NHMT - Azərbaycanın Həmkarlar İttifaqı Təşkilatları: Normativ hüquqi aktlar və reallıqlar

Azərbaycanın Həmkarlar İttifaqı Təşkilatları: Normativ hüquqi aktlar və reallıqlar

Azərbaycanın Həmkarlar İttifaqı Təşkilatları:


Normativ hüquqi aktlar və reallıqlar

 

Bakı, Dekabr 2016

 

 

Mündəricat

 

1. Ön söz

2. Həmkarlar ittifaqlarında birləşmək hüququ

3. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

4. Həmkarlar ittifaqları müstəqildirmi?

5. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

5.1. Üzvlük və üzvlük haqqı

5.2. Həmkarlar İttifaqları öz üzvlərini müdafiə edirmi?

6. Nəticə

7. Son söz

8. İstinad olunan mənbələr

 

 

1. Ön söz

 

Bu yazıda qeyd olunan problemlər, şərhlər, rəylər, iradlar və nəticələr uzun illər Azərbaycanın neft sektorunda insan hüquqlarını müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin (NHMT İB, nhmt-az.org) illik hesabatları, təşkilata daxil olan ərizə və şikayətlərin araşdırılması, məhkəmə prosesləri, təşkilat üzvlərinin verdiyi informasiya, ölkədə reallaşdırılan neft layihələrində iştirak edən xarici şirkətlərin, ölkənin əmək qanunvericiliyinin icrası ilə əlaqədar NHMT tərəfindən aparılan monitorinq və qiymətləndirmələr, KİV-də getmiş məlumatlar və s. əsasında hazırlanmışdır. Məqsəd, ölkədə fəaliyyət göstərən Həmkarlar Təşkilatlarının fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, müvafiq dövlət qurumlarının, işəgötürənlərin, işçilərin, beynəlxalq təşkilatın diqqətini bu problemin həllinə yönəltməkdir.
Təcrübə göstərir ki, Azərbaycanda fəaliyyət göstərən Həmkarlar Təşkilatları müstəqil deyil, İşəgötürənin nəzarətində olan və işçilərin hüquqlarını məhdudlaşdıran bir qurumdur. Məhz buna görə də ölkədə fəaliyyət göstərən bir çox şirkətlərdə həmkarlar təşkilatı yoxdur və işçilər belə həmkarlar təşkilatlarını yaratmağı da arzulamırlar.

 


Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 309. Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət:


1. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.


2. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir.


Lakin Azərbaycanda yaradılan və fəaliyyət göstərən Həmkarlar İttifaqı Təşkilatları (HİT) müstəqil fəaliyyət göstərə bilmirlər, işəgötürənin qeyri rəsmi strukturuna çevriliblər.

 


2. Həmkarlar ittifaqlarında birləşmək hüququ


Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikası Qanunu. Maddə 3. İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.


90-cı illərin əvvəllərində ölkədə mövcud ənənəvi həmkarlar ittifaqlarına alternativ olan bir neçə azad həmkarlar ittifaqları formalaşsa da, onların fəaliyyəti uzunömürlü olmamışdır. 1992-ci ilin 10 noyabr tarixində Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqı, 1993-cü ilin 5-6 fevral tarixində isə Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) bazasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) təsis olunmuşdur. Yalnız Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqı 1992-1996-cı illər ərzində fəaliyyət göstərməyə müvəffəq olmuş və təzyiqlərə davam gətirə bilmişdir. Sonradan Transmilli Korporasiyalar, Dövlət Neft Şirkəti və müəyyən hakimiyyət dairələrinin birgə səyləri və şəksiz ki, təşkilatın özünün də ciddi səhvləri nəticəsində təşkilat fəaliyyətini dayandırmağa məcbur olmuşdur.


Sonradan istər xarici neft şirkətlərində, istərsə də milli şirkətlərdə və ya dövlət təşkilatlarında azad həmkarlar ittifaqlarının yaradılması üçün edilən təşəbbüslər də nəticəsiz qalmışdır. Halbuki, bu qanuna görə ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

 


2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası(AHİK) www.ahik.org

 

5 fevral 1993-cü ildə keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. Hal hazırda AHİK 27 sahə (Respublika) həmkarlar ittifaqlarının fəaliyyətini əlaqələndirir. İstər AHİK, istərsə də onun tərkibinə daxil olan HT-da seçkilər demokratik keçirilmir. Təşkilata seçilən sədr, tutduğu postdan asılı olaraq, müvafiq dövlət qurumunun və işəgötürənin razılığı ilə “seçilə” bilər. Baxmayaraq ki, Nizamnaməyə görə HT sədri seçkili orqandır, lakin bu vəzifəyə “seçilən” şəxs 15-20 il bu postu tərk etmir. Məsələn Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədri Səttar Mehbaliyev 1993-cü ildən (23 il) indiyədək, Neft və Qaz Sənayesi işçilərinin Respublika Komitəsinin sədri Cahangir Əliyev isə 1997-cı ildən bu vaxtadək həmin Komitənin sədridir. O cümlədən başqa komitə sədrləri də. Yerli Həmkarlar təşkilatlarının sədrləri də eyni qaydada və müddətdə seçilir.


AHİK-in 1 milyon 600 minə yaxın üzvü var. AHİK-in müxtəlif illərdə olan hesabatlarındakı rəqəmlər arasında kifayət qədər ziddiyyətlər var. Məsələn, 2008-ci ildə prezident seçkiləri öncəsi AHİK-in III Qurultayında təqdim olunan hesabatda 1,6 milyon nəfər üzvünün olduğunu göstərilir. (mənbə «Azərbaycan» qəzeti. 2008-ci il. 6 Fevral) Daha sonra 2013-cü ildə prezident seçkiləri öncəsi, IV Qurultayda çıxış edən AHİK sədri Səttar Mehbaliyev bildirib ki, son 5 ildə üzvlərinin sayı 6,6 faiz artaraq, 1,6 milyon nəfər (?) olub. Halbuki, bu artımla 1,7 milyon nəfəri keçməli idi. Konfederasiyasının saytında isə «üzv təşkilatlar» bölməsində 27 sektor üzrə həmkarlar ittifaqlarına üzv olanların sayı 1,2 milyon nəfəri ötmür. Burada olan kənarlaşmada 1-2 min deyil, təxminən 300 min nəfərdən söhbət gedir.


Qurultayda təqdim edilən hesabata görə, dövlətin idarə və müəssisələrində çalışan insanlar tərəfindən AHİK-ə illik 10-15 milyon manat köçürülür. Özəl sektordan isə daxil olmalar 5-10 milyon manat civarındadır. Ümumilikdə, təşkilatın yığımlardan illik gəliri 20-25 milyon manat civarında olur.
AHİK- tərkibinə 27 Respublika Komitəsi daxildir. Hər bir komitəyə tabe olan HT öz üzvlərindən yığdığı üzvlük haqqının 25 %-ni tabe olduğu Respublika Komitəsinə, Respublika Komitəsi də daxil olan vəsaitin 10-12%-ni AHİK hesabına köçürür.

 

 

4. Həmkarlar ittifaqlarının müstəqildirmi?


Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikası Qanunu. Maddə 5


Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər.


AHİK isə siyasiləşib, vaxtaşırı iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası qarşısında hesabat verir. Prezident seçkiləri vaxtı isə bütün HİT üzvləri adından Prezidentin (İ. Əliyevin) namizədliyini dəstəkləyir. Halbuki bu üzvlər arasında müxtəlif müxalif siyasi partiyalarının üzvləri də var.

 


5. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi.

 

Bu Komitə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) tabedir. 80000-dək üzvü var, veb səhifəsi yoxdur.
Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən idarə və müəssisələrdə yaradılmış həmkarlar ittifaqı təşkilatları müstəqil qurum kimi dövlət qeydiyyatına alınmadan, qanunvericiliklə nəzərdə tutulan qaydada Nizamnamə əsasında deyil, Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Respublika Həmkarlar İttifaqı Komitəsinin təsdiq etdiyi Əsasnamə əsasında Filiallar kimi fəaliyyət göstərirlər. Bu isə “Həmkarlar İttifaqı Haqqında Azərbaycan Respublikası Qanununun 1-və 3-cü maddələrinə ziddir. Bu Komitənin razılığı olmadan ilk həmkarlar İttifaqı Təşkilatının yaradılması və ya fəaliyyət göstərməsi qeyri mümkündür. Məsələn: 2008-ci ildə Caspian Shipyard Co LTD şirkətində işçilərin təşəbbüsü ilə müstəqil Həmkarlar İttifaqı Təşkilatı (HİT) yaradılaraq, Neft və Qaz Sənayesi Respublika Həmkarlar İttifaqı Komitəsində qeydiyyatdan da keçdi. Təşkilat yaradılarkən sədr və müavin işəgötürənin razılığı olmadan işçilər tərəfindən seçilmişdi. Məhz buna görə də Caspian Shipyard şirkətinin rəhbərliyi tərəfindən fəaliyyət göstərdiyi 5 ay müddətində Həmkarlar İttifaqı Təşkilatının normal fəaliyyət göstərməsinə imkan verilmədi və son nəticədə təşkilatın fəalları, o cümlədən Həmkarlar İttifaqı Təşkilatının sədri, müavini və İdarə Heyətinin fəal üzvləri işdən azad edildilər. Bütün bu hadisələrdə Respublika Həmkarlar İttifaqı Komitəsi seyrçi mövqe tutdu, yeni yaranmış təşkilatı müdafiə etmədi və Caspian Shipyard şirkətinin rəhbərliyi tərəfindən məcburi surətdə təsis edilən ikinci Həmkarlar İttifaqı Təşkilatının yaradılmasında fəal iştirak etdi.

 


5.1. Üzvlük və üzvlük haqqı

 

Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» qanuna əsasən Həmkarlar təşkilatına üzvlülük könüllü xarakter daşıyır. Lakin idarə və müəssisələrdə Həmkarlar Təşkilatlarına üzvlük məcburidir. Belə ki işə qəbul olan hər bir şəxs, HİT-na üzv olmaq barədə ərizə ilə müraciət etmədən, avtomatik olaraq bu təşkilatın üzvü sayılır və onun əmək haqqından 1%, yaxud 2% üzvlük haqqı tutulur. Bundan imtina etmək istəyən işçilər isə müəssisə rəhbərliyi tərəfindən işdən qovulacağı ilə hədələnir. Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanununa zidd olaraq işəgötürənin də əmək haqqından üzvlük haqqı tutulur.

 


5.2. Həmkarlar İttifaqları öz üzvlərini müdafiə edirmi?


Nizamnamələrinə əsasən Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.

 

Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.


Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Lakin, idarə və müəssisələrdə “Əmək qanunveciliyinin icra vəziyyəti” ilə əlaqədar NHMT İB tərəfindən aparılan monitorinqlər əsasında hazırlanmış İllik hesabatlar nəticəsində (http://nhmt-az.org) məlum olur ki, SOCAR-ın işçi hüquqlarını məhdudlaşdıran əmr və ya qərarlarına Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli həmkarlar təşkilatları tərəfindən etiraz edilmir. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilmə halları müşahidə olunur. Məsələn:


Azərbaycan Əmək Məcəlləsinin 45.4 (İşin daimi xarakterli olması əvvəlcədən bəlli olduğu halda işçi ilə əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalıdır) zidd olaraq işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanır. Bunun nəticəsində hər il yüzlərlə arzuedilməz işçi ilə bağlanmış müqavilə ləğv olunur.


Həmkarlar Təşkilatı sədri işçini yox, işəgötürəni müdafiə edir: Zərifə Qulamovanın “Balaxanıneft” NQÇİ-yə qarşı “İşə bərpa” ilə əlaqədar məhkəmə mübahisəsində “Balaxanıneft” NQÇİ-nin Həmkarlar İttifaqı Təşkilatının sədr müavini işçi Zərifə Qulamovanı hüquqlarını deyil, “Balaxanıneft” NQÇİ-nin rəhbərliyinin müdafiə edilməsi barədə Etibarnaməni Sabunçu Rayon Məhkəməsinə təqdim etmişdi. Zərifə Qulamovanı müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqşünasının etirazından sonra, bu barədə olan Etibarnamə «Həmkarlar İttifaqı Haqqında» Qanunun 12–ci maddəsinə uyğun olmadığı üçün qəbul edilməmişdir.


29 fevral 2012-ci il tarixdə, Bibiheybətneft NQÇİ-nin 3 nəfər işçisi ailə üzvləri ilə birlikdə yaşadıqları (SOCAR balansında olmayan) mənzildən (ailəvi yataqxanadan) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik Xidməti işçiləri tərəfindən, zorla çıxarılırdı. Sonradan heç bir əsas və qanuna istinad olunmadan Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Həmkarlar Təşkilatları haqqında qanunun 15-ci maddəsini (İşçilərin həyat səviyyəsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları) pozaraq, ARDNŞ-nin balansında olmayan bu 3 mənzilə digər ailələrin (neft sektorunda çalışmayan) köçürülməsi ilə bağlı 19 mart 2012-ci il tarixli, 5 saylı Protokol və Order verir. NHMT-nın hüquqi yardımı nəticəsində iki illik məhkəmə mübahisəsindən sonra işçilərin mənzil hüquqları bərpa olundu.


Respublika Həmkarlar Komitəsinin Kentech şirkətinin işçisinin əleyhinə verdiyi əsassız rəy nəticəsində şirkət, bu qurumun rəyini əsas tutaraq həmin işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Onu da qeyd edim ki, bu şirkətdə həmkarlar təşkilatı yoxdur.


İdarə və müəssisələrdə hər il minlərlə insan qeyri-qanuni işdən azad olur. İşəgötürən tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütəmadi olaraq pozulur, yəni, işəgötürənin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı Həmkarlar İttifaqı ən azı 3 ay qabaq xəbərdar edilmir və işçilərin mənafelərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmır. İşçi hüququnu məhdudlaşdırılması ilə nəticələnən bu qanun pozuntusuna Neft və Qaz sənayesi işçilərinin Respublika Həmkarlar Komitəsi etiraz etmir.


İşəgötürənin təkidi ilə işçinin hüquq və təminatlarını məhdudlaşdıran qərarlara sistemli olaraq razılıq verilir və bu zaman işçilərin maraqları nəzərə alınmır (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=121).


Neft və qaz sənayesində işləyən işçilər pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar Komitəsinə müraciət etməkdə maraqlı deyil. Belə ki, bu müraciətin nəticəsi əvvəlcədən məlumdur və bu müraciət edən işçiyə ən yaxşı halda formal cavab verilə bilər.
Əksər hallarda HİT işçilərin azad olunmasında yardımçı olur. 2008-2013-cü illər ərzində SOCAR strukturlarında on minlərlə işçi, (xüsusi ilə pensiya yaşında olan) işçinin sayı və ya ştatları ixtisarı “könüllü olaraq ərizə yazmaqla, müqavilə vaxtının bitməsi ilə əlaqədar işdən azad olundu. İşçilərin sayı və ya ştatları ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin əsaslı və ya qanuni olmasından asılı olmayaraq Həmkarlar İttifaqı Təşkilatı bütün hallarda Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əməl etmədən bu işdən azad olmalara razılıq verib. SOCAR idarə və müəssisələrində işçilər üçün sağlam iş şəraiti yaradılmadığından hər il çoxlu sayda neftçi həlak olur. Həmkarlar İttifaqları haqqında Qanun. Maddə 13. (Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları), Azərbaycan Əmək Məcəlləsi. Maddə 236. (Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarət), Maddə 237. (Əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət sahəsində həmkarlar ittifaqlarının hüquqları) əsasən idarə və müəssisələrdə HİT işəgötürən tərəfdən işçi üçün təhlükəsiz iş şəraiti yaradılmasına ciddi nəzarət edilməlidir. Məhz HİT-nın nəzarətsizliyi ucbatından işəgötürənlər tərəfindən ölkənin neft sektorunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207 (işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmə hüququ var), 215 (Əməyin qorunması sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifəsi), 219 (əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi), 222 (sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmini), 238 (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin məsuliyyəti) maddələrinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması nəticəsində çoxlu sayda işçi həlak olub və xəsarət alıb. Belə ki 2010-2016-ci illər ərzində, ölkənin neft sektorunda 127 nəfər həlak olmuşdur ki, bunun da 109 nəfəri SOCAR işçiləridir (Bax; nhmt-az.org. İllik hesabatlar).


İşəgötürənlər tərəfindən Əmək qanunvericiliyinin pozulması nəticəsində yalnız Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində(ARDNŞ) baş verən qəzalar nəticəsində çoxlu sayda işçi həlak olmuş, itkin düşmüşdür.

 

  • 28 sentyabr, 2011-ci il. ARDNŞ işlədiyi “Günəşli” dəniz yatağının 14-cü platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.
  • 17 avqust, 2013-cü il. Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağında “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. ARDNŞ yanğını ABŞ-ın BOOTS & COOTS servis şirkətinin mütəxəssisləri ilə birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə söndürə bilmişdi.
  • 2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo 203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas olunub, biri həlak olub.
  • 23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub. 
  • 2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub. Xəsarət alan olmayıb.
  • 2014-cü il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub.
  • 2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb.
  • 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər neftçi itkin düşüb, 32 nəfəri isə xəsarət alıb.
  • 26 sentyabr 2016-cı ildə “Günəşli” yatağının 19-cu özüldə 71 saylı quyuda yanğın baş vermişdi.
  • Axşam saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər.
  • 15 dekabr 2016-cı il-də  Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçması nəticəsində 10 nəfər dənizə düşüb birinin cəsədi tapılıb 9-u isə itkin düşüb.

 

Bütün bunlara rəğmən, Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar Komitəsi tərəfindən “Həmkarlar İttifaqı Haqqında” Qanunun 12–ci maddəsində nəzərdə tutulan qaydada, müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini yerinə yetirmədikdə onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldırması barədə hər hansı bir fakt müşahidə olunmayıb.

 

 

6. Nəticə:

 

  • Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən Həmkarlar Təşkilatları ölkə qanunvericiliyinə uyğun yaradılmadığından, fəaliyyətləri də qanunsuzdur  
  • Mövcud Həmkarlar Təşkilatı işçilərdən çox, işəgötürənlərin maraqlarını müdafiə edir.
  • Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən xarici neft şirkətlərində çalışan işçilər mövcud həmkarlar təşkilatına etibar etmir;
  • İşəgötürənlər şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar. 
  • Həmkarlar təşkilatları haqqında qanuna görə ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Lakin Ədliyyə Nazirliyi tərəfindən AHİK-dən kənar, heç bir həmkarlar təşkilatının yaradılmasına və fəaliyyət göstərməsinə icazə verilmir.


Qeyd: Ölkədə insan hüquqlarının qorunmasını istəyən beynəlxalq institutlar ölkədə müstəqil həmkarlar təşkilatlarının olmasını arzu edirlərmi? Azərbaycanda Həmkarlar İttifaqı Təşkilatlarının işçi hüquqlarının müdafiəsində yaratdıqları problem haqqında faktlar, təəssüf ki, heç bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır.

 

 

7. SON SÖZ!!!!!!!!

 

Komitənin onu təmin edən fəaliyyətinə görə, 11 mart 2016-cı il tarixində SOCAR prezidenti R.Abdullayev Azərbaycan neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevə SOCAR-ın Fəxri Fərmanını təqdim edib. SOCAR prezidenti bildirib ki, o, 1996-cı ildən indiyə qədər Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində ölkəmizin neft-qaz sənayesi həmkarlar hərəkatına uğurla rəhbərlik edir.


C.Əliyev qeyd edib ki, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə var gücü ilə çalışacaq, işçilərin hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

 

8. İstinad olunan mənbələr