NHMT - Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi 2015-ci il üzrə hesabat

Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi 2015-ci il üzrə hesabat

Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi 2015-ci il üzrə hesabat

 

Bakı şəhəri, Yanvar  2016

 

 

Mündəricat

1. Giriş

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti

3. 2015-ci ildə  əmək hüquqlarının müdafiəsi və təlimi

3.1. Marifləndirilmə, məlumatlandırma

3.2. Məhkəmə çəkişmələri

4. Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti

4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar

4.2. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları

5. Neft sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

6. Monitorinq vaxtı müşahidə olunan müsbət hallar

7. İdarə və müəssisələrdə əmək qanunvericiliyinin pozulma səbəbləri

8. İdarə və müəssisələrdə bədbəxt hadisələrin baş vermə səbəbləri

9. Əmək qanunvericiliyində olan boşluqlar

 

1. Giriş

Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələr əsasında hazırlamışdı. Hesabatın tərtib olunmasın da məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğun mümkün olan dərəcədə qiymətləndirməkdi.

Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin həlli üçün təklif və tövsiyələr də verilmişdi.

 

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti

 

2.1. Təşkilatın missiyası

NHMT Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır

 

2.2. Təşkilat haqqında məlumat

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb (Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardı:

 

 

3. 2015-ci ildə əmək hüquqlarının təlimi və müdafiəsi

(http://nhmt-az.org/frontend/index.php)

Hesabat dövründə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8 iyul 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin bank hesablarına qoyulmuş həbs yalnız 1 il 3 aydan 2015-сi ilin sentyabr ayında Nəsimi rayon məhkəməsinin qərarı ilə götürüldü. Bu müddət ərzində də təşkilat öz fəaliyyətini dayandırmamışdır. Təşkilatda fəaliyyət göstərən, mülki və ya əmək müqaviləsi əsasında çalışan işçilər ictimai əsaslarla öz fəaliyyətlərini davam etdiriblər. 

Hesabat dövrü ərzində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının neft sənayesində çalışan 650, digər sahələrdə çalışan 250 nəfər, ümumimilikdə isə 900-yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi  yardım göstərilmişdir.

Bir çox hallarda vətəndaşlara hüquqi yardım telefon və internet vasitəsi ilə aparıldığndan müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır. [1]

 

Təşkilat tərəfindən hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunub:

 

3.1. Marifləndirilmə, məlumatlandırma

- Təşkilatın ofisində,şəhər və mobil telefonlarla

- Təşkilatın veb səhifəsi vasitəsilə Online Hüquqi məsləhətxanası http://nhmt-az.org/frontend/pages/qa.php

- Təşkilatın fb səhifəsi vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilmişdir (http://www.facebook.com/pages/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı/252293961555136)

- Təşkilatın hüquqşünası İnternet TV Kanal 13-ün “Hüquq işığında” verilişi vasitəsilə əmək qanunvericiliyi çərçivəsində əhalinin hüquqi marifləndirilməsini aparmışdır: https://www.youtube.com/watch?v=WD1Wqet9XKI

 

3.2. Məhkəmə çəkişmələri

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 77 iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hüquqi yardımlar əsasən, işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarəti, ilə əlaqədar kompensasiyaların verilməsi və sair iddialar üzrə olmuşdur:

- Təmin olunan şikayətlərin sayı(Rayon, İnzibati-İqtisad, apellyasiya və kassasiya): 21

- Qismən təmin olunan şikayətlərin sayı(Rayon, İnzibati-İqtisad, apellyasiya və kassasiya): 37

- Təmim olunmayan şikayətlərin sayı(Rayon, İnzibati-İqtisad, apellyasiya və kassasiya): 12

- Davam edən məhkəmə işləri: 7

 

  • Cəmi - 77                                                                                        
  • Rayon və İnzibati-İqtisad məhkəmələrində: 48

 

- Təmin olunan iddiaların sayı:          4

- Qismən təmin olunan iddialar:        31

- Təmim olunmayan iddiaların sayı:  7

- Davam edən məhkəmə işləri:          6

 

  • Bakı, Gəncə və Şirvan Apellyasiya Məhkəməsində: 32

 

- Təmin olunan iddiaların sayı:          9    

- Qismən təmin olunan iddialar:        2    

- Davam edən məhkəmə işləri:         2

 

  • Azərbaycan Respublikasının Ali Məhkəməsində: 18

 

- Təmin olunan iddiaların sayı:         8

- Qismən təmin olunan iddialar:        4

- Təmim olunmayan iddiaların sayı:  5

- Davam edən məhkəmə işləri:          1

 

  • Məhkəmə Qətnamələrinin icrası:

 

- İcra edilən məhkəmə qətnamələri:          9

- İcrası davam edən məhkəmə qətnamələri: 1

 

  • Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciət

 

- Hüseynov Zakir ARDNŞ-nin Neftqaztikinti Trestinin işçisi İşə Bərpa ilə əlaqədar       

Təşkilat eksperti tərəfindən bütün məhkəmələrin monitorinqi aparılmışdır. Aparılan monitorinqlər nəticəsində aşağıda adları qeyd olunan hakimlərlə əlaqədar Məhkəmə Hüquq Şurasına müraciətlər göndərilmişdir.

 

Monitorinqlər: Yasamal, Nəsimi, Səbail Rayon məhkəmələrində, Bakı və Gəncə Apelyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali məhkəməsində aparılmışdı.

 

Monitorinqlər zamanı aşağıdakılar müəyyən edilmişdir:

məhkəmə hakimlərinin əksəriyyəti əmək qanunvericiliyini kifayət qədər bilmir, işçilərə qarşı qərəzli olur, İşəgötürənlərin xeyrinə qərar qəbul etməkdə maralıdırlar, məhkəmə iclaslarını təyin etdikləri vaxtda keçirmir, işçilərə və onların müdafiə edən hüquqşünas və vəkillərə onları müdafiə etməyə imkan vermir, xüsusən də işəgötürənlərdən müvafiq sənədlər alınmır, çəkişmə prinsipinə əməl edilmir, iddiaçı və cavabdehlərin izahat verməsi və ya sual verməsinə şərait yaradılmır, formal xarakterli qərarlar qəbul edilir.

 

- Yasamal Rayon məhkəməsinin Hakimi Sərdar Mehrəliyevdən - ASCO şirkətinin işçiləri Abbasov Elçin və Vəliyev Şamilin iddia ərizələri ilə bağlı

- Bakı Apelyasiya Məhkəməsinin Hakimi Toğrul Əliyevdən - SOCAR CAPE şirkətinin işçisi Hüseynov İlqarın iddia ərizəsi ilə əlaqədar

- Gədəbəy Rayon məhkəməsinin Hakimi Ceyhun Əhmədovdan, Gəncə apelyasiya məhkəməsinin Hakimi Rəhman Muradovdan, Ali Məhkəmənin Hakimi Qəhrəman Allahverdiyevdən - Gədəbəy sakini Məmmədov Məhərrəmin iddia ərizəsi ilə əlaqədar

 - Şirvan Apellyasiya məhkəməsinin Hakimi Vüsal Cəbrayılovdan - İmişli şəkər zavodunun keçmiş işçisi Zaur Quliyevin Apellyasiya şikayəti üzrə

 

4. Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti

Hesabat ilində ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları əsasən aşağıda qeyd olunan idarə və müəssisələrdə müşahidə olunmuşdur. Məhz bunun nəticəsində yüzlərlə insanın haqqı pozulmuş, iş yerlərini itirmiş, xəsarət almış və ya faciəli surətdə həlak olmuşdur.

2014-cü ilin fevral ayından ARDNŞ islahatlar zamanı sərbəstləşən işçilərin işlə təminatı üçün Proqram hazırladı. Lakin ARDNŞ idarə və müəssisələrinə verilmiş səlahiyyət(bağban, xadimə, sürücü və s. işçilərin İnsan Resursları Departamentinin icazəsi olmadan işə qəbul olunması) və qohum əqrəbaya verilən xüsusi [2]imkanlar(yuxarıdan göstəriş) Proqramın tam yerinə yetirilməsinə imkan vermir. Bundan əlavə şirkətdə iş yerlərinin ixtisarı zamanı kənardan işçi qəbulu da müəyyən suallar doğurur.

 

2011-14-cü illərdə işçilərin sayının dinamikası 

İl

İşçi sayı

İşdən azad olunan

İşə qəbul

 kişi

qadın

2011

77140

7855

5426

59950

17190

2012

66234

11556

3942

54600

11634

2013

61088

14556

9420

50160

10928

2014

54714

21535

27808

44 982

9732

 

http://www.socar.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat2014az.pdf

 

Xüsusi qeyd

Son illər ölkədə neft hasilatının və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bu sahədə fəaliyyət göstərən şirkətlərdə aparılan ixtisarların nəticəsində çoxlu sayda insan işsiz qalır və təbii ki, bu da ölkədə işsizliyin artmasına səbəb olur. Bununla belə ölkəyə xaricdən(əsasən də Hindistandan, Banqladeşdən) çoxlu sayda işçi qüvvəsinin gətirilməsi davam edir. Bu proses Caspian Shipyard Company, ELITE MARINE PTE.LTD. BOS ŞELF və s. müşahidə olunur. Şirkətlərdən birində Banqladeşdən gəlmiş işçinin özünə qəsd nəticəsində ölməsi faktı da aşkarlanıb

 

4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar

 

  • 45.4. maddəsinin pozulması. (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

SOCAR-da və əksər xarici neft şirkətlərində işçilərlə müddətli əmək müqaviləsi bağlanılır.Bu da arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses(işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə) hələ də davam edir.

 

  • 16-cı madəsinin (diskriminasiyaya yol verilməsi) pozulması:

Diskriminasiyanın əsas səbəblərində biri də qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bu hala daha çox ARDNŞ idarə və müəssisələrində, Bahar ƏŞ-də,SOCAR CAPE-də, Qarasu Oil ƏŞ-də müşahidə olunub.

 

  • Əmək Məcəlləsinin 68,69, 70,71,77, 78, 79, 80-cı maddələri üzrə: (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması):

- Bahar Enerji şirkətinin 50 nəfərə yaxın işçisiyə işdənçıxma ilə əlaqədar kompensasiyaların ödənilməsində işəgötürən tərəfindən problem yaradılmışdır. Yaranan problemlə əlaqədar hüquqi yardımlar göstərilmiş və işçilərin əmək hüquqları bərpa olunmuşdur.

- ARDNŞ-də və xarici neft şirkətlərində işçilərin ixtisar edilməsi davam edir. Bir çox hallarda ixtisar olunan işçilərə öz xahişi ilə işdən çıxmaları barədə ərizə yazdırılır. Şirkətin bəzi idarə və müəssisələrində ixtisarlar əmək qanunvericiliyinin tələblərinə əməl olunmadan aparılır, bu zaman işçinin hamilə və ya azyaşlı uşağının olması, müharibə veteranı olması, istehsalatda əmək xəsarəti alması, öhdəsində azyaşlı uşaqların olması, peşəkarlığı və sair hallar nəzərə alınmır. Bu hal BP və ASCO şirkətində də müşahidə olunmuşdur. Bununla əlaqədar işçilər ilə şirkətlər arasında məhkəmə mübahisələri davam edir.

- BP və onun tərəfdaş şirkətindən ən azı 300 nəfər ixtisar olunub, hal hazırda da bu ixtisarlar davam edir, BP şirkəti ixtisarlar apararkən işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirmək imkanı vermir.

BP şirkəti tərəfindən ixtisar olunmş 1 nəfər işçiyə Nəsimi Rayon məhkəməsində hüquqi yardım göstərilmişdir. Nəsimi Rayon məhkəməsinin 07 May 2015-ci il tarixli Qərarı ilə işçinin iddia tələbləri təmin olunmuş və işə bərpa olunma barədə qərar qəbul edilmişdir. 

ARDNŞ-nin Neftqaztikinti trestində və Azəriqaz İstehsalat Birliyində işçilərin kütləvi surətdə işdən çıxarılması 2015-ci ildə də davam etdirilmişdir.

- İntertek Azəri şirkətində, ASCO şirkətində, SWİFT Engineering, Bahar Enerji ƏŞ, Qarasuoil Əməliyyat şirkətində, Şirvanoil Əş, ARDNŞ-nin: Neftqaztikinti trestində, Azərneftyanacaq, Azərneftyağ, Azəriqaz İstehsalat Birliyində və digər müəssisələrdə yüzlərlə işçi öz iş yerini itirib. Bu zaman bir şox işçilərə məcburi ərizə yazdırıb öz xahişləri ilə işdən azad edilməsi, qanunsuz imtahanların keçirilməsi və s. vasitəsi ilə işçilərin işdən azad edilməsi halları müşahidə olunub.

- Elit Marino şirkətinin işəgötürəni tərəfindən 4 nəfər işçisinin işdənçıxma ilə əlaqədar kompensasiyaların ödənilməsində əmək qanunvericiliyi pozulmuşdur.

- Qarasuoil ƏŞ – də Şirkətdə ixtisarlar aparılarkən müvafiq qaydada əsaslandırılmır, ixtisarların hansı kriteriyalar əsasında, hansı fərqləndirməyə və ya peşəkarlığa görə aparılması müvafiq sənədlərlə təsdiq olunmur. İxtisar vaxtı  peşəkarlığı yüksək olan işçilər işdə saxlanılmır, neft sənayesində uzun illər işləmiş təcrübəli və peşəkar işçilər işdən azad edilir. Təcrübəli və peşəkar işçilərin şirkətdən uzaqlaşdırılmasının səbəbi isə şübhəlidir. Misal olaraq Məlahət Hətəmovanı, Arif Fərəcovu və digər işçiləri göstərmək olar.

- Şirvanoil ƏŞ-də - Əmək müqavilələri ləğv edilərkən işçilərin ailə vəziyyətləri, ailə üzvləri içərisində 1-ci qrup əlil və digər əlillik qrupu olan şəxslərin olması, uzun illər neft sahələrində işləməklə təcrübəli işçilər olmaları, peşəkarlıqları, əmək intizamı qaydalarını pozmadıqları, əmək funksiyalarını layiqincə yerinə yetirmələri və digər güzəşt və təminatları nəzərə alınmamış, məcburi ərizə yazdırmaları və sair qanun pozuntuları tədbiq olunmaqla Əmək müqavilələri ləğv edilmişdir.   

- Neftçala ƏŞ(“Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqları)-nin rəhbərliyi 100 qədər işçisinə məcburi ərizə yazdırmaqla yanvar aynda ödənişsiz.bir aylıq məzuniyyətə göndəriblər Ödənişsiz məzuniyyətə göndərilənlər əsasən fəhlələrdir. Onların orta əmək haqqı 200-250 manat civarındadır

- “Caspian Employment Provider” Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən işçiləri: Novruzov İsrafil İsfəndiyar oğlu, Əkbərov Eynur İlham oğlu və Nəbiyev İlham Fərmayıl oğlunun hüquqlarının pozulması faktı müəyyən olunmuş,  bu şirkətə qarşı İddia Ərizəsi ilə Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə müraciət ediblər. İddia ərizələr təmin olunub

 

  • Əmək Məcəlləsinin 97, 98, 99, 159, 164, 165-ci maddələrinin pozulması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı üzrə: (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

 

- ARDNŞ-də və xarici müəssisələrdə işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində də qanunsuzluqlara yol verilir. Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və ödənilmir. Əmək Məcəlləsinə əsasən isə bu əlavələr tarif maaşının tərkibində deyil, tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulmuşdu.

- SWİFT Enerji şirkətinin 10 nəfərə yaxın işçisinin işdənçıxma ilə əlaqədar kompensasiyaların və əlavə əmək haqlarının ödənilməsində  qanun pozuntusu müşahidə olunub. Bu şirkətin 10 nəfər işçisinin iddia tələbləri üzrə Bakı şəhər Səbail Rayon məhkəməsinin qətnaməsi qəbul edilib və cavabdeh şirkətdən işçilərin xeyrinə 110 000 manat əmək haqqının tutulması barədə məhkəmə qətnaməsi qəbul edilib. İddia tələblərinin tam təmin olunması məqsədi ilə Bakı Apelyasiya məhkəməsinə Apelyasiya şikayəti verilmişdir, hal hazırda bu mülki iş üzrə Apelyasiya şikayəti bu məhkəməsinin icraatındadır. 

*  Əmək Məcəlləsinin 215, 217, 218, 219, 220, 221, 222, 223, 239-cu və və Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması (İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi) maddələri üzrə:

 

ARDNŞ-nin bütün müəssisələrində əməyin mühafizəsi üzrə müavin vəzifəsi mövcuddur. İstehsalatda xəsarət alan və ölənlərin sayı isə azalmır. Və hansı ki onlar təhlükəsiz əmək şəraitləri üçün birbaşa cavabdehdirlər. Bununla belə, 2015-cü il ərzində ölkənin neft sektorunda istehsalatla əlaqədar 18 ölüm hadisəsi (2014-cü ildə 19 ölüm hadisəsi qeydə alınmışdı), 21 xəsarət qeydə alınıb(bu təşkilatın ala bildiyi məlumatdır)

- 2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında - qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb

- Aprel 2015-ci ildə Neftçala ƏŞ-də bir nəfər iş yerində həlak olub

- Fevral 2015-ci ildə BOS SHELF şirkətində bir nəfər iş yerində həlak olub

- Yanvarın 28-də ARDNŞ Nəqliyyat İdarəsinin bir nəfər işçisi iş yerində həlak olub

- 2015-ci ilin dekabr ayının 4-də Azneft İB-nin strukturuna daxil olan Günəşli yatağındakı 10-cu platformada baş verən yanğın nəticəsində 12 nəfər həlak olub, 20 nəfər itkin düşmüşdür(bax:əlavə)

 

Bu il Azneft İB-nin strukturuna daxil olan idarə və müəssisələrində 2 qəza hadisəsi maşahidə olunub(bizim bildiyimiz). 2014-cü ildə isə 4 qəza hadisəsi baş verib. Qəzanın əsas səbəblərindən biri də SSRİ-dən qalan infrastrukturların tam köhnəlməsidir. Bəlkə də bu sahələrdə bir neçə dəfə “təmir” işləri aparılıb. Qəzalarla əlaqədar kompleks tədbirlər planı hazırlanmalı bütün şirkət üzrə estakada, meydança, platforma və digər hidrotexniki qurğulara baxış keçirilməlidir.

 

- Qarasuoil ƏŞ- Müəssisədə işçilərə 2015-ci ilin May ayının 01-nə kimi süd məhsulları və müalicəvi yeməklər verilib, bu tarixdən sonra dayandırılıb və işçilərə 2.5 manat məbləğində yemək pulu verilməyə başlanıb. 2015-ci ilin Sentyabr ayının 01-dən isə heç bir əsas göstərilmədən yemək pulunun verilməsi də dayandırılıb. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına  əməl edilməməsi nəticəsində 2013-2015-ci illərdə bu müəssisədə bədbəxt hadisə nəticəsində 20-ə yaxın işçi xəsarət almış, sağlamlığını itirmiş və vəfat etmişdir. Lakin müəssisə rəhbərliyi bununla əlaqədar heç bir tədbir  görməmişdir.

- İşin ağır və insan sağlamlığına zərərli olmasına baxmayaraq, Qarasu Əməliyyat Şirkətində əmək haqları neft sənayesinin digər sahələrinə nisbətən aşağı səviyyədədir. Məhz bu səbəbdən də bu müəssisədə son illərdə bir neçə dəfə işçilərin kütləvi etirazları olub.

 

 Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi, Məhkəmə qərarlarının icrası haqqında Qanunun 3,4 və sair maddələri üzrə:

  • Bu maddələrin pozuntusu Azəriqaz İB-də müşahidə olunub Azəriqaz” İstehsalat Birliyi Suraxani Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov və Suraxanı rayon məhkəməsinin icra məmuru Rauf Hüseynov isə məhkəmə qərarını vaxtında icra etməsələr də məsuliyyətə cəlb olunmayıblar. Baki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 Noyabr 2014-cü il tarixli Qətnaməsi ilə (Hakim: Məmmədov Məmməd Allahverdi oglu) “Azəriqaz” İstehsalat Birliyi Suraxani Qaz İstismar Sahəsinin 74 k saylı, 30. 05. 2014- çü il tarixli Əmri ləğv edilmiş və mülki iş üzrə iddiaçı Naqiyeva Nərgiz Allahverdi qızının vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqı odənilməsiylə bağlı qərar qəbul edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi 8 aydan sonra 2015-ci ilin iyul ayında icra olunmuşdur. Belə ki, Nərgiz Nağıyevanın və əmək hüquqları bərpa olunmuş digər işçilərin qanuni qüvvəyə minmiş məhkəmə qərarları 8 aydan və uzun süründürməçilikdən sonra icra edilmişdir.  
  • Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları.

 

- Beynəlxalq Əmək Təşkilatının "İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Konvensiyasını və  Əmək Məcəlləsinin 17-cü maddəsi pozulması.

 

3 ildən artıqdır ki, ARDNŞ-nin bəzi idarə və müəssisələrində(“Neftqaztikinti, H.Əliyev adına Bakı Neft Emalı zavodu, Azərneftyağ Neft Emalı zavodu və s.) mart-iyun aylarında mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri iməcilik adı ilə məcburi olaraq işə çağırılırlar və bu zaman onların əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada ikiqat ödənilmir. İşçilər bildirirlər ki, zavodda bununla əlaqədar əmək müqaviləsində nəzərdə tutulan ödənişlər də aparılmır. Bu barədə müraciət edən işçilərə isə bildirirlər ki, bu iməcilik olduğuna görə onlara heç bir əmək haqqı ödənilməyəcək. Daha çox haqqını tələb edən işçilərə isə əmək müqavilələrinə xitam veriləcəyi barədə hədə-qorxu gəlinir.

- Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması

Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

BP, Qarasuoil ƏŞ,Şirvanoil ƏŞ, Stork, SOCAR CAPE, Maersk Drilling Services MMC, Enermek kimi şirkətlərdə işçilərin həmkarlar ittifaqlarında birləşmə hüququna süni yollarla maneələr yaradılır.

 

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

  • İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir;
  • İşəgötürənlər; şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

 

4.2. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları

- Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya (№111)

Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var) həm də yüksək vəzifələrdə(rəhbər səviyyəsində) yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir. 

Xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin vergidən yayınması halları da baş verir. Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün şərait də yaradılır. Belə ki, onlarla əmək müqavilələri 3 ay (90 gün) müddətinə bağlanır. Müəyyən müddətdən-ölkəyə çıxış-giriş etdikdən sonra onlarla yenidən həmin müddətə əmək müqaviləsi bağlanır. Bu mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa küllü miqdarda vergidən yayınma halları müşahidə oluna bilər. Onu da qeyd edirəm ki, ölkədə müvafiq tələblərə cavab verən yerli işçilər olduğu halda xaricdən mütəxəssislərin cəlb olunması qəti qadağandır.

 

5. Neft sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

2015-ci ildə karbohidrogen hasilatı prosesində formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinə uyğun olaraq cari ildə ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinin icrası ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ARDNŞ-nin müəssisələrinə 126 800(yüz iyirmi altı min səkkiz yüz), Boskaeis şirkəti 3000(üç min) manat, “Salyan OIL Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 3500(üç min beş yüz) manat, National Oilwell Varco şirkətinin Azərbaycandakı nümayəndəliyinə 3000(üç min) manat, Marine Well şirkətinə 8500(səkkiz min beş yüz) manat məbləğində cərimələr və məcburi göstərişlər tətbiq olunmuşdur.

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri,Çıraq.Günəşli və Şahdəniz yatağının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında Sazişin operatoru olan BP Azərbaycan şirkətindən ətraf mühitə atılan tullantılarla bağlı 142 000(yüz qırx iki min) manat məbləğində maliyyə vəsaiti tədbiq olunmuşdur.

 

 

                   

Bibiheybət ərazisində Lay sularını və çirkli suları (radioktiv) dənizə vuran bu  nasosun gücü saatda minimum 22-24 ton arasındadır. (Beləliklə sutka ərzində təqribən 500 tondan artıq çirkli su dənizə axıdılır. Diqqətlə baxsanız torpağın altında gizlədilərək dənizə yönəldilən borunu görərsiniz. Araşdırmaya ciddi ehtiyac duyulur. Bir müddət əvvəl lay sularının yığılması üçün bu ərazidə "lovuşka" adlanılan hovuz var idi. Ərazidə yaşıllaşdırma aparan EKOL MM bu gölməçəni ləğv etdi əvəzində başqa "üsuldan"istifadə olundu. İndi bildiniz bulvardakı neft pilyonkası hardan əmələ gəlir.

https://www.facebook.com/nhmt.ib/videos/vb.100004074724416/669758323169986/?type=2

 

6. Monitorinq vaxtı müşahidə olunan müsbət hallar

 2014-cü ildə NHMT problemlərin həllinin dialoqlar vasitəsilə həllində bəzi şirkətlərlə əməkdaşlığı yüksək qiymətlənirdi:

- ARDNŞ-nin İnsan Resursları Departamentində:

- İl ərzində şirkətdə aparılan struktur dəyişikliyi, şirkət strukturuna daxil olan idarə və müəssisələrdən NHMT-ə daxil olan ərizə və şikayətlərə bağlı birgə müzakirəsi olunmuşdu. 

- İşçilərin peşə qabiliyyətlərinin qiymətləndirilməsi üçün  keçirilən test imtahanlarını gözləmə zalında quraşdırılmış xüsusi monitorlar vasitəsilə canlı izləmək, eləcə də şəffaflıq və aşkarlıq şəraitində keçirilən müsahibələrdə müşahidəçi qismində iştirak etmək istəyən şəxslərə və QHT-yə bütün imkanlar yaradılır.

- BOS ŞELF MMC rəhbərliyi və şirkətin Həmkarlar İttifaqları Təşkilatı ilə daimi dialoqlar qurulmuşdur.

 

7. İdarə və müəssisələrdə əmək qanunveiciliyinin pozulma səbəbləri

  • İşçilərin öz hüquq və vəzifələrini kifayət qədər bilməməsi və işəgötürənlərin bundan istifadəsi
  • Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması.
  • Əməyin mühafizəsi qaydalarını pozan vəzifəli şəxslərin müvafiq məsuiyyətə cəlb olunmaması
  • Əmək qanunvericiliyini mütəmadi pozan vəzifəli şəxslər barədə ictimai rəyin formalaşdırılmaması
  • İşçilərin əmək hüquqları sahəsində maarifləndirilməməsi.
  • Həmkarlar Təşkilatlarının işəgötürəndən asılı olması
  • İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifə səlahiyyətlərini həyata keşirməklə, İşəgötürənləri inzibati məsuliyyətə cəlb etməməsi
  • Məhkəmələr tərəfindən İşəgötürənlərin müvafiq məsuliyyətə cəlb olunması barədə qərarlar qəbul etməməsi, onlar ən yaxşı halda, İşəgötürənlərin əmrlərini ləğv edir və maddi məsuliyyətə cəlb olunma barədə qərarlar qəbul edir.
  • Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT –rin təkliflərinin nəzərə alınmamağı və müvafiq komissiyaların fəaliyyətinə cəlb olunmamağı

 

8. İdarə və müəssisələrdə bədbəxt hadisələrin baş vermə səbəbləri

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarında və digər normativ hüquq aktlarla təsbit edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu pozan müəssisə və təşkilat rəhbərlərinə qarşı: maddi, intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci əsasən: İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

Hər il əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçi, iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirilir və ya bu hadisələr nəticəsində həyatı ilə vidalaşmalı olur. İş yerlərində bədbəxt hadisənin baş vermə səbəbləri aşağıdakılardır:

İşçilərə qanunvericiliklə nəzərdə tutulan qaydada təhlükəsiz və sağlam iş şəraiti yaradılmamasına görə müəssisə rəhbərlərinin məsuliyyətə cəlb olunmaması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215, 217, 222, 239-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması nəticəsində, İşəgötürənlər tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın əvəzinin  ödənilməməsi ilə əlaqədar cavabdeh şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması. Praktikada belə hallara nadir hallarda rast gəlinir ki, əməyin mühafizə qaydalarını pozmuş müəssisə rəhbərləri məsuliyyətə cəlb olunsunlar.

 

İşəgötürənlər tərəfindən: təhlükəsiz və sağlam iş şəraiti ilə əlaqədar əmək kollektivi və ya Həmkarlar İttifaqları Təşkilatları ilə müvafiq məsləhətləşmələrin aparılmaması.

Təhlükəsiz və sağlam iş şəraitinə dövlət nəzarətinin həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmamağı. Dövlət Əmək Müfəttişliyi Xidməti işçilər üçün təhlükəsiz və sağlam iş şəraiti yaratmayan müəssisə rəhbərlərinin müvafiq məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirləri görməməsi. Praktikada belə hallara nadir hallarda rast gəlinir ki, əməyin mühafizə qaydalarını pozmuş müəssisə rəhbərləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məsuliyyətə cəlb olunsunlar.

Təhlükəsiz və sağlam iş şəraitinə ictimai nəzarəti həyata keçirən Həmkarlar İttifaqının ictimai nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması. Xarici ölkələrdən fərqli olaraq fəaliyyət göstərən Həmkarlar təşkilatları, digər sahələrdə olduğu kimi əməyin mühafizəsi sahəsində müstəqil fəaliyyət göstərə bilmirlər, bu sahəyə ictimai nəzarət yoxdur, belə hadisələrin qarşısını almaq üçün real qüvvəyə və səlahiyyətə malik deyillər.

 

Müəssisənin mülkiyyətçisi və ya işəgötürəni tərəfindən:

  • Əmək fəaliyyəti ilə məşğul olan işçilərin, iş yerlərində əməyin mühafizəsi normalarına və qaydalarına əməl etməmələri, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməməsi,
  • Binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməməsi,
  • Bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsi,
  • Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməməsi,
  • Normal əmək və istirahət rejiminə riayət edilməməsi,
  • İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi,
  • İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməməsi və əməyin mühafizəsinin təbliğ edilməməsi,
  • Kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi,
  • Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsi.

 

Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmaması və ya bu mütəxəssislərin kifayət qədər savadlı və məsuliyyətli olmaması.

İşəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar müvafiq bukletlərin hazırlanmaması, treninq, seminar və digər maarifləndirmə tədbirlərinin keçirilməməsi və ya formal olaraq keçirilməsi.

İşəgötürənlər tərəfindən işçilərin onlarla bağlanmış vəzifə və ya peşənin əmək funksiyasına daxil olmayan digər vəzifə və ya peşələrdə qanunsuz olaraq işlədilməsi.

İş vaxtında, o cümlədən ağır, zərərli və insan həyatı üçün zərərli olan iş yerlərində işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit olunmuş normadan artıq işlədilməsi.

İşçilərin istirahət hüququnun, o cümlədən məzuniyyət hüququnun pozulması və ya məhdudlaçdırılması

İşçilərə aşağı və yuxarı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələrin verilməməsi və ya işlərin dayandırılmaması.

Yuxarıda qeyd olunan və Azərbaycan Respublikasının əmək qanunvericiliyində təsbit olunan hüquq normalarının pozulması istehsalatda, əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçinin, iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının və əmək qabliyyətinin itirilməsi və ya həyatlarının itirilməsi ilə nəticələnir. Bunlarla bərabər bu hadisələrin baş verməsində əsas səbəblərdən biri və daha çox vacib olanı işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməməsi ilə əlaqədar cavabdeh şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmamasıdır

 

9. Əmək qanunvericiliyində olan boşluqlar

Çox təəssüflər olsun ki, təşkilatımız tərəfindən dəfələrlə təklif olunduğun baxmayaraq, MM-də Əmək Məcəlləsinə “Əlavə və dəyişikliklər “hazırlanarkən bu sahədə praktiki təcrübəsi olan QHT-lərin nümayəndələri işçi qrupuna dəvət olunmurlar. MM-də təmsil olunan millət vəkillərinin əksəriyyəti isə işəgötürənlər olduğunda qanunların qəbulu zamanı olan boşluqlar isə işçinin ziyanınadır. Düşünürük ki, aşağıdakı bəzi maddələrə yenidən baxınmalıdır:

- Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi. (bu maddə imkan verir ki, işəgötürənlər işçi ilə müvəqqəti müqavilə bağlasın. yəni”. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlamalıdır.

- Əmək Məcəlləsinin 16-cı maddəsi. (Əmək münasibətlərində ayrı-seçkiliyin yol verilməzliyi, yerli və xarici işçilər arasında əmək haqqının ödənilməsində fərq qoyulmamalıdır)

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsi: İşçilərin məzuniyyət hüququ sahəsində olan müddəalar, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmalıdır.

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 5 və 16-cı maddələrində dəyişiklik edilməlidir.

- Əmək Miqrasiyası haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsidə dəyişiklik edilməlidir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.5-ci maddəsində dəyişiklik edilməlidir.

 

Təşkilatın rəhbəri: Mirvari Qəhramanlı

Hüquqşünas: Azər Quliyev

 


[1][1] Eyni zamanda müraciət edənlərin bir çoxu özlərini təqdim etsələr də müəyyən səbəblərə (İşəgötürənlərdən və dövlət orqanlarından çəkindiklərinə görə) görə adlarının qeydiyyatının aparılmamasınıvə açıqlanmamasını istəmişlər.[1]Yalnız neft sahəsində deyil, digər sahələrdə işləyən, regionlarda yaşayan digər vətəndaşlara da hüquqi yardımlar göstərilmişdi. (qadın hüquqları, təqaüdçülərə, ailə başçısımı itirmiş şəxslərə, mülkiyyətçilərə, əlillərə, və s)[1]

 

[2]