Regionlarda fəaliyyət göstərən hasilat şirkətlərində muzdlu işçilərin əmək müqavilələrinin tətbiqi vəziyyəti ilə bağlı işçilər arasında keçirilmiş sorğunun nəticələrinə dair Hesabat
Sorğunun məqsədi və əhatə etdiyi coğrafiya
Sorğunun məqsədi ölkənin müxtəlif əyalətlərində fəaliyyət göstərən mədən sənayesi şirkətlərində fəaliyyət göstərən şirkətlərdə çalışan muzdlu işçilərlə əmək müqavilələrinin bağlanması sahəsində əsas problemləri qiymətləndirmək idi. Sorğunun aydınlaşdırmalı olduğu əsas məsələləri aşağidakı qruplaşdırmaq olar:
- Rəsmi əmək müqavilələrinin mövcudluğu;
- Bağlanmış əmək müqavilələrində işçilər üçün əmək şəraiti (əməyin təhlükəsiziliyi, əməyin ödənişi, əlavə işlərə cəlb edilmə və s.) ilə bağlı şərtlərin əhatə dairəsi;
- Tibbi sığortanın tətbiqi.
Soğu aşağıdakı inzibati ərazilərdə keçirilib:
- Neftçala rayonu;
- Şirvan şəhəri;
- Salyan rayonu.
Sorğuda ümumilikdə 79 nəfər iştirak edib. Respondentlərin 16 nəfəri Şirvan şəhərini, 30 nəfəri Neftçala rayonunu, 33 nəfəri isə Salyan rayonunu təmsil edib.
Sorğunun nəticələri
1) Əmək müqavilələrinin tətbiqi ilə suallar
Sorğuda ilkin olaraq respondentlərin çalışdığı müəssisələrdə əmək müqaviləsinin tətbiqi vəziyyəti öyrənilib.
Sual: İşlədiyiniz yerdə sizinlə əmək müqaviləsi bağlanıbmı?
Rəyi soruşulanlardan yalnız bir nəfəri əmək müqaviləsi olmadan, yerdə qalan 77 nəfər isə əmək müqaviləsi imzalamaqla çalışdığını bildirib.
Növbəti sual işçilərlə bağlanan əmək müqavilələrinin müddəti ilə bağlı olub.
Sual: Sizinlə bağlanan əmək müqaviləsi müddəti, yoxsa müddətsizdir?
Respondentlərin 68.3%-i və ya 54 nəfəri müddətli müqavilə, 31.7%-i və ya 25 nəfəri müddətsiz əmək müqaviləsi əsasında çalışdığını bildirib. Öz növbəsində Neftçala üzrə 30 nəfərdən 27-i, Salyan rayonu üzrə 33 nəfərdən 22-i, Şirvan şəhəri üzrə 16 nəfərdən 7-i onlarla müddətli müqavailə bağlandığını söyləyiblər.
Bəs əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması zamanı işçilərin rəyi nəzərə alınırmı? Respondentlərin 57 nəfəri və ya 72.1%-i bu suala müsbət cavab verib.
Sual: Müqavilənin müddətli və ya müddətsiz olması sizinlə razılaşdırılıbmı?
Öz növbəsində, Neftçala üzrə sorğu iştirakçılarının 26 nəfəri və ya 87%-i, Salyan rayonu üzrə 15 nəfəri yaxud 45%-i, Şirvan şəhəri üzrə isə 6 nəfəri və ya 37%-i bildirib ki, müqavilənin müddəti əvvəlcədən onlarla razılaşdırılıb.
Əmək müqavilələrinin tətbiqi ilə bağlı sonuncu sual imzalanmış müqavilələrin rəsmi qaydada işçilərə də təqdim edilib edilməməsi ilə bağlı olub.
Sual: İmzaladığınız əmək müqavilələrinin bir nüsxəsi də sizə təqdim edilirimi?
Sorğuya cəlb edilənlərin 61 nəfəri və ya 77%-i bilidirib ki, müqavilələr 2 nüsxədə tərtib edilir və nüsxələrdən biri onlara təqdim edilir. Öz növbəsində Neftçala üzrə sorğuya cəlb edilənlərin hamısı bu suala “bəli” cavabə verib. Lakin Salyan üzrə sorğu iştirakçılarının 10 nəfəri və ya 30%-i, Şirvan üzrə respondentlərin 7 nəfəri yaxud 44%-i bildirib ki, müqavilələr onlara təqdim olunmayıb.
2) Bağlanmış əmək müqavilələrində işçilər üçün nəzərdə tutulmuş əmək şəraiti ilə bağlı şərtlərə dair suallar
Bu istiqamət üzrə ilk sual əmək müqaviləsində hansı əlavələrin nəzərdə tutulması ilə bağlı olub. Verilən cavablardan aydın olur ki, sorğu aparılan hər 3 region üzrə əmək müqaviləsinə əsasən əmək haqlarına tətbiq edilən ən geniş yayılmış əlavə axşam (həmçinin gecə) işinə və normadan artıq işə görə haqqlar tətbiq edilən haqqlardır. Bütövlükdə bu suala verilən cavablar aşağıdakı kimi olub:
- axşam və gecə işi üçün haqq – 47 nəfər qeyd edib;
- normadan artıq işə görə haqq – 41 nəfər qeyd edib;
- dəniz əmsalı – 1 nəfər qeyd edib;
- susuzluğa görə ödəniş – 3 nəfər qeyd edib;
- Zərərli işə görə – 3 nəfər qeyd edib.
Qeyd: Respondentlərə eyni vaxtda müxtəlif neçə cavab variantını seçə bilərdi. Çünki qanunvericiliyə görə, eyni işçi əmək şəraitindən asılı olaraq eyni vaxtda bu əlavələrin biri və ya bir neçəsi ilə əhatə edilə bilər.
Sorğuların müxtəlif ərazilər üzrə öyrənilməsi göstərib ki, Salyan rayonu üzrə respondentlərin hamısı (33 nəfər) axşam və gecə işi üçün, eyni zamanda onlardan 11 nəfəri normadan artıq işə görə haqq alırlar. Şirvan şəhəri üzrə respondentlərin 7 nəfəri axşam və gecə işi üçün, 9 nəfəri isə normadan artıq işə görə haqq alırlar. Neftçala rayonundan sorğuda iştirak edənlərin (cəmi 30 nəfər) 21 nəfəri normadan artıq işə görə, 8 nəfəri axşam və gecə işi üçün, 1 nəfəri dəniz əmsalına görə, 3 nəfəri sussusluğa görə, 3 nəfəri isə zərərli işə görə əlavə əmək haqqı almaq hüququna malikdirlər.
Respondentlərdən müqavilədə nəzərdə tutulmayan əlavə işlərə cəlb edilib-edilmədikləri barədə də soruşulub.
Sual: Rəhbərlik tərəfindən əmək müqavilənizdə nəzərdə tutulmayan işlərə cəlb edilirsinizmi?
Respondentlərin 47%-i və ya 37 nəfəri bildirib ki, rəhbərlik onları müqavilədə nəzərdə tutulmayan işlərə cəlb edir, yerdə qalan 42 nəfər (respondentlərin 53%-i) müqavilədən kənar hər hansı işlərdə iştirak etmədiklərini söyləyiblər. Öz növbəsində, Neftçala rayonundan sorğuda iştirak edənlərin cəmi 1 nəfəri (sorğu iştirakçılarının 3%-i), Salyan rayonu üzrə 30 nəfəri (bütün sorğu iştirakçılarının 90%-i), Şirvan şəhəri ürə isə 6 nəfəri (sorğu iştirakçılarının 38%-i) rəhbərlik tərəfindən müqavilədə nəzərdə tutulmayan işlərə cəlb edildiklərini vurğulayıblar.
Müqavilədə işçilər üçün əlverişli əmək şəraiti ilə bağlı hansı şərtlərin nəzərdə tutulmasına dair sonuncu sual əmək mühafizəsi qaydalarının tətbiqinə aid olub. Sorğu iştirakçılarına belə bir sual ünvanlanıb ki, “Müəssisənizdə əməyin mühafizə qaydalarıdan sizi aşağıdakı şərtlərdən hansılar daha çox qane edir?”. Respondentlərin yarısından çoxu xüsusi geyimlə təchizatdan razı qaldıqlarını qeyd ediblər. Ümumilikdə bu suala cavabları aşağıdakı kimi qruplaşdırmaq olar:
- nəqliyyat xidmətlərinin təşkili – 34 nəfər qeyd edib;
- təhlükəli əmək şəraitində risklərin azaldılması üçün texniki təhlükəsizlik tədbirləri 34 nəfər qeyd edib – 14 nəfər qeyd edib;
- xüsusi geyimlərlə təchizat – 49 nəfər qeyd edib;
- qidalandırıcı yeməklər (məs. süd və başqa ağartı məmulatları ilə təminat) – 4 nəfər qeyd edib.
Öz növbəsində, Neftçala rayonundan sorğuda iştirak edənlərin cəmi 1 nəfəri (sorğu iştirakçılarının 3%-i), Salyan rayonu üzrə 30 nəfəri (bütün sorğu iştirakçılarının 90%-i), Şirvan şəhəri ürə isə 6 nəfəri (sorğu iştirakçılarının 38%-i) rəhbərlik tərəfindən müqavilədə nəzərdə tutulmayan işlərə cəlb edildiklərini vurğulayıblar.
Qeyd: Respondentlərə eyni vaxtda mxtəlif neçə cavab variantını seçə bilərdi. Çünki qanunvericiliyə görə, eyni işçi əmək şəraitindən asılı olaraq eyni vaxtda bu mühafizə qaydalarının birindən və ya bir neçəsindən bəhrələnmək hüququna malikdir.
3) İşçilərin tibbi sığortaya cəlb edilməsi ilə bağlı suallar
Sorğuya cəlb edilənlərin 72 nəfəri və ya 91%-i bildirib ki, işlədikləri müəssisələr tərəfindən tibbi sığorta ilə əhatə olunurlar.
Sual: İşlədiyiniz müəssisədə tibbi sığortanız varmı?
Neftçala və Salyan rayonlarından sorğuda iştirak edənlərin hamısı (63 nəfər) tibbi sığorta imkanı əldə etdiklərini bildirib, lakin Şirvan şəhəri üzrə respondentlərin 7 nəfəri (44%) müəssisələr tərəfindən tibbi sığorta imkanı yaradılmadığını vurğulayıblar.
Sorğu zamanı respondentlərdən tibbi sığortanın keyfiyyətinin onları qane edib-etmədiyi də soruşulub.
Sual: Ümumilikdə tibbi sığortanın keyfiyyəti sizi qane edirmi?
Sorğu iştirakçılarının 43 nəfəri (54%) bu suala “bəli”, 36 nəfər (46%) “xeyr” cavabı verib. Respondentlərin Neftçala rayonu üzrə hamısı (30 nəfər), Salyan rayonu üzrə 94%-i (31 nəfər), Şirvan şəhəri üzrə 56%-i (9 nəfər) sığortanın keyfiyyətindən razı qaldıqlarını söyləyiblər.
Bu istiqamət üzrə sonuncu sual kimi təklif edilən sığorta paketi çərçivəsində respondentlərin hansı vacib tibbi xidmətlər əldə etmək imkanına malik olduqlarına cavab axtarılıb. “Sığorta müqaviləsi vacib olan hansı tibb xidmətləri əhatə edir” sualına respondentlərin verdiyi cavablar aşağıdakı kimi olub:
- Təcili tibbi yardım – 47 nəfər qeyd edib;
- Komleks tibbi müayinə və diaqnostika – 32 nəfər qeyd edib.
Cavablardan aydın olur ki, sorğu iştirakçılarının 47 nəfəri və ya 59%-i sığorta paketi sayəsində yalnız təcili tibbi yardım xidmətinə, 32 nəfəri yaxud 41%-i kompleks tibbi müayinə və diaqnostika xidmətlərinə çıxış imkanı qazandıqlarını vurğulayıblar.
Sorğudan əldə olunan əsas nəticələr:
- Şirkətlər işçilərlə rəsmi əmək münasibətlərinə üstünlük verirlər. Sorğuya cəlb edilənlərin 99%-nin rəsmi imzalanmış əmək müqaviləsinə malik olması da bunun təsdiqidir.
- Müəssisələr muzdlu işçilərlə müddətli əmək müqavilələri bağlamağa üstünlük verirlər. Respondentlərin 68.3-i müqavilələrin müddətli olduğunu qeyd edib.
- Əmək müqavilələri işçilərə zərərli və ağır əmək şəraiti üçün əlavə haqların ödənilməsi üçün təminatlar müəyyən edir. Məsələn, gecə və axşam işlərinə, normadan artıq işə görə, dənizdə işə görə əlavələr ödənlir.
- Müəssisə rəhbərliyi işçiləri əmək müqavilələrində nəzərdə tutulmayan işlərə cəlb edir. Respondentlərin 47%-i bu faktı qeyd edib.
- Müəssisələr işçiləri əməyin təhlikəsiz və əlverişli təşkili üçün müəyyən xidmətlərlə təchiz edir. Məsələn, nəqliyyatla, xüsusi geyimlərlə və qidalandırıcı yeməklər təchizatı bura daxildir.
- Müəssisələr müqavilə bağladığı işçilərə tibbi sığorta imkanı yaradır, onlar sığorta çərçivəsində təcili yardım və kompleks müayinə olunmaq imkanı qazanır.