NHMT - AZƏRBAYCANIN NEFT SEKTORUNDA ƏMƏK, IQTISADI VƏ SOSIAL HÜQUQLAR ÜZRƏ QANUNVERICILIYIN ICRA VƏZIYYƏTININ QIYMƏTLƏNDIRILMƏSI MÜSTƏQIL MONITORINQ HESABATI

AZƏRBAYCANIN NEFT SEKTORUNDA ƏMƏK, IQTISADI VƏ SOSIAL HÜQUQLAR ÜZRƏ QANUNVERICILIYIN ICRA VƏZIYYƏTININ QIYMƏTLƏNDIRILMƏSI MÜSTƏQIL MONITORINQ HESABATI

Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra  vəziyyətinin qiymətləndirilməsi Müstəqil monitorinq hesabatı

 

Bakı şəhəri, Yanvar 2013          

 

Mündəricat

 

1. Giriş

2. 2012-ci ilin kütləvi hal almış qanun pozuntuları.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar

4. Beynəlxalq Əmək Təşkilatı Konvensiyaları

5. Azərbaycan Respublikası Konstitusiyası

6. Dövlət Dili haqqında qanun

7. ARDNŞ-də Təhlükəsizlik xidməti(Vəzifə səlahiyyətlərini  aşma )

8. ARDNŞ-də qəzalar

9. Məsuliyyət və cəza əvəzinə mükafat

10. İşçi hüquqlarını  hansı qurumlar müdafiə etməlidir?

10.1. Həmkarlar İttifaqları Təşkilatı

10.2. Dövlət Əmək Müfəttişliyi Xidməti

11. NHMT

-Hüquqi yardım

-Sosial dialoq

-Məhkəmə çəkişmələri

-Məhkəmə monitorinqləri –Məhkəmə Hüquq Şurasına müraciət

-İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

 

1.Giriş

 

1.1.Məsuliyyətdən azad olma

 Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri,  şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri əsasında hazırlanmışdır. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra   olunduğunu mümkün olan dərəcədə qiymətləndirməkdir.

Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındaki problemlər öz əksini tapmış, həmin problemlərin həlli üçün təklif və tövsiyyələr də verilmişdir.

Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların  şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.

 

1.2.Təşkilatın missiyası

NHMT Azərbaycanın enerji sektorunda  insan haqlarının qorunması,  enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə  istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

1.3.Təşkilatın hüquqi statusu və fəaliyyəti.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın  neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində   vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı  bir-biri ilə əlaqəli  silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardı:

-Protection and training of labor rights (http://nhmt-az.org/ts_general/eng/prj/prj1-anons-1.php )

-Activities in the field of transparency assurance in oil revenues expenditure: ( http://nhmt-az.org/ts_general/eng/prj/prj2-anons-1.php )

-Anti-corruption program implementation-related activities(http://nhmt-az.org/ts_general/eng/prj/prj3-anons-1.php)

-Public control over huge projects and the projects funded by International Financial Institutions and  monitoring conduction; Monitoring IFI’s activities in AzerbaijanL http://nhmt-az.org/ts_general/eng/prj/prj5-anons-1.php)

-Gender fəaliyyəti

 

 2.2012-ci ilin kütləvi hal almış qanun pozuntuları.

  • ARDNŞ-də 20 000-dən çox işçinin qanunsuz ixtisarlar yolu ilə və ya məcburi surətdə ərizə yazdırmaqla əmək müqaviləsinə xitam verilməsi.
  •  ARDNŞ-də 2012-ci ildə   mühəndis texniki işçilərin əmək haqqı 52 faiz artıb, lakin bu  artım əmək xəsarəti ilə əlaqədar aylıq kompensasiya alan işçilərə şamil edilməyib.
  • ARDNŞ və Xarici şirkətlərdə sistemli və işçilərin iradəsinin əlehinə olaraq müddətli Əmək müqavilələrinin bağlanması: 1, 2, 3,6 ay və ya ən çoxu 1 il müddətinə.
  • Maersk Şirkətində əmək xəsarəti almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə kütləvi artımın tədbiq edilməməsi. 2012-ci ildə bu şirkətdə işçilərin əmək haqqı 20 faiz artıb, lakin bu artım əmək xəsarəti ilə əlaqədar aylıq kompensasiya alan işçilərə şamil edilməyib -.
  • RCB (Riqblast) Şirkətində əmək xəsarəti almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə kütləvi artımın tədbiq edilməməsi. 2012-ci ildə bu şirkətdə işçilərin əmək haqqı 30 faiz artıb, lakin bu artım əmək xəsarəti ilə əlaqədar aylıq kompensasiya alan işçilərə şamil edilməyib
  • Əmək xəsarəti və ya peşə xəstəliyinin qeydə alınmaması, sığorta ödənclərinin edilməməsi: ARDNŞ, Bos Şelf, Maersk Şirkəti və RCB (Riqblast) Şirkəti.

 

3.Azərbaycan Respublikasının əmək qanunvericiliyi

Ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları əsasən aşağıda qeyd olunan idarə və müəssisələrdə müşahidə olunmuşdur. Məhz bunun nəticəsində yüzlərlə insanın haqqı pozulmuş, iş yerlərini itirmiş, xəsarət almış və ya faciəli surətdə həlak olmuşdur.

2012-ci il ərzində Azərbaycan  Respublikasının neft sənayesində çalışan  1420 nəfərə (ətraflı əlavə 1-də) yaxın işçi əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqlarınin pozulması ilə əlaqədar NHMT-na müraciət etmişdir.

 

3.1. Əmək Məcəlləsinin 68 (Əmək müqaviləsinə qanunsuz xitam verilmə), 69.7 ( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etmək), 79.1-cu maddələrinin pozulması (İşəgötürən tərəfindən Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar ) aşağıda qeyd olunan idarə və müəssisələrdə qeydə alınmışdır:

-ARDNŞ-nin strukturuna daxil olan: Kompleks Qazma Tresti, “Azəriqaz” İstehsalat Birliyi. Suraxanı Oyl Şirkəti,  Enermek şirkəti., Abşeron və Bayıl Limanı Qazma İdarələri, Gəmi Təmiri Zavodu, Abşeron Donama İdarəsi,   Neft Daşları Neft və Qazçıxarma İdarəsi, Nərimanneft Neft və Qazçıxarma İdarəsi, Bahar Enerji Əməliyyat Şirkəti, Maersk şirkəti.Azərkimya İB

 

3.2. Əmək Məcəlləsinin 44.3-cü maddəsinin pozulması (Əmək Müqaviləsinin surətinin işçilərə təqdim edilməməsi):

  • ARDNŞ-ə məxsus əksər idarə və müəssisələrdə, Maersk şirkəti, Balaxanı Oyl,Metal Qaynaq Sınaq Zavodu.

3.3. Əmək Məcəlləsinin 83-84-cü maddələrinin pozulması (Əmək Müqavilələlərinin sənədləşdirilməsi və xitam verilməsi qaydası: xitam verilərkən əmrin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi):

  • ARDNŞ-nin Gəmi Təmiri zavodu və Nəqliyyat İdarələri. Suraxanı Oyl, Metal Qaynaq Sınaq Zavodu.

3.4. Əmək Məcəlləsinin 44.3-cü maddəsinin pozulması (Əmək xəsarətinin gizlədilməsi və qeydə alınmaması):

  • Bos Şelf Şirkəti, ARDNŞ-nin aparatı.

3.5. Əmək Məcəlləsinin 239-cü maddəsinin pozulması (Əmək xəsarəti ilə əlaqədar kompensasiyaların qanuvericiliklə nəzərdə tutulan qaydada ödənilməməsi):

  • ARDNŞ-nin Nəqliyyat İdarəsi, Maersk şirkəti, RCB (Riqblast) şirkəti.

3.6. Əmək Məcəlləsinin 77, 78, 79-cu maddələrinin pozulması (qanunsuz ixtisarların aparılması):

  • ARDNŞ-nin Kompleks Qazma Işləri Trestində il ərzində: 1200-dən çox işçi qanunsuz yollarla ixtisar olunmuş, üçdə iki hissədə əmək haqqı ödənilmiş və ya ödənişsiz məzuniyyətə göndərilmişlər.Bu hadisə Enermek şirkəti. Bayıl Limanı Qazma İdarəsində də.müşahidə olunmuşdur.

3.7. Əmək Məcəlləsinin 97, 98, 99, 164, 165-ci maddələrinin pozulması (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

  • Bu fakt Nərimanneft NQÇİ, 28 May NQÇİ, Maersk şirkəti, Metal Qaynaq Sınaq Zavodunda müşahidə olunub.

3.8. Əmək Məcəlləsinin 2-5, 42-44-cü maddələrinin pozulması. (Mülki hüquqi müqavilələrin bağlanması.)

2012-ci ildə də Azərbaycanın neft sənayesində fəaliyyət göstərən müəssisə rəhbərləri (Caspian Car Hire Limited MMC şirkəti – 21 nəfərlə. Hertel şirkəti) işçilərin qanunları bilməməsindən və ya maarifləndirilməməsindən sui-istifadə edərək Əmək Məcəlləsinə və onun şərtlərinə uyğun Əmək müqaviləsi deyil, Mülki Məcəllə və digər normativ hüququ aktlarla tənzimlənən podrat, komission, xidmət, tapşırıq və sair kimi mülki hüququ müqavilələr bağlayırlar. Müəssisənin əsas istehsalat sahəsinə aid olan və ştat cədvəlində olan bütün işçilərlə birmənalı olaraq Əmək Məcəlləsinə və onun şərtlərinə uyğun Əmək müqaviləsi bağlanmalıdır. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin bu tələblərinin dəfələrlə və sistemli surətdə pozulmasına baxmayaraq, əmək qanunvericiliyinin təmin olunmasına dövlət nəzarətini həyata keçirən orqan  olan Dövlət Əmək Müfəttişliyi Xidməti də işəgötürənlərin müvafiq məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmir. Mülki Məcəllə və digər normativ hüququ aktlarla tənzimlənən podrat, komission, xidmət, tapşırıq və sair kimi mülki hüququ müqavilələr bağlayan işçilər işdən azad olunarkən, Əmək Məcəlləsində nəzərdə tutulan təminatlardan (əmək kitabçası almaq, iş stajının hesablanması, ixtisarla və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar müavinatların ödənilməsi, müəssisənin gəlirindən pay almaq, əmək xəsarətinin qeydə alınması,  əmək xəsarəti ilə əlaqədar müavinatların ödənilməsi və sair) istifadə etmək hüququnu itirirlər.

3.9. Azərbaycam Əmək Məcəlləsinin 45.4. maddəsinin pozulması.(Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Bu gün Azərbaycanın neft sektorunda fəaliyyət göstərən müəssisələrin 90 faizində,əsasən də ARDNŞ-də işin daimi xarakterdə olmasına baxmayaraq  1, 2, 3, 6 ay və 1 il müddətinə olmaqla müddətli əmək müqavilələri bağlanılır. Bu isə arzuolunmaz işçilərdən yaxa qurtarmaq üçün ən asan vasitədir.Bu halları Azneft İstehsalat Birliyi, Azəriqaz İstehsalat Birliyi, RCB (Riqblast) şirkəti, Balaxanı Oyl şirkəti, Maersk şirkəti, Suraxanı Oyl şirkətiində daha çox  müşahidə olunur.Məhz bunun nəticəsində hər il yüzlərlə insan işsiz qalır.

3.10. Əmək Məcəlləsinin 63-cü maddəsinin pozulması.(Bu maddəyə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.)

2012-ci ildə Balaxanı Oyl Əməliyyat şirkətində Əmək Məcəlləsinin bu şərtinə əməl edilməmiş və mülkiyyətçi dəyişərkən digər tələblər pozulmaqla bərabər, işçilərin daimi müqaviləsi müddətli əmək müqaviləsi ilə bağlanmışdır. Bu da işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin müddət bitdikdən sonra  asanlıqıa pozulması ilə nəticələnir.

Məhz 2010-cu ildə bu maddənin tələblərini pozmaqla işçilərlə müddətli əmək müqaviləsi bağlamış Bahar Enerji Əməliyyat şirkəti sonradan bu vəziyyətdən istifadə edərək 700-dən çox işçini işdən azad etdi.

3.11. Azərbaycan Respublikası Prezidentinin sərəncama əsasən, ARDNŞ-nin balansında olan diaqnostika mərkəzləri, tibb məntəqələri, təcili tibbi yardım stansiyalar  və başqa tibbi müəssisələr 01 yanvar 2012-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansına verilib. Bu sahədə işləyən və təşkilata müraciət edən işçilər ARDNŞ tərəfindən Əmək Məcəlləsinin 77–ci maddəsində nəzərdə tutulan qaydada 2 aylıq işdənçıxma müavinətləri ödənilmədiyini bildirirlər.

3.12. Əmək Məcəlləsinin 215, 217, 222, 239-cu maddələrinin və Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması (İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın ödənilməməsi)

2012-ci ildə əməyin mühafizə qaydalarının pozulması nəticəsində neft sektorunda 59-dan çox bədbəxt hadisə baş vermişdir. Bu Təşkilata məlum olan və ya mətbuat vasitəsi ilə əldə olunan faktlardər. Reallıqda isə bu rəqəmlər daha çoxdur. Bədbəxt hadisələrin çox hissəsi müəssisələr tərəfindən gizlədilir və ya qeydə alınmır.

 

2012-ci ildə Azərbaycanın Neft sektorunda həlak olmuş işçilərin sayı – 13 nəfər olmuşdur.

1. Cəfərov Elxas Ramiz oğlu. Salyan Oyl Əməliyyat Şirkəti 

2. Məmmədov Fikrət. ARDNŞ, “Azneft” İB-nin Qaz Anbarları İdarəsi  

3. Gözəlov Şakir. ARDNŞ-nin Neft Daşları Neft və Qazçıxarma İdarəsi.

4. Məmmədov Fərəməz. ARDNŞ-nin Balaxanıneft Neft və Qazçıxarma İdarəsi.

5. Elginc Yılmaz. BP-nin subkontrak müəssisəsi. Türkiyə vətəndaşı

6. Şiriyev Natiq Vəlhəd oğlu. Binəqədi oyl Əməliyyat  Şirkəti.

7. Zahid Səlimov. ARDNŞ-nin Nərimanneft Neft və Qazçıxarma İdarəsi.

8. Südçü Əli Muradoğlu. Tekfen Birgə Müəssisəsi. Türkiyə vətəndaşı.

9. Fəxrəddin Əkbərov. ARDNŞ-nin   Neft Donama İdarəsi.

10. İsmayıl Məmmədov. ARDNŞ.

11.Mirzəyev İnşallah. ARDNŞ. H. Əliyev adına NEZ

12. Quliyev İslam. ARDNŞ. Geofizika və Geologiya İdarəsi.

13. Məmmədov İsmayıl. ARDNŞ-nin Neft Daşları Neft və Qazçıxarma İdarəsi.

 

İş yerində vəfat etmiş işçilərin ailə üzvlərinə və qohumlarına hüquqi yardım göstərilib. Bu işçilərin ailə üzvləri və ya qohumları cavabdeh müəssisələrdən müxtəlif səbəblərdən çəkinir, qohumlarının pozulmuş hüquqlarının bərpa olunması üçün əksər hallarda məhkəməyə müraciət etmək istəmirlər.

 

2012-ci ildə Azərbaycanın Neft sektorunda əmək xəsarəti almış işçilərin sayı- 46 nəfər olmuşdur.(əlavə 1)

Bu sahədə əmək xəsarəti almış və təşkilata müraciət etmiş işçilərə, vəfat etmiş işçilərin qohumlarına hüquqi yardım göstərilib. Əmək xəsarətlərinin qeydə alınması və ya müavinətlərin qanunvericiliklə nəzərdə tutulan qaydada ödənilməməsi ilə əlaqədar işçilər və onların qohumlarından bir çoxu cavabdeh müəssisələrdən müxtəlif səbəblərdən çəkinir və məhkəməyə müraciət etməklə öz hüquqlarının bərpa olunmasına nail omaq istəmirlər.

Əmək xəsarəti almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə kütləvi artımın tədbiq edilməsi ilə əlaqədar   ARDNŞ, Maersk Şirkəti və RCB (Riqblast) Şirkətinə qarşı Qaradağ, Nəsimi, Səbail Rayon və Bakı Apellyasiya məhkəmələrində, məhkəmə mübahisələri davam edir.

Bəzən şirkətlər əmək xəsarəti almış işçilərə dəymiş ziyanı ödəmək istəmirlər. Məsələn: Maersk Driling Servises  MMC istehsalatda əmək xəsarəti almış 2-ci qrup əlil Sərvər Kərimova,  Rigblast şirkəti Asif İbrahimova, ARDNŞ-nin Nəqliyyat İdarəsi Şərif Quliyevə və Əlisultan Mütəllimova bu ödəncləri ödəmir, yaxud da az ödəyir.

3.13. Əmək Məcəlləsinin 21-ci maddəsinin 3-cü bəndinin  pozulması. (İdarə və müəssisələırdə siyasi partiyaların,dini qurumların fəaliyyətinə yol verilmir)

ARDNŞ və onun strukturuna daxil olan idarə və müəssisələrdə iqtidar patiyasına (Yeni Azərbaycan partiyası (YAP) üzvlük məcburidir və hər müəssisədə (Siyasi partiyalar haqqında olan qanuna zidd olaraq) YAP-nın özəyi fəaliyyət göstərir. İşə qəbul olunan işçılər  siyasi mənsubiyyətlərini işə qəbulla əlaqədar anketində məcburi olaraq göstərməlidir. Müxalif partiya üzvləri ya öz siyasi mənsubiyyətini gizli saxlayır, ya da onu müxtəlif bəhanələrlə işə qəbul etmirlər

3.14.   Əmək Məcəlləsinin 154-cü maddəsinə və digər normativ hüquqi aktların pozulması. (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair əlavələr-tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulmalıdır.)

ARDNŞ-də, xüsusən dəniz özüllərində və platformalarında işləyən işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində qanunsuzluqlara yol verilir. Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və əlavə ödənişlər kimi ödənilmir

4.Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları

 

4.1. Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Konvensiyasını və  Əmək Məcəlləsinin 154-cü maddəsi pozulması.

2 ildən artıqdır ki, “Azərneftyanacaq ” Neft Emalı Zavodunun işçiləri,  mütamadi olaraq,  iş günü olmayan hər həftənin şənbə və bazar günləri iməclik(könüllü) adı ilə qanunsuz olaraq işə çağırılırlar və bu zaman onların əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada ikiqat ödənilmir. Işçilər bildirirlər ki, zavodda bununla əlaqədar əmək müqaviləsində nəzərdə tutulan ödənişlər də aparılmır. Bu barədə müraciət edən işçilərə isə bildidirlər ki, bu iməcilik olduğuna görə onlara heç bir əmək haqqı ödənilməyəcək. Daha çox haqqını tələb edən işçilərə isə əmək müqavilələrinə xitam veriləcəyi barədə hədə-qorxu gəlinir.

 

4.2. Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması

Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

BP, Statoyl, RCB, Maersk, Enermek kimi şirkətlərdə işçilərin həmkarlar ittifaqlarında birləşmə hüququna süni yollarla manelər yaradılır.

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində isə iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

  • İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir;
  • İşəgötürənlər ;şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

4.3.Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya ( №111)

Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskrinimasiya halları mövcudur ki,bu özünü həm əmək haqqının ödənilməsində(xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin şmək haqqı arasında kəskin fərq var)həm də yüksək vəzifələrdə(rəhbər səviyyəsində)yerli işçilərin olmamasinda özünü birüzə verir.

5.Azərbaycan Respublikasının Konstitussiyasının müvafiq maddələrinin pozulması

5.1. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin pozulması. (Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.)

5.2. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və  Müraciət etmək haqqında  Azərbaycan Respublikası Qanununun pozulması və müraciət etməklə əlaqədar təqiblər.

 

2012-ci ildə əmək hüquqlarının bərpası ilə əlaqədar dövlət orqanlarına və məhkəməyə müraciət edən işçilər   müraciətə görə müxtəlif vasitələrlə təqib olunmuşlar. Bu hallar daha çox Maersk şirkətində, RCB şirkətində, Suraxanı Oyl Şirkətində, BP və Enermek şirkətində baş vermişdir.

6.Dövlət dili haqqında qanunun pozulması

6.1.Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin pozulması. (Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. )

6.2.Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi. (Dövlət dili haqqında Azərbaycan Respublikası qanununu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar). Bu qanunlarin pozulması aşağıdakı şirkətlərdə müşühidə olunub:

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) abreviaturası ingilis dilində yazılir.Yəni, ARDNŞ əvəzinə SOCAR yazılır .Bunu ARDNŞ prezidentinin və məsul işçilərinin   çıxışlarında, mətbuatla görüşlərində, hətta    ARDNŞ-nin veb səhifəsində də müşahuidə etmək olar .Veb səhifədən misal:

 "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 2 neft, 1 qaz emalı zavodu, Neft Donanması, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 22 struktur bölməsi var.”

  • ARDNŞ işçilərinin xidməti vəsiqələrində  ARDNŞ deyil, SOCAR yazılır.
  • ARDNŞ-nin strukturuna daxil olan inzibati binaların qarşısında ARDNŞ deyil, SOCAR yazılır. 
  • Xarici şirkətlərdə ingilis dilini bilməyən işçilərə qarşı dillə əlaqədar diskriminasiya hallarına yol verilir və azərbaycan dilli işçilərin bilik və peşəkarlığından asılı olmayaraq işə qəbulunda bununla əlaqəda problem yaranır.
  • Xarici şirkətlərdə əmək müqaviləsi istisna olunmaqla, kərküzarlıq və sənədləşmə işləri azərbaycan dilində deyil, ingilis dilində aparılır.
  • Xarici şirkətlərdə: əsas və birinci dil ingilis dili, rus dili isə ikinci dil hesab edilir. 

 

7. ARDNŞ-də təhlükəsizlik xidməti

 Azərbaycan Respublikası neft sənayesi obyektlərinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə 23 dekabr 2005-ci il tarixdə ARDNŞ-nin nəzdində Təhlükəsizlik İdarəsi yaradılmış, dənizdə və quruda fəaliyyət göstərən mədənlərin, neft və qaz rezervuarlarının, digər obyektlərin mühafizəsi həmin idarəyə tapşırılmışdır. Təşkilata edilən müraciətlər və araşdırmalar göstərir ki, ARDNŞ-nin bu İdarəsinin öz fəaliyyətindən kənara çıxma halları müşahidə olunur:

-2012-ci ilin fevral ayının 29-da ARDNŞ təhlükəsizlik xidməti tərəfindən saat 18.00 radələrində 4 neftçi ailəsi məhkəmə qərarı olmadan ARDNŞ-nə məxsus olan ailəvi yataqxanadan ,  zorla mənzillərindən çıxarılıb Hal hazırda bu işçilərin mənzil hüquqlarının bərpası ilə əlaqədar  (Şəmiyev  Rəhman  Məhəmməd oğlunun, Mirzəyev  Bədirxan Balamirzə  oğlunun  və Hacıyev Lətif Sultan oğlunun iddialarının təmin olunması barədə) Səbail Rayon və Bakı Apellyasiya məhkəmələrinin qərarlar qəbul edilib.

.- məhkəmə qərarı və icra vərəqi olmadan vətəndaşların mülklərini və tikililərini sökürlər. Bu     söküntü işləri Bibiheybətdə,  Balaxanıda,  NZS sahəısində, Binəqədidə, Sulutəpədə və sair ərazilərdə həyata keçirilib.

 -2012-ci ildə  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qanunsuz olaraq ev söküntüsünə rəhbərlik edən Azərbaycan Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları tərəfindən “Ayna” qəzetinin əməkdaşı İdrak Abbasova və “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayevaya fiziki güc tətbiq olunub

 

8. ARDNŞ-də qəzalar

1. 2012-ci ildə Bakıda Heydər Əliyev adına Neft Emalı zavodunda qəza baş verib. Hadisə qaz borusuna yüksək təzyiqli qaz dolduğundan ani partlayış olub Hadisə zamanı ölən və yaralanan olub.

2. Bakı şəhəri, Sabunçu rayonunda mədən ərazisində neftyığma məntəqəsinə keçən 200 mm-lik neft boru kəməri deşilib.  baş vermiş hadisə nəticəsində xam neft 50 kv.m sahəyə dağılıb, 

3. 2012-ci ildə “Azəriqaz»ın anbarında yanğın olub.   Hadisə martın 25-dən 26-a keçən gecə Bakı-Salyan yolunun 14-cü kilometrliyində Qaradağ rayonu ərazisində qeydə alınıb. Azərbaycan Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin qarajının ümumi sahəsi 500 kv.m olan anbarın içərisində 4 kv.m sahədə karton taralarda avtomobil ehtiyat hissələri və projektorlar yanıb .

4. 2012-ci ildə dəm qazından ölənlərin sayı  100-ə yaxındır. Bu ölümlərin müəyyən hissəsi qaz cihazları ilə əlaqədardısa, əsas hissəsi bu Birliyin keyfiyyətsiz qaz verməsi, tez-tez qazın verilməsinin kəsilməsi, hava vurulması və onlar tərəfindən istismar qaydalarının pozulması ilə əlaqədardır.

 

9. Məsuliyyət və cəza əvəzinə mükafat

Əmək Məcəlləsi. Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət:

İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Yuxarıda qeyd olunanlardan görünür ki,işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələbləri müntəzəm olaraq pozulur, lakin təəssüflər olsun ki, bu hüquqpozmalara görə onlar məsuliyyətdən kənarda qalırlar. Ən təcüblüsü isə  "Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev neft-qaz sənayesi işçilərini (18 oktyabr 2012-ci il)qurultay münasibətilə təbrik etmiş və bildirmişdir ki, Ümum Həmkarlar İttifaqları Konfederasiyası Şurasının qərarına əsasən Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev Konfederasiyanın gümüş medalına layiq görülmüşdür. O, medalı ARDNŞ-in prezidentinə təqdim etmişdir.????!!!

 

9.İşçi hüquqlarını  hansı qurumlar müdafiə etməlidir?

9.1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 309-cu maddəsi.  (Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir)

 Azərbaycanın neft sənayesindəki  müəssisələrinin tərkibində yaradılan    Həmkarlar Təşkilatı    müstəqil deyildir. Bu Təşkilatlar Neft və Qaz sənayəsi işçilərinin Respublika Həmkarlar Komitəsi, Komitəsinin filialları kimi fəaliyyət göstərirlər. ARDNŞ- nın  müəssisə və təşkilatlarında  fəaliyyət göstərən həmkarlar təşkilatları işəgötürındən asılı olduqları üçün işçilərin əmək hüquqlarını qoruya bilmilər. 

2012-ci il ərzində Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən ARDNŞ-nin heç bir əmr və ya qərarına, əmək haqqının azaldılması və ya qanunsuz ixtisarların aparılmasına etiraz edilməmişdir. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilmişdir. Misal olaraq:

 Həmkarlar İttifaqları haqqında Qanuna və Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən bu Təşkilat həmkarlar ittifaqının üzvü olan işçinin qanuni maraqlarını müdafiə etməli və özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin bu Təşkilatın Razılığı bütün hallarda formal xarakter daşıyır, bütün hallarda işəgötürənin qərarını təsdiq xarakteri daşıyır, İdarə Heyətinin iclası keçirilmədən və orada işçinin iştirakı olmadan, işçinin xeyrinə heç bir araşdırma aparmadan, təşkilat sədrinin təkbaşına qəbul etdiyi qərar (kollegial orqan olmasına baxmayaraq) əsasında qəbul edilir.

  ARDNŞ rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütamadi olaraq pozulur, yəni, müdüriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı  Həmkarlar İttifaqı   ən azı 3 ay  qabaq xəbərdar edilməmiş  və işçilərin mənafeylərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmamışdır.

  Məhz Həmkarlar təşkilatlarının razılığı ilə ARDNŞ-nin idarə və müəssisələrində işləyən bütün işçilərin əmək haqlarından 2%-i məbləğində pul tutularaq “Silahlı qüvvələrə yardım fonduna” köçürülür.Bu fond haqqında heç bir informasiya verilmir

 Həmkarlar Təşkilatları tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunu pozulur. Həmkarlar Təşkilatlarına üzvlük məcburidir. Belə ki ,ARDNŞ-yə qəbul olan hər bir şəxs, ,heç bir ərizə vermədən HT-nın üzvü olur və onun əmək haqqından 2% üzvlük haqqı tutulur

Həmkarlar İttifaqlarına seçkilərin keçirilməsi zamanı müdiriyyətin və Respublika Həmkarlar İttifaqının müdaxiləsi nəticəsində üzvlərin deyil, bu orqanların təklif etdiyi şəxs “seçilir.

Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanununa zidd olaraq işəgötürənin də əmək haqqından üzvlük haqqı tutulur

 

9.2. Dövlət Əmək   Müfəttişliyi Xidməti:

Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Dövlət  Əmək  Müfəttişliyi Xidməti - Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Ötən illə müqayisədə Əmək müfəttişliyinin işində bir çox müsbət çalarlar müşahidə olunsa da,hələ də bəzi problemlər qalmaqdadır:

  • İşçilərin müraciətlərinə verilmiş əksər  cavablarda,onların məhkəmə orqanlarına müraciət etməsi məsləhət görülür.Halbuki, Müfəttişlik işçinin müraciətini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulan qaydada addımlar atmalı və ya qanunsuz olduğu halda əsaslandırılmış cavab verməlidir;
  • İşçilərin müraciətləri əsasında heç bir İşəgötürənin qərarı ləğv edilməmiş, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edilməmişdir.  
  • Bu xidmət tərəfindən İşəgötürənlərin xeyrinə   qanunsuz qərarların qəbul etməsi faktı,yaxud aşağıda qeyd olunan hallara qarşı göz yumması  onlara qanunsuzluqlar etmələrinə əlavə stimul verir;Belə ki,idarə və müəssisələrdə;
  • Təqaüd yaşına çatmış işçilərə qarşı diskriminasiya hallarına yol verilir;
  • Müəssisələrdə qanunsuz olaraq işçilərin sayı və ya ştatları ixtisar edilir;
  • Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılmır.(Balaxanı ƏŞ,Bahar Enerji ,ƏŞ)

        Qeyd: Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə aid gəldiyimiz nəticələr Neftçilərin Hüquqları Müdafiə Təşkilatına daxil olmuş ərizələr, Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərə verdiyi cavablar, məhkəmə sənədləri əsasında hazırlanmışdır.(məs: Müfəttişlik ARDNŞ-nin işçisi Rəcəbov Koroğluya apardığı yoxlamaya əsasən normadan artıq işə görə ödənişin düzgün aparıldığı barədə rəsmi məktub yazsa da, Səbəil rayon məhkəməsi 0.01.2012-ci il tarıxində 900 manat məbləğində ödənişin aparılması barədə qərar qəbul edib.

-“Maersk” şirkətinin işçisi Sərvər Kərimova Əmək Məcəlləsinin 15-ci maddəsinə əsaslanmaqla məhkəmə icraaatında olan işlərə qarışmadıqları barədə cavab yazıb, Şirkətə isə əksinə, cavab yazmaqla, məhkəmə prosesində 3-cü şəxs kimi onları “müdafiə” edir.

-Nəcəfova Gülnarə. Suraxanı oyl şirkətinin işçisinin əvəzində  anası işdən çıxma barədə ərizə yazıb –.  Əmək müfəttişliyi Ərizəçiyə məhkəməyə müaciət etmək məsləhəti görülür? Məhkəmə tərəfindən işçinin hüquqları bərpa olunub.

 

9.3.Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı

 Yuxarıda qeyd olunduğu kimi NHMT İB 2012-ci il ərzində Azərbaycan  Respublikasının neft sənayesində 1420 nəfərə və digər sahələrdə çalışan 200 nəfərə  (ətraflı əlavə 1-də) yaxın işçiyə: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi  yardımlar göstərilmişdir.

Hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunmuşdur:

 9.3.1.İşçilərin maarifləndirilməsi yolu  

2012-ci  Almaniyanın EED Fundunun   maliyyə dəstəyi ilə AR  Əmək Məcəlləsinin bir sıra maddələri haqqında maarifləndirici buklet hazırlanıb və işçilər arasında paylanıb. Təşkilatın müəssisələr üzrə koordinatorlarına əmək qanunvericiliyi sahəsində təlimlər keçirilib

-.Təşkilatın veb səhifəsi vasitəsilə Online Hüquqi məsləhətxanası(http://nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php)  təşkil olunmuşdur

-Təşkilatın fb səhifəsi vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilmişdir(http://www.facebook.com/pages/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı/252293961555136)Bu səhifələrdən yalnız neftçilər deyil,hər bir şəxs bəhrələnə bilir

    9.3.2.  Oline hüquq məsləhətxanası: Təşkilata internet vasitəsilə gün ərzində 5-6 sual daxil olur və bu suallara təşkilatın hüquqşünası tərəfindən cavab hazırlanıb saytda yerləşdirilir.   (http://www.nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php)  On-line və fb vasitəsilə hüquqi yardım alanların sayı-130 nəfər

 Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi  yalnız neftçilərin və ya öz üzvlərinin hüquqlarını deyil, təşkilata müraciət edən hər bir şəxsin  mülkiyyət, əmək, iqtisadi və sosial hüquqlarını müdafiə etmişdir.

 

9.3.4.Sosial dialoq(müsbət nümunə)

 NHMT IB həmişə müxtəlif sahələrdə yaranmış konfliktlərin həllini ilkin olaraq sosial dialoqda görür.Təcrübə göstərir ki,yaxşı qurulmuş dialoq çox müsbət nəticə verə bilər.Məhz bu dialoqlar nəticəsində bəzi problemlər öz həllini tapmışdır.Təşkilatın,(işçilər adından)  və işəgötürənin iştirakı ilə aparılan müzakirələr nəticəsində aşağıdakı müəssisə və təşkiltlarda işçilərin hüquqları  (əmək haqqının artırılması,  əmək şəraitinin yaxşılaşdırılması, əmək xəzarətlərinin qeydə alınması, əmək müqavilələrinin nüsxəsinin işçiərə verilməsi və sair) yaxşılaşdırılmış və bərpa olunmuşdur:

1.AZFEN Birgə Müəssisəsi.(BP şirkətinin podratçı şirkəti)

2012-ci ilin mart ayında AZFEN Birgə Müəssisəsində əmək hüquqları pozulan yerli işçilər tərəfindən xarici  işəgötürənlər tərəfindən onların   bir çox hüquqlarının pozulduğu barədə NHMT-yə kollektiv müraciət  etmişdilər.(onlara qarşı diskriminasiyaya yol verilməsi, əmək müqavilələrinin bir nüsxəsinin verilməməsi, əmək haqqının az olması, əmək şəraitinin pis olması və digər hüquqlarının pozulması ) Ərizə təşkilatın arxivindədir

Müraciət əvvəl BP şirkətində müzakirə edildi.Ancaq işçilər vəziyyətin dəyişmədiyi haqqında NHMT-yə məlumat verdilər.Və bununla əlaqədar işəgötürənin ofisinin qabağında xəbərdarlıqedici tətil etdilər

Aprel ayında Azfen rəhbərliyinin təklifi ilə üçtərəfli(Azfenin həmkarlar təşkilatı,NHMT(işçilər adından)və işəgötürənin nümayəndələrinin iştirakı ilə)görüş keçirildi

Nəticə; Fəhlələr tərəfindən qaldırılan problemlər 3 ay müddətində öz həllini tapdı

1.Balalaxanı Oyl” Əməliyyat Şirkəti.

 

2012-ci ilin may ayında  “Balaxanı Oyl” Əməliyyat Şirkətinin 300-ə yaxın işçisi 2 dəfə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Əmək Məcəlləsinin 63-cü,45.4(müddətli əmək müqavilələrinin bağlanması)  , 54 və 154-cü maddələrinin pozulmasından,  iş şəraitinin ağırlığından və yeni rəhbərliyin işçilərə münasibətindən şikayətləniblər. Onlar əmək haqlarının 2 dəfə artırılmasını da tələb ediblər.   Bu şirkətdə həmkarlar təşkilatı fəaliyyət göstərsə də,baş verən hadisələrə qarşı heç bir kəməklik etməyib.Tətil edən fəhlələr NHMT-yə müraciət etdikdən sonra(300 nəfər.ərizə təşkilatın arxivindədir)NHMT nümayəndələri,Dövlət Əmək Müfəttişliyi və Balaxanı Oil ƏŞ rəhbərliyi ilə görüşlər keçirilmiçdir.Aparılan müzakirələr nəticəsində fəhlələrin tələblərinin 60%-yerinə yetirilmişdir.Proses təşkilatın nəzarətindədir.

3.ARDNŞ-nin İnsan Resursları Departamenti

2011-ci ilin avqust ayından etibarən ARDNŞ-də işçilərlə bağlanmış müvəqqəti müqavilə vaxtının bitməsi ilə əlaqədar işdən azad olmaların sayı azalmışdır. Buna səbəb ARDNŞ-nin nəzdində İnsan Resursları üzrə Departamentinin yaradılması olmuşdur.   Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçirilir., 

Vətəndaşlar ARDNŞ-yə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin korporativ veb-səhifəsinin (www.socar.az) vakansiyalar bölməsindən ala bilərlər. NHMT hesab edir ki, bu qurumun  fəaliyyətinə  ARDNŞ rəhbərliyinin bəzi məmurları tərəfindən maneçilik göstərilməsə işə qəbul prosesinda rüşvət  azala bilər.

Hal hazırda ARDNŞ-də işə qəbul bu Şirkətin strukturuna daxil olan İnsan Resursları Departamentinin səlahiyyətinə verilib.  Lakin bəzi idarə rəhbərləri onlara verilmiş bəzi səlahiyyətlərdən hələ də sui-istifadə edirlər.Belə ki,idarə rəhbərlərinə bəzi vəzifələrə(bağban,xadimə,yardımçı fəhlə)müsabiqədən kənar işçi qəbul etməyə icazə veriblər.Lakin bu səlahiyyətdən istifadə edən bəzi müəssisə rəhbərləri əvvəlcədən yuxarıda qeyd olunan işçi kimi götürdükləri şəxsləri rüşvət yolu ilə daxili yerdəyişmə adı ilə vakant vəzifəyə qəbul edirlər.Bir çox hallarda bu və ya digər sahədə ortaya çıxmış problemlərlərin həlli üçün NHMT nümayəndəsi bu Departamentdə vaxtaşırı görüşlər keçirir.

 

10.Problemin məhkəmə vasitəsilə həlli

Məhkəmə çəkişmələri:

2012-ci il ərzində NHMT  məhkəmə vasitəsilə də işçilərin hüquqlarını müdafiə etmişdir.  Belə ki, təşkilatın hüquqşünası tərəfindən müxtəlif məhkəmə instansiyalarında 58 nəfərin hüququ müdafiə edilmişdir.(sayt) .

1.2012-ci ildə   1-ci instansiya məhkəmələrində hüquqi yardım göstərilən işçilər-30nəfər

2.2012-ci ildə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilən şəxslər:9 nəfər

3.2012-ci ildə Azərbayçan Respublikasının Ali Məhkəməsində hüquqi yardım göstərilən şəxslər: 19 nəfər

4.  Azərbayçan Respublikasının Ali Məhkəməsinin Plenumu: 1

    Bunlardan;

-  20 iddia ərizəsi təmin olunmuşdur.

  - 11 iddia ərizəsi təmin olunmamışdır

  - 29 məhkəmə prosesi davam edir

 Bütün məhkəmə proseslərinin monitorinqi aparılır.Monitorinq nəticəsində Azərbaycan Respublikasının 3 hakimindən Məhkəmə Hüquq Şurasına şikayət göndərilmişdir:

1.. Yasamal Rayon məhkəməsinin hakimi Anar Rzayevdən şikayət. 

2. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin Hakimi Namiq Cəfərovun intizam məsuliyyətinə cəlb olunması barədə.

3. Bakı şəhər Nəsimi  Rayon Məhkəməsinin Hakimi Etibar Hüseynovun intizam məsuliyyətinə

cəlb olunması barədə.

5.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

 1. Qoşqar Nəsibov. İşə bərpa. Cavabdeh:  Azərbaycan Respublikası və AMEK.

2. Səxavət Şükürov. Əmək xəsarəti. Cavabdeh: Azərbaycan Respublikası və ARDNŞ-nin Sosial inkişaf İdarəsi.

3. Yusif   Məmmədov.   Əmək  haqqı.  Cavabdeh:  Azərbaycan Respublikası və Kaspian  Katerinq şirkəti.

4.  Zəkiyev Rasim.  Əmək  xəsarəti. Cavabdeh: Azərbaycan Respublikası və Baku Steel  Kompany.

Qeyd: Hal hazırda Azərbaycan Respublikasının müxtəlif məhkəmələrində 100-dən çox işçinin Aramark şirkətinə qarşı məhkəmə çəkişmələri davam edir. Səbail rayon məhkəməsində bu işçilərdən çoxunun xeyrinə Qətnamə qəbul edilib.

 

Nəticə, Rəy və Təkliflər

 

Əmək qanunvericiliyinin pozulmasına səbəəbləri

1.Əmək qanunvericiliyində olan boşluqlar

Çox təəsüflər olsun ki,təşkilatımız tərəfindən dəfələrlə təklif olunduğuna baxmayaraq,MM-də Əmək Məcəlləsinə “Əlavə və dəyişikliklər “hazırlanarkən bu sahədə praktiki təcrübəsi olan QHT-lərin nümayəndələri  işçi qrupuna dəvət olunmurlar.MM-də təmsil olunan millət vəkillərinin əksəriyyəti isə işəgötürənlər olduğundan qanunda olan boşluqlar işçinin ziyanınadır.Düşünürük ki, aşağıdakı bəzi maddələrə yenidən baxılmalıdır;

- Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi. (bu maddə imkan verir ki,işəgötürənlər işçi ilə müvəqqəti müqavilə bağlasın

-“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Faydalanan şəxslər

-“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 16. Sığorta ödənişi
 

-Əmək Məcəlləsinin 16-cı maddəsi.

-Əmək miqrasiyası haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsi

  

- Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli  93 nömrəli qərarı ilə
Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.5-ci maddəsi:

-Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası  Qanunu.

Azərbaycan Respublikası  Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci bəndi.

- Əmək  Məcəlləsinin 114-cü maddəsinin 6-cı bəndi.

2.Vəzifəli şəxslərin Əmək qanunvericiliyinə 2-ci  ya əhəmiyyəti olmayan normativ hüquqi aktlar kimi baxmasının aradan qaldırılması.

3.Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin  maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunması.

4.Əmək qanunvericiliyini mütamadi pozan vəzifəli şəxslər barədə mətbuatda və digər kütləvi informasiya vasitələrində məlumatların verilməsi.

5.Vəzifəli şəxslərin maraqlı olmasına şərait yaradan halların aradan qaldırılması.

6.Əmək qanunvericiliyində formallığın aradan qaldırılması. (mməsələn: işdən azad edilmə barədə olan əmrin olması, bu əmrin qanuni olmasını təsdiq etmir)

7.İşçilərin əmək hüquqları sahəsində marifləndirilməsi.

8.İşçilərə marifləndirmə sahəsində treninqlərin keçirilməsi.

9.İşçilərə əmək hüquqlarının məhkəmə vasitəsi ilə bərpa olunmasına inamın yaradılması.

 

Təşkilatın rəhbəri: Mirvari Qəhramanlı

Təşkilatın hüquqşünası: Azər Quliyev