NHMT - Azərbaycan Respublikasının Enerji sektorunda islahatlara dair TƏKLİFLƏR

Azərbaycan Respublikasının Enerji sektorunda islahatlara dair TƏKLİFLƏR

Azərbaycan Respublikasının Enerji sektorunda islahatlara dair

T Ə K L İ F L Ə R

 

1. Giriş

 

Azərbaycan Respublikası 2018-ci ilə, hökumətin qurumlarında struktur dəyişikliklərinin aparılması ilə qədəm qoyub. Dəyişikliklərin edilməsi zərurətdən doğan bir haldır, məqsədi idarəçiliklə bağlı məsələləri optimallaşdırmaq və nəticə etibarı ilə iqtisadiyyatın inkişafı yönümündə ölkədə əlverişli biznes mühiti yaratmağa nail olmaqdır.

 

İdarəetmə sistemində islahatlarların aparılması çox vacib amildir, çünki Azərbaycan postsovet ölkələri içərisində özündən asılı olmayan səbəblərdən (qonşu ölkənin hərbi təcavüzü ilə üzləşməsi, milyondan çox qaçqın və köçkünlərin yerləşdirilməsi problemi ilə təkbətək qalması, Şimali Qafqazda gedən hərbi-siyasi proseslər nəticəsində Rusiya tərəfindən nəqliyyat əlaqələrinə limit tətbiq edilməsi və sair) özəlləşdirmə prosesinə xeyli gec başlamalı oldu və sosializmdən bazar iqtisadiyyatına keçid prosesi də Azərbaycanda  uzun sürməklə yanaşı, həm də özünəməxsus şəkildə getdi. Bu baxımdan hətta “iqtisadiyyatda Azərbaycanın öz yolu” termini belə rəsmilər tərəfindən gündəmə gəldi.

 

Daha dəqiq desək, Azərbaycan iqtisadiyatı özündə ötən müddət ərzində həm sosializmdən qalma elementləri (dövlətin iqtisadi sahələr üzərində nəzarəti, qiymətləri tənzimləməsi, inzibati metodlarla bazara müdaxilə və sair) birləşdirib, həm də paralel olaraq kapital dünyasında olan münasibətləri formalaşdırıb. Bu baxımdan vaxtaşırı iqtisadiyatın müəyyən sektorlarında bu elementləri arasında üstüörtülü olsa da, münaqişələrin baş verdiyini müşahidə edirik və ya heç bir münaqişə olmasa da, bu sahələrdə irəliləyiş əldə edilmir. Sovet terminologiyası ilə desək, bir “durğunluq” yaşanır.

 

Məhz bu səbəbdən hökumətin bir sıra sahələrdə islahatlar aparması və dəyişikliklər etməsi təbii qarşılanmalıdır. Çünki neftin orta qiymətinin 100 dollar ətrafında və ondan yüksək olan zaman (2011-2014)  dövlətin əldə etdiyi yüksək qazancları bundan sonrakı beşillikdə hətta dünya bazarlarında “qara qızılın” qiyməti yenidən 100 dollara qədər yüksələrsə, əldə etmək mümükün olmayacaq. Bunun iki səbəbi var:

 

- 2010-cu illə müqayisədə (Azərbaycanda neft hasilatının pik həddi – 50,8 milyon ton) 2020-ci ildə ölkədə 37,5 milyon ton neft hasil edilməsi proqnozlaşdırılır. Yəni hasilatın 26,2% -ə qədər azalması ehtimalı var.

 

- 2010-cu ildə Azərbaycanın əsas neft yataqları bloku – “Azəri-Çıraq-Günəşli”dən hasil edilən xammalın maya dəyəri xeyli az idi. Bunun üçün AÇG yataqlarının işlənməsi üzrə operator “BP-Azerbaijan” şirkətinin hesabatlarına diqqət yetirmək kifayətdir. 2010-cu ildə orta hesabla gündəlik 823,1 min barel nefti hasil etmək üçün 58 hasilat və 30 texniki quyudan istifadə edilib. 2018-ci ilin I rübündə isə 118 hasilat və 52 texniki quyudan istifadə edilib ki, gündəlik 597 min barel neftin çıxarmaq mümkün olsun. Yəni hasilat quyularının sayı 2,27 dəfə,texniki quyuların sayı isə 1,73 dəfə artıb.

 

Neft Fondu gəlirlərinin təqribən 95%-i HPBS çərçivəsində neft satışından formalaşır (cədvəldə $/mlrd.)

 

 

 2. Neft və iqtisadiyyat

 

Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti parlament (Milli Məclis) qarşısında verdiyi illik hesabatlarında ciddi-cəhdlə iqtisadiyyatın şaxələndirilməsinə nail olduğuna dair bəyanatlar versə də, ölkə iqtisadiyyatının lokomotivi rolunda yenə də enerji sektoru çıxış etməkdədir və əldə olan proqnozlar onu göstərir ki, orta və yaxın perspektivdə də enerji sektoru ölkə iqtisadiyyatının kapitaltutumlu bütün sahələrində dominatlığını qoruyub saxlayacaq.

 

Hökumət qeyri-neft sektorunun iqtisadiyyatda payının artırılmasına əslində neft-qaz sektorunda həyata keçirilən işlərin hesabına nail olur. Bu isə reallıqda heç də qeyri-neft sektorunun statistik rəqəmlərlə ifadə edildiyi mənzərənin real həyatla üst-üstə düşməsi anlamına gətirib çıxarmır.

 

Məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, 2017-ci ilin əvvəlinə  onun strukturlarında 50 735 nəfər işçi çalışıb. Ancaq Dövlət Statistika Komitəsinin 2018-ci il yanvar ayındakı hesabatında bildirilir ki, cari ilin əvvəlinə neft sektorunda işləyənlərin sayı 33,9 min nəfər təşkil edib. Bunun 33,6 min nəfəri isə mədənçıxarma sənayesində çalışıb.

 

Neftin Azərbaycan iqtisadiyyatında xüsusi çəkisinin dinamikası (mənbə Statkom)

 

2014

2015

2016

2017

Xam neftin ixracatda payı

84,31%

77,61%

71,14%

77,52%

Təbii qazın ixracatda payı

1,39%

1,76%

10,62%

8,64%

Neft şirkətlərinin Vergilər nazirliyinin yığımında payı

41,4%

30,4%

25,0%

28,7%

Neft Fondunun büdcə gəlirlərindəki payı

50,7%

46,4%

43,5%

36,4%

 

Ancaq Azərbaycanın ikinci neft hasilatçısı olan “BP-Azerbaijan” şirkətinin ştatlı işçilərinin sayı ilin əvvəlinə 2448 nəfər ştatlı işçisi olub.

 

Hökumətin hazırladığı Hasilat Sənayesində Şəffaflıq Hesabatına görə, Azərbaycanda neft-qaz hasilatı ilə 15 əməliyyat şirkəti məşğul olur. Əgər nəzərə alsaq ki, orta hesabla hər əməliyyat şirkətinin ştatında 1000 nəfər var, onda BP-nin operatorluğu ilə həyata keçirilən layihələrdən kənar neft haslatı ilə birbaşa 15 minə qədər insan çalışır. Ümumilikdə isə neft hasilatı sektorundakıların təqribən 68 min nəfər çalışıb.

 

Bəs necə olur ki, şirkətlərin ştatları ilə Dövlət Statistika Komitəsinin qeydə aldığı rəqəmlər arasında belə fərq yaranır? Axı, şirkətlər özüləri Statistika Komitəsinə məlumatları təqdim edirlər. Elə əsas məsələ də bundadır. Məsələnin məğzi onda deyil ki, SOCAR və ya Bahar Energy Ltd. şirkəti neft çıxarmaqla məşğuldur, məsələ onun təqdimatındadır. Statistika bir halda bu 15 şirkəti sadəcə özəl sektora aid edir, 50 minlik kollektivi olan SOCAR-ın isə tikinti, xidmət, nəqliyyat, rabitə və neftə qulluq edən bütün idarə və müəssisələrini ayırıb “qeyri-neft sektorunun” müvafiq bölümlərinə yönəldir. Əlbəttə, deyilə bilər ki, bir halda ki, bu və ya digər işlərin neftə aidiyyatı yoxdursa, onu statistikada göstərməyin nə mənası: məsələn, SOCAR üçün ildə tutaq ki, yarım milyard manatlıq tikinti işləri aparılır. Və ya BP və tərəfdaşları təkcə Azərbaycan ərazisində Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinə təqribən 3 milyard dollar vəsait xərclədilər. Bunun birbaşa qaz hasilatına aidiyyatı yoxdur. Statistika bütün bunları tikinti sektoruna aid edir, amma bir açıq qalan məsələ var. Son nəticə.... Tikilən obyekt, göstərlən xidmət hansı sektora qulluq edəcək? Cavab: əgər NEFTin üzərinə gəlib çıxacaqsa, onda bunun qeyri-neft sektoru adı altında rəsmiləşdirilməsi, sadəcə neft şirkətlərinin kapitalyönümlü investisiyalarının “qeyri-neft sektoru” y adı ilə manipulyasiyasıdır.

 

Məsələnin bu yerində maraqlı məqam ortaya çıxır. Hökumət artıq dörd ilə yaxındır ki, islahatların həyata keçirilməsini günün mövzusu edib və daim bunu ictimaiyyətin diqqətinə çatdıraraq qeyri-neft sektorunda aparılan və aparılacaq dəyişikliklərdən söhbət açır. Və 2017-ci ilin uğuru kimi qeyri-neft sektorunda əldə inkişaf göstəricilərini və ixraca yönələn məhsulların artdığını ortaya qoyur. Faktlar isə heç də deyildiyi qədər ovqat yaratmır:

 

 

Qeyri-neft sektoru

Neft, neft məhsulları, təbii qaz

2014

8,03%

91,97%

2015

14,05%

85,95%

2016

13,76%

86,24%

2017*

11,38%

88,62%

 

* 2017-ci ildə qeyri-neft sektoru 1,511 milyard dollarlıq mal ixracına nail olsa da, bunun 153 milyon dolları SOCAR-ın balansında olan zavodlarda istehsal edilib.

 

2018-ci ildə SOCAR-ın Sumqayıtda iki zavodu istifadəyə veriləcək: SOCAR Carbamide və SOCAR Polymer. Bunlarda istehsal edilən məhsulların təqribən 70%-i ixracyönümlü olacaq. Yəni bundan sonrakı dövrlərdə qeyri-neft sektorunun inkişafı faktiki olaraq 1 milyard dollardan çox birbaşa neft sektorundan investisiya qoyulmuş sərmayələr hesabına və milli neft şirkətinin idarəçiliyi hesabına əldə ediləcək.

 

Digər tərəfdən, neft şirkətlərinin sifarişi olmasaydı, Statistika Komitəsinin “qeyri-neft sektoru” adı altında qeydə aldığı obyektlər və xidmətlər ərsəyə gələrdimi və ya onların fəaliyyəti NEFT və QAZ faktoru aradan qaldırılan zaman davam edə bilərmi?

 

Ancaq xarici neft şirkətlərinin strukturuna nəzər saldıqda görmək olur ki, həqiqətən vertikal inteqrə edilmiş şirkətlər belə Azərbaycan Dövlət Neft Şirkəti kimi mürəkkəb, bir-birini təkrarlayan, köməkçi, yardımçı təsərrüfatlara və müəssisələrə malik deyillər. Elə bu baxımdan da islahatların aparılması həm neft şirkətinin gəlirliyinin artırılmasına, həm də hökumətin qeyri-neft sektorunun statistikasının daha şəffaf aparılmasına gətirib çıxarar.

 

3. Enerji sektorunda islahatlar

 

Neft qiymətlərinin 2014-cü ilin ikinci yarısından düşməsi hökumətin bir qədər sonra islahatlarla bağlı addımlar atması ilə müşahidə edilməyə başladı. Hökumət neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə iqtisadiyyatın müxtəlif sahələrində baş qaldıran böhranı bu və ya digər vasitələrlə aradan qaldırmağa çalışırdı. Buna görə də islahatlardan söhbət gedərkən iqtisadiyyatın geniş təhlili əsasında hansısa konseptual planın hazırlanması ilə atılan addımlar müşahidə edilmədi. İctimaiyyət üçün təqdim edilən “Yol xəritələri” isə əslində vaxtilə tarixdə olmuş “beş illik plan” layihələrindən başqa bir şey deyildi. Yəni iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bu sənədlərdə illər üzrə proqnoz statistik göstəriciləri və görüləcək işlərin siyahısı toplanmışdı. Maraqlısı isə budur ki, Enerji sektoruna dair “Yol xəritəsi” ictimaiyyət üçün açıq elan edilmədi.

 

Halbuki enerji sektoru iqtisadiyyatın lokomotividir və burada baş verən dəyişikliklər (artım və ya azalma) həm ölkənin makroiqtisadi göstəricilərində, həm də insanların həyat səviyyəsinə az keçmir ki, özünü büruzə verir. Ona görə də başa düşülən deyil, nəyə görə hökumət bu vacib indikator üzrə özünün proqnoz gözləntilərini cəmiyyət üçün açıq elan etməyib. Axı, ola bilərdi ki, hökumətin proqnozları heç də dəqiq olmasın, müstəqil ekspertlərin, beynəlxalq maliyyə və enerji qurumlarının təklifləri ilə ona korrektələr edilməklə daha da təkmilləşdirilsin və sair.

 

Ona görə də islahatların məhz enerji sektorundan başlanması effektli və yerində atılmış addım olardı. Əgər enerji sektorunda hökumətin təsdiq etdiyi konseptual plan əsasında kompleks islahatları həyata keçirmək mümkün olarsa və maksimum bu sektorun relsləri üzərinə keçidi təmin edilərsə, onun effektivliyini həm iqtisadiyyat, həm də əhali öz üzərində hiss edə bilər.

 

Düzdür, Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə bu sahədə ötən ildən ilk addımlar atılmağa başlanılıb. Bu da Azərbaycan energetika nazirliyindəki struktur dəyişiklikləri ilə bağlı məqamlardan irəli gəlir və prosesin hələ davam edəcəyi gözlənilir.

 

Atılan addımlardan belə görünür ki, hökumət Azərbaycanda Energetika nazirliyinə enerji bazarları ilə bağlı bir sıra səlahiyyətləri ona həvalə edir. Məsələn, Prezident Sərəncamı ilə ötən ilin dekabrında Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Bu qurum Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında publik hüquqi şəxs statusu ilə yaradılıb. Məqsədi isə odur ki, kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə nail olunsun. Yəni söhbət yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan işlərin kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsindən gedir.

 

Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində aşağıda verilmiş vəzifələri icra edəcək:

 

  • bazar iştirakçıları arasında münasibətlərin tənzimlənməsi;
  • müəssisələrin fəaliyyətinin təhlili və restrukturizasiya tədbirləri ilə bağlı təkliflərin verilməsi;
  • göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması;
  • fəaliyyət göstərən müəssisələrdə sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • istehsalın diversifikasiyası və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması;
  • mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi.

 

Əgər Agentliyin həyata keçirəcəyi işlərə nəzər yetirsək, onu qısaca belə adlandıra bilərik – ASAN Enerji Xidməti.

 

Bunlar yaxşı və təqdirəlayiq addımlardı - ölkədə son 5-6 ildə bir sıra hökumət qurumlarının və dövlət şirkətlərinin gördükləri işləri xeyli ASANLAŞDIRIBlar... ancaq hökumət heç zaman bircə dəfə də hesabatlarında vurğulamayıb ki, bu görülən tədbirlər nəticəsində nə qədər dövlət vəsaitinə qənaət edilib və bunun əvvəlki idarəçilik üsulları ilə müqayisədə səmərəsi (iqtisadi, siyasi, mənəvi) nə qədər olub?

 

Belə bir araşdırma isə hökmən ortaya çıxarılmalıdır. Axı məhz tədqiqatların nəticəsi olaraq hökumətin gələcək fəaliyyəti üçün vergi ödəyicilərinin vəsaitindən pul ayrılmaları olur. Əgər hökumət hesab edirsə ki, onun idarəçiliyi yeni tətbiq etdiyi sistemə uduzursa, demək iki yol qalır: ya tam yeni sistemə keçmək, ya da mərhələ-mərhələ bunu etmək. Ancaq əgər bir beşillikdən çox vaxt keçibsə, və hökumət bu haqda ictimiyyətlə apardığı eksperimentin nəticələrini bölüşmək istəmirsə, onda heç də yaxşı əlamət deyil. Çünki ortaya daha bir sual çıxır: vergi ödəyicilərinin pulu eyni iş üçün niyə iki quruma xərclənməlidir? Əgər biri onu 1 saata həll edirsə, digər qurum isə vətəndaşı günlərlə get-gələ salırsa, onda ikinci qurum niyə büdcədən maliyyələşməlidir?

 

Bu cür həllini gözləyən sualların cavabı təxirəsalınmaz islahatlardan keçir. Ən böyük islahatlar isə əhali ilə birbaşa maraqları toqquşan kommunal sektordan keçir.

Enerji sektoru (Elektrikin istehsalı, elektrik enerjisinin paylanması, qaz paylayıcı şəbəkələr) üzrə Azərbaycanda hələ də həllini gözləyən kifayət qədər problemlər var.

 

Azərbaycanda 2,6 milyon sayğacı olan elektrik istifadəçisi var. Azərbaycan Qafqazın ən böyük enerji istehsalçısı və istehlakçısıdır. Bununla belə Azərbaycan həm də elektrik enerjisinin itkisinə görə regionun 1 N-li ölkəsi sayılır: Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, son 5 ildə itkilərin miqdarı 2,7-2,95 mlrd kVt\saat arası dəyişib. Yəni hasil edilən elektrikin 11-12%-i itkilərə gedib.

 

Azərbaycanda qonşu Gürcüstandan fərqli olaraq istehsal etdiyi enerjinin 91-92%-ni istilik elektrik stansiyalarından alır. Orada isə bu faizdə enerji su elektrik stansiyalarının payına düşür. Ona görə də Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin maya dəyəri bahadır. İES-rı təbii qazla işləyir – ölkənin qaz istehlakının bəzən yarısı elektroenergetika sektorunun payına düşür.

 

Öz növbəsində qaz paylayıcı şirkət “Azəriqaz” İstehsalat Birliyinin itkiləri də Statkomun məlumatlarına əsasən son illər 0,75-1,05 milyard kub metr arasında dəyişir.

Qeyd edək ki, Azərbaycanın daxili bazarına “Şahdəniz” yatağından daxil olan 3 milyard kub metr qaz belə dönərli valyutaya alınır.

Ona görə də Azərbaycan üçün enerji sektorunda itkilərin qarşısının alınması həyati əhəmiyyətli bir məsələdir.İtkilər isə heç də texniki məsələlərdən yaranmır: bu, ancaq onun bir hissəsidir. Belə ki, “Azəriqaz” istehlak edilən qazın aylar üzrə göstəricilərini açıqlayarkən bunu ancaq əhali qrupuna şamil edir və nə dövlət qurumları, nə kommersiya və digər istifadəçilərlə bağlı məlumatları ictimaiyyətlə bölüşmür. O cümlədən bu kimi məlumatlar elektroenergetika sektoruna aiddir.

Bu sahədə şəffaflığın olmaması, ictimaiyyətin paylayıcı şirkətlər üzərində zəif nəzarəti, KİVlərin bu sahəni epizodik işıqlandırması və buna imkan verilməməsi sonda məsələlərin həllinə deyil, daha da böyüməsinə yol açan faktorlardır.

2018-ci ildə ölkə ərazisində hava şəraitinin qış aylarında kifayət qədər mülayim keçməsinə baxmayaraq nəinki regionlarda, hətta paytaxt rayonlarında belə abonentlərin “Azəriqaz” tərəfindən mütəmadi qazının kəsilməsi və ya qaz verilməsinin məhdudlaşdırılması heç bir məntiqlə izah ediləsi fakt deyil. Çünki SOCAR-ın özünün təsisçisi olduğu “İnterfaks-Azərbaycan” agentliyinin yazdığı məlumata görə, Azərbaycan 2017-ci ildə 2,1 milyard kubmetr qaz idxal edib, 2018-ci ilin birinci rübü ərzində isə bu göstərici 1,1 milyard kubmetr olub. İstehlakçıları maraqlandıran suala-bəs istehsal və idxal olunan qaz hanı – məntiqi cavab verilməməsi isə bu qurumlara inamı azaldır.

Sadalanan faktorlar onun göstəricisidir ki, bu sahələrdə təxirəsalınmaz islahatlar aparmaq gərəkdir. Nəticədə ölkə iqtisadiyyatı kifayət qədər faydalana bilər.

 

Azərbaycanın 1 N-li vergiödəyicisi – SOCAR -da 2009-2010-cu illərdə aparılan struktur dəyişikliklərindən sonra əvvəlcə, “Azəriqaz”, sonra isə “Azərikimya” İstehsalat Birlikləri onun strukturuna daxil oldular və nəticədə SOCAR-ın ümumi ştatı 79 min nəfərədək artdı, hazırda isə 50 mindən bir qədər artıqdır.

Dövlət Neft Şirkətinin hazırda strukturlarına 28 qurum daxildir. Şirkət neft sənayesinin bütün sahələrini – kəşfiyyat, qazma, hasilat, nəqliyyat, emal, topdan satış, parakəndə satış, həmçinin tikinti işləri ilə də məşğul olur.

Şirkət 2007-ci ildən ölkə hüdudlarından kənarda fəaliyyətə başlayıb: Gürcüstanda, Ukraynada, Türkiyədə, İsveçrədə, Rumıniyada biznes fəaliyyəti ilə məşğul olur. SOCAR 2016-cı ilin sonunda özünün biznesində yeni bir sahəyə imza atdı – Bakı yaxınlığındakı metanol zavoduna sahib çıxdı. Bu il isə biznesini şaxələndirərək Sumqayıtda neft-kimya və gübrə zavodlarını işə salacaq. Həmçinin Türkiyədə illik gücü 10 milyon ton olan yeni neft emal zavodunun açılışı planlaşdırılır.

 

Göründüyü kimi SOCAR, həm Azərbaycanda, həm ölkə xaricində yeni-yeni layihələr üzərində işləyir və realizə edir.

SOCAR-ın kredit borcu 9 milyard dolları ötüb artıq. Və SOCAR-ın öhdəlikləri layihələrin sayı artdıqca artıma doğru yüksəlir, çünki onun qazancı layihələr qarşılamaq üzrə heç də yetərli olmur. Əsasən də neft qiymətlərinin düşməsi SOCAR-ın gəlirliyini bir xeyli azaltdı. İkinci bir tərəfdən SOCAR dövlət şirkəti olaraq hökumət qarşısında müəyyən öhdəliklərə malikdir (yəni SOCAR başqa yerli şirkətlər kimi 20%-lik mənfəət vergisi verib bununla da dövlət qarşısında öz borcunu bitirmir), yəni dövlət bu şirkətdən həm də DİVİDENT götürür və neftin qiymətlərindən və bazardakı vəziyyətdən asılı olaraq onun həcmi də dəyişir. Dividentlər – SOCAR-ın sosial öhdəliklər bölümündə öz əksini tapır.

  

Belə bir şəraitdə SOCAR kimi nəhəg struktura malik şirkətin idarə edilməsi nəinki müəyyən problemlər yaradır, sadəcə keçid dövrü yaşayan ölkə iqtisadiyyatı üçün növbəti mərhələyə keçiddə tormozlayıcı faktor rolunda çıxış edə bilər. Bunun bariz bir nümunəsi – SOCAR 25 ildir ki, özünü dünyanın tanınmış neft-qaz şirkətləri ilə çiyin-çiyinə verib işlədiyini nümayiş etdirsə də, ancaq indiyə kimi rüblük hesabat formasına keçə bilmir. İllik hesabatını digər şirkətlərlə müqayisədə 6 ay sonra ictimaiyyətə təqdim edir. Bu heç də onunla bağlı deyil ki, SOCAR nəyisə gizli saxlamaq istəyir və ya bölüşmək istəmir, sadəcə şirkətin strukturu həddən artıq masştablıdır, kommunikasiya sistemi, əlaqələr, informasiyanın emalı isə zəifdir, arzu olunan şəkildə deyil. Məhz bu baxımdan da hesabatlıq bu qədər gecikir.

 

Digər məsələ, SOCAR strukturlarında tətbiq edilən təkrarlama mexanizmidir. Şirkət sanki özündən bəhrələnmək niyyəti güdmür. Onun Kompleks Qazma İşləri Tresti kimi böyük bir servis strukturu var. Caspian Drilling Company (92% ona məxsusdur) və özünün dənizdəki mürəkkəb qazma əməliyyatlarını yerinə yetirən SOCAR-AQS kimi birgə müəssisəsi (87%-i Nobel Oil-a məxsusdur) mövcuddur. Bundan əlavə quruda işləyən kiçik qazma şirkətləri də fəaliyyət göstərir. (bax.cədvəl)

Təkrarlama mexanizmi tikinti(SOCAR-n Neftqaztikinti tresti və Azərneftqaztikinti MMC), ekoloji qurumlarda da (SOCAR –Ekologiya idarəsi və EKOL MMC) müşahidə olunur.

 

Şirkətlərin sayının çox olması pis deyil. Ancaq yaxşı hal özünü onda göstərir ki, bazarda rəqabət mühiti olsun. SOCAR-ın Qazma Tresti onun elan etdiyi tenderlərin qeyri-şərtsiz qalibi olmasın, o cümlədən də digərləri. Əgər rəqabət mühitində formalaşan mübarizədə işləməyə alışarlarsa, onda Azərbaycandan kənarda sifariş almaq get-gedə onlar üçün asanlaşar. İndiyə qədər SOCAR-ın hansı bir qazma şirkəti xaricdən sifariş alıb? CDC-nin fəaliyyətində bir dəfə Aralıq dənizində olub belə bir hadisə. SOCAR-AQŞ isə hazırda Banqladeşdə qaz quyuları qazır. Ancaq 1995-ci ildən ötən dövrə nəzərə salsaq – 2 sifariş. Bu, nə göstəricidir, nə də nailiyyət, özü də əsr yarımlıq neft tarixi olan bir ölkə üçün. Bəs bazar iqtisadiyyatı nədir? Qısa zamanda texnologiyalara yiyələnmək, öz bazarını açmaq, digərləri ilə əməkdaşlığa getmək və sonra kənar bazarlarda gəlir əldə etmək. SOCAR niyə bu mexanizmdən istifadə etmir?

 

SOCAR-ın bütün sahələr üzrə öz idarələri olduğu halda layihə əksər işlər kənar şirkətlərlə ya birgə görülür, ya da sifariş edilir. Bu halda şirkət:

- Öz strukturuna daxil olan qazma, tikinti, nəqliyyat, ekoloji və s. strukturlarını inkişaf etdirməlidir,

- Yaxud bu strukturlar SOCAR tərkibindən çıxarılıb şirkətlə müqavilə əsasında fəaliyyət göstərməlidir.

SOCAR əgər radikal şəkildə optimallaşdırılsa, onun işçilərinin sayı yəqin ki, 2 dəfə azaldılar. Çünki ştatı xarici analoqları ilə müqayisə edilərkən xeyli şişirdilməsi bir yana, işçilərin faydalı iş əmsalı məsələsi də gündəmə gəlməlidir.

 

SOCAR-da bu gün 50 min işçiyə 9 min rəhbər (yəni menecer) şəxs düşür, yəni ortalama olaraq hər 5,5 adamın bir rəisi var. Düzdür, bundan əvvəl rəhbərlik etmək səlahiyyətində olanlar daha çox idi, ancaq yenə də.

SOCAR-da əldə edilə biləcək qənaət və burada tətbiq ediləcək yeni idarəetmə sistemi, ölkənin bütün iqtisadisisteminə təsir etmə gücünə malik ola bilər. Ona görə də neft sənayesi – qaz paylayıcı şəbəkələr – elektrik sistemi:

bunlara hökumətin İSLAHATLAR üçün yatıracağı bir-neçə milyard dollar sərmaye belə cəmi iki il çəkməz öz effektivliyini bütün ölkə iqtisadiyyatında göstərər, çünki enerji sektoru digərini arxasınca düzgün yola aparıb çıxamaq gücündə olan yegənə qüvvədir. Əks təqdirdə rabitə, kənd təsərrüfatı, digər kiçik maliyyə tutumlu sahələrə nə qədər vəsait yatırısansa yatır, onların enerjisi olmayacaq ki, qarşılarındakı nəhəng gücə hansısa bir təsir edə bilsinlər.

          

 

Cədvəl 1.

 

 

 Əsas fəaliyyət növü

 1

"Atəşgah” Sığorta Şirkəti QSC

 

Fiziki və hüquqi şəxslərin mülkiyyət, kommersiya maraqlarının, onların həyat və sağlamlıqlarının sığorta edilməsi və digər xidmətlər göstərilməsi

 2

AzFen BM

 

ARDNŞ və ABƏŞ ilə əlaqədar neft sənayesi sahəsində hər növ inşaat, təchizat, emal, tədqiqat, nəql, paylama, mühəndislik və layihə idarəçiliyi fəaliyyəti və müxtəlif növ inşaat materiallarının alqı-satqısı. Müəssisənin məqsədləri ilə əlaqədar olan müxtəlif obyektlərin təmiri, tikintisi və layihələşdirilməsi

 

 3

"AzGerneft MM"

Kontrakt sahəsində karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı, İstifadə edilən materialların nəqli və satışı. Kontrakt sahələri-Balaxanı, Ramanı

 4

"AzLab MMC"

 

Kernlərin ümumi və xüsusi analizi və saxlanması, Analitik-kimyəvi və geokimyəvi analizlər, Stratiqrafiya, Karbohidrogen fluidlərin analizi

5

"Azneftqaztikinti" MMC

 

Neft və qaz sənayesi sahələrində tikinti, istehsal, mühəndis, tədqiqat və s. işlərin yerinə yetirilməsi

Neft quyularının qazılması, quyu avadanlıqlarının təmiri, quraşdırılması, terminal və limanların tikintisi işlərinin həyata keçirilməsi

6

"Azərbaycan Con Braun” QSC

 

Emal qurğularının, dəniz stasionar və üzən platformaların, sualtı neft mədən qurğularının, boru kəmərlərinin və onlarla bağlı dəniz və quru tikililərinin inşası, quraşdırılması, hidrotexniki qurğuların tədqiqi ilə dəniz dibinin dərinləşdirmə işləri ilə əlaqəli mühəndis-texniki və layihə işlərinin həyata keçirilməsi, Dənizdə və quruda neft-qazçıxarma obyektlərinin inşası üçün avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması

7.

Azəri Drillinq Kompani MMC

 

Neft və qaz sənayesi sahəsində müasir texnika və texnologiyalardan istifadə edərək, neft və qaz quyularının qazılması, o cümlədən horizontal və xüsusi quyularının əsaslı və yeraltı təmiri işlərinin yerinə yetirilməsi,Iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq malların, avadanlıq və qurğuların istehsalı, idxalı, quraşdırılması və təmiri. Qazma işlərində elmi-texniki nəzarətin həyata keçirilməsi

8

"Azəri M İ Drillinq Fluids" BM

 

Neft sənayesi sahələri üçün APİ standartlarına cavab verən kimyəvi məhsulların: barit, bentonit və buna oxşar digər kimyəvi məhsulların istehsalı, saxlanılması və s. xidmətlərin göstərilməsi

9.

"Bakı Gəmiqayırma Zavodu” MMC

Yeni gəmi tikintisi, gəmi təmiri və ümumi dəniz mühəndisliyinin həyata keçirilməsi üçün Bakıda, Xəzərdə analoqu olmayan yeni Tərsanənin tikilməsi, Gəmiqayırma Zavodunun idarə olunması və işlədilməsi

10

BosŞelf MMC

 

Stasionar dərin dəniz özüllərinin metal konstruksiyalarının hazırlanması, Stasionar dərin dəniz özüllərinin və özullərin yuxarı hissələrinin blok-modullarının metal konstruksiyalarının MMC-nin dənizkənarı quraşdırma meydançalarında böyük həcmdə yığma, quraşdırma və suya salınma, yerinə nəql edilməsi üzrə podrat işləri, Təşkilat və xarici firmaların sifarişi ilə stasionar dərin dəniz özüllərinin dənizdə quraşdırılması, möhkəmləndirilməsi, layihə-konstruktur və digər podrat xidmətlərinin göstərilməsi

11

"Caspian Pipe Coatings" MMC

 

Boruların korroziyaya qarşı daxili və xarici örtüklənməsi, Boruların daxili təmizlənməsi, Boruların betonla örtüklənməsi və anodların quraşdırılması, Yükləmə-boşaltma və logistika işləri

12

"Ekol Mühəndislik Xidmətləri” QSC

 

Neft, qaz, neft məhsulları, onların tullantılarının, torpaq və çirkab suların, çənlərin və boru kəmərlərinin neft məhsullarından təmizlənməsi, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda ekoloji monitorinqin, bioloji təmizləmə və kimyəvi analiz işlərinin aparılması, ətraf mühitin yaxşılaşdırılması istiqamətində malların təchiz edilməsi, iş və xidmətlərin göstərilməsi, Yeni ekoloji sistemlərin və proqramların işlənib hazırlanması və tətbiqi

13

Karlina Oversiz Korporeyşn MM

 

Neft ötürmələri

14

"Kaspian Drillinq Kompani" MM

 

Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi, Dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak edilməsi, "İstiqlal" və "Dədə Qorqud" yarımdalma qazma qurğularından istifadə edərək neft və qaz quyularının qazılması və onların təmiri işlərinin həyata keçirilməsi

15

"Kaspian Geofizikal Kompani" MM

 

Seysmik məlumatların toplanması, onların analizi və sair geoloji işlərin həyata keçirilməsi

16

Kaspian Şipyard Kompani Limited

 

Bütün növ gəmilərin təmiri,modernləşdirilməsi və ya təkmilləşdirilməsi, Bütün növ gəmilər üçün dizayn, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsi, Bütün növ gəmilərin idarə edilməsi və istismarı, Avadanlıq, mal və materialların alqı-satqısı

17

"Kros Kaspian Oyl and Qaz Lojistiks” MMC

 

Boru kəmərləri və terminallar vasitəsilə neft və qaz əməliyyatlarının aparılması, Neft, qaz və neft məhsullarının alqı-satqısı, Neft və qaz sənayesi üçün boru kəmər daşımaları ilə əlaqəli mal, iş və xidmətlərin göstərilməsi, texniki təcrübə və dəstəyin təqdim edilməsi

 

18

"SOCAR Fuqro" MMC

 

Dənizdə mühəndis-geoloji tədqiqat, geokimyəvi və stratiqrafiq axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, Laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, Geofiziki tədqiqatların nəticələrinin emalı və interpretasiyası

19

"İnterfaks Azərbaycan" MMC

 

Məsləhət, agentlik, marketinq və digər xidmətlərin göstərilməsi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsi

20

“Enerci Soluşnz Qrup” QSC

 

neft və qaz quyularının perforasiyası üçün partlayıcı atımlar və perforasiya cihazları istehsal etmək, satmaq və digər işlər həyata keçirmək, neft və qaz quyularının perforasiyası ilə əlaqəli texniki təcrübə və dəstəyi təqdim etmək, partlayıcı atımlar və perforasiya cihazlarının istehsalı üçün lazım olan mal və avadanlıqların hissələrinin təmiri və onların saz vəziyyətdə saxlanılması.

 

 

 

Əsas fəaliyyət növü

21

"Oyl and Qaz ProServ" MMC

Neft və qaz sənayesinin avadanlıqlar, işlər və xidmətlərlə təmin edilməsi, Neft və qaz sənayesinin texniki təcrübə və dəstəklə təmin edilməsi, ən qabaqcıl metodlar tətbiq edilməklə təchiz ediləcək məhsulların diaqnostika məqsədilə baxışının təşkil edilməsi, Xidmətlərin keyfiyyətini və səmərəliliyini yüksəltmək üçün heyətə təlimin keçilməsi

22

"SARMATİA" MMC

 

Odessa-Brodı boru kəmərinin uzadılması vasitəsilə Xəzər dənizindən neftin Gürcüstan, Ukrayna, Polşa və Azərbaycandan keçməklə Avropaya çıxarılması məqsədilə yeni dəhlizin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması (Layihə), Yeni neft və qaz yataqlarının tədqiqatı və işlənməsi, Quruda və suda müxtəlif obyektlərin tikintisi, Boru kəmərinin çəkilişi

23

.SOCAR CONSRUCTİON MMC

Müasir texnika və texnologiyalardan istifadə olunaraq neft və qaz quyularının, horizontal və xüsusi quyuların qazılması, sementlənməsi, bərkidilməsi, quyuların yeraltı və əsaslı təmiri, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması məqsədilə mal, iş və xidmətlərin təqdim edilməsi? “Xəzər5”, “Şelf1” və “Şelf3” yarımdalma qazma qurğularından istifadə edərək neft və qaz quyularının qazılması və onların təmiri işlərinin həyata keçirilməsi? mal, iş və xidmətlərin təqdim edilməsi üçün idarəçilik, texniki, mühəndislik sahələrində xüsusi biliklərin təqdim edilməsi, qazma işlərində elmitexniki nəzarətin həyata keçirilməsi

24

SOCAR Foster Viler Mühəndislik Xidmətləri

 

Mühəndislik” MMC Neft Emalı, Neft-Kimya və Ətraf Mühit Layihələrində Mühəndislik, Satınalma və Tikintiyə Nəzarət və Layihənin İdarəedilməsi xidmətləri göstərən Birgə Müəssisədir.

25

SOCAR Gas İmport Export

Gürcüstana qazın nəqli, satışı və digər xidmətlərin göstərilməsi

 

26

SOCAR Turkey Enerji A.Ş.

 

Neft və qaz sektorunda istehsal, emal, satış, distryübisiya, sərmayə qoyuluşu, araşdırma, idxal-ixrac işlərinin yerinə yetirilməsi, Azərbaycandan Türkiyəyə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə ixrac edilən neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə ixrac edilən qazın marketinqi.

27

"SOCAR AQŞ" MMC

 

Neft və qaz sənayesi sahəsində müasir texnika və texnologiyalardan istifadə edərək, neft və qaz quyularının o cümlədən horizontal və xüsusi quyuların qazılması, sementlənməsi, bərkidilməsi, quyuların əsaslı və yeraltı təmiri, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması

Neft və qaz sənayesi üçün hava, dəniz və avtomobil nəqliyyatı, habelə neft və qaz sənayesinin məqsədləri üçün xüsusi texnika, avadanlıq, vasitələr və obyektlərdən istifadə, onların yenidən qurulmasıvə modernləşdirilməsi vəistehsalat infrastrukturunun yaradılması ilə xidmətlərin təchizatı

Neft və qaz sənayesi üçün idarəçilik sahəsində texniki və digər sahələr üzrə biliklərin təqdim edilməsi, həmçinin müvafiq texnika, avadanlıq və obyektlərin təmiri, onların idarə edilməsi və onlara dair texniki təminat və dəstəyin göstərilməsi

28

"SOCAR Bağlan" QSC

 

Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda malların, işin və xidmətlərin təchiz edilməsi

Neftlə çirklənmiş torpaq və suların təmizlənməsi nəticəsində əldə olunan xam neft və neft məhsullarının bazara çatdırılması, Qabaqcıl istehsal texnologiyaları tətbiq etməklə çənlərdə, anbarlarda və boru kəmərlərində təmizləmə işlərinin aparılması, Bioloji təmizləmə işlərinin və kimyəvi analiz işlərinin aparılması və təşkili

29

"SOCAR Cape" MMC

 

Taxtabənd konstruksiyaların montaj/demontajı və icarəyə verilməsi, Bütün növ izolyasiya işlərinin görülməsi, Boya və qumla cilovlama işlərinin görülməsi, Odadavamlı örtük sistemlərinin suvanması

30

"SOCAR Energy Georgia" MMC

 

Gürcüstanda, Külevidə yerləşən Port və Terminalların əldə olunmasına və inkişafına nail olmaq (Layihə) Neft və neft məhsullarının hasili, emalı və onların satışı, yanacaqdoldurma stansiyalarının qurulması və təşkili Topdan və pərakəndə satış ticarətinin, sərgilərin, yarmarkaların, auksionların təşkili, mal anbarları və nəqliyyat vasitələri ilə təchizat və idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi

31

"SOCAR Petroleum" QSC

 

Karbohidrogenlərin Avropa standartlarının tələblərinə uyğun emalı və texniki tələblərə cavab verən yanacaq növlərinin (markalarının) istehsalı, Neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı, Yanacaq bazası və yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran və kiçik marketlərin təşkili

32

“SOCAR DALĞIC” MMC

 

Neft-qaz sektorunda Heyyətsiz Sualtı Aparatlar (HSA), dalğıc və sualtı-texniki sahələrdə xidmətlər, bu sahədə iş və xidmətlərin təqdim olunması, texniki, satınalma, texniki şərt və digər iş həcmlərinin hazırlanması, yerli işçi heyətin təlimləri, bilik və bacarıqlarının inkişaf etdirilməsi, tenderlərdə iştirak və digər analoji fəaliyyətlər.

33

“SOCAR KBR” MMC

 

Azərbaycan Respublikasında neft-qaz sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı iş və sınaq xidmətləri, layihə, mühəndislik, texniki, satınalma, tikintiyə nəzarət və layihə idarəetməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlim, yerli personalın bilik və ekspertizasının inkişafı, layihələrin icra qrafiklərinə nəzarət

34

“SUPRA Holdinq” MMC

 

Neft və neft məhsullarının ticarəti, müxtəlif növ əmlakın, qiymətli kağızların, aktivlərin dövriyyəsi və alqı-satqı

 

Alyanslar

 

 

                                   Əsas fəaliyyət növü

1

ARDNŞ HC Heavy Crane

 

Alyans xüsusi diqqəti ARDNŞ-ə aid Layihələrə, Müəssisələrə, Əməliyyatlara, Alyanslara, Müqavilələrə, Birgə Müəssisələrə və s. (ABƏŞ, BP, HPB Layihələrində) yetirməklə verilən kranlara və verilən əsas vəsaitə texniki baxış keçirir, onun servisini, təmirini, bərpasını və sınağını həyata keçirir və gündəlik əməliyyatları aparır

2

"ARDNŞ Maersk”

 

Dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak, "Heydər Əliyev" yarımdalma qazma qurğusundan istifadə edərək neft və qaz quyularının qazılması və onların təmiri işlərinin həyata keçirilməsi, Xəzər dənizinin Azərbaycan və digər sektorlarında Müştərilərə xidmətlərin göstərilməsi

3

SOCAR Optilan

 

Alyans Operatoru Çərçivə Müqavilədə razılaşdırılmış faizlərə əsasən hər bir iştirakmı tərəf üçün hesablanan və Alyansın İdarə Heyəti tərəfindən razılaşdırılmış digər Sifarişçi Müqavilələri üçün Mənfəət payını Tərəflərə ödəyir.

4

SOCAR Petrofac

 

SOCAR-SCNBV

 

SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma idarəsi ilə birgə daxili və üçüncü şəxslərə neft-qaz sənayesi sahəsində əməliyyat təlimlərinin təşkili

Şahdəniz 2 layihəsi üzrə boru kəmərlərinin izolyasiyasını təmin olunması,

SOCAR-ın təsisçiliyi ilə yaradılmış Caspian Pipe Coatings MMC-nin istehsalat, avadanlıq və infrastruktur yenilənməsinin həyata keçirilməsi

6

SOCAR TGP

Şahdəniz 2 layihəsi üzrə beynəlxalq yük daşımalarının idarə olunması, yüklərin göndərilməsi və logistika sahəsində fəaliyyət