SOCAR-ın xarici iqtisadi əlaqələri: şəffaflıq və hesabatlılıq problemləri
Mündəricat
1. Giriş
2. SOCAR-ın ixrac fəaliyyətilə bağlı məlumatların açıqlığı sahəsində vəziyyət.
3. SOCAR-ın xarici dövlətlərdəki fəaliyyətilə bağlı məlumatların açıqlığı sahəsində vəziyyət
4. Xarici maliyyə bazarları vasitəsilə borclanma
5. Əsas tapıntılar və təkliflər
Bakı. Dekabr 2020
1. Giriş
SOCAR təkcə dövriyyəsinin həcminə və işçi sayına görə deyil, xarici iqtisadi əlaqələrin də miqyasına görə də Azərbaycan ən böyük şirkətidir. Bu baxımdan qurumun ölkə daxildəki fəaliyyəti ilə yanaşı ölkə sərhədlərindən kənarda həyata keçirdiyi fəaliyyət də ictimaiyyət üçün ciddi maraq kəsb edir. Kənarda əsasən hansı fəaliyyətlər həyata keçirilir, xarici iqtisadi əlaqələrdə strateji prioritetlər nələrdir, şirkətin ayrı-ayrı ölkələrdə qazancları (yaxud itkiləri) nədən ibarətdir, həmin fəaliyyətlərdən Azərbaycan dövlətinin götürdüyü faydalar hansılardır, şirkətin özünün məcmu maliyyə potensialına həmin fəaliyyətlərdən hansı töhfələr gəlir? Bu kimi suallara cavab axtaran hər kəs üçün həmin məlumatların əlçatan olması çox vacibdir.
Nəzərə alaq ki, özəl təsərrüfat subyektərindən fərqli olaraq dövlət şirkətləri məhdud məsuliyyətli və ya səhmdar cəmiyyət öz fəaliyyətlərində maksimum informasiya açıqlığını və hesabatlılığı təmin etməlidirlər. Həmin müəssisələr dövlət sirri haqqında qanunveriliyin istisna etdiyi informasiyalardan savayı bütün məlumatları ictimaiyyət üçün əlçatan etməyə maraqlı olmalıdır. Nəzərə alaq ki, özəl sektor üçün qanunvericiliklə kommersiya sirri sayılan bir sıra məlumat və statistik göstəriciləri dövlət şirkətləri üçün kommersiya sirri sayıla bilməz. Həm də söhbət informasiya açıqlığı ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, ictimai informasiya sahibi kim üzərinə zəruri öhdəliklər qoyulmuş təsərrüfat subyektlərindən gedir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun[1]9-cu maddəsinə görə, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər və əmtəə bazarında hökmran mövqe tutan, təbii inhisara malik olan hüquqi şəxslər ictimai informasiya sahibləri hesab olunurlar. Nazirlər Kabinetinin 1 sentyabr 2016-cı il, 338 saylı qərarı[2] ilə ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin tərkibi də tam dəqiqləşdirilib. Qərara görə, Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarına[3] əsasən, hesabat ili ərzində işçilərinin orta siyahı sayı 1500 nəfərdən, illik gəliri 180 milyon manatdan, balansının yekun məbləği 450 milyon manatdan az olmayan kommersiya təşkilatları da ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər ictimai əhəmiyyətli qurumlardır. Nəhayət, Nazirlər Kabinetinin “Təbii inhisar subyektlərinin siyahısının təsdiqi” ilə bağlı 19 iyul 2013-cü il tarixli 189 saylı qərarına[4] əsasən SOCAR-ın 4 aparıcı strukturu ( Neft Kəmərləri İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azneft” İstehsalat Birliyi, Qaz İxrac İdarəsi) təbii inhisar subyektləri hesab edilir.
Beləliklə, yuxarıda adıçəkilən hər 3 normativ-hüquqi akt ARDNŞ-nin ictimai əhəmiyyətli qurum olduğunu, şirkətin qanunvericiliklə belə statusda təsisatlaırn üzərinə qoyduğu hüquqi öhdəliklərə uyğun olaraq bütün əhəmiyyətli informasiyaları açıqlamalı olduğunu göstərir.
Təəssüf ki, ictimai funksiya daşıdığı qanunvericilklə təsbit edilən hər bir ayrıca götürülmüş təsisat üçün açıqlanması icbari olan informasiyaların siyahısı təsdiqlənmədiyi üçün onlar bu öhdəlikdən asanlıqla yayına bilirlər. Bu baxımdan gələcəkdə SOCAR üçün anoloji siyahı hazırlanacağı təqdirdə normativ sənədlərdə xarici iqtisadi fəaliyyətə dair məlumatların açıqlanması məcburi olan ictimai informasiyalar kimi müəyyən edilməsinə ehtiyac var. Yeri gəlmişkən, Rusiyanın “Lukoyl” şirkətinin hazırladığı illik fəaliyyət hesabatı[5] nümunə kimi nəzərdən keçirilə bilər. Hesabatda şirkətin xarici iqtisadi fəaliyyətinə dair bütün vacib detallar (hər bir ayrıca götürülmüş ölkədə hasilat və emal göstərriciləri, ticarət dövriyyəsi, kapital qoyuluşları, gəlilər və s.) hesabata daxil edilir.
1.2. SOCAR-ın xarici iqtisadi fəaliyyətinin əsas istiqamətləri
Şirkətin xarici iqtisadi əlaqələrini 3 istiqamət üzrə ayırmaq olar:
1. Ölkə daxilində istehsal etdiyi məhsullar vasitəsilə ixrac bazarlarına çıxmaq;
2. Müxtəlif törəmə müəssisələr vasitəsilə ölkə xaricində iqtisadi fəaliyyətlər (hasilat, emal, treydinq, nəql və daşımalar və s.)
3. Xarici maliyyə bazarları vasitəsilə borclanma
2. SOCAR-ın ixrac fəaliyyətilə bağlı məlumatların açıqlığı sahəsində vəziyyət
Şirkətin illik fəaliyyətinə dair ən son açıqladığı hesabata[6] əsasən, 2019-cu ildə SOCAR tərəfindən satılmış neft məhsullarının 17%-i ixrac edilmişdir. Hesabatdan aydın olur ki, il ərzində ümumilikdə şirkətin hasil etdiyi 7.683 mln. ton xam neftin 6.190 mln. tonu (80.6%-i) emal müəssisələrinə göndərilib.
Qrafik 1
2019-cu ildə ümumilikdə SOCAR-ın bütün emal müəssisələri tərəfindən 5.175 mln. ton neft məhsulları ixrac edilmişdir. Bu həcmin 17%-nin ixrac edilməsi o deməkdir ki, xarici bazarlara SOCAR brendi ilə emal edilmiş 880 min neft məhsulları ixrac edilib. Lakin dəyər ifadəsində neft məhsullarının ixracından nə qədər gəlir əldə edilməsi, şirkətin ümumilkdə emal məhsullarının satışından əldə etdiyi gəlirlərin hansı hissəsinin ixrac hesabına təmin edilməsi barədə hesabatda məlumat açıqlanmır. Amma maraqlıdır ki, şirkətin 2020-ci ilin 9 ayında maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair keçirilən toplantıda lik dəfə bu məlumat açıqlanıb[7]. Məlum olub ki, cari ilin 3 rübü ərzində SOCAR-ın istehsal etdiyi məhsulların satışından ümumilikdə şirkətin hesablarına 4.1 mlrd. manat daxil olub. Həmin məbləğin 1.3 mlrd. manatı və ya 32%-i qədəri xarici bazarlara satış sayəsində əldə edilib.
Üstəlik, şirkətin yuxarıda qeyd olunan emal məhsullarından natural ifadədə hansı həcmdə ixrac edildiyi barədə də məlumatlar hesabatlara daxil edilmir. Lakin Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan xarici ticarət rüblük və illik bülletenlərdə[8] neft məhsullarının ixracı ilə bağlı detallı məlumatlar açıqlanır. Doğrudur, həmin icmallarda bu məhsulların hansı təsərürfat subyektinə aid olduğu əks olunmasa da, aydındır ki, SOCAR-dan savayı bu məhsulların başqa istehsalçı yoxdur.
Xarici ticarət statistikasına əsasən ixrac olunan neft məhsullarının həcmi, min dollarla
Reaktiv mühərriklər üçün kerosin yanacağı |
111708,6 |
Ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar |
341605,4 |
Emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq və ya digər məqsədlər üçün maye yanacaq |
3458,18 |
Emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün sürtkü yağları və ya digər məqsədlər üçün sürtkü yağları |
6017,35 |
Butan qazı, maye halında |
986,47 |
Etilen, propilen, butilen və butadien qazları, maye halında |
11135,66 |
Neft koksu, susuzlaşdırılmamış |
22561,07 |
Neft bitumu |
2777,56 |
Cəmi məbləğ |
500250.3 |
SOCAR-ın 2019-cu il üzrə ümumi hasilatından emala yönəltdiyi hissədən sonra yerdə qalan 1.493 mln. ton xam neft həcmi barədə hesabatlarda hər hansı informasiya tapmaq mümkün deyil. Bu həcm ixrac edilibmi, əgər edilibsə xam neft ixracından şirkətin əldə etdiyi gəlirlərin həcmi nə qədər olub? İctimaiyyət üçün hesabatların heç birində bununla bağlı məlumatlar açıqlanmır. Amma hasilat və emal üzrə ixraca dair informasiya qapalılığı problemi bununla bitmir. SOCAR həmçinin milli neft şirkəti olaraq Azərbayacana məxsus neft-qaz yataqlarının işlənməsinə dair beynəlxalq müqavilələrdə payçı kimi iştirak edir, müqavilərdə nəzərdə tutulan paya müvafiq həcmdə xam neft və təbii qaz əldə edir. Məsələn, “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə 2017-ci 1 yanvar tarixindən qüvvəyə minən dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişinə[9] əsasən SOCAR-ın payı 1994-cü ildə imzalanan köhnə müqaviləyə nisəbətən əhəmiyyətli dərəcədə artaraq 25%-ə çatdırılıb. Bu bölgüyə uyğun olaraq SOCAR-a çatan xam neft həcmləri, onların ixrac həcmləri və əldə olunan vəsaitlərlə bağlı heç bir məlumat açıq deyil.
Eyni zamanda, “Şahdəniz” yatağında SOCAR 25% paya sahibdir[10] və bu paya adekvat həcmdə təbii qaz təhvil alır. Lakin bu qazın ölkə daxilində və xaricə satışı ilə bağlı detallı məlumatlar açıqlanmır. Aydın məsələdir ki, ölkənin qaz təchizatına SOCAR məsuldur və istər ev təsərrüfatlarının, istərsə də iqtisadiyyatın bütün yerdə qalan subyektlərinin qaz ehtiyaclarını şirkət özünün sərəncamında olan təbii qaz vasitəsilə təmin edir. Dövlət Statistika Komitəsinin ölkənin enerji balansı ilə bağlı açıqladığı məlumatlara görə, 2019-cu ildə ölkə daxilində məcmu təbii qaz istehlakı 11 mlrd. kubmetr təşkil edib[11].
Qrafik 2
Yeri gəlmişkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu ilin yekunlarına dair hazırladığı ixrac icmalında[12] da SOCAR-ın ixracı ilə bağlı müəyyən məlumatlar yer alıb. İcmala əsasən, ötən il ölkədə ən yüksək ixrac dəyərinə malik ilk 10 məhsuldan 3-ü neft-kimya məhsulları olub. Həmin məhsullara ilkin formalı polipropilen, metanol və ilkin formalı polietilen daxildir ki, onların ümumi ixrac həcmi 194.3 mln. dolları təşkil edib.
2019-cu ildə SOCAR-ın sərəncamında 15.281 mlrd. kubmetr təbii qazı olub. Bundan 6.819 mlrd. kubmetri şirkərin öz hasilatı olub, 2.065 mlrd. kubmetr AÇG-dən, 6.397 mlrd. kubmetr isə “Şahdəniz” layihəsindən alınıb. Enerji balansında daxili istehlakı da nəzərə alsaq, deməli təxminən 4 mlrd. kubmetr qaz SOCAR-ın sərəncamında qalıb. Nəzərə alaq ki, şirkət Gürcüstan Respublikasının qaz təchizatını həyata keçirir. Amma əlçatan informasiya mənbələrində SOCAR-ın sərəncamında olan təbii qaz həcmlərindən nə qədər ixrac etdiyi, bu ixrac hesabına nə qədər vəsait əldə etdiyi barədə məlumat açıqlanmır.
SOCAR geniş çeşiddə neft-kimya məhsulları da istehsal edir. 2019-cu ildə şirkət 459.3 min ton xammal emal edib.
Qrafik 3
Emal nəticəsində 6 adda müxtəlif çeşidli neft-kimya məhsulu istehsal edilmişdir. Bu məhsullardan etilen istehsalı 117.2 min ton, polietilen istehsalı 94.4 min ton, propilen istehsalı 88.2 min ton, maye piroliz qətranı istehsalı 85.2 min ton, BBF istehsalı 38.1 min ton, ağır piroliz qətranı istehsalı 20.3 min ton təşkil edib. Lakin hesabatda nə ayrı-ayrı məhsul növləri, nə də ümumi həcm üzrə ixrac göstəriciləri barədə məlumatlar açıqlanmır.
DSK-nın xarici ticarət üzrə 2019-cu illə bağlı bülletenində[13]neft-kimya məhsullarınının da ixracına dair məlumatlar yer alır.
Xarici ticarət statistikasına əsasən ixrac olunan neft-kimya məhsullarının həcmi, min dollarla |
|
İxrac olunan məhsulların çeşidi |
İxracın dəyəri, min dollar |
Etilen, propilen, butilen və butadien qazları, maye halında |
11135,7 |
Doymamış propen (propilen) |
2003,1 |
Polietilen və ya polipropilen zolaqlardan və ya digər analoji formalardan kisə və paketlər |
5299,1 |
Metanol (metil spirti) |
64575,1 |
Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen |
63965,1 |
Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen |
5728,9 |
İlkin formalı propilen sopolimerləri |
7894,2 |
İlkin formalı polipropilen |
65687,3 |
Polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr |
28694,1 |
Cəmi məbləğ |
254982,5 |
DSK-nın məlumatından da göründüyü kimi, ixrac edilən əsas neft-kimya məhsulları metanol, polietilen və polipropilen olub. Ümumilikdə 2019-cu ildə neft-kimya məhsullarının ixracı 255 mln. dollar təşkil edib. Halbuki bu məlumatlar da SOCAR-ın fəaliyyətilə bağlı hesabatlara daxil etməyə ehtiyac duyulmur.
3. SOCAR-ın xarici dövlətlərdəki fəaliyyətilə bağlı məlumatların açıqlığı sahəsində vəziyyət
Şirkət xaricdəki fəaliyyətini əsas etibarı ilə müxtəlif ölkələrdə yaratdığı törəmə müəssisələr vasitəsilə reallaşdırır. Bu fəaliyyət fərqli sahələri (emal, qaz təchizatı sisteminin idarə edilməsi, treydinq, terminal idarəçiliyi və s.) əhatə edir. Hazırda SOCAR-ın fəaliyyəti Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumniya kimi ölkələri əhatə edir.
Şirkətin 2019-cu il fəaliyyət hesabatında[14] adıçəkilən ölkələrdə fəaliyyətin xarakterilə bağlı xeyli məlumatlar açıqlanıb. 2007- 2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox investisiya qoyulub. Hazırda Gürcüstanda “SOCAR Georgia Energy”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və Kulevi neft terminalı fəaliyyət göstərir. Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC 114 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir. Hazırda şirkətdə təxminən 1500 işçi çalışır. “SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir. “SOCAR Georgia Petroleum” MMC-nin əsas fəaliyyət istiqamətləri həmçinin Gürcüstan bazarına neft məhsulların idxalı (benzin, dizel, aviasiya yanacağı, LPG, bitum, mazut, yağlar), SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisindən ibarətdir.
SOCAR Georgia Gas təbii qazın təchizatı və paylanması, əhalini təbii qazla təmin edilməsi və qazpaylayıcı şəbəkələrin tikintisi, bərpası və istismarı ilə məşğuldur, hazırda 715 mindən çox abunəçisi var. “SOCAR Georgia Security” MMC əsas fəaliyyəti neft terminalının, limanın, neft bazalarının, yanacaqdoldurma məntəqələrinin təhlükəsizliyini təmin etməkdir.
SOCAR Enerji Türkiyə Türkiyədə real sektorun ən böyük investisiya layihəsi kimi 6,3 milyard ABŞ dolları dəyərinə və ildə 10 milyon ton xam neft emalı gücünə malik olan “Star” neft emalı müəssisəsinə sahibdir. Zavod dizel yanacağı, nafta, aviasiya yanacağı və mayeləşdirilmiş neft qazı kimi məhsullar istehsal edir. “SOCAR Enerji Türkiyə” 2019-cu ildə “Bursagaz”, “Kayseriqaz”, “SOCAR Enerji Ticaret”, “Enervis” və “Millenicom”u satın almış, bununla da ölkədə təbii qazın paylanması prosesində də iştirak etməyə başlamışdır.
Bundan əlavə, SOCAR 2008-ci ildən etibarən Türkiyənin “Petkim” neft-kimya kompleksinin də 51% səhmlərini alıb. Bu zavod Türkiyədə ilk və yeganə inteqrə olunmuş neft-kimya müəssisəsidir. 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edən “Petkim” 2019-cu ildə ümumilikdə 3,4 milyon ton həcmində məhsul istehsal edib və dünyanın 78 ölkəsinə məhsul ixrac edir.SOCAR-ın Türkiyədə dəniz yanacaqları sektorunda fəaliyyət göstərən“SOCAR Marine” törəmə müəssisəsi var. Şirkət beynəlxalq dəniz yanacaqlarının satışını həyata keçirir.
Rumıniya bazarında fəaliyyəti “SOCAR Romania S.A” şirkəti həyata keçirir. Müəssisə bu ölkədə neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur, ölkədə 43 YDM-i fəaliyyət göstərir.
Avstriyada Yaratdığı ”SOCAR Energy Avstriya” vasitəsilə əsas fəaliyyəti pərakəndə yanacaq satışı bazarına bağlıdır və ölkə üzrə 82 YDM-ə sahibdir. Bundan başqa, neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb.
SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Energy İsveçrə” şirkətləri vasitəsilə həyata keçirir. “SOCAR Trading” Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərə məxsus neft və neft məhsullarının satışı ilə məşğuldur. Şirkət Azərbaycan mənşəli xam nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsi ilə Ceyhan limanına çatdırıldıqdan sonra dünya bazarına birbaşa çıxararaq Azərbaycan neftindən gələn gəlirləri, eyni zamanda, beynəlxalq bazarlarda üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarəti ilə məşğul olaraq SOCAR-ın mənfəətini və Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılmışdır. Əsas ofisləri Cenevrə (baş qərargah), Sinqapur, Dubay, London, Hyüston və Kalqari şəhərlərində yerləşir.
“SOCAR Energy İsveçrə” ölkənin daxili bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib. SOCAR-ın İsveçrədə 182 YDM-dən ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qaz doldurma zavodu, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri fəaliyyət göstərir.
Beləliklə, SOCAR-ın ölkə ictimaiyyəti üçün açıqladığı illik fəaliyyət hesabatında xaricdəki fəaliyyətinə dair məlumatlar yalnız təqdim olunan çərçivədədir. Bu məlumatlar yalnız şirkətin hansı fəaliyyətlərlə məşğul olması barədə ümumi informasiyalar açıqlayır. Maliyyə hesabatında isə xaricdəki fəaliyyətin iqtisadi nəticələrilə bağlı müəyyən məlumatlar əldə etmək mümkündür. Məsələn, şirkətin 2019-cu ili əhatə edən ən son hesabatında[15]gəlirlərin ölkələr üzrə bölgüsü, eləcə də gəlirlərin ayrı-ayrı ölkələrdə seqmentlər üzrə bölgüsü, ölkələr üzrə uzunmüddətli aktivlər barədə iqtisadi göstəricilər açıqlanır.
Qrafik 4
Hesabata əsasən, 2019-cu ildə SOCAR-ın gəlirlərinin ən böyük hissəsi İsveçrədə formalaşıb – 63.735 mlrd. manat. Sonrakı yerlərdə Türkiyə (9.377 mlrd. manat), Birləşmiş Ərəb Əmirliyi (1.722 mlrd. manat) və Gürcüstan (1.172 mlrd. manat) olub. Bundan əlavə, 1.601 mlrd. manat gəlirin konkret hansı ölkələrdə yarandığı barədə məlumat dəqiqləşdirilməyib və “digər ölkələr” adı altında təqdim edilib. Yeri gəlmişkən, burda “gəlir” anlayışı “dövriyyə” anlayışının sinonimi kimi istifadə edilir. Çünki SOCAR treydinq fəaliyyəti zamanı öz istehsalı olmayan neft və neft məhsulları da alıb-satır. Bunun hesabına onun dövriyyəsinin faktiki həcmi öz məhsullarının satışı nəticəsində formalaşan gəlirlərdən xeyli böyük olur. Ona görə də hesabatda təhlilçilər üçün daha vacib olan göstəricilərdən biri də dövriyyə ilə yanaşı ölkələr üzrə mənfəətin, yəni satışların maya dəyəri çıxılmaqla şirkətə çatan mənfəətin, hər bir ölkə üzrə mənfəətlik səviyyəsinin də açıqlanması çox önəmlidir. Lakin SOCAR-ın hazırkı hesabatlarında ölkələr üzrə əldə etdiyi mənfəətin həcmi, özünün konsalidasiya edilmiş mənfəətində fəaliyyət göstərdiyi hər bir ölkənin xüsusi çəkisi, eyni zamanda hər bir ölkədə vergi ödənişindən sonra sərəncamında qalan xalis mənfəət, hər il üzrə həmin ölkələrin hər birindən Azərbaycana repatriasiya elədiyi mənfəətin həcmi barədə də məlumatların olması son dərəcə vacibdir. Məsələn, ölkə vətəndaşları dövlət məxsus bir şirkətin Türkiyədə əldə etdiyi mənfəətdən hansı hissəsinin Azərbaycana qaytarılması barədə niyə məlumat əldə etmək imkanına malik olmamalıdır? Öz növbəsində, SOCAR-ın repatriasiya etmək hüququna malik olduğu, lakin etməyib xarici bank hesablarında saxladığı likvid vəsaitlərlə də bağlı məlumatların ölkələr üzrə həcminə dair informasiyaların açıqlığı çox önəmlidir.
Maliyyə hesabatında ümumi gəlirlərin (dövriyyənin) hər bir ayrıca götürülmüş ölkədə sahələr (seqmentlər) üzrə bölgüsünə də dair informasiyalar açıqlanır.
Qrafik 5
Hesabatdan aydın olur ki, SOCAR-ın Türkiyə istisna bütün yerdə qalan ölkələrdə fəaliyyəti satış və paylaşdırma ilə bağlıdır. Yalnız Türkiyədə əsas fəaliyyət emal sektorundadır.
Maliyyə hesabatında ölkələr üzrə açıqlanan daha bir informasiya uzunmüddətli aktivlərin həcmidir. Uzunmüddətli aktivlərə daxildir:
- əmlak, tikinti və avadanlıqlar;
- qudvil və qeyri maddi aktivlər;
- istifadədə olan aktivlər;
- uzunmüddətli maliyyə aktivləri;
- təxirə salınmış vergi aktivləri;
- asılı və birgə müəssisələrə investisiyalar.
Hesabatdan görünür ki, SOCAR-ın xaricdəki ən böyük aktivləri Türkiyədədir. 2019-cu ilin nəticələrinə görə bu ölkədə olan uzunmüddətli aktivlərin həcmi 8.838 mlrd. manat məbləğində olub.
Qrafik 6
2019-cu ilin yekunlarına əsasən, şirkətin ölkədən kənardakı uzunmüddətli aktivlərinin həcmi 11.154 mlrd. manat təşkil edib. Həmin aktivlərin 79.2%-i Türkiyəyə, 20.8%-i isə yerdə qalan digər ölkələrə, o cümlədən 8.8%-i (977 mln. manat) İsveçrədə, 4.9%-i (548 mln. manat) Gürcüstanda, 4.7%-i (522 mln. manat) BƏƏ-də formalaşıb. Lakin hesabatda ölkələr üzrə uzunmüddətli aktivlərin tərkibi açıqlanmır.
4. Xarici maliyyə bazarları vasitəsilə borclanma
İllik maliyyə hesabatında SOCAR-ın xaricdən aldığı sərbəst dönərli valyutada olan borclarla bağlı detallı məlumatlar açıqlanır. Məlumat yalnız borcun məbləğini və götürüldüyü valyuta növünü əhatə etmir, eyni zamanda hər bir kredit tranşının götürüldüyü faiz dərəcəsini, son ödəniş tarixini, cari ildə ödəniləcək hissəsini, sonda faizlə birlikdə qaytarılacaq ümumi məbləği barədə də informasiyalar əks olunur. Hesabatdan aydın olur ki, 2019-cu ilin sonuna ödənəcək faizlərlə birgə SOCAR-ın ümumi xarici borclarının məbləği 11.369 mlrd. dollar, hesabat ilində ödənəcək cari borc məbləği isə 1.212 mlrd. dollar təşkil edib.
Alınmış borcların valtuta üzrə bölgüsü belə olub:
- 557 mln.Avro (624 mln. USD);
- 34 mln. İsveçrə frankı(42.3 mln. dollar);
- 15.4 mln. yapon yenası (146.6 min USD)
- 69 mln. Gürcüstan larisi (24 mln. USD)
- 604 mln. Azərbaycan manatı (355 mln. USD)
- 600 mln. Türkiyə lirəsi (105 mln. USD)
- 7.533 mlrd. ABŞ dolları
Qeyd: ayrı-ayrı valyutalar üzrə borcların məbləği 31 dekabr 2019-cu il tarixə olan ikitərəfli nominal məzənnələrə əsasən dollar ifadəsində də hesablanıb.
Hesablamarada aydın olur ki, götürülmüş borcların əsas məbləği 8.830 mlrd. dollar təşkil edir və bu məbləğə görə şirkətin təxminən 2.5 mlrd. dollar faiz borcu yaranır. Borcların çox az hissəsinin (təxminən 890 mln. dollar) illik faiz dərəcəsi 1% ətrafındadır. Ən yüksək faiz dərəcəsi ilə (12.5-13.5% intervalında) Gürcüstan larisi ilə cəlb edilən borclardır. Yerdə qalan borclar üzrə faiz dərəcləri 2.5-7% aralığında dəyişib. Borcların yarısından bir qədər çoxu 3-5% intervalında faiz dərəcəsi ilə cəlb olunub. Son öhdəlik məbləğinin (11.4 mlrd. USD) 2.9 mlrd. dolları (təxminən 25%-i) 2028-ci il və sonrakı dövrdə qaytarılmalıdır. Borcların əhəmiyyətli hissəsi (75%-i və ya 8.4 mlrd. USD) yaxın 7 ildə qaytarılmalıdır.
Borclar valyuta növləri üzrə açıqlansa da, hesabatda ölkələr üzrə alınmış borclaırn məbləği əks olunmur.
5. Qiymətləndirmənin əsas tapıntıları və təkliflər
SOCAR-ın xarici iqtisadi əlaqələrinin təhlili göstərir ki, şirkətin həm illik fəaliyyətinin, həm də maliyyə fəaliyyətinin yekunlarına dair xeyli məlumatlar açıqlanır. Bununla belə, hələ də keyfiyyətli müstəqil təhlil və effektiv ictimai nəzarətin təmin edilməsi baxımından qapalı saxlanan, ictimaiyyət üçün əlçatan olamayn mühüm məlumatları açıq informasiya mənbələrindən əldə etmək imkansızdır. Təhlilin nəticələrindən çıxış etsək, SOCAR-ın xarici iqtisadi fəaliyyətinin yeknlarına dair ayırca illik hesabatın hazırlanmasını və ictimaiyyətin istifadəsinə təqdim olunmasını ehtiyac duyulduğunu söyləmək mümkündür. Həmin hesabata hazırda açıqlanan informasiyalardan savayı aşağıdakı məlumatlarından daxil edilməsi təklif olunur:
1. Hasilatın pay bölgüsü sazişləri çərçivəsində SOCAR-a çatan xam neftin həcmi hər il hesabatlarda açıqlanmalıdır.
2. Hər bir ölkə üzrə il ərzində qoyulmuş investisiyaların məbləği;
3. Hər bir ölkə üzrə uzunmüddətli aktivlərin strukturu (o cümlədən, avadanlıq, tikili, uzunmüddətli maliyyə aktivləri və s.);
4. Hər bir ölkə üzrə vergi ödəndikdən sonra xalis mənfəətin məbləği, eləcə də ölkəyə repatriasiya edilmiş mənfəətin məbləği;
5. Xarici hesablarda saxlanan sərbəst pul vəsaitlərinin ölkələr üzrə məbləği;
6. Konkret məhsul çeşidi üzrə neft və neft-kimya emalı məhsullarının ixrac həcmi (natural ifadədə) və ixrac dəyəri;
7. SOCAR-a məxsus ixrac olunan xam neftin və təbii qazın həcmi (natural ifadədə) və ixrac dəyəri;
8. Alınmış xarici borcların fəaliyyət göstərilən ölkələr üzrə həcmi.
Hazırladı
NHMT İB ekspert qrupu
[1]http://www.e-qanun.az/framework/11142
[2]http://www.e-qanun.az/framework/33634
[3]http://www.e-qanun.az/framework/10051
[4]http://e-qanun.az/framework/26296
[5]file:///C:/Users/User/Downloads/Lukoil_AR19_book_app.pdf
[6]http://socar.gov.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat-2019.pdf
[7]http://www.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/11512
[8]https://www.stat.gov.az/source/trade/
[9]http://socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/11046
[10]http://www.socar.az/socar/az/activities/production/shah-deniz
[11]https://www.stat.gov.az/source/balance_fuel/
[12]http://www.iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/2020/01_ExportReview-2020.pdf
[13]https://www.stat.gov.az/source/trade/
[14]http://socar.gov.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat-2019.pdf
[15]http://socar.gov.az/socar/assets/documents/az/socar-financial-reports/Maliyy%C9%99%20hesabatlar%C4%B1%202019.pdf