SUAL 26
Sual: Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi barədə məlumat verməyinizi xahiş edirəm.
Cavab: İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilir.
Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir.
Elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir. Nomenklatura işçilərinin attestasiyasını onları işə təyin və ya təsdiq edən orqanların attestasiya komissiyaları həyata keçirir.
Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.
Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.
İşçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər. Komissiyaların tərkibi attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir.