NHMT - Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə

Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə

Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə

 

Hörmətli cənab Baş Nazir,

 

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə QHT koalisiyasının təsisçilərindəndir.

 

Təşkilat Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün (MHŞT) ölkədə tətbiqi, MHŞT yeni standartlarının (11 iyul 2013-cü il tarixində qəbul olunmuş) tətbiqi ilə bağlı monitorinqlər aparır və təşəbbüsün daha yaxşı tətbiqi üçün aidiyyəti orqanlara təklif və tövsiyələr hazırlayaraq təqdim edir.

 

Mədən Hasilatından Azərbaycan dövlətinin əldə etdiyi gəlirlərlə bağlı məlumatlar ictimaiyyət üçün açıqdır, ölkəmizdə hasilat sənayesindən əldə edilən gəlirlərin həcminə dair ictimaiyyətin və maraqlı tərəflərin məlumatı vardır.

 

Hazırda Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan bir sıra ölkələrdə əldə edilən gəlirlərin xərclənməsinə dair də məlumatlar tam təfsilatı ilə açıqlanır. Bu baxımdan hasilat sənayesindən əldə edilən gəlirlərlə bağlı hökumət tərəfindən təfsilatlı hesabatların hazırlanması və dərc olunması olduqca böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar təşkilat ekspertləri tərəfindən hazırlanmış təkliflərin baxılması üçün Sizə göndərirəm.

 

 

Təklif

 

1. Mədən hasilatından əldə edilən gəlirlərin xərclənməsi ilə bağlı məlumatlar ictimaiyyət üçün əlçatan olmalıdır. Bu məqsədlə qanunvericiliyə, o cümlədən informasiya əldə etmək haqqında qanuna əlavə və dəyişikliklər edilməli, həmçinin Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində gəlirlərdən istifadəyə nəzarət mexanizmləri yaradılması məqsədəuyğundur.

 

2. Nazirlər Kabineti tərəfindən Mədən Hasilatından əldə edilən və dövlət büdcəsinə transfer edilən vəsaitlərin xərclənməsi, onların hansı proqramlara (sosial, investisiya və s.) sərf olunması ilə bağlı yarımillik və illik hesabatlar hazırlaması məqsədəuyğundur.

 

Təklif edirik ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı qəbul edilsin.

 

Əvvəlcədən təşəkkür edirəm

 

Təşkilatın rəhbəri: Mirvari Qəhramanlı