Ağstafa, Tovuz, Şəmkir rayonları üzrə
Layihə başlanıb: 29 oktyabr 2003
Layihə sona çatıb: 29 yanvar 2004-cü il
BTC və CQBK-nin tikintisi və istismarı üçün bu boru kəmərlərinin keçdiyi ərazilər üzrə torpaq icarəyə götürülür. Kəmər boyu 58 m-lik mühafizə zolağı icarəyə götürülür və bu dəhliz daxilində mülkiyyətçilərin torpaqlarından istifadə hüquqları qismən məhdudlaşdırılır. 44 metrlik tikinti dəhlizində isə torpaqlardan istifadə olunması tikinti müddəti ərzində (3 il) dayandırılır.
Torpaq ayırma komissiyası kəmərin keçəcəyi ərazilər və təsirə məruz qalacaq torpaq mülkiyyətçilərini müəyyənləşdirdikdən sonra əhali arasında geniş maarifləndirmə və izahat işləri aparılmalı, ictimai müzakirələr təşkil olunmalı idi. Əhali ilə keçirilən görüşlər, torpaq mülkiyyətçiləri ilə aparılan müsahibələr bunu deməyə əsas verir ki, maarifləndirmə, məsləhətləşmə xarakterli müzakirələr çox səthi aparılıb və torpaq mülkiyyətçilərinin əsas problemlərinin ətraflı müzakirəsi baş tutmayıb. Torpaqların ayrılması ərəfəsində müzakirə və məsləhətləşmələr ictimayyət nümayəndələri üçün açıq keçirilməyib. Bu müzakirələrdə dövri mətbuat, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı demək olar ki, təmin olunmayıb. Əksər hallarda bu məsləhətləşmələr formal xarakter daşıyıb. hüquqi və iqtisadi savadı aşağı olan, mülkiyyətçilik hiscləri zəif inkişaf etmiş torpaq sahiblərinin müzakirələrin bu cür təşkil edilməsindən nə isə əxz etməsinin mümkünlüyünü düşünmək bir qədər sadəlövhlük olardı.
Ağstafa, Tovuz, Şəmkir rayonlarında aparılan sorğular, müsahibə və müşahidələr bir daha göstərdi ki, bu rayonların hamısında məsləhətləşmələr prosesində nə yerli əhali, nə də yerli özünü idarəetmə orqanları (bələdiyyələr) tərəfindən demək olar ki, təkliflər verilməyib. Əhalinin kəmər haqqında bilgiləri əsasən dövri mətbuat və xüsusilə də televiziyadan alınan informasiyalar hesabına formalaşıb ki, bunlar da əsasən ümumi xarakterli informasiyalardan ibarət olub. Əsas əhalisi kəndlilərdən ibarət olan kəmər boyu ərazilərdə insanların müqavilə bağlamaq haqqında anlayışları ümumiyyətlə yoxdur. Onların əksəriyyəti latın qrafikası ilə yazıb oxuya bilmir, müqavilənin məzmunu haqqında çox səthi məlumatlara malikdir və müqaviləni oxumadan imzalayıb. Torpaq mülkiyyətçiləri bilavasitə onların problemləri ilə bağlı suallara cavab almaqda çətinlik çəkmişlər.
Torpaq islahatlarının obyektiv və subyektiv səbəblər üzündən gec başa çatdırılması (1998-1999-cu illər), əhalidə mülkiyyətçilik vərdişlərinin yaranmasına xeyli vaxt lazım olduğunu da bura əlavə etsək əhalinin bu proseslərdə daha çox seyrçi mövqe tutmasının səbəblərini başa düşmək olar.
Mülkiyyətçilərin bir qismi kompensasiyanın az olmasından narazıdır. Onlar hesab edir ki, kompensasiyanın miqdarı ədalətli deyil və torpağın becərilməməsinə, yaxud becərməyə qoyulan məhdudiyyətlərə görə verilən kompensasiyanın miqdarı, torpağın becəriləcəyi təqdirdə əldə edilə bilinəcək gəlirdən azdır. Ağstafa, Tovuz, Şəmkir rayonları ərazisində təsirə məruz qalmış mülkiyyətçilərin əsas hissəsinin təsərrüfatlarının rentabelliyi nəzərə alınmayıb. Belə ki, əksər mülkiyyətçilər torpaqdan 1 ildə ən azı 2 dəfə məhsul götürmələrinə baxmayaraq kompensasiya yalnız 1 məhsula görə hesablanıb. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, icarə müqaviləsi bağlanandan sonra təsirə məruz qalmış torpaq sahələrində növbəti ildə də eyni məhsulun yetişdiriləcəyini qabaqcadan demək qeyri-mümkündür. Bundan başqa, qeyd olunan rayonlarda dəymiş zərərə görə kompensasiya hesablanarkən məhsulun seçilməsində də narazılıq olub. Bu hal Şəmkirin Sabirkənd kəndində daha çox təsadüf olunub. Burada dəymiş zərər "qaba yem"lə hesablansa da, kəndlilər öz torpaq sahələrində taxıl və növbəli bitkilər əkdiklərini israr edir. Torpaq müqaviləsinə əlavə edilmiş 3 saylı qoşmada "Torpaq mülkiyyətçisinin üzərinə qoyulan məhdudiyyətlər"də göstərilir ki, mühafizə zolağında torpağın su basması ilə nəticələnə biləcək hər hansı fəaliyyət növü ilə məşğul olmaq, yeni suvarma (30 sm-dən dərin) və ya drenaj kanalları çəkmək qadağandır. Boru kəmərlərinin iki yerə böldüyü və suvarma yolları boru kəmərlərinin təsiri altına düşən torpaq sahələri demək olar ki, artıq 2 mövsüm istifadəsiz qalıb. Səbəbi yeni suvarma kanallarının çəkilməsi üçün vəsaitin olmaması, bəzi hallarda təsir altına düşən torpaq sahəsini su basması riski ilə əlaqədardır. Bu da kəndlilərə maddi ziyan vurmuşdur.
Təsir dairəsinə düşən torpaq sahələrinin mülkiyyətçiləri və istifadəçiləri boru kəmərlərinin təsir dairəsinə düşən torpaq sahələrinin konkret konturlarını bilmirlər, monitorinq aparılan ərazilərdə, əsasən Tovuz (Aran Yanıqlı kəndi istisna olmaqla) rayonunun bütün kəndlərində və Ağstafa rayonunun bəzi kəndlərində nişanlanma işləri aparılmayıb. Monitorinqdə rəyi soruşulanların 80%-i konkret nişanlanma işləri aparılmadığına görə artıq ikinci mövsümdür ki, torpaqdan istifadə edə bilmədiyini dedi.
Təsir altına düşən bəzi torpaqlar dövlət torpaq aktında yuxarı qrupa daxil olmasına baxmayaraq, kompensasiya ödənilərkən torpaq aşağı qrup kimi götürülüb (məs. Aşağı Mülkülü kəndində İsayev Zakir Əmir oğlu torpaq sahəsinin 2-ci qrupa daxil olmasına baxmayaraq, 4-cü qrup kimi hesablanmasından şikayət edir).
Təsirə düşən ərazilərdə torpağa mülkiyyət hüququ ilə əlaqədar bəzi mübahisələr var və bu mübahisələr torpaq sahələrinin boru kəmərlərinin təsir dairəsinə düşməsindən sonra yaranıb. Lakin mübahisəyə məhkəmə qaydasında baxılmadan mülkiyyətçilərdən biri ilə icarə müqaviləsi bağlanıb. Bəzi hallarda torpaq payı təsir altına düşən vətəndaşın konkret torpaq sahəsinə sənədi olduğu halda başqa bir vətəndaş həmin torpaq sahəsinin təsir altına düşməsinə görə kompensasiya alıb. Lakin indiyə kimi, sənədi olan vətəndaş onun torpaq sahəsinin harada olduğunu bilmir: Məs. Tovuz rayonunun Qovlar qəsəbəsinin Yanıq Pəyə adlanan hissəsində həsənov Tahir Məhər oğlu, Məhərrəmov Xalid, Aran Yanıqlı kəndində "Ayaz" kəndli fermer təsərrüfatı ilə bağlanmış icarə müqavilələrinə görə yaranmış mübahisələr buna misaldır. Bu şəxslərin əvəzinə kompensasiyaları başqa adamlar alıblar (bax.intervü). Təsir altına düşən pay torpaqlarının dəyişdirilməsi halları da olub:
Tovuz rayonunun Aşağı Mülkülü kəndində AGT boru kəmərlərinin pay torpaqlarından keçməsi ilə əlaqədar Quliyev hüseynin torpaq sahəsini enindən "kəsib", İsayev Şahniyara vermiş, əvəzində H.Quliyevin torpağının uzunluğu artırılmışdır.
-Şəmkir rayonunun Qılıncbəyli kəndində kəmərlərin təsirinə məruz qalan torpaq sahələrində nişanlanma işləri aparılarkən məlum olub ki, nişanlanma kompensasiya almayan 17 kəndlinin pay torpağında aparılıb (Abbasov Ədalət, İsmayılova Yazgül, Hüseynov Rüstəm və s.)
-Ağstafa rayonunun Qırılı kəndində Qasımov Qasım Yolçu oğlunun icarəyə götürdüyü torpaq sahəsi 4 hektardır. Boru kəmərlərinin tikintisi haqqında məsələ qaldırıldıqdan sonra onun torpağının bir hissəsi mübahisəli olduğu üçün məhkəmə qaydasında işə baxılmış və onun torpaq sahəsinin sərhədləri dəqiqləşdirilmişdir. Boru kəmərlərinin keçdiyi sahələr dəqiqləşdirilərkən boru kəmərlərinin onun istifadəsində olduğu məhkəmə qaydasında bir daha təsdiq edilən sahədən keçdiyi müəyyən olunub. Lakin 1997-ci ildən həmin sahəyə icarə haqqının Q.Qasımov tərəfindən ödənilməsinə baxmayaraq, onunla müqavilə bağlanmamışdır. Boru xətləri onun icarə torpaqlarının ortasından keçir. 1997-ci ildən bəri o, bu torpaqlardan istifadə edir, əkib-becərir. Torpaqla əlaqədar sənədləri qaydasındadır. hazırda torpağı əkmiş Q.Qasımov onun istifadəsində olan sahədə tikinti və s.işlərin aparılmasına yol verməyəcəyini bəyan edir.
- Şəmkir rayonunun Zəyəm kəndində hazırda 114 pay torpağı BTC-nin təsiri altına düşür. Vətəndaşların bildirməsinə görə təsir altına düşən pay torpaqları əvvəlcə 137 olub. Lakin sonradan boru kəmərlərinin mühafizə zolağının 100 m-dən 58 m-ə qədər azaldılması ilə əlaqədar 114 nəfərin pay torpağı təsir altına düşüb. Bu kənddə 32 nəfər onların aldadıqlarını iddia edir. Fikirlərini belə əsaslandırırlar ki, BTC neft boru kəmərlərinin tikintisi ilə əlaqədar ilkin görüşlər ərəfəsində kənddə pay torpaqlarının mülkiyyətçilərindən, kənd icra nümayəndəsi Əliyev Firudin Yusif oğlunun rəhbərliyi altında kirill əlifbası ilə yazılmış Torpağa mülkiyyət hüququna dair Dövlət aktını toplamışlar. Bir müddətdən sonra, BTC ilə əlaqədar torpağın icarəsi müqaviləsi bağlanmazdan əvvəl, latın qrafikası ilə qaytarmışlır. Bəzi vətəndaşlar kirill əlifbası ilə olan Dövlət aktlarının surətlərini çıxarmışlar. Yeni latın əlifbası ilə qaytarılmış Dövlət aktını köhnəsi ilə müqayisə etdikdə ilk baxışda heç bir dəyişiklik yoxdur. Lakin xəritələr müqayisə olunduqda mülkiyyətə verilmiş torpaq sahəsinin planı və pay torpağı üzrə qonşuların adları dəyişmişdir. Məsələn, Quliyeva Minayə Nağı qızının kirill əlifbası ilə olan dövlət aktında qonşuları Musayeva Zeynəb Qoca qızı (dövlət aktı 420), Musayev Elman Nağı oğlu(425), Musayev Səyyat hümbət(427) oğlu olduğu halda, latın əlifbalı Dövlət aktında qonşular Zalov Bəhram Mansur oğlu(434), Allahverdiyev Elşən hidayət oğlu(345), Allahverdiyev hidayət Yolçu oğlu(346), Musayev Elman Nağı oğludur(425). Nümunə kimi Quliyeva Minayə Nağı qızınnın torpağa mülkiyyət hüququna dair JN-0426 KOD 50400028 Dövlət aktının, Musayev Elman Nağı oğlunun torpağa mülkiyyət hüququna dair JN-0425 KOD 50400028 dövlət aktının kirill əlifbası və latın əlifbası ilə olan surətləri əlavə edilir. Bəzi vətəndaşlara BTC neft boru kəməri ilə əlaqədar icarə müqaviləsi bağlanan ərəfədə bildiriblər ki, sizin torpaqlarınız təsir altına düşməyib, oradan istifadə edə bilmirsiniz, bizə satın. Təklifi bələdiyyə başçısı və bələdiyyəinin işçisi İsmayılov Şahbaz Əmir oğlu edib. Bəziləri razılaşmadıqda hədə-qorxu gəliblər. Məsələn, Musayev Salman Nəriman oğlu dülgərdir, ona deyiblər ki, razı olmasan, sənə dülgər kimi "vergi haqqı" qoyacağıq. Salman isə bu məsələləri o qədər bilmədiyi üçün qorxub. Lakin əvvəlcə razı olmayıb. O, dostunun uşağının ad günündə olanda onu içirdib, nəyə isə qol çəkdiriblər və 58 "şirvan" (580000 manat, 140 dollar) pul veriblər. O nəyə və niyə qol çəkdiyini bilmir. Musayev Elxan Nağı oğluna da deyiblər ki, sənin pay torpağın da təsir altına düşmür, bizə sat. O da ehtiyacı olduğu üçün satıb. Musayev Əmirxan hacı oğlunun 224 saylı torpaq payı hazırda təsir altına düşmür. Torpaq islahatı aparılanda onun torpağının Sarı təpə deyilən yerdə olduğunu bildiriblər. Lakin BTC neft boru kəmərlərinin təsiri altına düşən torpaqlarla əlaqədar icarə müqaviləsi bağlananda deyiblər ki, pay torpağın Qaratac dağının ətəyindədir. Sarı təpə və Qaratac dağı kəndin əks istiqamətindədir. BTC neft boru kəmərləri Sarı təpə ərazisindən keçir. Bələdiyyənin işçisi İsmayılov Şahbaz deyib ki, istifadə etmirsiniz, təsir altına da düşmür, bizə satın. Əmirxan da 90 "şirvan"a (900000 manata, 160 dollara) torpağı satıb. Əvvəlcə 100.000 manata danışıblar. Lakin İsmayılov Şahbaz deyib ki, 100.000 manat rəsmiləşdirməyə xərclənəcək. Seyidova Gülzalə Cavad qızının da sənədləri dəyişdirilib. Seyidova bununla əlaqədar müxtəlif təşkilatlara müraciət edib. Prezident İ.Əliyev Gəncədə olanda şikayət məktubunu ona təqdim edib, məktub aidiyyəti üzrə DİN-ə verilib, Seyidova daxili işlər naziri Ramil Usubovun qəbulunda olub, Ramil Usubov işi nəzarətə götürüb, iş üzrə DİN əməkdaşları yerində araşdırma aparıb və cinayət işi qaldırılması üçün materialları Respublika Prokurorluğuna göndəriblər. Lakin Respublika Prokurorluğundan hələlik heç bir məlumat yoxdur. Torpağa mülkiyyət hüquqlarının pozulduğunu iddia edən Seyidova Gülzalə və digər 32 nəfər vətəndaş heç bir dövlət orqanından və digər əlaqədar təşkilatlardan qənaətbəxş cavab almadıqları üçün BTC boru kəmərlərinin tikintisi zamanı aktiv etiraz aksiyasına hazırlaşırlar. hüquqları bərpa olunmayanadək tikintinin başlanmasına mane olacaqlarını bildirirlər. Zəyəm kəndində BTC boru kəmərlərinin təsiri altına düşən torpaqların Dövlət Aktının dəyişdirilməsində, müqavilələrin bağlanmasında BTC Ko şirkətinin əməkdaşı, əslən Zəyəm kəndindən olan həmidov Yaşar fəal iştirak edib. hüquqları pozulan vətəndaşlar saxtakarlıqlara məhz onun başçılıq etdiyini iddia edir. Bələdiyyə başçısı və icra hakimiyyətinin başçısı Əliyev Firudin Yusif oğlu bəzi vətəndaşlara hədə qorxu gəlib, vətəndaşların pay torpaqlarının satın alınmasına başçılıq ediblər. Kənddə hazırda bu məsələ ilə əlaqədar gərgin psixoloji vəziyyət yaranıb. Bələdiyyə və icra başçıları şikayətçilərə "kimə istəyirsiniz şikayət edin" deyirlər. Bu isə vətəndaşların daha çox hiddətinə səbəb olur. Bəzi hüquqları pozulan vətəndaşlar məhkəməyə müraciət ediblər. Lakin iddia ərizələri düzgün tərtib olunmamış, lazımi sənədlər əlavə edilmədiyindən məhkəmə işi qəbul etməmişdir. İddia ərizəsinin lazımi səviyyədə tərtib edilib, iddia verilməsi üçün həmin vətəndaşların maddi imkanları yoxdur. Məhkəmə rayon mərkəzində yerləşdiyindən gedib-gəlmək xərcini ödəyə bilməyən vətəndaşlar müxtəlif instansiyalara məktublar yazırlar.
-Şəmkir rayonunun Morul kəndi kimi inzibati ərazi vahidi yoxdur. Morul kəndi Şəmkir bələdiyyəsinin bir hissəsidir. 17 nəfərin pay torpağı təsir altına düşüb. həmin 17 nəfərlə ilkin razılıq müqaviləsi bağlanıb. Lakin sonradan ilkin razılığı alınmış 6-7 nəfərin adları siyahıdan çıxarılıb. Bəzi vətəndaşlar indiyə kimi pay torpaqlarına Mülkiyyət hüququna dair Dövlət aktı almayıblar. Məsələn, Qasımov Niyaz Əli oğlu və Qasımov Əli Rüstəm oğluna deyiblər ki, torpaqları təsir altına düşür. Lakin müqavilələr bağlanan zaman onlara bildiriblər ki, pay torpaqları təsir altına düşmür. Onlar torpaqlarının yerinin konkret göstərilməsini tələb etsələr də, hələlik torpaqlarını göstərmirlər. Dövlət Aktları isə indiyə kimi verilməyib. İlkin razılığı alınmış bəzi vətəndaşlar onlarla icarə müqaviləsi bağlanmamasına etiraz etdikdə, onlara deyiblər ki, adları siyahıdan çıxarılıb, amma niyə çıxarılıb, səbəbini demirlər. Söz-söhbət yarandıqdan sonra bəzi torpaq sahiblərinə təklif ediblər ki, torpaqlarını dəyişsinlər və hətta suvarmaq üçün artezian da qazdırsınlar (Məsələn, Süleymanova Xuraman Ocaqqulu qızına). Narazı olanların pay torpaqları üzrə bəzi qonşuları kompensasiya alıb. Xəritəyə və Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktlarının nömrəsinə görə belə qənaətə gəlmək olar ki, BTC düzxətli və ya başqa şəkildə keçsə belə bu vətəndaşların torpaqlarından da keçməli idi. İlkin razılığı alınan, sonradan kənarda qalan 7 nəfər onların yerinə kimlərin və nəyə görə məhz onların daxil edildiyini bilmirlər. Narazı olan vətəndaşlar pay torpaqlarının dəyişdirildiyini iddia edir.(Şikayətçi vətəndaşlardan İsmayılova Zərəngül Qədim qızının, hümbətov Kamil Nəsib oğlunun, Quliyeva Xuraman Ocaq qızının Dövlət Aktları əlavə olunur).
Vətəndaşlar saxtakarlıqlara BTC Ko şirkətinin əməkdaşı Yaşar həmidovun başçılıq etdiyini bildirir. Zəyəm və Morulda narazı vətəndaşların bildirdiyinə görə BTC boru kəmərlərinin təsiri altına düşən torpaqların icarəyə götürülməsi barədə müqavilə bağlanmazdan əvvəl Yaşar həmidov müəyyən aydınlaşdırmalar aparıb. BTC üzrə hansı torpaqların təsir altına düşməsini o əvvəlcədən bilib, yerli səlahiyyətli şəxslərlə əlbir olaraq saxtalaşdırmalar aparıb. Kirill əlifbası ilə olan Dövlət Aktları məhz həmin ərəfədə latın qrafikasına dəyişdirilmək üçün yığılmışdır.
Torpaq mülkiyyətçilərinin bir hissəsi torpaqların istifadəsində yaranacaq məhdudiyyətlərdən onların gəlirlərinin aşağı düşəcəyindən narahatdır. Məsələn Şəmkir rayonu Məşədihüseynli kəndində torpağı təsirə məruz qalmış fermer öz torpağından hər il 10,0 tondan artıq üzüm məhsulu əldə etdiyini söyləyir və gələcəkdə yeni tinglərin becərilməsi hesabına daha çox məhsul əldə edəcəyini planlaşdırırdı. Lakin təsirə məruz qalacaq sahədə ən azı 3 il kənd təsərrüfatı işlərinin aparılmasına qadağaların və sonrakı illərdə bir sıra məhdudiyyətlərin qalması onun gəlirinin bir hissəsindən məhrum olunmasına gətirib çıxara bilər. Digər tərəfdən fermer onun üzüm tənəklərinin sayının da müqavilədə az göstərilməsindən narazıdır.
Tovuz rayonunun kəndlərində isə əhali narazılığını bildirməyə cəhd etsə də yerli icra orqanlarında (Tovuz rayonu, Cilovdarlı kəndi) onlara təzyiqlər göstərilib və torpaq mülkiyyətçiləri özlərinə əlavə problemlər yaratmaq istəmədiklərinə görə şikayət verilməsindən imtina etdiklərini söyləyirdilər.
Torpaq mülkiyyətçilərini narahat edən digər problem isə tikintinin vüsət almasından sonra onların torpaqlarının daha çox hissəsinin təsir altına düşəcəyidir. Tovuz, Şəmkir, Ağstafa rayonlarında aparılan müşahidələr, sorğular zamanı aydın oldu ki, əksər yerlərdə nişanlanma aparılmayıb, nişanlanma aparılan torpaqlarda isə daha çox torpaq təsir altına düşüb. Torpaq mülkiyyətçiləri tikinti işlərinin onların torpaqlarının qalan hissəsinin becərilməsinə manelər yaradacağından narahatdır. Kəmər üçün xəndəklərin qazılması və kəmərin xəndəyə qoyulmasından sonra üstünün örtülməsindən yaranacaq torpaq təpələri suvarmaya, hərəkətinə məhdudiyyətlər qoyulmayan texnikanın istifadəsinə çətinliklər yaradacaq. Mülkiyyətçiləri narahat edən digər problem tikinti nəticəsində suvarma sistemlərinə dəyə biləcək zərərlə əlaqədardır.
İcarə müqavilələri tərtib edilərkən də bəzi səhvlərə yol verilib. Bu faktlara Tovuz rayonunun Aşağı Quşçu kəndində təsadüf edilib. Maraqlı faktlardan biri də Şəmkir rayonunda kəndlərin demək olar ki, əksəriyyətində Dövlət aktına əsasən ümumi torpaq sahəsinin müqavilədə sonradan diyircəkli qələmlə yazılmasıdır. Monitorinq iştirakçılarının 80%-nin müqaviləsində bu faktlar aşkar edildi.
Tovuz, Şəmkir, Ağstafa rayonları ərazisində bələdiyyə mülkiyyətində olan 400 ha-dan çox torpaq sahəsinin (daimi alınan torpaq sahələri, tikinti müddəti ərzində müvəqqəti istifadə olunacaq torpaq sahələri, kəmərin itismarı müddəti ərzində istifədəsinə məhdudiyyətlər qoyulacaq torpaq sahələri) icarə haqqı dövlət torpaq fonduna daxil olan torpaqlarla bərabər tutulmuşdur ki, bu da bələdiyyələrin narazılığına səbəb olmuşdur. Bildiyimiz kimi bələdiyyələr yerli özünü idarəetmə orqanı kimi təzəcə yaranıb və onların fəaliyyətini çətinləşdirən əsas problemlərdən biri də maliyyə vəsaitlərinin daim çatışmamasıdır. Bu da Azərbaycanın indiki vəziyyətində, yəni əhalinin əsas hissəsinin kasıbçılıq həddində yaşaması, kənd təsərrüfatı işlərinin arzu olunan gəlir gətirməməsi və digər bu kimi səbəblərdən irəli gəlir. Bu cür maliyyə çatışmamazlığı fonunda bələdiyyələrə məxsus torpaqlardan istifadəyə görə hesablanmış kompensasiyaların miqdarı ağılasığmaz dərəcədə kiçikdir. Kənd ərazilərində bələdiyyə büdcəsinin əsas gəlir mənbəyi onların mülkiyyətində olan torpaqların icarəyə verilməsindən əmələ gəlir. Lakin boru kəmərlərinin bələdiyyə torpaqları ərazisindən keçməsi onları gəlirlərinin bir hissəsindən məhrum edib. Məsələn, Tovuz rayonunun Dondar Quşçu kəndində bələdiyyə mülkiyyətində olan 4,35 ha torpaq kəmər tikintisi ilə əlaqədar təsirə məruz qalıb və kənd bələdiyyəsi bunun müqabilində cəmi 700.000 manat (140 dollar) kompensasiya alıb. Ağstafa rayonunda Qırılı, Yuxarı Göycəli, Qıraq Kəsəmən, Tovuz rayonunda Xatınlı, Qaraxanlı, Şəmkir rayonunda Keçili, Düyərli kənd bələdiyyələri və bir çox digər bələdiyyələr eyni problemlərlə üzləşib.
halbuki bələdiyyələrin digər icarəçilər ilə müqavilə bağlayacağı təqdirdə bu gəlirlər dəfələrlə yüksək ola bilərdi. Digər tərəfdən, o da anlaşılmazdır ki, bu gün BTC Ko şirkəti kəmər boyu ərazidə sosial-iqtisadi inkişaf məqsədilə maliyyə vəsaitləri ayırır və bu vəsaitləri yerli icmaların gələcəkdə müəyyənləşdirəcəyi problemlərin həllinə yönəltməyi planlaşdırır. Bələdiyyələrin özlərinin də icma prinsipləri ilə (seçkilər yolu ilə) yaradılmasını nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, bu vəsaitlərin bir hissəsi də bələdiyyələrin torpaqlarından istifadəyə görə kompensasiyaya yönəldilsəydi daha yaxşı nəticələrə ümid etmək və bu proqramların həyata keçirilməsi ilə bağlı digər xərclərdən (əmək haqqı, ezamiyyətlər, nəqliyyat, təşkilati xarakterli digər xərclər) qaçmaq olardı.
BTC Neft Boru Kəməri Torpaq Ayırma Proqramının əsas prinsiplərinin pozulma faktı da olmuşdur. Belə ki, Şəmkir rayonunun Düyərli kəndində bələdiyyə torpaqlarından 90 ha Məlikov Namiqə və 10 ha hacıyev Müzəffərə verilib. Bələdiyyələr yarandıqdan sonra, 2000-ci ildə Düyərli bələdiyyəsi ilə icarə müqaviləsi bağlayıblar. İcarəçilər icarə haqqını hər il ödəyiblər. Lakin onların həmin torpaqdan istifadəsi ilə əlaqədar Dövlət aktları olmayıb. BTC boru kəmərlərinin təsiri altına düşən torpaqlar icarədə olmasına baxmayaraq, həmin torpaqlar əkilməyən, qaba yem üçün istifadə olunan torpaqlar kimi bələdiyyədən icarəyə götürülüb. Bu isə icarədarların hüquqlarının pozulmasıdır. həmin torpaqlar hal-hazırda da icarədədir.
Bunu da qeyd etmək lazımdır ki, kompensasiyaların ödənilməsi üzrə bank sənədləri və hesablaşma müqavilələri qanunvericiliyə uyğun tərtib edilib. Kompensasiyalar əsasən ev tikintisinə, kənd təsərrüfatı texnikasının alınmasına, minik maşınlarının alınmasına, şəxsi fermer təsərrüfatlarının genişləndirilməsinə sərf olunub. Kompensasiya aldıqdan sonra kəndi tərk edən olmayıb.
Sorğular, müşahidələr zamanı kompensasiyaların miqdarından razı mülkiyyətçilərin əsas motivləri ondan ibarət olub ki, sanki bu pulların verilməsi onlara "göydəndüşmə" kimidir. Yaxşı güzərana ümidsizlik, pessimist əhval-ruhiyyə onların bu qənaətdə olmasının əsas səbəbidir.
İctimai Sərmayə Proqramı (İSP)
BTC Ko. şirkəti kəmər boyu ərazilərdə sosial-iqtisadi durumun dayanıqlı inkişafına yardım etmək məqsədilə İctimai Sərmayə Proqramını həyata keçirməyi qərara alıb. Proqramın mahiyyəti uzunmüddətli təsirə məruz qalacaq bölgələrin sosial-iqtisadi inkişafına yardım edəcək layihələri dəstəkləməkdən ibarətdir. Kəmər boyu 4 km-lik dəhlizdə (Boru kəmərinin hər tərəfindən 2 km məsafədə) yerləşən ərazilərdə bu proqramların həyata keçirilməsi nəzərdə tutulub. Yuxarıda qeyd etdiyimiz kimi, kəmərin keçəcəyi ərazidə yaşayan əhalinin əksəriyyəti kəndlilərdir. Yerli əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur və bu sahədən alınan gəlirlər hesabına dolanır. Digər bir hissəsi ticarətlə məşğuldur, müəyyən hissə isə dövlət büdcəsindən aldıqları maaşlar və müavinətlər hesabına yaşayır. İşsizliyin səviyyəsi xeyli yüksəkdir. Su, elektrik enerjisi, yanacaqla təchizat çox aşağı səviyyədədir. Sosial infrastruktur obyektləri demək olar ki, fəaliyyətsiz, yolların vəziyyəti bərbad haldadır. Kəndlərin çoxunda xəstəxanalar demək olar ki, yox vəziyyətindədir. Mövcud xəstəxanaların da dərman ləvazimatına, çarpayıya və təmirə ehtiyacı var.
İctimai Sərmayələr Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi 4 təşkilata (Uşaqların Xilası-UX, Beynəlxalq Xilasetmə-BX, Beynəlxalq Tibb Korpusu-BTK, Beynəlxalq İcmalara Kömək Fondu-BİKF) həvalə edilib. Bu təşkilatların həyata keçirəcəyi proqram və layihələr kəmər boyu ərazilərdə mövcud sosial-iqtisadi durumu yaxşılaşdırmaqla bərabər regionun dayanıqlı sosial inkişafına da səbəb olmalıdır. Bu təşkilatlar İSP çərçivəsində nəzərdə tutduqları tədbirləri həyata keçirmək üçün əhali arasında geniş məsləhətləşmələr aparmalı, əhalinin ən çox əziyyət çəkdiyi və bu proqram çərçivəsində həllinə kömək edilə bilən problemləri aşkarlamalıdır. Keçirilən sorğu və müşahidələr göstərdi ki, əhalinin İSP haqqında məlumatları yox dərəcəsindədir. Soruşulan əhalinin əksəriyyəti məsləhətləşmələrdə iştirak etmədiyini, yaxud bu məsləhətləşmələrin keçirilməsindən xəbərsiz olduğunu söyləyirdi. İcra orqanlarının nümayəndələri də bəzi hallarda bu məsləhətləşmələrdən kənarda qalıb. (Məsələn Tovuz rayonu Qaraxanlı kəndi). UX, BTK təşkilatları yerlərdə müzakirələrə başlayıb. Bəzi kəndlərdə əsas problemlər müəyyənləşdirilib. Nə qədər formal olsa da icmalar seçilib. Proqramın həyata keçirilməsi üçünsə konkret işlər hələ az görülüb. BTK seminarlar təşkil edib.
Yuxarıda qeyd olunan təşkilatlar bütün kəndləri gəzmədən, kəndlərin sosial vəziyyətini öyrənmədən İSP üçün kəndlərin siyahısını tərtib ediblər. Onların hansı kriteriyaları əsas götürərək bu kəndləri seçdikləri məlum deyil. Sosial-iqtisadi cəhətdən ən ağır vəziyyətdə olan Tovuz rayonundan İSP üçün 5 kənd seçilib, ancaq Şəmkir rayonundan 12 kənd. Bu qənaətə gəlmək olar ki, İSP-na kəndlərin daxil edilməsi müxtəlif məmurların, yaxud hökumət nümayəndələrinin təklifi ilə seçilib.
İSP-nın iştirakçısı olan FİNCA təşkilatı haqqında iqtisadçı ekspert Qubad İbadoğlunun şərhi: "Sırf biznes fəaliyyətidir. Yəni, BTC-nin İSP sənədində də göstərilir ki, kəmər keçən ərazidə yaşayan əhalinin sosial şəraitini yaxşılaşdırmaq, məşğulluq problemlərini həll etmək nəzərdə tutulur və bu, təbii, əvəzsiz olmalıdır. Lakin FİNCA-nın fəaliyyəti həmin İSP-nın məqsədinə uyğun gəlmir. FİNCA kommersiya maraqlarını güdür. Kreditlərin girovsuz olması, sadəcə, onu maraqlı, cəlbedici etmək üçündür. Kreditin faiz dərəcələri orta Azərbaycan göstəricisindən 2 dəfə yüksəkdir. Bu gün biz adi bankdan ayda 2%-lə həmin krediti götürə bilərik. FİNCA-nın təklif etdiyi kreditin aylıq faizi isə 4%-dir. Eyni zamanda FİNCA kreditləri qısa müddətə verir və kənd təsərrüfatında 4 aylıq kreditlə heç nəyə nail olmaq mümkün deyil. Kənd təsərrüfatı uzunmüddətli, güzəştli kredit tələb edən sahədir. Bu baxımdan mən hesab edirəm ki, İSP-nın Azərbaycan kəndində bu şəkildə həyata keçirilməsi BTC-nın vəsaitinin belə şirkətlər tərəfindən bölüşdürülməsi ilə nəticələnəcək və İSP-dən də bəhrələnən də həmin şirkətlər, onlara bağlı qruplar olacaq. Bunu düzgün hesab etmirəm".
BTC boru kəmərinin tikintisinə işçilərin cəlb edilməsi prosesi ilkin mərhələdədir. Ağstafa, Tovuz, Şəmkir rayonlarında tikinti işləri başlanmayıb. Tikinti şirkətinin kəmər boyu ərazilərdə yaşayan əhalidən işçi qəbul olunması üçün yerli ofisləri yaradılıb. Rayon mərkəzlərində işəgötürmə ilə əlaqədar müşavirələr keçirilib. Kəndlərdə işçi qəbulu haqda elanlar və tələb olunan peşə ixtisasları, bu peşə və ixtisaslar üzrə işçilərə qoyulan bir sıra tələb və şərtlərin siyahısı asılıb. Müşavirələrdə ümumi məlumatlar verilmiş, işçilərə qoyulan tələblər dinlənilmişdir. Əhali ilə aparılan söhbətlərdən belə məlum olmuşdur ki, işəgötürmə prosesinin şəffaf olacağına ümidlər çox azdır. Ymumiyyətlə, təkcə əhali deyil, QhT-lər, ictimaiyyət nümayəndələri üçün də işəgötürmə prosesinin prinsipləri qaranlıq olaraq qalmaqdadır. Ağstafada və Şəmkirdə kəndlilərlə söhbət zamanı işə qəbulla əlaqədar rüşvət tələb etmə hallarının olması haqda kəndlilər şikayət etdilər. İşçilərlə bağlanılacaq əmək müqavilələrinin nümunələrini əldə etmək demək olar ki, çətindir. Bu müqavilə nümunəsinin əldə olmaması onların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğunu müqayisə etməyə imkan vermir. Sorğular göstərdi ki, əhali bu tikintidə iş yeri tapmaq üçün çox ümidlidir. Bunu işə qəbul olunmaq üçün verilən ərizələrin miqdarı da sübut edir.(İşə qəbulla əlaqədar Ağstafa rayonundan 597, Tovuz rayonundan 59, Şəmkir rayonundan 20 ərizə verilib). Ərizələrə hələ cavabların verilməməsi işəgötürmə prosesinin necə aparılacağı haqda konkret fikirlər söyləməyə imkan vermir. Yerli əhali arasında kəmərin mühafizəsi işinə qəbul prosesi üçün ərizələr qəbul edilib, bir sıra vətəndaşlar sınaq testlərində iştirak edib. Tikinti şirkətinin yerli fermerlərə, yerli müəssisələrə (dövlət və ya xüsusi) hər hansı bir sifarişləri müşahidələr zamanı aşkar edilməyib.
Yuxarıda qeyd olunanları, təsirə məruz qalmış əhalidən götürülən müsahibələri nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, AGT boru kəmərləri çəkilişinin ətraf rayonların sosial-iqtisadi problemlərinin həllinə heç bir təsiri olmayıb, əksinə, boruların təsirinə məruz qalmış 1860 xüsusi mülkiyyətçinin və bələdiyyələrin əksər hissəsinin hüququ tapdalanıb.
Monitorinq qrupunun təklifləri:
- Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri Torpaq Ayırma Proqramı üzrə kompensasiyaların verilməsi yenidən araşdırılsın;
- İSP üzrə seçilmiş kəndlərin siyahısı yenidən aydınlaşdırılsın;
- AGT boru kəmərlərinin təsirinə məruz qalmış rayonlardan işə qəbulla əlaqədar kəmərin çəkilişi ilə məşğul şirkətlərin üzərinə götürdüyü öhdəliklər reallaşsın;
- AGT boru kəmərlərinin çəkilişi başlananda yerli fermerlərin, yerli müəssisələrin xidmətlərindən istifadəyə xüsusi diqqət verilsin.
Monitorinq qrupunun üzvləri:
Mirvari Qəhramanova
Zamin hacı
Mətanət Əskərova
həmid Xəlilov
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinqin nəticələri
MÜƏLLİF:
Mirvari Qəhrəmanlı
At:
29 sentyabr 15