Azərbaycanda xarici sərmayə hesabına alternativ enerji stansiyalarının qurulması: hüquqi və iqtisadi mexanizmlərin analizi
Mündəricat
1. Azərbaycanda alternativ enerjiyə keçidlə bağlı təşəbbüslər
2. Alternativ enerjiyə keçid üçün hüquqi çərçivə və institusional mexanizmlər
3. Alternativ enerjiyə keçidin stimullaşdırılması təklif olunan mexanizmlər
4. Bərpa olunan enerjiyə keçid üçün imkan və manelər
5. Əsas nəticələr və təkliflər
İqlimi dəyişikliyi və onun yaratdığı fəsadlar istisnasız olaraq bütün dövlətlər üçün alternativ enerjidən istifadəyə sürətli keçidi qaçılmaz edir. 2015-ci ildə keçirilən Paris İqlim Konfransı nəticəsidə əldə edilən razılaşma çərçivəsində dünya dövlətləri karbon emissiyasının azaltmaqla bağlı öz üzərinə öhdəliklər götürüblər. Heç şübhəsiz, həmin öhdəliklərin önündə ənənəvi enerji istehlakdından tədricən imtina, alternativ enerjiyə keçidin təmin edilməsi gəlir.
1. Azərbaycanda alternativ enerjiyə keçidlə bağlı təşəbbüslər
Rəsmi qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda isə Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7516 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt (ümumi gücün 17%-i) təşkil edir. Öz növbədində, hidroenerji stansiyalarının sayı 22, gücü 1135 MVt, külək stansiyalarının sayı 5 (1-i hibrid), enerjisi gücü 66 MVt, bioenerji stansiyalarının sayı 2-i (1-i hibrid), enerji gücü 38 MVt, günəş stansiyalarının sayı 9 (1-i hibrid), enerjisi gücü 40 MVt təşkil edir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2020-ci ildə 168,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 2,2%-ni təşkil edib. 2020-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 25,8 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı İES-lərdə 24,3 milyard kVt·st, SES-lərdə 1069,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 343,55 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 96,1 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 6%-ni təşkil edib[1].
Azərbaycan hökuməti alternativ enerjiyə sürətli keçidi təmin etmək üçün yaxın 10 il üçün hədəf də müəyyən edib. Belə ki, energetika nazirinin ölkə mediasında yayılan məqaləsinə görə, 2030-cu ilədək ölkənin ümumi enerji istehsalı gücündə bərpaolunan mənbələrin payının 30%-ə çatdırılması hədəflənir (hazırkı 17.3%-dən)[2].“VPC” şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30% hədəfinə nail olmaq üçün 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır ki, bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası zəruridir.
Bu hədəfə çatmaq üçün xarici sərmayə cəlb etməklə artıq bir sıra layihələrin icrasına start verilib. Energetika Nazirliyinin məlumatına görə, ilk addımlardan biri bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ümumi gücü təqribən 1000 MVt olan 8 ərazinin seçilməsi olub seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Əlavə olaraq, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından bəhrələnmək üçün kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planları da olduğu bildirilir. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsinin həyata keçirildiyi barədə məlumatlar var. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələrinin hazırlanması təmin ediləcək.
Energetika Nazirliyinin məlumatına görə, Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq başlayıb. “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesinin coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, ötürücü şəbəkənin yenidən qurulması kimi məsələləri əhatə edəcəyi bildirilir.
Azərbaycan hökuməti son 2 ildə bərpa olunan enerji mənbələrindən istifadəyə xarici sərmayənin cəlbi üçün artıq real addımlar atıb. Belə ki, 2020-ci ilin yanvarında Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Onun ardınca isə ölkə prezidentinin müvafiq sərəncamları ilə hər 2 şirkətlə bağlanmışdır. Belə ki, 2 aprel 2021-ci il tarixli sərəncama[3] əsasən, qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə, Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üçün bir sıra vəzifələrin icrasının təmin edilməsi tapşırılmışdır. Adıçəkilən qurumlar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı hazırlıq işlərini tamamlamalı idilər. Ölkə prezidentinin 12 iyun 2021-ci il tarixli sərəncamı[4] ilə isə qeyd olunan stansiyanın təsdiqi üzrə müqavilə təsdiqlənmiş və hüquqi status qazanmışdır. Eyni zamanda, dövlət başçısının 30 aprel 2021-ci tarixli sərəncamı[5] ilə “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək stansiyasının tikintisinə dair müqavilə təsdilənərək qüvvəyə minmişdir.
Energetika Nazirliyinin, açıqlamsına görə, icrasına qərar verilmiş layihələrlə yanaşı digər investisiya şirkətləri ilə əməkdaşlıq istiqamətində danışıqlar davam etdirilir. Eyni zamanda, ərazilər üzrə torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi, bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ərazilər üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması, sahələrin potensialının ölçülməsi və məlumatların toplanılması məqsədilə ölçü müşahidə qurğularının quraşdırılması istiqamətində müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.
Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-ci ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.
Bundan əlavə, 2020-ci ilin dekabr ayında Energetika Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” işçi qrupunun yaradılması və “Yaşıl enerji zonası” konsepsiyasının yaradılması təklifi irəli sürülmüşdür. Hal-hazırda sözügedən işçi qrup yaradılmış və müvafiq konsepsiya sənədinin hazırlanması istiqamətində işlərin icrasına başlanılmışdır.
Daha bir təşəbbüsün BP şirkətinin dəstəyilə reallaşdırılması müzakirə mərhələsindədir. Belə ki, 2021-ci ilin fevralında Energetika Nazirliyi və BP şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın region və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, BP-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb. Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur. “Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcəkdir.
Nəhayət, Energetika Nazirliyinin açıqladığı məlumatlardan aydın olur ki, işğaldan azad edilmiş 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dan yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilmişdir. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq ilkin külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir. Bundan əlavə, ökənin təbii su ehtiyatlarının 25%-nin Qarabağ regionunda formalaşdığını nəzərə alan Nazirlik həmin ərazidə SES-lərin də qurulması üçün əlverişli imkanları olduğunu bilririr.
2. Alternativ enerjiyə keçid üçün hüquqi çərçivə və institusional mexanizmlər
Azərbaycanda son illər alternativ enerjiyə keçidin təmin edilməsi üçün hüquqi və institusional mexanizmlərin də yaradılması istiqamətində də bir sıra addımlar atılıb. İlk addım isə 2004-cü ildə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramının[6] qəbulu ilə başlayıb. Sənədin əsas məqsədi kimi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməsi müəyyən edilmişdi. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin potensialının müəyyənləşdirməsi və bu mənbələri istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəldilməsi kimi məsələlər isə Proqramın əsas vəzifələri idi. Sənəd uzun illər əvvəl hazırlandığı üçün hazırkı çağırışlardan xeyli uzaq sənəddir. Ona görə də 17 il əvvəl hazırlanmış Proqram üzrə müəyyən edilən fəliyyətlərdə günəş və külək stansiyalarının qurulması ilə bağlı tədbirlərə çox məhdud diqqət yetirilib, bu tədbirlər əsasən su elektrik stansiyalarının potensialının artırılmasını hədəfə alıb. Sonrakı mərhələdə alternativ enerji sektorunun inkişafı üzrə uzunmüddətli (2012-2020-ci illər) Strategiyanın hazırlanması üçün ölkə prezidenti səviyyəsində tapşırıq verilsə də (prezidentin 29 dekabr 2011-ci il tarixli sərəncamı[7]), hansısa səbəblərdən həmin sənəd hazırlanmadı. Lakin sonrakı mərhələdə (2016-cı ildə) iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri[8] adlanan sənədlərdə bərpa olunan enerji sektorunun dəstəklənməsilə bağlı müəyyən yanaşmalar ortaya qoyuldu. Sənəddə 2 istiqamət müəyyən edilmişdi:
1. Energetika Nazirliyi ölkənin alternativ və bərpa olunan enerji potensialını qiymətləndirilməli idi.
2. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə təşəbbüsləri reallaşdırılmalı idi.
Yol Xəritələrinin qəbulundan sonrakı mərhələ hüquqi mexanizmlərin qəbulu istiqamətində addımlar daha da intensivləşdi. Ölkə prezidentinin 2019-cu ildə verdiyi sərəncamla[9] bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə hökumət Komissiyası yaradıldı. Həmin Komissiya səlahiyyətli şəxslərdən (energetika naziri, iqtisadiyyat, maliyyə, fövqəladə hallar, ekologiya nazirlərinin müavinlərindən, “Azərenerji” və “Azərişıq” kimi şirkətlərin rəhbərlərindən) təşkil olunub.
Son 1 il əvvələdək bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra qanunlarda da müəyyən müddəalar nəzərdə tutulsa da, əsas qanunvericilik aktı rolunu məhz 2021-ci ilin may ayında qəbul edilən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun[10] oynamağa başladı. Məsələn, “Elektroenergetika haqqında” Qanun[11] dövlət energetika sisteminə tabe olmayan müstəqil enerji istehsalçılarının fəaliyyətini mümkün sayır, bu sahədə fəaliyyətin inhisarsızlaşdırılması əsas məsələlərdən biri kimi müəyyən edir.
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun1-ci maddəsinə əsasən, bərpa olunan enerji mənbələrinə hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s. daxildir. Dəstək mexanizmlərinin tətbiqi, dəstək mexanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi, istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsi əsas prinsipləri kimi müəyyən olunub (3-cü maddə). Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin hazırlanması həyata keçirilməsi, fəaliyyət planlarının, zəruri normativ aktların qəbulu, olunması, xarici investisiyaların cəlbi səlahiyyətli qərarveciri orqanların əsas vəzifələri sırasına daxildir (4-cü maddə). Hökumət üçün vacib məsələlər sırasında alternativ enerjinin inkişafı üçün dəstək mexanizmlərinin tətbiqidir (5-ci maddə). Belə dəstək mexanizmlərindən biri kimi bərpa olunan enerji növləri üçün zəmanətli tarifləri tətbiqi nəzərdə tutulur. Zəmanətli tarif elektrik enerjisinin hər kilovat-saatı üçün hərrac və ya birbaşa cəlbetmə yolu ilə müəyyənləşdirilmiş istehsalçılara münasibətdə müəyyən edilən tarifdir və bu cür tariflər tərəflər arasında bağlanan müqavilə ilə müəyyən edilir.
Digər bir dəstək tədbiri aktiv istehlakçıların dəstəklənməsidir. Aktiv istehlakçı həm elektrik enerjisini istehlak edən, həm də qanunvericiliklə müəyyən olunan güc həddinədə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxslərdir. Bəzən istehlakçılar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək üçün elektrik stansiyalarını quraşdıra və bu stansiyalar vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini daha sonra əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürə, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilirlər. Qanunun 10-cu maddəsi bu qəbuldən olan istehlakçıları “aktiv istehlakçı” adlandırır və onlarla münasibətləri müəyyən edir. Əgər aktiv istehlakçı sonrada əvəzləşdirmə şərtilə izafi enerjini şəbəkəyə ötürürsə, hesabat dövrü başa çatdıqdan sonra yaranmış qalıq enerjisinin dəyəri istehlakçının aid olduğu qrup üzrə pərakəndə satış tarifilə hesablanır. Burda 2 hal ola bilər:
1. Enerji istehsal edən (məsələn, günəş panelləri quraşdırmaqla) şəxsin aylıq istehsalı şəxsi istehlakını üstələyirsə və onun şəbəkəyə ötürdüyü enerjinin dəyəri topdansatış tariflərlə hesablanır;
2. Enerji istehsal edən şəxsin aylıq istehsalı şəxsi istehlakından az olduqda və onun şəbəkədən aldığı enerjinin dəyəri pərkəndə tariflərlə hesablanır.
Lakin bu halda istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalı və elektrik şəbəkəsinə qoşulmalıdırlar.
Qanunun 15-ci maddəsinin tələbinə görə, bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadə, fəaliyyət planının icrası, məlumatlandırma işinin təşkili məqsədilə bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılmalıdır. Öz növbəsində, bu sistemin tərkib hissəsi kimi bərpa olunan enerji mənbələrinin potensialı atlasın yaradılması nəzərdə tutulur. Atlasda ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar əks olunmalıdır. Atlas bərpa olunan enerji mənbələri üçün əraziləri müəyyən edən əsas informasiya mənbəyi kimi çıxış edəcək.
Alternativ enerji istehsalı sahəsində ən mühüm məsələlərdə biri istehsalçıların seçimidir. Qanunun 8.1-ci maddəsinə əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsinin 2 forması nəzərdə tutulur: hərrac yolu ilə daha geniş müsabiqəliliyin təmin edilməsi və ya ölkə prezidentinin qərarı ilə birbaşa cəlbetmə yolu ilə seçim.
Hərrac bərpa olunan enerji mənbələri ərazisində müəyyən edilmiş güc üzrə elektrik enerjisi istehsal edəcək istehsalçının seçilməsi və elektrik enerjisinin satınalma müqaviləsində tətbiq ediləcək zəmanətli tarifin müəyyən edilməsi üçün auksion və ya müsabiqə formasında keçirilən prosedurdur. Hərrac auksion formasında keçirildiyi halda bərpa olunan enerji mənbələri ərazisində istehsal olunacaq elektrik enerjisinin zəmanətli alıcı tərəfindən satınalınması üçün ən aşağı qiymət təklifi vermiş şəxs hərracın qalibi hesab olunur. Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçı ilə bir sıra müqavilələr bağlanmalıdır (zəmanətli alıcı ilə elektrik enerjisinin satınalma müqaviləsi, elektrik stansiyasının şəbəkəyə qoşulmasını nəzərdə tutan müqavilə).
Birbaşa cəlbetmə yolu ilə seçim 2 halda baş verə bilər:
(i) dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə;
(ii) bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda
Nəhayət, bu sahədə ən vacib məsəslərdən biri alternativ enerji istehsalı üçün lisenziyanın alınmasıdır. Qanunun 14-cü maddəsinin tələbinə görə, rəsmi müəyyən olunan güc həddindən yuxarı gücdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun icazə alınmalıdır. Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 482 saylı Qərarına [12] əsasən, 150 kilovatdan yuxarı gücə malik bərpa olunan enerji stansiyalarının qurulması üçün icazə alınmalıdır. Öz növbəsində, bu normaitv “Lisenziyalar və icazələr haqqında” Qanunun[13] 53-cü maddəsinə əsaslanır.
Bərpa olunan enerji sahəsinin inkişafında hüquqi baza ilə yanaşı institusional əsaslarında formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Bərpa olunan enerjiyə keçidin əsas institusional bazası kimi 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasını qeyd etmək mümkündür. Uzun müddət müxtəlif adlar altında və müstəqil qurum kimi fəaliyyət göstərən bu təsisat 2020-ci ilin sentyabrından etibarən Energetika Nazirliyinin nəzdində Dövlət Agentliyi statusu ilə fəaliyyətdədir. Qurumun Əsasnaməsinə[14] görə, sahə üzrə dövlət siyasətinin formalaşdırılmasında iştirak, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadənin təmin edilməsi və sahənin investisiya cəlbediciliyinin artırlması üçün tədbirlər görmək Qurumun əsas fəaliyyət istiqamətlərinə daxildir.
3. Alternativ enerjiyə keçidin stimullaşdırılması təklif olunan mexanizmlər
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun yeni qəbul edilib və bu qanunun icrasının təmin edilməsi ilə bağlı bir sıra hüquqi aktlar hələlik tam hazır olmadığı üçün mümkün dəstək və stimullaşdırma mexanizmlərilə bağlı qeyri-müəyyənlik davam edir. Belə ki, Qanunun tətbiqi ilə bağlı prezident fərmanında[15] bir sıra normativ sənədlərin hazırlanması üçün 2022-ci ilin yazınadək müddət var. Məsələn, aktiv istehlakçıların dəstəklənməsi mexanizminin hazırlanamsı qaydası üçün 9 ay vaxt müəyyən edilib.
Sahəni xüsusilə xarici investorlar üçün cəlbedici edə biləcək bəzi stimullaşdırıcı tədbirlər isə qanunvericilikdə qeyri-müəyyən formada əksinin tapıb. Məsələn, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun 17-ci maddəsində qeyd edilir ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdir. Lakin bu üstünlüyün dəqiq nədən ibarət olması, subyektə hansı imtiyazlar verməsi aydın göstərilməyib. Yaxud “Elektirk və istilik stansiyaları haqqında” Qanun[16] bərpa olunan enerji mənbələri əsasında işləyən stansiyaların tikintisinə dövlət tərəfindən dotasiya verilməsini mümkün sayır, amma bu maliyyə dəstəyinin göstərilməsinin şərtləri, prinsipəri barədə heç nə deyilmir.
Lakin mövcud qanunverecilikdə özəl sərmayələri alternativ enerji istehsalına stimullaşdırmaq üçün 2 real mexanizm də mövcuddur:
a) İnvestisiyaların təşviqinə yönəlmiş vergi güzəştləri.
Ölkə prezidentinin 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdqilənən “İnvestisiya təşviqi sənədinin verilməsi” Qaydasına[17] əsasən, hökumətin təsdiqlədiyi fəaliyyət sahələrinin əhatə dairəsinə düşən və həmin sahələr üzrə rəsmi müəyəyn edilən həddən yüksək məbləğdə sərmayə qoyuluşu edən investorları əhəmiyyətli miqyasda vergi güzəştləri əldə etmək imkanı qazanırlar. Dövlət başçısının 20 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiqlənən “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”[18] adlı sənədə görə, alternativ enerji istehsalı vergi güzəştləri vasitəsilə təşviq olunması nəzərdə tutulan 33 iqtisadi fəaliyyət növündəndən biridir. Əgər bu sahəyə sərmayə qoyan investor tələb olunan meyarları qarşlamaqla investisiya təşviqi sənədi ala bildiyi alda qanunvericilikdə nəzərdə tutulan güzəştlərlə təmin edilir. Vergi Məcəlləsinə[19] və gömrük qanunvericiliyinə əsasən, fərdi sahibkarın gəlirinin tamamı, hüquqi şəxsin isə mənfəətinin 50%-i, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və idxal rüsumundan, əmlak vergisindən, torpaq vergisindən 7 il müddətinə azad edilirlər.
b) Zəmanətli qiymət mexanizminin tətbiqi.
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna əsasən bərpa olunan enerji layihələrinə istər birbaşa, istərsə də hərrac yolu ilə cəlb olunmuş istehsalçıları üçün zəmanətli tariflər müəyyən edilir. Yəni istehsalçı (investor) uzunmüddətli dövrdə proqnozlaşdırdığı rentabelliklə işləyə biləcəyinə əmin olur, qarşıdakı zaman kəsiyi onun üçün öngörünə bilər olur. Qanunun 9.3-cü maddəsinə əsasən, istehsalçı ilə səlahiyyətli dövlət qurumu arasında danışıqlara əsasən razılaşdırılır və müqavilədə əks etdirilir. Həmin qiymət satınalma müqaviləsində müəyyən edilən zaman müddətində tətbiq edilir.
Lakin qanunvericilikdə kiçik istehsalçıların, xüsusilə 150 kVst-dan az gücə malik istehsalçıların stimullaşdırılması ilə bağlı ayrıca mexanizmlər nəzərdə tutulmayıb.
4. Bərpa olunan enerjiyə keçid üçün imkan və manelər
Şübhəsiz ki, bu sahədə ən böyük imkan Azərbaycan hökumətinin 2016-cı ilə dünya dövlətləri tərəfindən imzalanma Paris Razılaşmasına qoşulmasıdır. Bu qlobal razılaşma dünyada istiləşməyə qarşı ortaq səylərin birləşdirilməsini və bu məqsədlə СО2 emissiyasının həcmini azaldılması istiqamətində tədbirlərin görülməsini nəzərdə tutur. Bu tədbirlər ilk növbədə ənənviu yanacaq mənbələrindən sürətlə imtina edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi sayəsində mümkün olacaq. Bu razılaşmadan irəli gələn öhdəliklər Azərbaycan hökumətinin təsdiqlədiyi 2030-cu ilə qədər milli priroritetlər[20] sənədində də öz əksini tapıb. Bərpa olunan enerjinin əsas hədəflərindən biri kimi yer aldığı həmin səbəddə qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Prirotetlər sənədinə görə, ölkənin yaşıl enerji məkanına çevrilməsi qarşıda duran çox mühüm vəzifədir. Qarşıdakı dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.
Daha bir imkan son 10 ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin istifadəsini təmin etmək üçün hüquqi və institutisonal bazanın yaradılması istiqamətində atılan addımlardan qaynaqlanır.
Lakin bu sahədə imkanlardan bəhrələnməyə imkan verməyən çox bir maneə hələ də öz gücünü saxlayır. Söhbət enerji bazarının liberallaşdırılmamasından, bu sektorda sərbəst bazar mexanizmlərinin, azad bazar mühitinin olmamsından gedir. Qiymətləndirmələrə görə, elektrik enerjisi sektorunda sərmayə qoyuluşları və layihənin real icraya başlaması dövrü 3-6 il intervalında dəyişir, paylaşdırıcı şəbəkələrdə isə investisiyanın geridönüşümü 10 ilə qədər zaman tələb edir. Belə vəziyyətdə sektorun investorlar üçün proqnozlaşdırıla bilən olması ən vacib şərtdir ki, dünya təcrübəsində bu mühitin yaradılmasına məhz bazarın liberallaşdırılması, bazarda oyun qaydalarının şəffaf müəyyən edilməsi sayəsində nail olunub. Bunun üçün ilk növbədə hər bir bazar oyunçusunun bazardakı vəziyyəti qiymətləndirmək üçün məlumatlara bərabər çıxış imkanı yaradılıb, qanunverilikdə müəyyən edilmiş mexanizmlərin bəlli bir təqvimdə dəyişməyəcəyinə siyasi və hüquqi zəmanətlər olub, bazarların izlənə bilməsi və qanunvericliyin əlverişli olması ilə hökumətin tənzimləyici rolunun bütün bazar iştirakçılarını qane etməsi arasında uyğunluq təmin edilib.
Azərbaycanda mövcud durumu ifadə etməli olsaq, hazırda elektroenergetika sektroru bütünlüklə dövlət inhisarındadır. Ənənəvi şaquli sistem (istehsal, nəql, paylaşdırma, satış seqmentinin vahid orqanizm kimi dövlət energetika şəbəkəsində cəmlənməsinə əks olunan sistem) tam gücü ilə fəaliyyət göstərir. Bütün seqmentlərdə inhisarçı mövqeyə sahib şirkətlər hökmran idarəetməyə sahibdir. Elektirik enerjisi bazarının nə bütövlükdə özü, nə də onun hansısa bir ayrıca gütürülmüş elementi mövcud deyil. Qiymətləri dövlət təyin etdiyi vəziyyətdə təbii ki, dövlətə məxsus şirkətlərin arasındakı müqavilə şərtlərinin bütün elementləri də hökumətin müəyyən etdiyi oyun qaydalarına, hüquqi çərçivələrə əsaslanır. Qiymətin rentabelliyi təmin etmədiyi şəraitdə belə şirkətlərin zərəri, onların investisiya ehtiyacları hökumətin büdcəsi hesabına qarşılanır.
Neft-qaz sektorundan fərqli olaraq elektrik enerjisi bazarı inkişaf etmədiyi, qiymətin bazarda tələb-təklif əsasında formalaşmadığı şəraitdə investorların bərpa olunan enerji layihələrinə ciddi marağı olmur. Bazar mexanizmlərinin yaradılmaması ölkədə alternativ enerji layihələrinə ciddi maraq yaratmaq mümkün olmayacaq. Hətta zəmanətli qiymət mexanizmləri belə yetərli stimullaşdırma aləti kimi çıxış edə bimir. Çünki bəzən zəmanətli qiymətin müəyyən edildiyi və razılaşdırıldığı müqavilənin bağlanmasından 3-5 il sonra enerji istehsalına başlanır, stansiyalar fəaliyyətə başlayır. Bu halda hər 2 tərəf üçün ən əlverişli zəmanət bazar mexanizmlərinin çalışması və enerjinin qiymətlərinin bazarda formalaşmasıdır. Nəzərə almaq lazımdır ki, alternativ enerji texnologiyalarının sürətli inkişafı onların səmərəlilik göstəricilərinə çox ciddi təsir edir, enerjinin ucuzlaşması süərtlə davam edir. Məsələn, Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin açıqladığı hesabata[21] görə, 2010-2019-cu illərdə günəş qurğuları üzrə xərclər 82%, qurudakı külək stansiyaları üzrə 39%, dənizdəki külək stansiyaları üzrə 29% ucuzlaşmışdır. Agentlik bu məlumatı 17 000 layihə üzrə qiymətləndirmə əsasında hazırlayıb. 2019-cu ilin nəticələrinə görə, hər kilovat-saat enerjinin maya dəyəri günəş stansiyaları üzrə 0.68 sent, qurudakı külək stansiyaları üzrə 0.53 sent, dənizdəki külək stansiyaları üzrə 0.11 sent təşkil etmişdir. Agentliyin başqa bir hesabatına[22] görə, 2010-2016-cı illərdə hərraclar vasitəsilə günəş stansiyalarının tikintisilə bağlı layihələrin qaliblərinin hər meqavatt gücün istismara verilmə üçün təklif etdikləri dəyər 4 dəfədən çox azalıb. Nəzəri olaraq belə bir real mənzərəni təsəvvür edək: hökumətin zəmanətli qiyməti razılaşdırmasından bir neçə il sonra layihə işə düşür və həmin müddətdə bazar qiymətləri daha da ucuzlaşır. Belə şəritdə istehlakçıya bazar qiymətindən yüksək qiymət təklif ediləcəkmi, yoxsa hökumət özü aradakı fərqi investorra ödəmək məcburiyyətində qalacaq? Bu, bərpa olunan enerji layihələri üçün hazırda çox real bir ssenaridir. Ona görə də hökumətin bu prosesdə görməli olduğu ən vacib iş – sistem üçün yeni oyun qaydaları, yeni oyunçuların əhatə dairəsini müəyyən etməkdir. Amma yeni sistem mərkəzləşdirmədən tam imtina edib rəqabətə əsaslanmalıdır – hansı həlqədə rəqabət və özəl sektor təmsiçiliyi daha effektivdir, həmin hissə özəl sektora təhvil verilməlidir. Məsələn, istehsal, paylaşdırma özəl sektor və rəqabət üçün daha effektiv olar.
Elektrik enerjisi bazarında liberallaşdırma və rəqabət mühitinin yaradılması yalnız oyunçuların sayı ilə məhdudlaşmır. Ola bilər ki, bazarda oyunçu sayı çox olsun, lakin bazarın əsas hissəsinin 1 və ya 2 şirkətin əlində cəmlənməsi rəqabət imkanlarını məhdudlaşdırır. Bu səbəbdən xüsusilə istehsalda ayrıca götürülmüş bir şirkətin və ya şirkətlər qrupunun payı bazarda hökmran mövqe tutmamsına imkan verməməlidir.
Bu sektorun liberallaşması üçün 2-ci mühüm şərt sərbət qiymətlərin formalaşması və bunun üçün bazar mexanizmlərinin tam gücü ilə işləyə bilməsidir. Tavan qiymət mexanizminin tətbiq edildiyi, hökumətin istədiyi zaman qiymət müdaxilələrinə getdiyi bir mühitdə investorlar sərmayəyə maraq göstərmirlər.
Türkiyədə elektrik enerjisi bazarında 2001-ci ildə başlanan bazara keçid islahatlar hələ də davam edir və bir sıra problemlər qalmaqdadır. Məsələn, hazırda Türkiyədə paylaşdırıcı şəbəklərin müəyyənləşdirilmiş limit çərçivəsində dövlətin tədarük şirkətindən enerji alışı üçün öhdəliklərin qoyulması, yaxud qazla işləyən elektrik stansiyalarının dövlətin qaz tədarük şirkətilə işləməsilə bağlı məcburi müqavilə öhdəliklərinə sahib olması tam liberallaşmaya imkan verməyib. Bununla belə, islahatların ilkin mərhələsi, xüsusilə elektrik enerjisi bazarının tənzimlənməsi üçün hüquqi bazanın, tənziməyici orqanın yaradılması baxımından Türkiyədə 2001-ci ildən başlanan islahatları izləməkdə fayda var. Təxminən 20 ili əhatə edən bu islahatlar nəticəsində dövlətin payı elektrik enerjisi istehsalında 80%-dən 40%-ə, pərakəndə satış seqmentində isə 100%-dən 44%-ə enmişdir. Yalnız 2007-2017-c- illərdə özəl sektorun elektrik enerjisi sektoruna yatırımı 100 mlrd. dolları aşmışdır. Ötən dövrdə bərpa olunan enerji stansiyalarının istehsalda payı 30%-dən 50%-ə yüksəlmişdir[23].
Bütövlükdə dünya təcrübəsinə gəldikdə isə son 40 ildə dünyada elektrik enerjisi bazarının formalaşmasında inhisarçı sistemdən rəqabətli sistemə keçiddə 2 modeldən istifadə edilib: tək alıcı modeli və satışda bazarda rəqabət.
Tək alıcı modelində istehsal və digər seqmentlər rəqabətə əsaslanır, bu halda istehsalçılar tək alıcıya istehsal etdikləri enerjini satmaq üçün öz aralarında rəqabət apararlar. Bo modeldə istehsalçıdan alınan enerji paylaşdırıcı şəbəkələrə əvvəlcədən müəyyən edilmiş qiymətlə satılır və pərakəndə şirkətlər istehlakçıya münasibətdə hələ də inhisarçı mövqeyini qoruyub saxlayır
Satışda rəqabətə əsaslanan modeldə isə istehsal seqmentilə yanaşı payalaşdırıcı və satış şəbəkəsində də şirkətlər bir-birilə rəqabət apara bilir. Şübhəsiz ki, enerji bazarının liberallaşdırılamsında hansı modelin seçiləcəyi ciddi araşdırma və qiymətləndirmələrlə yanaşı bu sahə üzrə hökumətin aydın islahat vizionun formalaşdırılmasını tələb edir.
5. Əsas nəticələr və təkliflər
Azərbaycanda hələ də sovetlər dövründən qalmış ənənəvi şaquli modelə xas inhisarlaşmış dövlət energetika sisteminin mövcudluğu ciddi problem olaraq qalır. Bərpa olunan enerji istehsalının ölkənin ümumi enerji balansında payı nəzərə alınmayacaq dərəcədə kiçikdir.
Lakin bərpa olunan enerji sahəsində müstəqil bazar oyunçuları vasitəsilə istehsala özəl sektorun cəlb edilməsi istiqamətində təşəbbüslər, bununla bağlı zəruri hüquqi bazanın yaradılması üçün real addımların atılması enerji bazarında sərbəstəşmə üçün müyyən ümidlər yaradır. Bərpa olunan enerji seqmentinin inkişafı da heç şübhəsiz əhəmiyyətli dərəcədə bu islahatların sürətindən və miqyasından asılı olacaq.
Yeri gəlmişkən, Beynəlxaq Bərpa Olunan Enerji Agentliyi də 2019-cu ildə Azərbaycan üçün hesabat[24] hazırlayıb. Həmin sənəddə ölkədə sahənin inkişafı üçü bir sıra aktual təkliflər təqdim olunur.
Agentlik hesab edir ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə icazənin verilməsi prosedurunun rasionallaşdırılmasına ehtiyac var. Əsas təklif odur ki, icazələrin verilməsi prosesinin sadələşdirilməsi, rasionallaşdırılması məqsədilə bərpa olunan enerji mənbələri sahəsində layihələr üçün “bir pəncərə” sisteminin yaradılmasını nəzərdən keçirmək vacibdir. Eyni zamanda, lazımi sənədlər, gözlənilən tarixlər və məsul dövlət qurumları daxil olmaqla tələb olunan müxtəlif addımlar haqqında məlumatların əks olunduğu icazə prosedurlarının internet vasitəsilə dərc edilməsi iştirakçılar və investorlar üçün böyük şəffaflığı təmin edəcəkdir. Bundan başqa, bu məlumatın ingilis dilində verilməsi xarici investorlar arasında bərpa olunan enerji mənbələriüzrə layihələrə marağı artıracaqdır.
Agentlik hesab edir ki, hazırkı qiymət mexanizmləri, qiymətin yaranmasında bazar mexanizmlərinin işləməməsi bərpa olunan enerji mənbələrindən istifadəyə marağı azaldır. Yanaşma budur ki, real qiymətin müəyyən edilməsi mexanizminə töhfə biləcək alətlərdən biri hərracdır.
Agentliyin mühüm təkliflərindən biri layihələrin maliyyələşdirilməsi üçün xüsusi maliyyələşdirmə mexanizminin yaradılmasıdır. Bu, xüsusilə də ilkin mərhələdə investorların marağını təmin etmək baxımından vacib hesab edilir. Azərbaycanda yerli bankların bərpa olunan enerjilayihələrinə marağının olmadığını da nəzərə aldıqda investisiyaların təşviqi üçün risklərin azaldılmasına görə belə mexanizmlər vacibdir. Bir variant kimi xüsusi fondun yaradılması təklif edilir. Bu fondu ənənəvi enerji mənbələrinə tətbiq olunan xüsusi rüsum hesabına yarana bilər və sonradan həmin fond şəffaf mexanizmlər əsasında layihələrin dəstəklənməsinə yönəldilə bilər.
Agentliyin digər təklifləri isə ölkə üçün uzunmüddətli enerji ssenarilərinin tərtib edilməsi, bərpa olunan enerji mənbələri üzrə uzunmüddətli hədəfin qəbul edilməsi, şəbəkəyə qoşulma üçün zəruri hüquqi şərtlərin təmin edilməsi və s. məsələlərlə bağlı olub.
Bu təklifllərlə yanaşı aşağıdakı bir sıra mühüm addımların atılması vacibir:
- Orta və uzunmüddətli dövr üzrə elektrik enerjisi bazarının liberallaşdırılması üçün islahat paketi hazırlanıb təqdim edilməlidir. Xüsusilə bərpa olunan enerji layihələrini investorlar üçün cəlbedici etmək, sektorun gələcəyini proqnozlaşdırıla bilən etmək baxımından bu cür islahat xəritəsinin açıqlanması önəmlidir;
- Bərpa olunan enerji mənbələrindən istifadə üzrə uzunmüddətli strategiya hazırlanması məqsədəuyğundur. Bu strategiya əsasında hər bir bərpa olunan enerji növündən istifadə üzrə sektorial proqramlar və fəaliyyət planları təsdiqlənə bilər. 2030-cu ilə qədər milli prioritetlər sənədi çərçivəsində 30%-lik hədəfə çatmaq üçün qeyd olunan işlək icra mexanizmlərinə malik sənədlərə ehtiyac var;
- Bərpa olunan enerji sektoru ilə bağlı bütün informasiyalar şəffaf şəkildə açıqlanmalı, bütün potensial investorlar üçün eyni dərəcədə əlçatan və istifadə ediləbilən olmalıdır. Yeni qanunvericiliyə görə, informasiya sisteminin tərkib hissəsi kimi bərpa olunan enerji əraziləri üzrə atlasın hazırlanması nəzərdə tutulur. Atlasda bərpa edilən enerji əraziləri, onların potensialı barədə informasiyalar yer alacaq. Hələlik hazırlanma mərhələsində olan sənəd qapalı olmamalıdır;
- Kiçik istehsalçıların, xüsusilə öz istehlakı məqsədilə lisenziyasız bərpa olunan enerji istehsal edən subyektlərin stimullaşdırılması üçün mexanizmlər hazırlana bilər. Bu məqsədlə bəzi keçid ölkələrində (məsələn, Gürcüstanda) günəş panelləri vasitəsilə enerji əldə edən kənd əhalisinə, xüsusən fermerlərə qrantların ayrılamsı, xərclərin 50-80%-nin qrantlar hesabına qarşılanması ilə bağlı mexanizmlər hazırlanıb. Bu istiqamətdə atılacaq digər addım icazə olmadan enerji istehsalı üçün yol verilən güc həddinin də artılması vacibdir.Məlum olduğu kimi, hazırda 150 kilovatdan yuxarı gücə malik bərpa olunan stansiyaların quraşdırılması üçün icazə tələb edilir. Halbuki ümumi şəbəkəyə qoşulamadan, yalnız öz istehlakı üçün bərpa olunan enerji istehsal edən çoxmərtəbəli binalar, fərdi sahibkarlar üçün həmin hədd daha yüksək (məsələn, 5 Mvs) müəyyən edilə bilər. İlkin mərhələdə prosesə sürətləndirmək, kiçik istehsalçılar hesabına bərpa olunan enerjinin payının artımına nail olmaq üçün hökumət həm güzəştli kreditlər, həm də qrantlar hesabına bu kateqoriya istehsalçıları da dəstəkləyə bilər.
- İnvestorların seçimi ilə hərracların keçirilməsinə dair ayrıca qaydalar hazırlanmalıdır. Hazırda qüvvədə olan müvafiq qanunda hərracın keçirilməsi nəzərdə tutulsa da, prosesin təşkili üçün mexanizmlər, prosedurlar əks olunmayıb. Hərrac komissiyasının formalaşdırılması qaydaları, prosesdə vətəndaş cəmiyyətinin iştirakçılığı, hərracın davametmə müddəti və mərhələləri, investorların təkliflərinin qəbulu və onlara baxılması, qalibin seçilməsi meyarları, iddiaçılara imtina cavablarının təqdim edilməsi və s. kimi məsələ ayrıca hazırlanmış hərrac qaydalarında əks edilməlidir. Oyun qaydalarının hər kəs üçün eyni və əlçatan olması baxımından da belə qaydaların işlənməsinin əhəmiyyəti var.
Hazırladı:
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT İB)
Ekspert qrupu
[1]https://minenergy.gov.az/az/alternativ-ve-berpa-olunan-enerji/azerbaycanda-berpa-olunan-enerji-menbelerinden-istifade
[2]https://www.respublica-news.az/uploads/files/pdf_archive/d32870652c-20211020.pdf
[3]http://www.e-qanun.az/framework/47151
[4]http://www.e-qanun.az/framework/47601
[5]http://www.e-qanun.az/framework/47383
[6]http://www.e-qanun.az/framework/5796
[7]http://www.e-qanun.az/framework/22844
[8]http://www.e-qanun.az/framework/34254
[9]http://www.e-qanun.az/framework/43764
[10]http://www.e-qanun.az/framework/47842
[11]http://www.e-qanun.az/framework/3524
[12]http://www.e-qanun.az/framework/34177
[13]http://www.e-qanun.az/framework/32626
[14]http://www.e-qanun.az/framework/46009
[15]http://www.e-qanun.az/framework/47843
[16]http://www.e-qanun.az/framework/501
[17]http://e-qanun.az/framework/31870
[18]http://www.e-qanun.az/framework/32606
[19]http://e-qanun.az/framework/46948
[20]http://e-qanun.az/framework/46813
[21]https://www.irena.org/-/media/Files/IRENA/Agency/Publication/2020/Jun/IRENA_Costs_2019_RU.pdf?la=en&hash=D1CBCAF1EEFCBB2DCE581FA5ABBFDF04889F6F5A
[22]https://www.irena.org/publications/2017/Jun/Renewable-Energy-Auctions-Analysing-2016
[23]https://www.etd.org.tr/media/files/ETD_ONGORULEBYLYR_PYYASA_STRATEJY_CALIYTAYI_RAPORU_1.pdf
[24]https://www.irena.org/-/media/Files/IRENA/Agency/Publication/2019/Dec/IRENA_RRA_Azerbaijan_2019_AZ.PDF