NHMT - Enerji səmərəliliyi: Milli Renovasiya Proqramı nə zaman qəbul ediləcək?

Enerji səmərəliliyi: Milli Renovasiya Proqramı nə zaman qəbul ediləcək?

Enerji səmərəliliyi: Milli Renovasiya Proqramı nə zaman qəbul ediləcək?

 

Giriş

 

Azərbaycan hökumətinin qəbul elədiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın[1] əsas strateji məqsədlərindən biri olan “yaşıl enerji məkanı” çərivəsində müəyyən edilən fəaliyyət istiqamətlərinən biri də enerji səmərəliliyinin təmin edilməsidir (digər istiqamətlərə iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, energetika sektorunda liberallaşdırma və s. daxildir).

Strategiyada enerji səmərəliliyinin təmin edilməsi üçün 2022-2026-cı illərdə həyata keçirilməsi hədəflənən 4 əsas fəaliyyətindən biri də qabaqcıl təcrübəyə uyğun olaraq milli renovasiya proqramının hazırlanması və qəbuludur. Dünya ölkələrinin təcrübəsində bu proqram özəl (yaşayış, kommersiya və ofis) və ictimai binaları əhatə edir.

Renovasiya enerjidən qənaətli istifadə texnologiyaları tətbiq etməklə binaların təmir və ya yenidən qurulması, zədələnmiş və ya köhnəlmiş strukturların yaxşılaşdırılması prosesidir Təmir və bərpa işləri adətən həm kommersiya təyinatlı, həm də yaşayış binalarında aparılır. Dünyada binaların yüksək enerji performansı standartlarına uyğunlaşdırılması iqlim dəyişikliyinin neqativ təsirlərinin azaldılması və enerji təhlükəsizliyi potensialının yüksəldilməsilə yanaşı həmçinin yeni iş yerlərinin yaradılması, həyat keyfiyyətinin yüksəldilməsi, iqtisadi stimullaşdırma aləti də hesab edilir.

Ümumyyətlə isə renovasiya proqramlarının faydaları bir neçə aspektdən qiymətləndirilir ki, bura iqtisadi və ictimai faydalar, enerji sistemini faydaları və ətraf mühitə töhfələr daxildir. Məsələn, iqtisadi faydalar dedikdə ilk növbədə enerji xərclərinə qənaət nəzərdə tutulur. Aparılan araşdırmalar[2] göstərir ki, Avropanın bəzi ölkələrində həyata keçirilən renovasiya proqramları il ərzində bir ev təsərrüfatına 1800 avroya qədər enerji xərclərinə qənaət imkanı yaradır. Bu isə həmin ölkələrində bəzilərində aylıq median gəlirin məbləğinə ekvivalentdir. Enerji xərclərinə qənət insanlara özlərinin başqa istehlak xərclərini artırmağa və iqtisadi inkişafı stimullaşdırmağa yönəldir. Yaxud digər mühüm iqtisadi faydalardan biri budur ki, enerji xərclərinə qənaət xüsusilə enerji idxalından asılı ölkələrin xarici ticarət balansının defisitini azaltmağa, makroiqtisadi sabitliyin dəstəklənməsinə zəmin formalaşdırır.

Renovasiya proqramlarının ətraf mühitə pozitiv təsirləri aydındır: söhbət karbon emissiyasının və atmosferə çirkli tullantı miqdarının azaldılmasından gedir. 

Nəhayət, adıçəkilən proqramların enerji sisteminə töhfəsinə gəldikdkə, Avropa Komissiyasının gəldiyi nəticəyə görə, 20% enerji səmərəliliyi hədəfinə nail olmaq kömürlə işləyən 1000 ədəd elektrik stansiyasına və ya 500,000 külək turbinin qurşadırılmasına ehtiyacı aradan qaldıracaq. Bundan əlavə, enerji tələbinin azalması tələbatın maksimuma çatdığı pik dövrlərdə (yayda soyutma, qışda isitmə) enerji infrastrukturunun həddən artıq yüklənməsinin, bu isə sistemlərdə qəzaların və istismar xərclərinin artmasının qarşını alır.

 

1. Azərbaycanda enerji səmərəliliyinin təmin edilməsi üçün hüquqi baza

 

Azərbaycanda son 5 ildə binaların enerji effektivliyinin təmin edilməsi istiqamətində çoxsaylı normativ-hüquqi sənədlər hazırlanıb. 2022-ci ilin iyulundan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun[3] qüvvədədir.

Bu qanuna əsasən, enerji effektivliyi səlahiyyətli dövlət orqanları enerji resurslarından səmərəli istifadəyə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Enerji effektivliyi üzrə tədbirlərin məqsədi istehlak olunan enerji miqdarının azaldılması sayəsində enerjiyə qənaətə nail olmaqdır. Bu sahədə əsas alətlərdən biri kimi binaların enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi üçün ixtisaslaşmış (həmçinin peşəkar) subyektlər tərəfindən enerji auditinin keçirilməlidir. Audit nəticəsində isə binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının həyata keçirilməsi nəzərdə tutulur.

Adıçəkilən qanuna görə, enerji resurslarından səmərəli istifadəyə xidmət edəcək əlverişli mühitin yaradılması, enerji effektivliyi üzrə tədbirlərə və yüksək effektiv texnologiyalara investisiyaların cəlbinin təşviq edilməsi sahəsində də tədbirlər görməlidir. Təşviqedici tədbirlər kimi qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi, güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Eyni zamanda, qanunda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə hökumət tərəfindən enerji effektivliyi fondunun yaradılmasının vacibliyi qeyd edilir ki, bu təsisat kreditlər və qrantlar, ianələr, donor ayırmaları, fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər hesabına maliyələşə bilər.

Nəhayət, qanuna əsasən, səlahiyyətli dövlət qurumu enerji effektivliyinin yüksəldilməsi məqsədilə binalar üçün minimum enerji effektivliyi normalarını və enerji effektivliyi üzrə pasportlaşdırılması, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını müəyyənləşdirməlidir.

Bu qanunun icrasının təmin edilməsi məqsədilə 2022-ci ilin avqustunda “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi” Qaydası[4] təsdiq olunub.  Sənədə görə, enerji effektviliyi üzrə xidmətlərlə bağlı sifarişçi ilə icraçı arasında müqavilə bağlanmalıdır. Müqavilənin qiyməti enerji effektivliyi xidmətlərinin həcmindən və dəyərindən asılı olaraq, zəmanətli qənaət əsasında müəyyən edilir və faktiki qənaətin dəyərindən müqavilədə əks olunan sabit faizə əsasən ödənilir. Burda zəmanətli qənaət dedikdə, müqavilə müddəti ərzində enerji effektivliyi xidmətləri nəticəsində baza istehlak səviyyəsi üzrə istehlak miqdarının azalması nəzərdə tutulur.  Müqavilə müddəti enerji effektivliyi xidmətlərinin həcmi və dəyəri nəzərə alınmaqla sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir.

Enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi üçün müqavilənin ayrılmaz tərkib hissəsi olan enerji effektivliyi üzrə tədbirlər planı icraçı tərəfindən tərtib edilir, sifarişçi ilə razılaşdırılır və icra edilir. Enerji auditi keçirilmiş obyektlər üzrə tədbirlər planı enerji auditinin nəticəsinə əsasən tərtib edilə bilər. Planda enerjiyə qənaətə gətirib çıxaracaq tədbirlərin siyahısı, hər tədbir üzrə icra mərhələləri və icra müddəti,  hər tədbirin icrasına tələb olunan vəsait və s. əks etidirilməlidir.

Mühüm sənədlərdən biri 2023-cü ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Binalar üçün minimum enerji effektivliyi Normaları”dır[5]. Sənədə görə, enerji effektivliyinə görə, binalar 5 sinfə ayrılır. Bu təsnifat üçün meyar isə bina üçün faktiki enerji sərfinin normalaşdırılan sərfiyyatdan kənarlaşma səviyyəsi götürülr. Məsələn, kənarlaşma səviyyəsi 51%-dən az olan binalar A kateqoriyasına aiddir və “yüksək enerji effektivliyinə malik” binalar hesab edilir. Yaxud faktiki enerji sərfi normalaşdırılan göstəricidən 75% çox olan binalar “çox aşağı enerji effektivliyinə malik” malik binalardır. Kənarlaşma səviyyəsi faktiki göstəricinin normalaşdırılan göstəriciyə faiz nisbəti kimi hesablanır. Digər 3 kateqoriya ”yüksək” (B), “normal” (C) və “aşağı” (D) kimi təsnifləşdirilib.

Binanın enerji effektivliyi sinfi onların istilik təchizatı, sərin hava təchizatı, havalandırma, isti su təchizatı, habelə binanın işıqlandırılması üçün enerjinin illik istehlak göstəriciləri əsasında hər kvadratmetr sahəyə nəzərən müəyyənləşdirilir. Sənnəddə istifadə olunan tələblər yaşayış binalarına, mehmanxanalara, sosial xidmət müəssisələrinə, yataqxanalara, tibb və təhsil müəssisələrinə, istehsalat binalarına və anbarlara, inzibati təyinatlı binalara aid edilir.

Nazirlər Kabinetinin daha bir qərarı[6] (11 mart 2014-cü il tarixli 73 saylı qərar) Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi qaydalarını tənzimləyir. Sənədə əsasən, binalar elə layihələndirilib tikilməlidir ki, onların istismarı zamanı enerji resurslarının səmərəli istifadəsi təmin olunsun. Eyni zamanda, binaların qurğuların layihə sənədləri işlənilərkən tələb olunan enerji səmərəliliyi sinfi, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması üzrə tələblər layihə tapşırığında göstərilməli, tikinti layihəsində enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması üzrə bölmə nəzərdə tutulmalıdır. Həmin bölmədə layihələndirilən bina və qurğunun ümumi enerji xarakteristikası, bina və qurğunun enerji pasportu, bina və qurğunun enerji səmərəliliyi sinfi, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılmasına yönəldilmiş layihə həlləri haqqında məlumatlar əksini tapmalıdır.

Qaydalarda binanın enerji pasportunun tərtibi üçün zəruri olan tələblər və göstəricilər də göstərilib.

Nəhayət, bu sahədə mühüm normativ sənədlərdən biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2021-ci ilin noyabrında təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları” adlı sənəddir. Sənədə görə, xarici divarların və digər qoruyucu konstruksiyaların istilik keçirmə müqaviməti və havanüfuzetmə qabiliyyəti qüvvədə olan normalardan aşağı olmamalı, isitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması və isti su təchizatı sistemləri avtomatik və ya əl ilə tənzimləmə sisteminə malik olmalı, eləcə də binanın mühəndis sistemləri istilik və elektrik enerjisinin, suyun və qazın uçotunu  aparan cihazlarla təmin edilməlidir.

 

2. Binaların renovasiyası sahəsində beynəlxaql təcrübə

 

Binaların yeni texnologiyalar əsasında enerji qənaəti məqsədilə təmiri və bərpası sahəsində dünyada ən yaxşı təcrübələr Avropa Birliyi (AB) ölkələrində formalaşıb. Birliyin açıqladığı statistikaya[7] görə, Birliyin ümumi enerji istehlakının 42%-ni, enerji istehlakından qaynaqlanan istixana qazı emissiyasının 35%-i məhz binaların payına düşür. Bu səbəbdən Aİ iqlim dəyişikliyi bağlı hədəflərinə nail olmaq üçün 2030-cu ilə qədər yaşayış və qeyri-yaşayış binalarının enerji qənaəti texnologiyaları əsasında  yeniləmə sürətini ən azı 2 dəfə artırmaq, binaların enerji istehlakını ən azı 60% azaltmaq istiqamətində renovasiya strategiyaları reallaşdırır.

Birlik bu strategiyaların reallaşdırılımasını təmin etmək üçün hələ 2010-cu ildə üzv ölkələrin istinad edə biləcəyi hüquqi bazanın formalaşdırımasına start verib və həmin ilin mayında AB Parlamenti tərəfindən “Binaların enerji performansı” adlı Direktiv[8] qəbul edilib. 2018-ci ilin may ayında isə həmin Direktivə dəyişik və əlavələr[9] təsdiqlənib. Bu sənədlərdə binaların enerji qənaəti ilə bağlı əks olunan ən mühüm müddəaları aşağıdakı kimi qruplaşdırmaq olar:

 

  • Bütün üzv dövlətlər binaların enerji istehlakı üzrə minimum tələblər müəyyənləşdirməli, enerji istehlakı göstəricilərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər iqlim şərtləri və yerli şəraiti nəzərə alınmaqla həyata keçirilməlidir;
  • Mülkiyyət sahiblərində enerji qənaətinə maraq yaratmaq üçün davamlı məlumatlandırma kampaniyaları təşkil edilməlidir;
  • Yeni binalar üçün bərpa olunan enerji mənbələrinə əsaslanan əksmərkəzləşdirilmiş enerji təchizatı sistemləri qurulmalı, “sıfır emissiyalı” tikintilər olmalıdır;
  • “Sıfır emissiyalı” binaların tikintisi üçün üzv dövlətlər milli planlar, siyasət alətləri və stimullaşdırma mexanizmləri hazırlamalıdırlar;
  • Yeni binalar üçün enerji göstəricilərinin yaxşılaşdırılması üçün hədəf göstəricilər müəyyən edilməlidir;
  • Üzv dövlətlərin hamısı 2050-ci ilə qədər həm ictimai, həm də özəl yaşayış və qeyri-yaşayış binalarının və karbon emissiyasız tikili fonduna çevrilməsini dəstəkləmək üçün uzunmüddətli reniovasiya strategiyası hazırlamalı, bu strategiyalar 2050-ci ilə qədər binaların karbon emissiyasının 85-90%-dək azaldılmasını hədəfləməlidir;
  • Qeyd olunan hədəfə yetişmək üçün qarşıdakı 10 illik dövrlər üzrə yol xəritələri hazırlanmalı, bu xəritələrdə hədəfə nail olmaq üçün tədbir və fəaliyyətlər, tərəqqi göstəriciləri əks etdirilməlidir;
  • Avtomibillərin parklanması üçün binalarda parkinq yerləri olmalı, enerji təchizatı üçün zəruri infrastruktur elə həmin binalarda yaradılmalıdır;

 

AB ölkələri içərsində həm sosialist keçmişi olan, həm də köhnə üzvlər arasında renovasiya proqramlarının hazırlanıb həyata keçirilməsinə eyni dərəcədə maraq var. Məsələn, Estoniya 2020-ci ildə “Binaların renovasiyası ilə bağlı uzunmüddətli strategiya” qəbul edib[10]. Strategiyaya əsasən, 2050-ci ilə qədər istismar müddəti 20 ildən çox olan bütün binalar enerji qənaəti standartlarına uyğunlaşdırılmaq üçün tam təmir edilməli və ya bərpa olunmalıdır. Bu zaman bir sıra prinsiplər nəzərə alınmalıdır. Məsələn, regional balansı təmin etmək üçün funksional bölgələrdə və ikinci dərəcəli mərkəzlərdə yaşayış sahələrinin təmirinin həyata keçirilməsi vacibdir. Strategiyanın reallaşdırılmasından əsas gözləntilərdən biri olaraq qeyd edilir ki, həyata keçirilən tədbirlər ölkə vətəndaşlarının 80%-ə qədərinin yaşayış və iş şəraitini yaxşılaşmasını təmin edəcək. Binalarda  enerjidən səmərəli istifadə texnologiyalarının tətbiqi hesabına 2030-cu ilə qədər ilkin enerji növlərinin istehlakında 14% azalmanın olacağı hədəflənir.

Sənəddə renovasiya proqramları ilə əhatə edilməli olan tikililər 5 qrupa ayrılıb: fərdi evlər, çoxmərtəbəli yaşayış binaları, biznesə aid qeyri-yaşayış binaları (ofislər). Strategiyaya görə, qarşıdakı 30 ildə ümumi sahəsi 53,9 milyon kvadratmetr olan 14 min yaşayış binasının, 27 min qeyri-yaşayış binasının, 100 min fərdi mənzilin təmir və yenidənqurmaya ehtiyacı var. Eyni zamanda, bu həcmin 4,9 mln. kvadratmetri bələdiyyə qurumlarının və mərkəzi hökumət strukturlarının sərəncamında olan ofis binalarına aiddir.

Strategiya müəllifləri hesab edir ki, bu hədəfə effektiv nail olmaq üçün hər bir 10 illik üzrə strategiyanın gözlənilən nəticələrini və mərhələlərini dəqiq müəyyən etmək lazımdır. Eyni zamanda, qeyd olunan tədbirlərin miqyası və maliyyə tutumu həddən artıq böyükdür, onların təkbaşına hökumətin imkanları sayəsində reallaşdırılması mümkün görünmür. Bu baxımdan, təmir və yenidənqurma işlərinin müəyyən hissəsi bina mülkiyyətçilərinin iştirakı ilə həyata keçrilməsi vacibdir. Burda ilk növbədə sahibləri tərəfindən təmiri planlanan mənzillər və binalar müəyyən edilməli, yaşayış və ya iş sahəsinin enerji qənaəti texnologiyalarıla təchizi xərcləri dövlət tərəfindən qarşılanmalı, planlanan təmir xərclərini mülkiyyətçinin özü qarşılamalıdır. Aparılan hesbalamalara görə, enerji qənaəti texnologiyalarından istifadə xərcələri də nəzərə alınmaqla 1 kvadratmetr renovasiya tədbirləri üçün tələb olunan xərc 1100 avroya yaxındır (bundan 600 dolları bilavasitə enerji qənaəti texnologiyalarının tətbiqilə bağlıdır). Cari qiymətlərlə ölkə üzrə renovasiya proqramının dəyərinin 22 mlrd. dollar olduğu müəyyən edilib ki, bunun tam yarısı (11 mlrd. dollar) mənzillərə, 7,7 mırd. Dolları biznes ofislərinə aiddir. Strategiyaya əsasən, ümumi renovasiya xərclərinin fərdi mənzillər üzrə 30%-i, çoxmərtəbəli binalardakı mənzillər  və biznes ofisləri üzrə 40%-i, bələdiyyə binaları üzrə 50%-i hökumət dəstəyi əsasında reallaşdırılacaq.

Estoniyada dövlətin əvəzsiz maliyyə dəstəyi ilə yanaşı əlverişli şərtlərlə borc vəsaitləri təqdim edən “KredEx” Fondunun da yaradılması nəzərdə tutulub. Bu fondun da vəsaitlərinin 10%-nin dövlətin töhfəsi əsasında formlaşdırılacağı qeyd edilir.

Tikinti Məcəlləsinə əsasən, minimum enerji səmərəliliyi tələbləri memarlıq abidəsi elan edilmiş tikililələrə, dini və mədəni əhəmiyyətə malik binalara şamil edilmir. Qiymətləndirmələrə görə, bu kateqoriyaya aid abidələrin sayı strategiyanın əhatə etdiyi binaların 2%-ni  təşkil edir.

Estoniya statistika  qurumu tikinti reyestri məlumatlarına əsasən il ərzində təmir aparılan bina və mənzillərin sayı ilə bağlı rəqəmləri əldə edə bilir. Hər il 2000-ci ildən əvvəl istifadəyə verilmiş fərdi evlər fərdi mənzil fondunun 0,3-0,4%-i təmirə məruz qalır. Enerji səmərəliliyi baxmından fərdi mənzillərin təmiri üçün bir sıra tələblər də müəyyən edilib. Məsələn, xüsusi materialla xarici divarların və damın 15-20 sm izolyasiyası, üçqat şüşəli pəncərələrin qoyulması, qızdırıcı sobalarının istilik nasosları əvəzlənməsi bura daxildir. Bir fərdi ev üçün dövlət tərəfindən orta hesabla 15 min avro dəstək verilir. Dəstək üçün ölkənin bütün bölgələrindən müraciətlər qəbul edilir.

Avropa Birliyinin yüksək inkişaf səviyyəsinə malik ölkələrindən Finlandiya 2020-2050-ci illər üzrə 30 illik renvasiya strategiyası[11] qəbul edib. Ölkədə enerji performansına görə binalar 7 kateqoriyaya ayrılır: A, B və C kateqoriyasına yüksək, D, E, F və G kateqoriyasına isə aşağə enerji səmərəliliyi olan tikililər daxildir. Ən son məlumata görə, bütün tikili fondunun 26%-i yüksək enerji səmərəliliyinə malik kateqoriyaya aiddir. 

Finlandiyanın renovasiya strategiyasında binaların yüksək enerji səmərəliliyinin və dekarbonizasiyasının təmin edilməsi üçün 2 mühüm alət müəyyən olunub:

 (1) tikili fondunun enerji səmərəliliyinin yüksəldilməsi üçün təmir və texniki xidmətinin modernləşdirilməsi;

 (2) ənənəvi enerjiyə əsaslanan bina tikintisindən imtina olunması.

 

Strategiyaya görə, binaların enerji səmərəliliyini artırılması yüksək xərcli bahalı təmir tələb edərsə, həmin binaların sökülməsi mümkün alternativlərdən biri kimi nəzərdən keçirilə bilər. Qeyd edilir ki, yerləşdiyi məkandan asılı olmayaraq bütün binalarnın (bütün enerji siniflərinə və yaş qruplarına aid) davamlı və sistemli idarəçiliyi təmin edilməlidir. Əmlakın idarə edilməsinin tərkib hissəsi kimi mülkiyyətçilərin növbəti 15-20 il ərzində təmir tədbirlərinə dair xüsusi strategiya malik olması vacibdir və bu cür strategiyalar ilk növbədə binaların minimum sıfır enerji istehlakını hədəfləməlidir.

Finlandiyanın renovasiya strategiyasında ən müxtəlif bina və mənzil tipləri üzrə enerji qənaəti tələbləri müəyən edilib. Məsələn, təmirə ehtiyac duyan köhnə fərdi evlərdə istilik enerjisilə bağlı itkilərinin azaldılması üçün səmərəli təkliflər belədir: dam konstruksiyalarına istilik izolyasiyasının əlavə edilməsi, istilik saxlayan pəncərələrdən istifadə, divarlara xüsusi izolyasiyasının əlavə edilməsi. Elektrik enerjisi ilə qızdırılan yeni fərdi yaşayış evləri üçün əlavə konstruktiv təmirə ehtiyac yoxdur və belə mənzillərin sadəcə istilik nasosları və günəş panellərilə təchizatı yetərlidir.

Çoxmərtəbəli binalara münasibətdə enerji qənaəti baxımından isə izloyasiya və alternativ enerji mənbələrindən istiifadə (məsələn, binaların damında günəş panellərinin quraşdırılması) tədbirlərilə yanaşı rəqəmsal texnologiyalardan istifadəyə ehtiyac var. Məsələn, rəqəmsal həllər vasitəsilə müntəzəm olaraq binaya verliən suyun təzyiqi, mərkəzləşdirilmiş sistemdən ötürülən istiliyin səviyyəsi nəzarətdə saxlanılır, normadan artıq göstəriclilər qeydə alındıqda onlar normaya uyğunlaşdırılır. Yaxud su və ya elektirk sistemində hansısa dərhal gözə dəyməyən itkilərin avtomatik aşkarlanması mümükn olur. Bütün bu tədbirlər enerji səmərəliliyinin təmin edilməsinı yardımçı olur.

Strategiyada “karbon neytrallığının təşviqi” adlı ayrıca hissə var. Sənədə görə, 2035-ci ilə qədər karbon neytrallığının təmin edilməsi Finlandiyanın milli enerji və iqlim siyasətinin məqsədlərindən biridir və Strategiya çərçivəsində nəzərdə tutulan tədbirlər bu məqsədə xidmət etməlidir. Bu baxımdan mərkəzi hökumət və bələdiyyələrin əsas vəzifəsi yaxın 10 ildə binaların ənənəvi yanacaqla qızdırılması sistemindən mümkün olduğu qədər imtina etmək olmalıdır. Hökumət artıq

karbon neytrallığına nail olmaq üçün xüsusi yol xəritəsinin hazırlanmasına start verib.

 

3. Azərbayacanda qəbul ediləcək renovasiya proqramında nəzərə alınmalı məqamlar

 

Azərbaycanda bina (yaşayış və qeyri-yaşayış təyinatlı) fondunun ümumi həcminə və strukturuna dair açıq informasiya mənbələrində yetərincə məlumat tapmaq çətindir. Dövlət Statistika Komitəsinin hesabatlarında[12] olan informasiyalar əsasən ev təsərrüfatlarına aid mənzil fondunu əhatə edir. Ən son statistikaya görə, ölkə üzrə mənzil fondunun ümumi sahəsi 227 mln. kvadratmetr təşkil edir. Mənzil fondunun təxminən 57%-i (130 mln. kv.metr) şəhərlərin, yerdə qalan 43%-i isə kənd yaşayış məntəqələrinin payına düşür. Ölkənin 5 böyük şəhərinin (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan) şəhərləri üzrə mənzil fondunun ümumi sahəsi 78 mln kv. metr (ölkənin cəmi mənzil fondunun üçdə biri) təşkil edir.   

Öz növbəsində, bütün mənzil fondunun 96%-i (217 mln. kv/metr) qeyri-dövlət mülkiyyətinə, 4%-i isə dövlətə aiddir. Bundan əlavə, ölkə üzrə mənzillərin ümumi sayı 2,3 mln. əddədir. Lakin rəsmi statistika bu mənzillərin  fərdi və çoxmənzilli binalar üzrə bölgüsünə dair heç bir məlumat açıqlamır. İctimai əhəmiyyətli bina və ofislər, biznes təyinatlı ofis binaları ilə bağlı məlumatlar isə ümumiyyətlə ictimaiyyət üçün əlçatan deyil. Rəsmi statistika hesabatıarda mənzil fondunun istismar müddətinə görə bölgüsü ilə də bağlı məlulamatlar tapmaq mümkün deyil.

Yuxarıda qeyd ediən bütün statistika məlumatlar milli səviyyədə renovasiya strategiyasının hazırlanması üçün tələb olunan əsas məlumatlardır və statistika sahə üzrə ixtisaslaşmış ictimai təşkilatlar və beyin mərkəzləri üçün də həmin göstəriciləri açıq mənbələrdə yerləşdirməlidir.

Strategiyanın məzmun və sturkturu baxımdından isə bir sıra vacib təşəbbüslərin həyata keçirilməsinə ehtiyac var. Bu təşəbbüslərin bir çoxu Avropa Birliyinin dəstəyilə də Azərbaycanda reallaşdırılan araşdırmalar[13] çərçivəsində təklif edilib ki, həmin təkliflərə daxildir:

 

  • enerji effektivliyi üzrə inzibati və institusional strukturun gücləndirilməsi,
  • monitorinq və hesabat sisteminin hazırlanması,
  • enerji effektivliyi fondunun yaradılması, binalar üzrə enerji səmərəliliyinə dair qanunun qəbulu,
  • dövlətə məxsus binalar üzrə enerjinin idarə edilməsinə dair informasiya sisteminin hazırlanması,
  • yaşayış və ictimai binalar üçün milli renovasiya proqramının qəbulu,
  • enerji effektivliyini nümayiş edən layihələrin icrası,
  • yeni yüksək enerji effektivliyinə malik olan binaların inşası,
  • binaların enerji effektivliyinə görə sertifikatlaşdırması,
  • yaşayış və ictimai binalarda mövcud texniki və iqtisadi enerji effektivliyi potensialına dair araşdırmanın aparılması,
  • nümunə olaraq seçilmiş ictimai binalarda enerji auditinin həyata keçirilməsi,
  • çoxmənzilli yaşayış binalarında kondominiumların (MMMC- mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) yaradılmasının təşviq edilməsi,
  • tikinti sektoru üzrə ən yaxşı texniki və iqtisadi təcrübələr, materiallar və texnologiyalara dair təlimatın hazırlanması,
  • binaların enerji effektivliyi üzrə hesablama metodologiyası üçün milli proqramın(software) hazırlanması.

 

“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan və hələ də nə zaman tam hazır olacağı qeyri-müəyyən olan milli renovasiya proqramının bilavasitə hazırlanması prosesi, digər tərəfdən isə proqramın strukturu ilə bağlı aşağıdakı məqamların nəzərə alınması məqsədəuyğundur:

 

  • Prosesdən bütün maraqlı tərəflər, o cümlədən ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları və “beyin mərkəzləri”, çoxmərtəbəli mənzillərin mülkiyyətçilərinin yaratdıqları birliklər müəyyən edilməli, onların iştirakı ilə proqramın hazırlanmasına dair ictimai müzakirə və debatlar, ictimai dinləmələr keçirlməlidir;
  • Ölkənin tikinti fondunun renovasiya potensialının iqtisadi qiymətləndirilməsi aparılmalı, enerji və qeyri-enerji faktorları üzrə bütövlükdə iqtisadiyyatın, eləcə də ev təsərrüfatlarının və biznesin əldə edəcəyi faydalar müəyyən edilməlidir;
  • Bina fondunun hər bir elementi (mənzillər, biznes ofisləri, inzibati bina fondu və s.)  investisiya ehtiyacları və onların maliyyələşdirmə mənbələri müəyyən edilməlidir;
  • Bütün maneələrin, xüsusilə də ev təsərrüfatlarının proqramın icrasına şəxsi maliyyə ilə töhfə vermək üçün maddi imkana və ya, əlverişli şərtlərlə bank kreditlərinə çıxışa malik olub-olmaması hərtərəfli qiymətləndirilməlidir. Bunun üçün ehtiyac olaraq ölkənin bütün ərazilərini əhatə edən əhali sorğusu keçirilə bilər;
  • Renovasiya proqramı yalnız paytaxt Bakı şəhərini və Sumqayıt, Gəncə və Mingəçevir kimi iri şəhərləri deyil, ölkənin bütün rayon mərkəzlərini əhatə etməlidir;
  • Proqramın reallaşdırılmasına, xüsusilə də fərdi mənzillərin enerji səmərəliliyi tələblərinə uyğunlaşdırılmasına dövlətin hansı nisbətdə töhfə verəcəyi dəqiq müəyyən edilərək cəmiyyətə elan olunmalıdır. Bu halda xüsusilə də aztəminatlı vətəndaşlara münasibətdə dəstəyin fərqli mexanizmləri təklif edilməlidir.
  • Fərdi evlərin renovasiyası üçün ev sahibləri üçün təmirə və yenidənqrumaya dair tipik təlimat materialları hazırlanmalıdır;
  • Yeni tikilən binaların “sfır karbon emissiyalı” və ən yüksək enerji qənaətinə malik texnoloji həllər əsasında tikilməsi ilə bağlı şəhərsalma və tikinti qanunvericiliyə köklü dəyişikliklər edilməlidir.

 

NHMT İB Ekspert qrupu


[1] https://static.president.az/upload/Files/2022/07/22/5478ed13955fb35f0715325d7f76a8ea_3699216.pdf

[2] https://www.bpie.eu/wp-content/uploads/2015/10/Developing-Building-Renovation-Strategies.pdf

[3] https://e-qanun.az/framework/48129

[4] https://e-qanun.az/framework/51269

[5] https://e-qanun.az/framework/55025

[6] https://e-qanun.az/framework/27414

[7] https://www.eea.europa.eu/publications/accelerating-the-energy-efficiency

[8] https://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=OJ:L:2010:153:0013:0035:en:PDF

[9] https://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:32018L0844

[10] https://energy.ec.europa.eu/system/files/2020-09/ee_2020_ltrs_official_translation_en_0.pdf

[11] https://energy.ec.europa.eu/document/download/58721db6-4127-4a14-9d59-b6ea055a58db_en?filename=fi_2020_ltrs_en.pdf

[12] https://www.stat.gov.az/source/healthcare/

[13] https://www.energycharter.org/fileadmin/DocumentsMedia/EU4Energy/Microsoft_PowerPoint_-_AZ_-_NEEAP_2nd_IMWG_-_Measures-AZ.pdf