NHMT - Dünyada və Azərbaycanda “yaşıl enerji” üçün investisiyalar: mövcud durumun və prespektiv imkanların analizi

Dünyada və Azərbaycanda “yaşıl enerji” üçün investisiyalar: mövcud durumun və prespektiv imkanların analizi

Dünyada və Azərbaycanda “yaşıl enerji” üçün investisiyalar: mövcud durumun və prespektiv imkanların analizi

 

Mündəricat

 

1. Giriş

2. Dünyada bərpa olunan enerji sektoruna sərmayə qoyuluşlarının mövcud vəziyyəti

3. İstismara verilən yeni güclər (2001-2021-ci illərdə) ildə min MWt

4. Bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində dövlət-özəl sektor tərəfdaşlığı

5. Azərbaycanda bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi: real vəziyyət və potensial imkanlar

6. İnvestorlara bərabər rəqabət imkanınnın yaradılması üçün hərrac mexanizminin tətbiqi

7. Təqdim olunan analizin əsas nəticələri və təkliflər

 

Avqust 2022

 

1. Giriş

 

2016-cı ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Mərakeşdə təşkil etdiyi İqlim Dəyişikliyi Konfransında 48 ölkə 2050-ci ilə qədər “100 faiz bərpa olunan enerjiyə keçid” öhdəliyi götürdüklərini bəyan etdilər. Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin (İRENA) məlumatına görə, hazırda həmin hədəfi çatmaq istəyən ölkələrin sayı 53-dür. Bu ölkələr demək olar ki, bütün coğrafiyanı (o cümlədən, Afrikada 18, Asiyada 13, Okeaniyada 9, Mərkəzi Amerika və Karib hövzəsində 8, Avropada 4 və Cənubi Amerikada 1 ölkə) əhatə edir. Hələlik yalnız İslandiya “100 faiz bərpa olunan enerji” hədəfinə nail olub. Öz növbəsində, Danimarka yeganə ölkədir ki, bütün sektorlar üzrə (həm elektrik enerjisi istehsalında, həm elektromobilləşmədə) “100 faiz yaşıl enerji” hədəfini seçib. Bu hədəfə çatmaq üşün bir çox ölkələr ambisoz layihələrə start verirlər. Məsələn, Böyük Britaniya 2030-cü ilə qədər yalnız dənizdə quraşdırılan külək enerji stansiyalarının gücünü 40 GVt-a çatdıracağını, Yaponiya günəş enerjisinin maksimum əldə edilməsi və kömürdən tam imtina nəticəsində 2050-ci ilə qədər karbon emissiyasını sıfra endirəcəyini açıqladı. 2020-ci ilin iyul ayında Avropa Birliyinə üzv dövlətlər 2021-2027-ci illər üçün bərpa olunan enerji də daxil olmaqla “yaşıl enerji” layihələrinə təxminən 550 milyard avro ayırmağa razılaşdılar. Öz növbəsində, Avropa Komissiyası 750 milyard avro məbləğində fondun təxminən üçdə birini yaşıl istiqrazlar vasitəsilə maliyyələşdirmək niyyətini açıqladı. Nəhayət, Cənubi Koreya Respublikası “yaşıl keçidi” dəstəkləmək üçün 135 milyard dəyərində layihələr üçün “Yeni Yaşıl Sövdələşmə” elan etdi[1].

 

Artıq bərpa olunan enerjiyə sürətli keçidlə bağlı müzakirələrdə yalnız “yaşıl enerji”nin ekoloji mənfəətlərinə deyil, bu prosesin ciddi social-iqtisadi faydalarına da diqqət yetirilir. Məsələn, İRENA-nın son hesabatlarından birində[2] qeyd edilir ki, dünyada birbaşa və dolayı olaraq bərpa olunan enerji sektoruna bağlı iş yerlərinin sayı 12 milyona yaxındır və 2012-ci ildən bəri bu say davamlı olaraq artıb. Hazırda bu seqment üzrə bütün məşğulluğun 33%-i günəş, 32%-bioenergetika, 10%-I külək stansiyalarında çalışır. Agentlik ekspertlərinin fikrincə, ənənəvi stansiyalarla müqayisədə əksmərkəzləşmiş və muxtar fəaliyyət göstərən alternativ enerji stansiyalarının yeni iş yeri yaratmaq potensialı daha böyükdür. Təqdim edilən statistikaya görə, təkcə etanolun 2%, biodizelin 13% artımı əlavə 2.5 milyon iş yerinin yaradılmasına səbəb olub.

 

Heç şübhəsiz, “100 faiz yaşıl enerji” hədəfinə sürətli keçid məhz nəhəng investisiyalar sayəsində mümkün olacaq. Bu baxımdan hökumətlərlə yanaşı korporativ sektorun aparıcı oyunçuları da “100% bərpa olunan enerjiyı keçid” hədəfini dəstəkləməsi vacib amildir. Çünki şirkətlərin prosesdə aktiv rol alması prosesin nəhəng investisiya ehtiyacların qarşılanması baxımından çox önəmlidir. Özəl sektorun aktiv iştirakçılığının nəticəsidir ki, 2011-ci ildən başlayaraq alternativ enerji mənbələrinə sərmayələr ənənəvi enerjiyə investisiyaları üstələyir. Amma sahə ekspeetləri hesab edir ki, hökumətlərin arsenalında özəl sektoru alternativ enerjiyə stimullaşdırmaq, onların bu sahənin gələcəyinə inandırmaq üçün hələ də istifadə edilməmiş alətlər var və onlar daha aktiv formada prosesə cəlb edilməlidir. Xüsusilə də inkişaf etmiş ölkələrdə rəqabət mühitini yaxşılaşdırmadan, özəl sektorun bərpa olunan resurslardan bərabər istifadəsi üçün ədalətli şərtlər təmin edilmədən, enerji sektorunu liberallaşdırmadan, investorların mülkiyyət hüququna zəmanət verən mühakimə sistemi formalaşdırmadan “100 faiz yaşıl enerji” hədəflərinin ehtiyaclarına uyğun sərmayə cəlbi mümkün olmayacaq. İRENA ekspertlərinin hesablamalarına görə, hədəflənən enerji keçidi üçün tələb olunan investisiyaların illik həcmi hazırda real olaraq sərmayə edilən qoyuluşların həcmindən ən azı 3 dəfə çoxdur[3]. Hazırda bərpa olunan bütün enerji növləri üzrə faktiki investisiyaların ümumi həcmi 300 milyard dolları ötür və 2030-cu ilə qədər həmin məbləğin 1 trilyon dollar çatdırılmasına ehtiyac var.

 

Son 10-15 ildə alternative enerji sektoruna sərmayə qoyuluşlarının dinamikası göstərir ki, özəl sektorla yanaşı ev təsərrüfatlarının mərkəzləşdirilməmiş və daha kiçik miqyaslı bərpa olunan enerji qurğuları hesabına özlərinin təchizatına nail olması üçün dəstək mexanizmlərinin hazırlanması, bu sahədə sərmayə dəstəyinin göstərilməsi son dərəcə vacibdir.

 

İRENA ekspertlərinin yanaşmasına görə, 2050-ci ilədək qlobal hədəflərə yetişmək üçün 6 müxtləif istiqamət üzrə sərmayələrin qoyulması baş verir. Bura bərpaolunan enerji (külək, günəş, biokütlə enerjisinin alınması və s.), enerji səmərəliliyini və qənaətini artıran texnologiyaların tətbiqi, elektrikləşdirmənin genişləndirilməsi, nəqliyyat və isitlik sistemində təmiz enerjidən istifadənin payının artırılması, hidrogendən istifadə potensialının genişləndirilməsi, ənənəvi yanacaqla çalışan sənaye sahələrində havaya atılan karbon qazının zərərsizləşdirmə texnologiyaların təkmilləşdirilməsi və s.

 

Proqnozlara görə, burda həlledici rolu 3 istiqamət – bərpa olununan enerji potensialının artırılması, enerji səmərəliliyini və qənaətini artıran texnologiyaların tətbiqi, elektrikləşdirmənin genişləndirilməsi oynayacaq.  Gözləntilərə görə, qlobal miqyasda tempraturun 1,5 dərəcə azaldılması və illik karbon tullantılarının 36.9 Gt (giqaton) azaldılması ilə bağlı hədəflərə nailolmanın 70%-nin məhz qeyd olunan 3 istiqamət sayəsində mümkün olacaq.

 

2050-ci ilədək qlobal enerji hədəflərinə çatmağı qiymətləndirmək üçün nəticə indikatorları da müəyyən edilib. Məsələn, yekun enerji istehlakında bərpa olunan enerjinin payı 2019-cu ildəki 19%-dən 79%-ə, elektrik enerjisi istehsalında payı 26%-dən 90%-ə, ümumu enerji istehlakında payı 21%-dən 50%-ə yüksəlməlidir. Öz növbəsində, bu dövrdə təmiz enerjiyə qlobal sərmayələrin illik həcminin 6 dəfədən çox artması hədəflənir.

 

2. Dünyada bərpa olunan enerji sektoruna sərmayə qoyuluşlarının mövcud vəziyyəti

 

2050-ci ilə qədər dünyanın dekarbonizasiya hədəfinə nail olması 2 həlledici amildən asılıdır: böyük həcmli investisiyaların təmin edilməsindən və enerji səmərəliliyinin artımına imkan verən yeni texnologiyaların inkişaf tempindən IRENA-nın hesablamalarına[4] görə, mövcud texnolji potensial çərçivəsində 2050-ci ilə qədər ümumi enerji istehlakında bərpa olunan mənbələrin payını ən pis ssenaridə azı 65%-ə çatdırmaq üçün 22,3 trilyon dollar sərmayə tələb edilir. “100 faiz bərpa olunan enerji” hədəfində nail olmaq üçün daha böyük sərmayəyə ehtiyac olacaq və ilkin qiymətləndirməyə görə hər il ən azı 1.7 trilyon dollar, ümumilikdə 50 trilyon dollar yaxın investisiyaya ehtiyac var. Təşkilat ekspertləri hesab edir ki, ilk baxışdan bu sərmayə həcmi çox böyük görünə bilər. Lakin onların hesablamalarına görə, “yaşıl enerji”yə sürətli keçid sağlamlığın yaxşılaşdırılması və ətraf mühitə zərərin azaldılması hesabına əldə olunan qənaətlər (faydalar) bu sərmayə məbləğini təxminən 3 dəfə üstələyəcək.

 

Son 15 ildə bərpa olunan enerjiyə sərmayələrin illik həcmi 6 dəfəyə yaxın artmaqla 300 milyard ABŞ dolları ötüb ki, bu ənənəvi enerji sektoruna sərmayələri əhəmiyyətli dərəcədə üstələyir. 2019-cu ildə yeni bərpa olunan enerji enerjisi gücünə investisiya 297 milyard dolları təşkil etmişdir. Doğrudur, 2017-2020-ci illərdə artım tempində zəifləmə, hətta bir müddət azalma qeydə alınsa da, ekspertlər bunu həm də kapital xərclərinin səmərəliliyinin artması ilə izah edirlər. Yanaşma budur ki, zaman keçdikcə yeni enerji texnologiyaları sayəsində eyni məbləğdə investisiya hesabına daha çox bərpa olunan enerji gücü yaratmaq mümkün olur. Son illər müşahidə olunan əsas tendensiya istifadəyə verilən  bərpa olunan enerji güclərinin strukturunda dəyişiklik baş verməsidir. 2019-cu ildək su elektrik stansiyaları (SES) yeni güclərin yarısından çoxunu təşkil etsə də, son 3 ildə günəş və külək enerjisi üstünlük qazanmağa başlayıb. Məsələn, 2019-cu ildə 97 GVt günəş və 55 GVt külək enerji gücləri istifadəyə verildiyi halda, SES-lər üzrə bu göstərici 13 GVt təşkil edib. Hazırda bərpa olunan enerjiyə qoyulan bütün sərmayələrin 94%-i məhz günəş və külək enerjisinə yatırılır. İnvestisiya qoyuluşlarında hələ də ən böyük xüsusi çəkiyə Qərbi Avropa ölkələri və ABŞ-da malik olsa da, inkişaf etməkdə olan bazarlar, xüsusən də Çin 2015-ci ildən bəri hər il investisiyalarda böyük artımlar nümayiş etdirir. Hazırda alternativ enerjiyə qoyuluşlarda Çinin təkbaşına payı 30% ətrafındadır. Eyni zamanda, Hindistan, Braziliya, Meksika, Çili və Cənubi Afrikanın bu sahəyə sərmayələrinin artımı diqqəti cəlb edir. 2010-2019-cu illərdə bu 5 ölkə birlikdə bərpa olunan enerji layihələrinə yatırımları 200 mlrd. dolları ötüb. Yaxud Yaxın Şərq və Afrikada, əsasən Misir, Keniya və Mərakeşdə “yaşıl enerji” layihələrinə sərmayələrin həcmi diqqəti cəlb etməyə bilməz. Son illərdə (məsələn, 2018-ci ildə) bu ölkələrin sözügedən layihələrə sərmayə qoyuluşlarının illik həcmi 15 mlrd. dolları ötüb və həmin ölkələrin iqtisadi imkanları nəzərə alınsa, bu həcm kifayət qədər böyükdür.

 

İRENA-nın son hesabatlarından birindən aydın olur ki, bərpa olunan enerjiyə investisiyaların əsas hissəsini (təxminən 85%) özəl sektor maliyyələşdirsə də, dövlət sektoru və beynəlxalq donorlar xüsusilə də bir çox inkişaf etməkdə olan ölkələr üçün kritik maliyyə mənbəyi olaraq qalır. Son illərdə təmiz enerjiyə sərmayələrdə azalma müşahidə edildi. Məsələn, inkişaf etməkdə olan ölkələrə beynəlxalq dövlət maliyyə axınları 2019-cu ildə 10,9 milyard dollara endi ki, bu 2018-ci rəqəmindən 23 faiz, 2010-19-cu illərin orta göstəricisindən 25 faiz azdır. Son 10 ildə pik göstərici 2017-ci ildə qeydə alındı - 24,7 milyard dollar.Bu sərmayə dəstəyinin 26%-i SES-lər, 21%-i günəş enerjisi, 12%-i külək enerjisilə bağlı layihələrə yönəldilib[5].

 

Son 10 ildə istifadəyə verilən enerji gücünün artımı bərpa olunan enerji üzrə 130% təşkil etdiyi halda ənənəvi elektrik enerjisi növləri üzrə cəmi 24% təşkil edib. 2021-ci ilin yekunlarına görə, dünya üzrə bərpa olunan elektrik enerjisinin ümumi quraşdırılmış gücü 3064 GVt təşkil edib ki, bu güc çərçivəsində təxminən 8 000 terawatt-saat (TWh) və ya 8 trilyon kilovatt-saat  elektrik enerjisi istehsal edilib. Bu, enerji gücündən istifadə əmsalının 29,8% təşkil etməsi deməkdir. Qlobal tempraturun 1.5°C aşağı salınması ilə bağlı hədəfə nail olmaq üçün 2030-cu ilə hazırkı bərpa olunan enerji gücünün həcmi 3 dəfədən çox artaraq 10 000 GVt-a çatıdırlmalıdır. Hazırda dünyanın bəzi regionlarında bərpa olunan enerji həm də daha aşağı maya dəyərinə malikdir. 2010-2020-ci illərdə qlobal miqyasda günəş enerjisinin dəyəri 80%-dən çox, külək enerjisinin dəyəri quruda 56%, dənizdə 48% ucuzlaşıb. Bu səviyyədə sürətli ucuzlaşma alternativ və bərpa olunan enerji güclərinin də kəskin artımı ilə paralel baş verib. Belə ki, 2010-2020-ci illərdə istifadəyə verilən bərpa olunan enerji gücləri 130% artdığı halda, ənənəvi enerjiyə əsaslanan elektrik stansiyalarının potensial gücü cəmi 24% genişlənib[6].

 

Son 20 ildə bərpa olunan və ənənəvi enerjinin istifadəyə verilən illik gücünün müqayisəsini diqqət yetirdikdə istifadəyə verilən bərpa olunan enerji güclərinin miqyasının hansı sürətlə artdığını daha aydın görmək olur.

 

3. İstismara verilən yeni güclər (2001-2021-ci illərdə), ildə min MWt

Diaqramda təqdim edilən rəqəmlərdən göründüyü kimi, 2001-2021-ci illərdə bərpa olunan elektrik enerjisi növlərinin (külək, günəş, bionerji və s.) il ərzində istismara verilən məcmu enerji güclərində xüsusi çəkisi 25%-dən 83%-ə yüksəlmişdi. Mütləq ifadədə istismara verilən bərpa olunan enerji güclərinin illk həcmi 13 dəfə artaraq 20 min MWt-dan 260 MWt-a yüksəlmiş, ənənəvi enerji növləri hesabına istismara verilən enerji güclərinin həcmi isə 15%-ə yaxın azalaraq 60 min MWt-dan 50 min MWt-a enmişdir. Yalnız bu faktı onu göstərir ki, enerji sahəsinə sərmayə qoymaq istəyən investorlar üçün prioritet bərpa olunan enerji layihələridir.

 

Son illər yüksək qiymətlər səbəbindən ənənəvi enerji layihələrinə marağın azalması müqabilində bərpa olunan enerjinin investisiya cəlbediciliyini də davamlı olaraq artır. Məsələn, 2001-ci əvvəlindən 2022-ci ilin başlanğıcınadək hər 1000 KVt-saat ənənəvi enerjinin dəyəri 6.5 dəfə artaraq 21 ABŞ dollarından 136 ABŞ dollaradək yüksəlmişdi. Amma ənənəvi enerjinin cəlbediciliyinin azalması təkcə dəyərinin artmasından qaynaqlanmır. Paralel olaraq Avropa Emissiya Ticarət Sxemi çərçivəsində karbon emissiyası üçün icazələrin də dəyərində ciddi artım müşahidə edilir. Belə ki, 2021-ci ilin əvvəlindən 2022-ci ilin fevralınadək hər ton karbon emissiyası üçün icazələrin dəyəri 3 dəfəyə yaxın artaraq 40 dollardan 114 dollara yüksəlib[7].

 

Qeyd edilənlələ yanaşı, daha bir müsbət tendensiya bərpa olunan enerji texnologiyalarının sürətlə təkmilləşməsi nəticəsində bu sektora investisiyaların səmərəliliyinin yüksək templə artmasıdır. Bu göstərici hər KVt yeni yaranan gücə səfr olunan sərmayənin həcmilə müəyyən edilir. İRENA-nın 2020-ci ildə yayılan “Bərpa olunan enerji istehsalının dəyəri” adlı hesabatına[8] görə, 2010-2020-ci illərdə hər hər KVt yeni yaranan gücün investisiya dəyəri günəş fotovoltaik sistemləri üzrə 4730 dollardan 880 dollara, quruda külək enerjisi üzrə 1970 dollardan 1355 dollara, dənizdə külək enerjisi 4706 dollardan 3185 dollara enmişdir.

 

Hazırda dünyada bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşlarında əsas rolu özəl sektor oynayır. Xüsusilə də son illər instititusional investorlar fəallıqları ilə seçilirlər. İnstititusional investorlar gəlir götürmək məqsədilə müştərilərinin yaxud üzvlərinin vəsaiti hesabına daşınmaz əmlaka, qiymətli kağızlara, müxtəlif akitvlərə yatırım edən fondlar və maliyyə institutlarıdır (məsələn, pensiya fondları, sığorta fondları etimad fondları, suveren fondlar). Hazırda dünyada 5800-ə yaxın institusional investor mövcuddur və bərpa olunan enerji layihələrinin gerçəkləşdiriliməsində onların nəhəng potensialı mövcuddur. Son 20 ildə institusional investorların təxminən 20%-nin bərpa olunan enerji sektoruna sərmayə qoyuluşna maliyyə dəstəyi verib ki, onlardan da 1%-i birbaşa sərmayədar kimi çıxış edib. İnstitusional investorların iştirak etdiyi bütün bərpa olunan enerji sövdələşmələrinin 81%-i külək və günəş texnologiyaları ilə bağlı olub. Bu göstərici bütövlükdə bərpa olunan enerji sektorunda qlobal texnoloji tendensiyanı əks etdirir. Öz növbəsində, həmin layihələrdə isə külək enerjisinə maraq daha üstündür. Belə ki, külək və günəş texnologiyalarına yatırımın təxminən dörddə üçü məhz külək enerjisilə bağlı olub[9].

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ekpertləri hesab edir ki, “yaşıl enerji” layihələrinin gerçəkləşdirilməsi üçün pensiya və sığorta fondları kifayət qədər dayanıqlı maliyyə mənbəyi kimi nəzərdən keçirilə bilər. Təşkilatın hesablamasına görə, hər il qeyd olunan mənbələrdən sərmayə məqsədli 2,8 trilyon dollar vəsaitin borc kapitalı qismində istifadəsi mümkündür[10].

 

Son illərdə ekspertlər müzakirələrində əsas suallardan biri də bu olub ki, bərpa olunan enerji layihələrinin maliyyələşməsində dövlət maliyyəsində rolu hansı səviyyədə olmalıdır. İRENA ekspertləri hesab edir ki, mümkün olduğu qədər bu prosesdə əsas roll özəl sektora məxsus olmalıdır. Təşkilatın ən son statistikasına görə, son onillikdə həyata keçirilən layihələr nəzərə alınsa, özəl sekrotdan gələn maliyyənin məcmu maliyyələşmədə payı 85, dövlət sərmayələrinin xüsusi çəkisi isə cəmi 15% təşkil edib. Həlledici yanaşma budur ki, dövlət maliyyə institutlarının əsas vəzifəsi özəl sektorun bərpa olunan enerji ilə sərmayələrinə mümkün risklərin azaldılması olmalıdır. Burda mühüm  alətlər borc kapitalı üçün zəmanətlərin verilməsi, kredit risklərinin, eləcə də məzənnə risklərinin sığortalanması, güzəştli kredit xəttinin açılması və s. ola bilər. Müxtəlif ölkələrin təcrübəsində bu alətlərin sırasını genişləndirmək üçün dövlət özünün maliyyə institutlarının iştirakı ilə çeşidli təşviiqlər, yaxud məhdudlaşıdırıcı tədbirlər həyata keçirir. Məsələn, “yaşıl istiqraz”ların burxılışı, dövlət maliyyə institutları üçün bu layihələrin prioritet maliyyələşmə sırasına daxil edilməsi, “yaşıl enerji” fondlarının yaradılması, kömür istehsalçılarından “təmiz enerji” vergisinin toplanması və s. bu qəbildən olan tədbirlərə aiddir. Məsələn, Malayziya hökuməti bərpa olunan enerji layihələri üçün kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi yaradıb və son illər bu məqsədə 1 milyard dollar ayırıb. Yaxud Çin  Mərkəzi Bankı 2015-ci ildə banklararası istiqraz bazarında “yaşıl istiqrazlar”ın buraxılması üçün institusional çərçivə yaradılmasına nail oldu. Nəhayət, Abu Dabi İnkişaf Fondu (ADFD) bərpa olunan enerji  layihələrinin ümumi dəyərinin 50%-ni ödəmək üçün 20 ilə qədər müddətə, 5 illik güzəşt dövrü və 1-2% faiz dərəcəsi ilə kreditlər təklif edir.

 

Xüsusilədə inkişaf etməkdə olan ölkələrdə yerli borc bazarlarının məhdud potensialı bərpa olunan enerji layihələri üçün yetərli  maliyyənin tapılmasında manelər yaradır. Bu ölkələrdə maliyyə resurslarının çox baha, müddətinin isə qısa olması sərmayələri daha bahalı edir. Nəticədə ABŞ-la müqayisədə inkişaf etməkdeə olan ölkələrdə bərpa olunan enerjinin qiyməti 24-32% yüksək başa gəlir. Adıçəkilən ölkələrdə xüsusən kiçik miqyaslı şəbəkəxarici (off-grid) sistemlərin qurulması üçün borc kapitalının tapılması ciddi problemdir.

 

Son 20 ildə formalaşan müxtəlif təcrübələr göstərir ki, uzunmüddətli siyasətlərin və stimulların yoxluğu, bərpa olunan enerji sənayesini və bazarını dəstəkləyən siyasət tədbirlərində aydınlığın, ardıcıllığın və vizionun olmaması bərpa olunan enerji layihələrinin gerçəkləşməsinə ciddi maneələr yarada bilir. Bu baxımdan bərpa olunan enerji mənbələrinə sərmayənin genişləndirilməsi üçün istənilən təşəbbüsün əsas komponenti milli səviyyədə siyasət öhdəliyinin olmasıdır. Belə öhdəlik bir qayda olaraq hökumətin qəbul etdiyi proqram və strategiyalarda öz əksini tapır. Amma həmin sənədlərin mükəmməl hüquqi bazasının olması son dərəcə vacibdir ki, bu baza isə müxtəlif tənzimləyici normativ sənədlər kimi təsdqilənir.

 

4. Bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində dövlət-özəl sektor tərəfdaşlığı

 

Alternativ enerji layihələrinin gerçəkləşdirilməsi üçün maliyyə qıtlığının aradan qaldırılmasının mümükn mexanizmlərindən biri də bərpa olunan enerji istehsalında dövlət-biznes tərəfdaşlığı (DBT) modelidir. Büdcə məhdudiyyətləri dövlət orqanları tərəfindən ictimai xidmətlərin göstərilməsi imkanlarına birbaşa təsir edir və bu aşağı xərclərlə keyfiyyətli (həmçinin effektiv) dövlət xidmətlərinin göstərilməsi üçün vasitələrin axtarışına səbəb olur. Bu nöqtədə, özəl sektorun maliyyəyə çıxışı, səriştə və təcrübə baxımından dövlət sektoru ilə müqayisədə özəl sektorun nisbi üstünlüyü DBT-nin tətbiqi sferasını genişləndirir. Bu mexanizmin effektiv işləməsi üçün bütün maraqlı tərəflərin məsuliyyətini tənzimləyən aydın çərçivə olmalıdır. DBT modelində dövlət və bizneslə yanaşı üçüncü və ən mühüm maraqlı tərəflərindən biri maliyyə təminatçılarıdır. Maliyyə institutları praktikada modelin iki tərəfini təşkil edən dövlət və özəl sektorlar arasında münasibətlərin təməl ünsürdür.

 

Bu mexanizm ənənəvi satınalmaları və özəlləşdirmə təcrübələri arasında formalaşan bir sistem olub satınalmadan daha mürəkkəbdir və uzunmüddətli idarəetmə müqavilələrinə əsaslanır. Müxtəlif konsessiya modelləri var. “Tik-işlət-təhvil ver”, “tik-işlət-sahib ol”, “tik-icarəyə götür-təhvil ver” və s. ən geniş yayılmış formalardır. “Tik-İşlət-Təhvil ver” modelində özəl sektoru təmsil edən investor müqavilə əsasında konkret dövlət xidmətlərinin göstərilməsi üçün infrastrukturu yaradır, nəzərdə tutulmuş müddətdə həmin ictimai xidmətin göstərilməsi öhdəliyini öz üzərinə götürür, müqavilə müddətinin sonunda infrastrukturu dövlətə təhvil verir.

 

“Tik-işlət-sahib ol” modeli xüsusilə elektrik enerjisi layihələrilə bağlı geniş yayılıb. Bərpa olunan enerji stansiyalarının istismar müddəti 40-45 ildən çox olmur. Bu baxımdan investorlar yalnız sahib ola biləcəkləri enerji infrastrukturuna sərmayə qoymağa maraqlı olurlar. Dövlət isə enerjinin zəmanətli satış tarifəri, valyuta riskinin sığortalanması kimi alətlərlə özəl sektoru “tik-işlət-sahib ol” modeli vasitəsilə bərpa olunan enerji layihələrinə stimullaşdıra bilir.

 

DBT mexanizmi özəl sektorun məhsuldar idarəetmə bacarıqlarının istifadə olunduğu, dövlətin isə investisiyaların koordinasiyası, ümumi planlaşdırma, nəzarət və siyasətin müəyyən edilməsi kimi sahələrə yönəldildiyi bir model kimi qəbul edilir. Dövlətin başqa bir vəzifəsi də hədəfləri və nəticələri müəyyən etmək, özəl sektor tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin ölçmək üçün performansın idarə edilməsi mexanizmini qurmaqdır. Dövlət sektoru bir çox xidmətləri optimal qiymətə və vaxtlı-vaxtında çatdırmağı hədəfləsə də, özəl sektora alternativ ola bilmir. Öz növbəsində, özəl sektor davamlı olaraq izlənildiyini bildiyi üçün keyfiyyətli fəaliyyət göstərməyə məcburdur.

 

DBT modelinin tətbiqilə bağlı müqavilələrdə riskin bölüşdürülməsi, layihə dəyərinin subyektlər arasında necə bölüşüdürüləcəyi, müqavilənin müddəti və s. kimi məqamlar aydın şəkildə təsbit edilir. Bu mexanizm özəl sektorun ictimai xidmətlərin göstərilməsinə cəlbini təmin etməklə yanaşı fiskal defisitin maliyyələşdirilməsi və dövlət borcunun azaldılması, yerli və xarici investorların infrastruktur layihələrə cəlb edilməsi, hədəf sektorlarda liberallaşma və institusional səmərəliliyin artırılması kimi müxtəlif məqsədlərə də çatmağa şərait yaradır. Bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr enerji (elektrik, qaz), su və kanalizasiya, telekommunikasiya, təhsil, səhiyyə, nəqliyyat və infrastruktur xidmətlərinin (hava limanları, limanlar, yollar, körpülər, dəmir yolları və s.) göstərilməsində DBT-dən alət kimi istifadə edirlər.

 

Bərpa olunan enerji layihələrində DBT modelinin tətbiqinin digər infrastruktur layihələrilə müqayisədə əsas fərqləndirici cəhəti odur ki, enerji sektoru əksər hallarda müəyyən zaman kəsiyi üçün subsidiyaya ehtiyac duya bilir. Dünyada bərpa olunan enerji sahəsində DBT modelinin tətbiqi sahəsində qabaqcıl təcrübəsi olan ölkələrdən biri kimi İspaniyada prosesin öyrənilməsi faydalı ola bilər. Bu ölkədə sözügedən proses ötən əsrin 90-cı illərində başladılmışdı. İlkin mərhələdə dövlət özəl sektorun stimullaşdırılması üçün hər kv/saat üçün dəstək müəyyən etmişdi. Özəl sektorun risklərinin nəzərə alınması qısa müddətdə biznesin DBT modelinə marağı artırdı və artıq 2000-ci- illərin başlanğıcında İspaniyada quraşdırılmış külək enerjisi gücünün 95,7%-i DBT modelinə əsaslanırdı. İspaniya ilə yanaşı İtaliyada da bərpa olunan enerji sektorunda DBT modelinə maraq var və son illərdə dövlətin DBT modelində iştirakı üçün ayırdığı vəsaitin həcmi və dövlətin payı artırılıb.

 

Bərpa olunan enerji sektorunda DBT modelinin tətbiqi sahəsində son illərdə Türkiyə də uğurlar qazanıb. Xüsusilə də SES və külək enerjisi stansiyalarının tikintisində “tik-istifadə et-təhvil ver” modeli əsasında özəl sektorla geniş əməkdaşlıq edilir. Hökumət külək enerjisinin alınması üçün özəl sektora zəmanətli tariflər  təklif edir. Məsələn, son illər bəzi layihələrdə külək enerjisi üçün satınalma zəmanəti 15 illik müqavilə müddətilə hər kv/saat üçün 7,3 sent təşkil edib. Türkiyəfə DBT modeli əsasında qurulan külək stansiyalarının sayı 20-yə yaxındır[11].

 

Şübhəsiz ki, DBT modelinin hökumət üçün müyyən riskləri də var. Belə ki, bu mexanizmin tətbiqi zamanı özəl investor bir qayda olaraq tələb olunan sərmayənin müyyən hissəsinin (əksər təcrübələrdə 20-25%-ni) öz kapitalı heabına qoyuluş edir. Yerdə qalan vəsaitlər hökumət zəmanətilə borc vəsaiti kimi cəlb olunur. Bu prosesdə mexanizm belədir: investisiyanı reallaşdırmaq məqsədi ilə özəl sektor və səlahiyyətli dövlət qrumunun ortaqlığı ilə hüquqi şəxs təsis edilir və bu subyekt  DBT çərçivəsində reallaşdırılacaq layihə üçün xəzinə zəmanəti vermək hüququ qazanır. Əgər investisiyadan gözlənilən nəticə əldə edilməzsə, DBT layihəsinin reallaşması üçün xaricdən xəzinədarlıq zəmanətilə alınan investisiya kreditləri dövlət borcuna çevrilir.

 

5. Azərbaycanda bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi: real vəziyyət və potensial imkanlar

 

Azərbaycan hökuməti alternativ enerjiyə sürətli keçidi təmin etmək üçün 2030-cu il üçün hədəfinə görə, ölkənin ümumi enerji istehsalı gücündə bərpaolunan mənbələrin payı hazırkı 17.3%-dən 30%-ə çatdırılmalıdır[12]. “VPC” şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulan hədəfə nail olmaq üçün 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır ki, bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiya ediləcəyi bildirilir.

 

Azərbaycan hökumətinin ictimaiyyət üçün açıqlamalarından aydın olur ki, enerji keçidi üçün zəruri sərmayələr əsasən xarici mənbələrdə axtarılır. Artıq Səudiyyə  Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinə görə[13], qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının, 240 MVt gücündə külək stansiyasının tikintisinə hazırlıq sürətlə davam edir. İlkin qiymətləndirmələrə görə, bu 2 stansiyanın reallaşdırılmasına 500 milyon dollar ətrafında vəsait xərclənəcək. Layihələrə investorların öz sərmayəsilə yanaşı beynəlxalq maliyyə qurunlarının da kredit xətti açacağı gözlənilir. Məsələn, Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə olan külək elektrik stansiyasının tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 105 milyon dollara qədər uzunmüddətli kredit ayıralacağı bildirilir[14]. Layihənin ümumi dəyəri isə 300 milyon  dollar təşkil edir.

 

240 MVt gücündə daha bir günəş stansiyasının da BP şirkəti tərəfindən Cəbrayıl rayonunda quraşıdırılacağı gözlənilir. Rəsmi şəxslərin açıqlamalarına[15] görə, bu layihə 200 milyon dollara başa gələcək.

 

Bu layihələrlə paralel olaraq işğaldan azad edilmiş ərazilərdə yeni Su Elektrik Stansiyaların (SES) tikintisi və mövcud olanlaırn isə bərpası istiqamətindən addımlar atılır. Həmin ərazilərdə ilk mərhələdə 131 MVt gücündə 27 stansiyanın bərpası və ya tikintisi nəzərdə tutulurdu ki, artıq onlardan 4 SES (22 MVt gücündə) dövlət büdcəsinin resursları hesabına həyata keçirilib. Rəsmi mənbələrdə bu layihələrin gerçəkləşdirilməsinə nə qədər vəsait xərcləndiyi barədə məlumat yoxdur. Lakin adının açıqlanmasını istəməyən mənbə hazırda tikintisi davam edən 27 MVt gücündə 5 SES üçün 55 milyon manata yaxın sərmayə xərclənəcəyini qeyd edir – yəni hər MVt qoyuluş gücü üçün təxminən 2 milyon manat sərf edilib. Həmin mənbə bildirir ki, yerdə qalan 18 stansiyanın (82 MVt gücündə) tikintisinə özəl investorların cəlbi nəzərdə tutulur və ilkin qiymətləndirmələrə görə onların reallaşdırılmasına ən azı 300 milyon dollar xərcələnəcək.

 

İRENA-nın Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlığın qiymətlədirilməsi ilə bağlı hazırlanmış hesabatda[16] isə qeyd edilir ki, 10 il ərzində (2005-2015-ci illər) günəş fotovoltaik və istilik nasosları, külək, kiçik su elektrik stansiyaları, biokütlə və tullantılar da daxil olmaqla, ayrı-ayrı enerji mənbələrinə 579,1 milyon ABŞ dolları (987,4 milyon manat) məbləğində investisiya yatırılıb, onlardan 480,9 milyon ABŞ dolları (820 milyon manat) və ya 83%-ni dövlət investisiyaları təşkil edib. Hesabatda əks olunan statistik məlumatlardan aydın olur ki, göstərilən sərmayə məbləğinin 467,5 milyon manatı (təxminən yarısı) biokütlə və tullantıların emalına, 250.2 milyon manatı SES-lərin qurulmasına və bərpasına, 164.3 milyon manatı külək enerjisinə, 105.1 milyon manatı isə günəş fotovoltaik və istilik nasosları ilə bağlı layihələrin reallaşdırılmasına yönəldilib.

 

Təşkilat ekspertlərinin qənaətinə görə, Azərbaycanda yüksək faiz dərəcələri üzündən hal-hazırkı investisiya mühitində enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində kreditləşmə əlverişli deyil.

 

Qeyd olunanlarla yanaşı, Azərbaycan hökuməti “Masdar” şirkəti ilə 4000 MVt gücündə günəş, külək və “yaşıl” hidrogen layihələrinin həyata keçirilməsilə qarşılıqlı razılıq əldə edib[17]. Yalnız dənizdə külək enerjisi hesabına 7200 MVt enerji gücünün yaradılması ilə bağlı gözləntilər var. Bu rəqəm Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə hazırlanmış “Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi”ində əks olunub. Hökumət 2040-cı ilə qədər kənardan investisiyalar cəlb etməklə bu gücün yaradıla biləcəyinə inanır[18].

 

Azərbaycan hökyməti yaşıl enerji hədəfinə yetişməkdə dənizin potensialı ilə yanaşı işğaldan azad edilmiş ərazilərin imkanlarını da yüksək qiymətləndirir.  Bir müddət öncə hökumət “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı da təsdiq etdi[19]. Plana əsasən, sənədin qüvvədə olduğu dövrdə bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası üzrə tədbirlərin həyata keçirilməsi, bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsi, Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi, Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının qurulması, Xudafərin və Qız Qalası SES-lərin tikintisi, hidroenerji potensialının, o cümlədən istismarı nəzərdə tutulan SESlərin gücünün qiymətləndirilməsi, hidroenerji potensialından istifadə istiqamətində kiçik SES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi, bioenerji və geotermal enerji potensialından istifadə istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilməlidir. Bu sənəddə yaşıl enerji texnologiyalarının tətbiqilə bağlı ayrıca fəaliyyətlər nəzərdə tutulur. Məsələn, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblərin müəyyən edilməsi, yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı modeli əsasında layihələrin həyata keçirilməsi və s. həmin iqtiqamətlərə daxildir.

 

İlkin hesablamalara görə, hazırkı qiymətlərlə Azərbaycanın 100 faiz bərpa olunan enrjiyə keçidi (təxminən 10 000 MVt gücün yaradılması) 30 mlrd. dollara yaxın sərmayə tələb edilir. Bu güc həcmi hazırda Azərbaycanın malik olduğu məcmu istehsal gücündən təxminən 50% çoxdur.

 

Azərbaycan hökuməti 22 iyul 2022 –ci ildə təsdiqlədiyi  “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində[20] “yaşıl enerji” hədəflərinə uyğun bir sıra tədbirlər də müəyyən edib. Həmin fəaliyyətlərə bərpa olunan enerji infrastrukturunun dövlət‒özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi və s. daxildir. Bu fəaliyyətlər nəticəsində elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının hazırkı 17,3%-dən 24%-ə çatdırılması hədəflənir.

 

Azərbaycanda dövlət-biznes tərəfdaşlığı (DBT) modeli əsasında bərpa olunan enerji layihələrinə özəl sərmayənin cəlb edilməsi üçün müəyyən hüquqi baza olsa da, son illər həyata keçirilən alternativ enerji layihərinin təcrübəsi göstərir ki, hökumət bu mexanizmə maraq göstərmir. Əsas səbəb odur ki, Azərbaycanda elektrik enerjisi bazarı liberallaşmayıb və sərbəst bazar mexanizmlərinin işləməsi üçün hüquqi şərtlər mövcud deyil. Qiymətləndirmələrə görə, elektrik enerjisi sektorunda sərmayə qoyuluşları və layihənin real icraya başlaması dövrü 3-6 il intervalında dəyişir, paylaşdırıcı şəbəkələrdə isə investisiyanın geridönüşümü 10 ilə qədər zaman tələb edir. Belə vəziyyətdə sektorun investorlar üçün proqnozlaşdırıla bilən olması ən vacib şərtdir ki, dünya təcrübəsində bu mühitin yaradılmasına məhz bazarın liberallaşdırılması sayəsində nail olunub. Azərbaycanda elektroenergetika sektroru bütünlüklə dövlət inhisarındadır. Ənənəvi şaquli sistem (istehsal, nəql, paylaşdırma, satış seqmentinin vahid orqanizm kimi dövlət energetika şəbəkəsində cəmlənməsinə əks olunan sistem) tam gücü ilə fəaliyyət göstərir. Bütün seqmentlərdə inhisarçı mövqeyə sahib şirkətlər hökmran idarəetməyə sahibdir. Elektirik enerjisi bazarının nə bütövlükdə özü, nə də onun hansısa bir ayrıca gütürülmüş elementi mövcud deyil.

 

DBT modeilinin tətbiqinə yaşıl işıq yandıran hüquqi bazaya görə isə bu mexanizm bərpa olunan enerji seqmentini əhatə edə bilər. Belə ki, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”  Qanunun[21] 3-cü maddəsinə əsasən, geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlərin yaradılması, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə bağlı fəaliyyətlər “Tik-idarə et-təhvil ver” modelinin tətbiq dairəsinə düşə bilər.  Sözügedən qanuna görə, investor öhdəlik götürdüyü tikinti və infrastruktur obyektinin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına) və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır. Müqavilədə investorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin həyata keçirilməsinin müddəti müəyyənləşdirilərkən, investisiya xərclərinin (əldə ediləcək gəlir daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin geri qaytarılması müddəti, habelə layihənin xüsusiyyətləri, investisiyanın məbləği və obyektlərin idarə olunma prinsipləri nəzərə alınmalıdır. “Tik-idarə et-təhvil ver” modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz. Öz növbəsində, bu mexanim çərçivəsində həyata keçirilən investisiya qoyuluşları nəticəsində göstərilən xidmətlərin dəyəri xidmətlərin növü, istehlakın həcmi, keyfiyyəti və təhlükəsizliyi nəzərə alınmaqla tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Səlahiyyətli dövlət orqanı investorun göstərdiyi xidmətlərin müəyyən həcminin satın alınmasına dair zəmanət öhdəliyi götürə bilər. Əgər hansısa ictimai xidmətlər üzrə DBT modeli çərçivəsində investora zəmanət verilərsə, zəmanətin həcminə uyğun məbləğ dövlət büdcəsində nəzərdə tutulmalıdır.

 

Ölkə prezidentinin 7 dekabr 2016-cı il tarixli fərmanı[22] ilə DBT modelinin çərçivəsində təqdim ediləcək ictimai xidmətlərin dəyərinin müəyyən edillməsi qaydaları da təsdiqlənib. Bu qaydalara görə, investisiya qoyuluşu nəticəsində təqdim ediləcək xidmətlərin dəyəri müsabiqə komissiyası tərəfindən fərqli metodlar əsasında müəyyən edilə bilər. Məsələn, “xərc üstəgəl mənfəət metodu” tətbiq edildikdə xərclər beynəlxalq mühasibat uçotu standartlarına və prinsiplərinə əsasən, mənfəət isə müvafiq sahə üçün milli və ya beynəlxalq təcrübədə tətbiq edilən gəlirlilik dərəcələri əsasında müəyyən edilməlidir. Yaxud “xidmətlərin dəyərinin yuxarı həddinin müəyyən edilməsi metodu” tətbiq edildikdə investisiya layihəsi üzrə təqdim olunacaq xidmətlərin bazar qiymətinə investor güzəşt təklif edir və müqavilənin qüvvədə olacağı müddətdə bu güzəşti saxlamaq öhdəliyi götürür. Bazar qiyməti faktiki xərcləri əks etdirmədikdə və ya bazarda analoji qiymət olmadıqda, müsabiqədə ən böyük güzəşt tətbiq etmək öhdəliyi götürülən təklifə qiymət meyarı üzrə ən yüksək bal verilir.

 

6. İnvestorlara bərabər rəqabət imkanınnın yaradılması üçün hərrac mexanizminin tətbiqi

 

Son illər dünyada bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi üçün rəqabətli qiymətə nail olmaq üçün hərracların təşkili mühüm mexanizmlərdən birinə çevrilib. Bu, hökumət tərəfindən bərpa olunan enerjiyə əsaslanan elektrik enerjisinin müəyyən gücü və ya istehsalı üçün tender elanını nəzərdə tutur. Bərpa olunan enerji hərracları “tələb hərracları” və ya “satınalma hərracları” kimi tanınır. Hərraca qoşulan iddiaçılar layihənin rentabelli icrasnı təmin edəcək elektrik enerjisi qiymətini (hər kv/saat üçün) təqdim edir. Səlahiyyətli dövlət orqanı təklifləri qiymət və digər meyarlar əsasında qiymətləndirir, qalib iddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalayır. Qlobal miqyaslı hərrac mexanizminə artan marağın səbəbi onların bərpa olunan elektrik enerjisinin yaxşı planlaşdırılmış, qənaətcil və şəffaf şəkildə istehsalına  nail olmaq potensialına malik olması ilə bağlıdır. Hərracların üstünüyü onların çevikliyində, real qiymətin aşkar edilməsi potensialında və öhdəliklərə və şəffaflığa zəmanət vermək qabiliyyətindədir. İnvestor nöqteyi-nəzərindən hərracda qalib gəldikdən sonra bağlanan uzunmüddətli müqavilə müəyyən müddətə (adətən 15-20 il) zəmanətli gəliri təyin etməklə onun maraqlarını qoruyur. Öz növbəsində, bir oyunçu kimi dövlət üçün hərraclar büdcə vəsaitlərinə qənaət  etməyə imkan verir, çünki əksər hərraclarda mümkün olan ən aşağı qiymət formalaşır.

 

Bu tip spesifik hərraclar həm elektrik enerjisinin real iqymətinin müəyyən edilməsi, həm də riskli investisiya mühitində investorların cəlbinin asanlaşdırılması baxımından stimullaşdırıcı alət hesab edilir. Hazırda dünyada 60-a yaxın ölkədə bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi alınması üçün hərraclar təşkil edilir[23].

 

Hərrac mexanizminin enerji istehsalçılarını şəffaf tender şərtləri və uzunmüddətli qiymət zəmanəti, istehlakçıları isə rəqabət nəticəsində mümkün olan aşağı qiymətlə enerji ilə təmin etməsini uzunmüddətli analizlər də göstərir. Məsələn, 2010-2016-cı illər bir çox ölkələrdə orta qiymətlər günəş enerjisi üzrə 250 dollar/MVt-dan 50 dollar/MVt-a, külək üçün isə 80 dollar/MVt-dan 40 dollar/MVt-a düşüb. Çili, Meksika, Mərakeş, Peru və BƏƏ kimi hərrac modelinin geniş yayıldı ölkələrdə bərpa olunan enerji qiymətləri 2-5 dəfə aşağı düşüb[24].

 

Bərpa olunan enerji istehsalı sahəsində böyük uğurlar qazanan Danimarkanın hərracların keçirilməsi istiqamətində də mühüm təcrübəsi var. Danimarkalı hökumət təmsilçilərinin məlumatına görə, hərrac mexanizmi iddiaçılar arasında sərt rəqabətlə müşayiət olunduğu üçün təklif olunan enerji qiymətlərində də ciddi enmə baş verir. Qiymətlərin aşağı olması dövlət büdcəsini subsidiya dəstəyindən xilas edir. Belə ki, bir sıra hallarda tariflər yüksək olduğu tədqirdə hökumət müxtəlif əhali qruplarının sosial dəstəklənməsi məqsədilə subsidiya mexanizmi tətbiq etməyə məcbur qalır. Hökumət hərracları qiymət tavanı (hər kv/saat üçün maksimum tarif) təşkil edir. Maksimum qiyməti ötməyən iddiaçılarla bərpa olunan enerji istehsalının təşkili və qiymət zəmanətinin verilməsinə dair razılaşma imzalanır. Ölkənin ətraf mühit və energetika nazirinin məlunatına görə, son illər subsidiyalaşmanın həcmi 30% azalıb[25].

 

Bərpa olunan enerji hərraclarının keçirən uğurlu ölkələrdən biri də Peru hesab edilir. Bu ölkədə hərraclar kifayət qədər yüksək rəqabət şəraitində keçir və bəzən iddiaçıların sayı 30-a çatır. Qalib olmaq üçün aşağı qiymət təklifiilə yanaşı bir sıra ixtisas tələblərinə (xüsusən sahə üzrə təcrübə və peşəkarlıq) cavab vermək şərtdir. Layihənin icrasına öncədən təminat almaq, müqavilə öhdəliyini vaxtında yerinə yetirilməsinə əmin olmaq üçün iddiaçılar müəyyən məbləğdə vəsaiti təminat olaraq təqdim etməlidirlər. Bu məbləğ hərracda təklif olanan gücün həcmindən asılı olaraq fərqlidir (20 min dollardan 100 min dollara qədər). Əgər layihənin icrası müqavilədə göstərilən tarixdən 1 il gecikmə ilə baş verərsə, hökumət birtərəfli qaydada razılaşmaya xitam vermək hüququna malikdir[26].

 

Cənubi Afrikada hərracların təşkilində şəffaflıq və bərabər iştirakçılığın təmin edilməsi baxımından mühüm bir mexanizm işlənib. Səlahiyyətli dövlət qurumu hərracların keçirilməsində əvvəl bütün iddiaçıların iştirakı konfrans təşkil edir, cavablanadırmalı olduqları bütün sualları aydınlaşdırır. Əlavə olaraq, hər hansı dəyişiklikləri bütün bazar agentlərinə bərabər şəkildə çatdırmaq məqsədilə xüsusi veb-sayt yaradılıb.

 

Keçmiş sovet respublikaları arasında Qazaxıstanın hərraclarln təşkili sahəsində müəyyən təcrübə toplayıb. Qazaxıstanın hələ 2013-cü ildə qəbul etdiyi strategiyaya görə, 2050-ci ilə qədər elektrik enerjisinin 50%-ni bərpa olunan enerji mənbələrindən əldə olunması hədəflənir. 2014-cü ildə bərpa olunan enerji mənbələrinə investisiya cəlb etmək üçün «yaşıl” tariflər tətbiq olunsa da, bu mexanizm gözlənilən səmərəni vermədi. “Yaşıl” tarif mexanizminin əsas çatışmazlığı dünyada bərpa olunan enerjinin dəyərinin sürətlə azalmasını nəzərə ala bilmədi. Ona görə də hökumət  bərpa olunan enerji mənbələri üzrə hərracların təşkilinə maraq göstərməyə başladı. Ölkədə ilk hərrac 2018-ci ildə keçirilib. Son 4 ildə isə Qazaxıstanda elan edilmiş 1,07 GVt gücün təklif edildiyi 28 hərrac keçirilib ki, ondan da 609 MVt-ı külək enerjisi, 356 MVt-ı günəş fotovoltaik, qalanı isə su və biokütlə enerjisi üzrə olub. Bundan əlavə, eyni müddət ərzində hərraca çıxarılan qiymətlər texnologiyadan asılı olaraq əvvəllər müəyyən edilmiş “yaşıl” tariflərdən ən azı 15% və hətta 66% aşağı olmuşdur. Qazaxıstanda hərracların təşkili təcrübəsi IRENA-nın dəstəyilə formalaşıb[27].

 

Hələlik təcrübədə istifadə edilməsə də, bərpa olunan enerji istehsalı sahəsində rəqabət mühitinin yaradılması, investorların şəffaf meyarlar əsasında seçilməsi üçün Azərbaycan qanunvericiliyində müəyyən hüquqi müddəalar da mövcuddur. Belə ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna[28] əsasən, hərrac və ya müsabiqə bərpa olunan enerji mənbələri ərazisində müəyyən edilmiş güc üzrə elektrik enerjisi istehsal edəcək istehsalçının seçilməsi və elektrik enerjisinin satınalma müqaviləsində tətbiq ediləcək zəmanətli tarifin müəyyən edilməsi məqsədinə xidmət edən mexanizmdir. Adıçəkilən qanunun 8-ci maddəsinə görə, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə səlahiyyətli hakimiyyət orqanı tərəfindən həyata keçirilməlidir. Hərrac auksion formasında keçirildiyi halda bərpa olunan enerji mənbələri ərazisində istehsal olunacaq elektrik enerjisinin zəmanətli alıcı tərəfindən satınalınması üçün ən aşağı qiymət təklifi vermiş şəxs hərracın qalibi hesab olunur. Lakin bəzi hallarda (məsələn, dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda) istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi üsuluna müraciət edilir.  İstər hərrac, istərsə də birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçı ilə bir neçə bağlanılmalıdır. Həmin razılaşma sənədlərinə investisiya müqaviləsi, elektrik enerjisinin satınalma müqaviləsi, elektrik şəbəkəsinə qoşulma müqaviləsi daxildir. Bundan əlavə, hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçildikdən sonra istehsalçı ilə bərpa olunan enerji mənbələrinin ərazisinin əhatə etdiyi torpaq sahəsi (su obyekti) üzərində hüquqların əldə edilməsi ilə bağlı müqavilə bağlanmalıdır. Torpaq sahəsinin icarəyə götürülmə və su obyektindən istifadə müddətləri tərəflər arasında razılaşdırılır. Zəmanətli tariflər isə ya hərrac vasitəsilə, ya istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə səlahiyyətli dövlət orqanı arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

 

Yeri gəlmişkən, İRENA-nın hazırladığı bərpa olunan enerji mənbələrindən istifadə imkanları ilə bağlı Azərbaycan üçün hazırladığı qiymətləndirmə hesabatına[29] qeyd edilir ki, hazırda Azərbaycan bərpa olunan enerji hərraclarının keçirilməsi üzərində işləyir. Bu məqsdələ Energetika Nazirliyi yüksək bərpa olunan enerji mənbəyi intensivliyinə malik zonaları müəyyənləşdirmək və prioritetləşdirmək üçün yerrində aparılan ölçmələr aparmaq istiqamətində müəyyən addımlar atır. Nazirlik artıq ümumi gücü 750 MVt olan səkkiz zona (beş külək və üç günəş) artıq müəyyən edib. Bu ərazilərdə torpaqların mülkiyyət statusu və təyinatı, ətraf mühitə təsirlər və mövcud infrastruktur barədə ilkin qiymətləndirmələr aparılmışdır. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi hərraclarının hazırlanmasına və həyata keçirilməsinə yardım” layihəsi həyata keçirilir. Agentlik ekspertləri bildirir ki, bərpa olunan enerji mənbələrinin yerli bazarında ilkin inkişafın dəstəklənməsi üçün zəmanətli tariflər son dərəcə vacibdir. Lakin bərpa olunan enerji mənbələri bazarı inkişaf etdikcə, bazar qiymətlərinin müəyyən edilməsi yolu ilə bərpa olunan enerji mənbələrinin daha aşağı qiymətlərlə alınması üçün hərraclardan istifadə imkanlarını nəzərdən keçirilməsinə ehtiyac var.

 

7. Təqdim olunan analizin əsas nəticələri və təkliflər

 

Analizin ortaya çıxardığı əsa nəticələr kimi aşağıdakıları qeyd etmək mümkündür:

 

  • Qlobal miqyasda, xüsusən inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrdən istifadə üçün nəhəng vəsaitlər xərclənir və hər il yatırılan sərmayələrin həcmi sürətlə genişlənir; 

 

  • Alternativ enerji mənbələrindən istifadə sahəsində hökumətlər nə qədər fəal rol alsalar da, əsas sərmayədarlar kimi özəl sektor çıxış edir və ümumi sərmayələrin azı 85%-i biznesin hesabınadır;

 

  • Bərpa olunan enerji layihələrinin maliyyələşməsində institusional investorların (pensiya və sığorta fondları, təbii sərvət fondları və s.) rolu sürətlə artıb;

 

  • 2050-ci ilə qədər ümumi enerji istehlakında bərpa olunan mənbələrin payını ən pis ssenaridə azı 65%-ə çatdırmaq üçün 22,3 trilyon dollar, “100% yaşıl enerji” hədəfinə yetişmək üçün isə 50 trilyon dollar yaxın investisiyaya ehtiyac var;

 

  • Nəhəng sərmayələr hesabına son 10 ildə istifadəyə verilən enerji gücünün artımı bərpa olunan enerji üzrə 130% təşkil etdiyi halda, ənənəvi elektrik enerjisi növləri üzrə  24%-i ötməyib.

 

  • Dünyada bərpa olunan enerji layihələrinin gerçəkləşdirilməsində dövlət-özəl sektor partnyorluğu modeli kifayət qədər populyarlıq qazanıb.

 

Qeyd olunan nəticələri və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində uğurlu təcrübələri nəzərə almaqla Azərbaycanda bu sektora özəl investorların stimullaşdırılması üçün aşağıdakı təkliflərin reallaşmasını məqsədəuyğun hesab etmək olar:

  • Orta və uzunmüddətli dövr üzrə elektrik enerjisi bazarının liberallaşdırılması baş verməsə, özəl sərmayənin bərpa olunan enerji mənbələrindən istifadə üzrə layihələrə marağının olmayacağı realdır. Hökumət energetika sektorunda azad bazar mexanizmlərinin tətbiqilə bağlı aydın baxışını və strateji yanaşmasnı nümayiş etdirməlidir;
  • Neft Fondunun ayırmaları və karbon tullantılarına görə biznesə tətbiq olunan vergilər (həmçinin cərimələr) hesabına muxtar fəaliyyət göstərən “Yaşıl Enerji Fondu”nun yaradılması nəzərdən keçirilə bilər. Bu fond bərpa olunan enerji layihələri üçün kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, çox aşağı faizlə (maksimum 2-3%) kreditlər təklif edə, “yaşıl istiqrazlar”ın emitentləri üçün maliyyə zəmanətləri təqdim edə, böyük layihələrdə dövlətin ortaq iştirakının maliyyələşdirilməsi üçün vəsait ayıra bilər;
  • Bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində dövlət-özəl sektor tərəfdaşlığı inkiaşaf etdirlməlidir. Bu model təqdim etdiyi zəmanətlərlə investorları bərpa olunan enerji layihələrinə stimimullaşdırır.  
  • Hərrac mexanizminin təşkili təcrübəsindən geniş istifadə edilməlidir. Bu mexanizmin effektiv və şəffaf tətbiqini təmin etmək üçün hərracların təşkililə bağlı etibarlı qaydalar və normativ-hüquqi əsaslar yaradılmalıdır.

  

Hazırladı: NHMT İB Ekspert qrupu


[1] https://www.irena.org/publications/2019/Jan/Towards-100-percent-renewable-energy-Status-trends-and-lessons-learned

[2] https://www.irena.org/publications/2020/Sep/Renewable-Energy-and-Jobs-Annual-Review-2020

[3] https://www.irena.org/publications/2022/Jun/Tracking-SDG-7-2022

[4] https://www.irena.org/publications/2019/Jan/Towards-100-percent-renewable-energy-Status-trends-and-lessons-learned

[5] https://www.irena.org/publications/2022/Jun/Tracking-SDG-7-2022     

[6] https://www.irena.org/publications/2022/Mar/World-Energy-Transitions-Outlook-2022

[7] https://www.irena.org/publications/2022/Mar/World-Energy-Transitions-Outlook-2022

[8] https://www.irena.org/publications/2021/Jun/Renewable-Power-Costs-in-2020

[9] https://www.irena.org/publications/2020/Jan/RE-finance-Institutional-capital

[10]https://www.irena.org/publications/2016/Jun/Unlocking-Renewable-Energy-Investment-The-role-of-risk-mitigation-and-structured-finance

[11] https://www.researchgate.net/publication/290781122_Yenilenebilir_Enerji_Yatirimlarinin_Finansmaninda_Kamu-Ozel_Sektor_Isbirlikleri_Ruzgar_Enerjisi_Santralleri_Ornegi

[12] https://www.respublica-news.az/uploads/files/pdf_archive/d32870652c-20211020.pdf

[13] http://www.e-qanun.az/framework/47151

[14] https://berpaolunanenerji.az/news/ebrd-azerbaycana-kulek-elektrik-stansiyasinin-tikintisine-105-mln-dollar-ayiracaq-2022-06-14-184344

[15] https://banker.az/z%C9%99ngilan-c%C9%99brayil-bolg%C9%99sind%C9%99-tikil%C9%99c%C9%99k-ges-in-d%C9%99y%C9%99ri-aciqlanib/

[16] https://www.irena.org/publications/2019/Dec/RRA-Republic-of-Azerbaijan-Azerbaijani

[17] https://minenergy.gov.az/az/xeberler-arxivi/energetika-nazirliyi-ve-masdar-quruda-ve-denizde-umumi-gucu-4-qvt-olan-kulek-ve-gunes-enerjisi-layiheleri-uzre-icra-muqavileleri-imzalayib

[18] https://minenergy.gov.az/az/xeberler-arxivi/denizde-kulek-enerjisi-uzre-yol-xeritesi-teqdim-olunub

[19] https://nk.gov.az/az/document/6209/

[20] https://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_20222026_ci_illerde_sosial_iqtisadi_inkisaf_Strategiyasi-2224547

[21] https://e-qanun.az/framework/32612

[22] https://e-qanun.az/framework/34279

[23] https://www.irena.org/newsroom/articles/2015/Aug/Auctions-Emerge-as-Key-Instrument-to-Promote-Renewable-Energy

[24] https://biz.liga.net/ekonomika/tek/opinion/pochemu-auktsiony-eto-put-razvitiya-alternativnoy-energetiki

[25] https://www.pv-magazine.com/2019/12/06/danish-renewables-auction-too-successful-at-driving-down-public-cost-of-clean-energy/ 

[26] https://www.irena.org/publications/2015/Jun/Renewable-Energy-Auctions-A-Guide-to-Design

[27] https://www.irena.org/publications/2021/Jul/RRA-Belarus-RU

[28] https://e-qanun.az/framework/47842

[29] https://www.irena.org/publications/2019/Dec/RRA-Republic-of-Azerbaijan-Azerbaijani