NHMT - Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə məlumatlarının açıqlığı: şəffaflıq üçün bəzi suallar

Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə məlumatlarının açıqlığı: şəffaflıq üçün bəzi suallar

Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə məlumatlarının açıqlığı: şəffaflıq üçün bəzi suallar

 

Giriş

 

Dövlət şirkətləri hüquqi statusundan asılı olmayaraq öz fəaliyyətlərində daha şəffaf və açıq olmalıdırlar. Özəl sektor üçün qanunvericiliklə kommersiya sirri sayılan bir sıra məlumat və statistik göstəriciləri dövlət şirkətləri üçün kommersiya sirri sayıla bilməz.

Əgər söhbət xalqa məxsus olan təbii resursların istismarı ilə məşğul olan neft-qaz, eləcə də digər təbii resurs şirkətlərindən gedirsə, onlarda şəffaflıq tələbləri daha sərt olmalıdır, bu şirkətlərin xalqdan gizli heç bir informasiyası olmamalıdır – şirkətin prezidentinin gəlir bəyannaməsindən tutmuş bütün ən xırda xərc maddələrinin strukturuna qədər.    

Bu məqalə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) timsalında dövlət şirkətlərinin maliyyə məlumatlarına əlçatanlığa həsr edilib. ARDNŞ müstəqillik tarixinin bütün illərində ölkənin ən nəhəng müəssisəsi statusuna sahib olub, bu gedişlə yaxın dövrlərdə də belə qalacaq. Fərqli şirkətlərin iştirakçılığı ilə yaranan beynəlxalq neft konsorsiumunu nəzərə almasaq, ARDNŞ dövlət büdcəsinin ən böyük vergi ödəyicisi, ölkənin ən böyük ixracatçısı, milli gəlirin ən böyük yaradacısı, ən böyük işəgötürəni statusundadır.

Ən önəmlisi – dövlət şirkətidir, özəl təsərrüfat subyektlərindən fərqli olaraq fəaliyyətilə bağlı informasiyalar ictimaiyyət üçün açıq olmalıdır. Hətta yeri gəlsə, qanunvericlik bu şirkətin rəhbər heyətinin də ali və mərkəzi hakimiyyət strukturlarının təmsilçiləri kimi öz gəlir və əmlak vəziyyətləri barədə bəyannamələr açıqlamasını mütləq hüquqi şərt kimi irəli sürməlidir.

Amma mövzu bu deyil: şirkətin hər il açıqladığı illik fəaliyyət və və maliyyə hesabatları onun maliyyə məlumatlarını tam açıqlayırmı, ictimaiyyət, xüsusilə də müstəqil analiz və araşdırma mərkəzləri özlərinə gərək olan informasiyaları həmin hesabatlar vasitəsilə əldə edə bilirlərmi?

ARDNŞ-nin maliyyə fəaliyyətiilə bağlı hesabatları artıq xeyli müddətdir beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanır. Amma bir reallıq da var ki, bu standatrlar informasiya açıqlığının minimum yol verilən səviyyəsi üçün tələblər müəyyənləşdirir. Daha böyük həcmdə, geniş miqyasda informasiyaları ictimaiyyət üçün əlçatan etməyə nəinki məhdudiyyət yoxdur, əksinə bunu edən şirkətlər şəffaflıq prinsipinin onlar üçün priooritet olduğunu göstərir. Daha dəqiqi, ixtiyari şirkət həmin standarta uyğun hesabat hazırlayıb yaymaqla yanaşı özü daha geniş məlumatlarla çıxış edə bilər və qanunvericilik buna məhdudiyyətlər qoymur. Məsələn, Rusiyanın “Rosneft” şirkəti illik maliyyə hesabatı[1] ilə yanaşı “Dövlətə ödəmələr haqqında Hesabat” adlı ayrıca sənəd yayımlayır[2]. Hesabatda şirkətin dövlətə bütün ödəmələrinin strukturu tam açıqlığı və detalları ilə təqdim olunur. Hesabatda şirkətin ən müxtəlif layihələr, kompleksə daxil olan hər bir şirkət üzrə bütün ödəmələrin – vergilərin, royaltinin, bonusların, lisenziya ödənişlərinin ümumi məbləği qeyd edilir. Eyni parametrlər üzrə şirkətin xaricdə həyata keçirdiyi layihələr üzrə ölkələr üzrə əksini tapır. Həm də şirkətin təkcə Rusiya hökumətinə deyil, çalışdığı bütün ölkələrdə milli hökumətlərə ödəmələri barədə məlumatlar açıqlanır. Bu baxımdan xüsusilə də region ölkələrinin (Rusiya və Qazaxıstan) neft-qaz şirkətlərinin maliyyə hesabatlılığı ilə ARDNŞ-in anoloji hesabatlarının da müqayisəsi maraqlıdır.

Amma buna qədər informasiya açıqlığına qarşı milli qanunvericilyin tələblərinə nəzər yetirməyə ehtiyac var.

 

1. ARDNŞ - ictimai informasiya sahibi kimi

 

Azərbaycanda ictimai informasiyaların açıqlığı ilə bağlı baza hüquqi sənədi rolunda “İnformasiya əldə etmək haqqında” Qanun[3] çıxış edir. Bu qanunun 9-cu maddəsinə görə, dövlət orqanları və bələdiyyələrlə yanaşı ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, habelə əmtəə bazarında hökmran mövqe tutan, təbii inhisara malik olan hüquqi şəxslər ictimai informasiya sahibləri hesab olunurlar. Nazirlər Kabinetinin 1 sentyabr 2016-cı il, 338 saylı qərarı[4] ilə ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin tərkibi də tam dəqiqləşdirilib. Qərara görə, Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarına[5] əsasən, hesabat ili ərzində işçilərinin orta siyahı sayı 1500 nəfərdən, illik gəliri 180 milyon manatdan, balansının yekun məbləği 450 milyon manatdan az olmayan kommersiya təşkilatları da ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri’nə cavab verən hüquqi şəxslər ictimai əhəmiyyətli qurumlardır.

Yəni həm “İnformasiya əldə etmək haqqında” Qanunun, həm də bu qanunun icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən qəbul edilən və yuxarıda adı çəkilən hər 2 qərarın müddəalarından göründüyü kimi, ARDNŞ ictimai əhəmiyyətli qurumlardan biridir və ictimai informasiyaları açıqlamaq öhdəliyi daşıyır. Amma əsas problemlər də elə burdan başlayır. Qanun hökumətin müvafiq qərarları əsasında hər bir qurum üçün açıqlanması icbari olan informasiyaların siyahısı ayrıca hazırlanmalı idi. Çünki “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsində açıqlanması tələb olunan informasiyalar çox ümumudir və bütün qurumlar üçün keçərli olan informasiyaları əhatə edir. Halbuki dövlət büdcəsi və ictimai əhəmiyyətli kommersiya qurumları üçün fəaliyyətlərinin və statuslarının fərqliliyndən dolayı əhəmiyyətli dərəcədə fərqli informasiyalar var. Həmin maddəni əsas götürsək, ARDNŞ üçün açıqlanması vacib olan ictimai informasiyalar aşağıdakılar ola bilər:

 

  • ümumiləşdirilmiş statistik məlumatlar;
  • ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları; 
  • satınalmalarının şərtləri və nəticəsi;
  • informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;
  • ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;
  • ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar; 
  • tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;
  • əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar - bu dəyişikliklər edilənədək;
  • informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar.

 

Bu siyahıya nəzər yetirsək, ARDNŞ öz hesabatlarında ümumiləşdirilmiş yekun statistikanı əsasən açıqlayır. Məsələn, xam neft və qazın hasilat həcmi, neft məhsullarının istehsal həcmi, kapital qoyuluşları və s. barədə məlumatları rahatlıqla əldə etmək mümkündür. Yaxud ümumi və maliyyə fəaliyyətinə dair hesabatlar, gəlir və xərclərinin ümumi məbləği, büdcə qarşısında öhdəlikləri barədə ictimaiyyət üçün əlçatandır. Amma region ölkələrinin neft-qaz şirkətlərinin də təcrübəsindən görünür ki, yalnız ümumi statistik məlumatlar maliyyə şəffaflığının təmin edilməsi, cəmiyyətin zəruri ictimai informasiyalara tələbatının ödənməsi baxımından kifayət etmir. Xüsusilə də media və vətəndaş cəmiyyəti institutlarının ictimai əhəmiyyətli qurumlar üzərində effektiv ictimai nəzarətə nail olması, həmin qurumları korrupsiya fəaliyyətindən çəkindirməsi nöqteyi-nəzərindən şirkətin rəqibləri qarşısında kommersiya maraqlarına zərbə vurmayan, dövlət sirri hesab edilməyən bütün göstəricilərini ictimai informasiyaları siyahısına daxil edilməsi problem sayılmamalıdır.

ARDNŞ-in ictimai informasiya sahibi kimi hüquqi öhdəliyini müəyyənləşdirən daha bir normativ-hüquqi akt “Mühasibat uçotu haqqında” Qanunundur[6]. Qanunun 8.2-ci maddəsi tələb edir ki, bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər. Göründüyü kimi, bu qanun da ictimai əhəmiyyətli qurumların beynəlxalq mühasibat uçotu standartlarına uyğun hazırlanan maliyyə hesabatları ilə yanaşı milli qanunvericiliyin müəyyənləşdirdiyi müddəaları əsasında da əlavə maliyyə hesabatları hazırlayıb yaymaq öhdəliyini məhdudlaşdırmır. Yəni milli qanunvericilik şəffaflıq prinsiplərinin təcrübədə daha effektiv tətbiqi üçün ictimai informasiyaların nisbətən geniş və detallı açıqlanmasını nəzərdə tuta bilər.  

“Mühasibat uçotu haqqında” Qanunun ictimai əhəmiyyətli kommersiya təşkilatlarının maliyyə hesabatlarının təqdim və dərc edilməsi qaydası öz əksini tapıb. Həmin maddə ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından aşağıdakıları tələb edir:

 

  • qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunsun; 
  • qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsini qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunsun.

 

Təcrübədə ARDNŞ-nin maliyyə hesabatlılığının mövcud vəziyyətinə ayrıca diqqət yetirməyə ehtiyac var.

 

2. ARDNŞ-nin maliyyə hesabatları – açıqlanan əsas informasiyalar

 

Şirkətin maliyyə fəaliyyətinin nəticələrilə bağlı əsas məlumatlar müstəqil auditor tərəfindən hazırlanan konsolidə edilmiş maliyyə hesabatında əks edilsə də, illik fəaliyyət hesabatında da müxtəlif iqtisadi və maliyyə göstəricləri yer alır. Hər 2 hesabat şirkətin saytında tam həcmdə yerləşdirilir[7]. Adıçəkilən hesabatlarda açıqlanan əsas maliyyə informasiyaları aşağıdakılardır:

 

1) Aktivlərin həcmi və sturkturu. 2018-ci ildə şirkətin məcmu aktivlərinin həcmi 62.136 mlrd. manat olub və bu əvvəlki ilə nisbətən 789 mln. manat (1.3%) çoxdur. Aktivlərin 42.844 mlrd. manatı və ya 69%-i uzunmüddətli, 19.292 mlrd. manatı yaxud 31%-i cari aktivlər olub.

Cari aktivlərin əsas hissəsi – 8.395 mlrd. manatı (43.5%-i) ticarət və sair kreditor borclar olub. Ticarət debitor borclara daxildir: müştərilərə satılmış xam neft, təbii qaz və neft məhsullarına görə alınacaq borclar. Bu alacaqların içərisində dövlətin qrant kimi şirkətə verməli olduğu vəsait də var. Həmin məbləğ daxili tələbatı qarşılamaq üçün təbii qaz və məişət yanacağının satışından yaranan zərərə görə kompensasiya kimi müəyyən edilib.

Diaqram 1. Cari aktivlərin strukturu (əsas elementlər üzrə), mln. manat

 

6.640 mlrd. manat məbləğində pul vəsaitlərinə gəldikdə, hesabatdan aydın olur ki, bura əsasən şirkətin cari bank hesablarındakı vəsaitlər və qısamüddətli depozitlər daxildir. Bank hesablarındakı vəsaitlərin əsas hissəsi – 5.139 mlrd. manat ekvivalentində olan hissəsi ABŞ dolları, 273 mln. manatı Avro, 48 mln. manatı türk lirəsi ilə, eləcə də 1.076 mlrd. manat Azərbaycanın milli valyutasında saxlanılıb.

Şirkətin uzunmüddətli aktivlərinin əsas hissəsi – 28.259 mlrd. manatı (66%-i) əmlak, tikili və avadanlıqlardan ibarət olub. Hesabatda təqdim edilən məlumatlara görə, bu maddə üzrə məbləğin 17.833 mlrd. manatı neft-qaz əmlakı və avadanlıqları, 3.943 mlrd. manatı tamamlanmamış tikililər, 2.407 mlrd. manatı maşın və avadanlıqlar, 2.326 mlrd. manatı bina və tikililər, 910 mln. manatı gəmi və port avadanlıqları olub.

Diaqram 2. Uzünmüddətli aktivlərin növləri (əsas elementlər üzrə), mln. manat

 

2018-ci ildə ARDNŞ-nin uzunmüddətli aktivlərin ikinci ən böyük elementi birgə müəssisələrə investisiyalar olub. Həmin investisiyaların məbləği 5.301 mlrd. manat və ya cəmi uzunmüddətli aktivlərin 12.4%-i qədər olub. Hesabatda birgə müəssisələrə investisiyalar üzrə məlumatlar həm balans dəyəri ilə təqdim edilir - yəni uzun dövr ərzində formalaşmış aktivlərin balans dəyəri ilə uzunmüddətli öhdəliklərin fərqi kimi xalis aktivlərin dəyəri formasında göstərilir. Həm də hesabat ilində investisiyalara edilən əlavələrlə də bağlı ayrıca məlumat verilir. Hesabatdan aydın olur ki, bu istiqamətdə birgə müəssisələr üzrə balans dəyəri ilə xalis aktivlərin əsas hissəsi – 4.969 mlrd. manatı (93.7%-i) Türkiyədəki ortaq müəssisəyə, yerdə qalan hissəsi isə Azərbaycandakı 6 birgə müəssisəyə aiddir. Bu müəssisələrin adları və ARDNŞ-in onların hər birində payı hesabatda əks olunub. 2018-ci ildə birgə müəssislərə investisiyaların həcmi 194 mln. manat (2017-ci ilə nisbətən 3 dəfə az), bütün vergilər ödəndikdən sonra onların maliyyə nəticələrindən aldığı pay 213 mln. manat (2017-ci ilə nisbətən 2.5 dəfə az) təşkil edib.    

Hesabatda bütün birgə müəssisələrin hər biri üzrə satışların maya dəyəri, ümumi və inzibati xərclər, maliyyə gəliri və maliyyə xərcləri, vergidən əvvəlki mənfəət, mənfəət vergisi, il üzrə mənfəət (zərər), hər bir müəssisənin mənfəətində (zərərində) ARDNŞ-nin payı göstərilir. Bu məlumatlar ümumilikdə ARDNŞ-nin 21 birgə müəssisəsi üzrə açıqlanıb.

Eyni qaydada asılı müəssisələr üzrə də maliyyə məlumatları təqdim edilir. Hesabatda 18 asılı müəssisə üzrə anoloji məlumatlar açıqlanıb.

 

2) Öhdəliklərin həcmi və sturkturu. 2018-ci ildə ARDNŞ-nin ümumi öhdəliklərin həcmi 38.192 mlrd. manat təşkil edib. Bu öhdəliklərin 17.367 mlrd. manatı və ya 45.5%-i cari, 20.825 mlrd. manatı yaxud 54.5%-i isə uzunmüddətli öhdəliklər olub.

Cari öhdəliklərin əsas hissəsini (68%-i) ticarət və sair kreditor borcları, 4.013 mlrd. manatı (23%-i) isə qısamüddətli borc öhdəlikləri və uzunmüddətli borcların cari hissəsi ilə bağlı olub.  Hesabatda təqdim edilən informasiyalara görə, cari öhdəliklərin 7.601 mlrd. manatlıq hissəsi əsasən xarci valyuta ilə olan borclardır. Qısamüddətli borc öhdəlikləri və uzunmüddətli borcların cari hissəsi ilə bağlı olan borclarla bağlı isə daha detallı məlumat təqdim edilir – həm bu borcların faiz dərəcələri və valyuta strukturu, həm də ödəniş qrafikləri barədə informasiyalar açıqlanır.

Uzunmüddətli öhdəliklərin strukturu ilə də bağlı məlumatlar əhatəlidir. 2018-ci ildə bu öhdəliklərin içərisində ən yüksək paya uzunmüddətli borc öhdəlikləri malik olub və onların məcmu məbləği 9.659 mlrd. manat (bütün uzunmüüdətli öhdəliklərin 46.4%-i) təşkil edib. Maliyyə hesabatında bu borc öhdəliklərinin valyuta strukturu və onların ödəniş qrafiki, uzunmüddətli və cari hissəsi, faiz dərəcələri barədə geniş məlumatlar yer alır.

Diaqram 3. Uzünmüddətli öhdəliklərin növləri (əsas elementlər üzrə), mln. manat

 

Hesabatda uzunmüddətli öhdəliklərin əsas elementləri - həm HPBS-də səhmlərin satışı üçün alınan avanslar və satış opsionu üzrə öhdəliklər, həm də təxirə salınmış vergi öhdəlikləri və aktivlərin ləğvi üzrə öhdəliklər barədə əlavə məlumatlar təqdim edilir.

3) Kapitalın həcmi və sturukturu. 2018-ci ildə ARDNŞ-in kapitalının ümumi həcmi 23.944 mlrd. manat təşkil edib ki, ondan 22.812 mlrd. manatı şirkətin səhmdarlarına aid olan kapital, 1.132 mlrd. manatı isə qeyri-nəzarət payları olub.

Diaqram 4. Kapitalın tərkibi (əsas elementlər üzrə), mln. manat

 

Kapitalın strukturunda ən böyük pay bölüşdürülmüş mənfətə (7.659 mlrd. manat), məzənnə fərqindən yaranan əlavə vəsaitə (5.900 mlrd. manat), əlavə ödnilmiş kapitala (5.299 mlrd. manat) və nizamnamə kapitalına (4.147 mlrd. manat) məxsusdur.

4) Gəlirlərin sturkturu və mənfəətin (zərərin) həcmi. 2018-ci ildə ARDNŞ-nin ümumi gəlirləri (dövriyyəsi) 111.198 mlrd. manat, ondan 105.468 mlrd. manatı satışların maya dəyəri, 5.730 mlrd. manatı ümumi mənfəət olub. Əməliyyat xərcləri çıxıldıqdan sonra 916 mln. manatlıq “sair əməliyyat gəlirləri” və 85 mln. manatlıq “geri qaytarılan kredit zərəri” nəzərə alınmaqla 3.595 mlrd. manat məbləğində əməliyyat mənfəəti formalaşıb. Mənfəət vergisindən əvvəlki mənfəətin məbləği isə 2.220 mlrd. manat təşkil edib.

Hesabata görə, ümumi gəlirlərin strukturunda əsas pay xam neft satışına aiddir.

Diaqram 5. Şirkətin ümumi gəlirlərinin (daxilolmalarının) mənbələr üzrə həcmi, mln. manat

 

Hesabatdan aydın olur ki, 2018-ci ildə ARDNŞ-nin ümumi gəlir dövriyyəsinin 58.462 mlrd. manatı xam neftin, 40.093 mlrd. manatı neft məhsullarının, 3.894 mlrd. manatı təbii qazın alqı-satqısından, 249 mln. manatı kirayə gəlirlərindən formalaşıb. Bundan əlavə 5.309 mlrd. manat “sair gəlirlər” maddəsi kimi qeyd olunub.

Maliyyə hesabatında ümumi daxilolmaların seqmentlər üzrə bölgüsü də təqdim edilir. 2018-ci ildə məcmu mədaxilin təxminən 91%-i satış və paylaşdırmada, yerdə qalan 9%-i neft-qaz hasilatı, emal və tikinti seqmentində yaranıb.

5) Ümumi xərclərin və əməliyyat xərclərin sturkturu. ARDNŞ-nin ümumi xərcləri əsasən xammal və materiallarla bağlıdır və 2018-ci ildə bu maddə üzrə 101.827 mlrd. manat məbləğində xərcləmə qeydə alınıb.

Diaqram 6. Şirkətin ümumi xərclərinin əsas istiqamətlər üzrə həcmi, mln. manat

 

ARDNŞ üzrə əmək haqqı və işçilərin sosial müdafiəsi xərcləri 1.510 mlrd. manat, əsas fondların köhnəlməsi xərcləri 1.391 mlrd. manat, nəqliyyat və nəqliyyat vasitələrinə xidmət xərcləri 1.183 mlrd. manat, kommunal xərclər 374 mln. manat, təmir və texniki xidmət xərcləri 331 mln. manat təşkil edib.

Hesabatda əməliyyat xərcləri barədə ayrıca məlumatlar təqdim edilir. Bu xərclər ümumi mənfəət (məcmu daxilolma və satışların maya dəyəri arasında fərq) hesabına maliyyələşdirilib. 2018-ci ildə əsas əməliyyat xərcləri ümumi  və inzibati (1.348 mlrd. manat),  paylaşdırma (1.196 mlrd. manat), sosial (105 mln. manat), kəşfiyyat və qiymətləndirmə (69 mln. manat), sair əməliyyatlarla bağlı (403 mln. manat) kimi xərclərdən formalaşıb və ümumi əməliyat xərcləri 3.136 mlrd. manat təşkil edib.

7) Xəclərin seqmentlər üzrə bölgüsü. 2018-ci ildə xammal və material xərclərinin 96%-i satış və paylaşdırma, yerdə qalan 4%-i neft-qaz hasilatı, emal və tikiniti seqmentinin payına düşüb. Eyni zamanda, əmək haqqı və sosial müdafiə xərclərinin 17.6%-i neft-qaz hasilatı, 23%-i emal, 19.2%-i tikinti, yerdə qalan hissəsi isə satış və paylaşdırma seqmentində formalaşıb.   

8) Maliyyə gəlirləri və maliyyə xərclərinin məbləği.  Hesabata görə, 2018-ci ildə ARDNŞ-nin maliyyə gəlirləri  212 mln. manat təşkil edib ki, bundan 126 mln. manatı şirkətin banklarda yerləşdirdiyi vəsaitlərə görə aldığı faiz gəlirləridir. Lakin yerdə qalan 86 mln. manat maliyyə gəlirlərinin hansı mənbədən formalaşması barədə məlumat verilmir.

Hesabat dövründə şirkətin maliyyə xərcləri 1.126 mlrd. manat təşkil edib və bunun əsas hissəsi – 1.049 mlrd. manatı faiz xərcləri hesabına yaranıb.

9) Asılı və birgə müəssisələri investisiyaların seqmentlər üzrə bölgüsü. 2018-ci ildə asılı müəssilərə investisiyaların demək olar ki, tamamı (4.326 mlrd. manat) satış və paylaşdırma seqmentində cəmlənib. Lakin birgə müəssisələrə investisiyalarda emal seqmenti 94%, yerdə qalan seqmentərin hamısı birlikdə 4% paya malikdir.

10) Məcmu daxilolmaların (gəlirlərin) coğrafi formalaşmasına dair məlumatlar. 2018-ci lldə ARDNŞ-nin ümumi gəlirlərinin (111.198 mlrd. manat) əsas hissəsi – 94.503 mlrd. manatı (84%) İsveçrədə formalaşır.

Diaqram 7. Şirkətin ümumi gəlirlərinin formalaşmasında ölkələrin payı, %

 

Məcmu gəlirlərin yaranmasında Azərbaycan 6%, Türkiyə 5%, BƏƏ 2%, Gürcüstan 1%, ARDNŞ-nin fəaliyyətinin olduğu yerdə qalan bütün digər ölklərdə isə 2%-i formalaşıb. İsveçrə, Gürcüstan, BƏƏ və yerdə qalan bütün digər ölkələr üzrə bütün gəlirlər satış və paylaşdırma, Türkiyədə isə emal seqmentində yaranıb. Azərbaycana gəldikdə, gəlirlərin 47%-i neft-qaz hasilatı, 38%-i satış və paylaşdırma, yerdə qalan 15%-i isə emal və tikinti sektoru təmin edib. 

11) İstehsal edilən xam neft və təbii qazın maya dəyəri. ARDNŞ özünün illik hesabatında xam neftin hər tonunun və təbii qazın hər 1000 kubmetrinin maya dəyərinin məbləği, həminin məhsul vahidinə çəkilən xərclərin stukturu barədə məlumat açıqlayır. 2018-ci ildə 1 ton xam neftin maya dəyəri 117.92 manat təşkil edib. Xərclərin strukturundan ən yüksək paya əsas fondların amortizasiyası (16.8%),n əqliyyat xərcləri (16.5%), əmək haqqı (16.1%), mədən vergisi (8.9%) və əsas vəsaitlərin təmiri (5.4%) təşkil edib.

Təbii qazın hər 1000 kubmetrinin maya dəyəri isə 57.60 manat təşkil edib. Xərclərin strukturundan ən yüksək paya əsas fondların amortizasiyası (26.0%), mədən vergisi (18.4%), nəqliyyat xərcləri (16.7%), əmək haqqı (9.7%), və əsas vəsaitlərə texniki xidmət (8.3%) təşkil edib.     

Bütün qeyd edilənlərlə yanaşı, maliyyə heabatında asılı və birgə müəssisələr üzrə aktivlərin həsmi, mənfəətin bölgüsü və s. kimi məlumatlar da yer alır.

 

3. Detallı və ya tam açıqlanmayan maliyyə informasiyaları

 

ARDNŞ artıq xeyli müddətdir maliyyə hesabatlarına dair beynəlxalq standartlara uyğun açıqlayır. Lakin yuxarıda da vurulandığı kimi, bu standartlar minimum yol verilən standartlardır və istənilən şirkətin maliyyə fəaliyyətində maksimum şəffaflığa nail olmaq üçün müxtəlif parametrlər üzrə daha geniş məlumatları özündə əks etdirən fərqli maliyyə hesabatları açıqlamaq təşəbbüs nəinki qanunsuz deyil, əksinə hər bir publik şirkət üçün ictimai və investor etimadının yüksəldilməsi baxımından çox önəmlidir.

ARDNŞ-nin maliyyə şəffaflığını artırması baxımından hansı addımları atmaq mümkündür? Əvvəla, illik maliyyə hesabatının hətta ən azından ixtisaslaşmış media təmsilçiləri və ictimai nəzarətlə məşğul  tərəfindən anlaşılması üçün şərti adı “Maliyyə hesabatının izahına dair Bələdçi” hazırlamaq olar. Bu nəşr xüsusilə də qeyri-ixtisas sahiblərinin, lakin ictimai nəzarətdə maraqlı olan müvafiq institutların və ekspert cəmiyyətinin fəaliyyətinin səmərəliliyi baxımından çox önəmlidir.

İkincisi, ARDNŞ-nin borc münasibətlərinə dair ayrıca illik qısa icmal hazırlamaq mümkündür. İcmalda, məsələn, indi olduğu kimi yalnız ticarət debitor borclarının həcmi varıdı deyil, həmin borcların valyuta strukturu və ölkələr üzrə həcmi, daxili və xarici mənbələr üzrə məbləği ilə bağlı detallı məlumatlar verilə bilər. Məsələn, sadəcə qeyd edilir ki, 7.016 mlrd. manat ticarət borc əsasən ABŞ dolları olmaqla xarici valyutada olmuşdur. Bundan başqa, “digər debitor borclar” maddəsi üzrə 168 mln. manat şirkətin alacağı vəsait görsənir, amma həmin borcun strukturu, yaranma səbəbləri barədə hər hansı əlavə informasiya açıqlanmır. Yaxud ARDNŞ-nin kreditor borclarının ümumi məbləği barədə məluamt verilir, lakin həmin borcların valyuta strukturu, yaranma səbəbləri üzrə məbləği detallı təqdim edilmir, bu borcların hansı hissəsinin məhz xam neft və qaz alışına, hansı hissəsinin isə təchizatların təqdim etdiyi tikinti və kommunal xidmətlərə görə yarandığı aydın olmur.

Eyni zamanda, bu icmalda ARDNŞ-nin daxili və xarici fond bazarlarında müxtəlif borc alətləri vasitəsilə borclanmasına dair də müfəssəl məlumatlar yayıla bilər.

Üçünücüsü, şirkət investisiya qoyuluşlarına dair illik icmal hazırlaya və ictimailəşdirə bilər. Mailiyyə hesabatlarında investisiyaların məbləği açıqlanır, lakin şirkətin orta və uzunmüddətli investisiya strategiyası, qarşıdakı illər üzrə proqnozlaşdırılan sərmayə həcmləri, bu sərmayə qoyuluşlarından şirkətin özü və bütövlükdə ölkə iqtisadiyyatı üçün gözlədiyi mümkün faydalarla bağlı texniki-iqtisadi əsaslandırmalar ictimaiyyət üçün açıq sənəd formasında mövcud deyil. Bu baxımdan ARDNŞ üzrə bütövlükdə, o cümlədən onun birgə və asılı müəssisələri üzrə ayrıca investisiya qoyuluşlarının nəticələrinin analiz edildiyi illik hesabatlar şəffaflıq və informasiyaların əhatəliliyi baxımından mühüm töhfə olardı.

Dördüncüsü, şirkətin dövlət maliyyə münasibətlərinə dair illik icmalın hazırlanması mümkündür. Buraxılışda ARDNŞ-nin Maliyyə Nazirliyi, dövlət şirkətləri, Dövlət Neft Fondu və dövlət büdcəsi ilə münasibətlərinə dair detallı məlumatlar yer ala bilər. Məsələn, son maliyyə hesabatında qeyd edilir ki, 2008-ci ildən etibarən ARDNŞ dövlətin müəyyən etdiyi qiymətdən artıq qiymətlə xam neftin satışından daxilolmaların müəyyən hissəsini Neft Fonduna köçürməli olduğu halda, 2009-2018-ci illərdə belə köçürmə olmayıb. 2018-ci ildə isə bu səbəbdən şirkətin 255 mln. manat öhdəliyi yarandığı qeyd edilir. Lakin burda izah edilməli bəzi suallar var: bu ayırma hansı rəsmi akta əsasən müəyyən edilir, həmin köçürmə neftin hansı qiymətindən artıq olan qiymətə tətbiq edilməlidir, əgər belə bir rəsmi qərar varsa, ARDNŞ hansı səbəbdən ona əməl etmir? Amma bu sualların hamısının cavabı açıq qalıb.  

Ayrıca hazırlanan maliyyə hesabatında ARDNŞ-nin dövlət büdcəsi qarşısında öhdəlikərinə dair detallı məlumatlar açıqlana bilər. Bu halda təkcə ödənişlərin ümumi məbləği deyil, bütün tədiyyə növləri (hətta işçilərə görə ödənən gəlir vergisi) üzrə bütün vəsaitlərin məbləği ayrıca qeyd edilməlidir. Məsələn, Rusiyanın “Rosneft” şirkətinin timsalında bu cür əlavə maliyyə hesabatı[8] hazırlamaq təcrübəsində. Özü də burda yalnız şirkətin Azərbaycan hökumətinə deyil, xaricdə həyata keçirdiyi layihələrə görə əcnəbi dövlətlərə ödəmələri və onların tədiyyə növləri üzrə strukturunun açıqlanması məqsədəuyğundur.   

Dövlətə ayırmalarla bağlı məlumatlar son dərəcə məhduddur. Hesabatda qeyd edilir ki, dövlətin qərarlarına uyğun olaraq ARDNŞ mütəmadi olaraq dövlət idarələrinə və hökumətin həyata keçirdiyi təmir və tikinti işlərinə vəsait ayırır. 2018-ci ildə 685 mln. manat vəsaitin müxtəlif istirahət, nəqliyyat, təhsil, səhiyyə infrastrukturunun yaradılmasına yönəldildiyi bildirilir. Burda da açıq qalan suallar çoxdur – dövlətin hansı qərarlarından söhbət gedir, həmin qərarları hansısa açıq mənbələrdə görmək mümkündürmü, konkret olaraq hansı layihə və obyektlərdən söhbət gedir, onların hər biri üzrə maliyyə vəsaitlərinin həcmi barədə məlumatları necə və haradan əldə etmək olar?

Yaxud son maliyyə hesabatına görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq ARDNŞ-nin Maliyyə Nazirliyinə ödəyəcəyi 680 mln. manatı şirkətin nizamnamə kapitalına köçürülmüşdür. Amma hesabatda Nazirlər Kabinetinin hansı qərarından (tarixi, nömrəsi qeyd edilmir) söhbət getdiyi, 680 mln. manat borcun nə zaman, hansı müddətə və hansı məqsədə götürldüyü aydın olmur. Eyni zamanda, hesabatda göstərilir ki, dövlət ARDNŞ-ə 214 mln. manatlıq qrant verib. Lakin bu qrantın hansı məqsədlə verildiyi barədə də əlavə məluamtlar açıqlanmır. Nəhayət, hökumətin 1.190 mlrd. manat vəsaiti şirkətin kapitalına yönəltdiyi barədə məlumat verilir, lakin bu vəsaitin hansı hökumət qərarları ilə həyata keçirildiyi, kapitalın arıtırlmasına hökumətin töhfəsini zəruri edən əsas səbəblərlə bağlı əlavə qeydlər yoxdur.

Hesabatda Maliyyə Nazirliyi qarşısında 315 mln. manat borc öhdəliyi barədə məlumat var, amma həmin borcun nə zaman alındığı, hansı məqsəd və şərtlərlə, hansı müddətə alındığı barədə əlavə məlumat yoxdur. Dövlət Neft Fonduna ödəniləcək 4 mlrd. manat məbləğ göstərilir, amma həmin qarşılıqlı maliyyə münasibətləri haqda əlavə heç bir informasiya təqdim edilmir. Bu baxımdan ARDNŞ-in dövlətlə maliyyə münasibətlərinə dair ayrıca hesabat hazırlaması və ictimailəşdirməsi, həmin hesabatda hökumətə ödəmələr və onların strukturu, hökumətdən aldığı ödəmələr, onların növləri və məqsədi, ödəmələrin növləri (borc, subsidiya və s.) barədə bütün məlumatlar əksini tapmalıdır.

Mümkündür ki, bəzi məqamlarla bağlı daha geniş məlumatların təqdimatı illik hesabatda əks olunsun. Məsələn, son maliyyə hesabatından aydın olur ki, ARDNŞ müxtəlif şirkətlərdə payını satmış, yaxud yeni pay almışdır. Bu əməliyyatların dəyəri ilə bağlı maliyyə hesabatında məlumatlar açıqlansa da, həmin alqı-satqı müqavilələrinin imzalanmasını zəruri edən şərtlər, bu sövdələşmələrin şirkətə gətirəcəyi mümkün faydalar və ya risklər barədə hər hansı rəsmi əsaslandırmaya ehtiyac duyulmamışdı. Bundan əlavə, maliyyə hesabatında ARDNŞ payını aldığı şirkətin adını açıqladığı halda, payını satdığı şirkətin adını ictimailəşdirməyib. Belə ki, məlumata görə, ARDNŞ “Socar Polymer İnvestments” MMC-də 4.42%-lik payını 23 mln. manata satmış və həmin şirkətdə payı 56.57%-dən 52.15%-ə enmişdir. Bu müqavilədə alıcı tərəfin adı hesabata daxil edilməyib. Lakin “Bakı Gəmiqayırma Zavodu” MMC-də  ARDNŞ-in öz payını 65%-dən 70.21%-ə çatdırdığı və ödənmiş vəsait müqabilində 14 mln. manatın birbaşa kapitalda zərər kimi tanındığı göstərilmişdir. Göründüyü kimi, birinci müqavilədən fərqli olaraq sonuncu müqavilədə iştirak edən hər 2 tərəf barədə məlumat verilir.

Maliyyə hesabatında gəlirlərin əhəmiyyətli hissəsinin (təxminən 95%-nin) hansı mənbələrdən formalaşdığı barədə açıqlama olsa da, “sair gəlirlər” maddəsi üzrə 5.309 mlrd. manatın əsas hissəsinin hansı gəlir növlərindən, konkret fəaliyyətldən və əməliyyatlardan formalaşması barədə əlavə məluamtlar açıqlanmır. Hesabatda bu hissəyə dair məlumatları detallaşdırmaq mümkündür. 

Əməliyyat xərclərinin (3.136 mlrd. manat) əsas elementlərinin tərkibi və istiqamətlərilə bağlı hesabatda müəyyən qədər əlavə informasiyalar açıqlansa da, sosial xərclərin (105 mln. manat) istifadə istiqmətlərinə dair hər hansı məlumatlar təqdim edilmir. 

Maya dəyəri ilə bağlı məlumat var, lakin bir sıra məlumatlar tam açıqlanmır. Məsələn, illik hesabatda qeyd olunur ki, ARDNŞ-nin özünün hasil etdiyi təbii qazın maya dəyəri 57.60 manat təşkil etsə də, Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində əməliyyat şirkətlərindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2018-ci ildə ARDNŞ üzrə satılan təbii qazın hər 1000 kummetrinin faktiki xərci 155.75 manat olub. Göründüyü kimi, bu şirkətin hasil etdiyi qazın maya dəyərindən təxminən 3 dəfə yüksəkdir. Lakin  hesabatda detallı məlumatlar açıqlanmır ki, əməliyyat şirkətlərindən nə qədər qaz alınır, ümumilikdə faktiki xərclərin 3 dəfəyə yaxın artımına səbəb olan saxlanma, emal və nəql xərcləri nə qədərdir.

Eyni zamanda, hasilatdan fərqli olaraq emal sektoru üzrə əsas məhsulların istehsalına çəkilən xərclər və onların strukturu barədə ətraflı məlumat açıqlanmır.     

Nəhayət, pul vəsaitlərinin valyuta strukturu barədə məlumat var, lakin həmin bank qalıqlarının hansı hissəsinin ölkə daxilində, hansı hissəsinin xaricdəki hesablarda saxlanması, onların coğrafiyası barədə əlavə məlumatlar təqdim edilmir.

 

 NHMT-nin ekspert qrupu


[1] https://www.rosneft.ru/upload/site1/document_cons_report/Rosneft_FS_12m2018_RUS.pdf

[2] https://www.rosneft.ru/upload/site1/document_file/Rosneft_GP_2018_RUS.pdf

[3] http://www.e-qanun.az/framework/11142

[4] http://www.e-qanun.az/framework/33634

[5] http://www.e-qanun.az/framework/10051

[6] http://www.e-qanun.az/framework/5458

[7] http://socar.gov.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports

[8] https://www.rosneft.ru/upload/site1/document_cons_report/Rosneft_FS_12m2018_RUS.pdf