Neftçilərin hüquqlarını MÜDAFİƏ TƏŞKİLATI İCTİMAİ BİRLİYİ
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi üzrə müstəqil monitorinq hesabatı.
Monitorinq qrupu : Mirvari Qəhrəmanlı - qrup rəhbəri; Namiq Rzayev - ekspert; Mətanət Əzizova - ekspert
Bakı, 2008-ci il
Mündəricat
1. İcra xülasəsi
2. Problemlər
3. Tövsiyyələr
4. Giriş
5. Layihənin məqsədləri
6. Monitorinqi keçirilən layihə haqqında ümumi məlumat
7. Layihənin həcmi, diqqət yetirdiyi məsələlər və həyata keçirilmə mümkünlüyü
8. Müşahidələr monitorinq prosesində aşkar edilmiş faktlar və onların təhlili
9. Layihənin qender probleminə təsiri
10. Oğuz-Qəbələ-Bakı su kəmərinin monitorinqinin ilkin nəticələri
11. Oğuz-Qəbələ-Bakı su kəməri:sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi üzrə ilkin tədqiqat
12. ARDNŞ tərəfindən ayrılan vəsaitlər hesabına regionlarda tikilən sosial obyektlərin tikinitsinin monitorinqinin nəticələri
13. Azərbaycan Dövlət Neft Şirkətinin sosial yönümlü layihələri: faktlar və gerçəklikər
14. Neft vəsaitləri hesabına həyata keçirilən layihələrin monitorinqi üzrə metodalogiya
İcra Хülasəsi
Təqdim edilən bu hesabat Oxfam Novib (Niderland) təşkilatının dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı tərəfindən həyata keçirilən “Neft Gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi çərçivəsində monitorinq fəaliyyətinin nəticəsi olaraq hazırlanmışdır.
Monitorinq fəaliyyəti bu sahədə təcrübəsi olan ekspertlər tərəfindən həyata keçirilib. Monitorinq fəaliyyətinin həyata keçirilməsində məqsəd neft gəlirlərinin xərclənməsində şəffaflıq və səmərəliliyin təmin edilməsi, həyata keçirilən layihələrin ətraf və sosial mühitə təsirlərinin öyrənilməsi olmuşdur.
Monitorinq fəaliyyəti aşağıdakı istiqamətlər üzrə aparılmışdır.
- Azərbaycan Respublikası dövlət Neft Fondu (ARDNF) tərəfindən ayrılan vəsaitlər hesabına inşa edilən Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin tikintisinin ətraf və sosial mühitə təsirlərinin monitorinqi
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən ayrılan vəsaitlər hesabına Respublikanın regionlarında sosial obyektlərin tikintisinin ətraf və sosial mühitə təsirlərinin monitorinqi
Layihənin həyata keçirilməsi nəticəsində gözlənilən müsbət təsirlər.
1. OQB su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı şəhəri və əraf ərazilər fasiləsiz olaraq keyfiyyətli içməli su ilə təmin olunacaqdır.
2. Suyun su paylayıcı sistemə öz axını ilə daxil olması və suyun təmizlənməsi üzrə təmizləyici tədbirlərə ehtiyac olmamağı kəmərin texniki – istismar xərclərini azaldacaqdır.
3. Magistral kəmərlərdə su itkisinin azalmasına səbəb olacaq
4. Regionların sosial infrastrukturun inkişafına töhfə olacaqdır.
5. Müəyyən sayda iş yerləri açılacaqdır.
Prоblemlər
Eyni zamanda mоnitоrinq zamanı bir sıra problemlər da aşkar edilmişdir ki, onların aradan qaldırılması üçün fəaliyyətlər davam etdirilməlidir. Aşkar edilmiş qüsurlara əsasən aşağıdakıları aid etmək olar.
OQB su kəmərinin tikintisi ilə əlaqədar meydana çıxmış sosial-iqtisadi problemlər.
- Neft gəlirlərin xərclənməsi həvalə olunmuş dövlət təşkilatları və şirkətlər bu gəlirlərin sərf olunması haqqında informasiyaların detallı şəkildə cəmiyyətə açıqlanmasında maraqlı deyildir.
- Ətraf Sosial Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏSMTQ) sənədi ictimaiyyət üçün açıqlanmamışdır və yaxud bu sənəd hazırlanaraq təsdiq edilməmişdir.
- Torpaq mülkiyyətçilərinə torpaqların alınması və dəymiş ziyana görə kompensasiyaların hesablanması və verilməsi sahəsində çox ciddi problemlər qalamaqdadır. Mülkiyyətçilər və ümumilikdə ictimaiyyət, hökumətin bu problemlərin aradan qaldırılması istiqamətində planlaşdırdığı tədbirlər və atacağı addımlar haqqında məlumatsız olaraq qalır.
- Torpaqların alınması üçün proseduralar qeyri-dəqiqdir, mülkiyyətçilərin bu proseduralar haqqında tam məlumatı yoxdur, sənədləşdirmə işlərinin qanunvericiliyə uyğun aparılmamağı bu problemləri daha da dərinləşdirməkdədir
- Aparılmış torpaq işləri torpaqların uzun müddət üçün sıradan çıxmasına və məhsuldarlığın azalmasına səbəb olur.
- Sifarişçi və podratçı təşkilatların OQB su kəmərinin tikintisinin idarə edilməsi, yerli icmaların həyatına və infrastruktura təsirlərinin aradan qaldırlması üçün tədbirlər planı yoxdur.
- Boru kəmərinin tikintisi və istismar dövründə yerli əhali və icmalar ilə əlaqələrin qurulması üçün sifarişçi və podratçı təşkilatların yaratdığı məsul qruplar, müraciət və şikayətlərin idarə olunması proseduraları yoxdur. Podratçının işinə nəzarət planı, sifarişçi və podratçı təşkilatın öhdəlikləri haqqında məlumatlar açıqlanmır.
- Qadınların ictimai həyatda iştirak səviyyəsi çox aşığıdır.
- Layihənin ətraf mühitə təsiri
Tövsiyələr:
- Neft gəlirlirinin idarə olunması həvalə edilmiş qurumlar bu gəlirlərin sərf olunmasında şəffaflığın təmin olunması üçün səylərini artırmalı, “İnformasiya əldə etmək haqqında” AR qanunun tələblərini yerinə yetirməli və cəmiyyətə müvafiq informasiyalar açıqlanmalıdır. Sifarişçi qurum olan Azərsu ASC-nin rəsmi internet saytı işlək vəziyyətə gətirilməli və açıqlanması qanunla tələb olunan məlumatlar daxil olmaqla lazımi materiallar burada yerləşdirilməlidir.
- Müvafiq orqanlar tərəfindən ƏSMTQ sənədi hazırlanmalı,ekspertizadan keçirilməli və layihənin həyata keçirilməsi zamanı riayət edilməsi nəzərdə tutulan standartlar cəmiyyətə açıqlanmalıdır.
- Torpaq mülkiyyətçilərinin kompensasiyaları hazırkı bazar qiymətlərinə uyğun olaraq yenidən hesablanmalı və ödənilməlidir. Tikinti zamanı zay edilmiş məhsul və sonradan tikintinin uzanması səbəbindən torpaqlarını becərə bilməyən mülkiyyətçilərə əldən çıxmış mənfəətə görə müvafiq kompensasiyalar hesablanaraq ödənilməlidir.
- Torpaqların alınması üçün vahid qaydalar müəyyən edilməli ,bu qaydalar mülkiyyətçilərə təqdim edilərək müzakirəsi təşkil edilməli və müvafiq müqavilələr bağlanmalıdır.
- Torpaq işlərinin aparılması və saxlanması standartlara uyğun olaraq ,torpağın məhsuldarlığının bərpası üçün tədbirlər görülməlidir.
- Tikintinin idarə edilməsi planı hazırlanmalı və icmalara açıqlanmalıdır. İcmaların infrastrukturuna dəyən zərərlər icma nümayəndələrinin iştirakı ilə kəmərin tikintisi ilə məşğul olan podratçı təşkilatlar tərəfindən qeydə alınmalı və onların aradan qaldırılması üçün birgə fəaliyyət planı hazırlanaraq həyata keçirilməlidir. Boru kəmərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına tam əməl olunmalıdır.
- Kəmərin keçdiyi ərazilərdə yerli əhali və icmalar ilə məsləhətləşmələr aparılmalı, yerli icmalar ilə əlaqələrə məsul qruplar yaradılmalı, şikayət proseduraları hazırlanaraq yerli əhali və icmalar üçün açıqlanmalı verilən sorğu və müraciətlərə vaxtında və mahiyyəti üzrə cavablar verilməlidir.
- Hökumət Yerli idarəetmə orqanları, biznes strukturları tərəfindən vətəndaş cəmiyyəti institutları, qadınların ictimai fəallığının artırılması üçün geniş tədbirlər planı hazırlamalı və davamlı olaraq həyata keçirilməlidir.
- Boru kəməri tikintisinin ətraf və sosial mühitə təsirlərini müəyyənləşdirmək üçün monitorinqlərin aparılması davam etdirilməlidir.
- Ağacların yaxınlığında mümkün olan yerlərdə torpağın preslənməsinin qarşısını almaq lazımdır. Tikintidən sonra bütün sahələr təmizlənməli və bərpa edilməlidir.
- Marşrutun yarımsəhra ərazilərdən keçən hissələrində təbii suksesiya tətbiq edilməlidir
- Yerli bitki növlərindən istifadə etməklə meşələrin bərpası, ətraf mühit üzrə yerli orqanlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Bio mühtəlifliyin qorunub, saxlanması üçün reabilitasiya tədbirləri hazırlanıb həyata keçirilməlidir
- Tikinti prosesi zamanı potensial arxeoloji dəyərə malik hər hansı tapıntılara rast gəlinərsə, tikinti prosesi dərhal dayandırılmalı ,tarixi ərazilərin və mədəniyyətlərin qorunması ilə əlaqədar səlahiyyətli orqanlara məlumat verilməlidir.
- Ərazidəki yeraltı suların mühafizəsi üçün ən yaxşı həll yollarını müəyyən etmək məqsədilə bütün vadini əhatə edən çirkab suların toplanması və kənarlaşdırılması üzrə Baş Plan hazırlanmalıdır.
- Kəmərin ərazisində erroziya təhlükəsinə məruz qalan bütün sahələr müəyyənləşdirilməsi və müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilməlidir.
1 – Giriş
1.1. Layihənin məqsədləri
Son illərdə neft gəlirləri hesabına Azərbaycana külli miqdarda vəsaitlər daxil olmaqdadır. Bu gün cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biri də bu vəsaitlərin səmərəli idarə olunması və onun ölkənin sabit və davamlı inkişafına yönəldilməsi məsələsidir. Təbii ehtiyatlar ilə zəngin olan bir sıra digər ölkələrin təcrübəsi göstərir ki, neft gəlirləri ölkənin əsas sosial-iqtisadi problemlərinin həll etməklə yanaşı eyni zamanda iqtisadi tənəzzülün də əsasını qoya bilər. Küllü miqdarda vəsaitlərin daxil olması korrupsiyanın mövcud olduğu, demokratik institutlar və vətəndaş cəmiyyətinin zəif olduğu ölkələr üçün böyük risklər yarada bilər. Belə ki, iri həcmli layihələrin həyata keçirilməsi üçün vəsaitlərin ayrılması son nəticədə ölkədə inflyasiya və qiymətlərin artmasına səbəb olan əsas amillərdən biri hesab olunur. Hal-hazırkı dövrdə neft ixracından ölkənin gəlirlərinin artması müsbət hal kimi qiymətləndirilsə də bu gəlirlərdən səmərəli istifadə edilməsi də çox aktual bir məsələdir.
Azərbaycanın neft gəlirlərindən daxil olan gəlirləri onların saxlanması və idarə olunması üçün yaradılmış neft fondunda toplanır. Neft fondunun yaradılmasında məqsəd daxil olan neft gəlirlərini səmərəli surətdə idarə etmək və eyni zamanda gələcək nəsillərin bu gəlirlərdən maksimum faydalanmasını təmin etməkdən ibarətdir. Azərbaycanın dövlət büdcəsinin təxminən 2/3 hissəsi neft gəlirləri hesabına formalaşır. Əsasnaməyə görə neft fondunun gəlirləri ölkənin strateji əhəmiyyətli sosial-infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün də istifadə oluna bilər. Lakin neft gəlirlərinin dövlət büdcəsinə transfer edilməsi və müəyyən layihələr üçün ayrılması dəqiq prinsiplərin, habelə neft fonduna daxil olmuş gəlirlərin sərf olunması üçün limitlərin müəyyən edilməməyi neft gəlirlərinin sərf olunmasında gələcəkdə çox ciddi problemlər yarada bilər.
Neft gəlirləri hesabına maliyyələşdirilən layihələr daim cəmiyyətin diqqətini özünə cəlb etməklə bu layihələr ətrafında diskussiya və müzakirələrin asılmasına səbəb olur. Bu müzakirələr son nəticədə neft gəlirlərinin istifadə olunmasında şəffaflığın təmin olunmasına öz töhfəsini verməlidir. Bu gün cəmiyyətdə daha sox müzakirə olunan məsələlərdən biri də neft gəlirləri hesabına iri maliyyə tutumlu infrastruktur layihələrin həyata keçirilməsinin məqsədəuyğunluğu məsələsidir.. Doğrudur SSRİ- dövlətinin mövcud olduğu son illər və müstəqillik illərində Azərbaycanda infrastrukturun inkişafı demək olar ki, dayanmış və bəzi sahələrdə isə tamamilə sıradan çıxmışdır. Vəziyyətin bu cür olması hökuməti infrastruktur layihələrinə vəsaitlərin ayrılmasına sövq edir. Bəzi ekspertlər isə bu cür layihələrin maliyyələşdirilməsinə skeptik yanaşaraq, neft gəlirlərinin daha münasib, Dövlət büdcəsi üçün artıq yükə çevrilməyən, əksinə büdcə gəlirlərinin artmasına kömək edən (məsələn qeyri-neft sektoruna, kiçik və orta biznesin inkişafına) layihələrə cəlb edilməsinə tərəfdar olduqlarını bildirirlər. Onları daha çox narahat edən problem bu cür layihələrdə korrupsiya risklərinin xeyli böyük olmasıdır.
Neft gəlirlərinin hesabına reallaşdırılan ən iri layihələrdən biri kimi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini misal göstərmək olar. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Neft fondunun gəlirləri hesabına reallaşdırılan bu layihənin icrasının monitorinqini aparmaqla neft gəlirlərinin sərf olunmasında şəffaflığın təmin olunması və neft gəlirlərindən necə istifadə olunması haqqında ictimaiyyətin məlumatlandırması vəzifəsini qarşıya qoymuşdur.
Monitorinqi əsas istiqamətləri aşağıdakılardan ibarət olmuşdur.
Məqsəd 1. OQB su kəmərinin tikintisi üçün ayrılmış vəsaitlərin xərclənməsində şəffaflığın təmin edilməsi və tikinti prosesinin ətraf və sosial mühitə təsirlərinin monitorinqi.
Bu məqsəd üzrə fəaliyyət əsasən monitorinq vasitəsi ilə OQB su kəmərinin tikintisinin mülkiyyətçilərə, yerli icmaların infrastrukturuna, ətraf və sosial mühitə edilən təsirlərin aşkar edilməsi və bu təsirlərin yumşaldılması istiqamətində tədbirlərin görülməsinə nail olmaqdan ibarət olmuşdur.
1.2. Layihənin həcmi, diqqət yetirdiyi məsələlər və həyata keçirilmə mümkünlüyü.
Monitorinq layihəsinin həcmi yaradılmış ekspert qrupunun bilik və bacarıqlarından eyni zamanda bu cür layihələrin həyata keçirilməsində malik təcrübədən asılı оlaraq müəyyən edilmişdir.
Monitorinq fəaliyyəti 01.12.2007 – 30.11.2008-ci il tariхində həyata keçirilmişdir. Monitorinq prosesində sifarişçi təşkilata və digər orqanlara sorğular göndərilmiş, regionlara, tikintinin aparıldığı ərazilərə səfərlər edilmiş, icma infrastrukturunun mövcud vəziyyəti öyrənilmiş, müvafiq müşahidə və ölçmələr aparılmış əhali, mülkiyyətçilər, bələdiyyə və yerli icra hakimiyyəti orqanı üzvləri ilə söhbət və müsahibələr aparılmışdır. Monitorinq fəaliyyəti zamanı aşağıdakı məsələlər xüsusilə diqqət verilmişdir.
- Layihə haqqında informasiyaların verilməsi
- İctimai məsləhətləşmələr
- Boru kəmərinin tikintisi üçün torpaqların mülkiyyətçilərdən alınması
- Mülkiyyətçilərin torpaqlardan istifadə imkanlarının vəziyyəti
- Tikinti prosesi zamanı icmaların infrastrukturundan istifadə olunması və infrastruktura dəyən ziyanlar
- Ətraf mühitə dəyən zərərlər
- İcmalar ilə əlaqələr şikayət və müraciətlərin verilməsi, şikayətlərin idarə olunması
Aşağıda sadalanan amillər Monitorinqin keçirilməsini mümkün etmişdir.
- Komanda daxilində monitorinq istiqamətləri üzrə məsul şəxslərin müəyyənləşdirilməsi;
- Komanda üzvləri tərəfindən qarşıya qoyulmuş vəzifələrin mahiyyətinin dərk edilməsinə səy göstərilməsi;
- Komanda üzvlərinin hər birinin öz funksiyaları haqqında məlumatlı olması;
- Monitorinqin planlaşdırılmış həcm çərçivəsində aparılması üçün resursların mövcud olması;
- Hər iki məqsəd üzrə vəzifələrin başa düşülməsi;
- Monitorinq keçirilməsi sahəsində təcrübəsi olan təlimlərin iştirakı ilə keçirilən təlimlər
1.3. Monitorinqi keçirilən layihə haqqında ümumi məlumat
OQB su kəməri AR Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 nömrəli sərəncamı və Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42 s nömrəli sərəncamına uyğun olaraq həyata keçirilir. Kəmərin inşası nəticəsində Oğuz-Qəblə rayonları ərazisində yerləşən yeraltı su mənbələrinin istifadəsi nəticəsində saniyədə 5 kubmetr suyun nəql edilməsi və Bakı şəhərinin fasiləsiz olaraq içməli keyfiyyətli içməli su ilə təmin edilməsi planlaşdırılır. Bu məqsədlə Oğuz rayonu ərazisində 100-ə qədər su quyusunun qazılması və suötürücü qurğunun tikilməsi nəzərdə tutulur. Uzunluğu 260 km olan bu kəmər Respublikanın səkkiz rayonu Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Hacıqabul və Abşeron rayonlarının ərazindən keçir. Layihənin idarə edilməsi üçün sifarişçi qurum kimi Azərsu Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. Bu kəmərin inşası üçün maliyyə vəsaiti AR Dövlət Neft Fonduna daxil olan gəlirlər hesabana reallaşdırılır və neft fondundan bu məqsəd üçün 480 mln.manat vəsait ayrılmışdır. 2008 –ci ilin sentyabr ayına qədər Boru kəmərinin 153 km-lik hissəsi çəkilmişdir. Layihənin texniki-iqtisadi əsaslandırılması və layihə sənədləri Almaniyanın "CES Consulting Engineers" şirkəti tərəfindən hazırlanmışdır. OQB su kəmərinin ləyihələndirilmiəsi və tikintisi Turan Hazinedaroğlu –Tekser-İnşaat Sanayi-Gəncə Körpü Tikinti 2 alyansına həvalə edilmişdir. Layihənin icra edilməsi müddəti 14 ay müddətinə müəyyən edilmişdir.
2. Müşahidələr monitorinq prosesində aşkar edilmiş faktlar və onların təhlili.
2.1 Layihənin icrası haqqında ictimaiyyətin məlumatlandırılması
Yuxarıda qeyd edildiyi kimi OQB su kəməri layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası Azərsu Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş və AR prezidentinin sərəncamı ilə neft fondundan ayrılmış 480 mln. manat vəsait hissə-hissə dövlət xəzinədarlığı orqanı vasitəsi ilə bu təşkilatın hesabına köçürülür. Göründüyü kimi Azərsu ASC-nə böyük miqdarda dövlət vəsaitinin idarə olunması həvalə edilmişdir və bu prosesinin açıq aparılması və şəffaflığın təmin edilməsi məsuliyyəti də bu qurumun üzərinə düşür. Lakin aparılan müşahidələr onu göstərir ki, Azərsu ASC layihənin reallaşdırılması istiqamətində məlumatların açıqlanmasında bir o qədər maraqlı deyildir. İndiyə qədər Azərsu ASC tərəfindən açıqlanan məlumatlar əsasən AR Prezidentinin sərəncamında və ARDNF tərəfindən açıqlanan ümumi məlumatlardır. Nəzərə alsaq Azərsu ASC ölkənin su ehtiyatlarının idarə olunmasında təbii inhisarçıdır və оnun həyata keçirdiyi layihə dövlət vəsaitləri hesabına reallaşdırılır, buna görə də Azərsu ASC “İinformasya əldə etmək haqqında” AR qanuna əsasən müəyyən öhdəliklər daşıyır. Lakin təəssüf ki, Azərsu ASC tərəfindən qanunun bu tələbləri tam yerinə yetirilmir. Artıq layihənin icrasına başlanmasından iki il ötməsinə baxmayaraq indiyə qədər Azərsu ASC tərəfindən mətbuata ətraflı açıqlamalar verilməmiş və mətbuat konfransları demək olar ki, keçirilməmişdir. Azərsu ASC-nin rəsmi internet saytı bu günə kimi işləmir. Azərsu ASC tərfindən informasiya sorğularının cavablandırması vəziyyətini qənaətbəxş hesab etmək mümkün deyildir. Verilən sorğuların vaxtında və mahiyyəti üzrə cavablandırılmasında problemlər mövcuddur. Bu layihənin həyata keçirilməsi haqqında qərar hələ 2002-ci ildə qəbul edilmiş və artıq 2006-cı ildən kəmərinin inşası üzrə laiyhə işlərinə başlanmışdır. Lakin Böyük maliyyə vəsaiti tələb edən, ətraf və sosial mühitə böyük təsir edə biləcək, bu layihə ölkə ictimaiyyəti ilə müzakirə edilməmiş yaxud bu müzakirələr haqqında məlumatlar cəmiyyətə ötürülməmişdir
Monitorinq qrupunun qənaəti
Neft gəlirlərin xərclənməsi həvalə olunmuş dövlət təşkilatları və şirkətlər bu gəlirlərin sərf olunması haqqında informasiyaların detallı şəkildə cəmiyyətə açıqlanmasında maraqlı deyildir.
2.2. ƏSMTQ sənədinin ictimaiyyətə təqdim edilməsi
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi, “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası Konvensiyası, “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunu, “Sanitariya epidemioloji salamatlıq haqqında” AR Qanunu və bu sahədə qəbul edilmiş digər qərar və normativ aktlar ictimaiyyətin ətraf sosial mühit ilə bağlı məsələlər üzrə qərar qəbul edilməsində iştirakını tələb edir. Qanunvericiliyin bu tələblərinə görə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakının təmin edilməsi üçün ətraf sosial mühitə təsir edə biləcək hər hansı bir layihənin icrasına başlamazdan əvvəl Ətraf Sosial mühitə təsirlərin qiymətləndirilməsi sənədi hazırlanmalı, ekspertizadan keçirilməli, müvafiq sənədlər ilə birlikdə ictimaiyyət üçün açıqlanmalıdır.
Oğuz-Qəbələ-Bakı su kəməri tikintisi kimi iri layihənin də ətraf və sosial mühitə təsirləri qaçılmazdır. Monitorinq qrup tərəfindən və OQB su kəmərinin tikintisi üçün ƏSMTQ sənədinin əldə edilməsi üçün Sifarişçi qurum olan Azərsu ASC-nə, Ekologiya və Təbii Sərvətlər Nazirliiynə monitorinq qrupu tərəfindən bir neçə dəfə müraciət edilməsinə baxmayaraq təəssüf ki, nə həmin sənədi nə də ki, bu sənədin müzakirəsi haqqında məlumatları əldə etmək mümkün olmadı. Halbuki “İnformasiya əldə etmək haqqında” AR qanununa əsasən bu sənədlər ictimaiyyət üçün açıq olmalıdır və informasiya sahibləri bu informasiyaların verilməsi üçün məsuliyyət daşıyırlar.
ƏSMTQ sənədinin istənilməsində məqsəd layihənin proqnozlaşdırılan təsirləri və bu təsirlərin yumşaldılması üçün görüləcək tədbirlər haqqında informasiyaların əldə edilməsi olmuşdur.
Laiyhənin TİƏ sənədində baş verə biləcək dəyişikliklərin izlənməsi və təbii tarazlığın maksimum qorunmasına nəzarət üçün monitorinq sistemlərinin yaradılması və tətbiq edilməsi nəzərdə tutulur. Lakin bu cür monitorinqlərin parametrləri və onların keçirilməsi haqqında informasiyalar yoxdur.
Monitorinq qrupunun qənaəti: Ətraf Sosial Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏSMTQ) sənədi ictimaiyyət üçün açıqlanmamışdır və yaxud bu sənəd hazırlanaraq təsdiq edilməmişdir.
2.3 Boru kəmərinin tikintisi üçün torpaqların əldə edilməsi
Sözügedən layihənin reallaşdırılması üçün xeyli miqdarda xüsusi mülkiyyət və bələdiyyə torpaqlarının alınması nəzərdə tutulmuşdur və 2007-ci ildə bu proses əsasən başa çatdırılmışdır. Torpaqların alınması prosesinin qanunvericiliyə uyğun olaraq aparılmasını müəyyən edilməsi üçün Monitorinq qrupu kəmər boyu ərazilərə səfərlər etmiş və xüsusi mülkiyyət sahibləri ilə sorğu və müsahibələr aparmışdır. Qeyd etmək lazımdır ki, xüsusi mülkiyyət olan pay torpaqlarının alınması məsələsində çox böyük və ciddi problemlər mövcuddur. Hesab edirik ki bu problemin həll edilməsi üçün bu gün məsələyə hökumətin müdaxilə etməsi zəruridir. Layihənin Texniki-İqtisadi Əsaslandırılması sənədində boru kəmərinin əsas kənd təsərrüfatı ərazilərinə təsir göstərməyəcəyi və qeyd olunur. Bununla belə kəmər boyu pay torpaqları OQB su kəməri tikintisinin təsiri altına düşən mülkiyyətçilərin sayı 3974 nəfər torpaqların ümumi sahəsi isə 2365.65 hektardır və kəmərin tikintisinin əsas məşğüiyyəti əkinçilik və maldarlıq olan yerli əhali və icmaların həyatına təsirləri qaçılmazdır. AR Konstitusiyası və müvafiq qanunvericilik mülkiyyət hüquqlarının qorunması üçün lazımi mexanizmlər yartmışdır. Bununla belə zəruri dövlət ehtiyaclarının təmin edilməsi üçün mülkiyyətin özgənikiləşdirilməsinə icazə verilir və bunun üçün qanunvericilik müvafiq qaydaların tətbiq edilməsini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 157.9 –cu maddəsinə görə “Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən yalnız bazar dəyəri miqdarında qabaqcana əvəzi ödənilməklə özkənikiləşdirilə bilər. “Torpaq mülkiyyətçiləri bu OQB su kəmərinin çəkilməsinin Respublika üçün mühüm əhəmiyyət malik olduğunu başa düşdüklərini qeyd edir və hesab edirlər ki bu cür layihələrin reallaşdırılması eyni-zamanda regionların sosial-iqtisadi inkişafı sahəsində öz töhfəsini verəcəkdir. Müsahibə aparılan mülkiyyətçilərin demək olar ki, hamısı ədalətli kompensasiyaların veriləcəyi təqdirdə torpaqlarının bir hissəsinin OQB su kəmərinin çəkilməsi üçün verilməsinə razı olduqlarını bildirmişlər. Lakin təəssüf ki, bu gün torpaq mülkiyyətçiləri və layihənin icraçıları arasında problemlər qalmaqda davam edir ki, bu problemin də əsasını torpaqların alınması prosesinin mülkiyyətçilərin fikrincə qanunvericiliyə uyğun aparılmamağıdır.
Mülkiyyətçilər onlardan alınmış torpaqların əvəzinə veriləcək kompensasiyaların məbləği ilə razılaşmadıqlarını qeyd edirlər. Mülkiyyətçilərə torpaqların alınması üçün veriləcək kompensasiyaların “Azərbaycan respublikasında” torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin 23 iyul 1998-ci il 158 N-li qərarına uyğun olaraq hesablandığı söylənilmişdir. 1998-ci ildən indiki dövrə qədər qiymətlərinin, xüsusilə də torpaq və digər daşınmaz əmlakın qiymətlərinin dəflərlə artması hamıya məlumdur. Mülkiyyətçilər hesab edir ki, bu gün 1998-ci ildə qəbul edilmiş normativlər ilə ədalətli kompensasiyaların hesablanması qeyri-mümkündür və bu kompensasiyaların miqdrı itirilən mənfəətə görə adekvat deyildir. AR –da torpaqların normativ qiymətlərinin müəyyən edilməsi haqqında əsasnaməyə görə Oğuz-Qəbələ rayonlarında 1-ci kateqoriya torpaqlar üçün 1 hektar- 3736 manat, 2-ci kateqoriya torpaqlar üçün 1-hektar - 3086 manat, 3-cü kateqoriya torpaqlar 1-hektar- 2516 manat; Şamaxı, İsmayıllı, Ağsu, Göyçay rayonlarında isə müvafiq olaraq 2776, 2126, və 1884 manat müəyyən edilmişdir. Beləliklə mülkiyyətçilərə torpaqlar üçün təklif olunan qiymətlər bir hektar torpağa görə, torpağın kateqoriyasından asılı olaraq 2000-4000 AZN, bir ağaca görə isə (bu ərazilərdə əsas çoxillik bitkilər fındıq ağaclarıdır) məhsuldarlıqdan asılı olaraq 50-100 manat AZN arasında dəyişir. Təklif olunan bu qiymətlər ğu gün bazar qiymətlərindən xeyli aşağıdır. Qeyd etmək lazımdır ki, AR Mülki Məcəlləsində torpaqların məhz bazar qiymətlərinə uyğun olaraq qiymətləndirilməsini nəzərdə tutulur. Bu məsələnin çox mühüm olmasını və mülkiyyətçiləri çox narahat etməsini əsas tutaraq monitorinq qrupu iyul ayında mətbuat konfransı keçirərək kompensasiyaların hesablanması və ödənilməsi ilə bağlı problemlər haqqında gctimaiyyət məlumat verməli oldu. Bundan sonra Azərbaycan Dövlət Neft Fondunun və Azərsu ASC-nin rəhbərliyi Hökumət tərfiəndən kompensasiyaların ödənilməsi üçün qiymətlərə yenidən baxılacağı və muvafiq qərar veriləcəyi haqqında KİV-nə məlumat verdilər. Lakin bu günə qədər belə bir qərar qəbul edilməmiş və torpaq mülkiyyətçilərinə əlavə olaraq heç bir məlumat verilməmişdir. Mülkiyyətçilər torpaqlarına dəymiş ziyanın əvəzinin onlara nə vaxt ödənilməsi haqqında məlumatlı deyildir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində həyata keçirilən bu layihənin məqsədlərdən biri də sosial iqtisadi inkişafa, yoxsulluğun aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Lakin təəssüf ki, torpaqlarından məhrum olmuş mülkiyyətçilər üçün nəzərdə tutulmuş kompensasiyalar onların itirdikləri mənfəətə adekvat deyildir.
Monitorinq qrupunun qənaəti : Torpaq mülkiyyətçilərinə torpaqların alınması və dəymiş ziyana görə kompensasiyaların hesablanması və verilməsi sahəsində çox ciddi problemlər qalamaqdadır. Mülkiyyətçilər və ümumilikdə ictimaiyyət, hökumətin bu problemlərin aradan qaldırılması istiqamətində planlaşdırdığı tədbirlər və atacağı addımlar haqqında məlumatsız olaraq qalır.
AR Mülki Məcəlləsinin 246.3 maddəsinə Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.
Torpaqların ayrılması ilə əlaqədar mülkiyyətçilərə yazılı bildiriş göndərilməmiş və onlar ilə məsləhətləşmələr aparılmamışdır. Rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın nümayəndələri kəndlərə gələrək mülkiyyətçilərə torpaqlarının kəmərə üçün alınacağı xəbərini vermiş, lakin onlara heç bir sənəd təqdim olunmamış, ilkin razılıqlar üçün sənədlər imzalanmamışdır. Torpaqların alınması komissiyasına yerli icma nümayəndələri daxil edilməmişdir. Pay torpaqlarının sahibləri torpaqların hansı şərtlər daxilində alınması haqqında dolğun informasiyalara malik deyildir. Çünki onların əlində heç bir müqavilə və yaxud sənəd yoxdur. Onlar torpaqlar üçün veriləcək kompensasiyaların hansı qanun və ya metodika ilə hesablanacağından xəbərsizdirlər. Torpaq ayırma komissiyasının üzvləri onlara ancaq alacaqları məbləği söyləmişdir. Torpaqların alınması üçün müzakirələr şifahi olaraq aparılmışdır.
Torpaq sahələrinin mülkiyyətçilərdən alınması haqqında heç bir müqavilə yaxud razılaşma sənədi mövcud deyildir.
Bəzi yerlərdə mülkiyyətçilər torpaqlarını qiymətləri göstərilmiş ümumi siyahıda imza atmış, lakin bu siyahıların surəti onlara verilməmişdir. Ümumiyyətlə torpaqların alınması haqqında vahid bir proqram və ya sənədin olmamağı əhali arasında çaşqınlıq və problem yaradır. Monitorinq qrupunda belə bir fikir yaranmışdır ki, OQB su kəməri üçün torpaqların alınması üçün xüssi bir işçi qrupu mövcud deyiildir. Yalnız yerli icra hakimiyyəti nəzdində müəyyən komissiyalar yaradılmış və rayon üzrə müxtəlif idarə və təşkilatların nümayəndələri bu komisiyyaya daxil edilmişdir. Bu nümayəndələr demək olar ki, ub işi öz əsas vəzifələrindən əlavə olaraq yerinə yetirməli olurlar ki bu da onlarn işlərinin səmərəliliyini aşağı salır.
Boru kəmərinin tikintisinin təsirinə məruz qalmış əhalinin və mülkiyyətçilərin hansı parametrlər üzrə təsnifatlaşdırılmağı
- kəmər tikintisinin təsirinə məruz qalan ərazilər və pay torpaqları kəmərdən hansı məsafədə yerləşməsi
- Kəmər üçün ayrılmış dəhliz tikinti və istismar zamanı istifadə ediləcək giriş və çıxış yollarının sxemi
- Kəmər üçün ayrılmış dəhlizin ölçüləri
- kəmərin keçəcəyi ərazilərin xəritəsi və ya planı aydın deyildir
Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi qaydada hesablanaraq bu məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. (AR Mülki Məcəlləsi maddə 247.1)
Qanunvericiliyin tələbinə görə torpağın əvəzi üçün ödənilməli olan kompensasiya mülkiyyətçiyə ən azı yazılı bildiriş verilməsindən sonrakı 120 gün ərzində ödənilməlidir. Lakin Mülkiyyətçilərin torpaqları 2007-ci ildən alınmasına baxmayaraq müvafiq kompensasiyalar bu günə qədər ödənilməyib. Tikinti başa çatmadığına görə bəzi mülkiyyətçilər əllərində qalmış torpaqların becərə bilmirlər ki, bu də onların gəlirlərinin aşığı düşməsinə səbəb olur. OQB su kəmərinin keçdiyi ərazilərə səfər zamanı aparılan müsahibələrdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri artıq bütün sənədlərin hazırlandığını və sentyabr ayına qədər torpaq kompensasiyalarının ödənilməsinin nəzərdə tutulmasına qeyd edirdilər. Lakin əlavə aparılan sorğu və müsahibələr zamanı kompensasiyaların bu günədək verilmədiyi aşkar edilmişdir.
Monitorinq qrupunun qənaəti: Torpaqların alınması üçün proseduralar qeyri-dəqiqdir, mülkiyyətçilərin bu proseduralar haqqında tam məlumatı yoxdur, sənədləşdirmə işlərinin qanunvericiliyə uyğun aparılmamağı bu problemləri daha da dərinləşdirməkdədir
2.4. Torpaqlara olan təsirlər
Kəmər tikintisi üçün aparılmış torpaq işləri mülkiyyətçilərin əlində qalmış torpaqlara mənfi təsirlərini göstərməkdədir. Məlumdur ki, torpağın münbit qatının yaranması çox uzun müddətli bir prosesdir. Lakin monitorinq qrupu bir sox yerlərdə artıq iki il bundan əvvəl qazılmış lakin hələdə açıq qalan xəndəkləri müşahidə etmişdir. Bu xəndəklər əhali və fermerlərin mal-qarası üçün təhlükə yaradır. Bundan əlavə bu xəndəklər təyinatına görə istifadə olunmadığına görə eroziya baş vermiş və onlardan təyinatına görə istifadə etmək üçün yenidən qazıntı işlərinin aparılmasına ehtiyac yaranmışdır. Bu bir tərəfdən kəndlilərin ətraf torpaqlarının becərilməsinə maneçilik törədir. Digər tərəfdən yenidən qazıntı işlərinin aparılması nəticəsində əkin torpaqlarına yenidən mənfi təsirlərinin olacağını gözləmək labüddür. Qazıntı işlərinin yenidən aparılması əlavə məsrəflərin yaranmasına gətirib çıxaracağı və vəsaitlərdən istifadəsinin səmərəlilik əmsalı aşağı düşməsinə səbəb olacaqdır. Tikinti işlərinin aparılması ətraf torpaqların məhsuldarlığının da aşağı düşməsinə səbəb olacağı gözlənilir. Qazılmış torpaqların kənara çəkilməsi demək olar ki, plansız aparılır və onların necə gəldi qalaqlanması və məhsuldarlığın saxlanılması üçün saxlanma qaydalarına riayət olunmamağı müşahidə olunur. Kəmər tikintisinin irriqasiya və suvarma sistemlərinə təsirləri də qaçılmazdır. Kəmərin istismarı zamanı xidmət və nəzarət personalının kəmər boyu hərəkət etməsi üçün əlavə torpaq sahələrinin cəlb edilməsi mülkiyyətçilərin ixtiyarında qalan torpaqlardan istifadəsinə təsir edəcəkdir. Digər tərəfdən bu ətraf ərazilərdə yaşayan əhali və yerli icmalar üçün də müəyyən narahatlıq yaradacaqdır. İcmalara məxsus yollardan istifadə edilməsi vəziyyəti o qədər də yaxşı olmayan yolların icmalar tərəfindən istismarında çətinlik törədəcəkdir. Tikintinin idarə olunması və kəmərin istismarı zamanı prosedura və qaydaları bu təsirlərin aradan qaldırılması üçün hansı yumşaldıcı tədbirlərin görüləcəyi haqqında əhali məlumatlara malik deyildir.
Boru kəmərinin çəkilməsindən sonra torpaqların məhsuldarlığının yenidən bərpa edilməsi və yararlı hala gətirilməsi hansı tədbirlərinin planlaşdırılması məlum deyildir. Bunu torpaqların alınması üçün yaradılmış komissiya üzvləri də açıqlaya bilmədi. Torpaqların məhsuldarlığının bərpa edilməsi tədbirlərinin nəzərdə tutulmamağı və yaxud bu işlərin lazımı səviyyədə aparılmamağı gələcəkdə bu ərazilərdə əkinçiliklə məşğul olan sahibkarların təsərrüfatında rentabelliyin aşağı olmasına səbəb olacaqdır.
Yeraltı suların həcminin azalması ərazinin bitki örtüyünün zəifləməsinə, suvarma işlərinin çətinləşməsinə və müvafiq olaraq məhsuldarlığın azalmasına gətirib çıxaracaqdır. Yerli əhalinin həyat və məşğuliyyətinə bu cür mənfi təsirlərin aradan qaldırılması üçün hansı tədbirlərin planlaşdırılması məlum deyildir.
Monitorinq qrupunun qənaəti:
- Aparılmış torpaq işləri torpaqların uzun müddət üçün sıradan çıxmasına və məhsuldarlığın azalmasına səbəb olur.
- Bəzi hallarda tikinti işləri su kəmərinin çəkilisi üçün nəzərdə tutulan dəhlizdən kənara çıxmış, nəqliyyat kommunikasiyası boyunca yerləşən kənd təsərrüfatı əkinlərinin korlanmasına və bununla da mülkiyyətçilərə ziyan vurulmasına səbəb olmuşdur
- Rekultivasiya və bitki örtüyünün bərpası işləri əksər yerlərdə nəzərdə tutulmayıb
- Tikinti işlərinin(xəndəklərin qazılması, boruların çəkilməsi və s) gedişində ağır texnikadan istifadə edilməsi nəticəsində əksər yerlərdə yerli nəqliyyat infrastrukturunun – yolların əhəmiyyətli dərəcədə dağılmasına səbəb olmuş və onlar bərpa edilməmişdir.
2.5. Torpağa dəyəcək əsas mənfi təsirlərin yumşaldılması tədbirləri
Tikinti işlərindən öncə torpaq quruluşuna dəyəcək mənfi təsirlərin qarşısını almaq məqsədilə tikinti zolağı daxilindəki torpağın üst qatı kənarlaşdırılmalı və torpağın mineral alt qatından kənar saxlanmalıdır.
Monitorinq qrupunun qənaəti
Monitorinq zamani aşkar olunmuşdur ki, torpağın münbit qatı kənarlaşdırılmır və xəndəklərə doldurulur. Bu isə torpağın münbit qatının itməsinə səbəb olur.
2.6. Biomüxtəliflik
Su kəmərinin tikintisi biomüxtəlifliyə də böyük təsir etmişdir, xüsusən də Oğuz rayonunda. Böyük bir ərazidə ağaclar kəsilmiş, otlaqlar – yasıllıqlar məhv edilmişdir, bütün bunlar işə vəhşi heyvanların və quşların bu əraziləri tərk etməsinə səbəb olmuşdur.
Monitorinq qrupunun qənaəti
Biomüxtəlifliyin qorununub saxlanmasına aid xüsusi tədbirlər planı mövcüd deyil, bu da gələcəkdə bu ərazilərdə biomüxtəlifliyin zənginliyinə təsir edəcəkdir.
2.7. Yeraltı sulara dəyəcək əsas mənfi təsirlərin yumşaldılması tədbirləri
Quyu sahəsində yeraltı suların mühafizəsi mühüm əhəmiyyət kəsb edir və bu baxımdan da quyuların qazılması və quraşdırılması zamanı təsadüfi çirklənmənin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Podratçı tərəfindən hazırlanacaq Ətraf Mühitə dair Milli Fəaliyyət Planında bu aspektlər öz əksini tapmalı və təsadüfi çirklənməni minimuma endirmək üçün nəzərdə tutulmuş tədbirlər ətraflı şəkildə təsvir edilməlidir. Eyni qaydada ƏTMFP-a tikinti mərhələsi ərzindən boru kəməri boyunca yeraltı suların çirklənməsini minimuma endirmək üçün nəzərdə tutulmuş tədbirlər də daxil edilməlidir.
İstismar mərhələsi ərzində təbii yeraltı su axınlarını saxlamaq üçün basdırılmış borular suayırıcı olmamalıdır. Boru kəmərinin azsulu horizontlarda yeraltı su axınlarını kəsdiyi yerlərdə axın istiqamətlərində dəyişikliklərin olacağı gözlənilir. Yeraltı sular boru kəmərinin altında toplanacaq, lakin ərazinin topoqrafiyası dəyişməz qaldıqca yeraltı suların səviyyəsi maneələrə rast gələrkən qalxacaq və tədricən öz təbii yoluna düşərək boru kəmərinin üzərini örtəcəkdir. Bu yalnız yeraltı suların səviyyəsi artıq yüksək olan ərazilərdə baş verəcəkdir. Belə hallarda yuxarıda təsvir edilən vəziyyətin mövcud olduğu yerlərdə yeraltı suların səviyyəsini dəyişməz saxlamaq məqsədilə ƏMMFP-a müvafiq tədbirlər daxil edilməlidir.
Monitorinq qrupunun qənaəti
Azərsu tərəfindən Ətraf Mühitə dair Milli Fəaliyyət Planı təqdim olunmadı
2.8. Flora və Faunaya dəyəcək əsas mənfi təsirlərin yumşaldılması tədbirləri
Tikinti prosesinin ağaclara zərər vuracaq və ya onları məhv edəcək ən geniş yayılmış təsiri torpağın preslənməsidir. Ağacların inkişafı üçün xırdalana bilən, yaxşı-aerasiyaya malik torpaq lazımdır. Bu səbəbdən də, ağacların yaxınlığında mümkün olan yerlərdə torpağın preslənməsinin qarşısını almaq lazımdır. Ağac sıralarını və ya təbii çəpərlərdən keçmək lazım gələrsə, keçid mümkün olan yerlərdə, artıq mövcud olan boşluqlardan aparılmalıdır. Bu, meşə strukturlarının xüsusi ekoloji dəyər kəsb etdiyi ərazilərdəki çay keçidləri üçün xüsusilə vacibdir Göyçay çayı vadisindəki tuqay meşələrinin ekoloji dəyərini saxlamaq məqsədilə, onlara daxil olmadan keçmək lazımdır.
Tikintidən sonra bütün sahələr təmizlənməli və bərpa edilməlidir. Çayır və ya otların adi qarışığından istifadə etmək olmaz. Yerli bitki növlərindən istifadə etməklə meşələrin salınması ətraf mühit üzrə yerli orqanlarla əlaqəli şəkildə həyata keçirilməlidir.
Faunaya gəldikdə isə yuxarıda təsvir edildiyi kimi tikinti ərzində onların yayıldığı ərazilərin mühafizəsi və tikintidən sonra ərazilərin bərpası həyata keçirilərsə bitki aləmi bu tədbirlərdən faydalanacaqdır.
Müşahidə və qeydlər:
Tikinti başa çatmış ərazilərdə heç bir təmizləmə və bərpa işləri aparılmayıb
2.9. Meşə təsərrüfatına dəymiş ziyan
Su kəmərinin çəkilişi üçün ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin daimi istifadəyə verilməsi nəticəsində dörd rayonunun meşə təsərrüfatına (Şamaxı,Qəbələ,Oğuz, İsmayıllı) 5736968,63 manat ziyan dəymişdir.
Müşahidə və qeydlər:
Meşə təsərrüfatının bərpası üzrə hansısa bir işin görüldüyü müşahidə olunmadı
2.10. Tarixi ərazilərin və mədəniyyətlərin qorunması
Dəqiq layihələndirmə mərhələsi ərzində potensial ərazilərin dəqiq müəyyən edilməsi üçün tarixi ərazilərin və mədəniyyətlərin qorunması ilə əlaqədar səlahiyyətli orqanlarla intensiv əlaqə yaradılarsa, arxeoloji tapıntıların məhv edilməsi riski xeyli azalmış olar. Tikinti işləri ərzində potensial arxeoloji dəyərə malik hər hansı tapıntılara rast gəlinərsə, tikinti prosesi dərhal dayandırılmalı və tarixi ərazilərin və mədəniyyətlərin qorunması ilə əlaqədar səlahiyyətli orqanların mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Bu prosedura dair ətraflı məlumat Podratçı tərəfindən ƏMMFP-a daxil edilməlidir.
Müşahidə və qeydlər:
Belə bir sənəd podratçı tərəfinlən təqdim edilməmişdir
2.11. Fermerlər üçün məlumat və təlim mərkəzləri təşkili
Quyu sahəsində yerli əhaliyə dəyəcək təsirlərin bir neçəsi müəyyən edilmişdir. Kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaqların əvəzinə fermerlərə Azərbaycan Respublikasının qanunvericilik çərçivəsində kompensasiya odənilməlidir. Kənd təsərrüfatı fəaliyyətləri baxımından II Sanitar Zonası daxilindəki məhdudiyyətləri yumşaltmaq məqsədilə Ziyanvericilərə qarşı Vahid Tədbirlər Planındakı alternativ metodların istifadəsi məqsədilə fermerlər üçün məlumat və təlim mərkəzləri təşkil edilməlidir.
Müşahidə və qeydlər:
Monitorinq zamanı yerli sakinlərə ğörüş zamanı məlum olundu ki, təlim mərkəzləri yaradılmamışdır.
2.12. Çirkab suların toplanması və kənarlaşdırılması üzrə Baş Planın hazırlanması
Oğuz Rayonu Bələdiyyə İdarəsinin Baş Sanitariya Müfəttişinin təsdiq etdiyi kimi ərazidə gübrə və pestisidlərdən istifadə edilir, lakin həmçinin qeyd edildi ki, Sovet İttifaqının dağılmasından sonra onlardan çox az miqdarda istifadə edilmişdir. Əlavə olaraq, bu ərazidə pambıq kimi intensiv emal prosesi tələb edən bitkilərin geniş surətdə əkilməsinə təsadüf edilməmişdir. Buna baxmayaraq, təhlükəli maddələr də illər boyunca yığılıb, yeraltı suyun kefiyyətinə mənfi təsir göstərən amillər sırasına daxil edilə bilər
Hazırda Oğuz-Qəbələ rayonlarındakı qəsəbələrdə sanitar vəziyyət yeraltı su mənbələri üçün əsas çirklənmə mənbəyidir. Sanitar vəziyyətinin düzəldilməsi üçün müəyyən layihələr nəzərdə tutulsa belə, Şərqi quyu sahəsinin yuxarı hissəsində yerləşmiş Xaçmaz kəndi həmin layihə planına daxil edilməmişdir. Bu baxımdan da ərazidəki yeraltı suların mühafizəsi üçün ən yaxşı həll yollarını müəyyən etmək məqsədilə bütün vadini əhatə edən çirkab suların toplanması və kənarlaşdırılması üzrə Baş Planın hazırlanması tövsiyə edilir.
Müşahidə və qeydlər:
Baş Planın hazırlanması təstiqlənmədi.
2.13. Monitorinq sistemi:
Hərtərəfli monitorinq sistemi yaradılmalı və bu sistem quyu sahəsindəki yeraltı sular, yerüstü su axınları və topoqrafik vəziyyətdəki dəyişiklikləri və eyni zamanda quyu sahəsindəki meşələrdəki bitki örtüyü barədə məlumatları özündə birləşdirməlidir. Monitorinq proqramında əsas diqqət layihənin nəticəsi olaraq ekoloji mühitdə baş vermiş dəyişiklikləri müəyyən etmək üçün diqqətlə seçiləcək mühüm parametrlərə verilir.
Müşahidə və qeydlər:
Belə bir sənəd təqdim edilmədi
2.14. Nəqliyyat:
Nəqliyyat nəticəsində dəyəcək zərərlər nişanların qoyulması, yol istiqamətlərinin düzgün planlaşdırılması və yaşayış ərazilərinə yaxın yerlərdə nəqliyyat vasitələrinin sayının minimuma endirilməsini özündə birləşdirən nəqliyyatın idarəedilməsi planı ilə yumşaldıla bilər. Tikinti cədvəlinin düzgün planlaşdırılması , yaşayış əraziləri daxilində tikinti işlərinin minimum vaxt ərzində həyata keçirilməsi , həmin təsirləri effektiv surətdə yumşalda bilər.
Müşahidə və qeydlər:
Monitorinq zamani heç bir xəbərdaredici nişanlara rast gəlinməmişdir.Nəqliyyatın idarə edilməsi planı təqdim edilməmişdir
2.15. Səhiyyə və Təhlükəsizlik Planı
Tikinti sahəsində toz və səs, və eləcə də qəza hallarının yerli sakinlər və işçilərin səhhətinə vuracağı ziyanlarla əlaqədar Podratçı tərəfindən hazırlanacaq Səhiyyə və Təhlükəsizlik Planına müraciət etmək lazımdır. Həmin sənəddə göstərilmiş və İnvestorun adından Sifarişçi tərəfindən təsdiq edilmiş qaydalar və nəticələrə ciddi şəkildə əməl edilməlidir. Bura digər tədbirlərlə yanaşı müvafiq nişanların qoyulması, torpaq yollarda quru havada həddən artıq tozun yaranmasının qarşısının alınması üçün yolların sulanması, yaşayış yerlərinin yaxınlığında yük maşınlarının lazımsız hərəkətinin qarşısının alınması daxildir.
Müşahidə və qeydlər:
Podratçı tərəfindən Səhiyyə və Təhlükəsizlik Planı hazırlanması haqqda məlumat monitorinq qrupuna verilməyib. Tikinti zolağında fəhlələr qoruyucu vasitələrdən istifadə etmirlər.
2.16 İcmaların həyatına təsirlər.
Tikintinin aparılması boru kəmərinin çəkilməsi proses ətraf qəsəbə və kəndlərin infrastrukturuna öz təsirini göstərməkdədir. Belə ki, tikintidə istifadə olunan ağır texnika və mexanizmlər hərəkət etmək üçün icmalara məxsus olan yollardan istifadə edir. Ağır maşın və mexanizmlərin bu yollardan istifadə etməsi vəziyyəti onsuz da yaxşı olmayan icma daxili yolların daha da bərbad hala salınmasına səbəb olur. Tikinti şirkətlərinin bu yoldan istifadə etməsi üçün yerli icra və bələdiyyə orqanları ilə heç bir məsləhətləşmələr aparılmayıb və razılaşmalar əldə olunmayıb. Tikinti işlərin aparılması ətraf ərazilərdə toz və səs-küyün yaranmasına səbəb olur. Tikintidə istifadə olunan texnika və mexanizmlərin hərəkəti əhali və yerli nəqliyyatın hərəkətinə mane olur və müəyyən təhlükələr də yaratmaqdadır. İri həcmli su artezian quyularının qazılması ətraf əhalinin istifadə etdiyi su mənbələrində suyun azalmasına və ümumiyyətlə onların sıradan sıxmasına səbəb ola bilər ki, bu da öz növbəsində yerli əhalinin su ilə təminatında müəyyən çətinliklərin yaranmasına səbəb olacaqdır. Tikinti işləri aparılan zaman qazıma texnologiyasına dəqiq riayət edilməməyi də icmalar üçün əlavə problemlər yarada bilər. Monitorinq qrupunun əldə etdiyi məlumatlara görə artıq bir neçə belə hallar baş vermişdir. Belə ki quyuların qazılması zamanı hermetikliyin təmin edilməsi və bərkitmə işlərinin lazımi qaydada aparılmamağı nəticəsində suyun quyulardan axaraq ətraf əraziləri basması halları baş vermişdir. Bu kimi hallar kəmərin istismarı zamanı da baş verə bilər ki belə hadisələrin də ətraf əhali və qəsəbələrə ciddi zərər vura biləcəyi heç bir şübhə doğurmur. Qazıma texnologiyasına dəqiq əməl olunmamamı eyni zamanda sonradan onun doğurduğu fəsadların aradan qaldırılmasına da xeyli qüvvə və vəsaitin sərf olunmasını tələb edir. Boru kəmərləri tikintisinin yerli əhalinin və onların əmlakı üçün təhlükəsizlik tədbirləri tam yerinə yetirilmir. Açıq xəndəklərin çəpərlənməməyi və uzun müddət açıq saxlanılması adi hala çevrilmişdir.
Monitorinq qrupunun qənaəti: Sifarişçi və podratçı təşkilatların OQB su kəmərinin tikintisinin idarə edilməsi, yerli icmaların həyatına və infrastruktura təsirlərinin aradan qaldırlması üçün tədbirlər planı yoxdur.
2.15 Qarşılıqlı əlaqələr və şikayətlərin idarə olunması
Artıq qeyd olunduğu kimi OQB su kəməri tikintisinin boru kəməri keçin ərazilərə və yerli əhaliyə təsirləri gözləniləndir və bu təsirlərin müəyyən narahatlıqlar və problemlər yaratması gözləniləndir. Yarana biləcək mənfi təsirlərin vaxtında aşkar edilməsi və yumşaldıcı tədbirlərin görülməsi üçün müəyyən fəaliyyət planı hazırlanmalı və həyata keçirilməlidir. İlk növbədə icmalar ilə sifarişçi və tikinti şirkətləri arasında əlaqələrin yaradılması zəruridir. Lakin bu əlaqələr hazırda mövcud deyildir. Mülkiyyətçilər bu gün onları narahat edən məsələlər haqqında müxtəlif orqanlara və ünvanlara müraciət etməli olurlar. Halbuki narahatlıq doğuran məsələlərin yerindəcə həlli üçün bu cür əlaqələrin yaradılması vacibdir. Kəmərin tikintisi başa çatdıqdan və istismar dövründə bu cür əlaqələrin qurulması üçün Sifarişçi və yaxud podratçı tərəfindən əlaqələr üçün məsul olan qrupların yaradılması məqsədəuyğun hesab edilə bilər.
Torpaqların alınması prosesində torpaqların qiymətləndirilməsi, ölçülməsi, alınma qaydaları, məhsulların qiymətləndirilməsi metodlarını özündə əks etdirən icmal sənədləri hazırlanmamışdır. Meydana çıxan şikayət və müraciətlərin müzakirəsi torpaqların alınması məqsədi ilə yaradılmış komissiyalarda müzakirə olunmamışdır.
Torpaqların ayrılması və kəmərin tikintisi zamanı mülkiyyətçilər tərəfindən müxtəlif dövlət orqanlarına sorğu və müraciətlər göndərilmişdir. Lakin bu sorğulara və müraciətlərə mahiyyəti üzrə savablar verilməmiş və problemlərin birgə mübarizəsi aparılmamışdır. Sifarişçi və icraçı təşkilatların nümayəndələri mülkiyyətçilər ilə ünsiyyətdən yayınır və yaxud bu nümayəndələrin sualları konkret olaraq cavablandırmaq imkanları yoxdur. Ümumiyyətlə Boru kəməri boyunca yerli əhali və icmalar ilə əlaqələrin qurulması və idarə olunması üçün məsul edilmiş qrup yoxdur. Yerli icma üzvlərinin isə informasiya sorğuları göndərmək və sahəsində vərdişləri çox zəifdir. Yerli əhali və icmalar Sifarişçi və yaxud podratçı təşkilatlar ilə əlaqə saxlanılması üçün heç bir əlaqə telefonları yoxdur. Tikintinin aparılması ilə məşğul olan podratçı təşkilat və Sifarişçi təşkilatların tikintinin aparılması vəziyyəti və ya meydana çıxan problemlər, daxil olan şikayət və təkliflər haqqında dövrü hesabatları açıqlanmır və yaxud belə hesabatlar tərtib edilmir.
Monitorinq qrupunun qənaəti: Boru kəmərinin tikintisi və istismar dövründə yerli əhali və icmalar ilə əlaqələrin qurulması üçün sifarişçi və podratçı təşkilatların yaratdığı məsul qruplar, müraciət və şikayətlərin idarə olunması proseduraları yoxdur. Podratçının işinə nəzarət planı, sifarişçi və podratçı təşkilatın öhdəlikləri haqqında məlumatlar açıqlanmır.
2.17. Gender problemləri:
Monitorinq fəaliyyəti zamanı ekspert qrupu gender məsələlərinə də diqqət yetirmişdir. Bu problemin öyrənilməsində məqsəd regionların sosial-iqtisadi inkişafına yönəldilmiş layihələrin qadınların həyatına təsirini nədən ibarət olması haqqında ilkin materialların toplanması və layihə çərçivəsində gələcək fəaliyyət üçün istiqamətlərin müəyyənləşdirilməsi olmuşdur. Qadınlar Azərbaycan əhalisinin təxminən 51%-ni təşkil edir. Kişilərin başqa yerlərə iş dalınca getməsi kənddə yaşayan əhali arasında qadınların sayının daha çox olmasını şərtləndirir. Kənd yerlərində qadınların üzərinə bir çox funksiyaların yerinə yetirilməsi düşür.
Qadınlar uşaqların böyüdülməsində və tərbiyə edilməsində aparıcı rola malikdirlər. Kənd yerlərində yaşayan ailələrinin əksəriyyəti çox uşaqlıdır. Burada uşaq bağçaları və körpələr evlərinin demək olar ki, fəaliyyət göstərməməyi onların bu işini daha da ağırlaşdırır. Bundan əlavə təsərrüfat işlərinin xeyli hissəsi də qadınların üzərinə düşür. Vəziyyətin bu cür olması qadınların şəxsi inkişafını (təhsil, peşə mədəni və.s aspektlər üzrə) əngəlləyən amilə çevrilir. Maddi resurslar üzərində nəzarət və onların idarə olunmasında qadınların rolu çox aşağıdır. Qadınlar arasında işsizliyin səviyyəsi çox yüksəkdir. İşlə təmin olunmuş qadınların isə əmək haqqı kişilərə nisbətən aşağıdır. Yoxsul təbəqəni təşkil edən əhali arasında tənha və uşaqlarını təkbaşına böyüdən qadınlar, yaşlı və xəstə qadınlar daha çox üstünlük təşkil edir. Sosial təminat vəsaitlərinin (işsizlik müavinəti, ünvanlı sosial yardım, uşağa qulluq edilməsinə görə ödənilən müavinət və s.) məbləği hətta minimum yaşayış ehtiyaclarını ödəmək üçün yetərli deyildir. Bəzi ailələrdə qadınlar həm də zorakılıq halları ilə də qarşılaşırlar.
Ailənin idarə olunmasında qadınların üzərinə düşən vəzifələrin yerinə yetirilməsi onların biznes və ictimai fəaliyyətlər ilə məşğul olmasına maneçilik törədir. Təsərrüfat və ev işlərinə sərf olunan vaxtın azalması avtomatik surətdə iqtisadi və ictimai fəaliyyət üçün qadınların vaxtını artıra bilər. Sahibkarlıq və ictimai fəaliyyətlə məşğul olan, müxtəlif strukturların rəhbərliyində təmsil olunan, qadınların sayı çox məhduddur. Yerli idarəetmə, icra orqanlarında qadınların təmsilçilik səviyyəsi aşağıdır. Bu cür vəziyyət cəmiyyət həyatının müxtəlif səviyyələrində idarəetmənin səmərəliliyinin artmasını əngəlləyir. Əksər ekspertlər idarəetmə və rəhbər orqanlarda qadınların təmsil olunmasını korrupsiyanı azaldan amillərdən biri hesab edir. Kənd yerlərində yaşayan qadınların əksəriyyəti vaxtında və keyfiyyətli tibbi xidmətlər ala bilmir.
Neft gəlirləri haqqında qadınların məlumatlılığı:
Qadınların neft gəlirləri və onların sərf ediləsi haqqında məlumatlılığı çox aşığı səviyyədədir. Bu hər şeydən əvvəl qadınların regionlarda informasiya vasitələrini çıxışının çox zəif olması ilə əlaqədardır. Regionlarda qəzet və jurnalların nəşri çox aşağı səviyyədədir, mərkəzi qəzet və jurnallar isə kənd əhalisinə demək olar ki çatdırılmır. İnternet resursları yoxdur. Elektron Yayım Vasitələrində isə neft gəlirləri barədə çox az informasiya gedir və əsasən rəsmi məlumatlardır. Maarifləndirmə, məlumatlandırma proqramları demək olar ki, aparılmır. Müsahibə aparılan qadınların əksəriyyəti hazırda cəmiyyətin həyatında tutduqları mövqelərdən narazıdırlar. Lakin başqa bir çıxış yolunu da görmürlər. Neft gəlirləri hesabına həyat səviyyələrinin yüksələcəyini gözləyən qadınlar indi neft gəlirləri hesabına həyata keçirilən layihələrin onların həyatına mənfi təsirlərindən çox narahatdırlar. Bu təsirlər onların bir hissəsini yeganə gəlir mənbəyindən məhrum etmiş və uzun illərlə formalaşmış həyat tərzinin pozulmasına səbəb olmuşdur. Pay torpaqları alınmış ailələrdə adekvat kompensasiyaların ödənilməməyi, ailə başçısı sayılan kişilərin gəlir dalınca müxtəlif regionlara üz tutmağa məcbur edir ki, bu da çox narahat edir. Ümumiyyətlə bu hal ailənin inkişafı üçün çox zərərli bir nəticəyə səbəb olur. Ailənin təkbaşına idarə edilməsi bir tərəfdən qadınların yükünü artırır digər tərəfdən isə ailələrin harmonik inkişafına mane olur. Regionlarda yaşayan qadınların əsas problemləri kimi aşağıdakıları qeyd etmək olar.
- Ailənin idarə edilməsində əsas ağırlıq qadınların üzərinə düşür
- Vaxtın azlığı qadınların biznes və ictimai fəaliyyətini əngəlləyir
- Maddi resurslar o cümlədən torpaqlar üzərində qadınların sərəncam vermək imkanları yoxdur və bu onların daha məhsuldar fəaliyyəti üçün stimul yaratmır
- İşləyən qadınların əmək haqqı kişilərə nisbətən aşağıdır
- Lazımi təhsil və peşə hazırlığının qadınlar arasında işsizliyin səviyyəsini daha yüksək edir müstəqil biznes qurmaq imkanlarını məhdudlaşdırır
- İdarəetmə və qərarların qəbul edilməsində qadınların iştirakı çox zəifdir.
- Qadınlar arasında ictimai resursların mövcudluğu və onların idarə edilməsinin vəziyyəti haqqında məlumatlılıq səviyyəsi çox aşağıdır
- Sosial yardımların məbləği minimum ehtiyacların ödənilməsi üçün adekvat sayıla bilməz
- Keyfiyyətli tibbi yardım almaq imkanları zəifdir.
Hökümət Yerli idarəetmə orqanları, biznes strukturları tərəfindən vətəndaş cəmiyyəti institutları qadınların ictimai fəallığının artırılması üçün geniş tədbirlər planı hazırlamalı və davamlı olaraq həyata keçirilməlidir.
Nəticə
- Oğuz-Qəbəl_Bakı su kəmərinin tikintisi layihəsi Respublikada həyata keçirilən iri layihələrdən biridir.
Tikintinin başa çatdırılması müddəti haqqında indiyə qədər müxtəlif müddətlər göstərilməsinə baxmayaraq tikintinin 2008 ildə başa çatdırlması mümkün olmamışdır. Belə ki ARDNF rəsmi saytında 2008-ci ilin sentyabr ayına qədər olan müddətdə kəmərin quraşdırılması üzrə işlərin yalnız 172.4 km və ya 69 faizinin başa çatması göstərilir. Layihənin həyata keçirilməsinin bu qədər ləngiməsi fikrimizcə izafi xərclərin və layihənin ümumi dəyərinin artmasına səbəb olacaqdır. Digər tərəfdən bütün sənədlərdə Layihənin ümumi məbləğinin 480 mln. olması göstərilir. Lakin neft fondunun rəsmi saytında göstərilən diaqramlar layihənin dəyərinin 500 mln. manatdan artıq olduğu göstərilir.
OQB su kəməri layihəsi üzrə müqavilə və işlərin dəyəri. (istinad ARDNF-nun rəsmi intrenet saytı)
N |
Müqavilənin adı |
Müqavilənin dəyəri (mln.manatla) |
1 |
Boruların istehsalı |
229.4 |
2 |
Su kəmərinin quraşdırılması |
224.0 |
3 |
Quyuların qazılması və tikintisi |
38.2 |
4 |
Layihənin idarə edilməsi və nəzarəti üzrə məsləhətçi xidmətlərin görülməsi |
13.5 |
Cəmi |
505.1 |
Son vaxtlar dünya bazarında neftin qiymətinin aşağı düşməsi ümumiyyətlə bu cür iri maliyyə tutumlu və az rentabelli infrastruktur layihələrin reallaşdırılmasının məqsədəuyğunluğunu bir daha şübhə altına alır. Vəziyyətin bu cür olması hökumətin neft gəlirlərinin idarə olunması üçün dəqiq strategiya proqram və modellərə malik olmadığını göstərir. Növbəti ildə də neft fondunun gəlirlərinin azalması gözləniləndir. Hökumət neft fondunun gəlirlərinin xərclərində az olmaması üçün neft gəlirlərinin xərclənməsi siyasətinə yenidən baxmalı və ciddi tədbirlər görməlidir. Xərclərin isə əvvəlki səviyyədə saxlanılması və yaxud yeni layihələr üçün vəsait ayrılması neft fondunun kəsirini və müvafiq olaraq fondun xərclərinin xüsusi çəkisinin onun gəlirlərinə nisbətən artmasına gətirib çıxara bilər. Hesab edirik ki, ilk növbədə neft gəlirləri hesabına investisiya siyasətinə yenidən baxılmalı az rentabelli və infrastrukturun yenidən qurulması, tikinti layihələrinin sayı azaldılmalı və neft gəlirlərindən gələcək nəsillərin yararlanması üçün təsirli tədbirlər həyata keçirilməlidir.