SUAL 10
Sual: Fiziki şəxsin ölmüş elan edilməsi qaydaları barədə məlumat verməyinizi xahiş edirəm.
Cavab: Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər.
Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.