Ekspert: Rövşən Ağayev
Mündəricat
1. Giriş
2. Bakı və Abşeron yarımadasının içməli su infrastrukturunun mövcud vəziyyəti
3. Oğuz-Qəbələ-Bakı su kəmərinin əsas texniki və iqtisadi parametrləri
4. Oğuz-Qəbələ-Bakı su kəmərinin effektivliyinin qiymətləndirilməsi
5. Layihənin planlaşdırılması və icrası prosesində şəffaflığın təmin olunması sahəsində problemlər
6. Tədqiqatın əsas tapıntılarının ümumiləşdirilməsi
7. Nəticə
Bakı, Noyabr 2008-ci il
Giriş
Bu tədqiqat yazısı üçün lazım olan informasiyalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundun (ARDNF) saytından, NHMT İB tərəfindən ARDNF-na, Azərsu Açıq Tipli Səhmdar Cəmiyyətinə göndərilmiş informasiya sorğularına verilmiş cavablar, NHMT İB-nin apardığı monitorinqlər zamanı əldə edilmiş məlumatlar əsasında hazırlanmışdır.
Bundan əlavə Azərsu SC informasiya üçün açıq olmayan, (bu qurumun bu vaxtadək saytı da mövcud deyil), mütəmadi olaraq” İnformasiya əldə etmək haqqında” ölkə qanun pozan bir qurum olduğundan və təşkilat tərəfindən ictimaiyyəti daha çox maraqlandıran sorğulara tam cavab vermədiyindən, tədqiqat yazısında qeyri-rəsmi mənbələrdən alınmış məlumatlardan da istifadə edilmişdir.
Son illər Azərbaycanın paytaxtı Bakı şəhəri ciddi infrastruktur problemləri ilə üzləşib. Bir tərəfdən regional sosial-iqtisadi inkişafda hökm sürən son dərəcə kəskin disbalans səbəbindən ölkə əyalətlərindən Bakıya genişmiqyaslı əhali axını, digər tərəfdən isə keçmiş SSRİ dövründən qalma infrastrukturun əhəmiyyətli hissəsinin istismar dövrünü başa vurması paytaxtın sosial-iqtisadi vəziyyətini daha da gərginləşdirib. Təkcə onu qeyd etmək kifayətdir ki, rəsmi hesabatlarda Bakı şəhərində 1,9 milyon nəfər əhalinin yaşadığı qeyd olunsa da, qeyri-rəsmi hesablamalara görə paytaxtda ən azı 3 milyon nəfər məskunlaşıb. Təbii ki, belə şəraitdə köhnə infrastrukturun normadan az qala iki dəfə artıq yüklənməsi istər şəhərin su təchizatı sisteminin, istər nəqliyyat şəbəkəsinin, istərsə də enerji və istilik təchizatının fiziki aşınmasını daha da sürətləndirib.
Ötən əsrin ortalarından etibarən müxtəlif beynəlxalq maliyyə qurumlarının, xüsusilə də Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Böyük Bakının su təchizatı sistemini yaxşılaşdırmaq üçün kifayət qədər böyük həcmli vəsaitlər ayrılıb. Rəsmi mənbələrdən bu barədə dəqiq məlumat əldə etmək çətin olsa da, ekspert qiymətləndirmələrə görə, axır 13 ildə paytaxtın su təchizatının yenidən qurulmasına ən azı 250-300 milyon dollar xərclənib. Öz növbəsində, həmin məbləğin yarısı xarici kreditlərin, yerdə qalan hissəsi isə daxili maliyyə mənbələri (dövlət büdcəsi və «Azərsu» ASC-nin öz daxilolmaları) hesabına təmin olunub.
Aparılan araşdırmalar və rəsmi statistik məlumatların təhlili isə onu söyləməyə əsas verir ki, Bakının su şəbəkəsinin yenidən qurulması istiqamətində atılan addımlar paytaxt sakinlərinin içməli su təminatında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayıb. Bu, özünü xüsusilə də istehlakçılara suyun fasilələrlə verilməsində göstərib. Dövlət Statistika Komitəsinin 8 mindən artıq ev təsərrüfatını əhatə edən illik müayinəsinin nəticələrinin görə, Bakı və Abşeronda ev təsərrüfatları demək olar ki, 100 faiz su kəmərləri ilə təmin olunub.
Lakin qeyd olunmalıdır ki, ev təsərrüfatlarının kəmərlərlə tam əhatələnməsi əhalinin vaxtlı-vaxtında içməli su təchizatına təminat vermir. Hazırda Bakı və Abşeron yarımadasında suyun fasilələrlə buraxılması son dərəcə ciddi problemdir. «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaydığı məlumata görə, hazırda paytaxtdakı ev təsərrüfatlarının 40 faizi daimi, 60 faizi isə fasilələrlə su ala bilir. Lakin «Avrasiya» Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən «Qafqaz Resurs və Tədqiqat Mərkəzi»nin paytaxtda apardığı sorğunun nəticələrinə görə (sorğu 760 ev təsərrüfatını əhatə edib) Bakı sakinlərinin 22,3 faizi fasiləsiz, 76,1 faizi gün ərzində fasilələrlə, 1,6 faizi isə həftədə bir neçə dəfə su ilə təchiz olunurlar. Göründüyü kimi, Bakının – ölkənin paytaxtının içməli su təminatı kəskin problemlər olaraq qalmaqdadır. Bunun əsas səbəbləri nədir – son illər sürətlə artan şəhər əhalisinin sayına nisbətdə mövcud su resurslarının azlığımı, su israfçılığının geniş miqyas alması müqabilində nəzarətsizliyin hökm sürməsimi, paytaxtın su infrastrukturunun sürətlə fiziki aşınması nəticəsində itkilərin əhəmiyyətli dərəcədə artmasımı? Tədqiqat hesabatını hazırlayan ekspertlər Oğuz-Qəbələ-Bakı su kəmərininin iqtisadi səmərəliliyini təkcə layihə ilə əlaqəli ayrı-ayrı məlumatların araşdırılmasına və qiymətləndirilməsinə deyil, həmçinin məhz bu cür sullara da cavab axtarmağa çalışıb.
1. Bakı və Abşeron yarımadasının içməli su infrastrukturunun mövcud vəziyyəti
Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun içməli su infrastrukturu səhmlərinin 100 faizi dövlətə məxsus olan «Azərsu» ASC tərəfindən idarə olunur. Son məlumata görə, bu ərazidə səhmdar cəmiyyətinin su istehlakçılarının sayı 3 milyon nəfərə çatır. Böyük Bakıda (Sumqayıt şəhəri və Abşeron rayonu da daxil olmaqla) 4 200 km su kəməri xətləri mövcuddur. Onlardan 2600 km şəhərdaxili su şəbəkəsinin, 1600 km isə magistral xətlərinin payına düşür.
Bu əraziyə 5 mənbədən su daxil olur: 1-ci Bakı su kəməri (Şollar), 2-ci Bakı su kəməri (Xaçmaz), 1-ci Kür su kəməri, 2-ci Kür su kəməri və Ceyran-Batan su kəməri.
Yuxarıda sadalanan bu beş mənbənin ümumi məhsuldarlığı (potensial su gətirmə gücü) 23 kubmetr saniyə təşkil etsə də, həmin mənbələrdən faktiki olaraq cəmi 13 kubmetr saniyə su ötürülür.
Böyük Bakının içməli su təchizatı sisteminə 2 ədəd təmizləyici qurğu, 265 nasos stansiyası (o cümlədən böyük məhsuldarlığa malik 13 regional nasos stansiyası) və ümumi su tutumu 850 min kubmetr olan anbarlar daxildir
2. Oğuz-Qəbələ-Bakı su kəmərinin əsas texniki və iqtisadi parametrləri
Su kəmərinin texniki göstəriciləri daha çox onun ölçülərini ifadə edən riyazi göstəricilər sistemindən ibarətdir. İqtisadi parametrlər isə layihənin gerçəkləşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarını ehtiva edir.
2.1. Kəmərin texniki parametrləri
Kəmərin uzunluğu ilə bağlı mətbuatda və rəsmilərin açıqlamalarda müxtəlif rəqəmlər (260 km, 270 km, 280 km və 285 km) səsləndirilir. Lakin kəmər layihəsi üçün idarəetmə və texniki nəzarət üzrə məsləhət xidmətlərinin cəlb edilməsi məqsədilə 2006-cı ilin avqustunda elan olunmuş bildirişdə kəmərin uzunluğu 263 km göstərilib. 2000 millimetr diametrdə olan kəmər paytaxta saniyədə 5, saatda 18 000, sutkada isə 432 000 kubmetr su gətirilməsini təmin edəcək. Layihə iki hissədən - sugötürücü qovşaq və Oğuz-Qəbələ-Bakı magistral su kəmərindən ibarətdir. .
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində şüşə lifli borulardan istifadə olunur. Həmin borular sözügedən kəmərin tikintisi ərəfəsində Sumqayıtda yaradılmış “Azkompozit” zavodunda istehsal olunur. Oğuz-Qəbələ-Bakı su xəttinin istismar müddəti 50 il müəyyən edilib. Kəmərin Oğuz rayonu ərazisində su götürdüyü mənbələr 430-530 m yüksəklikdə yerləşir. Orada təxminən 150 metr dərinlikdə, 350 millimetr diametrdə 120 ədəd quyu qazıldığı bildirilir. Sugötürücü quyuların iş rejiminə avtomatik nəzarət etmək üçün SACDA tipli nəzarət sistemi yaradılması nəzərdə tutulub.
Kəmər boyunca hər tərəfə 25 metr olmaqla 50 metrlik sanitar-mühafizəsi zonası yaradılıb. Su kəməri bütün marşrutu boyunca 12 çay məcrasının altından keçib, eyni zamanda 8 yerdə avtomobil, 2 yerdə dəmir yolu xətti ilə kəsişib.
2.2. Kəmərin iqtisadi parametrləri
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi tamamilə Azərbaycan Dövlət Neft Fondunun büdcəsi hesabına reallaşdırılır. Fonddan verilən məlumata görə, 2008-ci il sentyabrın 1-nə kəmərin tikintisində ümumilikdə 335 mln. manat xərclənib. İlin sonunadək isə tikinti işlərinə əlavə olaraq 80-85 mln. manat yönəldiləcəyi bildirilir. ARDNF-nun 2009-cu il üzrə büdcə layihəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə əlavə 300 mln. manat ayrılacağı proqnozlaşdırılır. Bu məbləği də nəzərə alsaq, adıçəkilən su kəmərinin ümumi dəyərinin 750 mln. manata və ya 920 mln. dollara çatacağını gözləmək olar.
Kəmərin texniki-iqtisadi qiymətləndirilməsini Almaniyanın CES Consulting Engineers şirkəti həyata keçirib.
2.3. Layihənin gerçəkləşdirilməsində iştirak edən podratçı şirkətlər
2.3.1. Kəmərin layihələndirilməsi və tikintisini həyata keçirən podratçı şirkətlər
- “Turan Hazinadaroğlu İnşaat və Ticarət” Anonim şirkəti,
- “Tekser İnşaat Sanayi və Ticarət” Anonim şirkəti,
- “Gəncə Körpü Tikinti 2 “ Açıq Səhmdar Cəmiyyəti
2.3.2. Quyuların qazılması üzrə podratçı şirkətlər:
- “Arsan Arıtma və İnşaat Anonim” şirkəti
- “Özalp İnşaat Enerci və Sanayi Ltd“ şirkəti
3. Oğuz-Qəbələ-Bakı su kəmərinin sosial-iqtisadi effektivliyinin qiymətləndirilməsi
Keyfiyyətli, insan orqanizmi üçün təhlükəsiz içməli su ilə təminat Minilliyin İnkişaf Məqsədlərindən biridir. Azərbaycan kimi şirin su ehtiyatları ilə elə də zəngin olmayan ölkələrdə isə bu cür layihələrin gerçəkləşdirilməsinin əhəmiyyəti daha da artır. Lakin istənilən layihə kimi Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin sosial-iqtisadi effektivliyini vizual göstəricilər əsasında qiymətləndirmək obyektiv nəticələr əldə etməyə mane ola bilər. Məsələn, səlahiyyətli dövlət qurumlarının təmsilçiləri üçün bu kəmərin sosial-iqtisadi effektivliyini qiymətləndirmək üçün yeganə indikator Bakı şəhərinin fasiləsiz su ilə təminatıdır. Lakin su kəməri layihəsinin real dəyəri, paytaxta gətiriləcək suyun həcminin layihənin gerçəkləşdirilməsinə çəkilən xərclərin məbləğinə adekvat olub-olmamağı, alternativ xətlərin çəkilməsi imkanları və onların bir-biri ilə müqayisəsi, alternativ materiallardan (çuqun, dəmir-beton və s.) istifadənin bir-biri ilə müqayisəsi kimi yanaşmalara rəsmilərin arqumentli münasibətinə ümumiyyətlə rast gəlmək qeyri-mümkündür. Məsələn, sözügedən su kəmərinin çəkilişində şüşə-polietilen boruların seçilməsi onların ucuzluğu, korroziyaya qarşı yüksək davamlılığı, qaynaqdan istifadə edilmədən asan quraşdırılması və çəkisinin azlığı ilə izah olunur. Lakin heç bir rəsmi məlumat və ya ictimaiyyət üçün açıq olan uyğun sənədlərdə şüşə-polietilen boruların alternativləri (məsələn, çuqun) ilə konkret dəlillərə söykənən müqayisəsinə rast gəlinmir. Hər kəsə aydındır ki, çuqunun istismar müddəti şüşə-polietilen borularla müqayisədə daha çoxdur. Çuqun borular 70-80 il, şüşə-polietilen borular isə 50-60 il istifadə edilir. Məhz bu faktor, həmçinin daşınma xərclərinin azlığı şüşə-polietilen boruları daha ucuz edir. Amma tədqiqatın gedişində Oğuz-Qəbələ-Bakı kəmərinin timsalında bu cür müqayisəli qiymətləndirməyə dair rəsmi məlumatlar əldə etmək mümkün olmadı. Naməlum səbəblərdən kəmər layihəsinin texniki-iqtisadi əsaslandırılması ictimaiyyətdən tam qapalı saxlanılır.
3.1 İqtisadi effektivlik üçün əsas göstəricilər
Layihə ekspertləri tərəfindən iqtisadi effektivlik meyarları kimi layihəyə çəkilən xərclərin nə dərəcədə şəffaf və səmərəli olması əsas götürülüb.Yuxarıda qeyd olunduğu kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tam çəkilişinə 730 mln. manata yaxın (təxminən 900 mln. dollar) vəsait xərclənəcəyi gözlənilir. Bu o deməkdir ki, kəmərin hər kilometri 2,8 mln. manata (3,4 mln. dollara) başa gələcək. Deməli Bu məbləğ az qala 1 kilometr yolun çəkilişinə sərf olunan vəsaitə bərabərdir. Adi riyazi yanaşma da onu söyləməyə əsas verir ki, 1 km yolun çəkilişi analoji ölçüdə su kəmərinin çəkilişində əhəmiyyətli dərəcədə baha olmalıdır.
- Başqa ölkələrdə gerçəkləşdirilən oxşar layihələrlə də müqayisə apardıqda Oğuz-Qəbələ-Bakı su kəmərinin bahalı layihə olduğu üzə çıxır.
Məsələn, hazırda Rusiyada Volqoqrad və Həştərxan vilayətlərini, Kalmıkiya və Stavropolu birləşdirən 1400 km uzunluğunda transregional su kəmərinin tikintisinə hazırlıqlar başlanıb. Bu kəmərə 20 mlrd rubl, yaxud 750 mln. dollar, yəni hər km üçün 550 min dollar xərclənəcəyi gözlənilir. Rusiya mənbələrinin məlumatına görə, adıçəkilən su xəttinin diametri ən azı 1000, maksimum 1500 millimetr ola bilər. Ölçüsü etibarı ilə həmin kəmər Oğuz-Qəbələ-Bakı su xəttindən uzağı 2 dəfə kiçik olacağı gözlənlisə də, onun qiyməti Azərbaycandakı kəmərdən az qala 7 dəfə ucuz ola bilər. Nəzərə alsaq ki, Rusiyadakı adıçəkilən kəmər əhalisi təxminən 6,5 mln. nəfər olan ərazilərdə, Azərbaycandakı kəmər isə təxminən 2,5 mln. nəfərin yaşadığı coğrafi hissədə əhalinin su təchizatını yaxşılaşdırmağa hesablanıb. Bu müqayisələrdən çıxış etdikdə, Oğuz-Qəbələ-Bakı su kəmərinin faktiki dəyəri onun real dəyərindən çox alınır. Bəzi hallarda kəmərin dəyərinin yüksək olmasını onun keçdiyi ərazilərin relyefinin mürəkkəb olması (yüksək dağlıq ərazilərdən keçməsi) ilə izah etmək cəhdləri hiss olunur. Amma mütəxəssislərin kəmər boyu apardığı müşahidələr onu deməyə əsas verir ki, ən yaxşı halda kəmərin keçdiyi ərazilərin uzağı üçdə biri nisbətən yüksək olan dağlıq hissələrdən keçib.
İlk baxışdan o qədər də uğurlu görünməyən başqa bir müqayisə – 2003-2005-ci illərdə tikilmiş uzunluğu 1760 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, məsafədə ondan 6 dəfə qısa olan Oğuz-Qəbələ-Bakı su kəməri ilə eyni müddətə çəkilib, özü də hər km hesabı ilə təqribən 30 faiz ucuz başa gəlib. Bu müqayisədə mübahisə doğuran əsas suallardan biri layihələrin həyata keçirildiyi dövrlərin fərqli olmasıdır. Bakı-Ceyhan neft kəməri 2003-cü ildən, Oğuz-Bakı su kəməri isə 2006-cı ildə tikilməyə başlanıb. Onların başa çatma dövrü arasında da fərq də təxminən 3 ildir (Bakı-Ceyhan neft kəməri 2006-cı ildə istismara verilib, Oğuz-Bakı su kəmərinin tikintisinin isə 2009-cu ildə başa çatdırılacağı bildirilir). Ən sadə hesablamadan çıxış etsək, deyə bilərik ki, 2003-2008-ci illərdə tikinti işlərinin dəyəri 40-45 faiz artıb və bu artım nəzərə alınmaqla Bakı-Ceyhan bir kilometrinin hazırkı qiyməti 3,5 mln. dollar təşkil etməlidir (Oğuz-Bakının hazırkı qiyməti səviyyəsində).
Kəmərin öz xərcini ödəməsi nöqteyi-nəzərdən də qiymətləndirmə aparıldıqda layihənin dəyərinin baha olması aşkar görünür. Hazırkı tariflərlə (əhali kateqoriyası üçün 1 kubmetr suyun tarifi 18 qəpikdir) bu kəmər öz dəyərini ən azı 35 ilə ödəyəcək. Oğuz-Bakı kəməri istismar edildiyi 50 il ərzində paytaxta təxminən 7,9 mlrd. kubmetr su gətirəcək. Bu o deməkdir ki, indiki dəyərlə 1 kubmetr suyun hasilat maya dəyəri 12 qəpik (15 dollar) təşkil edəcək (kəmərin ümumi dəyəri bölünsün istismar dövrü ərzində nəql olunacaq suyun həcmi).
3.2. Sosial effektivlik üçün əsas göstəricilər - Yeni su kəmərinin istismarı paytaxtın su təminatını beynəlxalq standartlara uyğunlaşdırmağa imkan verəcəkmi?
Əhalinin keyfiyyətli və fasiləsiz su ilə təminatı meyarı
İstənilən layihənin dəyəri onun gerçəkləşdirilməsindən əldə olunan nəticə ilə ölçülür. Bu, istər mənfəət götürmək üçün həyata keçirilən kommersiya layihələrinə, istərsə də sosial layihələrə aid edilə bilər. Sadəcə olaraq, kommersiya layihələrində bir qayda olaraq nəticəni pula çevirmək mümkündür – çəkilən xərclər müqabilində əldə olunan xalis mənfəət nəticəni xarakterizə edir. Dövlətin və humanitar missiya daşıyan ictimai təşkilatların reallaşdırdığı sosial layihələrdə isə dəyərlə (konkret rəqəmlərlə) ifadə olunan nəticə barədə danışmaq əksər hallarda son dərəcə çətin, bəzən isə ümumiyyətlə mümkünsüzdür. Məs;
-Oğuz-Qəbələ-Bakı su kəmərinin səmərəliliyi (onun çəkilməsindən əldə olunan nəticə) hansı göstəricilər əsasında qiymətləndirmək olar ki, nəticə kifayət qədər obyektiv olsun?
Həmin göstəricilərə aşağıdakıları daxil etmək olar;
3.2.1. Bu kəmərlə gətirilən su hesabına benefisiarlar kifayət qədər təmiz və sağlamlıq üçün tam təhlükəsiz suya çıxış əldə edirlər (göründüyü kimi, bu artıq keyfiyyət göstəricisidir, onu hər hansı bir hansısa riyazi göstəricilər ilə ifadə etmək mümkünsüzdür). Səlahiyyətli şəxslər dəfələrlə bəyan ediblər ki, Oğuzdan gətirilən suyun tərkibi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən standartlara tam uyğundur.
3.2.2. Şəhər əhalisinin əhəmiyyətli hissəsi fasiləsiz (gün ərzində 24 saat) içməli su əldə edə biləcəklər (göründüyü kimi, bu daha çox kəmiyyət göstəricisidir və onu konkret rəqəmlə ölçmək də mümkündür). Rəsmi məlumatların səhihliyinə olan şübhələri bir kənara qoysaq, Oğuz-Qəbələ-Bakı su kəməri sayəsində Bakı şəhərində yaşayan əhalinin ən azı 85 faizi heç bir problem olmadan fasiləsiz (bütün gün ərzində) içməli su ilə təmin olunacaq. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, səlahiyyətli hökumət rəsmiləri hazırda Bakıdakı əhali abonentlərinin 40 faizindən bir qədər çoxunun fasiləsiz içməli ilə təmin edildiyini iddia edir. Oğuz-Qəbələ-Bakı su kəmərinin ictimaiyyətə təqdim olunan texniki parametrlərindən çıxış etsək, bu xətt hesabına əlavə olaraq təqribən 1,1 mln. nəfər, yaxud bütün istehlakçıların 43 faizə qədəri də fasiləsiz su təminatına çıxış imkanı qazanacaqlar. Belə ki, hazırda qüvvədə olan normativə görə, adambaşına su istehlakı aylıq 12, sutkalıq isə 0,4 kubmetr (400 litr) təşkil edir. Oğuz-Qəbələ-Bakı su kəmərinin sutkada paytaxta 432 000 kubmetr su gətirəcəyinə dair rəsmi məlumatlar özünü doğrultsa, bu gündəlik 400 litr hesabı ilə 1,1 mln. nəfərin 24 saat ərzində su almasına təminat verəcək.
Bu iki indikatordan çıxış etdikdə Oğuz-Qəbələ-Bakı su kəmərini iqtisadi cəhətdən yetərincə səmərəli layihə hesab etmək olar. Lakin:
- Səlahiyyətli şəxslərin adıçəkilən mənbədən götürülən suyun keyfiyyəti barədə açıqlamalarında suyun tərkibi ilə bağlı hansısa beynəlxalq səviyyəli laboratoriyadan alınmış müvafiq rəyin olub-olmamağı barədə heç nə deyilmir(sənəd yoxdur). Hər halda bu cür rəy olsa idi, rəsmi açıqlamaların sanbalını artırmaq üçün həmin rəylərə istinad olunardı.
- Oğuz-Qəbələ-Bakı su kəməri sayəsində paytaxt sakinlərinin 85 faizinin fasiləsiz su təmin olunacağını yalnız su xətti tam gücü ilə fəaliyyətə başladıqdan sonra real qiymətləndirmək mümkün olacaq. Bundan əlavə, hökumət təmsilçilərinin çıxışlarında yeni kəmərin işə düşməsindən sonra Bakı əhalisinin 85 faizinin fasiləsiz içməli su alacağı ilə bağlı hər hansı rəsmi zəmanətə rast gəlmək mümkün deyil.
- Hətta səlahiyyətli şəxslər fasiləsiz su təminatının miqyasına dair qeyri-rəsmi məlumatları təsdiqləsə də belə, Bakının su təchizatının mövcud xəritəsini əldə etmək mümkünsüzdür. Məsələn, hazırda 40 faiz fasiləsiz su alan ev təsərrüfatları şəhərin hansı ərazilərini əhatə edir, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyətə başlamasından sonra fasiləsiz su ilə təmin olunacaq yeni ərazilər hansılar olacaq? Bu sualların cavabı yoxdur. Bu cür əks arqumentlər isə sözügedən su kəmərinin iqtisadi səmərəliliyini birmənalı qiymətləndirməyi xeyli çətinləşir.
3.3. Paytaxtın su təchizatını yaxşılaşdırmaq üçün başqa alternativlər yeni kəmərin çəkilməsinin əleyhinədir?
İstənilən layihənin istər sosial, istərsə də iqtisadi baxımdan səmərəliliyini qiymətləndirmək üçün monitorinq və tədqiqat metodologiyalarından biri də həmin layihənin aradan qaldırmalı olduğu problemin həllinə dair müxtəlif alternativlərin müqayisəli təhlilinin aparılmasıdır. Alternativ olaraq Bakı şəhərinin Samur-Dəvəçi düzənliyinin yeraltı suları hesabına təmin olunması variantı daha əlverişli olsa da , nədənsə bunun üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə üstünlük verilib. Rəsmi olaraq bununla bağlı hər hansı məlumat yoxdur. Lakin tədqiqat müəllifləri özlərinin şəxsi hipotezaları əsasında yeni kəmərin müxtəlif mümkün alternativlərini axtarmağa və onların qarşılıqlı müqayisəsini aparmağa cəhd göstərib. Həmin alternativlərə daxildir:
- Bakıya nisbətən daha yaxın ərazilərdən (məsələn, İsmayıllı və Şamaxı rayonları ərazisindən) su gətirilməsi. Mütəxəssislər paytaxta Oğuz və Qəbələ rayonlarından daha yaxın məsafədə irihəcmli şirin su mənbələrinin olduğunu təsdiq etməsələr də, belə bir sual da ortaya çıxır:
Nəyə görə Bakının su təchizatı üçün istismar ehtiyatları təsdiq edilmiş və daha əlverişli variant olan Samur-Dəvəçi düzənliyinin yeraltı sularından (Samur-Qusarçay hövzəsi) deyil, hələ tam öyrənilməmiş Oğuz-Qəbələ sahəsinin yeraltı suallarından istifadə edilməsi nəzərdə tutuldu?
2) Mövcud su mənbələrinin imkanlarını artırmaq hesabına paytaxta əlavə həcmdə su gətirilməsi.
Burada həlledici məsələ budur ki, istifadədə olan hazırkı mənbələrin potensial məhsuldarlığı və boru xətlərinin potensial buraxıcılıq gücü əlavə su həcmlərinin gətirilməsinə imkan verməlidir. Yuxarıda təqdim olunan məlumatlardan da göründüyü kimi, Bakıya hazırda içməli suyun gəlişini təmin edən mövcud mənbələrin suverimi məhsuldarlığı azı saniyədə 23 kub.metr təşkil edir. Halbuki paytaxtın su ehtiyacları maksimum 18 kubmetrsaniyə civarında qiymətləndirilir. Fəaliyyətdə olan boru-kəmərlərinin potensial buraxıcılıq gücünə gəldikdə, mənbəyi Samur-Abşeron kanalı olan Ceyranbatan xəttinin hazırda ən azı 3 kubmetr saniyə əlavə su ötürmək üçün texniki imkana malik olduğu bildirilir. Məlumat üçün bildirək ki, artıq 2006-cı ildən Samur-Abşeron kanalının yenidən qurulmasına başlanıb. Yenidənqurma işləri Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir. Artıq 2008-ci il də daxil olmaqla son üç ildə sözügedən layihəyə hökumət 235 mln. manat (təxminən 300 mln. dollar) xərcləyib. Yaxın iki ildə isə əlavə olaraq azı 150-160 mln. manatın (təxminən 200 mln. dollar) xərclənəcəyi gözlənilir. «Azərsu» mütəxəssislərinin verdiyi məlumata görə, yenidənqurma işləri nəticəsində Samur-Abşeron kanalı vasitəsilə Bakı və Abşeron yarımadasına əlavə olaraq saniyədə 15 kubmetr su daxil olacaq ki, həmin su həcminin 2,5-3,0 kubmetri içməli su kimi «Azərsu» ASC supaylaşdırma şəbəkələrinə, yerdə qalan hissəsi isə təsərrüfat (suvarma) məqsədləri ilə «Meliorasiya su Təsərrüfatı» ASC-nin şəbəkələrinə təhvil veriləcək. Göründüyü kimi, Ceyran-Batan su kəməri hesabına Bakı və Abşeron yarımadasına daxil olacaq əlavə içməli suyun həcmi Oğuz-Bakı kəmərindən proqnozlaşdırılan suyun həcminin təxminən 50 faizi qədərdir. Yəni, bu mənbə Oğuz-Qəbələ-Bakı kəmərinin gətirəcəyi suyu kompensasiya etmək imkanında deyil.
3.4. İtkilərin azaldılması və israfçılığın məhdudlaşdırılması hesabına əlavə su ehtiyatlarının yaradılması. Son illər paytaxtın su təchizatı şəbəkəsinə böyük həcmli investisiyaların qoyulmasına baxmayaraq içməli suyun irimiqyaslı itkiləri hələ də qalmaqdadır. Dünya Bankı ekspertlərinin qiymətləndirmələrinə görə, Bakının su infrastrukturundakı problemlər (xüsusilə də xətlərin köhnə olması, qeyri-leqal qoşulmalar və s.) üzündən anbarlardan xətlərə buraxılan suyun 25 faizə qədəri itkiyə məruz qalır. Halbuki beynəlxalq standartlara görə həmin itkiləri səviyyəsi üçün maksimum 7 faiz norma sayılır. Bundan başqa, sayğaclaşdırma prosesinin son dərəcə zəif getməsi (hazırda Bakı şəhərindəki istehlakçıların 50 faizdən bir qədər çox hissəsinin su sayğacları ilə təchiz olunduğu bildirilir) su istehlakında israfçılığa səbəb olur. İlkin qiymətləndirmələr əsasən, paytaxtın içməli su sistemi qaydaya salınsa və itkilər qeyd olunan standarta uyğunlaşdırılsa, əlavə olaraq azı 2 kubmetrsaniyə həcmində içməli suyu istehlaka yönəltmək olar.
Beləliklə, göründüyü kimi, 2 mənbə – itkilərin normalara uyğunlaşdırılması və Samur-Abşeron kanalının yenidən qurulması sayəsində paytaxt və Bakı ətrafı ərazilərə ən azı 5 kubmetr saniyə həcmində içməli su gətirmək mümkün olacaq. Bu isə təxminən Oğuz-Qəbələ-Bakı kəmərindən gözlənilən su həcminə bərabərdir.
Nəzərə almaq lazımdır ki, Bakı şəhərindən əhali artımı mümkün olan son həddədək artıb, bundan sonra əksinə əhalinin azalması baş verə bilər. Çünki son illər paytaxt əhalisi əsasən kənd yaşayış məntəqələrində işsizlik və yoxsulluğun genişlənməsinin nəticəsi olaraq regionlardan iri şəhərlərə (xüsusilə də Bakıya) qeyri-leqal miqrasiya hesabına baş verib. Hökumət iddia edir ki, son illər regionların inkişafına yönəldilmiş iri həcmli sərmayələr (sosial infrastruktur obyektlərin tikintisi, yeni müəssisələrin açılması istiqamətində stimullaşdırıcı tədbirlər, yollar yenidən qurulması və s.) yaxın dövrlərdə məcburi əmək miqrantlarının (qeyri-rəsmi hesablamalara görə onların sayı ən azı 1 milyon nəfər təşkil edir) öz yaşayış məntəqələrinə geri qayıtmasına təkan verəcək. Hətta bu faktoru nəzərə almasaq belə, paytaxt əhalisinin ən pik həddə çatdığı hazırkı dövrdə itkilərin azaldılması və Ceyranbatan xəttinin buraxıcılıq gücünün artırılması sayəsində əhalinin beynəlxalq standartlara uyğun su ilə təmin edilməsi mümkündür. Amma qeyd olunan mənbələr (Oğuz-Bakı kəməri də daxil olmaqla) hesabına Bakıya əlavə olaraq 10 kubmetr saniyə həcmində (cəmi 23 kubmetrsaniyə) içməli suyun gətirilməsindən sonra adambaşına sutkalıq su istehlakı təxminən 700 litrə çatacaq (hesablama paytaxt və Bakı ətrafı əhalinin sayı 3 mln. nəfər götürülməklə hesablanıb). Bu isə müxtəlif ölkələrdə norma kimi qəbul edilən standartdan, (hazırda ayrı-ayrı ölkələrdə həmin göstərici 230-350 litr intervalında dəyişilir və bura həm soyuq, həm də isti su istehlakı daxildir) beynəlxalq standartlardan orta hesabla 2,5 dəfə çoxdur. məlumat üçün qeyd edək ki, Azərbaycan hökuməti də rəsmi olaraq adambaşına su istehlakı normatvlərini təsdiqləyib. Belə ki, Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında» 118 saylı Qərarına əsasən adambaşına aylıq su istehlakı norması 12 kub (sutkalıq 400 litr və ya 0,4 kubmetr) təşkil edir.
Gətirilən müqayisələrdən belə anlaşılır ki, Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilməsinin hədəflərindən biri də Azərbaycanın perspektivdə içməli su ixrac edən ölkəyə çevrilməsini təmin etməkdir. Bu ehtimala bir müddət öncə «Azərsu» ASC-nin rəhbəri Nizaməddin Rzayev də toxunmuş və Azərbaycanın Orta Asiyaya içməli su ixrac etməklə ölkəmizin əlavə valyuta gəlirləri əldə etmək niyyətində olduğunu demişdi.
Bununla belə mütəxəssislər yeni kəmərin üstünlüklərini də qeyd edirlər. Belə ki, son onilliklərdə dünyanın müxtəlif ölkələrində içməli su təchizatı sisteminin qurulmasında yerüstü su mənbələrindən istifadənin məhdudlaşdırılması əsas hədəflərdən biridir. Mütəxəssislərin rəyinə görə, yerüstü mənbələri (əsasən çaylardan götürülən sular) suyun keyfiyyətinə təminat vermir. Yeraltı sular dedikdə bilavasitə yer süxurlarından və bulaqlardan götürülən su nəzərdə tutulur. Məsələn, hazırda Münhen şəhərinin içməli su təchizatında yeraltı mənbələrdən götürülən suyun həcmi 100%, Vyanada 95%, Lissabonda 58%, Kopenhagendə 84% təşkil edir.
Hazırda Bakı şəhərinə daxil olan içməli suyun cəmi 20 faizi yeraltı su mənbələrindən gətirilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyətə başlamasından sonra yeraltı su resurslarının paytaxtın su istehlakında xüsusi çəkisi 42 faizə çatacaq.
5. Layihənin planlaşdırılması və icrası prosesində şəffaflığın təmin olunması sahəsində problemlər
İctimai əhəmiyyətli istənilən sosial, iqtisadi, ekoloji və infrastruktur layihədə şəffaflığın təmin olunması həmin sosial-iqtisadi effektivliyini qiymətləndirmək üçün əsas indikatorlardan biridir. Özü də bu cür layihələrdə şəffaflığın təmini onların planlaşdırılmasından və texniki-iqtisadi hazırlanmasından tutmuş icrasınadək bütün mərhələləri əhatə etməlidir. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi barədə qərarı səlahiyyətli hökumət rəsmiləri bağlı qapılar arxasında qəbul edib. Ən azından Bakının su təminatındakı mövcud problemləri və onun aradan qaldırılması yollarını sosial-iqtisadi və ekoloji yönümü vətəndaş cəmiyyəti institutları, bu sahənin elmi tədqiqatçıları və şəhərsalma mütəxəssisləri ilə birgə müzakirə etmək, bu müzakirələrin nəticəsi olaraq Böyük Bakının içməli su təchizatına dair xüsusi uzunmüddətli dövlət proqramı qəbul etmək olardı. Layihənin texniki-iqtisadi əsaslandırılmasını ictimai ekspertizaya təqdim etmək heç şübhəsiz ideal variant ola bilərdi. Alternativ variantların (əgər varsa) bir-biri ilə müqayisəsi (layihənin dəyəri, suyun keyfiyyəti və gətirilən suyun həcmi baxımından), kəmərin çəkilişində alternativ materialların istifadəsi şəraitində hansı fərqlərin olduğu tam açıq olmalı idi. Təbii ki, bütün bunlar layihənin ilkin planlaşdırılması mərhələsində şəffaflığın təmin edilməsi üçün həyata keçiriləsi tədbirlər olsa da, bu istiqamətdə heç addım atılmayıb.
- İcraçı şirkətin seçilməsi
Qüvvədə olan dövlət satınalmaları haqda qanunvericiliyə görə, dövlət (o cümlədən səhmlərində dövlətin payı 30 faizdən çox olan səhmdar cəmiyyətləri) tərəfindən həyata keçirilən və dəyəri 50 min AZN-dən çox layihələrin icraçısı açıq tenderlər vasitəsilə seçilməlidir. Burada tələb olunan şərtlərdən birinə (rəsmi mətbuatda tender elanın dərc edilməsi) əməl olunub. Lakin Azərbaycan reallığında tender elanı bir çox hallarda formal xarakter daşıyır və əvvəlcədən qeyri-rəsmi olaraq seçilmiş şirkətin adının rəsmiləşdirilməsinə xidmət edir. Tender prosesinin formal olmadığını sübut etmək üçün hökumətin bir sıra addımlar atması vacibdir;
- Tenderə qoşulmuş bütün şirkətlərin adı məlum olmalıdır.
- Tenderin qalibi olmuş şirkətin adı tender elanı verilmiş mətbu orqanda dərc olunmalıdır.
Bu istiqamətdə ümumiyyətlə addım atılmayıb və yalnız xeyli müddət ötəndən sonra hökumət layihəni icra edəcək podratçı kimi «Turan Hazinadaroğlu İnşaat və Ticarət» Anonim şirkətinin adını açıqladı. Amma tədqiqatın hazırlanması gedişində ekspertlər qeyri-rəsmi qaydada öyrənə bildi ki, tenderdə iştirak məqsədilə 22 şirkət müvafiq sənədlər təqdimi edib, onlardan 5-i müsabiqədə iştiraka buraxılıb və sonda qanunvericiliyin tələblərinə uyğun olaraq 1 şirkət qalib olaraq seçilib.
5.1. Tenderdə iştirak üçün sənəd təqdim edən şirkətlər hansı şirkətlər olub?
Tender təcrübəsində bəzən tender rəqabətini imitasiya etmək üçün çoxlu sayda kağız üzərində adı olan, amma fəaliyyətsiz şirkətləri açıq tender meydançasına buraxırlar. “Dövlət satınalınmaları haqqında” Qanunun 11-ci maddəsinin tələbinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir.(Azərbaycan qəzetinin 7 iyul 2006-cı il tarixli nömrəsində dərc edilib) Göründüyü kimi, qanun azı 3 şirkətin iştirakını məcburi norma kimi nəzərdə tutur, amma bəzən təcrübədə maraqlı tərəflərlər bu sayı artırmaqla daha əlverişli rəqabət mühitinin olmasını qabartmağa çalışırlar. Beləliklə, ilkin mərhələdə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin gerçəkləşdirilməsində iştiraka iddia edən 22 şirkətın adı ictimaiyyət üçün qapalıdır.
5.2 Əsas tender təklifləri hansılar olub?
Beynəlxalq tender praktikasına görə, tenderi layihənin ən keyfiyyətli icrasını, ən az xərclə reallaşdırılmasını və maksimum az müddətə həyata keçirilməsini irəli sürən şirkət udur. Hökumət isə həmin təklifləri şirkətlər üzrə fərdiləşdirməyə getmədən (çünki bəzi hallarda şirkətlər öz təkliflərini kommersiya sirri hesab edirlər) ümumi qaydada tender təkliflərinin müqayisəsi barədə ictimaiyyətə məlumat verməlidir. Əks halda, ictimaiyyət seçilmiş şirkətin hər hansı bir maraqlı, qərar verən məmurun (yaxud səlahiyyətli ali hökumət strukturunun) maraqlarına uyğun olaraq seçilmədiyini necə müəyyənləşdirə bilər?
Layihənin icrasında şəffaflığın təmin olunması baxımından ən həlledici zaman intervalı layihənin icrası mərhələsidir. Vəsaitlərin qrafik üzrə xərclənməsi, işlərin icrasının qrafikə uyğunluğu, ləngimələr varsa bu ləngimənin səbəbi , bu ləngimələrdə günahkar şirkət, layihənin dəyərindəki bahalaşmanın müşahidə olunması və bunun səbəbi, layihənin təsirinə məruz qalan ərazilərdə yaşayan mülkiyyətçilərə dəymiş ziyana görə kompensasiyaların hesablanma mexanizmi, bu kompensasiyaların ödənilməsinin gecikmə səbəbləri və s.. kimi sualların cavablarını sifarişçi müntəzəm olaraq ictimaiyyəti məlumatlandırmalıdır. Təəssüflər olsun ki, ölkə ictimaiyyəti bu haqda yalnız QHT-lərin verdiyi informasiyalardan məlumatlanır. Deməli neft gəlirləri hesabına maliyyələşən “Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası” layihəsinin reallaşdırılması prosesi qeyri-şəffafdır. Onu da qeyd etmək lazımdır ki, ilkin tender təkliflərinə əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi 14 ay ərzində (2008-ci ilin iyun ayınadək) başa çatdırılmalı idi, amma bu baş vermədi. «Azərsu» ASC-nin məlumatın görə kəmərin çəkilişi ən azı nəzərdə tutulduğundan 1 il çox davam edəcək (2009-cu ilin yay aylarınadək). Təəssüflər olsun ki, su kəmərinin çəkilişi zamanı şəffaflıq təmin olunmadığından günahkarı da müəyyənləşdirmək mümkün deyil. Mövcud qanunvericiliyə görə, əgər gecikmə podratçı şirkətin günahıdırsa, ona tender müqaviləsinə əsasən sanksiyalar tətbiq olunmalıdır (məsələn, layihənin dəyərinin müəyyən faizi ödənilmir). Əgər sifarişçi təşkilatdırsa onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olmalıdır.
İctimaiyyət üçün açıqlanmalı olan əsas informasiyalara xərclərin təyinatı və strukturu ilə bağlı məlumatlar da daxildir. İlkin məlumatlara görə, layihənin başa çatmasınadək boruların alınmasına 230 mln. manatadək (layihənin gözlənilən ümumi dəyərinin təxminən 27-28 faizi) vəsait xərclənəcəyi barədə məlumat verilib. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, layihənin idarə olunması və texniki nəzarət üzrə məsləhət xidmətləri, tikinti quraşdırma işləri və quyuların qazılması, yer quruluşu layihə tədqiqat işləri ilə bağlı xərclər barədə də məlumat verilib. Onların hamısının birlikdə dəyəri təxminən 100 mln. manat (layihənin gözlənilən ümumi dəyərinin təqribən 15 faizi) təşkil edir. Lakin layihə üzrə gözlənilən xərcləmələrin yarısından çoxunun iqtisadi təsnifatı qapalı saxlanılır – əmək haqqına, maşın və avadanlıqların alınmasına, nəqliyyat xəclərinə nə qədər vəsait xərclənəcəyini ictimaiyyətdən gizli saxlanılır.
6. Tədqiqatın əsas tapıntılarının ümumiləşdirilməsi
Bakı və Abşeron yarımadasına sonuncu içməli su xətti (Kür çayından gələn su kəməri) 20 il öncə çəkilib (1983-1988-ci illər). O zamandan indiyədək paytaxt və Bakı ətrafı ərazilərdə əhali az qala iki dəfə artıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin sosial-iqtisadi effektivliyinin qiymətləndirilməsi üzrə bu tədqiqatda həm sosial, həm də iqtisadi baxımdan layihənin bütün üstün tərəflərinin və çatışmazlıqlarının obyektiv qiymətləndirilməsinə səy göstərilib. Qiymətləndirmədə aşağıdakı 4 indikatordan istfiadə olunub ki, onlardan ikisini şərti olaraq sosial, ikisini isə iqtisadi effektivliyi ölçmək meyarlar hesab etmək olar:
- İstehlakçıların keyfiyyətli su ilə təminatı (sosial effektivlik)
- İstehlakçıların fasiləsiz su ilə təminatı (sosial effektivlik)
- Kəmərin dəyərinin optimallığı (iqtisadi effektivlik)
- Layihənin icrasının yaxşı idarəetmənin tələblərinə əməl olunması (iqtisadi effektivlik)
Bu meyarların yuxarıda təqdim olunan sıralanması onların sosial, iqtisadi və ictimai əhəmiyyətini ifadə edir.
Sağlamlıq üçün zərərli olmayan keyfiyyətli suya əhalinin çıxışının təmin edilməsi və fasiləsiz su ilə təminat göstəricisi layihənin sosial səmərəliliyini xarakterizə edən başlıca indikatorlar kimi seçilib. Tədqiqatın əvvəlki hissələrində konkret faktlara istinad edilməklə isə bu göstəricilərin hərtərəfli təhlili verilib. Keyfiyyətli və fasiləsiz su təminatının əsas meyarlar olaraq seçilməsinin səbəbi həm də məhz onların Oğuz-Qəbələ-Bakı kəməri layihəsinin gerçəkləşdirilməsinin məqsədləri kimi çıxış etməsidir. Sonrakı iki faktor – layihənin dəyərinin optimallığının və layihənin icrasında şəffaflığın təmin edilməsi isə layihənin iqtisadi effektivliyini xarakterizə edir. Layihə yuxarıda qeyd olunan iki meyara tam uyğun olduğu halda belə, onun dəyəri şişirdilirsə, layihənin gerçəkləşdirilməsi ilə bağlı ictimaiyyət müfəssəl məlumatlar əldə edə bilmirsə, bütövlükdə həmin layihənin sosial-iqtisadi effektivliyi aşağı düşür. Təqdim edilən tədqiqatdan da göründüyü kimi, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin gerçəkləşdirilməsi zamanı məhz sonuncu iki meyara əməl edilməməyi adıçəkilən su kəmərinin sosial-iqtisadi effektivliyini xeyli aşağı salır.
Nəticə
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin sosial-iqtisadi effektivliyini yalnız layihənin gerçəkləşdirilməsi zamanı ortada olan göstəricilər əsasında sonadək qiymətləndirmək kifayət qədər mürəkkəbdir və ilkin qiymətləndirmə riyazi xətalardan uzaq deyil. Bu halda, cavabı tapılmayan xeyli suallar var. Məsələn, Bakının real su istehlakçılarının sayı nə qədərdir? Qeyri-leqal su xətlərinə qoşulanların sayının aşkarlanması məhz paytaxt üzrə real istehlakçıların sayının dəqiq bilinməsindən keçir. Əks halda, hökumətə yüz milyonlarla manata başa gələn layihədən xeyli sayda insan havayı bəhrələnəcək. Əgər bu gün rəsmi qeydiyyatda olan istehlakçı kateqoriyaları üzrə yığım səviyyəsi heç 40 faizə çatmırsa, kütləvi şəkildə qeyri-leqal istifadəçilər mövcuddursa («Azərsu» ASC özü daima bu iddia ilə çıxış edir), suyun istehlakçılara satış qiyməti onun maya dəyərindən azı iki dəfə aşağıdırsa (bunu da Azərsu» ASC bildirir), deməli yeni kəmərin öz xərcini ödəməsi üçün bu şərtlər çərçivəsində heç 50 il də yetməyəcək. Halbuki böyük layihələrin (Ceyranbatana əlavə suyun gətirilməsi və Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi) icrası ilə paralel ən azından sayğaclaşdırma prosesini başa çatdırmaq, istehlakçıların inventarizasiyasını bitirib bütün qeyri-leqal qoşulmaları aradan qaldırmaq olardı.
- Ən ciddi məsələlərdən biri – torpaq sahələrinə görə kompensasiyaların məbləğinin müəyyən olunması və ödənilməsi layihənin gerçəkləşdirildiyi dövr ərzində baş vermədi. “Azərsu” ASC-nin məlumatına əsasən, 4000 nəfər yaxın mülkiyyətçinin 2370 hektar torpağına kompensasiya ödənilməli idi. İlk vaxtlar Oğuz rayonu ərazisində hər hektar torpağa görə 1000 manatdan az kompensasiya verilməsi barədə məlumatlar səslənirdi. Mülkiyyətçilər isə bunun bazar qiymətindən dəfələrlə aşağı olduğunu əsas gətirib hətta kompensasiyadan imtina edəcəklərini bəyan etmişdilər. Təkcə bir fakta qeyd etməyə dəyər ki, 1 ha torpaq üçün təklif olunan qiymət Oğuz-Bakı xəttində istifadə olunan borunun 1 metrinin qiymətinə bərabərdir.
Tədqiqat zamanı araşdırılan, amma cavabı tapılmayan başqa suallar da oldu:
- Kəmərin tikintisinə məsul olan orqanların sosial sərmayə və ekoloji proqramlara nə qədər vəsait xərcləyəcəyi planlaşdırılıb,
- Kəmərin təhlükəsizliyinin təminatı üçün nə qədər vəsait nəzərdə tutulub,
- Kəmərin öz xərcini ödəmə müddəti nə qədər müəyyənləşdirilib,
- Kəmərin istismarı ilə əlaqədar illik cari xərcləri nə qədər planlaşdırılır,
- Kəmərin kapital xərcləri nə qədərdir,
- Kəmərin ətraf mühitə vurduğu ziyanın məbləği nə qədər müəyyənləşdirilib və s.
kimi sualların cavabı ya yoxdur, ya da cəmiyyət üçün açıqlanması məsləhət deyil.
“Azərsu” ASC-nin maliyyə hesabatlılığı beynəlxalq standartlara uyğunlaşdırılmayıb və əlverişli tarif siyasəti də işlənib hazırlanmayıb. Bundan əlavə Azərsu SC-nin müxtəlif mənbələrinin verdiyi məlumata əsasən hal hazırda idarəetmə sistemində də ciddi problemlər var, idarəetmə bir əldə cəmləşib, idarəetmədə monopoliya (suyun mənbələrdən əldə olunması, nəqli və satışı) mövcuddur. Əks halda, itkilərə və maliyyə israfçılığına rəvac verən mövcud təsərrüfat strukturu Oğuz-Qəbələ-Bakı su kəmərinin, gələcəkdə sektorda reallaşdırılacaq istənilən layihənin iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə aşağı salacaq. Yəni bu infrastrukturu (su kəmərinin) Azərsu tərəfindən idarə oluna bilməsini şübhə altına alır. Deməli Azərsu ASC-də ciddi islahatlar aparılmalıdır.
Bu layihənin iqtisadi nöqteyi-nəzərdən tədqiqatı zamanı cavabı tapılmayan əsas suallardan biri də şüşəlifli poliestr borular istehsal edən “Azkompozit” şirkətinin yaradılması oldu. Hökumət ölkə əhəmiyyətli sosial layihə çərçivəsində tamamən özəl sektora məxsus olan müəssisə yaratdı. Bu şirkətin yaradılması da müəyyən suallar doğurdu;
- Həmin müəssisə yalnız bir layihənin gerçəkləşdirilməsi üçün formalaşdırıldı, yəni analoji materialların kənardan gətirilməsi sərfəli olmadığı üçün bu addım atılmışdı, yoxsa ortada hansısa maraqlar olmuşdu?
- Həmin müəssisə həm də sonrakı dövrlərdə ölkə iqtisadiyyatının ixrac potensialını artırmaq məqsədi güdürmü?
Əgər doğurdan belədirsə, bu kökündən səhv yanaşmadır. Çünki əvvəla istənilən sosial layihənin məqsədləri sırasına bu cür kommersiya xarakterli hədəfin qoyulması tamamilə absurddur. Digər tərəfdən hətta belə bir hədəf qoyulursa o dövlət əhəmiyyətli bir layihəyə xidmət göstərən, amma bazar perspektivi hərtərəfli əsaslandırılmış bir müəssisə kimi yaradılıb sonradan onu biznes sektoruna satıb büdcə vəsaitlərinin müəyyən hissəsini geri qaytarmaq olardı. Yaxud dövlət özəl sektorla əməkdaşlıq edərək müəyyən maliyyə-vergi güzəştləri çərçivəsində həmin müəssisənin özəl kapital əsasında formalaşdırılmasına nail ola bilərdi. Təbii ki, belə olduğu təqdirdə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin dəyəri də bir qədər aşağı düşərdi. Mətbuatın bu məsələ ilə bağlı apardığı araşdırmaların ortaya qoyduğu nəticələr də tədqiqatı aparan ekspertlərin narahatlığının əbəs olmadığını göstərir. Məsələn, araşdırıcı jurnalistlərin məlumatına görə, «Azkompozit» hələ 2006-cı ilin avqustunda su kəməri üçün boruların göndərilməsi üzrə tenderi udub. Amma müəssisənin açılışı 2006-cı il dekabrın 29-da baş tutub. İşləməyən bir şirkəti necə tenderin qalibi etmək olar? Bundan başqa, boruların alınması üçün 5 ölkəni təmsil edən 7 şirkətin tenderdə iştirakına dair rəsmi məlumat yayılsa da, onların heç birinin adı açıqlanmır.
Beləliklə, cavabı tapılmayan kifayət qədər ciddi sualların olduğu bir şəraitdə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi kimi ölkə əhəmiyyətli layihənin sosial-iqtisadi effektivliyini sonadək obyektiv və tam peşəkar standartlara uyğun qiymətləndirmək son dərəcə çətin oldu. Amma layihə fəaliyyətə başladıqdan sonra onun qısamüddətli təkrar monitorinqi mütləq lazım olacaq - ən azından kəmərin rəsmi bəyan edilmiş texniki parametrlərinin nə dərəcədə obyektiv olmasını aşkarlamaq üçün. Ən əsası da odur ki, neft gəlirləri hesabına maliyyələşən “Oğuz-Qəbələ-Bakı su kəmərinin” ölkədə yoxsulluğun aradan qaldırılmasında müəyyən rol oynayacağı da artıq şübhə doğurur?