NHMT - Dünya Bankı Layihəsi üzrə Sosial Normaların Təhlili missiyası

Dünya Bankı Layihəsi üzrə Sosial Normaların Təhlili missiyası

Dünya Bankı Layihəsi üzrə Sosial Normaların Təhlili missiyası

(23-25 noyabr, 2011)

 

Dünya Bankının missiyası[1] 23-25 noyabr 2011-ci il tarixlərində sosial normaların təhlilini apardı və aşağıdakı tapşırıqları yerinə yetirdi: (a) 2011-ci ilin aprelində sonuncu nəzarət missiyası vaxtı müəyyənləşdirilmiş, torpaqların alınması ilə bağlı öz həllini tapmamış tədbirlərin icrasının vəziyyəti ilə tanış olmaq; (b) əmək müqaviləsi məsələləri ilə bağlı LİQ, tikintiyə nəzarət üzrə məsləhətçilər, podratçılar və işçilərlə məsləhətləşmələr aparmaq; (c) həll olunmamış normalar və əmək müqaviləsi məsələlərini müzakirə etmək məqsədilə Bank tərəfindən atılmış addımlarla bağlı məlumat vermək üçün NMHT-nin nümayəndələri ilə görüşmək; (d) torpaqların alınması ilə bağlı tədbirlərin icrası və əmək müqaviləsi məsələləri ilə əlaqədar birinci mənbədən məlumat əldə etmək məqsədilə Ələt-Masallı yoluna səfər etmək; (f) Üçüncü Magistral Yol Layihəsi üzrə sosial normalarla üzrə müxtəlif sənədlərin hazırlanması ilə bağlı əldə olunmuş irəliləyişi layihələndirmə üzrə məsləhətçilərlə müzakirə etmək. Missiyada əldə olunmuş nəticələrlə bağlı məlumat vermək və atılacaq növbəti addımları razılaşdırmaq məqsədilə LİQ-in Direktoru və işçiləri ilə 25 noyabr 2011-ci il tarixində yekun iclas keçirilmişdir.

 

İkinci Magistral Yol Layihəsi çərçivəsində torpaqların alınması ilə bağlı yerinə yetirilməmiş tədbirlərin vəziyyəti

 

Bu layihə çərçivəsində 659 hektar torpağın alınması nəzərdə tutulur. Bunlardan 276 hektar özəl ərazi, 133 hektar bələdiyyənin və 250 hektar isə dövlətə məxsusdur. Torpaqların alınması və kompensasiyaların ödənilməsi tamamlanıb. Yeganə istisna hal məhkəməyə müraciət olunmuş 3 işdir. Evlərindən köçürülmüş ailələrin sayı yalnız 5-dir və onların hər birinə kompensasiya ödənilib. Bundan əlavə, onların köçürülməsinə yardım göstərilib. Aşağıda torpaqların alınması ilə bağlı yerinə yetirilməmiş tədbirlərin xülasəsi göstərilir.

 

  1. Torpaqların əvəzlənməsi.  Layihə çərçivəsində təsirə məruz qalmış torpaq sahiblərindən səkkizi (8) torpaqlarının əvəzlənməsinə üstünlük verib. Onlardan 5-nin torpağı həyətyanı sahə, 3-nün torpağı isə kənd təsərrüfatı sahəsidir. Proses gözlənildiyindən daha uzun çəkir və artıq bir ildən çoxdur ki həll olunmayıb. Missiyaya məlumat verildi ki, proses aşağıdakı müxtəlif səbəblərə görə yubanır: (i) ilk dəfədir ki, belə əvəzlənmə aparılır və sənədlər gözlənildiyindən daha uzun çəkir; (ii) təsirə məruz qalmış şəxslərin bəziləri itirdikləri kənd təsərrüfatı sahəsi əvəzinə həyətyanı sahənin ayrılmasını istəyiblər ki, bu da vəziyyəti bir qədər də mürəkkəbləşdirib; (iii) torpaq kateqoriyalarının dəyişdirilməsi müəyyən prosesi tələb edir ki, bu da çox vaxt aparır; (iv) bu halda Kənd Təsərrüfatı Nazirliyinin təsdiqi tələb olunur (artıq təsdiq olunub). Missiyaya məlumat verildi ki, Nazirlər Kabineti prosesi tamamlamaq istəyir və sənədlər artıq tam hazırdır. Onların tezliklə təsdiq olunması gözlənilir. Nazirlər Kabineti təsdiq etdikdən sonra LİQ bir ay ərzində torpaqların benefisiarlara ötürülməsi prosesini tamamlayacaq.

 

Missiya torpaqlarının əvəzlənməsinə üstünlük vermiş, prosesin tamamlanmasında hədsiz yubanma ilə bağlı narazılığını ifadə edən benefisiarlardan ikisi ilə görüşmüşdür. Onlar qeyd etmişlər ki, əsasən aşağı səviyyədə kompensasiya qiymətlərinə görə torpaqlarının əvəzlənməsini istəyiblər, əks təqdirdə onlar nağd pul almağa üstünlük verərdilər. Missiyanın görüşdüyü benefisiarlardan biri pensioner, digəri isə tibb bacısı idi. Benefisiarlardan biri qeyd etmişdir ki, yol tamamlandıqdan sonra yerdə qalan kənd təsərrüfatı sahəsinə çıxışının itirilməsindən narahatdır və LİQ bu məsələni nəzərdə saxlamalıdır. Müzakirələr zamanı o, həm də münbitliyini itirmiş tam məhv olunmuş torpaqlar məsələsini də qaldırdı.

 

(b) Ağacların/yem bitkilərinin itkisinə görə kompensasiyanın ödənilməsi. Ağaclar və yem bitkilərinin itkisinə görə kompensasiyanın ödənilməsi ilə bağlı öz həllini tapmamış üç iş var. Hazırda bu şəxslərin şikayətlərinə baxılır. Təsirə məruz qalmış torpaq sahiblərindən birinin bank hesabına bir qədər əvvəl 3,231 AZN məbləğində kompensasiya köçürülmüşdür, lakin o, ödənilmiş məbləğdən məmnun olmadığı üçün vəsaiti götürmür. Missiya bu şəxslə görüşməyə cəhd göstərdi, ancaq onunla görüşmək mümkün olmadı. Ancaq o, daha sonra missiyanın üzvlərindən biri ilə danışıb və bildirib ki, kompensasiya məbləği ilə razı deyil. İkinci torpaq sahibinə gəldikdə isə, hazırda kompensasiya vəsaiti Maliyyə Nazirliyindədir və onun tezliklə köçürülməsi gözlənilir. Kompensasiyanın ödənilməsi ilə bağlı yubanma 31 dekabr 2011-ci ildən sonraya qalarsa, missiya tövsiyə edir ki, LİQ gecikdirilmiş müddət üçün faiz məbləğlərini də ödəsin. Yem bitkilərinin iktisinə görə kompensasiya tələb etmiş üçüncü şəxsin müraciəti hazırda yoxlanılır və bütün əlaqədar tərəflər tərəfindən imzalanmış akt torpaq sahibinə çatdırılıb. O, işlə bağlı məmnunluğunu bildirib və xahiş edib ki, vəsait tezliklə ona ödənilsin. Bu işə uyğun olaraq LİQ iddianı hazırlayacaq və kompensasiyanı müvafiq qaydada ödəyəcək. Missiya razı qaldı ki, bu torpaq sahibinin iktisinin bərpa olunması uğurlu nümunədir. 0,96 hektar itirilmiş ərazi üçün bu şəxs 2,076 AZN kompensasiya almışdır. O, bu vəsait hesabına inəklər almış və inəklərin balaları satılmış, nəticədə bir il ərzində kompensasiyadan 5 qat artıq vəsait qazanılmışdır. Bundan əlavə, torpaq sahibi həm də inəklərin südünün satışından əhəmiyyətli dərəcədə qazanc əldə edir.

 

 (c) Köçürülmüş ailələrə yardım. Tiknti müddətində icraçı qurum 2011-ci ilin iyun ayında Çuxanlı Kəndinin (km 44+600-45+900) yaxınlığında icazəsi olmayan 5 tikintinin köçürülməsi məsələsi ilə üzləşmişdir. Bu 5 aildən dördü nəhayət köçürülmüşdü. Beşinci ailənin köçürülməməsi üçün yolun oxunda müəyyən dəyişikliklər edilmişdir. Missiya bu köçürülmüş ailələrdən biri ilə görüşmüş və öyrənmişdir ki, LİQ bu ailələrə yardım göstərib. Missiya öyrənmişdir ki, təsirə məruz qalmış bütün bu ailələr itirdikləri tikililəri üçün kompensasiya almış. Onlardan biri həm də tikinti materialları ilə təmin olunmuşdur, çünki o, digərləri ilə müqayisədə yalnız kiçik kompensasiya almışdır. Bütün bu ailələr onlara yerli bələdiyyə tərəfindən ayrılmış ərazilərdə yolun yaxınlığında evlərini yenidən tikiblər. Missiyanın görüşdüyü şəxs qeyd etdi ki, yeni evləri nisbətən böyükdür və əvvəlki evlərlə müqayisədə daha keyfiyyətlidir. Təsirə məruz qalmış bütün insanlara yardım göstərildiyindən və onlar tam köçürüldüyündən bu məsələni bağlanmış hesab etmək olar.

 

(d) Əlavə təsirlər. Əraziyə edilən səfərlər zamanı layihə nəticəsində təsirə məruz qalmış şəxslərlə aparılmış müzakirələrdə aşkar olundu ki, torpaq sahibləri kənd təsərrüfatı sahələrinə olan çıxışlarını itirirlər və bəzi hallarda yerdə qalan torpaqlar becərmək üçün münbit deyil. LİQ qeyd etmişdir ki, yerli kənd camaatının kənd təsərrüfatı sahələrinə çıxışlarını itirmələri və suvarma imkanlarının olmaması ilə bağlı narahatlıqlarını nəzərə almaq məqsədilə onlardan gəlmiş təklif və şikayətlər nəticəsində layihənin icrası zamanı 3 əlavə yeraltı keçid və 27 su boruları quraşdırılmışdır. LİQ razılıq vermişdir ki, torpaq sahiblərinin əraziyə çıxışları ilə bağlı hər hansı problemini nəzərə alacaq, onların kənd təsərrüfatı sahələrinə və öz sahələri üçün suvarma suyuna çıxılşarını təmin etmək üçün müvafiq addımlar atacaq.

 

(e) Məhkəmə işləri. LİQ məlumat vermişdir ki, torpaqların itirilməsi ilə bağlı həllini tapmamış üç məhkəmə işindən ikisi Apelyasiya Məhkəməsinə ünvanlanıb, çünki bu şəxslər məhkəmənin verdiyi qərarlardan razı deyillər. Məhkəmə onların kompensiya məbləğlərinin artırılması ilə bağlı qərar qəbul etməyib. Üçüncü şəxs isə aşağı instansiyalı məhkəmənin qərarı ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət etməyib.

 

 (f) Az təminatlı ailələrə yardım və dəstək. Ən çox bu sahədə nəzərdə tutulmuş tədbirlərin icrası problem təşkil edir. Bu layihə üçün qəbul olunmuş köçürülmə siyasətinə uyğun olaraq, torpaq sahələrinin 20%-dən çoxunu itirmiş bütün aztəminatlı ailələr, başçısı qadın olan ailələr, dul qadınlara və s. podratçılar tərəfindən iş imkanları yarandıqda üstünlük verilməlidir. Həmçinin, magistral yol boyunca istirahət və xidmət sahələrinin salınması tamamlandıqda onlar daimi işlə təmin olunmalıdır. Bu günə olan təcrübə onu göstəri ki, onların podratçılar tərəfindən işə götürülməsi və layihədən sonrakı müddətdə məşğulluq məsələsini icra etmək çətin ola bilər, çünki bu şəxslərin malik olduqları bacarıqlar məhduddur və onların podratçılarla işləməyə maraqları azdır. Missiya tövsiyə edir ki, LİQ gələcəkdə həyata keçiriləcək layihələrdə aztəminatlı ailələrə yardım göstərməklə bağlı bu maddəyə bir daha baxsın, bu şəxslərin qazanclarına kömək etmək məqsədilə bu maddəni əlavə nağd pulla əvəz etməyi nəzərə alsın və gəlirlərin əldə olunmasına dəstək göstərsin. Missiyaya məlumat verildi ki, monitorinq üzrə yerli məsləhətçi aztəminatlı ailələrin əksəriyyəti ilə artıq əlaqə yaratmış, onların cari peşəsi, gəliri, podratçılarla işləyib-işləməmələri, öz güzəranlarını bərpa etmələri üçün layihə tərəfindən hər hansı dəstəyə ehtiyaclarının olub-olmadığını müəyyənləşdirmişdir. Razılığa gəlinmişdir ki, LİQ-in sosial normalar üzrə mütəxəssisi monitorinq üzrə yerli məsləhətçiyə hər bir aztəminatlı ailədən yuxarıdakı məlumatların və bununla bağlı digər məlumatların toplanılmasında kömək edəcək. Onlar daha sonra bu insanların güzəranlarını bərpa etmələrinə və ya podratçılarla işləmək marağında olanların işlə təmin olunmalarına kömək etməklə bağlı yardımçı olmaq məqsədilə müvafiq tədbirlər təklif edəcəklər. Belə sürətli sorğunun aparılmasının və ehtiyacı olan aztəminatlı ailələr üçün tədbirlərin təklif olunmasının 2012-ci ilin yanvar ayına kimi tamamlanması gözlənilir.

 

(g) Monitorinq üzrə Yerli Məsləhətçi. Missiyaya məlumat verildi ki, monitorinq üzrə məsləhətçinin hazırda müqaviləsi yoxdur. Missiya vurğuladı ki, müqavilə dərhal yenilənməlidir ki, o, aztəminatlı ailələr arasında sürətli sorğu apara bilsin və ərazidə bununla bağlı tapşırıqları nəzarətdə saxlaya bilsin.

 

Əmək müqaviləsi ilə bağlı məsələlər

Əmək müqaviləsi ilə bağlı məsələlərə dair müxtəlif qruplarla aparılmış müzakirələrin nəticələri aşağıdakı xülasədə öz əksini tapıb.

 

(a) Podratçılarla görüş. Həm ərazidə, həm də Bakıda podratçı ilə aparılan müzakirələrdə onlar iddia etdilər ki, fəhlələrə minimum əmək haqqından 2-3 dəfə artıq ödəyirlər. Bundan əlavə, onlar pulsuz yemək, istirahət otaqları, ödənişli məzuniyyət və s. kimi imkanları da təmin edirlər. Podratçı həftədə bir dəfə tibbi yardım göstərməsi üçün sahəyə Səlyan və Bakıdan həkim də dəvət edirlər. Onlar, həmçinin, qeyd etdilər ki, tələb olunarsa, Mühəndis tərəfindən hesab kitablarının yoxlanılmasına etiraz etmirlər. Podratçının sözlərinə görə, müqavilə 24 ay kimi nisbətən qısa müddət üçün nəzərdə tutulduğundan, uzunmüddətli müqavilələr bağlaya bilmirlər. Müzakirələrdə aşkar olundu ki, onlar adətən 2-3 ay müddətinə müqavilə bağlayırlar. Bu müqavilələr uzadılmır, çünki müqavilədə belə bir maddə öz əksini tapıb ki, ayın sonuna 6 gün qalmış hər hansı xəbərdarlıq verilməyibsə, belə fərz olunur ki, müqavilə avtomatik olaraq növbəti ay üçün yenilənir. (Qeyd etmək lazımdır ki, bu, heç də yaxşı təcrübə deyil.) Podratçı onu da qeyd etdi ki, onlar yerli işçilərlə müntəzəm qaydada görüşür, onlara hər hansı müvəqqəti təsirlə bağlı problemlərini dinlyirlər. Yerli işçilər tərəfindən hər hansı müvafiq təklif səslənərsə, onlar ehtiyac duyulduqda, müsbət nəzərə alınır. Kənd təsərrüfatı sahələrinə suvarma suyunu təmin etmək məqsədilə bir sıra su boruları quraşdırılmışdır. Todininin inzibati şöbəsi onu da qeyd etdi ki, iş olmadığından təxminən 200 işçi ilə müqavilə dayandırılıb. İşçilərə, həmçinin, ödənişli məzuniyyət də verilir. Altı ayını tamamlamış ixtisassız və ixtisaslı işçilər ildə müvafiq olaraq 21 və 30 gün ödənişli məzuniyyət imkanına malikdirlər. Podratçı onu da bildirdi ki, hər bir işçi üçün iş saatlarının sayı və onlara ödənilmiş əmək haqqı ilə bağlı məlumatlar sənədlərdə qeydiyyata alınır. Podratçı bir qədər əvvəl istilik sisteminin yaxşılaşdırılması, ərazidə salınmış otaqlarda yaşan işçilərin sayının altıdan dördə endirilməsi kimi müəyyən addımlar da atmışdır.

 

(b)  Ərazidə bir sıra işçilərlə keçirilən görüş. Missiya ərazidə işləyən bir sıra kişi və qadın işçilərlə görüşmüş, onların işdən məmnuniyyəti və digər məsələlərlə bağlı fikir mübadiləsi aparmışdır. İşçilərin verdikləri cavabların bəziləri aşağıdakı kimidir:

 

  1. İxtisassız işçilər vergilər ödənildikdən sonra ayda təxminən 90-110 AZN alırlar. Onların əmək haqları aydan aya fərqlənir, ancaq onlar ödənişlərdəki fərqlərin səbəblərini bilmirlər. İşçilər tərəfindən qeyd olunmuş əmək haqları podratçının minimum əmək haqqından 2-3 dəfə artırılması ilə bağlı fikirləri ilə üst-üstə düşmür;
  2. Hamı ayda ən azı növbə ilə bir dəfə bazar günü işləməlidir;
  3. Yaxın kəndlərdən, xüsusilə Səlyandan yerli işçiləri gətirmək və aparmaq üçün nəqliyyat təmin olunur;
  4. İşçilər tərəfindən nəzarətçilərə problemlər ifadə olunsa da, onlar bu məsələləri rəhbərlik qarşısında qaldırmayıblar.
  5. Podratçı müqaviləni yalnız bir dəfə imzalayır və müqavilələr yenilənmir. Onlardan bəziləri bilmirlər ki, müqavilənin dəqiq müddəti nə qədərdir;
  6. Kənardan gələn və ərazidə qalan işçilərin bəziləri qeyd etdilər ki, burada aldıqları əmək haqları eyni podratçı tərəfindən digər layihələrdə aldıqları vəsaitdən aşağıdır.
  7. Ümumilikdə, işçilər yer və iş şəraiti ilə bağlı məmnunluqlarını bildirdilər. Yeganə narazı olduqları məqam gözləntilərinə cavab verməyən əmək haqqıdır. İxtisassız işçilər ayda minimum 200 AZN istəyirlər.
  8. İşçilərin bəziləri qeyd etdilər ki, Mühəndisin yanında çalışan ixtisassız işçilər eyni işi görən, ancaq Podratçı ilə işləyən şəxslərdən daha çox alırlar;
  9. Ərazidəki otaqlarda qalan şəxslərin sayı 4-6 arasında dəyişir;
  10. Onlar qaldıqları otaqlar və pulsuz əldə etdikləri yeməkdən razıdırlar. Onlar kənarda qalmaqla əlavə pul amaqdansa bu varianta üstünlük verirlər.

 

(c) Nəzarət üzrə Məsləhətçilərlə görüş. Nəzarət üzrə məsləhətçilər görüşdə qeyd etdilər ki, onlar əmək müqaviləsi iə bağlı məsələlərə nəzarət etməkdən məsuldurlar. Onlar bu sahədə nəzarət funksiyalarını gücləndirməkdən məmnundurlar. Xüsusilə də nəzarət üzrə məsləhətçi təmin etməlidir ki, podratçı müqavilən maddələrinə riayət etsin (Bənd 6.2). Bu bəndə müvafiq olaraq, podratçı işin icra olunduğu ticarət sahəsi və ya sənaye üçün müəyyən olunmuş şərtlərə lazımi səviyyədə riayət etməli və əmək haqlarını təyin edilmiş həddə uyğun şəkildə ödəməlidir. Müqavilədə daha sonra göstərilir ki, hər hansı müəyyən olunmuş dərəcələr və ya şərtlər yoxdursa, o zaman podratçı ona oxşar olan ticarət və ya sənayedə iş yerləri tərəfindən yerli səviyyədə təmin olunan ümumi əmək haqqı səviyyələri və şərtlərindən aşağı olmayan səviyyədə maaş dərəcələrini və şərtləri təmin etməlidir. Müqavilədə, həmçinin, müəyyənləşdirilir ki, Podratçı öz işçilərinə imkan verməlidir ki, iş şəraiti və məşğulluğun şərtləri iə bağlı narazılığını bildirsin və hüquqlarını müdafiə etsin (Alt-bənd 6.23).

(d) Əmək Müfəttişliyinin nümayəndələri ilə görüş. Missiya, həmçinin, Bakıda Əmək Müfəttişliyinin işçiləri ilə görüşdü. Görüşün məqsədi əmək müqaviləsi ilə bağlı məsələləri və bununla bağlı məlumatları başa düşmək idi. Müzakirələr zamanı aşağıdakı məlumatlar əldə olundu:

 

  • İşverən və işçi arasında əmək müqaviləsinin olması 1999-cu ilin iyul ayından etibarən Azərbaycanda məcburidir və 43(1) maddəsi minimum öhdəliyi müəyyən edir.
  • Standart iş saatları həftədə 40 saat, gündə bir saatlıq nahar fasiləsi ilə 8 saatlıq iş rejimi mövcuddur. Həftədə ən azı bir gün istirahət nəzərdə tutulur.
  • Hər bir işçinin adekvat qaydada istirahət edə bilməsini təmin etmək məqsədilə əlavə iş saatlarına müəyyən məhdudiyyətlər qoyulur.
  • Podratçı hər bir işçiyə ödənilmiş əmək haqları və görülmüş iş üçün saatların sayını göstərən sənədləri saxlamalıdır;
  • Qısamüddətli müqavilələrdən yayınmaq lazımdır və bu müqavilələrin müddəti ehtiyacların həqiqi şəkildə qiymətləndirilməsinə və konkret iş tələblərinə əsaslanmalıdır;
  • Ən aşağı səviyyəli ixtisassız işçi üçün minimum əmək haqqı 85 AZN-dir. Hər bir növbəti kateqoriya minimum əmək haqları kimi 10-15% yüksək vəsait alır. Ancaq özəl sektorda orta aylıq əmək haqqı 350 AZN-dir və eyni iş üçün əmək haqqı və şərait baxımından xarici və yerli işçilər arasında ayrıseçkilik olmamalıdır.
  • Bir qayda olaraq, podratçı işin dayandırılması ilə bağlı səbəbləri göstərməlidir. İşçi işdən uzaqlaşdırıldıqda əvvəlcə xəbərdarlıq, sonra isə ciddi xəbərdarlıq edilməlidir.
  • İş yerlərində əməyin təhlükəsizliyi hər zaman təmin olunmalıdır.

 

Missiyanın nəticələri. Podratçılar və işçilərlə aparılmış müzakirələr və görüşlər nəticəsində missiya aşağıdakı qənaətə gəlmişdir və əmək müqaviləsinin şərtlərinin yaxşılaşdırılması üçün bunları tövsiyə edir:

 

  • İşçilər ümumilikdə iş mühiti və şəraitdən razıdır, ancaq aldıqları əmək haqları və iş vaxtından əlavə əmək imkanlarından məmnun deyillər;
  • İşçilərə onlara verilən aylıq əmək haqlarındakı fərqlərin səbəbləri aydın deyil;
  • Müqavilənin qısamüddətli olması və müqavilələrin avtomatik qaydada yenilənməsi əmək məcəlləsinin müddəaları ilə uzlaşmır;
  • İşçilər aldıqları az əmək haqlarından əlavə iş imkanlarını arzulayırlar, ancaq hazırda belə imkanlar mövcud deyil, çünki işlərin sürəti yavaş gedir və hava şəraiti buna imkan vermir;
  • Bir otaqda qalan işçilərin sayı dərhal 4 nəfərə azaldılmalıdır;
  • İşçiliərin narazılıqlarını və şikayətlərini bildirmələri üçün hər hansı müstəqil mexanizm mövcud deyil.

 

Missiyanın tövsiyələri. Yuxarıdakı nəticələrə uyğun olaraq Missiya iş şəraitini yaxşılaşdırmaq və işçilərin etibarlılıq səviyyəsini artırmaq məqsədilə LİQ-lə aşağıdakı tədbirlərin görülməsinə razılıq verdi.

 

  • Tikintiyə nəzarət mühəndisinin nümayəndəsi işçilərə verilən əmək haqları ödənişlərinə nəzarət edəcək ki, onlar sənədlərdə əks olunmuş həqiqi məbləğləri alsınlar və işçilərə onların əmək haqları və işdən kənar əmək imkanları üçün ödənişlər barəsində izahat verilsin. Mühəndis LİQ-ə təsdiq edəcək ki, əmək haqları sənədlərdə qeyd olunan məlumatlara uyğun ödənilib. Bu tədbir dərhal icra olunmalıdır.

 

  • LİQ tikintiyə nəzarət mühəndisindən tələb edəcək ki, müxtəlif iş növləri üzrə orta əmək haqları baxımından mövcud oxşar müqavilələr üçün təcrübələri araşdırsın və müxtəlif iş növləri üçün yeni bazis əmək haqqı strukturunu hazırlasın. İşdən kənar əmək, həftəlik istirahət günləri və digər əlaqəli şərtlərlə bağlı qaydalar da araşdırılmalıdır. Məşğulluğun müddəti üçün müqavilədə olan cari müddəa əmək məcəlləsi ilə uzlaşmır. Məcəlləyə görə, İşverəndən tələb olunur ki, işin ehtimal olunan müddətini qiymətləndirsin və müqavilələri buna uyğun olaraq icra etsin. Bu kontekstdə, missiya tövsiyə edir ki, Mühəndis müxtəlif iş növləri üçün ehtimal olunan müddəti qiymətləndirsin və müxtəlif işlər üçün minimum müqavilə müddətlərini tövsiyə etsin. Mühəndis, həmçinin, Sənaye və Əmək məcəlləsi təcrübəsi əsasında işçilər üçün təmin olunan əvəzedici və məmnunluq gətirən imkanların siyahısını hazırlasın və standartları müəyyənləşdirsin. Yeni standartlar və əmək haqqı strukturu hazırlandıqdan sonra bunları layihə çərçivəsində bütün müqavilələr üçün eyni şəkildə tətbiq etmək lazımdır. Bunlar geniş şəkildə yayılmalıdır ki, podratçı tərəfindən işçilər üçün nəzərdə tutulmuş hüqüq və imtiyazlarla bağlı maarifləndirmə işinin səviyyəsi artırılsın. Mühəndis müqavilənin yuxarıda qeyd olunan müddəaları ilə bağlı podratçının onlara riayət etməsinə xüsusi diqqət yetirməlidir (Bənd 6.2 və Alt-bənd 6.23).

 

  • LİQ təmin etməlidir ki, tikintiyə nəzarət mühəndisinin heyətindən Müstəqil Nümayəndə həftədə bir dəfə ərazilərdə müəyyən olunmuş konkret müddətlərdə işləsin. O, işçilərin narazılıqlarını və şikayətlərini dinləyəcək. Ərazinin müxtəlif yerlərində elanlar yerləşdirməklə bu şəxslərin əraziyə gələcəyini geniş şəkildə elan etmək lazımdır.

 

  • Tikintiyə nəzarət mühəndisi ayda və ya rübdə bir dəfə LİQ-ə hesabat verməlidir ki, hər bir müqavilə üzrə ayda neçə iş yeri açılıb. Buraya həm ixtisassız, həm də ixtisaslı işçilər, həm yerli (səhərlər işə gələn və axşamlar evinə qayıdan şəxslər) və kənardan gələn işçilər daxilidir. Bu rəqəmlər həm cari vəziyyətdə, həm də ümumi şəkildə hesabatda əks olunmalıdır. Bu hesabat LİQ-ə göndəriləcək. LİQ isə öz növbəsində gələcəkdə hazırlayacağı rüblük irəliləyiş hesabatlarının bir hissəsi kimi bunlardan yararlanacaq.

 

  • Missiya, həmçinin, tövsiyə edir ki, Mühəndisin nümayəndələri ayda bir dəfə yerli kənd camaatı ilə görüşlər keçirsin, müvəqqəti təsirlə bağlı onların narazılıqları və təkliflərini dinləsin.

 

NHMT (QHT) ilə görüş

Missiya Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ilə görüşərək ona torpaqların alınması və əmək müqaviləsi ilə bağlı məsələlərə dair görülmüş işlərlə əlaqədar məlumat verdi, bu məsələlərlə bağlı onun fikir və narahatlıqlarını dinlədi. NHMT ifadə edib ki, Bankın torpaqların alınması ilə bağlı məsələlərin monitorinqində rolunun təsirə məruz qalmış şəxslərə bu hüquqların verilməsində müsbət təsiri olub. QHT, həmçinin, torpaqların əvəz olunması və ağacların itirilməsinə görə kompensasiyanın ödənilməsi prosesinin izlənilməsinin əhəmiyyətini qeyd etdi. QHT-nin bildirdiyi məlumatların bəziləri aşağıdakı kimidir: (i) təsirə məruz qalmış şəxslər torpaqların əvəzlənməsi prosesinin 2011-ci ilin dekabrına kimi tamamlanmasından məmnun olacaqlar; (ii) onlar, həmçinin, razı olacaqlar ki, yem bitkilərinin itirilməsi ilə bağlı məsələ mümkün olduğu qədər tez həll olunsun və kompensasiya ödənilsin. Onlar təklif etmişdirlər ki, LİQ ağaclarını itirmiş şəxslərə kompensasiya məbləğlərinin hansı metodologiyaya əsasən hesablandığı barədə yazılı məlumat verilsin. Həmin şəxslər ağacların itkisi ilə bağlı müəyyən olunmuş kompensasiyadan narazı olsalar, onda yüksək instansiyalı qurumlara müraciət edə bilərlər.

Əmək müqaviləsi ilə bağlı məsələlərə gəldikdə, QHT-ni əsas narahat edən məqamlar aşağıdakılardır: (i) fəhlələrə ədalətli əmək haqlarının ödənilməsi. Onların fikrincə, sadə ixtisassız işlər, mürəkkəb ixtisassız işlər və ixtisaslı işlər üçün aylıq əmək haqlarının müvafiq olaraq 250 AZN, 300 AZN və 500 AZN olması ədalətlidir; (ii) müqavilənin müddəti hər bir iş kateqoriyası üçün tələb olunan müddətin qiymətləndirilməsi əsasında aparılmalıdır; (iii) işçiləri iş saatlarından artıq, həftə sonlarında və bayramlarda işlətməklə istismar etmək hallarından yayınmaq lazımdır; (iv) eyni işlər üçün yerli və xarici işçilər üçün təmin olunmuş əmək haqları və şərait arasındakı fərqləri minimuma endirmək; (v) podratçılar onların səhvləri və ya davranışları ilə bağlı şikayət etmiş şəxslərə qarşı aqressiv siyasət və kinli davranışdan yayınmalıdır. Ümumilikdə, NHMT-nin nümayəndəsi Bankın monitorinq rolu ilə bağlı məmnunluğunu bildirdi və düşüncələri ilə bölüşdülər ki, Bankın dəstəyi  ilə təsirə məruz qalmış şəxslərin bəziləri torpaqların alınması zamanı yardım əldə edə bilmişlər. O, ümid etdi ki, köçürülmə və əmək müqaviləsi ilə bağlı yerinə yetirilməmiş məsələlər mümkün olduğu qədər qənəatbəxş qaydada həll olunacaq. QHT, həmçinin, Banka və LİQ-ə bu məsələlərlə məşğul olmaqda məsləhət və təkliflər verə biləcək, müqavilə və məşğulluq məsələləri ilə bağlı ixtisaslaşmış Hüquqşünasın xidmətlərindən yararlanmağı təklif etdi.

 

Üçüncü Magistral Yol Layihəsi çərçivəsində sosial normalarla bağlı sənədlərin hazırlanması ilə bağlı vəziyyət

Missiya torpaqların alınması və köçürülmənin təsirlərini başa düşmək üçün layihələndirmə üzrə məsləhətçilərlə müzakirələr apardı və normalarla bağlı müxtəlif sənədlərin hazırlanması üçün vaxt cədvəlinin tərtib olunmasını təklif etdi. Layihə üç hissəyə bölünür. 1-ci hissənin (45-66.3 Km) heç bir özəl torpaq alınmadan çox minimal təsirə malik olunması gözlənilir. Gözlənilir ki, 10-15 kiçik biznesə təsir dəyəcək və otlaq ərazilərin itkisi baş verəcək. 2-ci hissədə (66-89 Km) torpaqların alınması ilə bağlı əhəmiyyətli dərəcədə təsir gözlənilir, çünki özəl, bələdiyyə və dövlət torpaqlarının alınmasına ehtiyac var. Mərəzə və Nərimankənd üçün dairəvi yol oxu da müəyyənləşdirilməlidir. 3-cü hissədə (89-117 Km) təhkim zonası (yalnız 10-15 metr) bəzi yerlərdə çox dardır. Bu da o deməkdir ki, potensial olaraq böyük ölçüdə torpaqlar alına bilər. Bundan əlavə, Şamaxı dairəvi yolunun layihəyə daxil olunması ilə bağlı qərar da hələ Hökumət tərəfindən qəbul olunmalıdır. Missiya aydınlaşdırdı ki, Şamaxı dairəvi yolu kimi əlaqəli hər hansı iş Hökumət tərəfindən layihənin vəsaitindən kənar icra olunduğu təqdirdə, bu işlər Bankın dəstək göstərdiyi layihə ilə birbaşa və ya əhəmiyyətli dərəcədə əlaqəli olarsa və ya layihənin sənədlərində irəli sürülmüş məqsədlərə nail olmaq üçün bu işlərin görülməsi zəruridirsə və bu işlər Bankın layihəsi ilə eyni vaxtda icra olunursa, torpaqların alınması və köçürülmə ilə bağlı eyni standartlar olmalıdır. Missiya, həmçinin, məsləhət gördü ki, torpaqların alınması və köçürülmənin icrası tikinti işləri ilə koordinasiya olunaraq planlaşdırılmalıdır. İdeal vəziyyətdə müvafiq tikinti işləri üçün TÜS-lər verilməzdən əvvəl KTP hazır olmalı, təsirə məruz qalmış şəxslərlə müqavilə imzalanmazdan əvvəl kompensasiya və yardım təmin olunmalıdır.

 

1-ci hissədəki kiçik təsiri nəzərə alaraq missiya məsləhətçilərə məsləhət gördü ki, Bankın Qeyri-könüllü Köçürülmə ilə bağlı ƏS-ində mövcud olan mündəricata uyğun olaraq qısa KTP hazırlasınlar. Məsləhətçilər təsirin qiymətləndirilməsi, hamını əhatə edən sorğu/sosial-iqtisadi sorğuların aparılması, məsləhətləşmələr və müxtəlif hissələr üçün KTP-nin layihə variantının hazırlanması ilə bağlı qrafiki bölüşdürdülər. LİQ bu qrafikin monitorinqini yaxından aparmalıdır. Həmçinin aydınlaşdırıldı ki, onlar Torpaqların alınması ilə bağlı yeni qanunun maddələri və Dünya Bankının qeyri-könüllü köçürülməyə dairə əməliyyat siyasəti əsasında təsirə məruz qalmış qrupların müxtəlif növləri üçün hüquqların verilməsi üzrə cədvəl hazırlamalıdırlar.

 

Növbəti addımlar

Missiya LİQ-lə aşağıdakı fəaliyyət planını müzakirə etdi və razılaşdırdı.  

 

  No

Fəaliyyət

Öhdəlik

Qeydlər

İkinci Magistral Yol Layihəsi

1

Monitorinq üzrə yerli məsləhətçi ilə müqavilənin müddətini uzatmaq

LİQ

 

2

Mühəndisin nümayəndəsini əmək haqlarının ödənilməsi tarixində ərazidə olması ilə bağlı məlumatlandırmaq.

LİQ

Əmək haqlarının kafi qaydada ödənilməsi ilə bağlı LİQ-ə təsdiq olunacaq

3

Mühəndisin heyətindən şikayətlərin baxılması üzrə nümayəndənin namizədliyini irəli sürmək və yerlərdə işçilərin şikayət və narazılıqları ilə maraqlanmaları üçün elanlar yerləşdirmək.

LİQ

 

4

Məsələsi həll olunmamış 2 torpaq sahibinə ağac/yem bitkisinin itkisi ilə bağlı kompensasiyanın ödənilməsi.

LİQ /AYS

Kompensasiya dərəcələrinin əldə olunmasında istifadə olunmuş metodologiya və meyarlarla bağlı təsirə məruz qalmış şəxsləri məlumatlandırmaq

5

Torpaqların əvəzlənməsi prosesinin tamamlanması

LİQ /AYS

 

6

Əmək müqaviləsi, məşğulluq rəqəmləri ilə bağlı hesabata başlamaq

Mühəndis

2011-ci ilin noyabrı üçün hesabat bu tarixə kimi təqdim olunmalıdır.

7

Əmək müqaviləsi ilə bağlı standartları yekunlaşdırmaq

LİQ/Mühəndis

Bunlar bütün müqavilələr üzrə 31 yanvar 2012-ci ilə kimi qəbul olunmalıdır

8

Aztəminatlı ailələrə yardım üzrə tədbirlər planını hazırlamaq

LİQ

Sürətli sorğu 15 yanvar 2012-ci ilə kimi tamamlanmalıdır.

9

Yolun yanında yerləşən torpaq sahibləri ilə birlikdə kənd təsərrüfatı ərazilərinə çıxışın ehtimal olunan itkisini nəzərdən keçirmək və onlarla birgə bu problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlamaq.

LİQ/Mühəndis/Podratçı

Hesabat və Planı Bankla bölüşmək

Üçüncü Magistral Yol Layihəsi

1

1-ci hissə üçün qısaldılmış KTP-nin layihə variantını təqdim etmək

Məsləhətçi

LİQ və DB tərəfindən nəzərdən keçiriləcək

2

2-ci və 3-cü hissələr üçün Torpaqların alınması və Köçürülmənin Təsirləri ilə bağlı vəziyyətin qiymətləndirilməsi və maraqlı tərəflərlərlə məsləhətləşmələrin aparılması

Məsləhətçi

 

3

2-ci və 3-cü hissələr üçün hamını əhatə edən sorğunun nəticələri

Məsləhətçi

 

4

2-ci və 3-cü hissələr üçün KTP-nin layihə variantı

Məsləhətçi

LİQ və DB tərəfindən nəzərdən keçiriləcək

 


[1] Missiyanın üzvləri I U B Reddy (Sosial İnkişaf üzrə Mütəxəssis - SASSD) və Sadiq Əliyev (Əməliyyatlar  üzə Analitik - ECSS5) idi.