NHMT - Bizi borca salan dövlət. Alınan kreditlər hara və necə xərclənir?

Bizi borca salan dövlət. Alınan kreditlər hara və necə xərclənir?

Hökumət hesabat-filan vermədən hər bir vətəndaşın üzərinə 284 dollar borc yığıb. Ötən ilin son rübündə Azərbaycanın xarici borcu 170 milyon dollar artaraq 2 milyard 441.9 milyon dollar olub. Bununla da ölkədə adambaşına düşən xarici borc keçən il 284 dollara çatıb. Sonuncu göstərici üzrə ötən ilin 1 oktyabrına olan vəziyyət 264 dollar təşkil edib. Bu o deməkdir ki, təkcə son rüb ərzində adambaşına düşən xarici borcumuz 20 dollar artıb. Son bir ilin artım göstəriciləri isə belədir: xaricdən alınan kreditlərin məbləği 1 milyard 972 milyon dollardan 2 milyard 441.9 milyon dollara, adambaşına düşən xarici borc isə 232.5 dollardan 283.9 dollara qalxıb. Yəni, bir il ərzində dövlətin ümumi borcu 470 milyon dollar, hər bir vətəndaşın xarici borcu isə 51.4 dollar çoxalıb. Heft pulları borca silinməyəcək ki?! Belə görünür ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarından aldığı kreditlərin həcmini ildən ilə artırmağı problem saymır. İnsafən, hazırda ölkənin xarici borcu Ümumi Daxili Məhsulun həcminə nisbətdə elə də təhlükəli həddə deyil - 8.2 faiz təşkil edir. Amma məsələ burasındadır ki, kreditlərin əksər hissəsi investisiya layihələri (müxtəlif təmir-tikinti və yenidənqurma işləri) üçün ayrılır. Bu isə belə bir təhlükədən xəbər verir ki, xaricdən alınan borclar maddi gəlir gətirməyən sahələrə xərcləndiyindən gələcəkdə daha çox neft pulları hesabına ödəniləcək. Kreditlərin strukturunu təhlil etsək görərik ki, investisiya layihələri üçün alınan məbləğ ildən ilə artır, bunun içərisində isə ağırlığı elektrik enerjisi və yol-nəqliyyat sektoru təşkil edir. Ötən ilə olan xarici borcun 2 milyard 69.3 milyon dolları investisiya layihələrinin payına düşüb. İqtisadi islahatlar üçün cəlb edilən vəsait isə 372.6 milyon dollar həcmində olub. "İnvestisiya layihələri" iri addımlarla irəliləyir 2005-2007-ci illər üzrə kreditlərin strukturu faiz göstəriciləri ilə bu nisbətdə bölünüb: - 2005-ci ildə 1 milyard 650.5 milyon dollarlıq borcun 23.9%-ni iqtisadi islahatlara, 76.1%-ni investisiya layihələrinə; - 2006-cı ildə 1 milyard 972 milyon dollarlıq borcun 20%-ni iqtisadi islahatlara, 80%-ni investisiya xərclərinə; - 2007-ci ildə isə 2 milyard 441.9 milyon dollarlıq borcun 15.3%-ni iqtisadi islahatlara, 84.7%-ni investisiya layihələrinə cəlb olunan vəsait təşkil edib. Göründüyü kimi, son iki il ərzində xarici borcda investisiya layihələrinin payı 8.6% artıb, iqtisadi islahatların payı isə bir o qədər azalıb. İnvestisiya layihələrinə cəlb edilən kreditlərin həcmi təkcə 2007-ci ilin son rübündə 1% artıb ki, buna da təkan verən əsas etibarilə, elektrik enerjisi və yol-nəqliyyat sektorudur. Borcumuzun təməli - nəqliyyat və enerji Ümumiyyətlə, elektrik enerjisi və yol-nəqliyyat sektoru üçün cəlb olunan kreditlərin məbləği təkcə strukturdakı xüsusi çəkisi ilə yox, həm də artım səviyyəsi ilə fərqlənir. Belə ki, elektrik enerjisi sektoruna 2005-ci ildə 548.8 milyon dollar (ümumi borcun 33.3%-i), 2006-cı ildə 738.1 milyon dollar (37.4%), 2007-ci ildə isə 870.6 milyon dollar (35.7%) kredit cəlb olunub. Yol tikintisi və nəqliyyata cəlb olunan xarici borc isə müvafiq illər üzrə 243.1 milyon dollar (14.7%), 317.7 milyon dollar (16.1%), 467 milyon dollar (19.1%) təşkil edib. Beləliklə, son iki ildə elektrik enerjisi sektoru üçün alınan xarici borc 321.8 milyon dollar, yol tikintisi və nəqliyyata cəlb olunan kredit isə 223.9 milyon dollar çoxalıb. Müqayisə üçün qeyd edək ki, müvafiq dövr ərzində kənd təsərrüfatı üçün alınan borc cəmi 73.5 milyon dollar çoxalıb, kimya sahəsinə cəlb edilən kredit isə 6.2 milyon dollar azalıb. Heft pulları neft sektoruna yetmədi? Ən maraqlı dəyişmə tempi isə neft və qaz sektoru ilə bağlı müşahidə olunur. Əgər 2005-ci ildə bu sahəyə 28.1 milyon dollar (ümumi borcun 1.7%-i) kredit cəlb olunubsa, 2006-cı ildə bu məbləğ 26.7 milyon dollara (1.4%) qədər azalıb və 2007-ci ildə kəskin şəkildə artaraq 153.9 milyon dollara (6.3%) çatıb. Bu, iki il ərzində 125.8 milyon dollar artım deməkdir ki, onun da mütləq hissəsi - 123.7 milyon dolları 2007-ci ilin 9 ayına təsadüf edir. Ölkə iqtisadiyyatının lokomotivi sayılan və gəlirləri ildən ilə artan neft-qaz sektoruna birdən-birə bu qədər kredit cəlb etmək hansı zərurətdən doğub, bəlli deyil. Kreditlərdən qorxmaq lazımdır, ya yox? Bəzi ekspertlərin fikrincə, xarici borcumuzun hazırkı səviyyəsi narahatlıq üçün əsas vermir. Onlar diqqəti xarici borcların ÜDM-in 20-30%-nə çatdıqda təhlükə törətdiyinə yönəldirlər. Azərbaycanın aldığı kreditlər isə əvvəldə də qeyd etdiyimiz kimi, ÜDM-in 8.2%-ni təşkil edir. Bu məsələyə nikbin yanaşanlar onu da bildirirlər ki, Azərbaycan hazırda beynəlxalq maliyyə qurumlarının aşağı faizlə kredit verdiyi ölkələr kateqoriyasına daxildir, bir müddətdən sonra isə bu güzəştdən məhrum olacaq. Ona görə də indiki halda ölkəyə kredit cəlb etmək daha əlverişlidir. Bu qəbildən olan başqa bir arqument isə ondan ibarətdir ki, üzv olduğu beynəlxalq maliyyə qurumlarından kredit almaq Azərbaycana etibarlı tərəfdaş imici üçün gərəklidir. Amma bu fikirlərlə razılaşmayan ekspertlər də az deyil. Belələrinin fikrincə, hökumətin vəzifəsi ölkənin üzərinə borc yığılmasına mümkün qədər imkan verməməkdir. Yəni, zəruri ehtiyac olmadığı halda hər hansı başqa arqumentlə kredit almağın izahı yoxdur. Azərbaycan hökuməti isə ölkənin iqtisadi inkişafa və pul gəlirlərinin artımına görə bənzərsiz nəticələr göstərdiyini iddia edir. Bu isə o deməkdir ki, kreditlərin cəlb edildiyi investisiya layihələrini daxili resurslar hesabına maliyyələşdirmək imkanları genişdir. Belə şəraitdə hökumətin xarici borcları azaltmaq əvəzinə artırmağa meyl etməsi, üstəlik ölkənin ən gəlirli sahəsi olan neft-qaz sektoruna da iri məbləğdə kreditin cəlb olunması asan izah olunmur. Korrupsiya maraqları borca həvəs yaradır Başqa bir problem isə hökumətin kredit sazişlərini icra etməsi və kreditləri xərcləməsi sahəsində şəffaflığın, hesabatlılığın çatışmamasıdır. Söhbət ondan gedir ki, beynəlxalq qiymətləndirmələrdə də göstərildiyi kimi, Azərbaycanda "qapalı hökumət" mövcuddur, korrupsiya yüksək həddədir, iqtisadi azadlıqlar yox dərəcəsindədir. Belə şəraitdə kreditlərin cəlb olunması və xərclənməsinə hökumətin korrupsiya maraqlarının təsir göstərdiyi istisna edilə bilməz. Yeri gəlmişkən, bu məsələdə əksər ekspertlərin fikri eynidir. Kreditlərin alınmasına müsbət yanaşanlar da, yanaşmayanlar da belə hesab edirlər ki, hökumətin xarici borclardan nə dərəcədə təyinatı üzrə və səmərəli istifadə etiyi şübhəlidir. İddia etməyə kifayət qədər əsas var ki, xarici kreditorların maliyyə dəstəyi ilə həyata keçirilən işlərin icrası bir çox hallarda bilərəkdən yubadılır və nəticədə əlavə maliyyələşməyə ehtiyac yaranır. Məsələn, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hələ 2006-cı ildə apardığı monitrinq nəticəsində bəlli olub ki, ölkə üzrə icrası nəzərdə tutulmuş 15 "yol layihəsi" üzrə işlər yubadılıb, nəticədə peşəkar beynəlxalq qurumların hazırladığı Texniki İqtisadi Əsaslandırma qiymətləri şübhəli şəkildə artırılıb və layihələr üzrə ümumilikdə 154 milyon dollar bahalaşma yaranıb. Bu layihələrin isə demək olar ki, hamısında xarici kreditorlardan alınan vəsaitin əhəmiyyətli payı var. Hökumət borcumuzu artırmağa hazırlaşır Azərbaycan hökuməti qarşıdakı illərdə investisiya layihələrinə yönələn vəsaitin həcmini daha da artırmaq niyyətindədir və bu vəsaitin bir hissəsini də xaricdən alınan kreditlər təşkil edəcək. Belə ki, 2008-11-ci illər üzrə dövlət investisiya proqramı layihəsi çərçivəsində 15.6 milyard manatın xərclənməsi nəzərdə tutulur. Onun 12.4 milyard manatını daxili imkanlar, 3.2 milyard manatını isə xaricdən alınan vəsait hesabına təmin edilməlidir. Bu isə o deməkdir ki, dövlət vətəndaşlarının xarici borcunu qarşıdakı illərdə bir az da artırmağa hazırlaşır. Özü də xəbərdarlıq etmədən və hesabat vermədən...