NHMT - AMEC şəffaf şirkətdir?!

AMEC şəffaf şirkətdir?!

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi(NHMT İB) “AMEC” şirkətinin dünyada işgüzar nüfuzunun müəyyənləşdirilməsi istiqamətində xarici kütləvi informasiya vasitələrinin monitorinqini keçirmişdi və həmin monitorinqin nəticələri heç də ürəkaçan olmamışdı. Yəni, mətbuatdan görünür ki,“AMEC” şirkəti yetəri qədər korrupsiyaya bulaşmış bir şirkətdir və dünyanın bir çox ölkəsində dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

 

 

1. ABŞ-da qeydiyyata alınan “AMEC” şirkətinin dələduzluq əməliyyatları

 

1994-1995-ci illərdə “AMEC” şirkəti GSA ilə (ABŞ-ın Ümumi Təyinat Xidmətlərinin İdarəsi ilə) dörd federal tikinti müqaviləni bağlamışdı. Bu federal tikinti müqavilələri Missuri ştatının Sent-Luis şəhərində, Kaliforniya ştatının San-Fransisko şəhərində və Kaliforniya ştatının Sakramento şəhərində federal məhkəmə binalarının tikinti məsələlərini tənzimləyirdilər.

 

Daha sonra Baş Müfəttiş İdarəsinin istintaq şöbəsi “AMEC” şirkətinin Kanzas-Sitidə yerləşən baş gərargahında yoxlamanı apararaq, tikinti zəmanəti üzrə hesabların ödənilməsi ilə bağlı “AMEC” şirkətinin dələduzluq əməliyyatlarını, saxtalaşdırılmış sənədləşməni və saxta maliyyə cədvəllərini aşkar etmişdi. Bundan başqa, yoxlama əsnasında müəyyən olunmuşdur ki, “AMEC” şirkəti onun maraqlarını qoruyan vasitəçi agentdən komissiya haqları üzrə qeyri-rəsmi ödənişləri alırdı.

 

2007-ci ildə yuxarıda qeyd olunan məsələ ilə bağlı aparılan məhkəmə çəkişməsi nəticəsində məhkəmənin çıxardığı hökmə əsasən “AMEC” şirkətinə qarşı cəza ölçüləri müəyyənləşdirilmişdir və bu cəza ölçülərinə əsasən dəyən zərərin ödənilməsi məqsədilə “AMEC” şirkətindən 10.560.139,88 ABŞ dolları məbləğində vəsait müsadirə olunmuşdur.

 

Bundan başqa, şirkətdə yoxlamanın aparıldığı müddət ərzində “AMEC” GSA-yə (ABŞ Ümumi Təyinat Xidmətlərinin İdarəsinə) qarşı saxta ittihamlar irəli sürürdü və maliyyə iddiaları qaldırırdı. Məhkəmə çəkişməsindən sonra “AMEC” şirkəti GSA-yə qarşı irəli sürülən və təmin olunmayan saxta iddiaları geri çağırmışdı, bu da təxminən 83,5 milyon ABŞ dolları məbləğində xərclərin qənaətinə gətirib çıxarmışdı.

 

 

2. “AMEC” şirkəti Mərkəzi Amerikanın Beliz ölkəsində ətraf mühitə vurduğu ziyanla bağlı məlumatları saxtalaşdırmışdır

 

Kanadanın Beynəlxalq İnkişaf Agentliyinin (CİDA) sifarişinə əsasən, “AMEC” şirkəti Belizdə Çalilo çayı üzərində tikilməsi ehtimal olunan su bəndi layihəsi çərçivəsində “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” işini yerinə yetirmişdi. 500.000 Kanada dolları məbləğində əsas müqavilə vəsaitindən başqa CİDA “AMEC” şirkətinə ətraf mühit haqqında hesabatın saxtalaşdırılması müqabilində xəlvətcə əlavə 250.000 Kanada dollarını ödəmişdi.

 

Həmin “qiymətləndirmənin” çoxsaylı mütəxəssislər tərəfindən tədqiq olunması “AMEC” şirkətinə qarşı qeyri-peşəkarlıq, habelə Çalilo çayı üzərində tikiləcək su bəndinin heyvanlar aləminə və mayya xalqının arxeoloji abidələrinə təsirinin elmi təhlilinin nəticələrinin gizlədilməsi ittihamları üçün əsas yaratdı. Aparılan elmi təhlilin nəticələrinə əsasən müəyyən olunmuşdur ki, layihənin həyata keçirilməsi biomüxtəlifliyə və ölkənin tarixi mədəniyyətinə əsaslı və bərpa olunmayan zərər vuracaq. Bununla bağlı, Beliz ekoloqları ölkənin Ali Məhkəməsində iddia qaldırıb “AMEC” şirkətinin qiymətləndirmə hesabatını saxtalaşdırılmış sənəd kimi tanınmasını və Çalilo çayı üzərində su bəndinin tikilməsinin dayandırılmasını tələb edirdilər. Ali Məhkəmə ekoloqların qaldırdığı iddianı təmin etmişdi və 2009-cu ildə Beliz höküməti ölkənin faunasına və tarixi dəyərlərinə vurulmuş ziyanı əsas gətirərək layihənin bağlanılması haqqında qərar çıxartmışdı. Bu cür qalmaqalın yaranmasının əsas müqəssiri “AMEC” şirkəti idi. Şirkətin səhlənkarlığı, səriştəsizliyi və qeyri-qanuni əməlləri nəticəsində nəinki sifarişçi maliyyə itkilərə məruz qalmışdı, ümumiyyətlə, ölkənin rifahı təhlükə altında qalmışdır.

 

 

3. “AMEC” şirkətinin Cənubi Koreyada korrupsiya fəaliyyətləri

 

Böyük Britaniyanın “AMEC” şirkəti dövlət-özəl tərəfdaşlığı çərçivəsində Cənubi Koreyanın Tikinti Nazirliyi ilə Sondo və İnçxon şəhərlərini birləşdirən Könqiman boğazı üzərində körpünün tikilməsi ilə bağlı saziş bağlamışdı.

 

2009-cu ildə məhkəmə çəkişməsinin nəticəsində İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi “AMEC” şirkətindən 9.000.000 ABŞ dolları (5.5 milyon funt sterlinq) məbləğində vəsaitin cərimə şəklində alınması ilə bağlı məhkəmə əmrini almışdı. “AMEC” şirkətinin sifarişçiyə saxtalaşdırılmış hesab-fakturaların göndərilməsi və 2005-2007-ci illərdə “AMEC Plc” şirkətinin Baş Ofisi tərəfindən qeyri-qanuni ödənişlərin alınması faktları ifşa olunmuşdur. Məhkəmə hökmünə əsasən “AMEC” şirkəti 4.943.648 funt sterlinq məbləğində cəriməni, habelə məhkəmə çəkişməsinin xərclərini ödəməyə məcbur edilmişdir və ümumiyyətlə, 5.5 milyon funt sterlinq məbləğində vəsaiti ödəmişdi.

 

“AMEC” şirkətinin həyata keçirtdiyi fırıldaqlarının aşkar olunması nəticəsində İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi şirkəti etik və qanun normalarına riayət etmə dərəcəsini və mühasibat uçotunun standartlarını qaldırmağa məcbur etmişdi.  

 

Biz oxucumuzu “AMEC” şirkətinin bütün dünyada qeydə alınan çoxsaylı korrupsiya əməlləri və fırıldaqları haqqında təfərrüatlı məlumatla yormaq istəməzdik.

 

Həmçinin, “AMEC” şirkətinin adı Cənubi Afrikada rüşvətin verilməsi və qeyri-qanuni ödənişlərlə bağlı qalmaqalda çəkilirdi; şirkət haqqında Lesotoda su elektrik stansiyasının tikinti layihəsi üzrə müqavilələri ilə əlaqədar məhkəmə prosesi zamanı deyilirdi; “AMEC” şirkəti Floridanın Ətraf Mühitin Mühafizəsi Departamentinə təqdim edilən ABŞ-ın Florida ştatının Geynsvill şəhərinin sakinlərinin sağlamlığına zəhərli maddələrin təsir riskləri haqqında hesabatın saxtalaşdırılmasında və digər əməllərdə günahlandırılır.

 

“AMEC” şirkətinin dünyada etimadsız işgüzar nüfuzunu və tədqiqat zamanı aşkar etdiyimiz maliyyə fırıldaqları və ölkəmizə dəymiş zərəri nəzərə alaraq, “AMEC” şirkətinin Azərbaycan ərazisində fəaliyyətlərinin qanuniliyini şübhə altına almaq olar.

 

Yuxarıda qeyd etdiyimiz məsələlərin təcili şəkildə hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, ARDNŞ və digər aidiyyatlı orqanları tərəfindən araşdırılmasına ehtiyac var.