Fevralın 5-də APA-nın bülletenində bir xəbər verilmişdi: Azərbaycan Dövlət Neft Fondu 30 ölkənin 32 maliyyə qurumu arasında vəsaitlərin idarə olunması və şəffaflığın təmin edilməsi göstəricilərinə görə reytinq cədvəlində 7-ci yeri tutub. Bu reytinqi ABŞ Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu tərtib edibmiş. Sənədə əsasən maliyyə vəsaitlərinin idarəsi ilə məşğul olan qurumların fəaliyyəti 4 kateqoriya üzrə qiymətləndirilib: struktur, idarəetmə, şəffaflıq və rəftar.
Uzun sözün qısası, müdrik xalqımıza bəyan edilir ki, onun yeraltı sərvətləri yetərincə etibarlı əldədir, bir qəpik də o yan-bu yan ola bilməz.
Hələ bu, 7-ci yerdir, ötən il BMT lap ağını çıxartmışdı. 23 iyunda Dövlət Neft Fonduna (DNF) "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafat vermişdilər.
Əlbəttə, neft gəlirlərinin dağıdılması, oğurlanması xalqa yaxşı bəllidir və bu gülünc mükafatlara fikir verməmək də olardı. Necə ola bilər ki, bir dövlət korrupsiya reytinqlərində həmişə ən biabırçı yer tutsun, ancaq onun hansısa fondu şəffaflıq mücəssəməsi sayılsın? Bəlkə peyinlikdə çiçək açılıb, xəbərimiz yoxdur? Hərçənd, rüşvətlə mükafat da almaq olar. DNF haqda bu yazımızı isə ona görə yazırıq ki, bəziləri ağ eləməsinlər.
***
DNF 1999-cu il 29 dekabrda keçmiş prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb. Fondun saytında qeyd olunanlara inansaq H.Əliyev o vaxt deyibdir: "Mənim məqsədim Neft Fondunu Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır". həmin saytda ümumiyyətlə, poetik cümlələrə sətirbaşı rast gəlinir. Məsələn: "Neft Fondunun yaradılması fəlsəfəsinin əsası Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilən neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təminidir". Fikir verdinizmi, söhbət məhz Tanrıdan gedir. Adam sevinir ki, fondun başında əsl türkçülər əyləşibdir, ulu xaqan tərəfindən verilən əmr və tapşırıqlara müntəzirdirlər.
Amma biz bu məsələni şairlərə buraxaq, diqqət edək görək gerçəkdənmi gələcək nəsillər nəzərə alınır.
***
2001-2007-ci illərdə fonda 4 milyard 425 milyon manat yığılıb. (Söhbət təzə manatdan gedir və 2007-nin 1 oktyabrına qədərki vaxtdan). Və 2007-nin 1 oktyabrında DNF-də 1 milyard 843 milyon manat qalmışdı. Əgər fond pulunun yarıdan çoxunun başına cəmi 4-5 ilə daş salınıbsa, hansı gələcək nəsillərdən danışırlar? Mən "başına daş salmaq" ifadəsini nahaq işlətmədim.
Həmin müddətdə 2 milyard 364 milyon manat, yəni daxil olan pulun 53,4 faizi "müxtəlif investisiya və sosial yönümlü layihələrin maliyyələşdirilməsinə" sərf olunub. Məsələn, 298 milyon manat Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsinə xərclənib. 332 milyon qaçqınlara, 138 milyon Oğuz-Qəbələ-Bakı su kəmərinə, 90 milyon Dövlət İnvestisiya Şirkətinə, 71 milyon Samur-Abşeron kanalına. Bunlar hamısı aşkar korrupsiya layihələridir və mətbuatda dəfələrlə, onlarla yeyinti faktları sadalanıb. Təzədən başınızı ağrıtmaq istəmirəm. Yalnız su kəməri layihəsinə toxunacağam.
Ystəlik, heç bu layihələrin toplam xərci də 1 milyard manat eləmir, bəs bu "investisiyanın" qalan 1 milyard 364 milyonu hanı? Əlbəttə, yəqin büdcəyə köçürmə üsulu ilə "happ" edilib.
***
Utanmasan şəffaflıqdan danışmağa nə var? DNF-nın son illər ən çox vəsait "əritdiyi" iki sahədən biri Oğuz-Qəbələ-Bakı su kəməri layihəsidir. (O birisi "qaçqın və köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq"dır. 332 milyon manatı bayaq yazdıq, 2008-in büdcəsində isə bu istiqamətə 145 milyon manat uçacaq. Adam başa düşür ki, nə üçün Qarabağ probleminin həllində hökumət maraqlı deyil).
Bu Oğuz-Qəbələ-Bakı (OQB yazaq, qısa olsun) layihəsi ümumiyyətlə korrupsiya üzrə dərsliklərə düşməyə layiqdir. Ymumi uzunluğu 260 km olan OQB-yə hakimiyyət 480 milyon manat ayırıb. 1 metri 1900 manat. Əsl "gümüş kəmər"dir. hərçənd, əvvəl layihənin dəyəri 300 milyon manata yaxın açıqlanmışdı, sonra qəflətən yekəlib 480 milyon oldu. İqtisadi ekspert İlham Şabandan bir sitat versək, yerinə düşər: "Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Azərbaycan hissəcinin çəkilişinə sərf olunan vəsaitdən iki dəfə artıq vəsait bu su kəmərinə sərf edilir".
OQB-nin çəkilişi üzrə tenderin qalibi Türkiyənin "Turan hazinedaroğlu", "Tekser-İnşaat" şirkətləri ilə "Gəncə Körpü Tikinti - 2" adlı yerli qurumun birliyi (alyans) olub. Xatırladım ki, bu "Turan hazinedaroğlu" daha öncə Ələt-Hacıqabul yolunu çəkməsi ilə məşhurdur. Dırnaq arasında. Çünki yol tikiləndən cəmi bir il sonra təmirinə 5 milyon dollar lazım olmuşdu. Necə deyərlər, taylı tayını tapmasa...
Ystəlik, OQB elə məzəli layihədir ki, hətta tikilməzdən öncə DNF-ni yeməyə başlamışdı. Tikintiyə 2007-nin yanvarında start verilib, 2006-da isə DNF "layihənin reallaşdırılmağına 82,7 milyon manat, o cümlədən, 2 milyon yarım texniki iqtisadi əsaslandırmaya və Almaniyanın "CES Consultinq Engineers" şirkətinə ilkin layihə sənədlərinin hazırlanmasına və 82,3 milyon manat Azkompozit zavoduna sərf olunub".
Bu sirli Azkompozit nədir? Sumqayıtda bir müəssisə varmış, onu özəlləşdirib, boru zavodu ediblər. Onun sahibi kimdir? Su kəməri üçün ayrıca zavoda bu qədər vəsaitdənsə boruları xaricdən almaq olmazdımı? Nə üçün dövlət "Azərsu" rəhbərliyi ilə şübhəli əlaqələri olan bir özəl müəssisəyə bu qədər pul ayırıb? Bu sualların cavabını bilənə deputatxana sədri Oqtay Əsədov adına "Şəffaflıq mükafatı" düşür.
***
DNF xərclərində bir cupbulu maddə də var: xarici ölkələrdə tələbə oxutmağa bu il 5 milyon manat sərf olunacaq. Amma heç burda da şəffaflıq yoxdur. Yada salın Bəxtiyar Hacıyevin əhvalatını. Bu vətənpərvər gənc ABŞ-ın Harvard Universitetində təhsil alır, ancaq dövlət onun xərclərini ödəməkdən imtina elədi. Sadəcə ona görə ki, Hacıyev 2007-nin yanvarında qiymət artımına İnternetdə etiraz aksiyası keçirmişdi.
***
Nəhayət, DNF-nin idarə olunması qaydaları haqda. Fonda ölkə prezidentinin qoyduğu icraçı direktor - hazırda Şahmar Mövsümov - rəhbərlik edir. Fəaliyyətə ümumi nəzarəti isə dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası etməlidir. Mən hələ buradakı "habelə digər şəxslər" adlı gülməli bəndi qırağa qoyuram. Gəlin bu Müşahidə Şurasına baxaq, onlarla yaxından tanış olaq.
İlham Əliyevin 16 may, 2007-ci il sərəncamı ilə Şuranın 9 nəfərlik tərkibi təsdiq edilib:
1. Artur Rasizadə, baş nazir;
2. Valeh Ələsgərov, Milli Məclis sədrinin müavini;
3. Vahid Axundov, İqtisadi siyasət üzrə dövlət müşaviri;
4. Samir Şərifov, Maliyyə naziri;
5. Heydər Babayev, İqtisadi inkişaf naziri.
6. Elman Rüstəmov, Milli Bankın sədri;
7. Azər Əmiraslanov, MM deputatı;
8. Gündüz Məmmədov, prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri;
9. Mahmud Kərimov, Elmlər Akademiyası prezidenti.
Bu adamların demək olar hamısını vəzifəyə prezident özü qoyubdur. Fondu da faktiki prezident idarə edir - hara istəsə vəsait ayırır. İndi səncə prezidentin özü-özünə nəzarətinə şəffaflıq mükafatı düşürmü? Yeri gəlmişkən, Müşahidə Şurası sədrinin Artur Rasizadə olmağı lap məzəlidir. Bu hörmətli zat heç rəhbəri olduğu Nazirlər Kabinetinin yiyəsi deyil, ona üstəlik Neft Fondu tapşırıblar.
***
Qarabağ kəndlərindən birində Sovet dövründə maraqlı bir əhvalat olmuşdu. Yer qazan kişi cərgə ilə basdırılmış düz 40 dənə küp tapmışdı. Qızıl həvəsiylə hamısının içinə baxmışdı, ancaq boş çıxmışdılar. Yalnız birində, deyilənə görə, eşşək dişləri varmış.
Kişi hirsindən küplərin hamısını sındırmışdı.
Şəffaf neft fondu haqda nağıl
MÜƏLLİF:
Zamin Hacı
At:
29 sentyabr 15