və Türkiyədə də təhsil proqramları mövcuddur. Neft Şirkətindən bildirilir ki, bəzi ölkələrdə təhsil sahəsində keçirilən sosial layihələrin məqsədi, əlavə olaraq, soydaşlarımızın inkişafını dəstəkləmək və ya ölkələrimiz arasında mövcud olan qardaşlıq əlaqələrinin inkişafına töhfə verməkdir. 

“SOCAR Türkiyə” şirkəti tərəfindən 2008-ci ildən bu günə qədər Heydər Əliyevin adını daşıyan və ümumilikdə 6200 şagirdə xidmət edən ümumtəhsil məktəbləri tikilərək Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinə təqdim olunub. Əlavə olaraq, 3800 şagirdlik digər məktəblər isə “SOCAR Türkiyə” şirkətinin hissədarı olduğu Petkim tərəfindən əvvəlki illərdə tikilərək müvafiq şəkildə Türkiyə Cümhuriyyətinə təslim olunub.

“SOCAR-Georgia” 2008-2009-cu tədris ilindən etibarən “1+4” dövlət təhsil proqramı üzrə Gürcüstan ali təhsil müəssisələrində təhsil alan və Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil haqqını maliyyələşdirir.[33] 2013-2014-cü tədris ilindən etibarən təhsilə artan maraq nəticəsində ali təhsil müəssisələrinə hər il birbaşa yolla 50 tələbə və “1+4” proqramı ilə 900 tələbə daxil olur.

Təqaüd proqramı çərçivəsində Neft Şirkəti tərəfindən aparılan təhlillər müəyyən edib ki, ali təhsil müəssisələrinə qəbul olan tələbələrin yalnız 20%-i son kursa qədər təhsillərini davam etdirirmiş. Bu mənfi göstəricini tərsinə çevirmək məqsədi ilə təhsil haqqı ödəmələrində iki mühüm dəyişiklik edilib:

Birincisi, 2015-ci ilə qədər özəl və dövlət universitetlərində təhsil alan tələbələrin təhsil haqları ödənilirdisə, layihənin optimallaşdırılması və proqramın keyfiyyətinin artırılması məqsədi ilə 2015-ci ildən etibarən yalnız dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsil haqqı ödənilməyə başlandı;

İkincisi, tələbələrin təhsil səviyyələrinin artmasını stimullaşdırmaq məqsədi ilə 2020-2021-ci tədris ilindən etibarən təhsil haqqı ödəmələrində yeni meyarlar tədbiq edilməyə başlandı. Belə ki, hazırda yalnız minimum orta balı 61 bal olan tələbələrin təhsil haqqı ödənilir.

 

  1. Aparılan statistik analiz nəticəsində məlum olunub ki, tədbiq edilən yeni meyarlar tələbələrin akademik göstəricilərinə müsbət təsir göstərir. Belə ki, 2020-2021-ci tədris ilində təhsil haqqı SOCAR tərəfindən ödənilən tələbələrin sayının azalmasına baxmayaraq, tələbələrin akademik göstəricilərində artım qeydə alınmışdır. Bu isə öz növbəsində tələbələrin kurslar arası keçidinə və məzun olan tələbələrin sayına da müsbət təsir etmişdir. (sitat)[34]

 

5. Beynəlxalq təcrübə

 

Bir çox dövlətlərdə hökümətlərarası müxtəlif təqaüd proqramları var. Xüsusilə, post-sovet məkanında xarici ölkələrdə təhsil almaqla bağlı xüsusi dövlət proqramları geniş tətbiq olunur.

Şəffaflıq və hesabatlılıq, habelə menecmentlik baxımından Qazaxıstanı müsbət bir nümunə kimi göstərmək olar. Qazaxıstanda 2005-ci ildən Xaricdə Təhsil üçün “Bolaşak” Beynəlxalq Təqaüd Proqramı fəaliyyət göstərir. Bu təqaüdlər magistr və doktorantura təhsili almaq istəyən tələbələrə verilir. Bu təqaüd proqramının əsas məqsədi uğurlu karyera yüksəlişini və məzunların peşəkar özünü həyata keçirməsini təmin etməkdir.

Qazaxıstan Respublikası qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün “Beynəlxalq Proqramlar Mərkəzi” Səhmdar Cəmiyyəti yaradıb. Səhmdar cəmiyyətin yaradılmasında əsas məqsəd “Bolaşak” proqramının təqaüdçülərinin təlimi və məşğulluğunun monitorinqinin tam prosesini təmin etmək idi.

Dövlət orqanları, dövlət qurumları, iri Qazaxıstan və xarici şirkətlər dünyanın ən yaxşı universitetlərində müxtəlif istiqamətlər üzrə təhsil almış ən yaxşı mütəxəssisləri – “Bolaşak” beynəlxalq təqaüdünün məzunlarını işə cəlb etmək imkanına malikdirlər. Bunun üçün Məzunlarla İş üzrə İdarə 200-dən çox əsas işəgötürən ilə sıx əməkdaşlıq edir. Əməkdaşlığa iqtisadiyyatın müxtəlif sahələrində təşkilat, dövlət qurumu, tədqiqat mərkəzləri, yerli və xarici şirkətlər, səhiyyə mərkəzləri daxildir. https://bolashak.gov.kz/ saytında Dövlət Proqramının illik və maliyyə hesabatları yerləşdirilir. Hər bir magistr və doktoranturada oxuyacaq şəxsin adı yerləşdirilir, onların alacağı təqaüd, yaşayış və təhsil xərci ilə  barədə məlumat əldə etmək mümkündür. 

 

6. Nəticələr və tövsiyələr

 

  • 2020-ci il pandemiya dövründə sərvətlərində insan kapitalının payı Azərbaycanda 23 faiz təşkil edib ki, bu göstərici aşağı gəlirli ölkələrlə müqayisdə 2 dəfə aşağıdır.

 

  •  Dünyada müxtəlif ali məktəblərində təhsil alan 44 min azərbaycanlının cəmi 4,5 faizini dövlət xətti təhsil alır.

 

  • Xarici ölkələrdə dövlət vəsaiti hesabına təhsil alanlarla bağlı layihələri müxtəlif qurumlar tərəfindən pərakəndə şəkildə həyata keçirilir. Şəxslərin seçim meyarlarına dair vahid qaydalar yoxdur.

 

  • İl ərzində dövləti bu istiqamətdə nəzərdə tutduğu plan yeri göstərilmir. Məsələn, yerli ali təhsil müəssisələrində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət sifarişli plan yerləri açıqlanır. Lakin biz eyni sistemliliyi xarici ölkələrdə dövlət sifarişli plan yerləni görə bilmirik. Bir neçə dövlət qurumu və ya dövlətə bağlı təşkilatlarının ayrl-ayrılıqda proqramlar həyata keçirməsi şəffaflıq və korrupsiya risklərini artırır. Çünki onlaırn hamısı bərabər səviyyədə hesabat təqdim etmir.

 

  • Xaricdə təhsil proqramlarına sərf olunan dövlət vəsaitlərinin konkret həcmi ilə bağlı səhih məlumatlar yoxdur.

 

  • Dövlət sifarişli yerlərinin konkret planının olmaması xaricdə təhsil alanalrın sayı ilə bağlı fərqli statistik rəqəmlər meydana çıxarıb. Dövlət Neft Fondu və Təhsil Nazirliyi öz hesabatlarında eyni layihə üzrə fərqli rəqəm təqdim edirlər, onlar arasında kordinasiyanın zəif olduğu görünür.  

 

  • Xarici ölkələrdə müxtəlif təhsil proqramlarına dövlər vəsaitləri tərəfindən ayrılan xərclərin Hesablama Palatası tərəfindən monitorinq aparılmasına ehtiayc var.

 

  • Xaricdə təhsil proqramlarının,  habelə SOCAR-ın Xaricdə Təqaüd Proqramından bəhrələnən şəxslərə dair siyahı ictimaiyyətə açıqlanmır. Müvafiq dövlət qurumları “Fərdi məlumatlar haqqında” Qanuna və Əmək Məcəlləsinə istinad edərək siyahını təqdim etməkdəm imtina edirlər. Halbuki sözügedən məlumatlar göstərilən qanunlarını heç bir maddəsinə düşmür. Dövlət vəsaitlləri ictimai vəsaitlər olduğuna görə, hesababtlılıq təmin olunmalıdır. Beynəlxalq təcrübədə də belə siyahılar ictimaiyyətə açıq olur.
     
  • Neft Fondundan “2007-2015”-ci illər Azərbaycan gənclərinin xaricə ölkələrin ali məktəblərində təhsil Dövlət Proqramı”ı istiqamətdə proqnozlaşdıralan xərcin yalnız 83,8 faizi icra edilib.
     
  • 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə proqnozlaşdırılan vəsaitin 33,4 faizi icra olunub.

 

  • Belə aydın olur ki, Dövlət Proqramları ilə qarşıya qoyulan hədəflərin tam icra olunmasında çətinliklər yaşanır. Hər il proqnozlaşdırılan vəsaitin layihələrin hansı xərc planı əsasında ayrıldığı aydın deyil. İcra olunmama səbəblərinə dair hesabatlılıq yoxdur.

 

  • Dövlət Neft Şirkətinin maliyyə, illik hesabatlarında xaricdə təhsil proqramlarına ayrılan vəsaitlər barədə məlumatlar göstərilmir. Hesabatlarında yalnız ““xalq təhsili xərcləri” adlı bölməyə rast gəlmək olur. Bu xərclər isə əsaslı kapital qoyuluşu xərclərinin bölgüsü olaraq göstərilir.

 

  • Təqaüd proqramı çərçivəsində ARDNŞi tərəfindən aparılan təhlillər müəyyən edib ki, ali təhsil müəssisələrinə qəbul olan tələbələrin yalnız 20%-i son kursa qədər təhsillərini davam etdirirmiş. Bu mənfi göstəricini tərsinə çevirmək məqsədi ilə təhsil haqqı ödəmələrində iki mühüm dəyişiklik edildiyi deyilir. Bundan sonra nəticələr müsbətə doğru dəyişdiyini bildirsələr də konkret olaraq, detallı məlumat verimir. Məsələn, təqaüdlərlə bağlı aparılan islahatlardan sonra məzunların göstəriciləri neçə faizə qalxıb?

 

  • “SOCAR Georgia Energy” tərəfindən Gürcüstanda yaşayan azərbaycanlılara təqaüd proqramları təşkil olunur. Onların sonradan Gürcüstan cəmiyyətinə inteqrasiyasının təhlilinə ehtiyac var.

 

NHMT IB ekspert qrupu


[1] World Bank, “The changing nature of work” 2019, page 139

[2] Yenə oradan

[3] World Bank, Human Capital İndex 2018 https://www.worldbank.org/

[4] World Bank, Human Capital İndex 2020 https://www.worldbank.org/

[5] https://documents1.worldbank.org/curated/en/191551611208759873/pdf/Human-Capital-Project-Year-2-Progress-Report.pdf

[6] World Economic Forum, The Global Human Capital Report (2017) https://weforum.ent.box.com/s/dari4dktg4jt2g9xo2o5pksjpatvawdb

[7] Dövlət İmtaham Mərkəzinin, Abituriyent 12 - imtahan nəticələrinin elmi-statistik təhlili (2017, 2018, 2019) https://dim.gov.az/activities/research/statistika/

[8] The Changing Wealth of Nations 2018, 2021 https://openknowledge.worldbank.org/bitstream/handle/10986/29001/9781464810466.pdf?sequence=4 

[9] The Changing Wealth of Nations 2021 https://openknowledge.worldbank.org/handle/10986/36400

[10] Azərbaycan Respublikası Mərkəzi Bankı, Tədiyə Balansı (2021)

[11]  World Bank, “The changing nature of work” 2019, page 139

[12] https://president.az/az/articles/view/50474

[13] http://uis.unesco.org/

[14] Tələbə mobilliyi - 1. Ölkə daxilində və ya sərhəddən kənar təhsil üçün gələn və ya gedən tələbələr. 2. Tələbələr üçün dərəcə proqramı həyata keçirərkən xaricdə işləmək və ya təhsil almaq üçün hər hansı imkan, təqaüd proqramları 3. Hökumətlərarası qısamüddətli mübadilə proqramında iştriak edənlər

[15] İqtisadi Araşdırmalar Mərkəzi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın monitorinqi: şəffaflıq və səmərəlilik” layihəsi üzrə tədqiqat hesabatı

[16] http://www.e-qanun.az/framework/16036

[17] http://www.e-qanun.az/framework/13581

[18] http://www.e-qanun.az/framework/13001

[19] http://www.e-qanun.az/framework/29964

[20] http://www.e-qanun.az/framework/40711

[21] Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisad elmləri namizədi Qubad İbadoğlu

[22] Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov

[23] NHMT tərəfindən ARDNF-ə göndərilən sorğuya verlən cavaba əsasəm

[24] https://edu.gov.az/uploads/Hesabat/TN-hesabat-2020.pdf

[25] http: //www.e-qanun.az/framework/40711

[26] Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisad elmləri namizədi Qubad İbadoğlu

[27] http://www.e-qanun.az/framework/16036

[28] Qubad İbadoğlu

[29] NHMT-nin Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavabdan

[30] NHMT-nin ARDNŞ-ə ünvanladığı sorğudan cavab

[31] https://socar.az/socar/az/careers/scholarship-programs/study-abroad-program

[32] NHMT-nin ARDNŞ-ə ünvanladığı sorğudan cavab

[33] NHMT-nin ARDNŞ-ə ünvanladığı sorğudan cavab

[34] Yenə oradan