NHMT - Alternativ enerjiyə qoyulan milyardlıq investisiyanın şəffalığı və icra vəziyyəti

Alternativ enerjiyə qoyulan milyardlıq investisiyanın şəffalığı və icra vəziyyəti

Alternativ enerjiyə qoyulan milyardlıq investisiyanın şəffalığı və icra vəziyyəti

 

Giriş

 

Karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsi dünya ölkələrini bərpa olunan enerji mənbələrinə sürətli keçidini təşviq edir. Buna görə müxtəlif ölkələr 2030-2050-ci illər üzrə bu istiqamətdə fəaliyyət proqramlarını hazırlayıblar.

 

Azərbaycanda da alternativ (bərpa olunan) enerji ilə bağlı tədbirlər 2004-ci ildən start götürməyə başlayıb. Bununla bağlı, 2004-cu ildə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı” qəbul olundu və qarşıya bir sıra hədəflər qoyuldu. Lakin Dövlət Proqramının qarşısına qoyulan 20 bəndlik məqsədlərin icrasında ciddi problemlər yaşandı. Sözügedən sənəddə alternativ enerji (bərpa olunan) mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, respublika ərazisizində  bərpa olunan enerji mənbələrinin elmi-tədqiqat işinin mütəmadi qurulması üçün mərkəzin yaradılması, bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bundan əlavə, sovet dövründə tikilən və sonrakı dövrlərdə aşınmaya məruz qalan bir sıra kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi, yeni su, günəş və külək stansiyalarının tətdiqi və təmini həyata keçirilməli idi.

 

Bu istiqamətdə qanunvercilik bazasının yaradılması 2005-2007-ci illərdə nəzərdə tutulsa da, yalnız 2021-ci ildə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunları qəbul olundu.

 

Qarşıya qoyulan hədəflərə necə nail olundu?

 

Dövlət Proqramı üzrə qarşıya qoyulan hədəflərdən biri elektrik enerjisinin istehsalında diversifikasiyanın təşkili idi. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən dövr ərzində- 2005-2020-ci illərdə elektrik enerjisinin istehsalında 11,5 faiz artım olub. (Bax: İnfoqrafika 1). 2005-ci ildə elektrik enerjisinin istehsalı 22,8 milon kVt/saat olduğu halda, 2020-ci ildə 25,8 milyon kVt/saat təşkil edib.

 

İnfoqrafika 1

 

Lakin bu artım daha çox yanacaqdan və istilikdən alınan enerji hesabına baş verib. DSK-nın statistikasından aydın olur ki, ümumi elektrik enerjisinin istehsalında İES-lərin payı 2005-ci ildə 84,6 faiz olubsa, 2020-ci ildə 87 faizə yüksəlib.

 

DSK-nın rəqəmlərinə nəzər yetirəndə bərpa olunan mənbələrdən elektrik enerjisinin əldə olunması şaxələndirilsə də, ümumi enerji həcmində qənaətbəxş səviyyədə deyil. Hətta bərpa olunan enerjinin həcmində azalma müşahidə edilir. Bu azalma özünü hidroenerjinin həcmində göstərir. Belə ki, əgər 2005-ci ildə sözügedən mənbədən istehsal  3 milyon kVt\saat və ya ümumi istehsalda 13,2 faiz təşkil edibsə, 2020-ci ildə bu göstərici 1 milyon 069 min kVt/saat olub. Bu da ümumi istehsalın 4,1 faizidir. Əvəzində yeni dönəmdə külək və günəşdən alınan elektrik enerjisinə dair statistikanı görmək olur. Bu gün ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin ümumi həcmi cəmi 5,5 faiz idi. Onun da 75 faizi sovet dövründən inşa olunan SES-lərin payına düşür.

 

Halbuki 2010-cu ildə qarşıya qoyulan hədəf  sözügedən mənbələr üzrə istehsal həcmini 2020-ci ilə kimi 20 faizə çatdırmaq idi.[1] Bunun üçün Dövlət Proqramında da "Quba", "Qusar", "Çiçəkli", "Zeyxur", "Nügədi", "Balakən", "Çinarlı kimi kiçik SES-lərin özəlləşdirilməsi, “Varvara” SES-in yenidənqurulması, Vayxır çayı üzərində su elektrik stansiyası kimi layihələrin icrası nəzərdə tutulurdu. Layihələr icra olunsa da, effektivliyi özünü doğrultmayıb.

 

Cədvəl: Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin həcmi.

 

yanacaqla  işləyən ES və İES-lər

 SES-lər

müəssisələrin  daxili  ehtiyaclarının ödənilməsinə  xidmət edən  stansiyalar (yanacaqla  işləyən)

külək  elektrik  stansiyaları

günəş  elektrik  stansiyaları

tullantıların yandırılmasından 

2005

19.344,0

3.009,0

430,5

-

-

-

2006

21.407,0

2.518,0

475,9

-

-

-

2007

19.051,0

2.364,0

432,0

-

-

-

2008

19.090,0

2.232,0

319,6

-

-

-

2009

16.289,0

2.308,0

269,2

2,1

-

-

2010

15.003,0

3.446,0

259,7

0,5

-

-

2011

17.317,0

2.676,0

301,0

-

-

-

2012

19.537,0

1.821,0

1.630,0

-

-

-

2013

20.065,6

1.489,1

1.664,0

0,8

0,8

134,1

2014

21.401,2

1.299,7

1.848,1

2,3

2,9

173,5

2015

20.904,6

1.637,5

1.955,3

4,6

4,6

181,8

2016

20.699,0

1.959,3

2.062,0

22,8

35,3

174,5

2017

20.445,4

1.746,4

1.899,5

22,1

37,2

170,3

2018

21.242,9

1.768,0

1.934,1

82,7

39,3

162,2

2019

22.289,7

1.564,8

1.872,9

105,4

44,2

195,9

2020

22.471,3

1.069,5

1.954,6

96,1

47,0

200,6

 

Su elektrik stansiyalarının həcmini çıxsaq, 2013-2020-ci illdə ərzində yeni yaradılan alternativ mənbələrdən alınan elektrik enerjisi təqribi 1,3 faiz təşkil edib. (Bax: İnfoqrafika 2)

 

İnfoqrafika 2

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov SES-lərin istehsal gücünün aşağı düşməsinin səbəbini iqlim dəyişikliyi ilə əlaqədar su mənbələrinin azalması ilə izah edir. “2010-cu ildə qarşıya qoyulan əsas hədəf 2020-ci ildə alternativ enerjidən əldə olunacaq elektrik enerjisinin həcmini 20 faizə çatdırmaq idi. Lakin  2020-ci ildə bu göstərici  5,5 faiz oldu. Yəni bərpa olunan enerji mənbələrindən inkişaf çox aşağı templə getdi. Qlobal istiləşmənin yaratdığı fəsadlardan dolayı su mənbələr azaldı. Ona görə hidro mənbələri üzrə elektrik enerjisinin istehsalında azalma baş verdi”.

 

Alternativ (bərpa olunan) enerjiyə ayrılan 1 milyardlıq xərcin şəffaflığı və hesabatlılığı

Bu müddət ərzində bərpa olunan enerji ilə bağlı aşağıdakı layihələr həyata keçirilib:

Qobustan Hibrid Elektrik Stansiyası

Suraxanı Günəş Elektrik Stansiyası

Pirallahı Günəş Elektrik Stansiyası

Sahil Günəş Elektrik Stansiyası

Samux Günəş Elektrik Stansiyası

Şəki KSES

Masallı rayonu Boradigah kənd idman zalında quraşdırılmış günəş qurğusu

BeyləBeylaqan  rayonu Xocavənd rayon idman zalında quraşdırılmış günəş qurğusu

Sabirabad Regional ASAN xidmət mərkəzində quraşdırılmış günəş qurğusu

“Masallı rayonu Boradigah kənd idman kompleksi” MMC

Biləsuvar rayon məcburi köçkünlər üçün inşa edilmiş 6 məktəb və 6 uşaq bağçası kompleksi

Bakı şəhəri üzrə sosial obyektlərdə quraşdırılmış günəş panelləri və istilik nasosları

Bərk Məişət Tullantıları Zavodu

 

Energetika Nazirliyinin məlumatın görə, həyata keçirilmiş ilk “yaşıl enerji” layihələrindən biri Qobustan Hibrid Elektrik Stansiyası və Eksperimental Poliqonudur ki, burada külək, günəş və biodenerji qurğuları birgə istismar edilir. İstehsal olunan elektrik enerjisi elektrik şəbəkəsinə ötürülür. Layihə gücü 6,4 MVt təşkil edən stansiya 2013-cü ildən istismara verilib.

 

Bununla yanaşı, hər birinin layihə gücü 2,8 MVt olan Suraxanı, Pirallahı, Samux və Sahil günəş elektrik stansiyaları tərəfindən istehsal edilən elektrik enerjisi də mövcud şəbəkəyə ötürülür. Suraxanı və Pirallahı günəş elektrik stansiyaları 2014-cü ildə, Samux Günəş Elektrik Stansiyası 2015, Sahil Günəş Elektrik Stansiyası isə 2018-ci ildə istismara verilib.

 

Yuxarıda sözügedən layihələrin icrası üçün  2005-2015-ci illər ərzində 1 milyarada yaxın vəsait xərclənib.

 

“2005-2015-ci illər arasında bərpa olunan enerji mənbələrinə, o cümlədən istilik nasosları, günəş, külək, kiçik hidro, biokütlə və tullantılardan enerji istehsalı layihələrinə 987,4 milyon manat sərmayə qoyulub. Həmin dövrdə sərmayənin 820 milyon manatını, yəni 83%-ni dövlət investisiyaları təşkil edib”- Energetika Nazirliyinin Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına veridyi məlumatda qeyd edilir.  İnfoqrafika 3-də göründüyü kimi, onun 467.5 milyon manatı biokütlə və tullantılara, 105,1 milyon manatı günəş, 164,3 milyon manatı külək, 250.5 milyon manatı hidroenerji stansiyalarına sərmayə edilib.  

 

İnfoqrafika 3

2005-2015-ci illərdə bərpa olunan enerji mənbələri üzrə investisiyaların miqdarı (mln, AZN)

Bərpa olunan enerji sahəsində islahatlarının aparılması üçün 2009-cu ildə ilk dəfə mərkəzləşdirilmiş qaydadı dövlət qurumu yaradılsa da, mütəmadi olaraq struktur dəyişikliyi investisiyaların effektivliyinə, onların şəffaflığına da öz təsirini göstərib. [2]Çünki hər dəfə prezident fərmanı ilə köklü dəyişiklik qurumun sələflərinin fəaliyyətinin hesabatlılığı məsuliyyətindən kənarda qala bilib. Yuxarıda sözügedən layihələrin dövlət büdcəsinin hansı mənbələri hesabına həyata keçirilməsi, dövlət satınalmaları, layihələrin həyata keçirən şirkətlər barədə ictimaiyyət üçün kifayət qədər məlumat təqdim edilmir. Məsələn, 820 milyon manatlıq dövlət sərmayəsinin büdcənin  investisiya xərclərində 100 milyon manatı görünür (2010-2015-ci illər ərzində)

 

Layihələrin bir hissəsi 2009-cu ildə yaradılan,  Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, daha sonra müstəqil fəaliyyət  göstərən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilib.

 

Bundan əlavə Fransanın Fransanın “Constructions Industrielles de la Méditerranée S.A.” (“CNİM” S.A.) şirkəti tərəfindən tikilən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ümumlikdə, 344 milyon avroya başa gəldiyi göstərilir[3]. Zavod “Təmiz Şəhər”ASC-nin tabeçiliyində fəaliyyət göstərir.  Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən  maliyyələşdirlib. Nazirliyin məlumatında isə, biokütlə və tullantılardan enerji alınmasına üçün qurulan infrastrukura 467.5 milyon manat investisiya edildiyi göstərilir.

 

DSK-nin məlumatına görə, zavodun istehsal etdiyi enerjinin həcmi 200 milyon kVt\saat təşkil edir “Təmiz Şəhər” ASC-nin maliyyə hesabatlarından görünür ki, ASC böyük zərərlə işləyir[4], üstəlik dövlət büdcəsindən 33 milyon manat (2021 və 2022-ci ilin hər birində) subsidiya da alır.[5] Doğrudur, ASC-nin balansına bir çox müəssisələr- tullantıların qəbulu, çeşidlənməsi və sair bu kimi müəssisələr də daxildir. Əgər paytaxt Bakıda tullantılardan enerji əldə edilməsində rentabelliyi təmin etmək mümkün deyilsə,  belə bir layihənin regionlarda tətbiq edilməsində risklər yaradır. Halbuki, dünyada alternativ və bərpa olunan mənbələr arasında tullantıların idarə edilməsi və ondan enerji əldə olunması əsas prioritetlərdən biridir.

 

Energetika Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda Bərk məişət tullantıları zavodunun fəaliyyəti nəticəsində illik təxminən 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət edilir.

 

Yeni qərinəyə yeni həfədlər: layihələr və investisiyalar özünü doğruldacaqmı?

 

2011-ci ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası”nın (2012-2020) hazırlanması üçün prezident sərəncam imzalayıb. Bu məqsədlə Sənaye və Energetika Nazirliyinin (indiki Energetika Nazirliyi  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0  milyon manat vəsait ayrılıb.

 

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”indəki 5 istiqamətdən biri də məhz “bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsidir.

 

Milli Prioritetlər çərçivəsində hazırlanan “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası” sənədində qarşıya qoyulan strateji hədəf elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%-ə, 2030-cu ilədək isə 30 %-ə çatdırılmasıdır.

 

Bundan əlavə, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” məqsədlər arasında əsas hədəf indikatorları [6]Bərpa olunan enerji infrastrukturunun dövlət‒özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi; Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi; Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi; Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi durur.

 

Nəticə

 

- Energetika Nazirliyinin məlumatında qeyd edilir ki, 2030-cu ilə qədər bərpa olunan mənbələrdən alınacaq enerjinin həcmini artırılması istiqamətində xarici investorlarla artıq bir neçə layihənin həyata keçirilməsinə başlanılıb.

 

- Bu çərçivədə 2020-2021-ci illərdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı icra müqavilələri, daha sonra isə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

 

- 240 MVt gücündə Xızı-Abşeron KES-in təməlqoyma mərasimi cari ilin 13 yanvar tarixində baş tutub. Dəyəri təqribən 300 milyon ABŞ dolları həcmində qiymətləndirilən layihə tam olaraq xarici investisiya hesabına həyata keçirilir. Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül kəndi ərazisində tikilməkdə olan Xızı-Abşeron Külək Elektrik Stansiyası hesabına illik 1 milyard kVt·st həcmində enerji istehsalı ilə 300 min evin elektriklə təmini, 220 milyon kub metr təbii qaza qənaət və 400 min tondan artıq karbon qazı emissiyasının atmosferə atılmasının qarşısının alınması gözlənilir.

 

- 230 MVt gücündə Qaradağ GES-in isə cari ilin 15 mart tarixində təməli qoyulub. Layihənin ümumi dəyəri 220 milyon ABŞ dollarından çoxdur. Tam olaraq xarici investisiya hesabına həyata keçirilir. Ələt qəsəbəsində inşa olunan stansiyada illik 500 milyon kVt·st  elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 110 milyon kub metr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcəkdir.

 

Beləliklə, hər iki layihə hesabına Azərbaycanın bərpa olunan enerji sahəsinə ilk dəfə olaraq 500 milyon ABŞ dollarından çox xarici investisiya cəlb edilib.

 

- Bundan başqa, 2022-ci ilin 4 iyun  tarixində Energetika Nazirliyi və “Masdar” şirkəti arasında ümumilikdə 4000 MVt gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılması ilə bağlı 2 İcra Müqaviləsi imzalanıb. Müqavilələr quruda 1000 MVt gücündə sənaye miqyaslı günəş və 1000 MVt gücündə külək enerjisi, həmçinin dənizdə 2000 MVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsini nəzərdə tutur. Layihələrin icrası ilə milyardlarla ABŞ dolları həcmində xarici sərmayənin ölkəmizə cəlbi gözlənilir.

 

- Eyni zamanda, yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi də əsas prioritetlərdəndir. Cəbrayılda 240 meqavatlıq Günəş Elektrik Stansiyasının reallaşdırılması üzrə “bp” ilə əməkdaşlıq bu ərazilərdə xarici sərmayə qoyuluşunun ilk nümunəsidir. Mühəndislik dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, investisiya və digər müqavilələrin 2023-cü ilidə imzalanması və stansiyanın inşasına başlanması planlaşdırılır.

 

- Kəlbəcər-Laçında 400 MVt gücündə külək elektrik stansiyasının inşasının xarici, 83 MVt gücündə 18 ədəd kiçik SES-in bərpasının isə özəl sərmayə hesabına həyata keçirilməsi planlaşdırılır. Həmçinin, bu ərazilərdə ümumilikdə 150 MVt gücündə damüstü günəş enerjisi sistemlərinin qurulmasına da özəl investisiyanın cəlbi nəzərdə tutulur. Bütün bu layihələrin 2026-cı ilədək reallaşdırılması planlaşdırılır. Bu istiqamətdə görüləcək tədbirlər cari ilin 21 iyun tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” nda öz əksini tapıb. [7]

 

- Bundan başqa, Tərtərçayın sol sahil magistral kanalı üzərində ümumi gücü 20,7  MVt olan su elektrik stansiyası layihəsinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində tikilməsi imkanları araşdırılır. Nazirlik bu layihə üzrə 3 kiçik su elektrik qurğusunun tikintisinə investorların marağının öyrənilməsi məqsədi ilə 19 şirkətə, həmçinin bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinə sorğu sənədi ünvanlayıb.

 

- Böyükşor gölündə isə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən pilot layihə çərçivəsində 100 kVt (95 kVt suda, 5 kVt quruda) gücündə üzən günəş elektrik stansiyasının tikintisi artıq yekunlaşır. Eyni zamanda, hazırda Böyükşor gölü üzərindəki layihənin 50-60 MVt qoyuluş gücünədək artırılması, həmçinin Mingəçevir su anbarı üzərində 200 MVt gücündə günəş elektrik stansiyası üzrə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində layihənin hazırlanması üzrə Asiya İnkişaf Bankı ilə danışıqlar aparılır.

 

Ekspert Sadiq Həsənov isə bildirir ki, Azərbaycanda müəyyən layihələrin həyata keçirilməsinə baxmayaraq, alternativ enerjininin inkişaf etdirilməsində hesabatlılıq və şəffaflıqla bağlı çətinliklərin hələ də qalmasıdır.

 

“İndi Azərbayan hökuməti çalışır ki, 2030-cu ilə qədər alternativ enerjinin həcmini 30 faizə çatdırsın. Ona görə də, qanunvericilikdə təkmilləşdirmə işləri aparılır. Ərəb şirkətləri ilə müqavilə bağlayırlar, alman şirkətləri ilə layihələr hazırlanır. Ancaq vətəndaş cəmiyyətinin iştirakçılığının zəif olması nəticəsində şəffaflıq məsələləri hələ ki, aşağıdır. Hələ də tam əminliklə deyə bilmirik ki, 5 ildən sonra hədəflənən nəticəni ala biləcəyikmi? Çünki 2020-ci ilə qədər qarşıya qoyulan hədəf yerinə yetirilə bilinmədi” - ekspert bildirir.

 

Hazırladı

NHMT İB ekspert qrupu


[1] https://president.az/az/articles/view/12402

[2] 16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.[1]

1 iyun 2012-ci il tarixində Prezident Fərmanı ilə Agentlik ləğv edilərək Dövlət Şirkəti yaradılıb.

1 fevral 2013-cü ildə Şirkət “Azalternativenerji” MMC-yə çevrilir və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılaraq onun nəzdinə verilir.

2019-cu ildə Agentlik ləğv edilir və 22 sentyabr 2020-ci ildə  Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

[3] https://anl.az/down/meqale/azerbaycan/azerbaycan_noyabr2009/94665.htm

[4] https://tamizshahar.az/az/haqqimizda/senedler/maliyye-hesabatlari

[5] https://azertag.az/xeber/Temiz_Seher_ASC_ye_33_milyon_manat_vesait_ayrilacaq-1919258

[6] https://static.president.az/upload/Files/2022/07/22/5478ed13955fb35f0715325d7f76a8ea_3699216.pdf

[7] : https://nk.gov.az/az/document/6209/