NHMT - Sual: Hansı orqan və təşkilatlar cəzaçəkmə müəssisələrinə baş çəkə bilər? NHMT -

SUAL 24

Sual: Hansı orqan və təşkilatlar cəzaçəkmə müəssisələrinə baş çəkə bilər?

Cavab: Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil ola, orada saxlanılan şəxslərlə görüşüb, təkbətək söhbət edə və onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış ola bilər. 

Kütləvi informasiya vasitələrinin nümayəndələri və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.