NHMT - Azərbaycanın neft-qaz sazişlərinin sosial-iqtisadi faydaları

Azərbaycanın neft-qaz sazişlərinin sosial-iqtisadi faydaları

 Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB. Azərbaycanın neft-qaz sazişlərinin sosial-iqtisadi faydaları

 Ekspert Azər Mehtiyev

 

 Giriş

 

Neft-qaz sazişlərininin faydaları və təsirlərinin qiymətləndirilməsi əslində çox müxtəlif aspektlərdən yanaşılası bir mövzudur. Adətən iqtisad elmində bu mövzu əsasən müxtəlif ölkələrdə neft-qaz (yaxud başqa təbii resurslar) gəlirlərinin həmin ölkələrin iqtisadiyyatına və cəmiyyət həyatının müxtəlif aspektlərinə təsirlərinin (xüsusilə ölkə iqtisadiyyatının “Holland sindromu”na yaxud “resursların lənəti”nə düçar olub-olmaması, institutsional inkişaf və s.)  qiymətləndirilməsi baxımından araşdırılır.

Bu məqalə “elmi araşdırma” statusuna iddia etmir. Məqalədə Azərbaycanın neft-qaz sazişlərinin imzalanmasının, fəaliyyətinin və müqavilələrdən əldə olunan gəlirlərin ölkənin iqtisadi-sosial həyatına faydaları və müsbət təsirlərinin statistik qiymətləndirilməsinə cəhd olunub.

Məqalədə əvvəlcə ölkənin neft-qaz sazişlərinin qısa icmalı (mühüm sazişlər və bunların iştirakçıları, miqyasları, fəaliyyətdə olan sazişlərin sayı və ölkənin neft ehtiyatlarını əhatə dərəcəsi və s.) verilir. Sonra müxtəlif mənbələr əsasında neft-qaz sazişlərinin fəaliyyətinin nəticələri (mümkün olduqda hər bir saziş üzrə və ümumi) sərmayə qoyuluşu, hasilat, ixrac və hökumətə ödənişlər kimi göstəricilər əsasında araşdırılır. Bu zaman müxtəlif mənbələrdən toplanmış məlumatlar tutuşdurulur.

Məqalənin 3-cü hissəsində  neft-qaz sazişlərinin imzalanmasından və fəaliyyətindən əldə olunan gəlirlərin ölkədə iqtisadi artım prosesinə və digər sosial-iqtisadi proseslərə müsbət təsirlərinin qiymətləndirilməsinə cəhd edilir. Müəllifin apardığı hesablamalara əsasən ARDNF-dən dövlət büdcəsinə transferin başlandığı 2003-cü ildən 2018-ci ilədək olan dövrdə (16 il ərzində) dövlət büdcəsinin 192,1 mlrd. manatlıq ümumi gəlirlərinin 55,9%-i  (yaxud 107,4 mlrd. manatı) bilavasitə neft-qaz sazişləri çərçivəsində əldə olunan gəlirlər və ödənişlər hesabına formalaşıb (bunun 88,6 mlrd. manatı ARDNF-in transferidir). SOCAR-ın da ödənişləri nəzərə alındıqda qeyd olunan dövrdə neft sektoru hesabına daxil olan vəsait dövlət büdcəsi gəlirlərinin 65,3%-nə (125,4 mlrd. manat) bərabər olur. Burada habelə neft gəlirləri hesabına ölkə iqtisadiyyatına yönəldilən dövlət investisiyalarının artması və bunun iqtisadi artıma və sosial tərəqqiyə təsiri, ölkənin valyuta ehtiyatlarının formalaşması və artımında neft gəlirlərinin rolu və sair məsələlər araşdırılır.

Araşdırma zamanı müəllif SOCAR və ARDNF-in illik hesabatlarından, Azərbaycanın MHŞT hesabatlarından, Dövlət Statistika Komitəsinin statistik məcmuələri və hesabatlarından, Maliyyə nazirliyi, Hesablama Palatası, Mərkəzi Bank və digər dövlət qurumlarının statistik və hesabat məlumatlarından faydalanmışdır.

 

1. Azərbaycanın neft-qaz sazişləri: qısa icmal

 

25 il bundan əvvəl – 1994-cü ilin sentyabrın 20-də - müstəqil Azərbaycan Respublikasının ilk beynəlxalq neft sazişi imzalanıb: Xəzər dənizinin Azərbaycan sektorunda olan Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini və neftin hasilatını nəzərdə tutan bu hasilatın pay bölgüsü sazişi (HPBS) “Əsrin müqaviləsi” kimi tarixə düşüb. Müddəti 30 il olan bu HPBS həm də dünyanın tanınmış transmilli neft şirkətlərinin keçmiş Sovet İttifaqından ayrılaraq müstəqilləşmiş ölkələrdə həyata keçirdikləri ilk nəhəng sərmayə qoyuluşu layihəsi idi[1]. Saziş Azərbaycan höküməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə 6 xarici ölkəni təmsil edən 10 beynəlxalq neft şirkəti (ABŞ-nin  Amoco, McDermott, Unocal və Pennzoil şirkətləri, Böyük Britaniyanın BP və Ramco şirkətləri, Rusiya Federasiyasının LUKoil şirkəti, Türkiyə Cümhuriyyətinin Türkiyə Petrolları (TPAO) şirkəti, Norveçin Statoil şirkəti və Səudiyyə Ərəbistanının Delta Nimir şirkəti) arasında imzalanmışdı[2]. Saziş 1994-cü ilin dekabrında Milli Məclis tərəfindən ratifikasiya olundu.

İlkin hesablamalara görə, bu saziş çərçivəsində “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton, sazişin sərmayə dəyəri isə 7,4 milyard ABŞ dolları miqdarında qiymətləndirilmişdi[3]. Lakin layihə üzrə işlər başlandıqdan sonra qiymətləndirici quyuların nəticələrinə görə yataqlardan çıxarıla bilən neft ehtiyat 730 milyon tona çatmış, yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir[4] (yeri gəlmişkən, son qiymətləndirmələrə əsasən hazırda bu yataqların çıxarıla bilən neft ehtiyatı 1,072 milyard ton həcmində hesab olunur[5]).

Bu sazişlə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulmuş oldu. Aparıcı dövlətlərin neft şirkətlərilə belə bir sazişin imzalanması dünyanın digər böyük və tanınmış neft şirkətlərinin Azərbaycana inamı və marağını artırdı, onların ölkəmizin neft sənayesinə axınına start verdi.

Azərbaycanın ikinci beynəlxalq neft sazişi 1995-ci ilin noyabrında imzalandı. Bu HPBS Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” neft yatağının işlənməsini nəzərdə tuturdu. Müqavilədə LUKACİP (Rusiya-İtaliya birgə müəssisəsi), Penzoil (ABŞ), Lukoil (Rusiya), ACİP (İtaliya) və SOCAR şirkətləri iştirak edirdi. Yatağın çıxarıla bilən neft ehtiyatı 100-150 mln. ton, müqavilənin dəyəri isə 2.7 mlrd. ABŞ dollar qiymətləndirilmişdi (bu saziş sonradan fəaliyyətini dayandırdı, “Qarabağ” yatağının işlənilməsi ilə bağlı 2018-ci ildə başqa bir saziş imzalandı).

1996-cı ilin iyunun 4-də BP (Böyük Britaniya), Elf (Hollandiya), LUKoil (Rusiya), OİİC (İran), Statoil (Norveç), TPAO (Türkiyə) və SOCAR (Azərbaycan) şirkətlərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan dektorundakı “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı[6]. Saziş həmin ilin oktyabrında Milli Məclisdə ratifikasiya olundu. Layihə çərçivəsində aparılan kəşfiyyat işləri nəticəsində 1999-cu ildə yataqda təqribən 1,2 trilyon kub metr həcmində qaz ehtiyatının və 240 milyon ton kondensatın olması  aşkar edildi[7]. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biri hesab olunur[8]. Bu saziş, “Əsrin müqaviləsindən sonra, Azərbaycan üçün ikinci mühüm layihə oldu. (Yeri gəlmişkən, 2013-cü ilin dekabrında  “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsorsium üzvləri arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutulurdu[9].)

1996-cı ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Əşrəfi” və “Dan Ulduzu” perspektiv neft yataqlarının birgə işlənməsi haqqında SOCAR, Amoko (ABŞ), Unokal (ABŞ), Itoçu (Yaponiya) və Delta-Hess (Səudiyyə Ərəbistanı) şirkətləri arasında daha bir HPB sazişi imzalandı (sazişin fəaliyyəti sonralar dayandırıldı və bu yataqlar üzrə 2018-ci ildə yenidən başqa bir saziş imzalandı).

Azərbaycanın neft-qaz ehtiyatlarına xarici neft şirkətlərinin artan marağının nəticəsi olaraq dənizdə və quruda olan ayrı-ayrı neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatı ilə bağlı 1997-ci ildə 5, 1998-ci ildə 7 və 1999-cu ildə 2 saziş imzalandı. Sonrakı illər bu proses davam edib və ötən dövrdə demək olar hər il Azərbaycanda ən azı bir beynəlxalq neft sazişinin imzalanması baş tutub. 

2017-ci il sentyabrın 14-də “Əsrin müqaviləsi” - Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş – yeniləndi. Yenilənmiş saziş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS və Türkiye Petrolleri A.O. arasında imzalanıb. Dəyişdirilmiş və yenidən işlənmiş bu sazişə əsasən AÇG yataqlarının işlənməsi 2050-ci ilədək uzadılır və BP layihənin operatoru olaraq qalır. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, habelə mənfəət neftindən Azərbaycan hökumətinin payı sabit 75% təyin olunub[10]. Növbəti 32 ildə AÇG-yə daha 40 milyard ABŞ dollarından artıq sərmayə qoyulması gözlənilir[11].

Ümumiyyətlə, 1994-cü ildən indiyədək ötən müddətdə Azərbaycanın imzalanmış neft-qaz sazişlərinin ümumi sayı haqqında məlumat ayrı-ayrı mənbələrdə bir qədər ziddiyyətlidir[12]. Bekə ki, Hasilat Sənayesində Şəffaflıq üzrə 2016-cı ilin Ümumiləşdirilmiş Hesabatında 2016-cı ilin sonunadək Azərbaycanda 35 HPBS imzalandığı, bunlardan 17-nin qüvvədən düşdüyü, 18-nin isə fəaliyyətdə olduğu göstərilib[13]. 2017-ci il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatında isə 2017-ci ilin sonunadək imzalanmış belə sazişlərin ümumi sayının 31 olduğu və bunlardan 17-nin fəaliyyətini davam etdirdiyi vurğulanıb[14]. SOCAR-ın 2017-ci il üzrə İllik Hesabatında göstərilib ki, 2017-ci ilin sonunadək SOCAR və xarici neft şirkətləri arasında HPBS tipli 34 saziş imzalanıb ki, bunlardan 19-u Xəzərin Azərbaycan sektоrunu, 15-i isə quru sahələrini əhatə edir[15]. SOCAR prezidenti Rövnəq Abdullayev 2019-cu ilin mayında “Azərbaycan” qəzetindəki məqaləsində göstərib ki,  “hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi və 2 Risk Xidməti Sazişinin tərəfdaşlarıdır”[16].

2018-ci ilin mayın 30-da Azərbaycanın neft-qaz yataqlarının işlənilməsi ilə bağlı 2 beynəlxalq saziş imzalanıb:

  • Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Saziş[17];
  • Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi[18].

Hər iki saziş 2018-ci ilin iyununda Milli Məclisdə ratifikasiya olunub və fəaliyyətə başlayıb.

Beləliklə, ayrı-ayrı mənbələrdə olan məlumatları ümumiləşdirməklə, 2018-ci ilin sonuna Azərbaycanda faəliyyətdə olan neft-qaz sazişlərinin siyahısı aşağıdakı kimi tərtib etmək olar:

 

Cədvəl 1

Azərbaycanın neft-qaz ehtiyatları üzrə fəaliyyətdə olan sazişlər

 

Sazişin adı (yataqlar üzrə)

İmzalanma tarixi

Sazişin tipi

Mərhələ

Əsas  ehtiyatları

Dənizdəki yataqlar üzrə:

1. Azəri-Çıraq-Günəşli (dərinsulu hissəsi)

20.09.1994;

14.09.2017 (yenilənmiş)

HPBS

Hasilat

Neft

(səmt qazı)

2. Şahdəniz

04.06.1996 (17.12.2013 – ikinci mərhələ)

HPBS

Hasilat

Qaz -kondensat

3. Abşeron yatağı

27.02.2009

HPBS

Kəşfiyyat

Qaz

4. Bahar və Qum-dəniz

22.12.2009

HPBS

Hasilat

Neft-qaz

5. Şəfəq-Asiman yatağı

07.10.2010

HPBS

Kəşfiyyat

Qaz

6. Abşeron yarımadası ətrafında dayazsulu sahə

14.04.2015

HPBS

Kəşfiyyat

Qaz

7. Əşrəfi-Dan ulduzu-Aypara

30.05.2018

HPBS

Kəşfiyyat

Neft

8. Qarabağ yatağı

30.05.2018

Risk xidməti Sazişi

 

 

Qurudakı yataqlar üzrə:

9. Cənub-Qərbi Qobustan bloku

02.06.1998

HPBS

Hasilat

Neft

10. Kürsənqi və Qarabağlı

15.12.1998

HPBS

Hasilat

Neft

11. Mişovdağ və Kəlaməddin

12.09.2000

HPBS

Hasilat

Neft

12. Pirsaat yatağının daxil olduğu blok

04.06.2003

HPBS

Kəşfiyyat

Neft

13. Binəqədi və digər yataqlar qrupu

29.09.2004

HPBS

Hasilat

Neft

14. Suraxanı yatağının daxil olduğu blok

16.08.2005

HPBS

Hasilat

Neft

15. Zığ və Hövsan yataqları

03.11.2006

HPBS

Hasilat

Neft

16. Kürovdağ yatağının daxil olduğu blok

03.02.2009

HPBS

Hasilat

Neft

17. Neftçala və digər yataqlar qrupu

03.02.2009

HPBS

Hasilat

Neft

18. Balaxanı-Sabunçu-Ramana bloku

06.05.2011

HPBS

Hasilat

Neft

19. Muradxanlı, Cəfərli və Zərdab yataqları

16.03.2016

HPBS

Hasilat

Neft

 

(Cədvəl Hasilat Sənayesində Şəffaflıq üzrə 2017-ci il Hesabatının (səh. 51-52 və 56) məlumatları əsasında, habelə bəzi əlavə məlumatlar əsasında hazırlanmışdır)

 

SOCAR-ın məlumatına əsasən 2018-ci ilin əvvəlinə Azərbaycan Respublikası ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda həmin yataqların 59-dan karbohidrogen hasil edilir, 22 yataq isə bu və ya digər səbəbdən ya işlənməyə cəlb olunmamış, ya da işlənməsi dayandırılmışdır. İşlənmədə olan yataqların 40-ı quruda (o cümlədən, 14-ü “Azneft” (SOCAR), 26-sı isə müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) tərəfindən istismar olunmaqla), 19-u isə dənizdə (o cümlədən, 13-ü “Azneft”, 6-sı isə MM və ƏŞ-ləri tərəfindən istismar olunmaqla) yerləşir. İşlənmədə olan yataqlardan 25-i neft (6 dəniz, 19 quru), 14-ü neft-qaz (1 dəniz, 13 quru), 13-ü neft-qaz-kondensat (8 dəniz, 5 quru), 2-si qaz (2 quru), 5-i qaz–kondensat (3 dəniz, 2 quru) yatağıdır[19].

 

2. Neft-qaz sazişlərinin fəaliyyətinin nəticə göstəriciləri

 

Neft-qaz gəlirlərinin sosial-iqtisadi təsirlərini qiymətlərndirmək üçün ilk növbədə onların fərdi (sazişlər üzrə) və ümumi fəaliyyət və nəticə göstəricilərinə baxmalıyıq. Bu zaman sazişlər üzrə sərmayə qoyuluşları, illik hasilat məlumatları, sazişlərdən hökumətin əldə etdiyi (Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (ARDNF) və dövlət büdcəsinə daxil olan) gəlirlər, sazişlər üzrə fəaliyyətlərə cəlb olunan işçilər, onların gəlirləri və s. kimi göstəriciləri öyrənmək və müqayisə etmək zəruridir. Təəssüf ki, ölkənin neft-qaz sənayesi, sazişlər və neft-qaz gəlirlərinin formalaşması üzrə mövcud hesabat və statistika bazasından bütün sazişlər üzrə belə fərdi məlumatları sistemli şəkildə əldə etmək mümkünsüzdür. Sazişlər arasında daha çox əhəmiyyət kəsb edən 2 layihə - AÇG və Şahdəniz sazişləri - üzrə məlumatlar daha əlçatan hesab olunur.   

Sərmayə qoyuluşu. SOCAR-ın məlumatına əsasən, 2018-ci ilin sonunadək AÇG yataqlar blokunun işlənilməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq investisiya qoyulub[20]. Artıq yuxarıda qeyd olunduğu kimi, 2040-cu ilin sonunadək bu layihəyə əlavə olaraq təqribən 40 milyard ABŞ dolları sərmayə qoyulması gözlənilir.

Şahdəniz-1 mərhələsi üzrə həyata keçirilən investisiya qoyuluşu haqqında məlumatı dəqiqləşdirə bilməsək də, Şahdəniz-2 mərhələsi üzrə qazın hasil edilməsi və Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşunun həyata keçirilməsi nəzərdə tutulur[21] ki, bunun da təqribən 23 milyard dollaradək hissəsi 2018-ci ilin sonunadək artıq reallaşdırılıb[22].  

Təəssüf ki, digər sazişlər üzrə həyata keçirilən sərmayə qoyuluşlarının miqdarı haqqında məlumat əldə edə bilmədik.

 “Əsrin müqaviləsi” icrasına başlanması ilə Azərbaycanın neft-qaz sənayesinə xarici sərmayələrin cəlb edilməsinə başlanıldı. Digər sazişlər imzalandıqca və reallaşdırıldıqca neft-qaz sənayesinə yönəldilən investisiyalar da sürətlə artmağa başladı. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, 1995-2018-ci illər dövründə ölkənin neft-qaz sektorunda əsas kapitala ümumilikdə 78,2 milyard manat sərmayə qoyulub (diaqram 1).

 

 

Diaqram 1. 1995-2018-ci illər dövründə Azərbaycanın neft-qaz sektorunda əsas kapitala yönəldilən investisiyaların dinamikası, milyon manat (mənbə: DSK)

 

Bu investisiyaların böyük əksər hissəsi məhz xarici sərmayələrdir. R.Abdullayevin açıqlamalarına əsasən podratçılar tərəfindən 1995-ci ildən 2019-cu ilin əvvəlinədək Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 80 milyard ABŞ dollarından artıq məbləğdə sərmayə yatırılmışdır”[23].  Bu, 1995-ci ildən 2018-ci ilin sonunadək ölkə iqtisadiyyatına yönəldilən 133,7 milyard ABŞ dolları məbləğində[24] ümumi xarici investisiyanın 60%-i deməkdir. Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyalar (BXİ) üzrə bu pay daha yüksəkdir. Belə ki, DSK-nın məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, 2000-2018-ci illər dövründə ölkə iqtisadiyyatına yönəldilən 81,9 mlrd. ABŞ dolları məbləğində BXİ-ın 70,0 mlrd. dolları yaxud 85,5%-i məhz neft-qaz sektorunun payına düşüb.

Hasilat və ixrac göstəriciləri. AÇG layihəsi çərçivəsində neft hasilatına 1997-ci ildən başlanılıb. Neftlə birlikdə səmt qazı əldə olunur və bir hissəsi əvəzsiz olaraq hökumətə təhvil verilir (qalanı yataqların lay təzyiqinin saxlanılması üçün laylara vurulur). Layihə çərçivəsində illik ən yüksək neft hasilatı 2010-cu ildə olub – 42,3 milyon ton. Sonrakı illər neft hasilatının səviyyəsi tədricən aşağı düşüb. 2018-ci ildə bu yataqlardan 28,7 milyon ton neft və 12,5 milyard kub metr səmt qazı çıxarılıb[25]. Məlumatlara əsasən 1997-ci ildən 2018-ci ilin sonunadək AÇG yataqlar blokundan ümumilikdə 474,1 milyon ton neft və 153,0 milyard kub metr qaz hasil edilib[26]. Hasil edilən neftin 55%-dən çoxu mənfəət nefti kimi Azərbaycan hökumətinə çatıb[27].

Şahdəniz sazişi çərçivəsində hasilata 2006-cı ildən başlanılıb. Yataqdan həm qaz, həm də kondensat əldə olunur. 2018-ci ildə yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton kondensat hasil edilmişdir[28].

SOCAR-ın və BP-nin məlumatları əsasında aparılan hesablamalara əsasən, Şahdəniz yatağında işlənmənin əvvəlindən (2006-ci ildən) 2018-ci ilin sonunadək 24,5 mln. ton kondensat və 100,0 mlrd. kubmetr qaz hasil edilmişdir[29].

SOCAR-ın illik hesabatlarında olan məlumatlara əsasən, digər sazişlər çərçivəsində ümumilikdə il ərzində hasil edilən neftin ən yüksək həddi 2013-cü ildə - 1,5 milyon ton olub. 2014-2015-ci illərdə sazişlər üzrə illik ümumi neft hasilatı 1,4 milyon ton, 2016-cı ildən sonra isə 1,3 milyon ton olub. 2003-2012-ci illər dövründə illik ümumi hasilat 1,0-1,3 mln. ton hədlərində olub. Qaz hasilatı üzrə də təqribən oxşar durum müşahidə olunur. Belə ki, SOCAR-ın məlumatlarına əsasən, AÇG və Şahdəniz layihələrindən başqa, digər sazişlər çərçivəsində illik ümumi qaz hasilatı 2004-2009-cu illərdə 0,1 milyard, 2010-2012-ci illərdə 0,3 milyard, 2013-cü ildə 0,4 milyard, 2014-cü ildə 0,5 milyard, sonrakı illərdə isə 0,7 milyard kubmetr olub[30].

Sazişlərin, xüsusilə AÇG və Şahdəniz layihərinin fəaliyyəti nəticəsində Azərbaycanda neft  hasilatı həcmləri 1998-ci ildən başlayaraq sürətlə artdı və 2010-cu ildə ən yüksək həddə  – 50,8 milyon tona - çatdı ki, bunun 42,3 milyon tonu yaxud 83,3%-i AÇG neftinin və Şahdənizdən çıxarılan kondensatın payına düşürdü (bax: diaqram 2).

Diaqram 2. Azərbaycanda ARDNŞ və sazişlər üzrə neft hasilatının dinamikası, mln. ton (mənbə: SOCAR)

2-ci diaqramdan göründüyü kimi, 2005-ci ildən ötən dövr ərzində ölkədə hasil olunan neftin əksər hissəsi məhz AÇG layihəsindən (Şahdəniz kondensatı ilə birlikdə) əldə olunur. SOCAR-ın MM və ƏŞ ilə birlikdə (AÇG və Şahdəniz sazişləri istisna olmaqla) istehsalının həcmi isə tədricən azalmaqda davam edir.

Oxşar vəziyyət həm də qaz hasilatı ilə bağlıdır. 1994-cü ildə ölkədə 6,4 milyard kubmetr qaz hasil edilirdisə,  2008-ci ildə hasilat 23,5 mlrd. kubmetr, 2018-ci ildə isə 29,4 mlrd. kubmetr səviyyəsinə yüksəlib (diaqram 3).

 

 

Diaqram 3. Azərbaycanda ARDNŞ və sazişlər üzrə qaz dinamikası, mlrd. kubmetr (mənbə: SOCAR)

3-cü diaqramdan göründüyü kimi, “Şahdəniz”də hasilatın başladığı 2006-cı ildən sonra Azərbaycanda hasil olunan qazın əksər hissəsi məhz 2 böyük sazişin hesabına baş verir.

Sazişlər çərçivəsində neft və qaz hasilatının belə artması nəticəsində ölkədən ixrac olunan neft və qazın həcmlərinin də müvafiq olaraq artmasına gətirib çıxardı. Belə ki, Azərbaycan məhz AÇG layihəsi üzrə neft hasilatına başlandığı 1997-ci ildən neft ixracına başlayıb (həmin il 0,3 mln. ton neft ixrac olunub) və 2010-cu ildə ixracın həcmi 44,5 mln. tona çatıb[31]. Sazişlər çərçivəsində hasil olunan neftin hamısı ixrac olunur.

Şahdəniz layihəsi üzrə hasil edilən təbii qaz da əsasən ixrac olunur. SOCAR-ın məlumatına əsasən 2018-ci ilin sonunadək “Şahdəniz-1” layihəsi üzrə Gürcüstana 8 milyard kubmetrədək, Türkiyəyə isə 55 milyard kubmetrədək qaz ixrac olunub[32].

Neft və qazın ixracının artması bütünlüklə ölkənin ixracının və xarici ticarət dövriyyəsinin sürətlə artmasına gətirib çıxardı. DSK-nın məlumatına əsasən, 1997-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi cəmi 1,6 mlrd., ixracı isə 0,8 mlrd. ABŞ dolları miqdarında olduğu halda, 2013-cü ildə ümumi ticarət dövriyyəsi 34,7 mlrd., ixrac isə 24,0 mlrd. ABŞ dolları miqdarınadək yüksəlib[33]. Ölkə ixracının belə sürətlə artması məhz sazişlər çərçivəsində hasil edilən və ixrac olunan xam neft və təbii qazın hesabına baş verirdi. Belə ki, 1994-cü ildə ümumi ixracda (0,6 mlrd. ABŞ dolları) xam neft, təbii qaz və neft məhsullarının payı 35,5% olduğu halda, 2008-ci ildə bu göstərici 97,1% səviyyəsinədək yüksəldi və bundan sonrakı dövrdə demək olar hər zaman 90%-in üstündə oldu (diaqram 4).

Diaqram 4. Azərbaycanın ümumi ixracında xam neft, təbii qaz və neft məhsullarının payının dəyişməsi, ümumi yekunda xüsusi çəkisi, %-lə (Mənbə: DSK və DGK)

 

Hökumətə ödənişlər. Məlum olduğu kimi, sazişlər çərçivəsində hökumətə təhvil verilən mənfəət nefti və qazının satışından daxil olan vəsaitlər, habelə sazişlər çərçivəsində hökumətə ödənilən bonuslar, akrhesabı ödənişlər və tranzit haqqları ARDNF-ə, podratçı şirkətlərin vergi ödənişləri isə dövlət büdcəsinə daxil olur.

2000-ci ildən başlayaraq 2018-ci ilin sonunadək ARDNF-ə daxilolmaların illik məbləğinin dinamikası aşağıdakı diaqramda verilib (diaqram 5).

 

Diaqram 5. 2000-2018-ci illərdə ARDNF-in gəlirlərinin dinamikası, mln. ABŞ dolları (mənbə: ARDNF-in illik hesabatları)

ARDNF-in illik hesabatları əsasında aparılan hesablamalarımıza əsasən, 2018-ci ilin sonunadək (30.12.2018) Fonda daxil olan ümumi vəsaitin məbləği 148,5 milyard ABŞ dolları olub: bunun 141,05 milyard dolları yaxud 95,0%-i mənfəət neftinin və qazının satışı, 877,1 mln. ABŞ dolları (0,6%-i) bonus ödənişləri[34], 597,1 mln. dolları (0,4%-i) BTC layihəsi üzrə dividentlər (2008-2011-ci illər dövründə), 259,4 mln. dollaır (0,17%-i) Şahdəniz layihəsi üzrə qaz ixracında qiymət fərqindən ödənişlər (2010-2011-ci illərdə), 195,4 mln. dolları (0,13%-i) tranzit haqqı üzrə ödənişlər, 150,0 mln. dolları (0,1%-i) neft ixracında qiymət fərqindən ödənişlər (2005-2007-ci illərdə), 99,46 mln. dolları (0,07%-i) akrhesabı ödənişlər, qalanı digər mənbələr (əsasən Fondun vəsaitinin idarə edilməsi üzrə daxilolmalar) hesabına formalaşıb[35].

ARDNF-in illik hesabat məlumatları əsasında apardığımız hesablamalar göstərib ki, 2018-ci ilin sonunadək hökumətə çatan mənfəət nefti və qazının satışından Fonda daxil olan 141,05 milyard ABŞ dolları vəsaitin 137,8 milyard dolları, yəni 97,7%-i AÇG sazişinin, 2,63 milyard dolları yaxud 1,9%-i isə Şahdəniz sazişinin payına düşür. Bütün digər sazişlər üzrə mənfəət neft və qazının satışından Neft Fonduna 2018-ci ilin sonunadək daxil olan vəsaitin cəmi məbləği 576,7 milyon ABŞ dolları təşkil edib ki, bu da Fonda mənfəət nefti və qazının satışından daxil olan ümumi vəsaitin 0,4%-i deməkdir. AÇG istisna olmaqla digər bütün sazişlər üzrə mənfəət nefti və qazının satışından illər üzrə Neft Fonduna daxil olan vəsait haqqında məlumatlar aşağıdakı cədvəldə əks olunub (cədvəl 2).

Cədvəl 2

Sazişlər (AÇG istisna olmaqla) üzrə mənfəət neft və qazın satışından ARDNF-ə daxil olan vəsaitin məbləği, mln. ABŞ dolları

 

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

Cəmi

Şahdəniz

2,4

131,2

80,6

137,0

237,1

365,5

383,8

523,0

322,8

64,0

135,6

245,4

2628,4

Mişovdağ-Kəlaməddin

10,2

29,3

12,4

                 

51,9

Balaxanı-Sabunçu-Ramana

         

23,0

15,0

13,0

9,1

8,0

7,5

20,0

95,6

Binəqədi, Sulutəpə

     

13,1

15,7

12,5

9,8

8,9

14,8

5,6

7,4

14,6

102,4

Kürovdağ

       

17,6

8,6

9,6

10,2

12,9

4,5

5,6

7,4

76,4

Suraxanı

     

30,0

10,5

9,0

13,8

15,2

3,1

3,1

5,6

13,7

104,0

Zığ və Hövsan

       

8,0

9,7

11,6

8,2

3,0

1,4

3,8

4,97

50,7

Kürsəngi-Qarabağlı

12,4

18,1

1,1

7,2

8,9

9,1

     

1,2

1,0

6,7

65,7

Qum Dəniz və Bahar

       

1,0

0,2

1,7

8,9

4,6

0,7

0,5

1,25

18,9

Neftçala-Xillı

       

3,2

0,9

1,2

0,8

0,8

0,4

0,8

2,2

10,3

Muradxanlı-Cəfərli-Zərdab

                   

0,6

0,26

0,86

 

(Cədvəl ARDNF-in müvafiq illər üzrə illik hesabatlarının məlumatları əsasında hazırlanıb. 2018-ci ilin məlumatları isə Hökumətin 2018-ci il üzrə fəaliyyət hesabatından götürülüb)

Cədvəlin məlumatlarından göründüyü kimi, Şahdəniz layihəsi üzrə mənfəət neft və qazının satışından vəsait Fonda 2007-ci ildən daxil olmağa başlayıb və 2018-ci ilin sonunadək daxil olan vəsaitin ümumi məbləği, artıq yuxarıda qeyd olunduğu kimi, 2,6 milyard ABŞ dolları olub. Mişovdağ-Kəlaməddin yataqları üzrə 2007-2009-cu illərdə cəmi 51.9 mln. ABŞ dolları mədaxil olunub, sonrakı illər bu layihə üzrə daxilolma qeydə alınmayıb. Kürsəngi-Qarabağlı yataqları üzrə də mənfəət neft və qazı üzrə Fonda 2007-ci ildən vəsait daxil olmağa başlayıb, lakin arada 3 il (2013-2015-ci illərdə) belə vəsaitin mədaxili qeydə alınmayıb, 2016-cı ildən yenidən bərpa olunub. Həmin saziş üzrə  2007-2018-ci illər dövründə Fonda mənfəət nefti və qazının satışından cəmi daxilolmalar 65,7 mln. ABŞ dolları məbləğində olub.  

Binəqədi-Sulutəpə yataqlar qrupu və Suraxanı bloku sazişlərindən mənfəət nefti və qazının satışından Neft Fonduna 2010-cu ildən vəsait daxil olmağa başlayıb və 2018-ci ilin sonunadək, müvafiq olaraq, 102,4 mln. və 104,0 mln. ABŞ dolları daxil olub.

4 saziş üzrə mənfəət nefti və qazının satışından vəsaitin Fonda daxil olmasına 2011-ci ildən başlanılıb və 2018-ci ilin sonunadək həmin sazişlər üzrə əldə olunan vəsait belə olub: Kürovdağ layihəsi – 76,4 mln., Zığ-Hövsan layihəsi – 50,7 mln., Bahar-Qum Dəniz layihəsi – 18,9 mln. və Neftçala-Xilli layihəsi – 10,3 mln. ABŞ dolları.

Balaxanı-Sabunçu-Ramana sazişi üzrə hökumət 2012-ci ildən başlayaraq mənfəət nefti və qazın satışından vəsait əldə etməyə başlayıb və 2018-ci ilin sonunadək Fonda 95,6 mln. dollar daxil olub. Muradxanlı-Cəfərli-Zərdab sazişi üzrə yalnız son 2 ildə mənfəət nefti və qazı əldə edilməyə başlanılıb və bu vəsait hələlik cüzidir.

ARDNF-in illik hesabatlarında il ərzində hər bir saziş üzrə Fonda ödənilən digər ödənişlər (bonuslar, akrhesabı ödənişlər, tranzit ödənişləri və s.) barədə fərdi məlumatlar verilir.

Sazişlər üzrə hökumətə ödənişlər barədə məlumatları, ARDNF-in hesabatları ilə yanaşı, həm də MHŞT hesabatlarından əldə etmək olar. 2013-cü ilədək bu hesabatlarda olan məlumatlar ödənişlər üzrə ümumiləşdirilərək açıqlanırdı (yəni hesabatda sazişlər və şirkətlər üzrə fərdi məlumatlar olmurdu). Lakin 2013-cü ilin hesabatından  başlayaraq bütün sonrakı hesabatlarda həm sazişlər, həm də şirkətlər üzrə hökumətə bütün növ ödənişlər detallı olaraq açıqlanmaqdadır. Məsələn, 2013-2017-ci illər üzrə MHŞT hesabatlarda sazişlər üzrə sazişə daxil olan şirkətlərin hər birinin il ərzində hökumətə dəyər (pul) formasında ödədikləri bütün növ ödənişlərin (pul ifadəsində ödənilən mənfəət nefti və qazına görə ödəniş, bonus və akrhesabı ödənişlər, tranzit haqqı) məbləği göstərilir. Şirkətlər üzrə detallara girmədən, həmin məlumatlar əsasında belə bir cədvəl qurmaq olar (cədvəl 3).

 

Cədvəl 3

 

2013-2017-ci illərdə sazişlər üzrə hökumətə pul formasında cəmi ödənişlər, mln. ABŞ dolları

 

2013

2014

2015

2016

2017

Azəri-Çıraq-Günəşli

1499,9

1276,6

488,3

258,2

370,7

Şahdəniz

694,1

834,4

523,7

64,1

0,075

Binəqədi, Sulutəpə

15,9

13,5

17,3

7,0

7,6

Bahar və Qum Dəniz

1,9

8,9

6,6

0,6

0,4

Kürsəngi-Qarabağlı

7,3

8,3

2,8

2,7

5,67

Mişovdağ-Kəlaməddin

13,8

9,4

9,1

1,0

0,4

Neftçala-Xillı

1,2

0,8

0,8

0,4

0,8

Suraxanı

28,0

23,5

6,3

3,1

6,8

Balaxanı-Sabunçu-Ramana

33,0

23,3

13,3

9,5

3,6

Kürovdağ

13,1

16,0

13,7

4,7

5,6

Şəfəq-Asiman

2,1

2,1

2,1

2,1

2,1

 

(Cədvəl müvafiq illər üzrə MHŞT hesabatlarının məlumatları əsasında hazırlanıb)

 

Qeyd edək ki, AÇG və Şahdəniz sazişləri üzrə mənfəət nefti və qazı hökumətə natura formasında təhvil verildiyindən müvafiq məlumatlar bu cədvəldə əks olunmayıb. Bu o deməkdir ki, bu cədvəldə AÇG və Şahdəniz sazişləri üzrə göstərilən məbləğlərdə şirkətlərin dövlət büdcəsinə ödədikləri mənfəət vergisi və Neft Fonduna ödədikləri bonus, trannzit haqqı və akrhesabı ödənişlər (əgər varsa) əks olunub.

Digər sazişlər üzrə hökumətə çatan mənfəət nefti və qazı pul ifadəsində hökumətə verildiyindən həmin məbləğlər bu cədvəldə əks olunur. Yəni həmin sazişlər üzrə göstərilən məbləğlərdə yuxarıda göstərilən ödənişlər üzrə il ərzində həm dövlət büdcəsinə (mənfəət vergisi), həm də Neft Fonduna köçürülən vəsaitlər əksini tapıb. Başqa sözlə, AÇG və Şahdəniz istisna olmaqla, digər sazişlər üzrə 3-cü cədvəldə verilən məlumatlar həmin sazişlər üzrə 2-ci cədvəldə verilən məlumatlardan aşağı olmamalıdır. Bu cədvəldən də aydın görünür ki, burada da AÇG və Şahdəniz üzrə ödənişlər daha mühüm əhəmiyyət kəsb edir.

Sazişlər çərçivəsində işləyən xarici podratçı şirkətlərin dövlət büdcəsinə ödədikləri mənfəət vergisinin məbləği barədə məlumatları da iki mənbədən – illik MHŞT hesabatlarından və maliyyə nazirliyinin hazırladığı büdcə zərfindən – etmək olar. Həmin mənbələr əsasında topladığımız məlumatlar əsasında sazişlər çərçivəsində 2006-cı ildən bəri xarici podratçı şirkətlərin dövlət büdcəsinə ödədikləri mənfəət vergisinin məbləğinin dinamikası müqayisəli şəkildə aşağıdakı diaqramda təqdim olunub (diaqram 6).

 

 

Diaqram 6. Neft-qaz sazişləri çərçivəsində xarici podratçı şirkətlərin dövlət büdcəsinə ödədikləri mənfəət vergisinin məbləğinin dinamikası[36], mln. manat[37]

 

6-cı diaqramdan aydın görünür ki, şirkətlərin dövlət büdcəsinə ödədikləri mənfəət vergisinin ən yüksək illik məbləğləri 2007-2008-ci illərdə qeydə alınıb. Sonrakı illərdə neftin dünya bazar qiymətinə müvafiq olaraq şirkətlərin dövlət büdcəsinə ödədikləri vergi məbləğləri də dəyişib və 2016-cı ildə ən aşağı səviyyədə olub. İki mənbədən əldə olunmuş eyni məlumatların müqayisəsi göstərir ki, şirkətlərin büdcəyə ödənişlərinin məbləğləri haqqında məlumatlar arasında, yalnız 2006-cı il istisna olmaqla, müəyyən fərqlər var: 2007-2009-cu illərdə MHŞT hesabatlarında əks olunan məbləğlər dövlət büdcə zərfindəki eyni məlumardan az, 2010-cu ildən sonra isə əksinə - MHŞT hesabatlarındakı məbləğlər büdcə zərfindəki oxşar məbləğlərdən yuxarı – olub. 2006-2017-ci illər dövründə iki mənbənin məlumatları arasında olan fərq 382,1 mln. manat təşkil edir[38].

Maliyyə nazirliyinin məlumatları əsasında hesablamalarımıza əsasən, 2006-2018-ci illər dövründə sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçı şirkətlərin dövlət büdcəsinə mənfəət vergisi üzrə ödədikləri vəsaitin ümumi məbləği təqribən 14,4 milyard manatdır.

Neft-qaz sazişlərinin faydaları heç də yalnız onlrın fəaliyyətinin birbaşa göstəriciləri olan sərmayə qoyuluşu, neft və qaz hasilatı və ixracı həcmlərinin artması və hər bir saziş çərçivəsində hökumətə  ödəmələrlə başa çatmır. Bu sazişlərin ölkədə baş verən siyasi, iqtisadi və sosial proseslərə, ölkənin sosial-iqtisadi inkişafına və hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasətə həlledici təsirləri olmuşdur.   

 

3. Neft-qaz sazişlərinin sosial-iqtisadi təsirləri

 

Neft-qaz sazişlərinin faydasını və təsirlərini araşdırarkən, ilk növbədə, həmin sazişlərin bağlanmasına başlandığı dövrdə - yəni 25 il bundan əvvəl - ölkədəki sosial-iqtisadi və siyasi durumu xatırlamaq və bu aspektdən qiymətləndirmək çox önəmlidir.

Məlum olduğu kimi, 1991-ci ildə siyasi müstəqilliyini bərpa edən Azərbaycan Respublikası çox ciddi problemlərlə üz-üzə qalmışdı: müstəqil dövlətçilik təcrübəsinin uzun müddət itirilməsi üzündən müstəqil dövlət idarəçiliyi sisteminin yoxluğu, Rusiyanın fəal dəstək verdiyi Ermənistan tərəfindən başlanılan işğalçı müharibə, Ermənistandakı dədə-baba torpaqlarından qaçmağa məcbur olub ölkəmizə gəlmiş bir neçə yüzminlik qaçqınlar ordusu, dağılmış və tənəzzül etmiş iqtisadiyyat, getdikcə sürətlə artan işsizlik və ağır sosial vəziyyət, siyasi qeyri-sabitlik və s.. DSK-nın məlumatına əsasən 1994-cü ildə sənaye istehsalı 1985-ci ildəkinin 30%-i səviyyəsinə düşmüş və tənəzzül prosesi davam etməkdə idi[39]. 1994-cü ildə ölkənin illik ÜDM-nin həcmi 374,4 mln. manat (indiki manat, yəni AZN-lə), dövlət büdcəsinin gəlirləri isə cəmi 101,0 mln. manat olub[40]. Yalnız ölkənin daxili imkanları hesabına getdikcə dərinləşməkdə olan bu sosial-iqtisadi böhranın qarşısını almaq mümkün deyildi, ölkəyə xarici investisiyaların cəlb edilməsi zəruri idi. Lakin müstəqil Azərbaycan dövlətinin dünyada hələ kifayət qədər tanınmaması, müstəqilliyini qoruyub saxlaya bilib-bilməyəcəyi və hansı inkişaf yolunu seçəcəyi ilə bağlı investorlarda müəyyənliyin olmaması, siyasi qeyri-sabitliyin və müharibənin davam etməsi və s. kimi amillər xarici investisiyalar üçün ciddi risk mənbəyi olmaqla investorların ölkəmizə gəlməsinin qarşısını alırdı. O zaman Azərbaycanın ilk növbədə ümid bəsləyə biləcəyi başlıca resurs Xəzər dənizinin Azərbaycan sektorunda olan zəngin neft-qaz ehtiyatları ola bilərdi. Lakin neft hasilatı sahəsində böyük təcrübəyə malik olmasına və hələ SSRİ zamanında Bakının “neft akademiyası” kimi ad çıxarmasına rəğmən, müstəqilliyini bərpa etdiyi dövrdə Azərbaycan nə maliyyə, nə texnoloji, nə peşəkarlıq, nə də müasir menecment baxımından özünün neft-qaz yataqlarını müstəqil şəkildə işləmək imkanında deyildi. Buraya dünyanın tanınmış neft şirkətlərinin cəlb edilməsi zəruri idi. Həm də o dövrdə ölkənin neft-qaz ehtiyatları xarici investorlar üçün yeganə cəlbedici resurs hesab olunurdu.

Neft-qaz sazişlərinin imzalanmasının Azərbaycan üçün əhəmiyyətini və belə sazişlərdən ölkənin gözləntilərini Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanması mərasimindəki çıxışında çox dəqiq ifadə eləmişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin və Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk”[41]. Daha sonra o qeyd etmişdi ki, “Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Məhz bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”.[42]

20 il sonra – 2014-cü ilin sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə “Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır”[43].

Neft-qaz sazişlərinin imzalanmasına başlananda Azərbaycan özünün xam neftini və təbii qazını müstəqil şəkildə dünya bazarlarına çıxaracaq boru kəmərlərinə malik deyildi. Neft-qaz sazişləri, xüsusilə AÇG və Şahdəniz yataqlarından çıxarılan böyük neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün boru kəmərləri şəbəkəsi yaradıldı:  

  • 1999-cu ildə Bakı-Supsa neft kəməri istifadəyə verilib və həmin ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu Qara dəniz limanından dünya bazarlarına çıxarılıb;
  • 2005-ci il mayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istifadəyə verilib və 2006-cı ilin iyulunda Azərbaycan neftinin doldurulduğu ilk tanker Ceyhan limanından dünya bazarına çıxarılıb;
  • 2007-ci ildə Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) Boru Kəməri (CQBK) istifadəyə verilib;
  • Şahdəniz-2 çərçivəsində Azərbaycan neftinin Avropa bazarlarına çatdırılması üçün CQBK-nin genişləndirilməsi çərçivəsində 2018-ci il iyununda TANAP - Trans-Anadolu qaz kəməri istifadəyə verilib və 2020-ci ilədək TAP (Trans-Adriatik qaz kəməri) layihəsinin tamamlanması baş tutacaq[44].

İmzalanmış neft-qaz sazişlərinin həyata keçirilməsi ilə neft-qaz sektoruna yönəldilən xarici investisiyaların artması, boru kəmərlərinin tikintisi, neft və qaz hasilatı və ixracı həcmlərinin artması və ölkənin neft gəlirləri əldə etməsi nəticəsində ölkədə iqtisadi artım templəri yüksəldi, hətta 2005-2007-ci illərdə Azərbaycan ÜDM-in illik real artım tempinə görə (müvafiq olaraq, 126,4%, 134,5% və 125,0%) dünyanın lider ölkələri sırasında oldu ki, burada da məhz neft sektorunda yaradılan ÜDM-in artımı (müvafiq olaraq 166,3%, 163,1% və 136,8%) həlledici rol oynadı (diaqram 7).

 

Diaqram 7. 2000-2009-cu illərdə Azərbaycanda ÜDM-in real artım templəri, əvvəlki illə müqayisədə faizlə (Mənbə: DSK)

Hökumət əldə etdiyi neft gəlirlərinin mühüm bir hissəsini ölkə iqtisadiyyatının inkişafına və əhalinin sosial rifahının yüksəldilməsinə yönəltməyə başladı. 2003-cü ildən başlayaraq ARDNF-in gəlirlərinin mühüm bir hissəsi hər il dövlət büdcəsinə transfer edilir, bir hissəsi isə birbaşa Fondun özünün layihələrinə yönəldilir. ARDNF-in illik hesabatları əsasında apardığımız hesablamalarımız göstərir ki, 2018-ci ilin sonunadək Fondun 140,6 mlrd. manatlıq gəlirlərinin 102,0 mlrd. manatı yaxud 72,5%-i xərclənib. 2018-ci ilin sonunadək Fonddan xərclənən ümumi vəsaitin 88,6 mlrd. manatı yaxud 86,8%-i dövlət büdcəsinə transfer olunub.

 

 

Diaqram 8. ARDNF-dən dövlət büdcəsinə transferin dinamikası, mln. manat (mənbə: ARDNF)

8-ci diaqramın məlumatlarını 5-ci diaqramla müqayisə edəndə aydın görünür ki, ARDNF-in gəlirləri artdıqca Fonddan dövlət büdcəsinə transferlərin məbləği artıb, Fondun gəlirləri azalan zaman isə büdcəyə transferin məbləği də azaldılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, 2006-cı ildən başlayaraq sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçı şirkətlər dövlət büdcəsinə mənfəət vergisi ödəməyə başlayıblar (bax: diaqram 6). Eyni zamanda qeyd olunmalıdır ki, sazişlərin fəaliyyətindən dövlət büdcəsinin aldığı vəsaitlər yalnız bu iki mənbə (yəni ARDNF-in transferi və podratçı şirkətlərin mənfəət vergisi) ilə kifayətlənmir. Bundan başqa HPBS çərçivəsində fəaliyyət göstərən xarici subpodratçı şirkətlər də dövlət büdcəsinə mənfəət vergisi ödəyirlər: hesablamalarımız göstərir ki, 2009-2018-ci illərdə bu mənbə üzrə dövlət büdcəsinə 1676,1 mln. manat vəsait daxil olub. 2008-2018-ci illər dövründə HPBS üzrə xarici podratçı və subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar gəlir vergisi üzrə dövlət büdcəsinə daxil olan vəsaitin miqdarı təqribən 2803,0 mln. manat olub[45].  Neft Fondundan edilən transferlərin və sazişlərin hesabına daxil olan vəsaitlərin miqdarı artdıqca dövlət büdcəsinin gəlir və xərcləri də sürətlə artmağa başladı (diaqram 9).

 

 

Diaqram 9. 2000-2018-ci illərdə dövlət büdcəsi gəlirləri və xərclərinin dinamikası, mln. manat (Mənbə: Maliyyə nazirliyi)

 

2002-ci ildə dövlət büdcəsinin gəlirləri 1 milyard manatdan az (910,2 mln. manat) olduğu halda, 2008-ci ildə 10,8 milyard manata çatdı, yəni təqribən 12 dəfəyə yaxın artdı. 2013-cü ildə isə dövlət büdcəsinin gəlirləri artıq 19,5 mlrd. manat olub ki, bu da 2002-ci illə müqayisədə 21,4 dəfə, 2008-ci illə müqayisədə isə təqribən 81% çoxdur.

Hesablamalar göstərir ki, 2003-2018-ci illər ərzində dövlət büdcəsinin ümumi gəlirləri 192,1 mlrd. manat olub ki, bununda 107,4 mlrd. manatı yaxud 55,9%-i bilavasitə neft-qaz sazişləri çərçivəsində müxtəlif formalarda daxil olan vəsaitin payına düşür ki, bu da qeyd olunan dövrdə dövlət büdcəsinin bilavasitə saziş gəlirlərindən asılılıq səviyyəsinin necə yüksək olduğunu nümayiş etdirir.

Lakin dövlət büdcəsinin nef-tqaz gəlirləri yalnız bu mənbələrlə başa çatmır. Bundan əlavə dövlər büdcəsinin gəlirlərinin formalaşmasında SOCAR da əhəmiyyətli rol oynayır. Maliyyə Nazirliyinin və Hesablama Palatasının büdcə məlumatları əsasında apardığımız hesablamalara əsasən 2003-2018-ci illər dövründə SOCAR-ın dövlət büdcəsinə bütün növ ödəmələri (fiziki şəxslərin gəlir vergisi üzrə ödənişlər istisna olmaqla) təqribən 18 mlrd. manat olub.

Beləliklə, ARDNF-dən dövlət büdcəsinə transferin başlandığı 2003-cü ildən 2018-ci ilədək olan dövrdə ölkənin neft-qaz sektorundan müxtəlif formalarda dövlət büdcəsinə ümumilikdə 125,4 mlrd. manat daxil olub ki, bu da həmin dövrdə dövlət büdcəsinin ümumi gəlirlərinin 65,3%-i deməkdir. Başqa sözlə, qeyd olunan dövrdə (16 il ərzində) dövlət büdcəsi gəlirlərinin birbaşa neft-qaz sektorundan asılılıq səviyyəsi ümumilikdə 65,3% olub.

Qeyd etməliyik ki, sazişlərdən əldə olunan gəlirlərin dövlət büdcəsinin gəlirlərinə və ölkədə iqtisadi artıma təsiri heç də yuxarıda qeyd olunanlarla bitmir. Belə ki, dövlət büdcəsi gəlirlərinin belə artımı hökumətə büdcənin bütün bölmələri üzrə xərclərini sürətlə artırmağa imkan verdi. Hökumət büdcə təşkilatlarında çalışanların əmək haqqlarını, əhalinin müxtəlif təbəqələrinin aldığı pensiya, təqaüd və sosial müavinətləri artırmaqla əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atdı.  Araşdırmalarımız göstərir ki, neft gəlirlərinin kəskin artımının baş verdiyi 2005-2013–cü illər dövründə dövlət başçısı tərəfindən təhsil sektorunda çalışanların əmək haqlarının artırılması ilə bağlı 6, səhiyyə sektorunda çalışanların tarif maaşlarının artımı ilə bağlı 5, pensiyaların minimum məbləğinin artımı ilə bağlı 9, minimum əmək haqqının artırılması ilə bağlı 9 sərəncam imzalanmışdı. Həmin sərəncamlar nəticəsində təhsil işçilərinin məvaciblərinin nominal məbləği 2,5 dəfəyədək, səhiyyə sistemində çalışanların əmək haqlarının nominal məbləği 50%-dək, minimum pensiyaların nominal məbləği 4 dəfə, minimum əmək haqqının nominal məbləği 5 dəfə artmışdır[46].

Amma neft gəlirlərinin istifadəsi ilə bağlı dövlətin daha çox artırdığı xərclər dövlət imvestisiyaları olub. Həm dövlət büdcəsinin investisiya xərcləri, həm də ARDNF-dən birbaşa maliyyələşdirilən layihələr hesabına dövlət investisiyaları kəskin şəkildə artırıldı və bu investisiyaların böyük əksər hissəsi ölkədə kommunal, nəqliyyat və sosial infrastruktur obyektlərinin qurulmasına, abadlıq və yenidənqurma işlərinə yönəldilib. Bunun nəticəsi olaraq, 2003-cü ildən başlayaraq 2013-cü ilədək ölkədə əsas kapitala yönəldilən daxili investisiyaların sürətli artımı müşahidə olunub. Ölkənin neft gəlirlərinin azaldığı 2014-2016-cı illərdə isə daxili investisiyalarda kəskin azalma baş verib (bax: diaqram 10).

 

 

Diaqram 10. Əsas kapitala investisiyaların neft və qeyri-neft sektorları, daxili və xarici mənbələr, dövlət və qeyri-dövlət mülkiyyəti üzrə dinamikası, mln. manat (mənbə: DSK)

 

10-cu diaqramda diqqət çəkən məqam əsas kapitala yönəldilən daxili investisiyalarla qeyri-neft sektorunda əsas kapitala yönəldilən sərmayə qoyuluşlarının dinamikası arasında, habelə əsas kapitala yönəldilən daxili investisiyalarla dövlət investisiyalarının dinamikası arasında birbaşa reqresiyanın müşahidə olunmasıdır. Eynilə, ölkədə əsas kapitala yönəldilən xarici investisiyalarla  neft sektorunda əsas kapitala yönəldilən sərmayə qoyuluşları arasında da birbaşa reqresiya görünür. Bunun əsasında belə bir fikir söyləmək olar ki, ölkənin neft sektorunda əsas kapitala yönəldilən sərmayələr əsasən xarici investisiyalar hesabına baş verib. Əsasən dövlət investisiyaları (başqa sözlə, neft gəlirləri) hesabına həyata keçirilən əsas kapitala investisiyalar isə başlıca olaraq qeyri-neft sahələrinə (xüsusilə kommunal, enerji, nəqliyyat və sosial infrastrukturun yenidən qurulması və bərpası layihələrinə) yönəldilib. Diaqramdan aydın müşahidə olunur ki, dövlət investisiyalarının artıb-azalma dinamikası hökumətin neft gəlirlərinin artıb-azalma dövrləri ilə birbaşa bağlıdır.

Daxili, xüsusilə dövlət investisiyalarının belə artımı nəticəsində 2010-2014-cü illər dövründə qeyri-neft ÜDM-nin real artım templəri 7-10% səviyyəsində oldu, 2012-ci ildən başlayaraq sonrakı illərdə ÜDM-də qeyri-neft sektorunun payı neft sektorunun payını ötdü. 

Neft-qaz sazişlərindən əldə edilən neft gəlirlərinin iqtisadi və sosial problemlərin həllinə yönəldilməsi əhalinin gəlirlərinin yüksəlməsinə, ölkədə yoxsulluq səviyyəsini 2003-cü ildəki 44,7%-dən 2014-cü ildə 5% səviyyəsinə salmağa imkan verdi.

Ölkənin valyuta ehtiyatlarının formalaşmasında və artımında da neft-qaz sazişlərinin və neft gəlirlərinin birbaşa rolu vardır. ARDNF-in aktivləri ölkənin valyuta ehtiyatlarının mühüm hissəsini təşkil etməklə ölkə iqtisadiyyatında makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasında (“təhlükəsizlik yastığı” funksiyası) mühüm vasitədir. 2018-ci ilin sonuna ARDNF-in aktivlərinin ümumi məbləği 38,5 milyard ABŞ dollarına bərabər olub. Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) valyuta ehtiyatları 2006-cı ildəki təqribən 2 mlrd. dollardan 2013-cü ildə 14,2 mlrd dollar səviyyəsinədək yüksəldi, lakin 2014-cü ilin ortalarından başlayaraq dünya bazarında neftin qiymətində olan kəskin azalmalar və ökənin neft gəlirlərinin azalması ilə əlaqədar olaraq 2015-ci ildə yaşanan böhran nəticəsində bu ehtiyatlarda kəskin azalma baş verdi və 2016-cı ilin sonuna 4 mlrd. dollara düşdü, yəni 3,6 dəfə azaldı (diaqram 11).

 

Diaqram 11. Azərayxanın valyuta ehtiyatlarının dinamikası, mln. ABŞ dolları (mənbə: ARDNF və Azərbaycan Respublikasının Mərkəzi Bankı)

Bunun nəticəsi olaraq ölkənin ümumi valyuta ehtiyatlarının miqdarı 2014-cü ildəki 50,9 milyard dollardan 2016-cı ilin sonuna 37,1 mldr. dollaradək, yəni 27,1% azaldı. Lakin sonradan dünya bazarında neftin qiymətinin yüksəlməsi və ölkənin neft gəlirlərinin artması ilə bərabər həm ARDNF-in aktivləri, həm də ARMB-nin valyuta ehtiyatları artmağa başladı və 2018-ci ilin sonuna ölkənin ümumi valyuta ehtiyatları 44,1 mlrd. dollar səviyyəsinək yüksəldi.

Aparılan təhlildən aydın görünür ki, ölkənin neft-qaz sazişlərinin, qeyd olunan fayda və təsirləri ilə yanaşı, diqqət cəlb edən mühüm təsirlərdən biri ölkə iqtisadiyyatının və milli valyutanın sabitliyinin neft gəlirlərindən və ölkənin neft-qaz sektorundan (həm də dünya bazarlarında neftin qiymətindən) asılılıq səviyyəsinin kəskin artmasıdır. Neft-qaz gəlirlərinin ölkə iqtisadiyyatına belə təsiri çoxsaylı nəzəri və emprik araşdırmaların predmeti olub. Böyük neft gəlirlərinin Azərbaycana iqtisadiyyatına təsirləri, xüsusilə iqtisadiyyatda “Holland sindromu”nun yaşanıb-yaşanmaması ilə bağlı belə araşdırmaların sayı getdikcə artmaqdadır. Eyni zamanda neft gəlirlərinin iqtiadi və siyasi proseslərə təsirin müxtəlif formalarda təzahürləri (korrupsiyanın artması, rentayönümlü davranışlar, iqtisadi və siyasi azadlıqların sıxışdırılması və s.) kimi məsələlər də iqtisad elmində geniş araşdırılan məsələlərdir. Lakin belə təsirlərin araşdırılması ayrıca tədqiqatların mövzusudur.

Ölkə iqtisadiyyatının neft gəlirlərinin asılılığını azaltmaq və aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq hökumət qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın və ixracın şaxələndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.

 


[1] https://www.bp.com/az_az/caspian/operationsprojects/ACG.html

[2] https://www.bp.com/az_az/caspian/aboutus/legalagreements.html

[3] https://president.az/pages/11/print

[4] http://www.azerbaijan.az/_Economy/_OilStrategy/oilStrategy_04_a.html 

[5] https://president.az/pages/11/print

[6] https://www.bp.com/content/dam/bp-country/az_az/PDFs/legalagreements/PSAs/SD-PSA-aze.pdf

[7] Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə müsahibə. http://www.anl.az/down/meqale/xalqqazeti/2014/sentyabr/392131.htm

[8] https://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz/SDstage1.html

[9] https://president.az/pages/11/print

[10] https://www.bp.com/content/dam/bp-country/az_az/PDFs/legalagreements/PSAs/EN-AZ-Restated-ACG-PSA.pdf

[11] Hasilat Sənayesində Şəffaflıq üzrə Ümumiləşdirilmiş Hesabat, 31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə. səh. 26 https://www.oilfund.az/report-and-statistics/report-archive

[12] Hasilat Sənayesində Şəffaflıq Komissiyasının Katibliyi  bunu “imzalanmış neft-qaz sazişlərinin ümumi sayının hesablamnasına dair müxtəlif yanaşma”nın olması ilə izah etdil

[13] Hasilat Sənayesində Şəffaflıq üzrə Ümumiləşdirilmiş Hesabat, 31 dekabr 2016-ci il tarixində başa çatmış il üzrə, səh. 71

[14] Hasilat Sənayesində Şəffaflıq üzrə Ümumiləşdirilmiş Hesabat – 2017,  səh. 29.   

[15] SOCAR: İllik hesabat-2017. səh.6  http://www.socar.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat-2017.pdf

[16] R.Abdullayev. Yeni neft strategiyasının banisi. “Azərbaycan” qəzeti, 05.05.2019.  http://www.azerbaijan-news.az/view-167255/Yeni-neft-strategiyas%C4%B1n%C4%B1n-banisi

[17]https://www.president.az/articles/29287  

[18] https://www.president.az/articles/29285

[19] SOCAR: İllik hesabat-2017. səh.26 

[20] http://www.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/2019/04

[21] https://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz/SDstage2.html

[22] https://azertag.az/xeber/Sahdeniz_qaz_kondensat_yatagindan_hasilata_baslanmasindan_12_il_otur-1224680

[23] http://www.azerbaijan-news.az/view-167255/Yeni-neft-strategiyas%C4%B1n%C4%B1n-banisi

[24] DSK-nın məlumatları əsasında hesablanılıb

[25] Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair Hesabat, səh. 10 http://www.minenergy.gov.az/images/docs/aren_hesabat_2018.pdf 

[26]   SOCAR: İllik hesabat-2017. səh.26; Energetika Nazirliyinin 2018-ci ildə görülmüş işlərə dair Hesabatı, səh. 10

[27] http://minenergy.gov.az/index.php/az/19-energetika/neft

[28] https://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz/SDstage1.html

[29] SOCAR: İllik hesabat-2017. səh.26; habelə Şahdəniz layihəsi Mərhələ 1 üzrə 2018-ci ilin fəaliyyəti haqqında bp-nin saytında olan məlumat  https://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz/SDstage1.html 

[30] müvafiq illər üzrə SOCAR-ın illik hesabatları

[31] http://www.socar.az

[32] http://ikisahil.com/post/maraqlar-balansini-temin-eden-meqalayihe-cenub-qaz-dehlizi

[33] https://www.stat.gov.az/source/trade/

[34] O cümlədən bunun 450,1 mln. ABŞ dolları məbləğində hissəsi yenilənmiş AÇG sazişi üzrə 2018-ci ildə daxil olub

[35] ARDNF-in 2001-ci ildən 2017-ci ilədək olan illik hesabatları, habelə 2018-ci il üzrə Fondun açıqladığı məlumatlar əsasında hesablanıb.

[36] Mənbə: müvafiq illər üzrə MHŞT hesabatları; müvafiq illər üzrə illik dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə Maliyyə nazirliyinin Milli Məclisə təqdim etdiyi büdcə zərfi; Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair hökumətin hesabatına rəyləri.  2018-ci il üzrə MHŞ Hesabatatı hələ hazır deyil.

[37] Qeyd: 2013 və 2015-ci illər üzrə şirkətlərin ödədikləri mənfəət vergisinin məbləğləri MHŞT hesabatlarında ABŞ dolları ifadəsində verilib. Diaqramda həmin məbləğlər müvafiq illər üzrə ortaillik manat-dollar məzənnəsi ilə bağlı DSK-nın məlumatları əsasında hesablanıb.

[38] ARDNF-də bu fərqi aşağıdakılarla izah edirlər: i) mənfəət vergisi üzrə ödənişlərə dair məlumatların ayrı-ayrı mənbə kateqoriyaları əsasında tərtib edilməsi; ii) ödəniş tarixlərinə olan məzənnə fərqi; və iii) hesabatların tərtib edilməsindəki zaman fərqi.

[39] Azərbaycan sənayesi-2001. Statistik məcmüə. Bakı, DSK, 2002. səh. 9

[40] https://www.stat.gov.az/

[41] Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Əsəeləri külliyyatı. II kitab. səh. 166-167 http://files.preslib.az/projects/toplu/books/2.pdf

[42] Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Əsəeləri külliyyatı. II kitab. səh. 167

[43]  https://president.az/articles/12921

[44]   http://www.socar.az və https://www.bp.com/az_az/caspian.html

[45] Maliyyə nazirliyinin 2010-2019-cu illər üzrə büdcə zərfi məlumatları və Hesablama Palatasının müvafiq illər üzrə dövlət büdcəsinin icrası ilə bağlı hökumətin hesabatına verdiyi rəylərdəki məlumatlar əsasında tərəfimizdən hesabalanıb

[46] Sosial sahələrdə ən ciddi artımlar 2019-cu ildə həyata keçirilib.