NHMT - Sual: Attestasiyanın nəticələrinə görə işçilər üçün hansı qərarlar qəbul oluna bilər? NHMT -

SUAL 29

Sual: Attestasiyanın nəticələrinə görə işçilər üçün hansı qərarlar qəbul oluna bilər?

Cavab: Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir.

Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət  edərək müvafiq qərar qəbul edir.

Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra  attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə,  işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini  təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında  mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.