NHMT - Azərbaycanda resurslara əsaslanan iqtisadi sistemin biznes mühitinə və siyasi azadlıqlıqlara təsirinin qiymətləndirilməsi

Azərbaycanda resurslara əsaslanan iqtisadi sistemin biznes mühitinə və siyasi azadlıqlıqlara təsirinin qiymətləndirilməsi

Azərbaycanda resurslara əsaslanan iqtisadi sistemin biznes mühitinə və siyasi azadlıqlıqlara təsirinin qiymətləndirilməsi

 

Giriş

 

Azərbaycan 1991-ci ildə sovetlər birliyinin dağılması ilə müstəqilllik əldə etməsinin ardınca dövlətin həm siyasi, həm iqtisadi dayaqlarının möhkəmlnidirilməsi üçün malik olduğu təbii resurslardan maksimum istifadə etmək üçün genişmiqyaslı fəaliyyətlərə start verildi. Ölkənin neft-qaz ehtiyatlarının qısa müddət ərzində istismar edilərək qlobal birjalara çıxarılması üçün transmilli şirkətlərlə əməşdaşlıq və hasilatın pay bölgüsü üzrə sazişlərin bağlanması üzrə hazırlıqların başlanması müstəqillik əldə edilməsindən dərhal sonra başladı və 4 il davam edən danışıqların ardınca 1995-ci ildə neft hasilatı üzrə “Azəri-Günəşli-Çıraq” platformasının bazasında neft hasilatına dair pay bölgüsü sazişi, 1996-cı ildə isə “Şahdəniz” yatağının bazasında qaz hasilatına dair pay bölgüsü müqaviləsi bağlandı. Bu sazişlər çərçivəsində ölkədə xam neft hasilatı özünün pik həddinə çatdı: əgər 2000-ci illərin əvvəllərində neft hasilatının həcmi 8 mln. ton ətrafında idisə, artıq 2005-ci ildə 30 mln. tonu, 2009-cu ildə isə 50 mln. tonu ötdü. Ötən 20 ildə təbii qaz hasilatının illik həcmi 10 mlrd. kub metrdən 35 mlrd. kubmetrə yüksəlib.

 

Artıq 2000-ci illərin başlanğıcından etibarən ölkəyə neft-qaz gəlirlərinin axını başladı. 2000-2022-ci illərdə Neft Fondu vasitəsilə hökumətin mənfəət firmasında qazancı 185 milyard dollara yaxın olub. Əlavə olaraq, təxminən 50 milyard dollar isə Dövlət Neft Şirkəti və xarici neft şirkətləri vasitəsilə dövlət büdcəsinə ödənilən vergilər formasında hökumətin gəliri olub. Dövlət Neft Şirkəti vasitəsilə dövlət sektorunun qazanclarını da nəzərə alsaq, son 20 ildə Azərbaycan dövlətinin neft-qaz gəlirlərinin məbləği 250 milyard dolları ötüb.

 

 

Amma Azərbaycanda təbii resurs hasilatı neft və təbii qazla məhdudlaşmır, 2000-ci illərin əvvələrindən başlayaraq qızıl və gümüş hasilatı ilə də bağlı addımlar atıldı, bu resurslaların da dünya bazarına çıxarılması üzrə bir sıra hasilatın pay bölgüsü sazişləri imzalandı. Ölkənin Gədəbəy, Ordubad və Daşkəsən kimi bölgələrində artıq 20 ilə yaxındır ki, metal filizlərin hasilatı həyata keçrilir. Bu hasilatda əsas aparıcı beynəlxalq oyunçulardan biri "Anglo-Asian Mining plc" şirkətidir və müqavilədə 49% payla təmsil olunur. Təkcə 2010-2022-ci illərdə 35 tona yaxın qızıl və 25 tondan bir qədər çox gümüş hasilatı həyata keçirilib.

 

Şübhəsiz ki, yeni müstəqillik qazanmış, iqtisadi əlaqələri tamamilə pozulmuş yeni bir dövlət üçün ehtiyac duyduğu maliyyə resurslarına sahib olmaq baxımından təbii resurs gəlirlərinin çox əhəmiyyətli rolu var. Lakin son 50 ildə bir çox resurs ölkələrinin təcrübəsi onu da göstərib ki, resurs gəlirləri hökumət üçün iqtisadi imkanlar qazandırsa da, cəmiyyət üçün bir sıra problemlər də yarada bilir. Bu problemlər xüsusilə də insanların siyasi hüquqlarının, biznes mühtinin pisləşməsində özünün göstərir. İctimai maliyyə, eləcəcə də idarəetmə orqanlarının icra fəaliyyəti üzərində effektiv parlament və ictimai nəzarətin təmin edilmədiyi, şəffaf və hesabatlı dövlət satınalmalar sisteminin yaradılmadığı, müstəqil və azad vətəndaş cəmiyyətinin, eləcə də media və siyasi institutların fəaliyyəti üçün əlverişli mühitin olmadığı tədqirdə böyük resurs gəlirləri əldə edən hökumətlərin davranışı dəyişir. Bu cür hökumətlər daha çox məhudlaşdırıcı addımlara atmağa, azad media və vətəndaş cəmiyyətini, alternativ siyası institutları, orta sinfin hərəkətverici qüvvəsi olan kiçik-orta biznesi sıxışdırmağa üstünlük verir.

 

Dünyada iqtisadiyyiatı təbii resurs hasilatına əsaslanan ölkələrdə insan haqlarının durumu ilə renta gəlirləri arasında əlaqəni araşdıran çoxlu sayda araşdırmalar var. Məsələn, belə araşdırmalardan[1] biri üzə çıxarıb ki, iqtisadiyyatın təbii resurslardan asılılığının (asılılıq göstəricisi kimi neft-qaz ixracatının ÜDM-ə nisbəti götürülür) hər 1% artımı siyasi hakimiyyətin avtoritarlaşması riskini 8% artırır. Öz növbəsində, araşdırmanın nəticələrinə görə, çox az sayda nümunələr istisna olmaqla təbii resursların iqtidadiyyatda dominant olduğu ölkələrdə pis idarəetmə təcrübələri geniş yayılır. Araşdırma müəllifləri nadir müsbət nümunələrdən biri kimi Norveçin uğurunu 2 səbəblə bağlayır: (i) ölkədə mülkiyyət və siyasi hüquqları qoruyan ən mükəmməl qanunlar, eləcə də onlara əməl edilməsini təmin edən institutlar yaradıldı; (ii) peşəkar və hansısa siyasi hakimiyyətin siyasi maraqlarına tabe olmayan bürokratiya formalaşdırıldı.

 

Bəs nəhəng neft gəlirlərinin əldə olunduğu son 20 ildə Azərbaycanda həm media və vədəndaş cəmiyyətinin, həm alternativ siyasi institutların, həm də kiçik biznesin azad fəaliyyətini təmin olunması baxımından vəziyyət necə olub?

 

Təqdim olunan hesabat məhz bu suallara cavablar əsasında qiymətləndirmə aparır. Hesabat ən müxtəlif sektorları təmsil edən müstəqil ekspertlərdən götürülən müsahibələr əsasında hazırlanıb. Müsahibədə ümumilikdə fərqli sahələri təmsil edən 15 nəfər ekspert iştirak edib.

 

1. Vətəndaş cəmiyyətinə təsirlər

 

Ekspertlərdən ilk növbədə iqtisadiyyatın uzunmüddətli nəhəng renta gəlirlərinin təsiri altında olduğu dövrdə vətəndaş cəmiyyətinin vəziyyətinin necə dəyişdiyini, hazırda mövcud durumunun necə olduğunu dəyərlənidirib. Ümumi rəy budur ki, hazırda Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə həm çox ciddi məhdudiyyətlər var. Bu, xüsusilə də 2013-2014-cü illərdə sektorun fəallarına qarşı açıq təzyiq və həbslərin başlanması, müvafiq qanunvericiliyə məhdudlaşdırıcı hüquqi normaların daxil edilməsilə daha da sərtləşdirildi. Halbuki Bir çoz müstəqil təşkilatlara qarşı cinayət işləri açıldı, həbs olunanlarla yanaşı, ölkəni tərk etmək məcburiyyətində qalan xeyli fəal oldu.

 

Ötən dövrdə fəaliyyət göstərən QHT-lərin sayı xeyli dəcərədə azalıb. Bir çox sahələrdə ümumiyyətlə QHT-lər qalmayıb. Məsələn, bir vaxtlar media siyasətini müstəqil izləyən və monitorinq edən bir neçə QHT vardısa, artıq onların heç biri mövcud deyil. Eyni fikri ictimai maliyyə üzərində nəzarəti həyata keçirən xeyli sayda müstəqil vətəndaş cəmiyyəti institutunun da yoxa çıxmasına aid etmək mümkündür. Bölgələrdə mərkəzi hakimiyyətdən icazə almadan tədbirlər keçirmək mümkün deyil. Belə icazələr isə həmişə və hər təşkilata verilmir. Halbuki qanunvericilik belə tələb müəyyən etmir. Ölkədə elə mühit yaradılıb ki, vətəndaş cəmiyyəti sanki kriminal fəaliyyət növüdür və bu baxımdan sivil tolpum xüsusilə gənclər üçün cəlbediciliyini itirir. İnsanlar basqı altında fəaliyyət göstərməkdən yorulur və təhlükəsiz işlərlə məşğul olmağa çalışırlar.

 

Halbuki 90-cı illərin ortalarından etibarən ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti, beynəlxalq təşkilatlarla maneəsiz əməkdaşlığı mümkün olmuşdu və bu proses 15 ilə yaxın davam etmişdi. Ölkəyə böyük neft pullarının daxil olmasından (2005-i ildən) sonra isə hökumət müstəqil vətəndaş cəmiyyətinin manesiz fəaliyyətinə cəmi 8 il tolerantlıq göstərdi.

 

Sonradan bir çox təşkilatarın o zaman bank hesablarına qoyulan həbslər aradan qaldırılsa da, hələ də cinayət işləri tam qapadılmayıb və qorxu mühitinin aradan qalxmaması üçün həmin işlər daimi təzyiq kimi saxlanılır. Hüquqi məhdudiyyətlər, cinayət işlərinin hər an bərpa oluna biləcəyilə bağlı təhdidlər vətəndaş cəmiyyətinin yenidən institutlşamasına, sərbəst fəaliyyət göstərməsinə imkan vermir. Hətta Azərbaycan hökumətinin Avropa Şurası kimi mötəbər qurumlarla birgə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını nəzərdə tutan fəaliyyət planı belə icraya yönəlmədi. Beynəlxalq təşkilatlarla kommunikasiyalarda QHT-lərin fəaliyyəti və xaricdən qrantların alınması ilə bağlı qanunların dəyişdirilməsi əsas tələblər kimi irəli sürülsə də, hökumət bu istiqamətdə 10 ilə yaxın dövrdə demək olar ki, hər hansı addım atmadı. Nəticədə bir vaxtlar Azərbaycanda mütəşəkkil formada mövcud olmuş vətəndaş cəmiiyyəti institutunun yerində yalnız ayrı-ayrı şəxslərin fərdi təşəbbüslər həyata keçirməyə cəhd göstərdiyi dayanıqsız bir sistem yaranıb. Belə fəaliyyət isə bir qayda olaraq nəticəsiz və təsirsiz qalır. Mütəmadi olaraq hökumətə yaxın media orqanlarında aktiv vətəndaş cəmiyyəti fəalları ilə bağlı qarayaxmalar yenə də davam etdirlir və bu təzyiq, təhdid məqsədi daşıyır. Rəsmi şəxslər vətəndaş cəmiyyətinə tərəfdaş kimi baxmır, əksinə onları özlərinə tabe etdirmək istəyir. Hökumət kibermüdaxilələr vasitəsilə vətəndaş cəmiyyəti fəallarının şəxsi və işgüzar məlumatlarını belə istədiyi şəkildə əldə edə bilir. Həm belə qorxu şəraitində, həm də fərdi təşəbbüslər əsaslanan sistemin mövcud olduğu mühitdə dayanıqlı və institutlaşmış vətəndaş cəmiyyəti yarana bilməz.

 

Hətta Avropa Məhkəməsinin qərarlarına baxmayaraq ayrı-ayrı insanların birləşmək azadlığını həyata keçirməsinə, təşkilatları qeydiyyatdan keçirməsinə imkan verilmir.

 

Vətəndaş cəmiyyətinin  öz ideyalarını reallaşdırması üçün maliyyə resurslarını əldə etməsinə ehtiyac var. Həm də bu resusların məbəyi şaxələnmiş olamlıdır. Çünki bir mənbədən asılılıq vətəndaş cəmiyyətinin dayanıqlılığına mane olur. Amma hazırda Azərbaycanda QHT-lərin faktiki olaraq xaricdən resurs cəlb etməsi mümkünsüz hala gətirilib. Ölkədə hazırda əsas mənbə hökumətin ayırdığı resurslardır. Amma vəsaitlər də əsasən çox kiçik həcmdə olur, yəni kiçik qrant layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur ki, bu da bir çox hallarda vətəndaş cəmiyyəti təşkilatlarının ciddi ideyalarını həyata keçirməsinə imkan yaratmır. Məlumat üçün qeyd etməyə dəyər ki, ən son 2013-cü ildə təkcə xaricdən QHT-lərə ayrılan maliyyə resurslarının həcmi 70 milyon dollara yaxın idi. Biznes və dövlət sektorundan daxil olan dəstəklə birlikdə həmin il 90 mln. dollar olmuşdu. Hazırda BMT-nin İnkişaf Proqramı (UNDP), Avropa Birliyi və ABŞ İnkiaf Agentliyi (USAİD) kimi çox az sayda beynəlxalq təşkilatların çox da böyük olmayan maliyyə dəstəyi var. Amma bu vəsait də ya birbaşa hökumət qurumlarına, ya da hökumətin istəklərinə cavab verən QHT-lərə ayrılır. Hökumətin dövlət büdcəsindən ayırdığı vəsaitlərin məbləği isə çox kiçikdir və illik hətta 3 milyon dollardan da azdır.  QHT-lərin maliyyə baxımından yalnız 1 mənbədən, həm də hökumətdən asılı olmasının neqativ tərəfi odur ki, müstəqil təşkilatların gündəliyi öz azad yaradıclıq və düşüncələrinin yox, hökumətin istəyinə uyğun formalaşdırılır.

 

Birbaşa qrant verən hökumət qurumları da var ki, onlar da əsasən dövlət məmurları ilə şəxsi əlaqələri olmayan, müstəqil sayılması çətin görünən QHT-lərə yönəlir. Müstəqil şəkildə qrant almaq olur, amma onu rəsmi qeydiyyata saldırmaq demək olar ki, mümkünsüz olur. 

 

Maliyyə məhdudiyyətləri müstəqil vətəndaş cəmiyyətinin mövcudluğunu sarsıdan ən ciddi amillərdən biridir. Əgər QHT-lər daimi heyət saxlamağa, peşəkar kadrların gücü ilə dayanıqlı fəaliyyət göstərməyə imkan qazana bilmirsə, davamlı mövcud ola bilməz. Belə vəziyyətdə karyera baxımından əksər peşəkar gənc kadrlar üçün dövlət qurumları və özəl şirkətləri cəlbedici olur. Gənclərin seçiminə vətəndaş cəmiyyətilə bağlı yaradılan qorxu mühiti də təsir edir. Sektora olan basqılar, perspektiv və karyera imkanın yoxluğu səbəbindən gənc nəsil vətəndaş cəmiyyətinə maraq göstərmir. Yeni nəslin bu prosesdə iştirakçılığının olmaması həm vətəndaş cəmiyyətini zəiflədir, həm də nəsillərin əvəzlənməsi baş vermədiyi üçün tədricən onun tamamilə ortadan qalxmasına səbəb olur. Gənclərin olmadığı vətəndaş cəmiyyəti sektoru rəqabətdavamlı və dayanıqlı ola bilməz. 

 

Maliyyə resurslarına çıxışda olan məhdudiyyətlərlə yanaşı daha bir ciddi problem vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı ilə əlaqəlidir.  Qeydiyyatla bağlı çox diqqəti çəkən məqamlardan biri budur ki, hətta qanunvericilikdə tələb olunmadığı halda müxtəlif dövlət qurumlarından tövsiyyə məktubları alınır. Avropa Məhkəməsinin birləşmə hüququnun təmin edilməsilə bağlı bir neçə qərarının olmasına baxmayaraq, qeydiyyata sərt məhdudiyyətlər hələ də qəlmaqdadır.

 

Ötən dövrdə QHT-lərin fəaliyyətinə hüquqi nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin sılahiyyətlərinin genişləndirilməsi, xarici donorların ölkədə qeydiyyatdan keçməsinə dair hüquqi tələbin ortaya atılması, nəinki qrant müqavilələrinin, hətta xidmət müqaviləsi əsasında alınan sifarişləri üçün belə qeydiyyata məcburi tələbə çevrilməsi kimi problemləri də yuxarıda qeyd edilən 2 maneənin də üzərinə əlavə etdikdə, müstəqil vətəndaş cəmiyyətinin nə dərəcədə ağır şərtlər altında qaldığı daha aydın görünür.

 

Layihələrin qeydiyyatı ilə də bağlı çox ciddi problemlər var. Bəzən Ədliyyə Nazirliyi layihələrin qeydiyyatı ilə bağlı müraciətə o qədər gec reaksiya verir ki, layihənin icracı üzrə müqavilədə nəzərdə tutulmuş müddətin əhəmiyyətli hissəsi arxada qalmış olur və təşkilat layihədən imtina etməyə məcbur qalır.

 

Bütün qeyd olunan maneələrin nəticəsi odur ki, Azərbaycan 2014-cü ildən etibarən region ölkələri arasında vətəndaş cəmiyyətinin dayanıqlılığı indeksinə görə Belorus və Rusiya ilə bərabər ən ağağı pillədə qərarlaşıb.

 

Bəs vətəndaş cəmiyyətinin üzləşdiyi ciddi problemlər, dövlət qurumlarının yaratdığı maneələrlə renta gəlirlərinin iqtisadiyyatda dominant rol qazanması nəticəsində hökumətin davranışlarında baş verən dəyişikliklər arasında hansısa əlaqə olduğunu iddia etmək mümkündürmü? Ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini analiz etmək üçün ekpsertlərə ünvnlanan sual məhz bu məsələ ilə bağlı olub. Bu məsələyə münasibətdə rəyi soruşulan ekspertlər fərqli mövqeyə malikdir. Birinci qrup hesab edir ki, elə renta dövlətləri var ki, orda QHT-lər normal inkişaf edib. Çünki vətəndaş cəmiyyətinə münasibətdə yaranmış vəziyyət idarəetmənin təbiəti və xarakterilə bağlı məsələdir.  Əgər hakimiyyət müstəqil vətəndaş cəmiyyətinin inkişafını qarşına məqsəd qoysa, proseslər pozitiv xarakter alır. Yox əgər hakmiyyət vətəndaş  cəmiyyətini özünə təhlükə sayırsa və rəqib görürsə, onda daha çox onu sıradan çıxarmağa çalışır.  Hakimiyyətin özünüqoruma istinkti nə qədər yüksək olursa, müstəqil vətəndaş cəmiyyətinə neqativ münasibət də o qədər güclənir. Bu halda şbühəsiz ki, renta gəlirləri repressiv xətt götürmək üçün əlverişli imkanı artır. Yəni burda birbaşa yox, dolayı ilə korrelyasiya var.  Vətəndaş cəmiyyətinin keçdiyi yol, ölkənin institusional inkişaf tarixi burda daha həlledici faktordur. Bu mövqedə olan ekspertlər hesab edir ki, renta gəlirlərinin ən böyük faydası bu olub ki, hakimiyyətə özü ilə bağlı bir sıra riskləri azaltmaq imkanı yaranıb.

 

Digər bir qrup isə hesab edir ki, resurs iqtisadiyyatının dominant olduğu əksər ölkədə rəqbətli iqtisadiyyat və azad bazar formalaşdırmaq mümkün olmayıb. Bu rəqabət və azad bazar şərtləri olmadıqda isə müstəqil media və vətəndaş cəmiyyətinin reklam gəlirləri, sosial layihələrin icrası  üçün sərbəst resurslar olmur. Renta əsaslı iqtisadiyyat təkcə iqtisadi fəaliyyətlər deyil, həmçinin cəmiyyətin bütün resurslar üzərində də hökumətin tam hökmran mövqe qazanmasını, iqtisadiyyatın digər subyektlərinin belə resurslara çıxışının məhdudlaşmasını təmin edir. Dövlət nə qədər çox biznes fəaliyyətinə girişirsə, asan əldə edilən vəsaitlər qazanmaq imkanı əldə edirsə, müstəqil vətəndaş cəmiyyətinin boğulmasında o qədər maralı olur, bu sahədə hər hansı mütərəqqi təşəbbüsü yaxına buraxmır. Əksinə müxtəlif adlar altında (məsələn, ictimai şuralar) yaradılan formal ictimai nəzarət institutları sayəsində gerçək və müstəqil vətəndaş cəmiyyəti təsisatlarının ictimia nüfuzu və etimadı sarsıdılır.

 

Hökumətin əlində nəhəng resurslarının olması çoxsaylı müstəqil olmayan QHT-lərin yaranmasına, hökumətin istəyinə uyğun layihələr gerçəkləşdirməsinə imkan yaradır. Belə vəziyyətdə hökumət öz real fəaliyyətilə ictimai rəydə obyektiv mövqe formalaşdıran müstəqil QHT-lərə qarşı daha aqressiv mövqe tutur.     

 

Neft-qaz sektorunun dominant rolda olması vətəndaş cəmiyyətinin fəaliyyətinə neqativ təsiri özünü digər mühüm məqamda da  göstərib:  neft-qaz gəlirləri Azərbaycanın iqtisadi göstəricilərini region ölkələrilə müqayisədə daha yüksək edib, belə vəziyyətdə donor təşkilatları iqtidadi göstəriciləri daha pis olan ölkələrə prioritet veriblər və maliyyə portfelinin daha az hissəsini Azərbaycana ayırırdılar. Söhbət 2014-ə qədər olan vəziyyətdən gedir. Halbuki hökumətin böyük neft-qaz gəlirlərinə sahib olması Azərbaycanın vətəndaş cəmiyyətini heç də maliyyə baxımından digər ölkələrdən yaxşı vəziyyətə gətirmirdi.

 

Başqa bir ciddi problem bu olub ki, Avropa təşkilatları daima Azərbaycan hökumətilə gündəliyində enerji sahəsində əməkdaşlığını öndə tutub, vətəndaş cəmiyyətinin durumu arxa planda qalıb.

 

Neft-qaz gəlirləri hökumətdə özgüvəni artırdı, beynəlxalq öhdəlikləri həyat keçirməkdə maraqlı olmadı, əksinə kənardan gələ biləcək tənqidləri də enerji maraqları ilə kompensasiya etməyə nail oldular.

 

Nəhayət, renta gəlirlərinin təsiri altında dəyişən hökumət davranışlarının daha bir dolayı təsiri azad biznes mühitinin pisləşməsilə bağlıdır. Belə ki, ölkədə biznes mühiti azad deyil və hökimətdən asılı vəziyyətdə olduğu üçün bu mənbədən də müstəqil təşkilatların vəsait alması imkansızdır. Biznes elə səviyyədə sərt siyasi nəzarət altına alınıb ki, onun müstəqil vətəndaş cəmiyyətinə dəstəyi ciddi cəzalanadırmalara səbəb ola bilər. Biznesi bu duruma salınması “resurs lənəti”nə məruz qalmış ölkələrin hamısı üçün xarakterikdir. Çünki resurs gəlirlərinə arxayın olmayan, büdcəni azad biznesin vergiləri hesabına doldurmağa məcbur qalan hökumətlər sahibkarkıq mühitinin yaxşılaşdırılması, biznesin gerçək problelərinin öyrənilməsi, real vergi potensialının alternativ tədqiqi üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa ehtiyac duyduğu halda, büdcəni resurs gəlirlərilə əziyyət çəkmədən təmin edən, biznesin vergilərindən asılı olamayan renta əsaslı hökumətlərin vətəndaş cəmiyyətinə ehtiyacı da olmur.

 

2. Media azadlığına təsirlər

 

Müsahibəyə cəlb olunan sahə ekspertlərinin medianın mövcud durumu ilə bağlı qənaəti üst-üstə düşür. Qeyd edilir ki, müstəqil və azad media baxımından ümumi durum çox ağırdır və hökumət 20 ildən artıqdir ki, media azadlığını cilovlamaq üçün bütün mümkün addımları atıb. Daha əvvəllər teleradio mediası, ardınca çap mediası nəzarətə götürüldü.  Son 6-7 ildə isə ki, hədəf internet mediasıdır. Hökumət bütün medianı cilovlamağa çalışır və bu hədəfə çatmaq üçün mümkün vasitələrin hamısından istifadə edilir. Məhkəmələr media azadlığına dəstək vermir. Jurnalistlərin faydasına olan, onları qorumalı olan qanunlar işləmir. Jurnalistlərə qarşı qətldən tutmuş ən fərqli  xarakterli qanunsuzluqlaradək  müxtəlif cinayətlər baş verib. Lakin indiyə qədər demək olar ki, onlarla bağlı heç biri ədalətli araşdırlmayıb, günahkarlar cəzalandırlmayıb. Media maliyyə müstəqilliyinə sahib deyil, biznes siyasətin, reklam pulları biznesin əlində olduğundan media reklam pullarından məhrumdur. Bu sahəni tənzimləyən qanunvericilik də addım-addım mürtəceləşdirilir. Bu kontekstdə təəssüflər olsun ki, medianın durumu ilə bağlı nikbin nələrsə söyləmək olmur.

 

Azərbaycanda müstəqil medianın bir biznes subyekti kimi fəaliyyət göstərmək imkanları yoxdur. Çünki bazar tam hakimiyyətin əlindədir. Azərbaycanda media qurumlarının böyük əksəriyyəti, hətta deyərdim ki, tamamı bu və ya başqa formada hakimiyyət tərəfindən maliyyələşdirilir. Yəni müstəqil media qurub onu işlətmək mümkün deyil.

 

Medianın indiki durumunu göstərsək, iqtisadi dayaqları yoxdur, azadlığı çox məhduddur, müstəqilliyi ümumiyyətlə yox səviyyədədir. Medianın inkişaf peskpetivləri, stimulları yoxdur, rasionalizm çox aşağıdır. Və bunu dəyişdirmək üçün tələbat da yoxdur. İndiki halda media faktiki olaraq avtoritar cəmiyyətlərə xas olan bütün keyfiyyətlərə malikdir. Demokratikləşməsi, müstəqilləşməsi üçün imkanlar da mövcud deyil. Çünki bu imkanları yaradacaq azad media bazarı, reklam bazarı da yoxdur. Belə imkanları aça bilər ictimai tələbat, o da yoxdur. Dövlət də bütün imkanlarını müstəqil medianın olmaması üçün istifadə edir: reklam bazarından tutmuş, informasiyaya əlçatımlığa qədər hər sahədə özünə məxsus mediaya şərait yaradır, müstəqil media isə hər tərəfdən təzyiq altında saxlanılır.

 

Əksər ölkələrin, xüsusən demokratik ənənə və institutların zəif olduğu ölkələrin təcrübəsində böyük həcmdə neft pullarının bu resurslara sərəncam verən hökumtlərin davranışında neqativ dəyişiklilərə səbəb olması geniş yayılıb. Azərbaycanda reallığında son 20 ildə hökumətin mediaya mnasibətində bu dəyişikiklilərin təsirinin hiss edildiyini iddia etmək mümkündürmü?

Müsahibədə iştirak edən ekspertlərin bəzisi bu iddianı təsdiq etsə də, həmkarları arasında onların rəyini bölüşmür. İddianı tədiqləyən ekspertlər renta gəlirlərindən istifadə nəticəsində ölkədə yaranan ictimai-siyasi mühitin medianın indiki durumuna təsirini qiymətləndirmək üçün belə bir yanaşma təklif edirlər: bu təsiri müəyyənləşdirmək üçün neft gəlirlərindən əvvəlki media ilə indikini müqayisə etmək yetərlidir. Ümumiyyətlə, dünyada elə bir şərq ölkəsi yoxdur ki, nefti-qazı, sərvəti olsun, həm də demokratik olsun. Azərbaycan buna cəhd etdi, amma gəlirlərin axını başlayana qədər. Yəni neft medianın indiki duruma gəlməsində həlledici rol oynadı. Əvvəla, ona görə ki, yüksək gəlirlər hakimiyyətin qarşısında iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək kimi öhdəliyin olmasına imkan vermədi. Neft gəlirləri olmasaydı, hakimiyyət istər-istəməz iqtisadiyyatı inkişaf etdirmək üçün iqtisadi azadlıqları təmin etməli olacaqdı. Eyni zamanda iqtisadiyyatı inkişaf etdirmək üçün yetərincə bacarıqları olan şəxslərə ehtiyac duyub, vəzifələrə onları təyin edəcəkdi. Bu isə iqtisadi azadlıqlarla yanaşı, siyasi, media azadlıqlarının olmasını təmin edəcəkdi. Bu gün hökumətdə yüksək vəzifə tutmaq üçün hansısa xüsusi bacarıqların deyil, hakimiyyətin yüksək pilləsində adamlarının olması lazımdır. Vəzifəyə qoyulan məmur pulu qazanmaq deyil, necə xərcləmək, əksər hallarda isə necə mənimsəmək barədə düşünür.  Doğrudur, onu da demək mümkün deyil ki, neft olmasaydı, ölkədə hər şey əla olardı, xeyr. Sadəcə, neft gəlirləri olmasaydı, hakimiyyət bu qədər rahatlıqla azadlıqları boğa bilməyəcəkdi.

 

Azərbaycana neft-qaz gəlirlərinin böyük axını 2004-2005-ci illərdən başladı. Onunla eyni vaxtda Azərbaycanda müstəqil medianın satın alınması prosesi də başladı. Eyni zamanda çoxlu sayda yeni medialar yaradıldı, bazar dolub-daşdı. Üstəlik, iqtisadiyyat inhisarlaşdı, müstəqil mediaya reklam ayıran biznes sıradan çıxarıldı, yaxud gözü qorxuduldu. Bütün bunlar sonda müstəqil medianın fəaliyyətini mümkünsüz hala gətirdi. 2000-ci illərdək media üzərinə senzura da vardı, təzyiqlər də vardı, amma müstəqil medianın ölkə mediasında payı 55 faizin üzərindəydi. 35 faiz partiya mətbuatının, cəmi 15 faiz hakimiyyət mətbuatının idi. Azərbaycanın media bazarı Qafqazda ən böyük bazar idi. Reklam bazarı indikindən min qat geniş idi. Reasionalizm sürətlə inkişaf edirdi, müxtəlif təlimlər, təcrübələr, seminarlar təşkil olunurdu. Neft gəlirləri olmasaydı, hakimiyyət özünü bu qədər rahat hiss etməsəydi, yəqin ki, bu inkişaf daha da dərinləşərdi…

Bu iddia ilə razılaşmayan media ekspertlərinin yanaşması isə belədir: birbaşa hər hər hansı rolunu söyləmək çətindir. Neft-qaz ölkəsi olmaq varlı olmaq deməkdi, normalda varlı olmamız medianın durumunun firavanlığına təsir göstərməlidi. Medianı ayaqda saxlayan, onun müstəqilliyinin zəmanəti yüksək maliyyə təminatı və reklam gəlirləridir. Daha çox var-dövlət, pul, həm də medianın daha varlı olmasına gətirib çıxarmalıdır. İnkişaf etmiş, inkişaf etməkdə olan ölkələrdə medianın reklam bazarının cəmi ümumi daxili məhsulun 0,8-1 faizinə bərabər olur. Azərbaycanda bu göstərici bəzən 8-10 milyon təşkil edir, halbuki, 500 milyon manatdan artıq olmalıdır. Medianın durumunun başlıca səbəbkarı 20 illik siyasətdir, həmin siyasət medianın gücünü yaxşı dəyərləndirir, o gücdən çox çəkinir, azad, asılı olmayan, çoxsəsli media istəmir.  Məsələn, dünya təcrübəsində Norveç kimi bol təbii sərvətləri olub, mediası azad, güclü olan ölkə təcrübələri də var, təbii sərvətlərdən məhrum olub, azad, güclü mediaya sahib olmayan ölkə təcrübələri də. Ölçü siyasətin məzmunudur. Sərvətlərə sahib olub, azad mediaya sahib olmaq da olar, təbii sərvətlərdən məhrum olub da. Bununla belə, şübhəsiz ki, təbii sərvətlər olmasaydı, ölkənin demokratik potensialı daha güclü olardı. Ən yaxın qonşularımızın nümunəsinə baxmaq olar. Sərvətlərdən gələn gəlirlərin yaratdığı komfortu olmayan bu ölkələr Azərbaycandan daha demokratikdirlər, siyasi institutların, medianın müstəqilliyi müqayisəyəgəlməz dərəcədə çoxdur. Eyni zamanda biznes azaddır, öz vəsaitini istədiyi media qurumuna yönəldə bilir. Düşünürəm ki, böyük neft gəlirləri olmasaydı, Azərbaycan da ən azı yaxın qonşuları qədər demokratik, mediası müstəqil ola bilərdi.

 

3. Azad biznes mühitinə təsirlər

 

Yüksək inhisarlaşmaya, haqsız rəqabətə və mülkiyyət hüquqlarının sərt şəkildə pozulmasına geniş münbit imkanlar yaratması baxımından nəzarətsiz xərclənən nəhəng renta gəlirlərindən zərər görən əsas qruplardan biri də kiçik sahibkarlardır. Bu baxımdan qiymətləndirmə çərçivəsində iqtisadçı ekspertlərin ölkədə kiçik biznesin mövcud durumuna münasibəti öyrənilib. Ümumi qənaət budur ki, istənilən ölkənin sosial-iqtisadi inkişafında kiçik biznes əhəmiyyətli rol oynayır. Xüsusilə ölkədə dayanıqlı orta təbəqənin formalaşmasında və yeni iş yerlərinin yaradılmasında kiçik biznesin rolu və əhəmiyyəti böyükdür. Rəsmi statistika ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99%-nin kiçik biznesə aid olduğunu göstərsə də, iqtisadiyyatda yaranan əlavə dəyərin cəmi 15%-i bu subyektlərin payına düşür. Başqa ölkələrin təcrübəsindən baxsaq, bu rəqəm çox azdır və kiçik biznesin zəif inkişafını göstərir.

 

Əslində ölkədə formalaşan kiçik biznes əsasən fiziki-şəxs sahibkarlıq formasındadır (təqribən 97%-i), hüquqi şəxs formasında fəaliyyət göstərən kiçik biznes subyektlərinin sayı çox azdır. Bu da sonradan kiçik biznesin inkişaf edərək daha böyük biznesə çevrilməsi imkanlarını məhdudlşdırır. Kiçik biznes subyektlərinin say artımında həm də nisbətən sadələşdirilmiş vergi ödəmə mexanizmlərindən yararlanma, bir subyektin biznes dövriyyəsinin böyüməsindən yan keçmək və bununla nisbətən daha böyük vergi ödənişlərindən yan keçmək cəhdləri də özünü göstərir.

 

Kiçik biznesin sahə strukturuna gəldikdə isə, belə biznes subyektləri əsasən ticarət, ictimai iaşə, təmir, fərdi xidmətlər, tədris kursları, sosial xidmətlər, fermer təsərrüfatları və s. kimi sektorlarda geniş yayılıb. İstehsal sahələrində kiçik biznesin yaranması və inkişafı imkanları çox məhduddur. Ölkənin aqrar imkanları çərçivəsində rayonlarda və kəndlərdə kiçik emal müəssisələrinin yaradılması üçün potensial olsa da, bu cür biznes üçün zəruri olan texnoloji avadanlıqların əldə edilməsində, müvafiq sertifikasiya problemləri, xüsusilə sənaye təyinatlı torpaqların təyin edilməməsi, emal sənayesi müəssisəsi üçün torpaq ərazilərinin təyinatının dəyişdirilməsi və onun infrastrukturunun qurulması xərclərinin çox olması emal sənayesində kiçik biznesin inkişafına olan əngəllər sırasındadır. Kiçik biznesə (əslində ümumiyyətlə biznesə) ən böyük maneələrdən biri (və birincisi) yenə də məmur müdaxilələrinin və korrupsiya hallarının olmaqda davam edir. İş qurmaq istəyən şəxs vergi orqanlarında qeydiyyata durub işini qurmalı olduğu halda, hələ də hər hansı bir iş qurmaq istərkən müxtəlif inzibati qurumların nümayəndələri müxtəlif bəhanələrlə işə mane olur, “şirinlik” tələb edirlər. Bu da iş qurmağın xərclərini artırır. Ölkədə kiçik biznesin inkişafı üçün bəzi inkişaf institutlarının (Sahibkarlığın İnkişafı Fondu, KOBİA, sənaye məhəllələri və s.) yaradılması, elektron xidmətlərin artması kiçik biznesin inkişafına müəyyən irəliləyişlər gətirsə də, ümumən siyasi rejimdən qaynaqlanan köklü problemlər qalmaqdadır. Həm də yaradılan inkişaf institutları da əsasən məhz iri biznesə bağlı yaradılan kiçik sahibkarlara xidmət göstərir. Məsələn, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri əsasən iri biznesin strukturları ilə bağlı kiçik biznesə ayrılır. Ölkədə bir neçə ərazidə yaradılan sənaye məhəllələri isə xüsusilə biznesə nəzarət baxımından kiçik biznes sahibləri üçün o qədər də cazibədar görünmür. Ayrı-ayrı sahələrdə olan kiçik biznes subyektləri üçün spesifik problemlər də çoxdur. Məsələn, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar üçün satış kanalları hələ də problem olaraq qalmaqdadır. 

 

Kiçik biznesin inkişafına məsul qurumların (Sahibkarlığın İnkişafı Fondu və KOBİA) maarifləndirici tədbirləri əsasən formal hesabatlara xidmət edir. Onların fəaliyyəti nəticəyə yönəlik yox, cari hesabatlılığa yönəlikdir.

 

Kiçik biznesin maliyyə resurslarına əlçatanlığında da ciddi problemlər var. Bankların kredit faizləri çox yüksəkdir, alternativ maliyyə bazarları isə ölkədə formalaşmayıb.  Aərbayanda kiçik biznesin inkişaf potensialı ilə hazırkı durum arasında çox böyük fərq var. Bunun da əsas səbəblərindən biri budur ki, ölkədə biznes azad deyil, dövlət sağlam rəqabəti dəstəkləmir, eyni zamanda qanunun aliliyini təmin etmir, müstəqil məhkəmə sistemi fəaliyyət göstərmir.

 

Eyni zamanda biznes üçün çox vacib olan bilik və bacarıqlar yoxdur. Uzunmüddətli inkişaf strategiyaları ilə çox nadir hallarda işləyirlər. Maliyyə resurslarına çıxış imkanları çox məhduddur. Həm də mövcud resurslara, xüsusilə  təqdim etdiyi resurslara, yaratdığı infrastruktura çıxışda ayrı-seçkilik var. Məsələn, sənaye parkları, sənaye məhəllələrində heç də bütün biznes subyektləri qeydiyyatdan keçib, verilən imtiyazlardan yararlana bilmir.

 

Rəqəmsallaşma çox aşağı səviyyədədir, çünki ölkədə elektron iqtisadiyyatın keyfiyyəti aşağıdır.

 

Dövlət tənzimlənməsi yüksəkdir, hələ də 39 adda mal və xidmətin tarifini dövlət tənzimləyir. Dövlətin iqtisadiyyatda rolu çox böyükdür, təsiri güclüdür, müdaxiləsi genişdir. Sabit vergi rejimi yoxdur, effektiv gömrük siyasəti həyata keçirilmir. Vergi və gömrük qaydalarındakı çoxsaylı və tez-tez edilən dəyişikliklər biznes üçün böyük problemlər yaradır. Bütün bunların nəticəsi olaraq ölkədə kiçik və orta biznesin normal inkişafından danışmaq mümkün deyil. Doğrudur, hökumətin əlindəki təbii resurs gəlirləri, vergi güzəştləri, ucuz kredit resursları ayırır, amma ən vacib olan 2 məsələ həllini tapmayıb: rəqabət  - iqtisadiyyatda həddən artıq yüksək inhisarlaşma var və bu azad biznesi boğur. İkinci vacib məsələ, binzesin güvəninin aşağı olmasıdır. Bu isə daha çox mülkiyyət hüququna və müqavilə hüquqlarının qorunmasına məhkəmə təminatlarının zəif olmasından qaynaqlanır. Nəticədə biznes iqtisadiyyata uzunmüddətli yatırımlar qoymağa, yüksək əlavə dəyər yaradan istehsallar yaratmağa həvəs göstərmir.

 

Bəs kiçik biznesin inkişafdan qalmasında, üzləşdiyi problemlərdə renta iqtisadiyyatının üstün mövqe qazanması nə dərəcədə həlledici rol oyanıb? Müsahibəyə cəlb olunan ekspertlərin fikrincə, ölkədə kiçik biznesin inkişafına ən böyük maneələrdən birincisi əgər siyasi rejimdən qaynaqlanan iqtisadi azadlıqların məhdudlaşdırılmasıdırsa, ikinci ən böyük problem məhz neft-qaz gəlirləridir. Əslində böyük resurs gəlirləri əhalinin alıcılıq qabiliyyətinin artmasına imkan yaratdığından, ölkədə yerli biznesin inkişafına böyük təkan verə bilərdi. Amma siyasi ambisiyalar üzündən yaradılan məhdudiyyətlər və korrupsiya, xüsusilə məmurlaırn rentayönümlü qərarları əhalinin artan alıcılıq qabiliyyəti müqabilində ölkədə yerli istehsalın inkişafına mane oldu, ölkədə əsasən qeyri-ticari sektorda canlanma baş verdi, əhalinin artan istehlak tələbləri isə daha çox idxal üzərindən təmin olundu. 2009-cu ildən sonra ölkədə hətta kənd təsərrüfatı istehsalı da ciddi tənəzülə getdi.

 

2014-cü ilin ikinci yarısından neft qiymətlərində olan kəskin azalmadan sonra ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində xeyli əhəmiyyətli addımlar atıldı. Hətta ölkədə kiçik biznesin inkişafını yönələn xüsusi yol xəritəsi qəbul olundu. Həmin dövrdə KOBİA yaradıldı. Əslində məhz 2016-2018-ci illər dövründə kiçik biznesin inkişafında real irəliləyiş müşahidə olundu. Lakin sonradan neft və qazın qiymətlərində baş veən artımlar, ölkənin neft-qaz gəlirlərinin əhəmiyyətli artımları əvvəlki böhran dövründə iqtisadi açılım istiqamətində olan addımlar tədricən yavaşıldı. Yenə dövlətin fiskal qurumlarında biznesə qarşı sərtləşmələr və korrupsiya hallarının artması müşahidə olunur. Hökumət öz fəaliyyətini əsasən artan neft-qaz gəlirləri üzərindən həyata keçirir. Ölkədə iri biznesin əsasən azsaylı hökmran iqtisadi qrupların əlində təmərküzləşməsi prosesi daha da güclənib ki, bu da kiçik biznesin geniş inkişafına ciddi maneələr yaradır.

 

Dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmalar açıq və şəffaf olmadığından kiçik biznes subyektlərinin belə tender və müsabiqələrdə rəqabətli iştirakı mümkün olmur.

 

Təbii resurslardan asılı olan ölkələrin əksəriyyətində iqtisadi mühit əlverişsiz olur. Asan qazanılan pullar, büdcə ehtiyacları üçün alternativ mənbənin, yəni renta gəlirlərinin olması onların inkişafına ehtiyacı xeyli azaldır. Belə mühitdə özəl biznes vergi ödəyici olmaqdan daha çox sosial funksiya daşıyır – məşğulluq problemlərini, qismən gəlir bərabərsizliyini aradan qaldırmaq öhdəliyinə malik olur.

 

Nəhayət, təbii resurs sektorunun iqtisadiyyatda dominant rol qazanmasının kiçik biznesin inkişafına neqativ  təsirlərindən biri olub ki, xarici və yerli investorların əsas diqqəti bu sektora yönəlir, hamı orada özünə yer etməyə çalışır. Eyni zamanda, neft sektoru yüksək gəlirlər təmin etdiyinə görə hökumət digər sektorların inkişafına xüsusi maraq göstərmir. Bu isə dövlətin islahatlardan çəkilməsinə gətirib çıxarır.

 

4. Alternativ siyasi institutların fəaliyyətinə təsirlər

 

Heç şübhəsiz ki, təbii resurs gəlirlərinin verdiyi üstünlüklərdən bəhrələnən və demokratik islahatlara maraq göstərməyən siyasi sistemin başlıca potensial hədəflərindən biri də alternativ  siyasi institutlar olur. Bunu nəzərə alaraq müsahibəyə cəlb olunan sahə ekspertlərinə ünvanlanan əsas suallardan biri son 20 ilin yekunu olaraq siyasi institutların mövcud durumunun qiymətləndirilməsilə bağlı olub.  Alınan cavabların ümumiləşdirilməsindən çıxan nəticə budur ki, Azərbaycanda siyasi institutların fəaliyyəti və inkişafı sahəsində ciddi problemlər qalmaqdadır. Ölkədə uzun ilərdir qapalı siyasi sistem mövcuddur. Bu sistem özünüqoruma instinkti əsasında - özünü kənar (həm ölkədaxili, həm xarici) təsirlərdən mümkün qədər mühafizə etmək düşüncəsi ilə qurulub. Bütün səviyyələrdəki seçkilərin yalnız formal xarakter daşıması, seçkili siyasi institutların formalaşdırılması və fəaliyyətində vətəndaşların iradəsinin rol oynamaması bu qapalılığı qoruyub saxlamaq məqsədi daşıyır. Siyasi partiyaların və müstəqil vətəndaş cəmiyyətinin inkişafına imkan verilməməsi də eyni məqsədə xidmət edir.

 

Müxalifət partiyalarının özləri üçün ofis saxlaması, bölgələrdə təşkilatlarının manesiz fəaliyyətini təmin etməsi üçün ciddi manelər qalmaqdadır. Siyasi partiyaların toplantılar keçirməsi, insanlarla görüşlər təşkil etməsi imkansız hala gətirilib. Parlamentdə təmsilçilik üçün kvotanı hər bir təşkilat üçün siyasi hakimiyyət müəyyən edir. Hakimiyyət üçün arzuolunmaz hesab edilən hansısa siyasi partiyanın qanunverici orqanda təmsilçiliyi mümkün deyil.

 

 “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul olundu. Bu qanun qüvvədə olan əvvəlki qanunla müqayisədə antidemokratikdir və hüquq və azadlıqları məhdudlaşdırır. Qanundakı bəzi müddəalar, məsələn, siyasi partiyalar üçün minimum 5 min üzvlük şərtinin gətirilməsi 2 məqsəd daşıyır: birincisi, mövcud partiyaların sayını ciddi şəkildə azaltmaq; ikincisi, yeni siyasi partiyaların yaranmasını əngəlləmək. Birinci məqsədin həyata keçirilməsinə artıq başlanılıb, bir çox siyasi partiya ya fəaliyyətini dayandırdığını elan edir, ya da başqa partiya ilə birləşmək yönündə qərar verir. Bunun səbəbi odur ki, hazırda dialoq adlandırılan prosesdə 50-yə yaxın partiya iştirak edir ki, bunların əksəriyyəti adı olub, özü olmayan partiyalardır. Hökumət ona real müxalifət olmayan bir sıra partiyaların maddi-texniki və ofis təminatını üzərinə götürüb. Lakin bu qədər çox partiyanın təminatını həyata keçirmək çətinliklər yaradır, bu səbəblə hakimiyyət onların sayının təxminən 5 dəfə azaldılmasına qərar verib. Bu faktın özü, yəni partiyalara özünü ləğv etmək və ya başqası ilə birləşmək təlimatının hakimiyyət tərəfindən verilməsi Azərbaycanda siyasi partiya institutunun vəziyyətini anlamağa imkan verir. İkinci məqsəd - yeni partiyaların ortaya çıxmasının xeyli çətinləşdirilməsi isə ona yönəlib ki, siyasətə yeni simalar gəlməsin. Cəmiyyətdə mövcud siyasi qüvvələrə, ümumən siyasi institutlara etimad çox aşağıdır. Müstəqilliyin qazanıldığı ilk illərdən bəri siyasi səhnədə kardial dəyişiklik və yenilənmə baş verməyib, demək olar ki, eyni qeyri-populyar simalar siyasətdə qalmağa davam edir. Halbuki yeni siyasi qüvvələr və liderlər siyasətə gələrsə, bu sahəyə ictimai maraq arta bilər, bu isə cəmiyyətdə siyasi aktivliyin yüksəlməsinə səbəb olar. Hakimiyyət bunda maraqlı deyil və yeni qanun bu yenilənmənin önünə hüquqi əngəllər qoyur. Bu, faktiki olaraq, birləşmə azadlığının pozulması deməkdir və Azərbaycan vətəndaşlarının öz konstitusion hüquqlarını reallaşdırması yolunda ciddi maneələrin qaldığını söyləməyə əsas verir.              

 

Bəs alternativ siyasi institutların fəaliyyətinı bu qədər maneələrin yaradılmasında renta iqtisadiyyatının siyasi sistemin formalaşmasına neqativ təsirləri nə qədər həlledici olub? Müsahibəyə cəlb edilən ekspertlərin fikrincə, müstəqilliyin ilk illərində Azərbaycanda demokratik institutlar tədricən inkişaf edirdi. Siyasi fəallıq yüksək idi və bunun nəticəsində güclü siyasi partiyalar yaranmışdı. Müxalifət partiyaları on minlərlə insanın iştitrakı ilə etiraz aksiyaları təşkil edə bilirdi. Yazılı mətbuat nisbətən azad idi və Azərbaycan jurnalistikası tərəqqi dövrünü yaşayırdı. Qeyri-hökumət təşkilatları yenicə təşəkkül tapmışdı və bütün problemlərinə baxmayaraq, 2000-ci illərin əvəllərində müəyyən inkişaf səviyyəsinə çatmışdı. Maraqlı və önəmli detal budur ki, bəhs etdiyimiz dövr neft gəlirlərinin məhdud olduğu illər idi. Lakin sonrakı illərdə böyük neft gəlirləri ölkəyə daxil olmağa başladıqca bütün bu sahələrdə reqres baş verdi. Siyasi və demokratik institutların deqradasiyası müşahidə olundu. Əlində böyük kapital toplamış siyasi hakimiyyət, bəsit dillə desək, hər şeyi və mümkün olan hər kəsi satın almağa başladı. Nəticədə bugünkü mənzərə  ortaya çıxdı: qapalı və korrupsiyalaşmış siyasi sistem; hakimiyyətin nəzarətində olan zəif siyasi institutlar; apolitik cəmiyyət. Yəni Azərbaycan nümunəsində renta sisteminin yaranması ilə siyasi institutların deqradasiyası arasında korellyasiya olduğunu görürük.

 

NHMT İB ekspert qrupu

May 2023 -cü il


[1] https://www.researchgate.net/publication/316101851_Extraction_of_Natural_Resources_Is_it_fueling_of_human_rights_abuses_in_the_exploration_and_exploitation_of_oil_and_gas_in_Tanzania