NHMT - Yerli səviyyədə Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılma vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ictinmai-siyasi fəallar və sadə vətəndaşlar arasında keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Yerli səviyyədə Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılma vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ictinmai-siyasi fəallar və sadə vətəndaşlar arasında keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Yerli səviyyədə Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılma vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ictinmai-siyasi fəallar və sadə vətəndaşlar arasında keçirilmiş sorğunun nəticələrinə dair hesabat

 

Sorğunun məqsədi, əhatə dairəsi və respondentlərin tərkibi

 

Sorğunun məqsədi regionlarda yaşayan insanların, həmçinin yerlərdə fəaliyyət göstərən ictimai və siyasi qurumların təmsilçilərinin aşağıda qeyd olunan 3 mühüm məsələyə münasibətini aydınlaşdırmaq idi:

 

  1. Mərkəzdən kənarda, bilavasitə yerli hökumətin idarəçiliyi altında olan əyalətlərdə insanlar Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılması barədə nə dərəcədə məlumatlıdırlar;
  2. Bu təşəbbüslərin reallaşdırılmas insanların həyatına hansı səviyyədə töhfə verir: proqramın reallaşdırılması insanların dövlət orqanlarının fəaliyyəti barədə məlumat almaq imkanlarını artırıbmı, yerli problemlərin həllində vətəndaşların səsi eşidilirmi və s.;
  3. Vətəndaşlar və yerli ictimai-siyasi institutlar Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılmasında nə dərəcədə fəal iştirak edirlər və ya onlar bu prosesə cəlb olunurlarmı.

 

Sorğu paralel olaraq 2 qrup arasında keçirilib:

 

  1. Heç bir ictimai-siyasi qurumda təmsil olunmayan sakinlər;
  2. Yerlərdə fəaliyyət göstərən müstəqil ictimai təşkilatların və siyasi  partiyaların təmsilçiləri.

 

İctimai təşkilatlar və siyasi  partiyalar arasında sorğunun ayrıca olaraq aparılması 2 səbəbdən baş verib:

 

  1. Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılmasında sadə vətəndaşlar əsasən bu təşəbbüslərdən bəhrələnən tərəfdir, yəni onların bu proses barədə tam məlumatlı olmaması ehtimalı yüksə idi;
  2. Sadə insanlardan fərqli olaraq ictimai təşkilatlar və siyasi  partiyalar həm də Açıq Hökumət Təşəbbüslərinin reallaşdırılmasının əsas oyunçularından biri kimi nəzərdə tutulur: məhz bu qurumlar Açıq Hökumət Təşəbbüslərinin həyata keçirilməsinə ictmai nəzarətin təşkilinə, vətəndaşların proseslə bağlı doğru məlumatlandırılmasına və maarifləndirilməsinə məsuliyyət daşıyır.               

 

Sorğuda ümumilikdə 200 nəfər, o cümlədən 40 ictimai-siyasi fəal, 160 nəfər sakin iştirak edib. Respondentlər ölkənin 4 rayon və şəhərini təmsil ediblər Salyan, Neftçala, Lənkəran rayonları və Şirvan şəhəri. Şirvan şəhəri tək inzibati-ərazi vahidi olduğundan bütün respondentlər şəhəri təmsil edib. Rayonlar isə müxtəlif kənd və qəsəbələrdən təşkil olunduğu üçün sorğuya rayon mərkəzlərilə yanaşyı müxtəlif kənd və qəsəbələrin də sakinləri cəlb edilib. Hər 3 rayonda əhali- respondentlərin yarısı (hər rayon üzrə 20 nəfər) rayon mərkəzindən, yerdə qalanı isə kəndlərdən seçilib. Hər rayondan 3 kəndin əhalisi sorğuya cəlb edilib. Kəndlərin seçimi üçün əsas meyar ərazilərin rayon mərkəzindən uzaqlığı olub. Belə ki, sorğu məqsədləri üçün rayon mərkəzindən ən yaxın məsafədə 1, ən uzaq məsafədə 1 və orta uzaqlıqda yerləşən 1 kənd müəyyələşdirilib.   

Beləliklə, sorğuda 4 rayon (şəhər) üzrə 13 inzibati ərazi vahidi, o cümlədən 9 kənd və 4 şəhər (Şirvan, Lənkəran, Salyan və Neftçala şəhərləri) iştirak edib. Sorğuya bütün ərazilər üzrə eyni sayda (hər bir ərazi üzərə 50 nəfər) respondent cəlb edilib.

 

Əhali arasında keçirilən sorğunun nəticələri

 

1) “Yerli dövlət idarəçiliyində ictimai iştirakçılıq” istiqaməti üzrə suallar

 

Milli Fəaliyyət Planında (MFP) ictimai iştirakçılığın təmin olunması məqsədilə nəzərdə tutulan fəaliyyətlərdən biri kimi yerli hakimiyyət orqanlarının sakinlərlə görüşlərin, “Açıq qapı” və ya “Açıq mikrafon” vətəndaş forumlarının təşkili nəzərdə tutulur. Odur ki, sakinlər arasında keçirilən sorğuda ilkin olaraq MFP-nin icraya başladığı son il yarımda belə görüşlərin keçirilib-keçirilmədiyi aydınlaşdırılıb. Respontentlərin 86 nəfəri və  ya 53,7%-i bildirib ki, bu tip görüşlər ümumiyyətlə keçirilmir. Sorğu iştirakçılarının 34 nəfəri və ya 21.3 %-i belə görüşlər barədə məlumatsız olduqlarını qeyd ediblər. Respondentlərin cəmi 40 nəfəri və ya 25%-i yerli hakimiyyət orqanlarının son 1 ildə əhalilə keçirilən açıq görüşlər barədə məlumatlı olduqlarını söyləyiblər.

 

 

Sual: Son 1 ildə yerli hakimiyyət orqanlarını təmsil edən rəsmi şəxslərin iştirakı ilə yaşadığınız ərazidə hər hansı ictimai görüş və ya toplantı təşkil olunubmu?

 

Yerli hakimiyyət orqanlarının əhalilə görüşləri barədə məlumatlı olduqlarını təsdiqləyən respondentlərdən həmin görüşlərin nə dərəcədə intensiv keçirildiyi soruşulub. Onların 22 nəfəri və ya 55%-i belə görüşlərin son 1 ildə cəmi bir dəfə, 18 nəfəri (45%) isə bir neçı dəfə təşkil edildiyini vurğulayıb.

 

Bəs bu tip görüşlərin əhalinin yaşyışına və ərazinin problemlərinin həllinə hər hansı töhfəsi olurmu? Bununla bağlı sakinlərə ünvanlanan suala yerli hakimiyyət orqanlarının əhalilə görüşləri barədə məlumatlı olduğunu söyləyən 40 nəfər respondentdən 21 nəfəri və ya 52.5%-i “xeyr” cavabı verib. Yerli dövlət qurumları ilə görüşlərdən real faydaların olduğunu təsdiqləyən respondentlər əsas töhfələr kimi aşağıdakıları qey ediblər:

 

  • Ərazinin içməli su problemi həll edilib – 1 nəfər qeyd edib;
  • Ərazinin yol problemi həll edilib – 8 nəfər qeyd edib;
  • Yoxsul ailələrin sosial-məişət problemlərinin həllinə, sosial yardım hüququnun reallaşdırılmasına yardım edilib – 8 nəfər qeyd edib;
  • Pozulmuş hüquqlarınız bərpa olunub – 2 nəfər qey edib.

 

MFP-da dövlət idarəetməsində ictimai iştirakçılığın təmin olunmasının əsas mexanizmlərindən biri kimi bu qurumların nəzdində ictimai şuraların yaradılması nəzərdə tutulur. Odur ki, sorğuda içtirakçılara ünvanlanan növbəti sual onların belə şuralar barədə nə dərəcədə məlumatlı olması ilə əlaqədar olub. Respondentlərin cəmi 6 nəfəri və ya 3.7%-i ictimai şuralar haqda eşitdiyini söyləyib. Sorğuya cəlb olunanların 154 nəfər və ya 96.3%-i adıçəkilən qurumlar haqda heç nə eşitmədiklərini qeyd ediblər. 

 

 

Sual: Yerli hakimiyyət orqanlarının nəzdində təşkil olunan ictimai şuraların fəaliyyəti barədə məlumatınız varmı?

 

Nəhayət, MFP-da əhalinin idarəetmədə iştirakçılığının formalarından biri kimi internet resursları vasitəsilə sakinlərin rəy, təklif və şikayətlərin toplanması, qərar qəbulunda insanların səsinin eşidilməsidir. Sorğuda sakinlərə ünvanlanan növbəti sual insanların dövlət qurumları ilə elektron ünsiyyət imkanlarının real vəziyyətilə bağlı olub.

 

Sual: Siz öz rəy və təkliflərinizi, maraqlandığınız sualları internet vasitəsilə dövlət orqanlarına göndərirsinizmi?

Bua suala verilən cavablardan aydın olub ki, respondentlərin 124 nəfəri və ya 77.5%-i dövlət orqanlarına öz rəy və təkliflərini internet vasitəsilə göndərmir və buna maraq göstərmirlər.  Sorğuya cəlb olunanların 12 nəfəri (7.5%) bildirib ki, onlarda bu istək olub, amma ehtiyac duyduqları dövlət qurumlarının elektron ünvanı olmayıb. Respondentlərin cəmi 24 nəfəri (15%) dövlət orqanlarının elektron ünvanına məktublar göndərdiklərini qeyd ediblər. Öz növbəsində, elektron ünsiyyət imkanından yararlanan sakinlərin cəmi 10 nəfəri və ya 41.7%-i bildirib ki, dövlət qurumları onların yazdıqları elektron məktublara reaksiya verib cavablandırıblar.

 

2) “Yerli səviyyədə informasiyalara əlçatanlıq” istiqaməti üzrə suallar

 

Milli Fəaliyyət Planında (MFP) əhalinin ictimai informasiayalara əlçatanlığının yüksəldilməsi istiqamətlərindən biri kimi dövlət qurumlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin və ya məlumat kitabçalarının hazırlanaraq əhali arasında yayılmasıdır. MFP-nın icraya başladığı dövrdən indiyədək bu fəaliyyətin həyata keçirilib-keçerilməməsinə sakinlərin münasibəti öyrənilib.

 

 

Sual: Yerli dövlət orqanları sizə öz fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilər və ya kitabçalar paylayıbmı?

Respondentlərin 156 nəfəri və ya 97.5%-i bildirib ki, indiyədək dövlət orqanlarının təcrübəsində öz fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin, yaxud maarifləndirici materialların hazırlanıb paylanmasına rast gəlinməyib.   

 

İctimai-siyasi fəallar arasında keçirilən sorğunun nəticələri

Regionlarda fəaliyyət göstərən ictimai təşkilatların və siyasi partiyaların təmsilçilərindən 2 istiqamətədə rəy öyrənilb:

1) MFP çərçivəsində yerli dövlət orqanlarının hesabatlılığını artırmaq sahəsində hansı addımlar atılıb;

2) vətəndaş cəmiyyətinin yerli idarəetmədə iştirakçılığının genişlənsirilməsi üçün nəzərdə tutulan fəaliyyətlər gerçəkləşdirilirmi.

 

Respondentlərin 18 nəfəri və ya 45%-i qeyd edib ki, yerli  dövlət orqanların öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırır. Sorguda iştirak edən 40 nəfərdən 22 nəfəri isə hakimiyyət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat vermədiyini, yaxud özlərinin bu barədə məlumatsız olduqlarını bildiriblər.         

 

 

Sual: Yerli dövlət orqanların öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırırmı?

Yerli dövlət qurumlarının daimi əhalini məlumatlandırdığını qeyd edən sorğu iştirakçıları məlumatların ictimaiyyətə əsasən aşağıdakı formada çatdırıldığını bildiriblər:

 

  • Əhali ilə açıq görüşlər vasitəsilə - 6 respondent qeyd edib
  • Yerli mətbuat vasitəsilə - 9 respondent qeyd edib
  • Öz fəaliyyətlərinə dair yazılı hesabatlar vasitəsilə - 3 respondent qeyd edib

 

İctimai-siyasi fəallara ünvanlanan növbəti sual yerli dövlət qurumlarının öz fəaliyyətlrinə dair müfəssəl hesabatlar hazırlayıb-hazırlamaması ilə bağlı olub. Rəyi soruşulanların 29 nəfəri (72.5%) belə hesabatların hazırlandığını, 11 nəfəri (27.5%) isə ətraflı hesabatların hazırlanmadığını və ya özlərinin bu barədə məlumatsız olduqlarını qeyd ediblər. Bəs hazırlanan hesabatlar və məruzələr ictimaiyyət üçün açıqdırmı? Belə hesabatların hazırlandlğını təsdiqləyən respondentlərin hamısı vurğulayıb ki, həmin sənədlərlə müntəzəm tanış ola bilirlər. Sorğunun növbəti sualı yerli dövlət qurumlarının hansı mənbələrdən əldə edilməsinin mümkünlüyü ilə bağlı olub.

 

 

Sual: Yerli dövlət orqanlarının fəaliyyətinə dair hazırlanan illik məruzələrlə hansı mənbədən tanış ola bilirsiniz?

MFP-da idarəetmədə iştirakçılığın təmin olunması formalarından biri kimi dövlət hakimiyyət orqanlarının nəzdində ictimai-siyasi təşkilatların təmsilçiliyi əsasında ictimai şuraların yaradılmasıdır. Lakin sorğu zamanı yerlərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının və siyasi partiyaların nümayəndələrindən 10 nəfəri və ya sorğuya cəlb olunanların 25%-i bildirib ki, belə şuralar haqda yerli qəzetlərdə məlumatlara rast gəlsələr də, onların heç birinə ictimai şuralarda təmsil olunmaq üçün təklif gəlməyib. Respondentlər hətta tanıdıqları şəxslərdən kimlərinsə həmin şuralarda təmsil olunmasını xatırlamadıqlarını qeyd ediblər.

Sadə vətəndaşlardan fəqli olaraq ictimai-siyasi fəalların yerli dövlət qurumları ilə ünsiyyətdə internet imkanlarından nə dərəcədə aktiv istifadə etməsi də diqqətçəkən məqamlardan biridir. Bununla bağlı suala respondentlərin 14 nəfəri (35%) müsbət cavab verib.

 

 

Sual: Siz öz rəy və təkliflərinizi, maraqlandığınız sualları internet vasitəsilə dövlət orqanlarına göndərirsinizmi?

Cavab variantlarından göründüyü ki, respondentlərin 21 nəfəri və ya 52.5%-i dövlət qurumlarına öz rəy və təkliflərini internet vasitəsilə göndərmədikərini, 5 nəfəri (12.5%) isə bu imkandan yararlanmaq istədiklərini, lakin əlaqə qurmaq istədikləri orqanların elektron ünvünları olmadıqlarını qeyd ediblər.

Lakin dövlət orqanlarına elektron məktublar ünvanladıqlarını bildirən sorğu iştirakçılarından yalnız yarısı (7 nəfəri) bildirib ki, yerli dövlət hakimiyyət orqanları onların məktublarını cavablandırıblar

 

Sorğudan əldə olunan nəticələr

  1. MFP-da nəzərdə tutulan ictimai görüşlər keçirilir. Çünki sorğuya cəlb olunan sakinlərin ən azı 25%-i, ictimai-siyasi fəalların isə 45%-i belə görüşlərin keçirildiyini təsdiqləyir. Lakin rəyi soruşulanların əksəriyyətinin ictimaiyyətlə görüşlrərdən məlumatsız olması onu deməyə əsas verir ki, görüşlərin təşklili səmərəli qurulmur, xüsusilə insanların bu barədə məlumatlandırılması işi effektiv qurulmur   
  2. Dövlət qurumlarının vətəndaşlarla görüşlərin məqsədi və ondan əldə olunacaq fayda öncədən müəyyən olunmur. Yerli hakimiyyət qurumlarının ictimaiətlə intensiv görüşlər keçirdiyini qeydə edən sakinlərdən az bir hissəsi belə görüşlərin hansısa problemlərin həllinə töhfə verdiyini qeyd edib

 

  1. MFP-da nəzərdə tutulmasına baxmayaraq, yerli hakimiyyət orqanlarının nəzdində ictimai şuraların yaradılması təmin olunmayıb. Belə ki, sorğuya cəlb olunan sakinlərdən və ictimai-siyasi fəallardan 92%-i belə şuralar haqda heç nə eşitmədiklərini, cəm 18 nəfər isə yerli qəzetlərdə hansısa məlumatlara rast gəldiklərini qeyd ediblər. Lakin hətta ictimai şuralar haqda məlumat eşitdiklərini bildirən respondentlər bildirib ki, nə onlar özləri həmin şuralara dəvət edilb, nə də tanıdıqları hər hansı şəxsin ictimai şuralarda təmsil olunmasına dair məlumatı var.
  2. Dövlət qurumlarının internet resursları vasitəsilə əhalinin rəy və təkliflərini qəbul etməsi sahəsində fəaliyyəti olduqca zəifdir. Sorğuya cəlb olunan respondentlərin cəmi 38 nəfəri və ya 19%-i dövlət qurumlarının elektron ünvanlarına məktub göndərdiklərini qeyd ediblər.    
  3. Dövlət qurumları onların elektron ünvanlarına daxil olan məktublara fəal reaksiya nümayiş etdirmir. Sorğunun nəticələri göstərir ki, elektron ünvana rəy və təkliflərini göndərən 38 nəfərdən cəmi 17 nəfəri və ya 44.5%-i bildirib ki, onların məktublarına cavablar göndərilib.
  4. Yerli dövlət qurumlarından rayon (şəhər) icra hakimiyyətlərindən başqa heç bir yerli idarəetmə orqanının elektron ünvanlı yoxdur. Sorğuda iştirak edənlərdən 17 nəfəri qeyd edib ki, bu imkandan yararlanmaq istəsələr də əlaqə qurmaq istədikləri orqanların elektron ünvünları olmayıb. Bu sırada əhalinin sosial müdafiə mərkəzləri, kənd təsərrüfatı idarələri kikmi müxtəlif qurumların adı qeyd olunub.
  5. MFP-da əhalinin ictimai informasiayalara əlçatanlığının yüksəldilməsi istiqamətlərindən biri kimi nəzərdə tutulan əsas fəaliyyətlərdə biri - dövlət qurumlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dair bələdçilərin və ya məlumat kitabçalarının hazırlanaraq əhali arasında yayılması təmin edilməyib
  6. Yerli dövlət qurumlarının internet resursları vasitəsilə yayılması təcrübəsindən geniş istifadə edilmir. Sorğuda iştirak edən ictimai-siyasi fəallardan cəmi 4 nəfəri belə hesabatların internet vasitəsilə yayıldığını bildirib.