SUAL 27
Sual: İşçilərin attestasiyasıdan keçməsi hansı qaydada aparılır?
Cavab: Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.
İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.
Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.
Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.