NHMT - Sual: Şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilərmi? NHMT -

SUAL 33

Sual: Şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilərmi?

Cavab: Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

  • böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
  • az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
  • ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
  • xüsusilə ağır cinayətin törədildiyi gündən on beş il keçdikdə.

Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz.

Sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə müddətlər tətbiq olunmur.