NHMT - SOCAR strukturuna daxil olan idarə və müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsiri üzrə monitorinq hesabatı

SOCAR strukturuna daxil olan idarə və müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsiri üzrə monitorinq hesabatı

SOCAR strukturuna daxil olan idarə və müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsiri üzrə monitorinq hesabatı

Bakı, yanvar 2020-ci il

 

Mündəricat

 

1. Giriş

2. Monitorinqin məqsədi

3. Havaya təsir

4. Suya təsir

4.1. Bioloji qurğular

4.2. Drenaj çənləri

4.3. Lay suları

5. Faunaya təsir

6. Torpağa təsir

7. Nəticə

8. Rəy

 

1. Giriş

 

Azərbaycanda reallaşdırılan neft layihələrinin ətraf sosial mühitə nə dərəcədə təsirini öyrənmək üçün NHMT ekspertləri risqə məruz qalan ərazilərdə vaxtaşırı monitorinq və qiymətləndirmələr aparır. Aparılan monitorinq və qiymətləndirmələr təsdiq edir ki, hasilat zamanı ətraf mühit ciddi təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyyalar pozulur. Neft hasilatının insan sağlamlığına təsirləri haqda aparılan bir çox tədqiqatlar göstərir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır: Neft hasilatının insan sağlamlığına təsirləri haqda aparılan bir çox tədqiqatlar göstərir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır:

 

  • Atmosferə atılan emissiyalar (səmt qazları, metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s);
  • Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması;
  • Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması;
  • Torpaqların neft və neft məhsulları ilə çirklənməsi;
  • Qazma şlamları və onların basdırılması;
  • Qəza hadisələri nəticəsində neft dağılmaları;
  • İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.

 

Monitorinq 2019-cu ilin yanvar-dekabr aylarında NHMT İB üzvüləri tərəfindən aparılıb və əsasən Xəzərdə və quruda SOCAR-a məxsus Dərin Dəniz Özüllərinin, Neftqazçıxarma idarələrinin və Neftayırma zavodlarının yerləşdiyi əraziləri əhatə edib. Hesabat aparılan müşahidə və ekspert rəyi əsasında hazırlanıb.

Qeyd: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan Respublikasının bir çox ölkələrdə reallaşdırdığı iri neft və qaz layihələrində Azərbaycanı təmsil edir[1].

 

2. Monitorinqin məqsədi

 

SOCAR strukturlarına daxil olan idarə və müəssisələrin ətraf mühitə (havaya, suya, torpağa) təsirinin öyrənilməsi.

Monitorinq aparılan ərazi: Bakı, Abşeron, Siyəzən, Şirvan, Salyan, Neftçala və s.

Müddət-yanvar-dekabr 2019-cu il

 

3. Havaya təsir

 

24 iyul 2019-cu il tarixində saat 19:20 radələrində SOCAR Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub. Hadisə barədə NHMT tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə(ETSN) məlumat verilmildikdən və sosial şəbəkədə yayıldıqdan sonra ETSN-nin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda müşahidə və monitorinq aparıb. Onların verdiyi məlumata görə tüstü axını zavoddaki istismar sahələrinin birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb[i].

 

Ekspert rəyi:

 

Xüsusi çəkisi və sıxlığından asılı olaraq yüngül və ağır neftlər var. Bakı nefti yüngül neft, Qazaxstan, Qərbi Sibir nefti ağır neft hesab olunur. Ağır neftin tərkibində kükürd çoxdu, ona görədə bu neftdən alınan yanacaqlar da avtomobillərə ziyandı. Ağır neftin emalı zamanı ətrafa kəsif qoxu, tüstü yayılır.

 

24 iyulda Neft Emalı zavodunun məşəl sistemində müşahidə olunan güclü tüstü axını neftayırma qurğularında ağır neftin emalı ilə əlaqədardır. Belə ki, Neftayırma zavodu tikilən zaman neftayırma qurğularında əsasən yüngül , kükürdü az Bakı neftinin emalı nəzərdə tutulmuşdur. Bu qurğularda ağır neft emal olunduğu halda isə ətrafa güclü atqılar müşahidə olunur. Azərbaycan rəsmi olaraq başqa ölkədən neft aldığı barədə məlumat yoxdur. Mütəxəsislər də tüstünü məhz ağır neftin emalı zamanı əmələ gəldiyini qeyd edirlər. Bu halda SOCAR-n başqa ölkədən qeyri-rəsmi ağır neft alma şübhəsi meydana çıxır.[2]

 

4. Suya təsir

 

Monitorinq əsasən Azneft İB tərkibinə daxil olan və açıq dənizdə yerləşən Neft Daşlarında[3] və Azneft İB strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin köhnə dəniz özüllərində aparılmışdır. Neft Daşlarında neft-qaz hasilatı,qazma, tikinti və s. məşğul olan idarələr və köməkçi idarələr fəaliyyət göstərir.[4] Ümumilikdə 6000-ə yaxın işçi çalışır.

 

4.1. Bioloji qurğular

 

SOCAR Azneft İB strukturuna daxil olan Neft Dasları NQÇİ-nin özüllərinə su gəmi ilə, estakadada yerləşən mədən, köməkçi sexlərə və digər yerlərə isə maşınla aparılır. Belə ki, ay ərzində gəmi vasitəsilə 1000 tona yaxın su, estakadalara isə gündəlik 70 tona yaxın su verilir. Təxmini 1500-2000 ton arası bu su ancaq içməyə və çimməyə sərf olunur. Sanitar qovşaqlarda(tualet) isə birbaşa dəniz suyundan istifadə olunur. Qeyd olunan yerlərin heç birində məişət suları üçün bioloji qurğu(sənəddə isə bu qurğunun olduğu bildirilir) olmadığı üçün, istifadə olunan və çirkab suları təmizlənmədən birbaşa dənizə axıdılır. Sənədlə bioloji qurğuların mövcudluğu, faktiki yoxluğu, köhnə özüllərdəki çoxlu sayda tualetlərin kanalizasiyasının, dənizə axıdılmasına səbəb olur. Ümumiyyətlə Azneft strukturuna daxil olan dəniz qurğularının əksərində çirkli sular dənizə axıdılır. Belə ki, Təşkilatımıza daxil olan məlumata görə Azneft İB strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1 və 2-ci mədəninə məxsus olan 10, 20, 23, 51, 59, 86 özüllərdən çirkab suları birbaşa dənizə axıdılır.

 

4.2. Özüllərdə drenaj çənləri yoxdur

 

Azneft Neft Daşları NQÇİ-də “Quyuların əsaslı və yeraltı təmiri sahəsi, (QƏ və YT) quyuların təmiri zamanı əmələ gəlmiş zərərli maddələri(su, gil, qum) xüsusi drenaj çənlərə vurmalıdır. Bunun üçün meydança və özüllərdə iri tutumlu drenaj çənlər yaxud səyyar çənlər olmalıdır. Hal hazırda Neft Daşlarında belə çənlər yoxdur. Əvəzində 100-300 litrlik plasmas çənlər quraşdırılıb ki, bunlardan da istifadə etmək mümkün deyil. Belə ki, Neft Daşlarında istismar quyularının ən dayazı 450 m, ən dərini isə 1500 m arası dəyişir. Quyuların istismar kəmərinin diametri 168-139 mm(bu boruların hər metri 12 və 18 litr maye tutumu var) arası dəyişir. Bir quyuda yuma, qazma prosesi saatlarla davam edir. Bir quyunun yuyulması üçün isə 90 ton su istifadə olunur. Təbii ki, quyu süzgəcindən keçib gəldiyi üçün tərkibi radiasiyalı, quyudan çıxan qum və digər mexaniki qarışıqlarla zəngin olan bu su, yaxud gil məhlulu dənizə axıdılır.[5]

 

4.3. Lay suları [6]

 

Azneft strukturuna daxil olan Neft Daşları NQÇİ-nin Neft yığım məntəqəsindən hər gün, neftdən ayrılan radiasiya tərkibli, minimum 300 ton lay suları dənizə axıdılır[ii], Qeyd:[7] 7 , 9, 14,  17, 27 May, 10, 11, 12 iyun, 8 iyul tarixlərində, 30 sentyabr, 28 oktyabr, 12 noyabr, 26 dekabr, Neft Daşlarında aparılan müşahidə zamanı NQÇİ-ni Mərkəzi Neft Yığımı məntəqəsi tərəfindən insan sağlamlığı üçün təhlükə mənbəyi olan, radioktiv tərkibli lay sularının dənizə axıdıldığı müşahidə olunub. Məlumat, video və şəkillər ETSN-nə də göndərilib[8]

https://www.facebook.com/nhmt.ib/videos/1774975799314894/?t=7

https://www.facebook.com/nhmt.ib/videos/1775111625967978/

https://www.facebook.com/nhmt.ib/videos/pcb.1774977729314701/1774974742648333/?type=3&theater

https://www.facebook.com/nhmt.ib/videos/pcb.1876114719201001/1876110112534795/?type=3&theater

https://www.facebook.com/nhmt.ib/videos/pcb.1876114719201001/1876110112534795/?type=3&theater

https://www.facebook.com/nhmt.ib/videos/pcb.1876114719201001/1876105639201909/?type=3&theater

 

 

5. Xəzər faunasına təsir

 

30-31 iyul tarixində Neft Daşları ərazisində çoxlu miqdarda ölmüş balıq(zalom, kütüm, şamayka və s.) müşahidə olunub. Mütəxəsislər düşünürlər ki, balıqların məhv olma səbəbi dənizə buraxılan lay suları, çənlərin yuyulması nəticəsində dənizə axıdılan tullantılar, kimyəvi maddələr, neft axıntıları və s. olub[9].

 

SOCAR balıqların kütləvi məhvini dənizə atılan zəhərli maddələrlə əlaqədar olmadığını, ümumiyyətlə dənizə zərərli maddə atıldığını inkar edir.[iii]

Dənizə axıdılan zərərli maddələr qağayıların və qu quşlarının da məhvinə səbəb olur.

https://www.facebook.com/nhmt.ib/videos/pcb.1931450317000774/1931424580336681/?type=3&theater

 

6. Torpağa təsir

 

Şəkillərdə gördüyünüz ərazi Siyəzən rayonu Ata çay sahəsidir. Bu çay SOCAR strukturuna daxil olan Siyəzənneft NQÇİ-nin 1-ci mədən ərazisindən keçir. Çayın 50 metrliyində Siyəzən rayonu məişət tullantıları boşaldılıb yandırılır. Çayın 200 metrliyində isə idarənin Elmi Tədqiqat İşləri idarəsi yerləşir. İdarədə 300-dək işçi çalışır. Zibilin tüstüsünün qoxusundan ərazidə nəfəs almaq mümkün deyil. İşçilərin sağlamlığına təsir etsə də problem hələ də müvafiq qurumlar tərəfindən həllini tapmır. Əraziyə boşaldılan zibil qanunsuzdur[10].

 

SOCAR, Azneft İB strukturuna daxil olan Siyəzənneft, 2-ci mədən, Gilgilçay ərazisi. Verilən məlumatda qeyd olunur ki, Rezervuarları kəsib satıblar (kəsilib satılan hissə də insan həyatı üçün təhlükə mənbəyidir), ərazi isə güclü radiasiya mənbəyi olan tullantılardan təmizlənmir.[11] 

 

Siyəzənneft şəkildə sol tərəfdəki üstü kəsilmiş, içərisi neft çöküntüsü olan neft çənidir.

 

SOCAR, Azneft İB strukturuna daxil olan Siyəzənneft NQÇİ-nin texniki suyun nəqli kollektorunun tam yararsız hala düşən hissələridir.Bu kollektor 70 ildir istismardadır. Bunun alternativi olan xətti kəsib satıblar çoxdan. Neft kollektoru da bu vəziyyətdədir. Onun da alternativi kəsilib doğranıb. Bu xətlər tez tez partlayır ətraf mühütü bərbad günə qoyur. Tam yararsız hissəni kəsib götürürlər. Bütöv xətti dəyişmirlər ki, normal su, neft axını olsun. Nəticədə neftin itkisinə səbəb olur ətraf texniki su ilə çirklənir.

 

7. Monitorinq nəticələri

 

SOCAR-ın ölkədəki fəaliyyəti zamanı ətraf sosial mühitə də ciddi ziyan vurduğunu təsdiq edir. Ətraf mühitə ciddi ziyan vuran isə, havanı, torpağı, dənizi mütamadi olaraq insan sağlamlığı üçün təhlükə mənbəyi olan neft tullantıları, lay suları və s. ilə çirkləndirən əsasən SOCAR tərkibinə daxil olan neftqazçıxarma, neftayırma, qazma və s. idarələrdir.

 

2019-cu ildə karbohidrogen hasilatı zamanı və emalı proseslərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsi ilə əlaqadar olaraq Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 saylı qərarına əsasən SOCAR-ın aşağıda qeyd olunan strukturlarına və Birgə Müəssisələrinə ümumilikdə 446 min 094 manat məbləğində ödəmə tədbiq olunmuşdur[12].

 

Azneft İB strukturuna daxil olan Siyəzənneft neftqazçıxarma idarəsinin rəis müavini Azərbaycan İnzibati Xətalar Məcəlləsinin (İXM) 233.1 maddəsinə görə 4000 manat cərimə olunmuş və Nazirlər Kabietinin 03.03.92-ci il tarixli,122 saylı qərarına əsasən 2071 manat ödəmə məbləği tədbiq olunmuşdur. Həmçinin Siyəzənneft NQÇİ-nin fəaliyyət sahəsində torpağın münbit qatını çirkləndirməsinə görə Azneft İB İXM-nin 244.2 maddəsinə əsasən hüquqi şəxs qismində 6000 manat cərimə olunmuşdur və 19445 manat ziyan hesablanaraq Azneft İB təqdim olunmuşdur.

 

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri Çıraq Günəşli və Şahdəniz yatağının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında sazişin operatoru olan BP Azərbaycan şirkətinə ətraf mühitə atılan tullantılarla bağlı 158000(yüz əlli səkkiz min) man. məbləğində ödəniş tədbiq olunmuşdur.

S.S

Müəssisələrin adı

Tətbiq edilib, (manat)

1

“Abşeronneft” neftqazçıxarma idarəsi

1969

2

“Ə.Əmirov” adına neftqazçıxarma idarəsi

20945

3

“Bibiheybət” neftqazçıxarma idarəsi

8772

4

“H.Z. Tağıyev” adına neftqazçıxarma idarəsi

6028

5

“Neft- Daşları” neftqazçıxarma idarəsi

24954

6

“28 May” neftqazçıxarma idarəsi

6070

7

“N.Nərimanov” adına neftqazçıxarma idarəsi

4779

8

 Azneft İB

19 445

9

“Neft Kəmərləri” idarəsi

6678

10

Kompleks Qazma İşləri Tresti

20784

11

“Qaz Emalı” zavodu

2482

12

H.Əliyev  adına Neft  Emalı Zavodu

27000

13

“Neftqaztikinti” Tresti

1320

14

SOCAR Nəqliyyat  İdarəsi

3493

15

“SOCAR AQŞ” MMC

12000

16

“SOCAR Ümid” MMC

20000

17

“Salyan OYL Limited “ Şirkətinin  Azərbaycan Respublikasındakı  nümayəndəliyi

5602

18

“Bahar Enerji Operating Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

25563

19

“Suraxanı Oil Operation Company S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

5530

20

“Azgerneft” MMC

17142

21

“Binəqədi Oil Company” şirkətinin Azərbaycan Respublikasındakı filialı

11462

22

Abşeron Operating Company Limited” şirkəti

1716

23

“Blakhanı Operating Company LTD “şirkətinin Azərbaycan Respublikasındakı filialı

14530

24

Kayman Adalarının “Karasu Operating Company” Şirkətinin Azərbaycan Respublikasındakı filialı

3964

25

“Neftçala Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı

5032

26

“Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan

Respublikasındakı filialı

6000

27

“Azəriqaz” İstehsalat Birliyi

8000

 

Yuxarıda qeyd olunan müəssisə və təşkilatlara aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan “Məcburi göstərişlər” verilmişdir.

 

8. Rəy

 

1. Neft-kimya komplekslərinin çox hissəsi Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşir. Fəaliyyətdə olan müəssisələrdə təmizləmə qurğularının əksər hissəsinin yararlı halda olmaması, qaz-toz tutma avadanlıqlarının qeyri-işlək vəziyyəti ətraf mühitin tullantılarla çirklənməsinə gətirib çıxarır. Aparılan monitorinq və qiymətləndirmələr nəticəsində bu qənaətə gəlmək olar ki, H.Əliyev adına BNEZ-nin Bakı şəhərində yerləşdirilməsinin şəhərin ekoloji cəhətdən riskli vəziyyətdə düşməsinə və insan sağlamlığına ciddi ziyan vurmasını nəzərə alaraq bu zavodun Bakıdan kənar ərazilərə köçürülməsi məqsədəuyğundur. Zavod insan sağlamlığından yüksəkdə durmamalıdır!

2. SOCAR-ın ekoloji siyasətində əsas məsələ tullantısız istehsaldır. Əsas prioritetlər sırasında neft-qaz yataqlarının işlənməsində, istismarı və emalında lay sularının və səmt qazlarının idarə olunması, istilik effekti yaradan qazların azaldılması, neftlə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Lakin aparılan monitorinq və qiymətləndirmələr şirkətin öz siyasətinə sadiq qalmadığını göstərir:

2.1. Ekologiya nazirliyi vaxtaşırı çimərliklərdə monitorinqlər aparır. Nəticədə bir çox çimərliklərdə dəniz suyunun çirkli olduğu müşahidə olunub. Ətraf mühitə ciddi ziyan vuran, dənizi mütamadi olaraq insan sağlamlığı üçün təhlükə mənbəyi olan neft tullantıları, lay suları və s. ilə çirkləndirən isə əsasən SOCAR tərkibinə daxil olan neftqazçıxarma idarələridir. (bunu yaydığımız hesabatlar, şəkillər, video materiallar və s. sübut etmişik) Və nədənsə problemin həlli üçün isə nə nazirlik, nə də SOCAR tərəfindən ciddi tədbirlər görülmür. Bununla da “Əhalinin Sağlamlığının qorunması haqqında” [13]Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsi (əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir) pozulur. 

 2.2. NHMT ekspertlərinin “Neft layihələrinin ətraf sosial mühitə təsiri” ilə əlaqədar risqə məruz qalan ərazilərdə apardığ monitorinq və qiymətləndirmələr http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=171 təsdiq edir ki, hasilat zamanı ətraf mühit ciddi təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyyalar pozulur.

3. Azərbaycan Respublikası Konstitusiyasının[14] 39-cu maddəsi hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit edir. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa[15] ( M a d d ə 7. Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və vəzifələri), M a d d ə 7 3. (Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət) görə ölkə vətəndaşlarının ətraf mühitin zərərli təsirlərindən mühafizə edilməsi, onlara bir sıra mühüm hüquqların verilməsi nəzərdə tutulmuşdur. Lakin bu qanunlar da şirkət işçiləri tərəfindən pozulmuşdur. Belə ki, Dəniz obyektlərində monitoriq aparılarkən əldə olunmuş məlumatlar (faktlar, video və şəkillər, şərhlər) sosial şəbəkə vasitəsilə yayılmışdır. Bu zaman işçilərə ciddi təzyiqlər göstərilmiş, onlara hədə qorxu edilmiş, telefonları işəgötürən tərəfindən əllərindən alınmışdı. Bu da 15 gün ailəsindən kənarda yaşayan işçinin problemlə üzləşməsinə səbəb olmuşdu. Təşkilatın sosial şəbəkələrdə yaydığı məlumatdan sonra telefonlar sahiblərinə qaytarıldı.

4. Ölkə Konstitusiyasının 41-ci məddəsinin 3-cü bəndi  (insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər) və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsi (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) M a d d ə 7 1-ci maddəsi (2.8. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək) müvafiq qurumlar tərəfindən yerinə yetirilmir. Yəni ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Ekoloji hüquq pozuntusu, özü cinayətdir, lakin ekoloji hüquq pozuntularına görə bu vaxtadək heç bir məsul şəxs məsuliyyətə cəlb olunmayıb. Əhalinin sağlamlığına ziyan vuran şirkətlərin cəzalanması bəzi hallarda yalnız cərimələnmə ilə nəticələnir.

5. Azərbaycanda ətraf mühitin qorunmasının başlıca prinsiplərindən biri ətraf mühitin qorunması sahəsində əhali və ictimai təşkilatların iştirak etməsidir. (Ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respublikasının qanunun Maddə 73) Təəssüflər olsun ki, sahə üzrə ərazidə heç bir ictimai və vətəndaş nəzarəti müşahidə olunmur. Bu həm də ölkənin vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasının nəticələrindən biridir.

6. İctimai Birlik olaraq SOCAR strukturuna daxil olan idarə və müəssisələrin ətraf sosial mühitə vurduğu ziyanla əlaqədar mütamadi olaraq (M a d d ə 7 Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və vəzifələri) ictimaiyyəti məlumatlandırsaq da bu ziyanın aradan qaldırılması üçün hələlik heç bir tədbirirəliləyişlər müşahidə olunmur. Dəniz obyektlərində monitoriq aparılarkən əldə olunmuş məlumatlar (faktlar, video və şəkillər, şərhlər) sosial şəbəkə vasitəsilə yayılmışdır[16]. Bu zaman işçilərə ciddi təzyiqlər göstərilmiş, onlara hədə qorxu edilmiş, telefonları işəgötürən tərəfindən əllərindən alınmışdı. Bu da 15 gün ailəsindən kənarda yaşayan işçinin problemlə üzləşməsinə səbəb olmuşdu. Təşkilatın sosial şəbəkələrdə yaydığı məlumatdan sonra telefonlar sahiblərinə qaytarıldı.

 

NHMT İB (nhmt-az.org) hasilat sənayesində insan hüquqlarını qoruyan bir təşkilat olaraq mütamadi olaraq SOCAR strukturuna daxil olan idarə və müəssisələrində ölkənin Əmək qanunvericiliyinə icra vəziyyətinin, şirkətin fəaliyyətinin ətraf sosial mühitə təsirinin (nhmt-az.org) və s. monitorinq və qiymətləndirmələr aparır, müxtəlif hesabatlar tərtib edir, hesabatlar müvafiq dövlət qurumlarına göndərilir, bu barədə sosial şəbəkələrdə məlumatlar yayır.


[1] SOCAR Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir. 53000 işçisi var və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.

[2] Zavod tərəfindən havaya atılan atqılar(kəsgin iy, tüstü və s.) adətən səhərə yaxın müşahidə olunur. Zavod yaşayış massivində yerləşdiyindən neftayırma qurğularının fəaliyyəti zamanı havaya atdığı atqılar əhalinin sağlamlığına ciddi təsir göstərir. Bununla əlaqədar ötən il (may-iyul) təşkilatımız və yerli sakinlər (UPD, NZS) tərəfindən ETSN məlumat verilmişdir. Nazirliyin monitorinq qrupu tərəfindən məlumat yoxlanılmış və zavoda qarşı cərimə də tədbiq olunmuşdu.

[3] http://www.socar.az/socar/az/company/organization/azneft-production-union

[4] https://az.wikipedia.org/wiki/Neft_Da%C5%9Flar%C4%B1

[5] Qeyd: Problem tək Neft Daşlarında yox, əksər dəniz obyektlərində mövcuddur

[6] Hər bir istismar edilən Layda (Horizontda) lay suyu mövcudur, neftlə barabər çıxarılır minumum 5 faizdən 85 faizə qədər olur. Yataqda alt hissədə lay suyu ortada neft, yuxarda qaz olur. Hasilat zamanı hər üçü  birlikdə hasil olunur. Bu sularda D.Mendeleyevin kimyəvi elementlər cədvəlindəki 107 elementdən 32-si və bundan əlavə 12 dəyərli üzvi və biogen maddələr aşkar edilmişdir. Ətraf mühiti çirkləndirən bu sular Xəzər dənizinə axıdılır.

[7] Mərkəzi Neft Yığım məntəqəsinə gündəlik 2850-3000 ton neft və 1700 -2000 ton lay suyu yığılır. Lay suyunun 800-900 tonu quyularda təzyiqin saxlanılması üçün yenidən quyuya vurulur. Qalanı isə qeyri qanuni dənizə axıdılır.

[8] Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilib ki, Azneft İB tərkibinə daxil olan Neft Daşları NQÇİ-nin ətraf mühitə vurduğu ziyanla əlaqədar sosial şəbəkədə yaydığım məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyiı tərəfindən yoxlanılmışdır. Nəticə sahə üzrə məsul şəxslərin iştirakı ilə nazirlikdə müzakirə olunaraq müəyyən qərarlar qəbul olunmuşdur.

[9] Bu ərazidə dənizin dibi qayalıq olduğundan, may-avqust aylarında çoxlu sayda balıq kürü tökmək üçün bu qayalıqlara gəlir. Ölən balıqların say çoxluğunun səbəbi bununla izah olunur. 

[10] Ötən il işçilər Ekologiya Nazirinə məktub göndərmişdilər. Gəlib şəkilləri çəkdilər protokol tərtib olundu 1 ay vaxt verildi. Ancaq tədbir görülmədi sadəcə 400 manat cərimə etdilər.

[11] Siyəzənneft NQÇİ rəhbərliyi ETSN tərəfindən cərimə olunmuşdur.

[12] Əsas: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin NHMT İB-nin İnformasiya sorğusuna verdiyi 22.01.2020-ci il tarixli, 17/24 saylı cavab.

[13] http://www.e-qanun.az/framework/4078

[14] http://www.e-qanun.az/framework/897

[15] file:///C:/Users/user/Downloads/aze32661%20(4).pdf