NHMT - Qurudakı neft yataqlarında nə baş verir: Əməliyyat şirkətlərində mübhəm qapalılıq

Qurudakı neft yataqlarında nə baş verir: Əməliyyat şirkətlərində mübhəm qapalılıq

Qurudakı neft yataqlarında nə baş verir: Əməliyyat şirkətlərində mübhəm qapalılıq

Açıqlanan məlumatlar açıqlanasının 10 faizi qədər deyilsə...

 

Azərbaycan neft sənayesinin əsası quruda qoyulub. Abşeron yarımadasında elə yataqlar var ki, 150 ildən çoxdur istismar olunur. Neft hasilatı qurudan başlasa da, ölkə müstəqillik əldə etdikdən sonra neft sənayesinin əsasən dənizdə yerləşən yataqlar üzərində qurulduğu təsəvvürü yaranır. Daha doğrusu, sanki Azərbaycanda neft-qaz yalnız iki yataqdan – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” dən hasil olunur: ölkənin neft-qaz hasilatı, bu sektorda görülən işlər deyə axtarış verdikdə yalnız bu iki yatağa aid nəsə tapmaq mümkündür…

 

Digər yataqlar, xüsusilə də quru yataqlarında hansı işlərin görüldüyü, nə qədər neft, nə qədər qaz hasil olunduğuna dair açıq məlumatlar barmaqla sayılacaq qədərdir. Bu yataqlarda işləyən əməliyyat şirkətlərinin adı demək olar ki, yalnız işçi etirazları ilə bağlı məlumatlarda hallanır.

 

Azərbaycanın neft sektorundakı layihələrdə dövləti təmsil edən SOCAR-ın İnternet saytında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət quruda və Xəzər dənizində digər şirkətlərlə birlikdə 27 yataq istismar edir. Bunlardan "AzGerneft" MMC ilə birgə işlənən “Ramana” yatağı istisna olmaqla qalan yataqlar Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri əsasında işlənilir. Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri dövlət (və ya dövlət neft-qaz şirkəti) və neft-qaz şirkəti(ləri) arasında bağlanılır. Adətən şirkət yatağın işlənməsi üçün lazım olan bütün maliyyə və əməliyyat risklərini öz üzərinə götürür. Bu tipli sazişlərə əsasən, kəşfiyyat mərhələsindən sonra karbohidrogenin hasilatından əldə olunan gəlir, şirkətin kapital və əməliyyat xərclərini ödəyəndən sonra, yerdə qalan mənfəət tərəflər arasında bölünür. Bu iki saziş arasında fərq isə ondadır ki, Hasilatın Pay Bölgüsü sazişində şirkət hasilatdan pay əldə edir, Risk Xidməti sazişində isə neft-qaz şirkəti neft hasil olunandan sonra dövlətdən pul şəklində mükafatlar alır.

 

Hazırda quruda yerləşən neft-qaz yataqları üzrə mövcud hasilatın pay bölgüsü sazişləri və onların iştirakçıları bunlardır:

 

1. Suraxanı Neft Yatağının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş. "NOVATİS OİL FZE" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və SOCAR-ın Ortaq Neft Şirkəti - Surakhani Oyl Operating Company S.A.

 

2. Kürovdağ Neft Yatağının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - Global Energy və SOCAR-ın Ortaq Neft Şirkəti - Shirvan Operating Company LTD

 

3. Neftçala, Xıllı, Durovdağ-Babazanan Neft Yataqlarının və Muğan Monoklinalinin Cənub-Qərb Qanadının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - “NEFTECHALA INVESTMENTS LIMITED” şirkətinin Azərbaycan Respublikasındakı filialı və SOCAR-ın Ortaq Neft Şirkəti - Neftechala Operating Company Limited

 

4. Mişovdağ və Kəlaməddin Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş Global Energy və SOCAR-ın Ortaq Neft Şirkəti - Karasu Operating Company

 

5. Kürsəngi - Qarabağlı yataqları Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş SOCAR-ın Ortaq Neft Şirkəti, CNPC İnternational (Kura) Limited Şirkətinin filialı və Fortunemate Assets Limited - Salyan Oil LTD

 

Qeyd edək ki, "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorces" və "Delta/Hess Ltd.” şirkətləri arasında imzalanıb. Saziş 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. Noyabr 2021-ci ildə “CNPC International (Kura)” 25% və “FAL” 25% öz paylarını “GL Investment” şirkətinə satıblar. Bununla da, yatağın işlənməsində SOCAR 50% və “GL Investment” 50% paya sahib olublar. Saziş sahəsi, ümumilikdə, 450 km² sahəni əhatə edir.

 

6. Zığ və Hövsan Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - “Apşeron İnvestments Limited” Şirkətinin Filialı və SOCAR-ın Ortaq Neft Şirkəti - Absheron Operating Company Limited

 

“Absheron Operating Company Limited” Azərbaycan Respublikasında “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR, “Russneft Absheron Investments Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında 3 noyabr 2006-cı il tarixində imzalanmış Sazişə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 8 oktyabr 2007-ci il tarixində qüvvəyə minib.

 

7. Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı Neft Yataqlarının Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - UGE-LANCER PTE, Ltd-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və SOCAR-ın Ortaq Neft Şirkəti - Balakhani Operating Company Limited

 

8. Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüt, Donquzduq, Nardaran, Ilxıçı, Qərbi Hacıvəli, Sundi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvannı, Solaxay və Daşgil Yataqlarının Daxil Olduğu Üç Blokun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş - COMMONWEALTH GOBUSTAN LIMITED və SOCAR-ın Ortaq Neft Şirkəti - Gobustan Operating Company LTD

 

9. “Azərbaycan Respublikasında “Pirsaat” neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş” - SOCAR-ın “Ortaq Neft Şirkəti” və “Petro-HongKong-Pirsaat” şirkəti Qeyd edək ki, saziş SOCAR, “Shengli Oilfield Shengda Group Company” və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında 04 iyun 2003-cü il tarixində imzalanıb və 29 dekabr 2003-cü il tarixindən qüvvəyə minib. 2008-ci ildə “Shengli Oilfield Shengda Group Company” öz payını “Petro-HongKong Limited” şirkətinə satıb.

 

10. Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş  - AZEN Oyl Kompani B,V, Şirkətinin Filialı və SOCAR-ın Ortaq Neft Şirkətnin yaratdığı Binagadi Oil Company.

 

11. “AzGerneft” BM 1996-cı ildən fəaliyyət göstərən birgə müəssisədir. Şirkətin nizamnamə kapitalında Dövlət Neft Şirkətinin (SOCAR) 40 faiz, Sinqapur Respublikasının “Union Grand Enerji PTE Ltd” nin isə 60 faiz payı vardır.1994-cü ildə yaradılan “AzGerneft” MMC ölkəmizdə karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və hasilatı, eləcə də istifadə edilən materialların nəqli və satışı ilə məşğuldur.

 

“AzGerneft” MMC hazırda Bakı şəhərinin Ramana kəndi ərazisində yerləşən “Balaxanı-Sabunçu-Ramana” yatağının “Ramana” sahəsinin (keçmiş “Balaxanıneft” NQÇİ-nin 7-ci mədəni) istismar işlərini həyata keçirir.

 

Daha bir saziş 2016-cı ildə "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə bağlı imzalanmışdı. Bu sazişdə SOCAR-ın tərəfdaşı Kanadanın "Zenith Energy" şirkəti idi. 2020-ci ilin iyununda şirkət “Afrikada genişmiqyaslı neft hasilatı və inkişaf imkanlarının əldə edilməsinə yönəlmiş strateji fokusunu nəzərə alaraq” sazişdə iştirakını dayandırdığını elan edib. Lakin SOCAR mətbuat xidməti bəyan edib ki, “Zenith Aran Oil Company” şirkəti “dövlət qarşısında hasilatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə” sazişin hasilata aid olan hissəsinə xitam verilib. 2020-ci ilin martında ƏŞ üzrə gündəlik hasilat 180 barel təşkil edib. Hazırda yatağı SOCAR-ın Ə. Əmirov adına NQÇİ-si istismar edir.

 

Ümumiyytələ, qurudakı yataqların əksəriyyəti Abşeron yarımadasında yerləşir. Ən çox neft çıxan yataqlar da məhz buradadır – Balaxanı və Bibiheybət yataqlarıdır ki, hələ də rentabelliyini qoruyur. Ən böyük yataq da Balaxanı-Sabunçu-Ramana yataqlar bloku hesab olunur. Bu yataqlar bir-birinə sıx yerləşdiyinə görə, hər zaman bir yataq kimi qeydə alınıb. Ancaq hazırda Balaxanı və Sabunçu yataqlarını Balaxanı Əməliyyat Şirkəti, Ramana yatağını isə “Azgerneft” MMC istismar edir.

 

Xüsusi qeyd etməyə dəyər ki, özəl şirkətlərlə işlənən qurudakı yataqlarda görülən işlərin keyfiyyətini qiymətləndirmək mümkün deyil. Ən əsas ona görə ki, belə qiymətləndirmənin aparılması üçün açıq, şəffaf məlumatlar olmalıdır: yataqlar özəl əllərə veriləndən sonra hasilat necə dəyişib? Yataqlarda hasilatı səmərəli hala gətirmək, yaxud azalmanın qarşısını almaq üçün hansı yeni texnologiyalardan istifadə olunur? Bu texnologiyalar nə qədər səmərəlidir? Bunları müəyyən etmək üçün həmin yataqlarda işləyən əməliyyat şirkətləri ən azı bp qədər şəffaf olmalıdılar. Lakin təəssüflər olsun ki, biz bu şəffaflığı müşahidə etmirik. Nəinki ƏŞ-lərin özəl tərəfdaşları, SOCAR da quruda birgə işlənın yataqlarda baş verənlər barədə susmağa üstünlük verir. Bu yazını hazırlayarkən şirkətə ünvanlanan sorğuya cavab verilməməsi göstərir ki, birgə işlənən quru yataqlarda ürəkaçan nələrsə baş vermir: hər halda, əksi olsaydı, rəqəmlər gizlədilməzdi. Biz SOCAR-dan nə istəmişdik, sorğumuzda qurudakı yataqlarıda fəaliyyət göstərən ƏŞ-lərlə bağlı nələr vardı, diqqət yetirək:

 

1.Sazişlərdə nəzərdə tutulan investisiya qoyuluşu planlarına necə əməl olunur? Plandan kənaraçıxmalar varmı? Varsa, hansı həcmləri əhatə edir?

2. Yataqlarda son 5 ildə hasilat göstəriciləri necə dəyişib: illər üzrə konkret hasilat həcmləri əsasında. Hansı yataqlarda artım, hansında azalma var və bunun səbəbləri nədir?

3. Sazişlərin icrası ilə bağlı məlumatlar hansı dövrülüklə açıqlanır? Onlarla haradan tanış olmaq mümkündür?

4. Sazişlər üzrə məlumat açıqlığının, hesabatlılığın təmin olunması üçün hansı işlər görülür?

 

Qurudakı yataqlarda hasilatın səmərəliliyi bir nümunədə

 

Xüsusi qeyd etməyə dəyər ki, yataqlar üzrə hasilatın pay bölgüsü sazişlərində nəzərdə tutulan investisiya qoyuluşları(əgər nəzərdə tutulubsa -red), planlaşdırılan hasilat həcmlərinə dair hər hansı məlumat açıqlanmır. Buna biz sazişlər Milli Məclisdə müzakirə olunanda da rast gəlməmişik. Buna görə də indiki hasilat həcmlərinin plana nə qədər uyğun olduğunu söyləmək mümkün deyil.

 

Qurudakı yataqların ƏŞ-lər tərəfindən istismarının nə qədər səmərəli olduğunu əlimizdə olan bir məlumatla qiymətləndirməyə çalışaq. Belə ki, SOCAR tərəfindən açıqlanan rəsmi məlumata əsasən 2021-ci ilin 6 ayında şirkətə məxsus Azneft İB-nin istismar etdiyi quru yataqlarından 173,8 min tondan artıq neft, 51,6 milyon kubmetrdən çox qaz hasil olunub. Həmin dövrdə Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin balansındakı quru yataqlarından isə 122,8 min ton neft, təxminən 45,6 milyon kubmetr qaz çıxarılıb.

 

Yuxarıda qeyd etmişik ki, quruda yerləşən 27 yataq ƏŞ və BM-lər tərəfindən istismar olunur. SOCAR isə quruda 2021-ci ildə 18 yataqda işləyirdi(Buzovna-Maştağa, Qala və Zirə yataqları 2021-ci ilin sonlarında GL İntenational şirkətinə istismara verilib –red.). Yataqlardan ikisi - “Türkan” və “Bəyimdağ-Təkçay” kəşfiyyat mərhələsində olduğuna görə hasilat yoxdur. Bu o deməkdir ki, 2021-ci ilin 6 ayında SOCAR 16 yataqdan ƏŞ və BM-lərlə işlənən 27 yataqdan daha çox neft və qaz hasil edib. Hamıya məlumdur ki, qurudakı yataqların özəl şirkətlərə verilməsi zamanı əsas arqument onlarda hasilat səmərəliliyini artırmaq göstərilib. Amma belə görünür ki, hər hansı səmərəlilikdən danışmaq mümkün deyil.

 

Son illərdə quruda yerləşən yataqlarda hasilat, dövlətə çatan mənfəət neft və qazı ilə bağlı bir sıra məlumatları Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə verdiyi rəylərdən əldə etmək olur.

 

Palatanın Fondun 2020-ci il büdcəsini icrasına verdiyi rəydən aydın olur ki, Neft Fondunun 2020-ci il büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 35,0 ABŞ dolları proqnozlaşdırılıdığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 38,5 ABŞ dolları təşkil edib. Bu qiymət şəraitində 2020-ci ildə Balaxanı yatağından mənfət neftinin hasilatı 1,58 milyon barel proqnoza qarşı 1,57 milyon barel(Neft Fonduna ödəmə dəyər ifadəsində 4,26 milyon dollara qarşı 6,26 milyon dollar), Zığ-Hövsan Abşerondan 0,48 milyon barelə qarşı 0,43 milyon barel(Fonda ödəmə 0,63 milyon dollara qarşı 0,72 milyon dollar), Binəqədidə 0,93 milyon barelə qarşı 0,99 milyon barel(1,70 milyon dollara qarşı 3,66 milyon), Mişovdağ və Kəlaməddində 0,63 milyon barelə qarşı 0,62 milyon barel(0 proqnoza qarşı 0,44 milyon dollar), Neftçala və Xıllıda 0,21 milyon barelə qarşı 0,16 milyon barel(0,25 milyon dollara qarşı 0,16 milyon dollar), Kürovdağda 0,99 milyon barelə qarşı 0,97 milyon barel(1,72 milyon dollara qarşı 2,67 milyon dollar), Kürsəngi və Qarabağlıda 0,95 milyon barelə qarşı 0,90 milyon barel(1,31 milyon dollar proqnoz və ödəniş), Suraxanıda 1,14 milyon barelə qarşı 1,03 milyon barel(1,20 milyon dollara qarşı 1,43 milyon dollar) olmaqla cəmi ödəniş 16,66 milyon dollara bərabər olub.

 

Neft Fondunun 2021-ci ilin büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 40 ABŞ dolları proqnozlaşdırılıdığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 65,4 ABŞ dolları təşkil edib. Həmin il Fonda AÇG və Şahdəniz istisna olmaqla, digər yataqlardan mənfəət nefti və qazın satışından  cəmi 62,3 milyon ABŞ dolları daxil olub. Təəssüf ki, Palatanın rəyində yataqlar üzrə hasilat həcmi əksini tapsa da dəyər ifadəsi verilməyib. Belə ki, Balaxanıda hasilat 1,62 milyon barel proqnoza qarşı 1,73 milyon barel, Zığ-Hövsan Abşeronda  0,47 milyon barelə qarşı 0,42 milyon barel, Binəqədidə 0,94 milyon barelə qarşı 1,01 milyon barel, Mişovdağ və Kəlaməddində 0,64 milyon barelə qarşı 0,67 milyon barel, Neftçala və Xıllıda 0,22 milyon barelə qarşı 0,25 milyon barel, Kürovdağda 1,012 milyon barelə qarşı 1,08 milyon barel, Kürsəngi və Qarabağlıda 0,98 milyon barelə qarşı 0,95 milyon barel təşkil edib. Qiymətin büdcədə nəzərdə tutulandan çox olması, həmçinin hasilatın 2020-ci illə müqayisədə yüksək olması Fonda ödəmələrin də proqnozu üstələməsinə səbəb olub.

2022-ci il üçün Fondun büdcəsinə verilən rəydən aydın olur ki, 2021-ci ilin 9 ayında quruma

- Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 5,2 milyon ABŞ dolları;

- Kürsəngi və Qarabağlı daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 0,6 milyon ABŞ dolları;

- Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 78,0 milyon ABŞ dolları;

- Neftçala neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə -1,1 milyon ABŞ dolları;

- Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 2,3 milyon ABŞ dolları;

- Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 6,1 milyon ABŞ dolları;

- Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 11,2 milyon ABŞ dolları;

- Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və HPBS üzrə - 3,6 milyon ABŞ dolları daxil olub.

 

Palatanın açıqladığı məlumata görə, 2021-ci il üzrə ARDNF-nin büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barelinin qiymətinin 40 dollar götürülməsi ilə bağlı olaraq Neftçala, Xıllı, Durovdağ-Babazanan, eyni zamanda Kürsəngi və Qarabağlı yataqları üzrə ödənişlər nəzərdə tutulmasa da (mənfəətin yaranmaması səbəbindən), ARDNF-nin 2022-ci il büdcəsində xam neftin qiymətinin daha yüksək (50 dollar) olması ilə əlaqəli olaraq 2022-ci ilin büdcə proqnozlarında həmin yataqlar üzrə proqnoz ödənişləri nəzərdə tutulub.

 

Bu il qurudakı yataqlar üzrə Fonda çatacaq mənfəət neft qazı, onun 50 dollarlıq qiymət ilə dəyəri aşağıdakı həcmlərdə nəzərdə tutulub:

 

- Kürsəngi və Qarabağlı yataqları üzrə 0,58 milyon ABŞ

- Kürsəngi və Qarabağlı yataqları üzrə 0,58 milyon ABŞ dolları (0,012 milyon barel);

- Suraxanı və Qaraçuxur yataqları üzrə 3,17 milyon ABŞ dolları (0,06 milyon barel);

- Zığ-Hövsan yatağı üzrə 1,69 milyon ABŞ dolları (0,04 milyon barel);

- Neftçal, Xıllı, Durovdağ-Babazan yataqları üzrə 0,85 milyon ABŞ dolları (0,02 milyon barel);

- Mişovdağ və Kəlaməddin yataqları üzrə 1,05 milyon ABŞ dolları (0,02 milyon barel);

- Kürovdağ yatağı üzrə 4,61 milyon ABŞ dolları (0,11 milyon barel);

- Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə v 7,88 milyon ABŞ dolları (0,16 milyon barel);

- Binəqədi blokuna daxil olan yataqlar üzrə 4,65 milyon ABŞ dolları (0,14 milyon barel).

 

2022-ci ilin yanvar-sentyabrında Fonda həmin yataqlardan daxilolmalar isə aşağıdakı həcmdə olub:

 

- Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 12,9 mln. ABŞ dolları;

- Kürsəngi və Qarabağlı daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 12,0 mln. ABŞ dolları;

- Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 16,4 mln. ABŞ dolları;

- Neftçala neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 0,6 mln. ABŞ dolları;

 - Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 3,0 mln. ABŞ dolları;

 - Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 2,7 mln. ABŞ dolları;

- Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 11,7 mln. ABŞ dolları;

- Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və HPBS üzrə - 0,2 mln. ABŞ dolları;

 

Hesablama Palatasının ARDNF-nin 2023-cü il büdcəsinə verdiyi rəydən aydın olur ki, gələn il dövlətə Kürsəngi və Qarabağlı yataqları üzrə daxilolma proqnozlaşdırılmır – neftin orta qiyməti 50-dollar götürülüb, bu yataqlardan gəlir 60-dollar və ondan yuxarı olduqda nəzərdə tutulur. Suraxanı və Qaraçuxur yataqları üzrə 2023-cü ildə dövlətə 0,05 milyon barel və ya 2,3 milyon dollar, Zığ-Hövsan yatağı üzrə 0,02 milyon barel və ya 1,05 milyon dollar,  Neftçala, Xıllı , Durovdağ-Babazan yataqları üzrə 0,01 milyon barel və ya 0,44 milyon dollar, Mişovdağ və Kəlaməddin yataqları üzrə 0,03 milyon barel və ya 1,25 milyon dollar, Kürovdağ yatağı üzrə 0,10 milyon barel və ya 1,25 milyon dollar, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə 0,26 milyon barel və ya 13,5 milyon dollar, Binəqədi blokuna daxil olan yataqlar üzrə 0,13 milyon barel və ya 4,08 milyon dollar mənfəət daxil olması proqnozlaşdırılır. Bu proqnozun özünü doğruldacağı gözləniləndir. Belə ki, 2023-cü ildə neftin dünya bazar qiymətinin büdcə proqnozlaşdırılmasında nəzərdə tutulandan yüksək olacağı gözlənilir. Bu baxımdan, hasilat proqnozuna olmasa da, dəyər baxımından dövlətə çatacaq vəsaitin artması baş verəcək.

 

Hesablama Palatasının Neft Fondunun 2023-cü il büdcəsinə dair rəyində əksini tapan rəqəmlər diqqəti bir baxımdan xüsusilə cəlb edir. Belə ki, həmin rəqəmlər göstərir ki, qurudakı yataqlardan hasil olunan neftin cüzi bir hissəsi dövlətə çatır. Məsələn, Suraxanı yatağından 2023-cü ildə 1,05 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır ki, bunun da cəmi 0,05 milyon bareli  - yəni cəmi 4, faizi dövlətə çatan mənfəət olacaq. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə AÇG-də 129,6 milyon barel hasilatdan 64,1 milyon bareli dövlətə çatacaq.

 

2023-cü ildə qurudakı yataqlardan proqnozlaşdırılan hasilat və dövlətə çatacaq pay:

             Yataq

Gözlənilən

hasilat

mln. barel

Dövlətin payı- həcm

mln. barel

Dövlətin payi-

dəyər

mln.dollar

Suraxanı və Qaraçuxur yataqları

1.05

0,05

      2,3

 

Zığ-Hövsan yatağı

0.44

0,02

      1,05

Neftçala və Xıll

0.20

0,01

0,44

Mişovdağ və Kəlaməddin

0.64

0,03

1,25

Kürovdağ

1.04

0,10

4,36

Balaxanı - Sabunçu

Ramana və Kürdəxanı

1.59

 

0,26

13,15

Binəqədi blokuna daxil olan yataqlar üzrə

0.996

0,13

4,08

Kürsəngi - Qarabağlı

0,925

-

-

 

ARDNF-dən sorğumuza verilən cavabdab aydın olur ki, Azərbaycanın quruda yerləşən neft-qaz yataqlarından Fonda 2022-ci ilin sentyabr ayının sonunadək ümumilikdə 792 milyon ABŞ dolları, o cümlədən 2022-ci ilin 9 ayı ərzində 61 milyon ABŞ dolları məbləğində vəsait daxil olub: “Beləliklə, 2022-ci il üzrə quruda yerləşən neft-qaz layihələri üzrə büdcənin 9 aylıq icrası 81 faiz təşkil etmişdir. Qeyd olunan layihələr üzrə Dövlətin Mənfəət Payının yaranması, bölünməsi və ötürülməsi müvafiq Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) müddəalarına uyğun şəkildə aparılır və dövlətə ödənişlər HPBS-lərdə qeyd edilən şərtlər əsasında icra edilir”.

 

Hasilat Sənayesində Şəffaflıq hesabatı şəffaflıq gətirirmi?

 

Bir müddət əvvəl Dövlət Statistika Komitəsi Hasilat Sənayesində Şəffaflıq üzrə 2019-2021-ci illəri əhatə edən məcmu hesabatı açıqlayıb. Maraqlıdır ki, həmin hesabatda da illər üzrə hasilat həcmləri açıqlanır, lakin dövlətə çatan mənfəət neftinin həcmi deyil, yalnız dəyəri əksini tapır. Bp. Equinor və sair iri xarici şirkətlər hesabatda açıqlanması nəzərdə tutulan bütün məlumatları təqdim etdikləri halda, qurudakı yataqlarda çalışan özəl şirkətlər ümumi hasilat göstəricisi, dövlətə çatan mənfəətin həcmi istisna olmaqla, əksər məlumatları təqdim etməyiblər. Bu məsələdə Balakhani Operating Company Limited və Surakhani Oyl Operating Company S.A. xüsusilə qapalılığı ilə diqqəti cəlb edir. Bu şirkətlər hesabata daxil edilən məlumatların böyük əksəriyyətini təqdim etməyiblər.

 

Hesabat təqdimatından aydın olur ki, DSK bütün şirkətlərdən eyni məlumatı istəyib, lakin cavablandırıb-cavablandırmamaq şirkətlərin öz ixtiyarında olduğuna görə cavablandırmayanlara münasibətdə hər hansı məcburedici tələb yoxdur. Bu isə o deməkdir ki, açıqlanan hesabatlar quruda yerləşən yataqlarda çalışan şirtkətlərin fəaliyyətinə demək olar  ki, işıq salmır.

 

Enerji sahəsi üzrə ekspert İlham Şaban hesab edir ki, cəmiyyəti neft-qaz hasilatçıları ilə tanış etmək hökumətin vəzifəsidir: “Əvvəla ondan başlayaq ki, hökumət ümumiyyətlə cəmiyyəti neft və qaz hasilatçıları ilə tanış edirmi? Yəni hökumət hansısa hesabatında bildirirmi ki, Azərbaycanda 01.01.2022 tarixinə neft və qaz hasilatı ilə neçə hüquqi şəxs məşğul olub? Və bu hüquqi şəxslərin neçə səhmdarı olub, onlar neçə ölkəni təmsil ediblər və sair. Nə Energetika Nazirliyinin illik hesabatında, nə SOCAR-ın illik hesabatında (orada işlənən yataqların sayı açıqlanır, amma neçə əməliyyat şirkəti tərəfindən işlədildiyi qeyd edilmir), nə AR Dövlət Neft Fondunun illik hesabatında (orada yalnız mənfəət ödəyən əməliyyat şirkətləri yer alır) və.. nəhayət, nə də hər ilin mart ayında Hökumətin Milli Məclisə təqdim etdiyi hesabatında (maraqlıdır ki, həmin hesabat heç hökumətin saytında belə tam şəkildə yerləşdirilmir) “neft-qaz” bölümündə bu haqda məlumat verilmir. Yəni Azərbaycan vətəndaşı olaraq kimsə hətta Google axtatış sistemində “Azərbaycanda hasilatçı şirkətlər” yazsa, qarşısına dolğun bir məlumat çıxmayacaq”.

 

Ekspert bildirir ki, bu sahə üzrə müəyyən biliklərə sahib insanlar isə Dövlət Statistika Komitəsinin saytından “Hasilat Sənayesində Şəffaflıq” bölümündən müyyən məlumatlar əldə edə bilirlər: “Bu bölməyə keçid etdikdən sonra “Şirkətlər üzrə” hissədə hasilatla hansı əməliyyat şirkətlərinin (nəyə görə əvvəldə bilik məsələsinə toxundum, çünki burada qiymətli metal hasil edən şirkətlər də var, gərək onları ayırd edə biləsən) məşğul olduğunu və nə qədər neft və qaz hasil etdiklərini görmək olar. Həmin məlumatlar 3 illik müqayisə ilə verildiyindən son illərdə həmin əməliyyat şirkətinin hasilatının azalması və ya artımı ilə bağlı fikir formalaşır. Amma Statkomun açıqladığı bu məlumatlar sadəcə statistikadır. Onların əsasında nəinki vətəndaş, heç onilliklər boyu iqtisadiyyat üzrə ixtisaslaşmış alimlər belə “bu nəticələr yaxşıdır, ya qeyri-kafi” sualına cavab verə bilməzlər. Niyə? Çünki Azərbaycanda indiyə qədər imzalanmış 37 müqavilədən 3-ü Risk Servis tipli, 34-ü isə Hasilatın Pay Bölgüsü tiplidir və onların ictimaiyyət üzrə açıq olanı heç 5-ə də çatmır. Müqavilədə yazılan şərtləri, yatağı işlədən şirkət qarşısında qoyulan müqavilə tələblərini bilmədən həmin müqavilə sahəsinin effektiv və ya səmərəsiz işlədilməsi haqda kənardan müşahidəçi qismində necə nəticə çıxarmaq olar? Təbii ki, bu çox mürəkkəb və bizim halda deyərdim ki, hətta mümkünsüzdür.  Çox təəssüf ki, BP şirkətinin bu sahədə cəmiyyətə verdiyi şəffaflıq və hesabatlıq töhfəsi digər əməliyyat şirkətlərində Azərbaycanda tətbiq edilmədi və nəticə göz qabağındadır - yəni real olaraq “Azəri-Çıraq-Günəşli” neft bloku və “Şahdəniz” qaz yatağının işlənməsi və bir də ümumilikdə SOCAR-ın fəaliyyətindən başqa digərləri haqda cəmiyyət faktiki məlumatsızdır. Məsələn, biz bilirik ki, AÇG-nin ehtiyatları 1 milyard tona yaxındır və Energetika Nazirliyinin amıqladığı məlumatlara əsasən təxmin edirik ki, onun ehtiyatlarının artıq 60 faizini çıxartmışıq. O cümlədən də “Şahdəniz” üzrə. Çünki həm çıxarıla biləcək ehtiyatlar, həm cari hasilat, həm də hasilatın əvvəlindən indiyə qədər çıxarılmış resurslar haqda dolğun məlumatlar var. Bəs digər əməliyyat şirkətləri üzrə? Mən bir ekspert kimi hansısa proqnoz verə bilmərəm, nəinki çətinlik çəkərəm, çünki əl altında məlumat yoxdur”.

 

İ.Şabanın sözlərinə görə, Hasilat Sənayesində Şəffaflıq hesabatının 2021-ci il üzrə göstəricilərinə nəzər yetirdikdə görülür ki, Azərbaycanda SOCAR-dan əlavə neft və qaz hasilatı ilə daha 15 əməliyyat şirkəti fəaliyyətdə olub: “Bunun 12-sinin fəaliyyəti Azərbaycanın quru yataqlarını əhatə edir. SOCAR-ın 2021-ci il üzrə illik hesabatındakı göstəricilərdən çıxış etsək, Azərbaycanda hasil edilən neftin cəmi  4,2 faizi, qazın isə 0,41 faizi quruda hasil edilib. Neft Fondunun 2021-ci il illik hesabatından məlum olur ki, 11 əməliyyat şirkəti üzrə daxilolmalar var. Yəni dövlət neft və qaz hasilatı üzrə 11 müqavilə üzrə MƏNFƏƏT əldə edib. Bu, isə o deməkdir ki, 4 layihədən dövlətin QAZANCI olmayıb. Amma bu haqda hökumət özünün narahatçılığını ictimailəşdirməyib. İndi baxaq görək, 2020-ci və 2019-cu illərdə Azərbaycan dövləti neçə layihədən mənfəət əldə edib? Müvafiq olaraq 11 və 12 olub. Yəni 2019-cu illə müqayisədə “Muradxanlı” layihəsi bağlanıldığından və yenidən SOCAR-ın balansına keçdiyindən say azalıb. Keçid edirik daha əvvələ - 2017-ci ilə yenə də 11… və eyni əməliyyat şirkətləri. Gəldiyimiz nəticə nədir? Azərbaycanda dövlətin mənfəətsiz işlətdiyi NEFT yataqları var.. bunlar SOCAR-ın balansında olsaydı və rentabelliyi artırmaq üçün özəl şirkətlərə verilsəydi, başadüşülən olardı. Məsələn, ötən ilin noyabrında Kürsəngi-Qarabağlı yataqlarına Azərbaycanın özəl şirkəti GL operator qismində daxil oldu və 1 illik fəaliyyətləri nətucəsində 8 faiz hasilatı artıra bildilər. Belə hal təqdirəlayiqdir. Amma dövlət bir layihədən illərlə qazanc əldə etmirsə və layihəyə də xitam vermirsə.. və bunu da ictimailəşdirmirsə.. səbəbini gərək izah etsin axı”..

 

Neft sənayesi mütəxəssisi, uzun illər bu sahədə çalışmış digər  müsahibimiz bildirir ki, qurudakı yataqlarda yeni texnologiyaların tətbiqinə diqqət yetirilmir: “Onların(Əməliyyat şirkətlərini idarə edənlərin – red.) çoxusunun neft sənayesindən xəbərləri belə yoxdur. Yataqları əldə edən kimi ilk növbədə geoloji tədqiqat strukturlarındakı mütəxəssisləri kənarlaşdırdılar. İndi də prosesləri necə gəldi idarə edirlər. Məsələn, “Qarasu”da quyulara suyu naşı şəkildə vurdular, ilk mərhələdə hasilat artdı. Lakin işi qeyri-peşəkar apardıqlarına görə tezliklə əksər quyularda neft verimlilik kəskin düşdü(2019-cu ildə hasilat 100,7 min ton, 2020-ci ildə 94,5 min ton, 2021-ci ildə 91 min ton), indi çıxarılanın yarıdan çoxu su olur. İndi eyni tərkib gəlib Balaxanıya rəhbər, eyni işə başlayıblar. Yaşlanmış yataqlarda hasilatı artırmaq üçün quyulara su vurulması bütün dünyada həyata keçirilir. Lakin bunu elə dəqiq hesablayıb həyata keçirmək lazımdır ki, vurulan su laylarda qalan nefti tamamilə quyuların dibinə gətirsin. Bunu da sahə üzrə geoloq-mütəxəssislər ən azı 6-7 aylıq tədqiqatlardan sonra qərar verə bilirlər ki, yatağın hansı hissəsində yerləşən hansı quyuya su vurulsa maksimum çox neft çıxarmaq mümkün olacaq. Bunlar heç bir tədqiqat aparmadan quyuları necə gəldi seçib su vururlar. Nəticədə qısa müddətə hasilat artsa da, sonrakı dövrdə çıxarıla biləcək neft həcmləri kəskin azalır. Bu, axı xalqın sərvətidir, ona necə belə məsuliyyətsiz yanaşmaq olar?”

 

Yeri gəlmişkən, DSK-nın açıqladığı şəffaflıq hesabatından aydın olur ki, son 3 ildə qurudakı yataqların hamısında hasilatın azalması baş verib. İ.Şabanın da qeyd etdiyi kimi, hasilat həcmlərinin sazişlərdə nəzərdə tutulan hasilat həcmlərinə nə qədər uyğun gəldiyini müəyyənləşdirmək mümkün deyil. SOCAR indiyədək yalnız 1 dəfə - 2020-ci ildə Kanadanın "Zenith Energy” şirkəti Azərbaycan hökuməti ilə bağlanmış HPBS-dən çıxarkən şirkətin sazişdə nəzərdə tutulan hasilat planına əməl etmədiyini açıqlayıb. Digər sazişlər üzrə hasilat planlarına əməl olunma səviyyəsinə dair hər hansı açıqlama verilməyib...