NHMT - “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi, Dünya üçün çörək Protestant İnkişaf xidməti üzrə Diakonia və İnkişaf Protestant Agentliyinin (“Brot füe die Welt-Bread for the World Protestant Devolopment Service”) maliyyə dəstəyilə həyata k

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi, Dünya üçün çörək Protestant İnkişaf xidməti üzrə Diakonia və İnkişaf Protestant Agentliyinin (“Brot füe die Welt-Bread for the World Protestant Devolopment Service”) maliyyə dəstəyilə həyata k

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi, Dünya üçün çörək Protestant İnkişaf xidməti üzrə Diakonia və İnkişaf Protestant Agentliyinin (“Brot füe die Welt-Bread for the World Protestant Devolopment Service”) maliyyə dəstəyilə həyata keçirdiyi “Hasilat sənayesi işçilərinin hüquqlarının müdafiəsinin gücləndirilməsi mexanizmi” layihəsi çərçivəsində keçirilən sorğunun nəticələri

 

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi, “Brot füe die Welt-Bread for the World Protestant Devolopment Service” (Dünya üçün çörək Protestant İnkişaf xidməti üzrə Diakonia və İnkişaf Protestant Agentliyi) təşkilatı ilə bağlanmış 22.07.2014-cü il tarixli 20146049 № qrant müqaviləsinə əsasən həyata keçirilən “Hasilat sənayesi işçilərinin hüquqlarının müdafiəsinin gücləndirilməsi mexanizmi” layihəsi çərçivəsində sorğu keçirir. Sorğunun məqsədi ölkədə fəaliyyət göstərən neft şirkətlərinin ətraf mühitə, əhalinin sağlamlığına, sosial-iqtisadi vəziyyətlərinə təsiri barədə, yerli əhalinin həmin şirkətlərə, onların həyata keçirdiyi layihələrə münasibəti barədə obyektiv məlumat toplamaq, nəticə olaraq isə bu sahədə ictimai nəzarətin gücləndirilməsini həyata keçirmək və mümkün problemlərin aradan qaldırılmasına yardım etməkdir.

Məhz bu mənаdа tədbirlərin həyаtа kеçirilməsi və bu prosesdə vətəndaşların fəal iştirakı vаcibdir. Etiraf etmək lazımdır ki, bu sahədə həll olunmalı problemlər çoxdur, qarşıda bizi daha gərgin və vacib işlər gözləyir. Gələcəkdə ümumi işimizin keyfiyyətini artırmaq, təkmilləşdirmək, daha uğurlu nəticələrə nail olmaq, fəaliyyəti daha səmərəli və effektiv şəkildə davam etdirmək, proseslərə vətəndaşları cəlb etmək və bələdiyyələrdə qadınların rəhbər vəzifələrdə sayının az olması səbəbini öyrənmək məqsədi ilə sorğu keçirməyi məqsədəuyğun sayırıq.


Ərazi

Sorğu bütövlükdə ölkənin 3 regionunda ― Salyan, Şirvan və Neftçala şəhərlərində və ətraf qəsəbə və kənddə həyata keçirilmiş və cəmi 857 respondenti (600 nəfər arasında anket paylanmşdı) əhatə etmişdir.


Respondentlər 

Yuxarıda qeyd olunduğu kimi sorğular eyni ərazidə bütün vətəndaşlar arasında, əsasən də həmin ərazilərdə fəaliyyət göstərən müxtəlif qurumlar arasında keçirilib, o cümlədən həmin ərazilərin dövlət orqanları, ictimai təşkilatlar, biznes qurumları və s. nümayəndələri də sorğu iştirakçıları arasında olub. Lakin burada vacib bir nüans mütənasibliyin qorunması olub. Layihənin həyata keçirildiyi ərazilərdə yaşayan əhalinin müxtəlif komponentlərə görə təmsilçiliyi təmin edilməyə çalışılıb. Eyni məsələyə bütün tərəflərin münasibətinin öyrənilməsi və obyektiv nəticənin ortaya qoyulması əsas məqsədlərdən idi. Bunun üçün anket tərtib edilmiş, respondentlərə paylanmışdır.   
Sorğuda iştirak edənlərin 56,67% kişi, 42,67%-i qadın idi (İştirakçıların 0,66%-i isə bu haqda heç bir qeyd etməyibdir). Respontentlərin digər kriteriyalar üzrə təmsilçiliyi aşağıdakı kimidir.

 

Yaş:

18-30 ― 16%

30-45 ― 34,67%

45-dən yuxarı ― 49%

 

Fəaliyyət  sahəsi:
Dövlət qulluğu ― 15,33%
Bələdiyyə ― 22%
İctimai fəaliyyət ― 11,67% 
KİV ― 0,67%
Kiçik sahibkarlıq ― 23% 
İşsiz ― 13,33%
Digər ― 12,67%

(5,21%  bu məlumatı qeyd etməyib)


Əvvəlcədən qeyd etmək lazımdır ki, sorğunun nəticələrinin hesablanmasında rəqəmlərdə (% göstəricilərində) mümkün kiçik uyğunsuzluqlar və qeyri-dəqiqlikilər, bəzi respondentlərin bu və ya digər sualları cavablandırmamaları ilə əlaqədardır.

 

SORĞU ANKETİ


1. Yaşadığınız ərazidə neft şirkətlərinin fəaliyyətinin necə qiymətləndirirsiniz?

a)   Qənaətbəxş ― 16,7 %
b)   Heç olmasa onlar var ― 10,56%
c)   Regionda işsizliyin azalmasına səbəb olur ― 10,21%
d)   Əhalinin sosial vəziyyətinə müsbət təsir edir ― 10,23%
e)   Başqa yerlərlə nisbətdə pis deyil ― 4,24%
f)    Heç bir müsbət işlərinin görmürəm ― 4,95%
g)   Onların fəaliyyəti ümumiyyətlə hiss olunmur ― 8,58%
h)   Ətraf mühiti çirkləndirirlər ― 4,29%
i)    İnsanların sağlamlığına mənfi təsir göstərirlər ― 13,86%
j)    Mənfi ― 2,97% 
k)   Məlumatım yoxdur ― 0,99% 
l)    Digər_____________________________________________0,33%

 

Anket sorğusuna daxil edilmiş ilk sual vətəndaşların ümumilikdə neft şirkətlərinin fəaliyyətinə münasibətini öyrənmək məqsədi daşıyırdı. Və verilən cavablardan belə bir nəticəyə gəlmək olar ki, ümumiyyətlə münasibət bir o qədər də pis deyil, yəni sorğuda iştirak edən vətəndaşlarıın 51,94%-i bu və ya digər formada  neft şirkətlərinin fəaliyyətinə müsbət yanaşır və onu müxtəlif aspektlərdən qiymətləndirirlər. Belə ki, bunlardan 16,7% bütövlükdə fəaliyyəti qənaətbəxş hesab edir, 10,56%-i regionlarda işsizliyin azalmasına təqsir etdiyini, 10,23%-i əhalinin sosial vəziyyətinə müsbət təsir etdiyini düşünür, 10,56%-i isə “heç olmasa onlar var” və 4,24%-i “başqa yerlərə nisbətdə pis deyil” kimi müqayisəli münasibət sərgiləyərək, hər halda üstünlüyü neft şirkətlərinə vermişlər. Amma respondentlərin 34,65%-nin neft şirkətlərinin fəaliyyətinə bu və ya digər səbəblərə görə münasibəti mənfidir. Neft istehsalçılarının fəaliyyətinə tənqidi yanaşanların 4,29%-i buna səbəb kimi onların ətraf mühiti çirkləndirmələrini göstərir, 13,86%-i insanların sağlamlığına mənfi təsir göstərmələri ilə əlaqələndirirsə, 4,95%-i heç bir müsbət işlərinin olmadığını, 2,97%-i ümumiyyətlə bu fəaliyyətə “mənfi” yanaşdığını bildirmişlər, 8,58%-i isə hesab edir ki, onların fəaliyyəti ümumiyyətlə hiss olunmur. Sorğuya cəlb olunanların 0,99%-i “məlumatı olmadığını” bildirsə də, 12,42%-i isə ümumiyyətlə sualı cavablanırmaqdan imtina edərək, sorğu anketini boş qaytarmışdır.


Göründüyü kimi maraqlı nəticələrdir. Bu nəticələri fərqli cür yozmaq olar. Birincisi neft istehsal edən və büdcəsinin böyük bir hissəsi neftdən gələn gəlirlər hesabına formalaşan, əhalisinin xeyli hissəsi məhz bu sahədə çalışan ölkənin vətəndaşlarının neft şirkətlərinin fəaliyyətinə bu cür yanaşması (51,94%-i müsbət) bu sahədə problemlərin olmasından xəbər verir. İkincisi neft sahəsini müqayisəli qiymətlərin də (14,8%) fikirlərinə diqqətlə yanaşsaq, onda bu alternativ istehsal və sənaye sahələrinin olmaması və ya zəif olması anlamına gəlir. Bu həm də o deməkdir ki, neft şirkətlərinin fəaliyyətini dəyərləndirənlərin bir hissəsi sadəcə alternativ olmaması ucbatından fəaliyyətə müsbət qiymətləndirib. Nəhayət sorğu iştirakçılarının xeyli hissəsi (18,15%) neft şirkətlərinin ölkədə ətraf mühitə və insanların sağlamlığına ziyan vurmasını vurğulayır. Hesab edirik ki, bu da diqqətdən kənar saxlanıla bilməz.

 

2. “Yaşadığınız  ərazidə özünüz və ya  qohumlarınızdan, tanışlarınızdan kimsə neft şirkətlərində işləyirmi?” sualı isə əhalinin bu sahəyə nə qədər aidiyyatı olub-olmamasını, bu sahə barədə nə dərəcədə məlumatlı olub-olmamasını və ya neft şirkətlərindən nə dərəcə asılı və ya bu sahəyə nə qədər bağlı olması barədə məlumat toplamaq məqsədi ilə qoyulmuşdu. Bu suala sorğuda iştirak edən vətəndaşların 54,14%-i “hə” deyərək, neft şirkətləri ilə bu və ya digər dərəcədə bağlı olmasını, həm də məlumatlı olmasını bildirmişlər. Respondentlərin 34,32%-i isə özlərinin və ya qohumlarından, tanışlarından kimsənin neft şirkətlərində işləmədiyini və əlaqəsinin olmadığını bildirmiş, 8,25% isə bu barədə dəqiq məlumatının olmadığını qeyd etmişlər. 3,29%-i isə yenə sorğu anketinin bu sualını cavablandırmadan təhvil vermişlər. Göründüyü kimi, sorğuya cəlb edilənlərin yarısından çoxu bu və ya digər formada neft şirkətləri ilə əlaqəli və məlumatlıdılar. Bu da, əvvəlcədən qeyd etdiyimiz kimi, ölkə əhalisinin xeyli hissəsinin neft sənayesi ilə bu və ya digər formada əlaqəsinin olması fikrinin təsdiqi kimi, eyni zamanda da bizim araşdırmanın nəticələrinin nisbətən daha məlumatlı mənbələrə söykəndiyini deməyə əsas verir. Başqa sözlə, əhalinin yarıdan çoxu artıq neft şirkətləri və onların fəaliyyəti barədə müəyyən məlumatlara malikdirlər. Əvvəlki sualın cavablarında da, dolayısı ilə biz bu qənaətə gəlmişdik. Yəni respondentlərin çoxunun cavabları təsdiq edir ki, vətəndaşların böyük çoxluğu neft şirkətlərini həm tanıyır, həm də fəaliyyəti haqda məlumata malikdirlər.

a.    Hə ― 54,14 %
b.    Yox ― 34,32%
c.    Dəqiq bilmirəm ― 8,25%

 

3. Neft şirkətlərində əmək haqqının səviyyəsi sizi qane edirmi və ya yüksək hesab etmək olarmı? (uyğun cavabı qeyd edin)

a)    Bəli ― 15,84%
b)    Qismən ― 16,17%
c)    Digərlərinə baxanda pis deyil ― 16,5%
d)    Çəkilən zəhmətin miqdarında qəpik-quruş verilir ― 12,54%
e)    Xarici mütəxəssislərə nisbətən bizimkilər dəfələrlə az alırlar ― 20,79%
f)    Qətiyyən yox ― 6.6%
g)    Məlumatım yoxdur ― 5,94%
h)    Digər_______________ 0,99%

 

Bu sualın cavablarında da aydın olur ki, əvvala vətəndaşlarıın əksəriyyəti neft şirkətlərinin fəaliyyəti, ən azı onların əməkdaşlara verdikləri əmək haqqının miqdarı barədə məlumatlıdırlar. Belə ki, sorğu iştirakşılarının yalnız 5,94%-i “məlumatım yoxdur” cavabını vermişlər (4,58% isə ümumiyyətlə sualı cavablandırmayıb), 89,48%-i isə qoyulmuş suala münasibətlərini bildirmək üçün məlumatlı olduqları qənaətindədilər. Digər tərəfdən cavablardan aydın olur ki, respondentlərin cəmi 19,14%-ini (12,54%-i hesab edir ki, çəkilən zəhmətin miqdarında qəpik-quruş verilir, 6.6%-i isə maaş qətiyyən qane etmir) birmənalı olaraq verilən əmək haqlarının səviyyəsi qane etmir. Sorğu iştirakçılarının 48,51%-i neft şirkətlərində əmək haqqının səviyyəsi bu və ya digər formada qane edir, onlardan da yalnız 15,84%-i verilən əmək haqqını yüksək hesab edir, 16,17%-i qismən qane edir, 16,5%-i hesab edir ki, digərlərinə baxanda pis deyil (yenə müqayisədə qiymətləndirmə). Vətəndaşların 20,79%-n cavabları isə tamam fərqli və maraqlıdır, onların fikrincə, xarici mütəxəssislərə nisbətən bizimkilər dəfələrlə az alırlar. Yəni ola bilər ki, verilən əmək haqqının miqdarından narazı deyil, amma ölkə vətəndaşlarına xarici mütəxəssislərə nisbətən az əmək haqqı verilməsi istər-istəməz narazılıq yaradır. Həqiqətən də istər ictimaiyyətdə, istər mətbuatda bu məsələ tez-tez müzakirə olunur. Hesab edirik ki, bu məsələ diqqət mərkəzinə gətirilməli, ya narazılığa səbəb olan bu bərabərsizlik aradan qaldırılmalı, ya da bunun məntiqli izahı verilməlidir (varsa).

 

Göründüyü kimi bu nəticələrə istinad edərək fərqli mülahizələr yürütmək olar, ilk baxışda əgər nəzərə alsaq ki, sorğuda iştirak edənlərin cəmi 19,14%-i  neft şirkətlərində verilən əmək haqlarının səviyyəsi qane etmir, onda neft şirkətlərində əmək haqqı siyasətinin heç də pis olmadığını söyləmək olar. Lakin nəzər alsaq ki, əmək haqqı səviyyəsinin müsbət qiymətəndirənlərin xeyli hissəsi bunu digər sahələrlə, iş yerləri ilə müqayisədə ediblər və digər bir kəsim də bizimkilərin çəkdiklərin əməyə xarici mütəxəssislərə nisbətən daha aşağı qiymət verildiyi və s., onda cəmi 32,01%-in neft şirkətlərində əmək haqqının səviyyəsindən az və ya çox razı olması məlum olur. Bu da o qədər də yaxşı göstərici deyil.

 

4. Neft şirkətlərini fəaliyyəti yaşadığınız ərazidə əhalinin sosial vəziyyətinə necə təsir edir? (uyğun cavabı qeyd edin)

a)    Müsbət ― 18,48%
b)    Qismən yaxşı ― 28,71%
c)    Heç bir təsiri yoxdur ― 15,51%
d)    Mənfi təsir edir ― 14,19%
e)    Məlumatım yoxdur ― 15,84%
f)    Digər______________________________ 

 

Növbəti sulanın cavablarından aydın olur ki, əhalinin neft şirkətlərinin fəaliyyətinin onların sosial vəziyyətinə təsiri ilə bağlı fikirləri haçalanır. Yəni neft şirkətlərini fəaliyyətinin yaşadıqları ərazidə əhalinin sosial vəziyyətinə təsirinə az və ya çox müsbət yanaşanlar (47,19%, bunlarda 18,48% “müsbət”, 28,71 qismən yaxşı), bu təsirə mənfi yanaşanlar və ya təsirin heç olmadığnı düşünənlər (müvafiq olaraq 14,19%, və 15,51%, cəmi 29,7%) çox olsa da, “məlumatım yoxdur” (15,84%) və bu sualı ümüumiyyıətlə cavablandırmayanları da (7,27%) nəzərə almamaq mümkün deyil. Bu sualın cavablarında diqqəti iki məqam çəkir, birincisi, əvvəlki sualın cavabları ilə müqayisə etdikdə görünür ki, vətəndaşların neft şirkətlərində əmək haqları ilə bağlı məlumatlılıq səviyyəsi (89,48%), onları neft şirkətlərinin fəaliyyətinin əhalinin sosial vəziyyətinə təsiri ilə bağlı məlumatlılıq səviyyəsindən (76,89%) xeyli fərqlənir. İlk baxışda burada bir paradoks görmək olar və əslində əhalinin sosial vəziyyəti ilə əmək haqqı arasında bir əlaqə də var. Lakin burada bir incə məqamı diqqətdən qaçırmaq yanlış olardı, belə ki, əmək haqqı ilə bağlı məsələni hər kəs sanki özünə və ya yaxınlarına aid edirsə, sosial vəziyyət, onun səviyyəsi ilə bağlı məsələyə bir qayda olaraq daha ümumi, nisbətən kənar məsələ kimi  yanaşılır. Başqa sözlə deyəndə əmək haqqı ilə suala cavab verərkən, özünə aid olana cavab verirmiş kimi davranılır, əhalini sosial vəziyyəti deyiləndə isə ətrafdakıların sosial vəziyyəti göz önünə gəlir. Digər tərəfdən yenə əvvəlki sualın cavabları ilə müqayisəli təhlil aparsaq, neft şirkətlərini fəaliyyətinin yaşadıqları ərazidə əhalinin sosial vəziyyətinə təsirinə az və ya çox müsbət yanaşanların sayı ilə (47,19%), neft şirkətlərində əmək haqqının səviyyəsi bu və ya digər formada qane edənlərin sayı (48,17%) təxminən uyğun gəlir. Bu da dediklərimizi təsdiq etmiş olur. 

 

5. Neft şirkətində işləyənlərlə digər sahələrdə çalışanların sosial-iqtisadi vəziyyəti arasında hər hansı bir fərq hiss edirsinizmi? (uyğun cavabı qeyd edin)

a)    Bəli, neft şirkətində çalışanların vəziyyəti daha yaxşıdır ― 18,15%
b)    Azda olsa var ― 33,32%
c)    Onlardan da yaxşı məvacib alanlar var ― 8,58%
d)    Heç bir fərq hiss etmirəm ― 14,19%
e)    Bəli, amma əksinə digər yerlərdə işləyənlərin vəziyyəti daha yaxşıdır ― 9,9%
f)    Məlumatım yoxdur ― 11,55%
g)    Digər____________________________________________________

 

Bu suala verilən cavablar, əslində. əvvəlki sullarda verilən cavablarda aydın olur ki, neft şirkətində işləyənlərlə digər sahələrdə çalışanların sosial-iqtisadi vəziyyəti arasında fərqin olmasını deyənlərin sayı kifayət qədər çoxdur (69,95%), yəni respondentlərin yalnız 14,19%-i heç bir fərqin olmadığnı bildirir, 11,55%-i bu barədə məlumatı olmadığını qeyd etmiş, 4,31%-i bu sualı cavablandırmamışdır. Lakin maraqlısı odur ki, neft şirkətində işləyənlərlə digər sahələrdə çalışanların sosial-iqtisadi vəziyyəti arasında fərqin olmasını hiss edənlərin arasında bu fərqin neft şirkətində işləyənlərin xeyrinə olanların sayı (51,47%), bunun əksini düşünənlərdən (18,48%) fərqlənir. Əslində bu fərq kifayət qədər böyük görünür. Lakin digər sahələrdə çalışanların sosial-iqtisadi vəziyyətinin daha yaxşı olduğunu düşünənlərdən (18,48%) əlavə bu fərqi ümumiyyətlə hiss etməyənləri (14,19) də nəzərə alsaq, onda neft şirkətində işləyənlərin sosial-iqtisadi vəziyyətinin daha yaxşı olması fikri ilə razılaşmayanların sayının heç də az olmadığını görürük(32,67%, hələ bu barədə məlumatı olmayanları və sualı cavabsız qoyanları nəzərə almasaq).

 

6. Sizin yaşadığınız ərazidə neft şirkətləri sosial yönümlü layihələr həyata keçirirmi?

a)    Bəli ― 1,98%
b)    Eşitmişəm, amma dəqiq deyə bilmərəm ― 22,44%
c)    Məlumatım yoxdur ― 32,01%
d)    Xeyr, heç layihə keçirmir ― 36,63% 
e)    Digər____________________________________________________

 

Əslində bu sual neft şirkətlərinin fəaliyyət göstərdikləri ərazilərdə həyata keçirdiyi layihələr, bir başa əhalilinin sosial vəziyyətinin yaxşılaşdırılması və s. ilə bağlı həyata keçirdiyi fəaliyyətlə bağlı məlumat toplamaq, bu barədə əhalinin məlumatlılıq səviyyəsini müəyyən etmək məqsədi daşıyır. Təəssüf ki, nəticələr heç də ürəkaçan deyil. Yəni sorğu iştirakçılarının vur-tut 1,98%-i yaşadıqları ərazidə neft şirkətlərinin sosial yönümlü layihələr keçirməsindən xəbərdardır və ola bilsin faydalanıb, 22,44%-i bu cür layihələr barədə eşitdiklərini, lakin dəqiq bir məlumatları olmadıqlarını bildirmişlər. Göründüyü kimi əhalinin 75,54%-n ümumiyyətlə nə bu cür layihələrdən, nə də onların həyata keçirilməsindən xəbərdardırlar. Daha konkret isə 36,63%-i əminliklə bu cür layihələrin keçirilmədiyini qeyd edirlər. Bu nəticələr neft şirkətlərinin sosial yönümlü fəaliyyəti ilə ciddi problemlərin olduğunu söyləməyə əsas verir. Əslində neft şirkətlərində vətəndaş cəmiyyəti institutları ilə, xeyriyyə fondları ilə və s. bu cür layihələrin həyata keçirilməsi vacib istiqamətlərdən biridir. Dünya təcrübəsində də bu geniş tətbiq olunur.

 

7. Neft şirkətlərinin fəaliyyətinin ərazidə yaşayan əhalinin sağlamlığına hər hansı bir təsiri varmı?

a)    Heç bir təsiri yoxdur ― 9,9%
b)    Əksinə, ərazidə yaşayanların sağlamlığı üçün tədbirlər görürlər ― 2,97% 
c)    Daim öz işçilərinin sağlamlıqlarının qayğısına qalırlar ― 5,84%
d)    Mənfi təsiri olduğunu eşitmişəm ― 25,74%
e)    Orada çalışan işçilərin sağlamlığına ciddi təsir edir ― 10,56%
f)    Ciddi fəsadlara səbəb olur ― 13,2%
g)    Bir fikrim yoxdur ― 24,42%
h)    Digər______________ 
 
Bu suala verilən cavablardan aydın olur ki, vətəndaşların az hissəsi neft şirkətlərinin fəaliyyətinin ərazidə yaşayan əhalinin sağlamlığına mənfi təsiri olmadığını qeyd edirlər. Yəni ümumilikdə sorğuda iştirak edənlərin yalnız 18,71%-i (bunlardan 9,9%-i hesab edir ki, heç bir təsiri yoxdur, 2,97%-i düşünür ki, əksinə, ərazidə yaşayanların sağlamlığı üçün tədbirlər görürlər, 5,84%-i isə şirkətlərin daim öz işçilərinin sağlamlıqlarının qayğısına qaldığını bildirilər) neft şirkətlərinin fəaliyyətinin əhalinin sağlamlığına mənfi təsiri olmadığına inanırlar. Əksinə respondentlərin 49,5%-i neft şirkətlərinin fəaliyyətinin ərazidə yaşayan əhalinin sağlamlığına mənfi təsiri olmasına inanırlar, bunlardan 25,74%-i bunu sadəcə kimlərdənsə eşidib, 10,56%-i hesab edir ki, bu təsir yalnız həmin şirkətlərin əməkdaşlarının səhhətinə olur, 13,2%-i ciddi fəsadlara səbəb olduğunu vurğulayırlar. Sorğu iştirakçılarının 24,42%-i “bir fikrim yoxdur” qeyd edərək, ya məlumatsız olduqlarını, ya da hər hansı bir fikir söyləməkdən çəkindiklərini biruzə vermişlər, 7,37%-i isə ümumiyyətlə sorğu anketində bu sualı cavablandırmamışdır. Bu cavablardan iki məqam diqqəti çəkir, neft şirkətləri ilə bu və ya digər şəkildə əlaqəsi olan, hətta ola bilsin orada çalışan, müəyyən dərəcədə onların verdikləri əmək haqqından razı qalan və s. sakinlərin çoxu bu şirkətlərin insan sağlamlığına ziyan vurmasına inanırlar (ən azı şübhələri var). Bu da şirkətlərin insanların sağlamlığını qorumaqla bağlı gördükləri və ya görməli olduqları işlərin kifayət qədər effektli olmamasından və ya qüsurlu olmasından xəbər verir. İkinci məqam isə əhalinin xeyli hissəsinin 31,79%-n bu məsələyə biganə qalmasıdır. Yəni insanların bu kəsimi kifayət qədər ciddi olan (həm də şirkətlərin fəaliyyət göstərdiyi ərazilərin sakinləri olaraq) bu məsələyə ya maraq göstərmirlər, ya məlumat ala bilmirlər, ya da fikir söyləməkdən çəkinirlər.

 

8. Neft şirkətləri, fəaliyyət göstərdikləri ərazidə yaşayan və sağlamlığında problem olan əhalidən kiminsə müalicəsi üçün yardım edibmi? (uyğun cavabı qeyd edin)

a.    Bəli, mütəmadi olaraq, sağlamlığında problem olan sakinlərin müalicəsi üçün yardım edirlər ― 3,96%
b.    Yalnız öz əməkdaşlarının sağlamlığı üçün nə isə edirlər ― 12,54%
c.    Xeyr ― 40,59%
d.    Məlumatım yoxdur ― 34,65%
e.    Digər__________________________________________________________

 

“Neft şirkətləri, fəaliyyət göstərdikləri ərazidə yaşayan və sağlamlığında problem olan əhalidən kiminsə müalicəsi üçün yardım edibmi” sualını həm də əvvəlki sualın davamı kimi qiymətləndirmək olar. O baxımdan ki, neft şirkətlərini əhalini sağlamlığı nə dərcədə düşündürür. Nəticələr də bir o qədər də fərqlənmir. Göründüyü kimi, sorğuda iştirak edən sakinlərin yalnız 3,96%-i şirkətlərin mütəmadi olaraq, sağlamlığında problem olan sakinlərin müalicəsi üçün yardım etdiklərinin düşünürlər, 12,54% isə onların yalnız öz əməkdaşları üçün nə isə etdiklərini qeyd edirlər, 40,59% birmənalı olaraq neft şirkətləri fəaliyyət göstərdikləri ərazidə yaşayan və sağlamlığında problem olan əhalidən kiminsə müalicəsi üçün hər hansı yardım etmədyini bildirir. Yenə də sakinlərin kifayət qədər böyük kəsimi 41,91%-i ya bu məsələ ilə hər hansı bir məlumatının olmadığını bildirmiş (34,65%), ya da bu sualı cavabsız buraxmışdır (8,26%). Bu nəticələr də bir daha neft şirkətlərin fəaliyyət göstərdikləri ərazidə yaşayan insanların sağlamlığını qorumaq üçün kifayət qədər iş görmədiklərini və bu sahədə ciddi problemlərin olmadığını nümayiş etdirir.

 

9. Əgər əkin sahəniz varsa, neft şirkətlərinin fəaliyyəti becərdiyiniz kənd təsərrüfatı məhsullarının keyfiyyəti və kəmiyyətinə təsir edirmi? (uyğun cavabı qeyd edin)

a)    Təsir etmir ― 16,5%
b)    Mənfi təsir edir ― 35,64%
c)    Heç nə deyə bilmərəm ― 45,87%
d)    Digər_____________________________ 0.66%  


Növbəti sual ola bilsin ki, bütün sorğu iştiarkçılarının maraq dairəsində olmasın və ola bilsin ki, hər kəsin bildiyi, məlumatı olduğu mövzu olmasın, lakin mövzunun aktuallığı, birbaşa ölkədə kənd təsərrüfatının vəziyyəti, ərzaq təhlükəsizliyi ilə bağlı bir məsələ olması, onu araşdırma baxımından heç də az əhəmiyyətli etmir. Verilən cavablardan da görünür ki, bu məsələ ilə bağlı bir o qədər də çox adam məlumatlı deyil. Yəni vətəndaşların 47,2%-i bu mövzudan tamam uzaq olduqlarını nümayiş etdirmişlər, bunlardan 45,87%-i “heç nə bilmədiyini” qeyd etmiş, 1,33%-i ümumiyyətlə bu suala cavab verməkdən imtina etmişdir. Bu cavabları da belə dəyərləndirmək olar, ya həmin adamların əkin sahələri yoxdur və bu mövzu ilə maraqlanmırlar (halbuki, bunun özü də yaxşı hal deyil, son nəticədə söhbət ölkənin kənd təsərrüfatından gedir), ya da ola bilsin hətta bəzilərinin (ya da onların yaxınlarının) əkin sahələri belə var, lakin neft şirkətlərinin onların becərdikləri kənd təsərrüfatı məhsullarının keyfiyyəti və kəmiyyətinə təsirindən bixəbərdirlər. Lakin qoyulmuş sualla bağlı müəyyən məlumatları olanlar arasında da (52,14%, çox ehtimal ki, bu kəsimə aid olan insanların xeyli hissəsinin ya özlərinin, ya da yaxınlarının əkin sahələri var) nəticələr neft şirkətinin xeyrinə deyil, belə ki, sorğu iştirakçılarının 35,64%-i neft şirkətlərinin fəaliyyəti becərdikləri kənd təsərrüfatı məhsullarının keyfiyyəti və kəmiyyətinə mənfi təsir etdiyinə əmindir və yalnız 16,5%-i hesab edir ki, şirkətlər əkin sahələrinə ziyan vurmur və ümumiyyətlə heç bir təsiri yoxdur. Bu nəticələr də düşünməyə vadar edir, sorğuya cəlb edilmiş vətəndaşların böyük bir hissəsinin bu barədə məlumatsızlığı özü-özlüyündə yaxşı göstərici deyil. Digər tərəfdən, əhalinin  böyük bir hissəsinin ən azı şübhələri və narahatçılığı var, onlar hesab edirlər ki, neft şirkətlərinin fəaliyyəti becərdikləri  kənd təsərrüfatı məhsullarının keyfiyyəti və kəmiyyətinə mənfi edir. Yəni neft şirkətlərinin bu sahədə də fəaliyyətində ciddi problemlər var. Hansı addımlar atılmalıdır? Ya əkin sahələrinə, kənd təsərrüfatına ziyan vurulmaması üçün ciddi tədbirlər görülməlidir, ya da belə hallar yoxdursa tutarlı izahatlar verilməli, əhalini məlumatlandırmalı və inandırmalıdırlar.

 

10. Sizcə, neft şirkətlərinin fəaliyyəti yaşadığınız ərazinin ekoloji vəziyyətinə necə təsir edir? (uyğun cavabı qeyd edin)

a.    Heç bir təsiri yoxdur ― 10,23%
b.    Əksinə, ərazidə yaşıllıqların salınmasında, ətraf mühitin qorunması üçün ciddi işlər görürlər ― 3,3%
c.    Mənfi təsiri olduğunu eşitmişəm ― 39,43%
d.    Ciddi fəsadlara səbəb olur ― 24,75%
e.    Bir fikrim yoxdur ― 18,81%
f.    Digər______________

 

Bu sualı, özündən əvvəlki sualın davamı kimi və ya daha geniş mənada təkrarı kimi də qəbul etmək olar. Bu suallar məqsədli şəkildə belə qoyulub. Bu sualların cavablarına uyğun olaraq əhalinin məsələyə yanaşma tərzini də qiymətləndirmək olar. Həqiqətən də göründüyü kimi, cavablar kifayət qədər fərqli alınıb. Əvvala bu suala cavab verməyənlərin (3,48%), bu məsələ ilə maraqlanmayanların və ya məlumatı olmayanların (18,81%) ümumi sayı 22,29%, əvvəlki sualdakı nəticələrdən xeyli azdır. Yəni ətraf mühit, ekologiya daha çox adamı narahat edir. İkincisi neft şirkətinin bu sahədə də fəaliyyətinə müsbət qiymət verənlərin faiz nisbəti(13,53%), əvvəlki sualda bu mövqedə olanlardan (16,5%, onlardan da, 10,23%-i “heç bir təsiri yoxdur cavabını, 3,3%-i isə “əksinə, ərazidə yaşıllıqları salınmasında, ətraf mühitin qorunması üçün ciddi işlər görürlər cavabını vermişlər) çox az fərqlənsə də, neft şirkətlərinin fəaliyyəti yaşadıqları ərazinin ekoloji vəziyyətinə mənfi təsir etdiyini düşünənlərin sayı (64,18%, bunlarda da 24,75%-i hesab edir ki, neft şirkətlərinin fəaliyyəti ciddi fəsadlara səbəb olur, 39,43% mənfi təsirlərin olması barədə eşitdiyini qeyd edir.) elə bu şirkətlərin kənd təsərrüfatı məhsullarının keyfiyyəti və kəmiyyətinə mənfi etdiyini deyənlərdən təxminən iki dəfə artıqdır. Diqqətinizə təqdim olunan bu göstəricilərdən belə nəticələr çıxarmaq olar ki, birincisi, əhali kənd təsərrüfatına nisbətən ekoloji vəziyyətə daha həssasdır. Bu da yalnız onunla izah oluna bilər ki, kənd təsərrüfatının vəziyyətini, onun problemlərinin onunla məşğul olan bilər və ona daha çox can yandırır, amma ətraf mühit hər kəsin gündə gördüyü, hiss etdiyi, toxunduğu, yaşadığı, narahat olduğu və s. bir faktordur. Ələxüsusda bu gizlədiləsi, örtülüb-basdırılası bir məsələ deyil. İkincisi isə, yenə neft şirkətlərinin fəaliyyəti barədə heç də xoşagəlməz bir qənaətdir ki, bu da neft şirkətlərinin ətraf mühit, işlədikləri ərazilərin ekoloji vəziyyətinə vurduqları ziyandır. Bu vəziyyət də sakinləri haqlı olaraq narahat edir.

 

11. Yaşadığınız ərazidə aşağıdakı göstərilən ekoloji narahatlıq yaradan amillər hansıdır? (Bir neçə cavab seçə bilərsiniz)

a)   Səs-küy ― 15,18%
b)   Toz-duman ― 11,22%
c)   Zibil meydançaları ― 20,13%
d)   Radioaktiv çirklənmə ― 9,57%
e)   Xoşagəlməz iylər ― 28,38%
f)    İçməli suyun keyfiyyəti ― 10,89%
g)   Ərzaq məhsullarının keyfiyyətli ― 6,93%
h)   Yaxın ərazilərin sanitar vəziyyəti ― 15,18%
i)    Abadlıq, istirahət meydançalarının pis vəziyyəti ― 5,94% 
j)    Ərazidə çoxlu siçan, siçovul və qarışqaların olması ― 2,64%
k)   Şəhər ətrafı yaşıllığın az olması ― 11,22%
l)    Qazla çirklənmə ― 13,86%
m)   Çirkab suların vəziyyəti ― 17,16%
n)    Havanın keyfiyyəti ― 33%
o)    Digər _________________1,32%

 

Növbəti sual artıq sırf ekoloji problemlərə həsr olunub və əhalinin bu problemlərdən daha çox hansına önəm verməsini öyrənmək məqsədilə sorğu anketinə daxil edilmişdir. Bəri başdan qeyd etmək lazımdır ki, ətraf mühitdə yaranmış bu problemlərin heç də hamısı neft şirkətləri ilə bağlı deyil. Sualın qoyuluşundan da, göründüyü kimi, respondentlərimizi hər hansı bir istiqamətə yönləndirmədən, daha obyektiv cavab almaq üçün problemləri neft şirkətləri ilə əlaqələndirmədik. Məqsədimiz sadəcə vətəndaşların hansı ekoloji problemdən daha çox narahat olmasını müəyyənləşdirmək, daha sonra isə ekoloqların rəyinə əsasən bu problemlərin yaranmasına daha çox hansı amillərin təsirini öyrənməkdir. Bu suala verilən cavablardan aydın olur ki, sorğuda iştirak edən vətəndaşlarımız ekoloji narahatlıq yaradan amil kimi daha çox havanın keyfiyyətini (33%), xoşagəlməz iyləri (28,38%), zibil meydançalarını (20,13%), çirkab suların vəziyyətini (13,86%), yaxın ərazilərin sanitar vəziyyətini (15,18%), səs-küyü (15,18%), ən az isə ərazidə çoxlu siçan, siçovul və qarışqaların olmasını (2,64%), abadlıq, istirahət meydançalarının pis vəziyyətini (5,94%), ərzaq məhsullarının keyfiyyətini (6,93%) və s. qeyd etmişlər. Əlbəttə bu amillərdən hansına neft şirkətlərinin fəaliyyətinin daha çox təsiri etməsi bağlı daha dəqiq fikri ekoloqlar söyləyə bilər. Düzdür sorğuya cəlb edilən vətəndaşların narahatlıq doğuran ekoloji amil kimi qeyd etdikləri bəzi məsələlərin neft şirkəti ilə əlaqələndirmək üçün ciddi cəhd etmək lazımdır. Məsələn, zibil meydançalarının yaranması, ərzaq məhsullarının keyfiyyəti, abadlıq, istirahət meydançalarının pis vəziyyəti daha çox idarəetmə ilə əlaqədar problemlərdir. Amma havanın keyfiyyətinə, xoşagəlməz iylərin yaranmasına neft şirkətlərinin fəaliyyətinin də təsiri olması söyləmək üçün ekoloq olmağa ehtiyac yoxdur. Bu da onu söyləməyə əsas verir ki, sakinləri ən çox narahat ekoloji problemlər kimi havanın keyfiyyəti, xoşagəlməz iylərin yaranması həm də neft şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Bu mövqe sorğuda iştirakçılarının 61,38%-nə aiddir. Bu suala verilən cavablardan daha bir önəmli nəticəyə gəlmək olar, vətəndaşlarımız ətraf mühitin vəziyyəti narahat edir, ekoloji problemlərin olması danılmazdır, bu istər neft şirkətlərinin fəaliyyəti ilə bağlı olsun, istərsə də buna heç aidiyyəti olmasın. Ən əsası odur ki, əhali buna biganə deyil. Göründüyü kimi, sorğu iştirakçılarının böyük əksəriyyəti sualı cavablandırıb (hətta bir çox respondent bir neçə amil qeyd ediblər).

 

12. Neft şirkətlərinin fəaliyyətində sizi narahat edən əsas amillər hansılardır?

a)    Heç nə narahat etmir, tam razıyam ― 11,22%
b)    Yenə yaxşı ki, onlar var ― 14,19%

c)    Fəhlələrin qayğısına qalmamaları ― 24,09%

d)    Xarici mütəxəssislərə daha çox üstünlüklərin verilməsi ― 57,35%

 

Nəhayət sonuncu sualın cavablarından aydın olur ki, ölkə vətəndaşlarını çoxu (81,44%) neft şirkətlərinin fəaliyyətində bu və ya digər amillər narahat edir. Bunlardan respondentlərin daha çoxu (57,35%) neft şirkətlərində “xarici mütəxəssislərə daha çox üstünlüklərin verilməsini” əsas problem kimi görürlər, 24,09% isə, “fəhlələrin qayğısına qalınmamasını qeyd ediblər. Və sorğu iştirakçılarının yalnız 25,41%-i neft şirkətlərinin fəaliyyətindən razıdırlar və ya onların fəaliyyətində onları narahat edən amil görmürlər. Nəticələrdən aydın olur ki, neft şirkətlərinin regionlardakı fəaliyyətində əhalinin narazı salan məqamlar çoxdur. Xüsusilə də fəhlələr arasında ayrı seçkiliyin salınması ciddi problemdir. Yuxarıda 3-cü suala, neft şirkətlərində əmək haqqının səviyyəsi sizi qane edirmi və ya yüksək hesab etmək olarmı sualına verilən cavablardan da (20,79% xarici mütəxəssislərə nisbətən bizimkilər dəfələrlə az alırlar cavabını vermişlər) bu ayrı-seçkiliyin olması, bunun hətta əmək haqlarının səviyyəsində də əks olunması özünü büruzə verir. Bu da bizə əhalinin əksəriyyətində neft şirkətlərinin fəaliyyətində Azərbaycan vətəndaşları ilə müqayisədə xarici mütəxəssislərə daha çox üstünlük verilməsi fikrinin formalaşdığı qənaətinə gəlməyə əsas verir. Eyni zamanda rəqəmlər, mütəmadi olaraq KİV-də bu barədə gedən yazıların, şikayətlərin, narazılıqların əsassız olmadığını sübut etmiş olur.

Sonda, sosioloji-tədqiqat işinin nəticəsi olaraq, onu söyləmək olar ki, neft şirkətlərinin regionlardakı fəaliyyətinin müsbət məqamları olsa da, əhalinin narazılığına səbəb olan, insanların sağlamlığına, ölkənin kənd təsərrüfatına, ətraf mühitə ciddi ziyan vurması və s. barədə tutarlı şübhələr var. Böyük ehtimal ki, bu şübhələr əsassız deyil. Hesab edirik ki, neft şirkətləri bu istiqamətdə öz fəaliyyətinə baxmalı, yol verilmiş nöqsanların aradan qaldırılması, problemlərin həll edilməsi üçün ciddi tədbirlər görməlidir. Mümkün qədər ictimaiyyətə açıq olmalı, görülən işlər barədə mütəmadi olaraq məlumat yaymalıdırlar. Əminik ki, bu sorğu ümumi işin xeyrinə olacaq.